Məni abort kürsüsündə yaxaladılar – Bircənin romanı…

Məni abort kürsüsündə yaxaladılar – <span style="color:red;">Bircənin romanı…
16 mart 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Hamiləliyimdən bir ay keçmiş qarabasmalar başlandı; yenə gözümə əcaib adamlar görünür, qulağıma eybəcər səslər gəlirdi. İçimdə elə bil tonqal qalanmışdı, alovu təpəmdən çıxırdı. Hələlik qadın təbiətimlə çarpışa bilirdim. Gecələr bir ağıla qulluq eləyirdim, gündüzlər bir ağıla.

Cavid məndən çox atasıyla nənəsinə mehir salmışdı, onların yanında onlara baxıb məni ya adımla, ya da “koramal” deyin çağırırdı. Qaynımın balalarına qoşulanda isə eynən o uşaqlar kimi mənə “bibi” deyirdi. Gecələr Eminin qucağında yatırdı, atasını mənə yaxın gəlməyə qoymurdu. Buna görə də çox vaxt Cavid yatanacan eşikdə başımı qatırdım, ata-bala onları yuxuya verəndən sonra səssizcə otağa girib qapının yanındakı divanda büzüşürdüm.

Qaynanamla Eminin uşağı özlərinə alışdırmaq üçün niyə bunca canfəşanlıq elədikləri məndən ötrü sirr deyildi: onlar mənim çox yaşamayacağımı düşünürdülər, özü də bunu heç gizlətmirdilər, dönə-dönə üzümə vurmuşdular. Emin bir dəfə lap açıqca dedi ki, sən ölən kimi sizinkilər Cavidi əlimdən alacaqlar. Mən ona təəccüblə baxıb soruşdum:

- Uşaq sənin uşağındı, niyə alsınlar ki?

- Deyəcəklər, anan yaşlıdı, ayrı baxan da yoxdu, ver aparaq biz baxaq.

Bax elə bu səbəbdən onlar Cavidi məndən də, doğmalarımdan da soyutmağa çalışırdılar, mən atam evinə gedəsi olanda oğlumu məndən ayırıb evdə saxlamaq üçün min bəhanə uydurur, min hoqqadan çıxırdılar...

Ancaq indi bunları yada salıb pərt olası, yainki vaxtsız əcəlin zəhmindən bağrı yarılası halda deyildim. İndi Əzrayıl qarşımı kəsib dursaydı, onu bir qırağa itələyib deyərdim, sən bir az gözlə, əlimdə vacib işim var. İçimdə körüklənən manqalın hayındaydım. Vaxt öldürmək olmazdı, düşünüb-daşınıb bir qərara gəlməliydim.

Uzun götür-qoydan sonra Eminin ağzını aramaq istədim – görüm bizə ayrıca ev tikdirmək niyyəti var, ya yox:

- İndi sənin evlə bağlı fikrin nədi?

Emin köynəyini geyinə-geyinə:

- Mən fikrimi bildirmişəm, - dedi, - istəyirsən bir də təkrar eləyim.

Onun çənəsinin altına yeriyib düz gözlərinin içinə baxdım:

- İstəyirəm, de!

O, iki addım geri çəkilib istehzayla başdan-ayağa məni süzdü:

- Kişinin sözü bir olar: evi tikəcəm, Elgizə toy eləyib köçürəcəm ora. Biz də həmişəlik burda qalacağıq. İndən belə bir də bu söhbətə qayıtmırsan, eşitdin?!..

Ürəyimdəki arzuların zənciri bənd-bənd qopub bətnimdəki dölcüyün üstünə səpələndi. Hələ başı ayağından seçilməyən körpə bu zərbəyə çətin davam gətirəydi. O zəncirin hər halqası kündə kimi o körpənin boynuna keçdi, onu boğub cəsədini bətnimin bir küncünə atdı.

Mən Eminin üzünə ikrahla baxıb ona meydan oxudum:

- Hmm, neynək, kişinin sözü bir olursa elə mən də bir kişiyəm. Daha məndən başqa uşaq gözləmə, Cavid var, Allahına şükür elə.

Emin bu səfər məni təkəbbürlə süzdü:

- Cavid onsuz da mənimdi, sən get özünə gün ağla. Uşağın elə indidən səni görən gözü yoxdu.

Çıxaçıxda dayanıb geri döndü:

- Hələ bilmək olmaz sənin bir də uşağın olacaqmı?

Onu üstələmək üçün tez dilləndim:

- Niyə, nolub ki mənə, istəsəm ilə birini doğaram.

Emin sözümdəki əminliyi sezmədi, pilləkəni düşə-düşə:

- Səndəkini özün yaxşı bilirsən, - dedi, - başın-beynin yerə o qədər çırpılıb, o qədər iynə-dərman yemisən, çətin bir də səndən nəsə ola. Cavidi də Allah mənim üzümə baxıb verdi.

Bunca pinədən, töhmətdən qurtarmaq üçün az qaldım qışqıra-qışqıra deyəm: “Yan-tökül, mən yenə boyluyam, kefim istəsə yenə doğaram, amma doğmuram, yaxşı da eləyirəm...” İstədim, çox istədim, ancaq demədim, içimdən boğazıma bir yumruq uzanıb məni susmağa məcbur elədi.

Emin darvazanı arxasınca bağlayanda mən qərarımı verdim.

***

İyun ayı təqvimə yenicə qədəm qoymuşdu, mənim istilərimsə ondan əvvəl başlanmışdı. İçimin alovu üz-gözümü qarsırdı, canım diri-diri qovrulurdu, tər dabanımdan süzülürdü. Bətnimdəki sirri hələ ki evdəkilərdən qoruya bilirdim, ancaq bir az da keçsə özümü ələ verəcəkdim.

Bir axşam məlum oldu ki, Emin sabah qonşu rayona iş dalınca getməlidi. Bu girəvəni əldən buraxmaq olmazdı. Gecə hamını yuxuya verəndən sonra qovağın dibinə çəkilib plan cızmağa başladım...

Sabah ertədən Emini yola salıb evlərə ötəri əl gəzdirdim. Cavidlə qaynanama səhər yeməyi verəndən sonra:

- Zöhrə xala, bazara getmək istəyirəm, - dedim.

- Nəyə, a bala?

- Bir az ayın-oyun almalıyam.

- Mən bacımgilə gedəsiyəm axı.

- Tez qayıdacam, mən gələn kimi sən gedərsən.

İnsafən arvad tərslik eləmədi. Mən pilləkəni düşəndə bir-iki şey almağı da tapşırdı. İstədikləri yadımda qalmadısa da, yubanmamaq üçün yalandan “hə, yaxşı” deyib onu arxayın saldım. Qaynanam məni yoldan qaytarmaqdan ötrü ayrı bir bəhanə düşünüb tapmamış qapıdan çıxmaq istəyirdim. Darvazanın ağzına çatanda Zöhrə xala məni geridən hayladı:

- Bəs Maral getmir?

Əlimin işarəsiylə yox deyib, sapanddan atılan daş kimi qapıdan çıxdım...

Özümü tanış xəstəxananın həyətində görəndə həyəcanım bir az səngidi. Yerə-göyə yalvarırdım qarşıma tanış-biliş çıxmasın. Abort otağının qapısı ağzı yenə cavan gəlinlərlə doluydu. Ürəyim ağzımın içində vururdu. Növbəyə dursaydım, evə axşama ancaq çatardım. Bir az döyükəndən sonra özümü toplayıb marığa yatdım, tez-tez otaqdan çıxıb qadınlardan pul yığan, onlara növbəsini xatırladan dolu, göyçək tibb bacısını ilk fürsətdəcə yanladım:

- Sənə artıq pul versəm, məni növbəsiz buraxarsan?

Qadın üzümə baxıb qımışdı, deyəsən təklif ürəyincə olmuşdu.

- Bir az gözlə, mən səni işarəylə çağıran kimi keç içəri.

Gəlinlər pulları əllərində ərlərini qarğıya-qarğıya növbə gözləyirdilər, bəzisinin uşağı da yanındaydı. Az keçmiş tibb bacısı qapının arasından başını çıxarıb him eləyəndə içəri təpildim, kürəyimə yüklənən bir şələ söyüş-qarğışı da özümlə apardım. Əvvəllər olsaydı bu qədər adamın başı üstündən növbəsiz girməyə ürək eləməzdim, ancaq daha üzüm üzlər görmüşdü, sırtılmışdım.

Qapını arxamca örtüb heç kimə məhəl qoymadan soyunub kürsüyə qalxdım. Həkim yenə sorğu-suala başladı:

- Neçə uşağın var? Bu, neçənci abortundu?

Ağlıma gələn cavabları verirdim. Tibb bacısı isti alətləri içimə yeridəndə çənəm qatar təkərləri kimi taqqıldayırdı. Qayçı işə düşəndə dünya gözümdə qaraldı. O kürsünün üstündə qadının çəkdiyi ağrını sözə çevirməyə gücüm çatmır, dostum. Yaxşı ki, proses uzun sürmür, yoxsa o ağrının zərbindən bir qadın salamat qurtarmaz...

Gözlərimi yumub əzablarımın sona çatacağını gözləyirdim, birdən qulağımın dibində tanış səs eşitdim. Gözümü açanda Eminin bu xəstəxanada tibb bacısı işləyən xalası qızını başımın üstündə dayanan gördüm. Ağrım-acım yadımdan çıxdı, ürəyimdə dedim: “Hə, bircə elə sən çatmırdın”.

Xalaqızı üzümə çuğul marağıyla baxıb qırmızı-qırmızı soruşdu:

- Yenə gizli gəlmisən, ya xalamgilin xəbəri var?

Həkim bunu eşidəndə əl saxladı. Özümü itirmədim:

- Gizli niyə olur, Emin gətirib məni, - deyib qollarımı gözümün üstündə çarpazladım.

Qohum otaqda bir-iki dövrə vurub çıxdı. İndi də həkim aldı yaxamdan:

- Bala, birdən evdəkilərdən xəbərsiz gəlib mənim başıma iş açarsan haa!..

Başladım yalandan and-aman eləməyə. O bayquş gələnə qədər mən həkimi üç uşağımın olduğuna inandırmışdım.

Xalaqızının gəlişi məndən ötrü keyidici iynə-dərmanı əvəz elədi, canımı doğrayan qayçıların ağrısını bilmədim. Kürsüdən düşüb həkimin pulunu verəndən sonra zəncirdən açılmış it kimi bazara qaçdım. Bir az gərəkli-gərəksiz ayın-oyun alıb özümü evə çatdırdım.

Zöhrə xala üzümə zənlə baxıb soruşdu:

- Niyə belə ağarmısan, yükün ağırıydı?

Gözümü gözündən gizləyib dedim:

- Yox, çox istidi, yəqin ondandı.

Çiynimdən dağ boyda yük götürülmüşdü, quş kimi yüngülləşmişdim, bundan sonra nə olacağı eynimə deyildi. Səbrim yerinə oturmuşdu, canım nigaranlıq vicvicəsindən qurtulmuşdu.

Axşam Emin üzümə, baxışlarıma, hərəkətlərimə yaxından-uzaqdan diqqətlə göz qoyandan sonra:

- Günah eləmiş adama oxşayırsan, - dedi, - səndən gözüm su içmədi.

Tutuldum, ürəyim sıçrayıb gənziyimə dirəndi, əllərimi qoşalayıb qarnım aşağı sürüşdürdüm. Olmaya bu, nəsə eşitmişdi? Yox, eşitmiş olsaydı belə sakit oturmazdı, o səbrin yiyəsi deyildi.

Özümü tarazlayıb onun gözlərinin içinə zilləndim:

- Nə günah eləyəsiyəm? Sənin evlə bağlı qərarından sonra qollarım yanıma düşdü, daha bir arzum qalmadı.

Emin alıcı quş baxışlarıyla məni bir də təpədən-dırnağa süzdü:

- Nolub, evsizsən bəyəm? Çöllərə dağılan qaçqınlar neyləsin bəs?

O dedi, mən susdum. Söz güləşdirməyə heyim-hərdəmim qalmamışdı, cəllad əlindən çıxmışdım. İçimin yaraları göynəsə də, qəlbim göynəyib eləmirdi, peşman-filan deyildim. Vicdanımdan səs çıxmırdı, vicdanı daşı tükənmiş saat kimi hara atdığımı belə unutmuşdum...

Ancaq bütün bunlar həm də qorxudan imiş, qorxu vicdanın səsini batırırmış. Gecə otağımıza girib yataqda Cavidlə yanaşı uzanmış Emini görəndə içimdən bir mərhəmət seli axdı. Bu gün onun kürəyinə yenə balta vurmuşdum. Eminin tay-tuşlarının azı iki-üç uşağı vardı, arvadları da buz baltası kimiydi. Mənsə onun üç övladını qanına qəltan eləyib ona zülm vermişdim.

Burnunu Cavidin balaca qolunun üstünə qoyub dərin yuxuya getmiş Eminə baxdıqca gündüz xəstəxanada arvadların ərlərini qarğıması yadıma düşürdü. Yox, mən onu heç ürəyimdə də qarğımamışdım, məni nə qədər incitsə də, ona ölüm arzulamamışdım; əksinə, özümün ölüb qurtarmağımı diləmişdim fələkdən. Mənim ölməyim yəqin ki, ikimizin də qurtuluşu olardı.

Ata-balanın məsum yatışına baxa-baxa ağlayırdım. Həm özümə ağlayırdım, həm də Eminə. İkimizin də cavan ömrü puça çıxmışdı. Qolunun üstə yatırdığı körpə bizim aramızda körpü yox, çəpər olmuşdu. Bəli, bizim həyatımız alınmamışdı...

***

O gün hər gün bir gün də məndən aralandıqca sevinirdim. Elə bilirdim həftə tamam olanda törətdiyim cinayətin izi itəcək. Düşünürdüm ondan sonra heç boynuma da qoyammazlar. Ən çox buna sevinirdim ki, Eminin mənim bazara getdiyimdən də xəbəri yoxuydu.

Üç ötdü, dördüncü günün ortası Eminin xalası qızı qəfil böyürdən çıxdı. Qadını pilləkəndə görcək içində paltar yuduğum vanna, dibində durduğum qovaq başıma fırlandı. Onun məni abort kürsüsünün üstündə, iş başında tutduğunu bu üç-dörd gündə artıq unutmağa başlamışdım.

Xalaqızı bic-bic qımışdı:

- Gəlin, nə təhərsən?

Belimi dikəldib onun gözlərinin içinə baxdım:

- Şükür, yaxşıyam.

İstədim kimsə duyuq düşməmiş bu yekəpər qadının ayaqlarına döşənəm, yalvaram ki, məni gördüyünü açıb deməsin; di gəl, qurumuş canımın qüruru yenə dizlərimdən asıldı. Maral bunları yaxşı tanıyırdı, mənə bəzi şeylər danışmışdı: özümü sındırıb ona yalvarsaydım, indi də olmasa nə vaxtsa xalasına xəbərləyəcəkdi.

Xalaqızı qaynanamı öpə-öpə məndən soruşdu:

- O gün də macalım olmadı başının üstündə dayanmağa, çox ağrıdın?

Zöhrə xala irilmiş gözləriylə bir mənə, bir bacısı qızına baxdı:

- Ağız, bir bura çök görüm nə məsələdi.

Qadın stula çökəndə abortun keyimiş ağrısı canımda isti dəymiş buz kimi açılmağa başladı. Məndən sağda oturmuş Maralın üzünə yazıq-yazıq baxıb gözümlə ondan imdad istədim. Vannadakı paltarları ovcalaya-ovcalaya qolumun altından eltimə pıçıldadım:

- O gün aborta getmişdim, bu ifritə də məni gördü.

Maral iri köşək gözləriylə üzümə baxıb:

- İfritə yox ey, - dedi, - qancıq, baştutan! İndicə qan salacaq.

Xalaqızı qaynanamı öpə-öpə deyirdi:

- Nə təhər sənin xəbərin yoxdu? Gəlinin aborta gəlmişdi...

Müdafiə olunmaqdan bir şey çıxmayacağını görüb hücuma keçdim:

- Abort deyildi ey, yoxlanmağa getmişdim.

Qadın üzümə dirəndi:

- Nə yoxlanma, az, görmədim mən? Hələ onlara da bir ətək pul vermisən.

Zöhrə xala əllərini saçlarına apardı:

- Oooyyy, bu gəlindən qorxmaq lazımdı! Balamın evini yıxdı yenə, - deyib yerə çökdü.

Dilim kilidləndi, daha deyiləsi sözüm qalmadı. Sabunlu paltarları vannaya yığıb özümü arxın üstünə atdım. Elə mən qədər həyəcanlı olan Maral dabanbasma məni haqladı:

- Niyə elədin, heç olmasa mənə deyəydin. Bu qərib yerdə bir uşağa muzdurluq eləyirsən. İndi nə təhər çıxacaqsan bu işin altından?

Maral məni danladıqca kirimişcə üzünə baxırdım.

- Uşağın nə ziyanı var? Sənin qardaş-bacın olmasaydı, Allah bilir indi hansı dərədə səni qurd-quş yemişdi. Vallah bir uşağın da olsa, canın sağlığa çıxar. Gərək bu işi tutmayaydın.

Düz deyirdi, ancaq daha olan olmuşdu...

ardı var

# 2054 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #