…Canını dişinə yığmısan – İlham Qəhrəmanın şeirləri İranda

…Canını dişinə yığmısan – <span style="color:red;">İlham Qəhrəmanın şeirləri İranda
18 noyabr 2015
# 21:00

Tehranda ana dilimizdə nəşr olunan elmi, ictima, mədəni “Xudafərin” dərgisi oktyabr-noyabr sayında tanınmış şair İlham Qəhrəmanın yaradıcılığına geniş yer ayırıb.

Belə ki, 11 yaşlı dərginin qeyd edilən 132-133 birləşmiş sayında şairin “Ədəbi düşüncələr” silsiləsindən beş yazısı dərc olunub. Bundan başqa poeziya bölməsində İlham Qəhrəmanın üç şeiri güneyli oxuculara çatdırılıb.

Kulis həmin materialları təqdim edir.

Ədəbi düşüncələr

Poeziya işıqdan başlayır

Ədəbiyyatı pak bir ev kimi məscidə bənzətsək, poeziya ancaq o evin minarəsi ola bilər. Həmin ədəbiyyat evinin minarəsindən gələn səs məscidin minarəsindən səhərin alatoranında eşidilən azan səsi kimi ilkin və bakirədir. Başqa janrlar həmin müqəddəs evin içində - onlar üçün ayrılmış hücrədə qərar tutmuşlar. Onlar həmişə poeziyanın azan səsindən sonra ayılırlar. Ədəbiyyat bütövlükdə məscid, poeziya isə onun minarəsidirsə, onda şairlər dünyada hər şeyi - ən əvvəl isə işığı birinci görənlərdir. Bu mənada “poeziya işıqdan başlayır” desək, yanılmarıq.

Şair şeiri çiçəkləyir

Mən şeirin gəldiyi anı yazda ağacların çiçəkləməsi ilə müqayisə edirəm. Mənə görə, şair şeiri çiçəkləyir. Əgər çiçək açmış ağacdan soruşsalar ki, sən necə çiçəkləyirsən və ağacın dili olsa, verəcəyi cavab, təxminən şairin “şeiri necə yazırsan” sualına verdiyi cavabla üst-üstə düşər. Təbiətdə hər bir ağacın çiçəyi rənginə və ətrinə görə başqasından fərqləndiyi kimi, şairin də şeirləri özünəməxsus olmalı, o şeirdən (çiçəkdən) başqa şeirin (çişəyin) ətri gəlməməlidir. Necə deyərlər, şeir təmiz olmalıdır. Təmiz şeirlər sudan quru çıxan qu lələyinə bənzəyir.

Poeziya nədir?

O sualın ki, bir cavabı yoxdu, demək həmin sualın cavabı saysız-hesabsız da ola bilər və hamı da öz cavabında özünü haqlı saya bilər. Məsələn, ən primitiv bir cavab verə bilərəm: poeziya pulsuzluqdur! Ancaq hər halda poeziya təbiət hadisəsidir. Deyək ki, bir ağacın çiçək açması ağacın bar verməsi üçün bəs eləmir. Bunun üçün çiçəklərdə tozlanma getməlidir. Bu həm külək, həm də arılar (həşəratlar) vasitəsilə ola bilər. Şairi bar ağacına bənzətsək, onda çiçək hansısa mövzudur. Qalır tozlanma, yəni şairin mövzunu işləməsi – bu isə istedaddan asılıdır. Yəni istedad mövzunu – çiçəkləri mayalayan arı və ya nə qədər qəribə olsa da, küləkdir.

Təsir haqqında

Kənddə təzə ev olmuş (evlənmiş) ailəyə damazlıq düyə verirlər. Bir müddətdən sonra düyə doğur, yiyəsi onu sağıb südündən qatıq çalmaq istəyir. Təzəbinə olduqları üçün maya dalınca kiminsə qapısına getməlidirlər. Deyək ki, qonşudan alınan həmin maya hər qatıq çalanda tədricən yoxa çıxır və təzəbinələrin öz mayası yaranır. Artıq qapında sağılanın varsa, başqa qapıya getmək qəbahət sayılır. Gərək evdən maya üzülməsin. Şeir də belədir. Təzə qələm tutanın kimdənsə təsirlənməsi təbiidir. Təzəbinələrin ilk qatığında qonşunun mayasının dadı duyulan kimi təzə yazan şairin də şeirində kiminsə təsiri duyula bilər. Ancaq həmin maya qatıqda get-gedə yoxa çıxdığı kimi, cavan şair də təsirdən qurtarmalıdır.

Ədəbi iddia

Ədəbi mühitdə gedən söhbətlərdə tez-tez “iddialı şairdi”, “iddiası özündən böyükdü” və s. ifadələr eşitməli oluruq. Bəs bu iddia (söhbət ədəbi iddiadan gedir) özü nədir, onu necə izah etmək olar? İddia - əsasən gənclərdə bədii yaradıcılıq ərəfəsində daha çox olur və mənim qənaətimə görə, bunu şərt kimi məqbul saymaq olar. İddialı qələm adamının vəziyyəti təxminən ağacın bar verməzdən əvvəl çiçəkləməsi mərhələsi ilə müqayisə oluna bilər. Bu, təzə izdivaca girən aşiq-məşuq arasındakı sevgi dəqiqələrini də xatırladır. Zaman keçdikcə ağacın tökülən çiçəkləri öz yerini meyvələrə verir. Və yaxud sevgi dəqiqələrindən sonra dünyaya yeni insan doğulur (onu da deyək ki, bu zaman yeni insanın məhz sevgidən doğulması vacib şərtdir). Ədəbi iddia da belədir. O yavaş-yavaş yerini bədii əsərlərə verdikcə yox olub gedir. Ancaq bunun tam əksi də ola bilər. Bir çox ağaclar tanıyırıq ki, gözəl çiçəklər açır, ancaq bar vermir, eyni zamanda hər izdivacdan da dünyaya insan doğulmur. Buna sonsuzluq deyilir. Bu gün bizim ətrafımızda xeyli iddialı gənclər var ki, artıq onların iddia çiçəklərindən əl çəkən vaxtlarıdır, ancaq ortada ədəbi məhsul (bar) yoxdur.

Yazıçı kimdir?

Bizim uşaqlığımız dövründə “Hacıyatmaz” deyilən bir kukla varıydı. Onu yanı üstə qoymaq mümkün deyildi. İçərisinə yerləşdirilmiş dəmir lövhənin ağırlıq mərkəzi kuklanın ayağına düşdüyündən əlini çəkən kimi dərhal dikəlirdi. “Hacıyatmaz” adı da burdan yaranmışdı. Kuklada ağırlıq mərkəzi yaradan lövhə maqnitdən olurdu. Qırılandan sonra həmin maqniti cibimizdə hərləyirdik. Bir oyuncaq kimi maqnitin ömrü kuklanın ömründən uzun olurdu. O maqniti çaya çimməyə gedəndə sahildəki qumlaqda oynatmaqdan doymazdıq. Qumun içərisində hərlədikcə maqnit üzərinə çoxlu dəmir dənəcikləri çəkirdi. Bu zaman maqnit oxlu kirpiyə də oxşayırdı. Maqniti gah qumda hərləyir, gah da üzərinə topladığı dəmir dənəciklərini qoparıb atırdıq. Mənə görə yazıçı həmin maqnit kimidir. O bir müddət cəmiyyətdə müşahidələrini maqnit kimi canına çəkir və sonra bir gün onu canından təmizləməklə məşğul olur. Beləliklə yazıçı bizim uşaqlıqda oynatdığımız oyuncağa bənzəyir. Yaxşı yazıçı (oyuncaq) oxucunun (uşaqların) marağına daha yaxşı cavab verən yazıçıdır. Yazıçını işıq dirəyinə bənzətsək onun hünəri dövrəsinə saldığı işığın qalınlığı və işıqlandırdığı ərazinin böyüklüyü ilə ölçülər. Aydındır ki, qalın işıqdan yaranan kölgə də qalın olar. Güclü yazıçı odur ki, onun əsərini oxuyan oxucu özünü onun işığının altında hiss etsin və başını qaldıranda öz kölgəsini yerdə görsün. ...və bu kölgə nə qədər uzağa düşsə bir o qədər sahibi qazanmış olar.

ŞEİRLƏR

Qaçqın uşağı

Bu uşağın sir-sifəti

ağactək sevdiyi,

xiffətini çəkdiyi

torpağa oxşayır.

Bu uşaq susuz ağacda

bürüşən yarpağa oxşayır.

Həsrət

portret

Laçında

sinədəki evimizin

çəpər qolları

tut dizlərini

qucaqlayıb qaldı...

Xırdalanda –

qəbristan yanında

atamın qolları

dizlərini

qucaqlayıb qaldı...

Fələyin ağzı-gözü yansın,

Evimizin qolları

atamın qolları kimi

boşaldı,

Atamın dizləri

evimizin dizləri kimi

qurudu.

Həsən əmi

Xanım-xatın arvadın
öldü, Həsən əmi.
Cibində dərman nüsxələri,
Evində bir qutu dərman
qaldı, Həsən əmi.

Hirsinə, hikkənə
kim ütü çəkəcək,
işdən dönəndə
əlinə kim su tökəcək?

Toylarda "Sarıköynək"
havasını çaldırardın,
arvadınla qol qaldırardın.

Kəndin toylarından
o hava getdi,
O gözəl günlərin
hara getdi?

Dünyaya etibar nə gəzir?
Elə bilirdin sağaldacaq onu
qapının başına qoyduğun nəzir.

Həkimlərə xələtin qalıb,
Həmişəki deyilsən,
indi qaraltın qalıb.

Bu nə dərddi tapdı səni,
Taladı, çapdı səni.
Canını dişinə yığmısan,
Üzünə demək olmasın,
yaman sınıxmısan!

…Canını dişinə yığmısan,
Canın niyə acıxıbdı, Həsən əmi?!
Səhərdən oturmusan bu daşın üstə
dur get evə,
Ay çıxıbdı, Həsən əmi…

# 944 dəfə oxunub

Oxşar xəbərlər

Han Kanq:  "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

Han Kanq: "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

12:00 11 oktyabr 2024
"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

12:00 10 oktyabr 2024
Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

17:00 9 oktyabr 2024
Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
# # #