Vücudumda xəyanət genləri aşkarlandı – Aqşindən YENİ ŞEİRLƏR

Vücudumda xəyanət genləri aşkarlandı – <span style="color:red;">Aqşindən YENİ ŞEİRLƏR
13 dekabr 2017
# 10:32

Kulis.az Aqşin Yeniseyin “İnsan göz yaşı tökən heyvandır” silsiləsindən yazdığı yeni şeirləri təqdim edir.

Giriş

Heyvanlara bənzəyir xəyallarım – bir çoxu qəfəsdə.

Ümidsizliyimin ağırlığından anlayıram

Fil olanlarının içimdə öldüyünü.

Canavar olanları hey üzüyenişə qaçır başımda

Ürəyimin arxasınca...

Delfin olanları həmişə həyatda ölür,

Yəni taleyimin sahilinə ataraq özlərini.

Tısbağa

Peşman deyiləm, gəmiyə gecikdim, amma üzməyi öyrəndim

Qaçış sizi xilas etmədi, baxın, yenə eyni dünyadayıq.

Tufan yoxdu, yoxdu su,

amma hamınızın yuxusuna girir boğulmaq qorxusu.

Qaçış sizi xilas etmədi...

Qalsaydınız bədəninizin ən gözəl yuva olduğunu anlayardınız

Yağışda özümə çətir oldum mən

Günəşdə dam oldum, öz kölgəmə çəkildim

Mən zamanın ətini sümüyündən ayırdım.

Susun, siz də görəcəksiniz bağırtıdan başqa bir şey olmadığınızı

Mən əbədiləşmək arzusu yarımçıq qalmış daşam.

Seyr edirəm, göldə gülüşən çılpaq ulduzların sükutunu....

Zürafə

Hardan bildiniz adımın zürafə olduğunu?

Yoxsa siz də hiss etdiniz

Boyumun uzunluğunda yorulduğumu?

Heç düşündünüzmü nə qədər çətindir

başı ilə ürəyi arasında ilişib qalmaq

Göy üzündə?

Tanrını aşağıda, qorxunu yuxarıda duymaq?

Və anlaya bilməmək aşağıların əlçatmazlığını.

Doğrusu, sizə də acıyıram bəzən.

Hardan biləsiniz ki,

Bir gün ölümü anlamayan bir uşaq kimi

Düşüb öləcəyəm bu hündürlükdən...

Qırxayaq

Ateistəm, əvət, süründüyüm üçün ateistəm!

Həm də qırx ayaqla süründüyüm üçün!

Babam Qüdsdə doğuldu

- tanrıların hava limanında.

Məbədlərdə yaşadı,

Yerə düşməzdi sürünə-sürünə qalxdığı minarələrdən

Babamı inkar edirəm

Nifrət edirəm sürünə-sürünə ucalanlara

Qisas hissini onlar kəşf ediblər!

Halına da acıyıram hərdən.

Qırx ayağı vardı, həmişə yuxarıdan aşağı baxardı

amma bir gün özünü öldürmək üçün

Zəhəri borc aldı

Ayaqsız bir sürüngəndən...

At

Vücudumda xəyanət genləri aşkarlandı

amma nə anam, nə atam öylə birisi deyildi.

Anam hey balaca otların üzündən öpər,

Atam “kişnəyəndə and içir at” deyirdi.

Görən, kimdən keçdi mənə

bu sevgi köçəriliyi?

Yoxsa başqasının cocuğuylamı dəyişik düşdüm,

İlxıların tufanında.

Bəlkə, ondadır əzablarımı heç tanımadığım?

İnancım hey duşməndır azadlığıma!

Bəlkə, mən bu, deyiləm!

Bəlkə, özümü görsəm tanıyaram uzaqdan

Alnımdakı hüznlü qaşqadan.

Bəlkə, dördnala çapıb bağrıma basaram ağlamsınaraq.

Bəlkə də, uzaqdan baxıb-baxıb

Yaşamağa davam edərəm

Yenə hər zamankı başqası olaraq...

# 3977 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #