“BOMJ” oxucusuna 2 manat göndərən yazıçı - REPORTAJ

“BOMJ” oxucusuna 2 manat göndərən yazıçı - <span style="color:red;">REPORTAJ
29 dekabr 2016
# 08:30

Dünən, Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Elçin Hüseynbəyli ilə Gənc Ədiblər Məktəbi üzvlərinin görüşü keçirilirdi.

Saat 14-də başlamalıydı tədbir. Ancaq 55 yaşı təzə tamam olmuş Elçin Hüseynbəyli gözə dəymirdi. İçəridəki dairəvi masanın ətrafında xanımlar oturmuşdu. Biri yanındakının qulağına pıçıldayırdı, o biri selfi çəkdirirdi, başqa biri əlini yanağına tutub dostuna nəsə danışırdı. Gurultulu bir pıçapıç düşmüşdü içəri. Bu vaxt tədbirə ağ saçlı, ağ saqqalı, uzun plaşlı, başında papaq bir kişi daxil oldu. Hamı təəccüblə ona baxdı, elə mən də. Həmin adamın arxasınca Qulu Ağsəsi gördüm, gəlib yanımda oturdu, xoş-beş-on beşdən sonra bu kişinin kimliyi ilə maraqlandım.

- Gənc ədibdi.

Gülüşürük.

- İmzası necədir?

- Demirəm, gənc ədibdi? – Qulu guya əsəbiləşir. – Hələ qoy yazsın ki, imzası olsun da.

Əlimi uzadıb kişi ilə görüşdüm, ağır-ağır başını tərpətdi, sonra gülümsəyərək nazik səslə soruşdu: “Bala, tədbir 2-də deyil? Bəs hanı bu yazıçı?”

Suala cavab vermədən dairəvi masaya bir də göz gəzdirdim. Xanımlar yenə eyni qaydada pıçapıçla danışır, selfi çəkdirir, telefonla oynayırdılar. Bir anlıq gözümün qabağına Aşıq Pəri məclisi gəldi: xanımların çağdaş geyimləri milli geyimlərlə əvəz olundu, dairəvi masanın ortasında saz göründü.

Bu vaxt nə olsa yaxşıdır? Mistika! Fərqanə Mehdiyeva gəlib çıxdı. Aşıq Pəri məclisinin üzvü, istedadlı şairə...

Qulu Ağsəs qulaqlarıma əyildi: “Fərqanə işə gələndə paltonun altından milli paltar geyinirdi, işdən çıxanda verilişə gedirdi”.

Saat 15:30. Pıçıltı davam edir. Qulu müəllimin yumorla dolu əhvalatları artıq tükənmək üzrədir. Ancaq Elçin Hüseynbəyli hələ də ortalarda yoxdur. Onun yerinə Rəşad Məcid gəlir, hamını salamlayıb çıxışına başlayır:

- Elçin müəllim zəng eləmişdi, “probka”dadır. Bir azdan gələr.

Rəşad Məcid gənclər darıxmasın deyə onlarla ünsiyyət qurur, nə yazdıqları, nə oxuduqları ilə maraqlanır. Sonra yumorunu işə salıb salonu güldürməyi bacarır:

- Elçin müəllimin həyat yoldaşı həmişə yanında olur tədbirlərdə, indi də aşağıda gözləyir. Keçən dəfə bir nəfər Elçini yanındakı xanımla görüb, sonra məndən soruşur ki, bəs sən mənə niyə demirdin o Elçinin xanımıdır. Mən də cavab verdim ki, Elçində o cəsarət var, başqa xanımla tədbirə gəlsin?

Sonra Qulu Ağsəsə çönüb zarafatın dozasını bir az qaldırır: “Seyran Səxavətin dediyi yadındadır? Deyir, arvad istedadın düşmənidir”.

Gülüşmə düşür və elə bu vaxt Elçin Hüseynbəyli şıq geyimdə içəri daxil olur, əlində telefon kiminsə qarasınca deyinir. Arxasınca da xanımı gəlir.

Rəşad Məcidin atmacası:

- Əzəmətli yazıçı belə olar e!

Elçin Hüseynbəyli cavab əvəzinə gülümsəyib telefona təpinir: “Nə istəyir e bu?” Əlini havada yellədib dairəvi masanın baş köşəsinə keçir.

Söz Rəşad Məcidin əlinə keçir:

- Bayaq dedik ki, Seyran Səxavət deyir, arvad istedadın düşmənidir. Xanımlar inciməsin. Amma Elçin müəllimin belə bir düşməni olmayıb. Onun xanımı yaradıcılığına düşmən yox, dost olub. Həqiqətən də Elçin Hüseynbəyli istər hekayələri, istər pyesləri, istərsə də romanları ilə Azərbaycanın ciddi nasirlərindən biridir.

Elçin Hüseynbəyli razılıqla gülümsünür.

Rəşad Məcid ayağa qalxıb dedi: “Mən başqa tədbirə gedəcəm. Sizə uğurlar”.

Elçin Hüseynbəyli:

- Tədbiri Quluya tapşır, o, yaxşı danışır.

Qulu Ağsəs Elçin Hüseynbəylinin sözlə necə sərbəst rəftar etdiyini, sözü oyuncaq kimi mətndə oynatmağını həvəslə danışır: “Elçinin hekayələrinin sonluğunu tapmaq müşküldür. Yazıçı kimi Elçinin fərqi bundadır. Hekayənin necə bitəcəyi haqqında heç bir məlumatın olmur”.

Söz nəhayət, Elçin Hüseynbəyliyə verilir:

- Maşın “probka”ya düşdü, ona görə gecikdim. İki heyvərə saxlayıblar yolun ortasında...

Birdən Elçin Hüseynbəyli Quludan soruşur: “Bir manatın var?”

Qulu ciblərini eşələyir. Elçin Hüseynbəyli cibindən bir manat da çıxarıb pıçıltı ilə yanında oturmuş Müşfiq Şükürlüyə “Bu pulu aşağıdakı adama çatdırarsan” - deyir. Pıçıltı ilə deyirəm, amma yəqin ki, orda hamı bunu eşitdi.

Elçin Hüseynbəyli:

- Aşağıda biri gəlib, ayaq üstə dura bilmir, piyandı. Deyir, sizin əsərlərinizi oxumuşam. Bilmirəm, necə oxuyub. Qoymadım yuxarı çıxsın.

Müşfiq Elçin Hüseynbəylinin “bomj” oxucusunun arxasınca yüyürür.

Qulu Ağsəsin çıxışı davam edir:

“Elçin Hüseynbəylinin bir hekayəsi yadıma düşür. “Gözümə gün düşür”. Hekayədə bir adam ağac əkmək üçün sərhədi keçir...”

Qəfil elə bil Qulu Ağsəs əsəbiləşdi. Əlində çubuq dərsə hazırlaşmayan şagirdlərə qənim kəsilən müəllim kimi gənc ədiblərə təpindi: “Elçin kimdi? Tanıyırsınız? Oxumusunuz nəsə ondan?”

Elçin Hüseynbəyli: “Qulu redaktor kimi də qəddardır”.

Kiminsə replikası: “Bəlkə döyəsən, oxumayıblar deyə”.

Qulu Ağsəs: “Onda niyə gəliblər bura?”

Yerbəyerdən oxuyanların nazik səsləri eşidilir: “Hekayəsi vardı, onu oxumuşuq”.

Qulu Ağsəs təkrar qəzəbli səslə: “Nəyini bəyəndin o hekayənin?”

Cavab onu qane etmir və yenə uzun-uzadı Elçin Hüseynbəylinin hekayələrindən danışır:

“Roman və pyeslərini deyə bilmərəm, amma Elçin hekayənin ustasıdır. Onun cırtdan hekayələri vardı. Cırtdan adamlar haqqındaydı elə. Elə gözəl yazırdı ki, heyrətə gəlirdin”.

Qulu Ağsəsin danışığı Elçin Hüseynbəylinin ürəyinə yağ kimi yayılsa da gənc ədiblərdən biri dözməyib belə bir sual verir:

“Gənclər indi niyə kitab oxumur?”

Elə bil bu gənc də Qulu Ağsəs kimi qəzəbli soruşdu. Sual silah kimi Elçin Hüseynbəyliyə tuşlanmışdı:

“Niyə? Niyə?”

Elçin Hüseynbəyli sosial şəbəkələrin günahkar olduğunu deyir:

“Mənim oğlumda başını telefonun içinə salır bütün günü. Bir tərəfdən də bizim təfəkkürümüzdə tacirlik var. Sovet dağılanda kitab mağazalarını məhv edib alverxana açdılar”.

Sükutun içindən zəif səslər: “Amma Facebookda oxuyan gənclər də var”.

Elçin müəllimin yoldaşı Dürdanə xanım hər dövrün öz tələbi olduğunu deyir.

Bu vaxt mən də bir sual verdim: “Yazdığınızı Dürdanə xanım oxuyur?”

Elçin Hüseynbəyli gülümsünür: “Əvvəl qısqanırdı, ona görə oxuyurdu, indi qıqsanmır, ona görə, oxumur. “Don Juan” romanımın redaktoru o olub. Amma adı gedib, özüm redaktə etmişəm.”

Gülüşmə düşür. Təbii ki, Dürdanə xanım bu cümlələrdən razı deyil. Təbəssümlə Elçin müəllimə baxsa da, gözlərində barmaq silkələyən adamı görməmək mümkün deyil. Axşam hesab soruşulacaq! Həm də axı Dürdanə xanım da jurnalistdir, redaktor işləyib. İstənilən yaradıcı adamın redaktoru onun cümlələrinin darağı rolunu oynayır. Hər halda Elçin müəllimin bu sözlərinə də yumor deyib keçək yazımızın sonluğuna.

Dalbadal bir neçə sual gəldi: “Üslubunuzu bilərəkdən formalaşdırmısınız, yoxsa bilməyərəkdən?”, “Gənc yazıçılarda çatışmayan nədir?”, “Real obrazlardan yazırsınız, yoxsa xəyali obrazlardan?”, “Şişirdilmiş yazıçılar var indi?”

Elçin Hüseynbəyli suallara bir-bir cavab verdi, həm də o sualların sahibini incitmədən.

- Mən oxuya-oxuya içimi doldurmuşam. Ən çox Samuel Bekket, Platonov mənə təsir edib. Ancaq öz cığırımı tapmışam...

- Gənc yazıçılardan biri belə bir hekayə vermişdi mənə. Oxudum ilk cümləsini, qoydum qırağa. Birinci cümləyə baxın: “Bakıda yay günləri çox isti keçir”. Gənclər ənənədən xilas olmalıdırlar, öz cığırlarını tapmalıdırlar. İnşa səviyyəsində yazılar yazmasınlar.

- Real obrazlar olur. Ancaq o real obrazı özümünküləşdirirəm. Xəyali obrazlı hekayələrim də var. Məsələn, “Dezodorant qız”.

- İndi Sovet vaxtından çox betər vəziyyətdir. Yazıçılar tutduğu mövqeyə, vəzifəyə görə şişirdilir. Bəlkə mənim özüm də şişirdilmiş yazıçıyam.

Sonra Elçin Hüseynbəyli “Yenə iki od arasında” adlı yeni romanından danışdı: “O romandan tarixi öyrənə bilərsiniz. Qarabağ tədricən necə əldən çıxdı? Bunu mənim romanımdan oxuyub bilə bilərsiniz. Əmin edirəm ki, stolüstü kitabınız olacaq”.

Bu vaxt gördüm, bayaq Qulu Ağsəsin zarafatla “gənc ədib” dediyi ağ saçlı kişi ayağa durub ağır addımlarla qapıdan çıxdı.

Tədbirin sonunda Elçin Hüseynbəyli ilə gənc ədiblər şəkil çəkdirdi. 55 yaşlı gənc yazıçı gülümsəyərək fotoqrafa dedi: “Elə bil böyük adamla şəkil çəkdirirlər”.

# 4129 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #