Nə vaxtsa qadın doğulduğuna peşman olmusan? – YAZARLARIN 40 YAŞ SÖHBƏTİ

Nə vaxtsa qadın doğulduğuna peşman olmusan? –  <span style="color:red;">YAZARLARIN 40 YAŞ SÖHBƏTİ
16 iyul 2016
# 09:00

Kulis.Az xanım yazarlarımız Rəbiqə Nazimqızı ilə Elnaz Eyvazın söhbətini təqdim edir.

- Elnaz, səninlə ad günündə ərəfəsində söhbətləşirik. Yaşdan, yaşlanmaqdan qorxursan?

- Elə bilirdim, qorxuram. Amma indi görürəm ki, yox, qorxmuram. Hər yaşın özünəməxsus gözəlliyi var, həm də məsuliyyəti. Məsul olduğum işləri yoluna qoya bilməyəcəyimdən qorxuram. Məsuliyyətsizlikdən, yaşım qarşısında başıaşağı olmaqdan qorxuram.

- Yəni yaşını gizlətməyə ehtiyac duymursan. Düz anladım?

- Əvvəllər, doğum günlərimdə yaşımı vurğulamaq o qədər də diqqətimdə olmurdu. Amma indi, iki ildir deyirəm ki, mən uşaq deyiləm e, 40 yaşım var (gülür). Deyə-deyə gəlib 40-a çatdım. Yubilyaram, niyə gizləyim ki? Mənə elə gəlir ki, 40 yaş qadının ən gözəl yaşıdır. İndi daha çox Qadınam. Az qala özüm boyda qızım var, hələ də özümə uşaq gəlirdim: uşaq şıltaqlığımdan, ərköyünlüyümdən çıxa bilmirdim. Amma indi bunlar hamısı Qadın şıltaqlığına, Qadın ərköyünlüyünə köçüb. Və məhz bu yaşda deyirəm ki, nə yaxşı, hər şey belə oldu. Daha başqa cür ola bilərdi. Nəyi nəyin əvəzinə yaşamışam, hansı yaşadığım hansı çəkdiyimin mükafatıdır, daha yaxşı-yaxşı dərk edirəm. Adamları belə heç bir il öncə indiki qədər tanımırdım sanki. Özümü və ətrafımı hər gün bir az da tanıyıram. İnsan mənim üçün çox dəyərlidir.

- İnsanın dəyəri nədədir? Özün hansı xüsusiyyətlərinlə dəyərlisən, səncə?

- Sevdiyim adamlar üçün aşırı dərəcədə fədakar ola, güzəşt edə bilirəm. Ancaq, məsələn, xırda bir yalanla hər şey məhv ola bilər. Bu yalan yox, başqa bir səhv də ola bilər. Sadəcə, yalana çox dözümsüzəm. Nə olur-olsun, düzünü de, mən elə adamam ki, mənə yalan demək zorunda deyilsən. Zəhər kimi acı olsun, doğru olsun. Silərəm adamı. Kimliyindən asılı olmayaraq. Çox vacib olan insani dəyərlər, xüsusiyyətlər, insanlarla münsibətimdə müəyyən sərhədlər var. Qeyri-ciddi və ya plansız, məqsədsiz adamlar mənlik deyil. Salam-əleyk, vəssalam. İnsanın dürüstlüyü çox önəmlidir. Mənə çox ağırdır ki, kimisə dəftərimdən silmək zorunda qalım. Sonra nifrət belə etmirəm. Elə bil heç belə adam tanımamışam, vəssalam. Çox tərsəm. Fikrimdən döndərmək, istisna hallarda mümkündür. Bir qərarı vermək üçün bəzən aylarla, hətta il olub, düşünməli oluram, qərara gəldimsə, gəldim. Heç kim fikrimdən döndərə bilməz. İstənilən məsələdə belədir, fərq etməz. Bir də ki, küsəyənəm, bu da aşırı həssaslığımdan irəli gəlir. Ancaq hər adamdan küsmərəm. Uman yerdən küsmək məsələsi. Baxmayaraq ki, sevgim və əməllərim təmənnasızdır. Heç bir yaxşı əməlimin əvəzini heç kəsdən gözləmirəm. Mən həyatın bumeranq effektinə inanıram. Yaxşı-pis, bütün əməllər gec-tez özünə qayıdır.

- İlk şairlik - şeir simptomlarını nə zaman, necə hiss elədin? Sualın davamı kimi deyim: belə bir fikir var, deyirlər, sənət travmadan doğulur. Razısan bu fikirlə? Yəni yaradıcılığa stimul verəcək uşaqlıq travman olub?

- Bəlkə, kimdəsə, doğrudan da, şeir travmadan doğulub. Amma mən belə bir şey xatırlamıram. İkinci-üçüncü sinifdə oxuyanda çox gözəl rəsmlər çəkirdim, rəngli karandaşlarla, sulu boya ilə. Evdəkilər deyirdi, uşaq rəssam olacaq, deyəsən. Amma sonra necə oldu bilmirəm. Bir də gördüm yazıram. Əvvəl-əvvəl iki qəpiklik dəftərlər vardı - 12 vərəqli, onlara yazırdım, anam deyirdi, qızım şeir yazır, atam da yazdığımı görəndə gülürdü ki, qızımın qələmi coşub. Mən də küsürdüm. Onu da deyim ki, şeir yazandan sonra rəsm çəkmək qabiliyyətim məni tərk etdi. İndi desələr, nəsə çək, gülünc bir şey çəkərəm. Amma heç vaxt rəssam olmağı düşünmürdüm, deyirdim, hansı peşəni seçsəm, rəssamlıq hobbim olar. Ancaq olmadı, rənglər yerini Sözə verdi. Qarabağ müharibəsinin qanlı vaxtları idi. O vaxtacan hüquqşünas olmaq istəyirdim. Anam razı deyildi, atam çox mütaliəli adamdır, ona maraqlı idi mənim yazdıqlarım təbii... Deyirdi, özü hara istəsə, ora gedəcək. Ancaq müharibə fikrimi dəyişdi. Düşündüm ki, mən o səngərlərə hansı statusla atıla bilərəm? Onda jurnalist olmağı seçdim. Ancaq qismət olmadı, baxmayaraq ki, 1997-ci ildən fasilələrlə 2012-ci ilə qədər Azərbaycan Dövlət Radiosunda əməkdaşlıq etdim. İlk iş yerim oldu, ilk və həvəslə, sevə-sevə çalışdığım. İndi baxıram ki, jurnalistika o jurnalistika deyil. Hərçənd heç müəllimliyin də əvvəlki nüfuzu yoxdur, ancaq özümə İnsan yetişdirmək kimi bir missiyanın sahibi olduğumla təsəlli verirəm. Görünür, xeyir bunda imiş... Yaxşı ki, Söz var... Yəni beləcə, gəldim çıxdım bura.

- Bura, yəni hara? Bir də, buradakı yerindən razısanmı?

- Yerimdən deyəndə ki, harada olduğumu özüm də bilmirəm. Ən azından, Elnaz Eyvaz deyə bir imzaya gəlib çıxmışam. Sənətdə, sözdə zirvə varmı, bilmirəm?! Heç vaxt özümdən razı olmamışam onsuz da, burdan o yana keçsəm də, belə olacaq.

- Zirvə yoxdu, bəs arzun nədir, hədəfin haradır?

- Arzum daha çox yazmaq-yaratmaq, uğurlu mətnlər müəllifi olmaq.

Hazırki əsas şəkil

- Uğur meyarı nədir sənin üçün? Nədən bilirsən uğurlu alınıb, ya yox?

- Mənim üçün mətni gözəl bilən adamların, söz adamlarının, oxucuların fikirləri çox önəmlidir, bütün iradları, haqlı tənqidləri nəzərə alıram. Bu tənqidlər, iradlar nə qədər az olsa, demək ki, bir o qədər uğurlu alınıb mətn. Bir də qəribə daxili bir səs: hə, ya yox! Hamıdan öncə onu özüm necəsə duyuram. Özüm öz yazdığımdan razı qalmasam, fikir verirəm ki, başqaları da həmin fikri bildirir.

- Şeir, ya nəsr? Bu suala cavabı hələ tapmamısan?

- Şeir mənim özüməm, nəsr daha çox müşahidələrim. Nəsrdə şeirə nisbətən komplekslərim var. Şeirdə, məncə, azca da olsa, nəsə edə bilmişəm. Hərçənd hekayələrim də artıq bəllidir oxuculara. Ancaq nəsr daha çox zəhmət tələb edir. Mən də bir az tənbələm, daha doğrusu, səbirsiz və dağınıq. Nəsr isə tələb edir ki, mütəmadi və saatlarla oturub yazasan. Hansı daha doğmadır və ya yaxındır məsələsindən isə ayrı-seçkilik etmirəm. İkisini də yazan mənəm, ikisində də mən varamsa, necə ayırım?! Əsas odur ki, bir-birinə mane olmur.

- Roman bumu sənə təsir eləmir, deyəsən. Yoxsa beynində nəsə var bu zəmində?

- Yox, yoxdur. Nə vaxtsa yazarammı, yazmarammı bilmirəm. Mən daha çox nəsrdə qısa və maraqlı hekayələr yazmağı düşünürəm. Özüm səbirsizəm, elə bilirəm oxucu da oxuduğunun sonuna tez çatmaq istəyir.

- Son zamanlar ədəbiyyatımızda qadın-kişi bölgüsü aparmağa meyl hiss olunur. Sualım başqadır amma. Nə zamansa qadın doğulduğuna peşman olmusan?

- Birinci növbədə insan doğulduğuma görə xoşbəxtəm. Əvvəla, yaradılan varlıq olaraq. İkincisi, mənim üçün insanın cinsindən çox, onun İNSANlığı önəmldiir, özü də çox önəmlidir. Kişi oldun, qadın oldun - ləyaqətin, şəxsiyyətin olmadısa, istəyirsən lap göydən zənbillə düş, nə mənası var?! Elə insanlar var ki, baxıram, şükür edirəm, deyirəm, gözəl Tanrım, məni filankəs yox, mən yaratdığına görə təşəkkür edirəm! Söhbət xarici görkəmdən, maddi zənginlikdən-filandan getmir.

- Səncə, darıxmadan da yaşamaq olar?

- Darıxmadan yaşamaq necə olar, görəsən, maraqlıdır (gülür).

- Bir az pis çıxsa da soruşacam: kimin üçün, nə üçün darıxırsan?

- Ümumiyyətlə, darıxan adamam. Darıxmaq da müxtəlif cür olur da - kimin üçünsə darıxırsan: sevdiklərin üçün, dostların üçün. Yaxud boynuma götürdüyüm işin, üzərimə düşən vəzifələrin məsuliyyətindən darıxıram, elə bilirəm çatdırmaram, yalançı olaram. Amma o xroniki darıxmaq ki var, onun konkret obyekti olmur. Məncə, o, yaşadıqlarının, çəkdiklərinin çöküntüsüdür, zaman-zaman tərpənir o çöküntü və ağrı verir, içində etdiyin götür-qoylardır, yığılır bir yerə, darıxırsan.

- Bu dəqiqə xatırlamıram, ona görə soruşuram: heç qızına – Yeganəyə şeir həsr eləmisən?

- Hə, eləmişəm. Birinci kitabımda var. Ondan başqa da, qızıma müraciətlə şeirim var.

- Bəs qızın necə, heç şeir yazıb?

- Arada cəhd edirdi, baxıb həvəsə düşürdü. Birinci kitabım çıxanda 3 yaşı vardı. Kitabımın təqdimatı keçirildi, uşaq gördü ki, danışanlar hamısı Elnaz Eyvazlı deyir. Düz bir ay evdəkilərin başını xarab elədi ki, mənə Yeganə deməyin, Elnaz Eyvazlıyam mən. Və özündən uydurduğu nələrisə üdüləyib-tökürdü. Deyirdi, özüm yazmışam (gülür). Amma bilirsən, onun gözəl səsi var, musiqi təhsili alır. Görək... Sənət seçimini öz ixtiyarına buraxmışam. Öz arzularımı ona sırımaq fikrim yoxdur. Hərçənd, yazmaq peşə deyil, elə taleyin özüdür.

- İndi şəkil çəkə bilsən, nə rəsmi çəkərdin? Ya nə çəkmək istərdin?

- Qarışıq bir şey... Hərə öz düşüncəsinə görə yozardı. Gözümə hisslərimə toxunan nəsə dəyəndə hələ də deyirəm ki, rəssam olsaydım, bunu elə gözəl çəkərdim. Və çəkə bilmirəm deyə, arada maraqlı fotolar çəkirəm. Hobbimdir.

- Son sual – son söz haqqını sənə tanısam?...

- Son sözüm...hələlik son sözüm. Yaşasın Sevgi! İnsanlara, həyata olan sevgi! İnsan ömrü nə qədərdir ki?! … Arzu edirəm, illər sonra qızımın toyunda oğlan evinin adamları desin ki, gördünüz, sən Allah, qızın necə cavan anası var? Sən də o ərəfədə məndən müsahibə götürəsən və deyəsən, elə 40 yaşındakı kimisən, ən gözəl yaşındakı kimi...

# 1336 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #