Zorlanmış qadınlar, falçılar... CƏMİYYƏTİMİN ROMANLARI

Zorlanmış qadınlar, falçılar... <span style="color:red;">CƏMİYYƏTİMİN ROMANLARI
3 iyul 2015
# 07:00

Tehran Əlişanoğlu

Mənim cəmiyyətimin yazılan romanları

Bir yandan roman “bum”u haqqında söhbətlər getdiyi və hətta əsrin roman mənzərəsini təsvir-təhlil edən yazılar yazıldığı (V.Yusifli, Böyük kitab – “Azərbaycan” jurnalı, 2014, № 9, 10, 11), digər tərəfdən “Mənim cəmiyyətimin romanları niyə yazılmır?” intizarı dad çəkdiyi bir zamanda (İradə Musayeva, “Ədəbiyyat qəzeti”, 30 yanvar, 13 və 20 fevral 2015) Azərbaycan ədəbiyyatında roman janrı sakit, iddiasız, sağdan və soldan yanaşmalara təmkinli, tolerant öz həyatını yaşamaqdadır.

Romandan danışanlar adətən “Bizdə roman təfəkkürü varmıdır-yoxmudur?” sualı üzərində çox baş sındırırlar. Heç bir nəzəri mübahisələrə uymadan mən sualın cavabını birbaşa roman praktikasında axtardım. 2014-cü ildə “Azərbaycan” jurnalı, “Yazı” jurnalı və ayrı-ayrı nəşriyyatlar oxucuya bu sahədə həm kəmiyyət, həm də növbənöv tipologiya təklif etmişdir. Kəmiyyət mənzərəsi ilə işim yox, çün statistika aşiqləri “roman” adı gələndə onsuz da bu faktoru kifayət qədər qullanmışlar. Amma onu da deyim ki, üzərində “roman” və “2014” vurğusu olan az-çox diqqətəlayiq nə varsa, hətta bəzən marağımı öldürüb də axıracan, səbrlə nəzərdən keçirmiş, həzm eləməyə çalışmışam.

Tipoloji olaraq, 2014-ün mənzərəsi nikbin danışmağa əsas verir: roman bugün bizdə gerçək dünya və müstəqil həyat durumumuzu növbənöv üsullarla mənimsəməkdə davam etdiyi kimi, ədəbiyyatımız da hər dəfə janrı daha yaxından mənsiməkdə və önəmsiməkdədir. Bu baxımdan 2014-ün romanlarını üç tipoloji səviyyə və səciyyədə alıb təsnifləndirmək olar.

1) Bizdə kifayət qədər ənənəsi olan realist romanlar (Məsələn, Anarın “Kərəm kimi”, Azad Qaradərəlinin “Şəhərcik”, Qəni Camalzadənin “Karxana” romanları kimi); arsenalında olan sosial idrak və psixoloji təhlil üsulları ilə günün həqiqətlərini çözələməkdə davam edir;

2) Modernist və post-modern təcrübəyə söykənən romanlar; iş belə gətirmiş ki, dünya romanının son iki mərhələsi bugün bizdə çulğaşıq şəkildə gəlir. Bütün gücü ilə əsl modernist romanlar hələ indi yarandığı halda (məsələn, Aydın Talıbzadənin “Əbu Hübb”, Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni”), eyni zamanda ayıq nəzərlə postmodern üsullardan da yararlanmağa çalışır (məsələn, Nəriman Əbdülrəhmanlının “Qurban” romanı);

3) Üçüncü tip və səviyyəni isə eləcə “roman”lar, sözün utilitar mənasında “kiminsə romanı”, öz həyat materialı, yaxud başına gələnlər fonunda cəmiyyət mənzərəsini fiksə etmək, romanlaşdırmaq cəhdləri təmsil edir. İndi çox roman oxunan cəmiyyətlərdə buna da yer var: hər kəsin, hər zümrə adamının, peşə sahibinin öz fərdi-fərqli həyat romanlarını qələmə alması hansısa aspektdən maraq doğurur, müəyyən oxu dairələrində yeriyir. Sahilənin “Çevriliş”, Vahid Qazinin “Çolqala1992”, Nisəbəyimin “Onlayn”, Zümrüd Yağmurun “Yağış qadın”, Sevinc El Sevərin “Falçı” və s. romanlar müəyyən qeyd-şərtlərlə məhz bu aspektlidir.

Janra diqqəti üçüncü sıra romanlardan arıtlamağa başlamaq istərdim. Çün ümumən roman mühitinə, janrı gəlişdirən mexanizmlərə həssas olmayanda, bu, istər-istəməz, yatıb-yatıb qəfil roman yuxusu görməyə gətirib-çıxarır. Ən ünlü nəzəriyyəçilərindən Mixail Baxtin romanı, özündə qapanan bütün digər janrlardan fərqli olaraq, həyatla dialoq (ümumən dialoji), həyata müdaxilə janrı hesab edir (M.Baxtin, Epos i roman // Voprosı literaturı i estetiki, M., 1975, s. 447-487, 470). Mətndə hər hansı səviyyədə dialojilik varsa, orda roman başlanğıcı var. Bəlkə bu üzdəndir ki, ədəbi tənqidçilərin şedevr-mükəmməllik-sənət axtarışına (guya həmən tələblər hansı janra vacib deyilmiş ki?!) qətiyyən məhəl qoymayıb, oxucu bugün ünsiyyət tapdığı (dialoqa girdiyi) hər növ “öz romanı”na meyl edir, önəm verir. Kim deyir ki, mənim cəmiyyətimin romanları yazılmır? Bir az həssas olaq, cənablar (və xanımlar)! Mənim deyil də, yazılanlar bəs hankı hünərin qəhrəmanları, romanlarıdır?!

Düz on beş il öncə qəzet səhifələrindən yazarlara bir çağırış yapmışdım: “Roman yaz!” (Press-fakt qəzeti, 14-20 aprel 2000-ci il); iltimasım da buydu ki, bəs o günlərdən bugünlərə qalsa-qalsa, roman qalacaq. Bugün, şikayətlənməyə hacət yox, məncə; həm də o mənada ki, o vaxt yazmadıqlarını da müxtəlif nəslə mənsub yazarlar gecikib indi yazırlar. Rasim Qaraca “On bir gecə” romanını (“Alatoran”, 2014) “Savaş günlərində eşq hekayələri – Qarabağ Dekameronu” vurğusu altda qələmə almışdır. Əslində, “Dekameron” kodu da, “Qarabağ savaşı” motivi də romanda çağdaş oxucu ilə dialoqa girməyin postmodern bir üsulu kimi düşünülmüş; amma nə birinciyə, nə də ikinciyə gərəyincə müdaxilə edə bilmədiyindən, eləcə passiv kompozision ünsür kimi də qalmışdır. Bir anlığa təsəvvür edək: ortaçağ qaranlığının daşını daş üstə qoymayan “Dekameron” hekayələrinin şaqraq satira siqləti və sovet dönəminin qaranlığından təzəcə çıxmış (və ya hələ çıxmamış) sütül Azərbaycan gəncliyinin amansız Qarabağ savaşı ilə üz-üzə gəlməsi... Mövzu ağır fəci-satirik notlardan postmodern ironiyayacan neçə və necə bir roman təfəkkürü vəd edir! Təəssüf ki, fərz olunanlara R.Qaracanın “On bir gecə”si nüfuz edə bilməmişdir...

Əvəzində, R.Qaracanın romanında başqa bir dialoji baş tutur: cinsəl problemlər yaşayan, yeniyetməlik komplekslərini heç cür dəf edə bilməyən kişi cəmiyyətinin ağrıları... Sanki qəsdən naşı, profan üslubda nəql olunan hekayələr bayağı olduğu qədər də az qala bir-birinin eynidir, eyni nöqtəyə vurur. (Deyim ki, hazırda postmodern Qərb romanına xas bu üslub adətən arxasında dərin cəmiyyət problemləri gizləyir). On hekayənin hər birində qəhrəmanların qadına (və həyata!) qarşı formalaşmamış, natamam baxışlarını görürük. Və əslində, bu, heç də balaca mövzu olmayıb, R. Qaracanın romandan əvvəl də ara-sıra hekayələrində uğurla qabartdığı ağrılı məsələdir (“Dünyanın ən qorxusuz yeri”, “Ağ pencəkli qadın”, “Dünyada hamdan çox”). Əgər qaynar müharibənin içinə aparmayıb (çün müharibə atmosferi mətndə yoxdur, heç bir səviyyədə!), hekayələri elə olduğu yerdən, dinc həyatın içindən (müharibə-sonrası, məsələn, “atəşkəs xatirələri” kimi!) qursaydı... Bu, bizim Qarabağ savaşında ilkin məğlubiyyətimizi anlamağa daha çox kömək edərdi...

Daha iki roman - Sahilənin “Çevriliş” (“Yazıçı”, 2014) və Zümrüd Yağmurun “Yağış qadın” (“Adiloğlu”, 2014) əsərləri müharibə və kişisəl cəmiyyət problemində israr edir; bu dəfə sırf “qadın nəsri” nümunəsi kimi. Ümumiləşdirsək, hər iki roman məhz kişiyə aid edilən: müharibə-zor-zorlama paralelizmini metaforalaşdıraraq qurulur; açması: zorlanan – qadın və qadın dünyasıdır.

Doğrudur, Sahilənin “Çevrilişi”ndə “müharibə” motivi yalnız əsərin əvvəlində ötəri ştrixlə, sanki metafora əsası kimi mətnə daxil edilir və sonradan heç dərinləşdirilmir də. Cəbhədən (müharibə dəhşətindən) qaçmış Oğlan gənc bir qız uşağını zorlayır və özünü doqquzuncu mərtəbənin damından atıb, intihar edir (Sahilənin eyni süjeti qeydə alan effektli bir hekayəsi də var!). Yetkin bir qadına çevrilmiş həmin gənc qız Zərifənin öz dilindən söylənən roman həqiqəti belə başlayır və sanki oxucunu hadisələrin cərəyan etdiyi dövr – (mətndən belə görünür ki:) 1990-cı illər milli həyatı ətrafında dialoqa dəvət edir. Deməzdim ki, bu əsasda dialoq baş tutur. Çünki nə qəhrəmanın taleyini qeydə alan illüstrativ süjet belə bir dərin ümumiləşdirməyə əsas verir (Zərifə təsadüfən onu seçmiş əcnəbi Brandona ərə gedir, darıxdırıcı həyatdan bezib sonda yenə təsadüfən “xilaskar”ına qəsd edir!), nə də bu ətrafda quraşdırılan “roman”: Şair kultu, Zərifənin ictimai özünütəsdiq cəhdi, məişət sevgiləri planı; heç parodik səviyyədə də dialoqa rəvac vermir. Halbuki mətni xeyli zəbt etmiş Şair-Zərifə dartışmaları romançının məhz ciddiyyətə (ciddi dialoqa!) bel bağladığını nişan verir... Bu ona bənzəyir ki, günlərin bir günü qəfildən içində qəribə bir mexanizm işə düşə və girişəsən hər gün yanından min dəfə ötüb keçdiyin doğma küçəmizdəki dükanların divarlarını bəzəyən xəbərdarlıq yazılarında ədəbi material axtarmağa...

Amma Sahilənin “Çevriliş”ində aktuallığı göz qabağında başqa bir maraqlı material var. Əcnəbiyə ərə getmiş Azərbaycan qadınının etiraf dünyası... Bu da 1990-cı illər həqiqətidir, həm də daha tünd. Əsrlərcə mentalitet mərəzinə tutulmuş Azərbaycan qadını birdən-birə heç kimsəyə hesabat vermədən tabuların üstündən xətt çəkdi; bir zamanlar istisna olan dəbə və qaydaya çevrilməyə başladı. Romanda “Bəsti xanımın bir gün Brandonun məhz ona evlənmə təklifi edəcəyini gözlədiyi” epizodu yada salın, bəxt quşu isə Zərifənin başına qonur. Mənimcə, “Çevriliş”də sosial roman simulyasiyasındansa, qadın dünyasını, xaricə (əcnəbiyə) gedib-qayıtmış qadın nəzərlərini təsbit edən çevrilişlər daha tutarlı, dialojidir. Əcnəbi diqqətdən az qala biganəlik həddinəcən barınan və günlərin bir günü həmin “norma”lardan darıxmağa başlayan qadın-qəhrəmanın milli varlığa münasibətdə də dəyişkən, hətta bir qədər ədalı mövqeyi romanda daha əsaslıdır. Bu mənada “çevirici” Zərifə nə qədər monoton, monoloji və darıxdırıcıdırsa (mətndə qəhrəmanın çeviriciliyi məqamı üzərində oynanılır; forma da yeni olmayıb az qala B.Şlinkin “Qiraət” romanındakı məhkəmə prosesini imitasiya edir: amma nasizm və insan mövzusu hara, bir əcnəbinin vannada boğulmasının motivlənməsi hara?!), əksinə, çevrilmiş Zərifə o qədər təzə, inandırıcı və uğurludur...

Zümrüd Yağmurun “Yağış qadın” romanı öz həqiqətinə birbaşa müharibə mənzərələrindən (erməni hücumu, əsirlik, qaçqınlıq...) keçib yetməyə çalışır. “Kişilər müharibələri ona görə edirlər ki, qadınları zorlamaq, zorla sahiblənmək istəyini gerçəkləşdirə bilsin... kişilər müharibələri özlərinə bənzər olduqları üçün uydurublar, müharibədə kişilərin içindəki zorbalıq daha asan və kimsənin qınağına tuş gəlmədən üzə çıxa bilir... Uydurub ki, qadınları zorlayıb zorla sahiblənmək şəhvətini daha çox yaşaya bilsin...” – 408 səhifəlik mətndə bu motiv əvvəldən axıra, monoton-monoloji-publisist tonallıqda təkrarlanaraq, az qala isterik şəkil alır; bir qadının dilindən min qadının lənəti kimi vurğulanır. Leyla, anası Nərgiz və nənəsi Gülsüm, əri Aqil və s. çağdaş Qarabağ müharibəsinin qurbanları (əlavə motiv: atası ailəsini atıb erməni qadınla Moskvaya köçmüş, həmin qadından olan atabir qardaşı sonradan bilmədən erməni simasında əsirlikdə olan azərbaycanlı Leylaya təcavüz edir)... Gülsüm, bacısı Leyla, valideynləri və s. əsirlər, qonşu Zeyno xala, rəfiqəsi Asya – 1918-ci il erməni təcavüzünün qurbanları (əlavə motiv: atasının Gülsümə düşmən kəsilməsinə dözməyib Asya ölür, Zeyno nifrin yağdırdığı ərini öldürüb əsirlərin qaçmağına köməklik edir)... Leyla, körpə qızı-oğlu və b. qadınlar, Xocalı qaçqınları – müasir kişi bürokratiyasının qurbanları (əlavə motiv: rəssam Cavid sanki hüma quşu, müsibətlər çəkmiş Leylanın rastına çıxır, “yağış qadın”ın portretini əbədiləşdirir)...

Beləliklə, roman qəhrəmanı (Leyla) o qədər yüklənir, müharibə (habelə kişi dünyası) əleyhinə deklamativ bəyanatlarla elə silahlanır ki, oxucu, istəsə belə, dialoqa fürsət-iilişgi tapmır və darıxmağa başlayır. Bu, əsirlik həyatının qrotesk səhnələrini qabardan müharibə romanıdırmı? Amma axı həmin sıradan onlarla belletrist nümunələrdən heç də seçilməyib, hətta onları təkrarlayır da. Qaçqınlıq həyatının məşəqqətlərindən söz açan sosial romandırmı? Gəl ki, bürokratları lənətləmə əsərdə yalnız emosional qəzəb, qəhrəmanın deklarativ nifrini səviyyəsində qalıb, hadisə-süjet planında az qala yox kimidir. Uşaq gözləri ilə müharibə yalanlarını ifşa etmək cəhdi də (Gülsüm-Asya xətti) gerçəklərdən çox uzaq, nağılçılıq təsiri bağışlayır. Bəlkə roman qadın olmağın bədəllərini bəlirləyən “qadın nəsri” nümunəsi kimi düşünülmüşdür? O halda bütöv bir əsrə yüklənməkdənsə, konkretikaya köklənmək daha yey olmazdımı?! Ya bəlkə tarixi yaddaşın yükünü çəkmək-çəkməmək planında psixoloji romana meyl edir romançı? Mənimcə, ideoloji həcmə uymadan (üstəlik burda da bir əlavə motiv: nənəsi Gülsüm Leylaya soykökünü qorumağı vəsiyyət etmiş), bircə elə Leyla–Cavid dialoqunda gizlənmiş orijinal roman materialına həssas olmaq bəs idi ki, “Yağış qadın” daha çox “danışa” bilsin. Rəssamın miskin həyatın ən qatı boyalarından alıb sirrinə vara bildiyi qadın... – bu romançıya da, qələminə də ən yaxın, doğma portretdir.

Oxucu ilə dialoqa macal verməyən romanlardan biri də Sevinc El Elsevərin “Falçı”sıdir (“Qanun Nəşriyyatı”, 2014). Amma bu dəfə ideoloji basqıları ilə yox, faktik materialın bolluğu ilə. Romançı 1990-cı illərin qaçqın-bezgin-sürgün-lümpen, kənd və şəhər həyatının o qədər epizodları-dönümləri-hadisələri ilə mətni yükləyir ki, cəmisini idarə eləmək üçün Falçıya hacət duyur; bir də qəbristan-cəmiyyətdə olum-ölüm məsələlərini ayırd edən Hamletə... Aşkardır ki, roman müəyyən eyhamlarla mətndə post-modern xaosu əldə etməyə yönlənir. Amma heç qabağa qaçmayaq (bu məqama hələ gələsiyik!); əvəzində romançının sevə-sevə yaratdığı Falçının sehrli təlqiniylə hökm sürən realist stixiya dialojiyə daha çox meydan verir...

Sonra da deyirik, mənim cəmiyyətimin romanları yazılmır?!

# 2245 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #