"Ulucayın məqsədi nə ölümü, nə də səbəbini göstərməkdir" - Mətanət Vahid

"Ulucayın məqsədi nə ölümü, nə də səbəbini göstərməkdir" - Mətanət Vahid
24 sentyabr 2025
# 12:00

Kulis.az Mətanət Vahidin Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi” hekayəsi haqqında yazısını təqdim edir.

Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi” hekayəsi kütlə psixozunu Süleymanın faciəsi fonunda nümayiş etdirməklə çoxqatlı sosial psixoloji kontekstlərə toxunur.

Hekayədə diqqəti cəlb edən əsas məqam Qabriel Qarsiya Markesin “Gözlənilən qətlin tarixçəsi” əsəri ilə intertekstuallıq təşkil etməsidir.

Ulucayın hekayəsindəki qətl adındakı “gözlənilməz”liyə rəğmən gözləniləndir. Süleyman otuz il öncə tərk edib getdiyi kəndinə ölmək üçün gəlir:

“Süleyman çox yorulmuşdu. Həm də hiss eləyirdi ki, kəndə qayıtdığı üçün narahatdır. Bakıdan niyə qaçdığını unutmuşdu. İndi o problem eyninə də deyildi. Elə bil bu kənddən qıraqda heç həyatı olmamışdı. Bakıda yaşadığı otuz il elə bu kəndin həndəvərində fırlanmaq kimi bir şey idi onun üçün. Kəndə haqq-hesab çəkmək üçün qayıtmışdı...”

Məqsədi tərk etdiyi kəndin doğmalığına sığınmaq olsa da, o doğma məkan artıq Süleymanı çoxdan yad bilib özündən atıb – kənd də onu tərk edib.

Markesin povestində Anxela ilə bağlı sirrin üstü açılmadığı kimi Ulucayın hekayəsində də əvvəllər aralarından su keçməyən Hikmətlə Bəylərin qəfil düşmənliyinin səbəbi pazlın çatışmayan hissəciyinə dönür:

“Uşaqlıqdan bir yerdə böyümüşdülər. Sonra nə oldu, nə olmadı, heç kənd camaatı da bilmədi, bir gecənin içindəcə qanlı-bıçaqlı oldular. Görəndə bir-birlərinə salam da vermədilər.”

Hekayə bu sirrin ətrafında xeyli açıq sual qoysa da, məramı cavab deyil. Süleymanın qayıtdığı doğma kənddə hamı zəncirin bəndləri kimi bir-birinə bağlıdır, o bu halqada artıqdır, yaddır – düşməndir, Paşinyandır.

Kolumbiyalı yazıçının əsərində qəsəbə sakinləri gözlənilən qətlə imkan verdikləri üçün günahkardırlarsa, Markesvari atmosferə bürünmüş Süleymanın kəndinin camaatı qətli özləri törətdikləri üçün suçludurlar.

Bu faciə kənd sakinlərinin əyri güzgüsüdür. Markes əsərini, bir növ, qətlin sirlərini çözmək, əhvalatını nəql etmək üzərində qurursa, Ulucay, əksinə, qəhrəmanını addımbaaddım onu gözləyən sonun məkanına gətirib çıxarır.

Müəllifin əsl məramı nə ölümü, nə də səbəbini göstərməkdir: intertekst yaratdığı əsərin ideyasını öz mətninə “daşımaq”dır.

Burada bizi maraqlandıran əhvalatın nə dərəcədə inandırıcı olub-olmaması deyil, müəllifin öz məramına nə dərəcədə nail ola bildiyidir.

Hekayədə intertekstin “karnavallaşması” gerçəklərdən\reallıqdan uzaqlaşmaq məqsədi daşıyır.

Mətn bizə bilinənlərin və fərdi şüurun inkarını təqdim edir – bütün şərtlər və məhdudiyyətlərdən arınmış, iyerarxiya və qanunların olmadığı bir vəziyyəti nümayiş etdirir.

# 2577 dəfə oxunub

Oxşar xəbərlər

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

10:30 13 avqust 2026
"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

15:45 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər