Erməni qonşuyla görüş – Şərif Ağayardan YENİ HEKAYƏ

Erməni qonşuyla görüş – <span style="color:red;">Şərif Ağayardan YENİ HEKAYƏ
24 noyabr 2015
# 11:59

Kulis Şərif Ağayarın “Qonşu” hekayəsini təqdim edir.

Yaralar vardır həyatda, ruhu cüzam kimi yavaş-yavaş yeyən, gəmirən yaralar...

Sadiq Hidayət

Əkbər axşamdan gəlib yerləşdiyi “Səbah” otelinin yeməkxanasına düşəndə gördüklərindən vahimələndi: burda əlil arabalarında gəzən çoxlu cüzam xəstəsi vardı. Rahatca liftə minir, pilləkənin yanı ilə aşağı-yuxarı gedirdilər. Dilləri də qəribə idi. Sanki lal adam danışmaq istəyir, amma danışa bilmir. Həyəcanla ora-bura vurnuxan bu qolsuz-qıçsız, burunsuz-qulaqsız adamların danışdığı dildə bircə “Qaqqabaqqa” kəlməsi vardı elə bil. Bu kəlməylə həm dərdlərini deyir, həm təəssüflənir, həm sevinirdilər. “Səbah” oteli dirilərin qəbiristanlığı idi, adamlar bura çürüməyə gəlmişdilər.

Əkbər neçə il müharibədə can qoymuşdu, nəm yerdə yatmaqdan, çoxlu siqaret çəkməkdən ağ ciyərləri xəstə düşmüşdü. Bronxit-vərəm qarışıq elə qəribə bir xəstəlik tapmışdı ki, heç kim baş açmırdı. Daha doğrusu, Bakının dövlət xəstəxanalarındakı həkimlər başdansovdu yanaşırdılar, özəl klinikalara getməyə isə, nə gizlədək, Əkbərin imkanı yox idi. Quruca pensiya ilə şəhərin bir küncündə – uçuq, darısqal və nəm yataqxana otağında qalırdı. Nəmişlik Əkbərin xəstəliyini daha da şiddətləndirmişdi. Nəfəs alanda qırıq qamışdan düzəldilmiş tütək səsi çıxarırdı. Qızdırma, öskürək, başgicəllənmə taqətini kəsirdi. Durduğu yerdə heydən düşür, alınına soyuq tər gəlirdi.

İrana müalicə üçün gəlmişdi. Özünə qalsa, şəhərin ucqar küncündəki o balaca, nəm yataqxana otağından çölə addım atmazdı. Meyiti çıxardı ordan. Arvadı elədi. Uşaqları başına yığıb vay-şivən saldı ki, həkimə getməsən bu, nəm, darısqal otağa özümüz qarışıq od vuracam! Ondan iki gün əvvəl Bakıdakı İran xəstəxanalarından birinə getmiş, dərdini ağlaya-ağlaya əslən Təbrizdən olan qarayanız tibb bacısına danışmışdı. Tibb bacısı Əkbərin Tehranda müalicəsinə kömək edəcəyinə söz vermişdi. İkinci görüşdə Əkbəri də darta-darta aparmışdı təbrizli xanımın hüzuruna. Təbrizli xanım buyurmuşdu ki, Tehranda qohumları yaşayır, Əkbəri qarşılayar, xəstəxanaya yaxın ucuz otellərin birinə aparar, ona göz-qulaq olarlar: “Asandı, xanıııım! Burda çətin nə var çi!” - ən axırda bu sözləri demişdi təbrizli tibb bacısı. Və “Xanım” sözünü şirin-şirin deyərkən uzatdığı “ı” hərfi, bir də “ki” kəlməsindəki “ç” səsi Əkbərə də, arvadına da inanılmaz ümid bəxş eləmişdi.

İki gün üzücü yolçuluqdan sonra Tehranın neft iyi verən avtovağzalına çatan Əkbəri təbrizli tibb bacısının qalın qara bığları və qıvrım saçları ilə müğənni Şəhram Nazirə oxşayan, üstəlik adı da Şəhram olan qardaşı qarşılamış, motosikletə mindirib “Səbah” otelinə gətirmiş, ikinci mərtəbədəki sakit otaqlardan birinə yerləşdirmiş, mobil telefonunun nömrəsini balaca bir kağıza yazaraq ona vermiş və sabah xəstəxanaya getmək üçün görüşmək üzrə çıxıb getmişdi. Gedəndə zarafatından da qalmamışdı:

“Ağa, Baküdə yaxşı vodka vaaar? Gəlsəm, çoxlu içə bilərəəəm?”

Və bu zarafat da ümid vermişdi Əkbərə. Demək, vəziyyəti elə də ağır deyildi, yoxsa Şəhram ağa onunla vodkadan danışmazdı.

“Niyə yoxdu, nə qədər istəsən!” demişdi gülümsəyərək.

Otelin birinci mərtəbəsindəki alaqaranlıq yeməkxanada oturub çay içə-içə diri-diri çürümək barədə düşünürdü və elə bil dərisinin altında qarışqalar gəzişirdi. Sağa-sola vurnuxan, heç nə olmamış kimi deyib-gülən, zarafatlaşan “qaqqabaqqa”lara göz qoyduqca özünü təkcə Bakının uzaq küncündəki nəm otağından deyil, bütün gerçək dünyadan uzaqlarda, çox uzaqlarda hiss edirdi. Bir anlıq öldüyünü belə düşündü. Bəs nə! Ölüm dediyin elə bu olmalı... Tanımadığın yerlər, duymadığın qoxular, dadını bilmədiyin yeməklər, dilini anlamadığın adamlar... Qorxulu filmlərdəki kimi əlsiz-qolsuz, burunsuz-qulaqsız məxluqlar...

Otelə yerləşəndən bir neçə dəqiqə sonra - cüzam xəstələrini görən kimi cəld aşağı düşüb Şərhramın nömrəsini yığmasa, təlaş içində “Şəhram ağa, burda çoxlu cüzam xəstələri var, keçici olmasın?” deyə sual etməsə və Şəhram ağadan “Heç narahat olma, cüzam yoluxucu xəstəlik deyil” cavabını almasa yəqin burda bir dəqiqə də otura bilməzdi. Sağalmaq bir yana, bu ölüm və çürüntü qoxuyan alaqaranlıq oteldən salamat çıxacağına da inamını itirərdi.

Yeməkxananın xəstəhal sarımtıllıq yayan işıqları otelin işçilərini də bədəni çürüməkdə olan cüzam xəstələrinə oxşadırdı. Əkbər bir də onda ayıldı ki, əl-ayağı salamat adam görəndə təəccüblənməyə başlayır. Budur onlardan biri yeməkxananın girəcəyində durub Əkbərə baxır. Üzü də çox tanış gəlir. Lap çox!

Əkbər qapının ağzında dayanıb onu marıtlayan adama elə diqqətlə baxırdı ki, gözlərini qırpmaq yadından çıxırdı. O da eyni maraq və təlaşla Əkbərə zillənmişdi. Onun da gözlərində Əkbərinki kimi bir narahatlıq, bir şübhə, bir heyrət vardı. Tanış adam arada gülümsədi də! Gülümsəyəndə qabaqdan bir-iki dişinin mırığı göründü. Bax bu mırıqlar Əkbərə yad gəldi və adamı doğru-dürüst xatırlamağa mane oldu. Amma yeriyən kimi yerişi yadına düşdü və qışqıraraq ayağa qalxmaqdan özünü güclə saxladı. Dodaqaltı pıçıldamaqla kifayətləndi: “Aşot!”

“Əkbərcaaan” – Aşot ona tərəf addımlamırdı, uçurdu. Elə gəlirdi, ayaqları özündən dalda qalmışdı. Az qala Əkbərin üstünə yıxılacaqdı. Bayaqdan bədənində gəzişən qarışqalar biz-biz olub paltarının altında civildəşdi. Amma aldırmadı! Keçmiş erməni qonşusunun qabağında təşvişə düşməyi özünə sığışdırmadı. Aşotsa ağlamsına-ağlamsına, gülümsünə-gülümsünə: “Əkbərcan! Əkbərcaaan... Əkbərcaahahan...” – deyir, onunla əl tutmaq istəyirdi. Əkbər əl uzatmırdı amma. Aşot bunu gözləyirmiş kimi onun əlini dizinin üstündən zorla qaldırdı və bərk-bərk sıxaraq yellədi: “Əkbərcan... Əkbərcan... Şükür Allaha ki, bizi görüşdürdü. Çox şükür!” – o üzündən-bu üzündən öpdü – “Bə, niyə belə sınıxmısan?”

“Guya sən sınıxmamısan?!” – Əkbər ayağa qalxmadan kinayə ilə dedi. Aşot Əkbəri daha yaxşı, doya-doya görmək üçün başını azca geriyə çəkib mehribanlıqla gülümsədi. Dişinin mırığından işıq fışqırdı.

Əkbərlə Aşot Qarabağın Tuğ kəndindən idilər. Evləri də yanaşaydı. Orda doğulub, orda böyümüşdülər. Bir yerdə məktəbə getmişdilər. Əkbərgilin əncir ağacının meyvələrinin yarısı Aşotgilin həyətinə tökülürdü. Anası hər il həyətlərinə tökülən alma boyda sapsarı əncirləri ləyənə yığıb gətirirdi, Əkbərin anası da geri qaytarırdı. Deyirdi, o, sizin qismətinizdir, apar qışa mürəbbə elə. Taaa müharibə başlayanacan! Müharibə başlayanda Aşotun anası əncirləri yığmadı. Əkbərin anası da onların həyətinə keçməyi özünə sığışdırmadı. O ili əncirlər Aşotgilin həyətində çürüyə-çürüyə qaldı. Hərdən Əkbərə elə gəlirdi ki, Tuğ camaatı o əncirlərin qarğışına düşdü. O gözəllikdə meyvələrin çürüməsi Allaha ağır getdi.

Gün gəldi Əkbərgili öz evlərindən qovub çıxartdılar. Əkbərgil yığışıb kənddən çıxanda Aşot maşının dalınca həsrətlə baxıb-baxıb birdən qışqırdı:

“Əkbərcan, narahat olma, evinizə göz-qulaq olacam!”

Siniflərində qoldan ən güclüsü Əkbər idi. Hamı çəkinirdi ondan. Əkbərin qorxusundan Aşota da dəymirdilər. Əkbər Aşotu hamıdan qoruyur, əvəzində özü döyürdü. Axırıncı dəfə futbol oynayan vaxt təsadüfi qol buraxdığına görə yaxşıca çırpmışdı. Anası Aşotun qolundan tutub keçmişdi bu üzə, o ki var danlamışdı Əkbəri, valideynlərinə şikayətlənmişdi. Axırda da belə demişdi:

“Ayıb deyil, qonşuyuq!”

Əkbər utanmışdı bu sözlərdən, qadının dediklərini qulağına sırğa eləmişdi və o gündən Aşota dırnağının ucunu da vurmamışdı.

“Əkbərcan, hanı o güclü biləklərin? Sən də mənim kimi nə tez qocaldın belə?” – Aşot kədərli səslə deyirdi. – “Xəstələnmisən elə bil, müalicəyə gəlmisən?”

“Əşşi yox!” – qaşlarını düyünləyib üzünü yana çevirdi – “Bir tanışımla görüşəcəm.”

“Yalan demə.” – acı-acı güldü Aşot – “Bura yalnız xəstələr gəlir. Bir də müharibə əlilləri. Əfqanıstandan... Pakistandan...” – duruxub sağa-sola baxdı – “Sənin haran ağrıyır, Əkbərcan, sənə nə olub?”

“Dedim ki, xəstə deyiləm!” – öskürdü, sinəsindəki boğuq tütək səsini mümkün qədər gizləməyə çalışdı – “Özün də yanımda oturma, görüb-eləyən olar!”

“Düşmənçilik Arazın o tayında qaldı. Burda hamımız qonağıq. Bir də ki, Əkbərcan, məzhəb haqqı biz düşmən-zad deylik. Mən sənə neyləmişəm axı? Nə düşmənçiliyimi görmüsən?”

Dinmədi Əkbər, başını aşağı saldı.

“Amma sən silah götürüb vuruşdun bizimkilərlə. Heç adam öldürdünmü, düzünü denən?”

“Anasını da ağlatdım! Niyə öldürmədim?” – Əkbər səsini qaldırdı.

“Uşaqları da?!”

“Uşaqlarla nə işim? Bizim torpaqları tutan əsgərləri öldürdüm. Neyləməliydim? Durub gözləməliydim, onlar gəlib bizi öldürsün?”

“Sən adam öldürə bilməzsən, mən səni tanıyıram.” – Aşot nırçıldayaraq başını buladı.

Əkbər yenə dinmədi.

“Haran ağrıyır, qonşu?” – qonşu sözü lap kövrəltdi Əkbəri. Qalxıb Aşotun boynuna sarılmaq istəyi içindən sızıltı kimi keçdi, amma eləmədi. Əvəzində: “Aşot, bu saat qalxıb ağzının üstünə bir yumruq qoyacam, bəridən o yana uçassan! Bəsdi zəhləmi tökdün!” – dedi.

“Vura bilməzsən! Atəşkəsdi? Hahaha!” – Aşot gözləri yaşaranacan güldü, amma Əkbərin gicgah əzələlərinin oynadığını görüncə özünü yığışdırdı – “Vurmazsan məni, qonşu, adam qonşusunu vurmaz!”

Araya üzücü sükut çökdü. Əkbərin əlləri ixtiyarsız siqaret axtardı. Amma yox idi. Həkim qəti qadağan eləmişdi. “Bir gilə siqareti çəkməzdən əvvəl qəbrini qaz” demişdi.

“Tuğdakı evi çox ucuz satdım. Acından qırılırdıq. Yerevana getdim, özümə gün ağlayım, onu da bacarmadım. Ermənistanda pul-para yoxdu. Olan-qalanı da vəzifəlilər qamarlayır. Səhhətim də imkan vermir ki, ticarət üçün Rusiyaya, ya da Türkiyəyə gedəm. Xəstəyəm. Böyrəklərim xarabdı. Tehranda qohumum var, onlara gəlmişdim ki, özümü həkimə göstərim, gördüm yerləri darısqaldı, məcbur qalıb otelə gəldim.” – duruxdu - “Hayıf o günlərə, qonşu!”

“...”

“Atan-anan sağdı?”

“Yox!” – Əkbərin acığı soyumamışdı hələ.

“Allah ikisinə də rəhmət eləsin. Gözəl insanlar idi. Biz yaxşı qonşu olmuşuq, Əkbərcan, çox yaxşı. Həyətimizə tökülən o əncirləri heç unutmuram. Ən gözəl günlər imiş o günlər, qonşu, ən gözəl günlər! Qədrini bilməmişik. O “Böyük Ermənistan, Böyük Ermənistan” deyirdilər haaa, bax o əncirin bir dənəsinə dəyməzmiş. Aldatdılar bizi, qonşu, yaman aldatdılar.”

“Əncir sizindi də indi, niyə həsrətini çəkirsən, get, nə qədər istəyirsən ye!” – Əkbər yenə kinayəsindən qalmadı.

“Əh! Doğrudan elə düşünürsən ki, biz qalib gəlmişik?! Yanılırsan, qonşu! Nəinki o əncirə eee... o boyda Tuğ kəndinə həsrət qalmışam. Hanı o imkan, hanı o vaxt, hanı o həvəs ki, həyətimizə gedəm, sizin ənciri axtaram.”

“Bə evimizi qorumağa söz vermişdin!” – nəhayət Əkbərin qırışığı açıldı.

“Qorudum! O vaxtacan ki, sizinkilərin mərmisi bizim evə düşüb dağıtdı. Ondan sonra istəsəm də qoruya bilməzdim. Saqqallılar vətən xaini kimi güllələyərdilər məni. Həm də, açığı, öz evimiz dağılandan sonra sizinkinin də dağılmasını istədim. Özümdən asılı olmadı.”

“Day denən, özüm dağıtmışam də...”

“Niyə dağıdım ki? Mənə neyləmisiz? Orda çox qalmadıq sizdən sonra. Ara sakitləşən kimi, bağı, həyəti, evimizin salamat qalan yerlərini dəyər-dəyməzinə satıb köçdük. Yerevana çatan kimi anam rəhmətə getdi.” – Aşot duruxub Əkbərin sifətinə baxdı. Əkbər hiss etdi ki, ondan “Allah rəhmət eləsin” sözünü gözləyir. İçindən keçsə də, dilinə gətirmədi. Öz-özünə dedi. Aşot Əkbərin ürəyindən keçənləri duyub köks ötürdü:

“Allah şahiddir ki, bir çöpünüzə xain baxmadım. Nə illah elədilər, sənə, atana, anana görə siz tərəfə güllə atmadım. Buna görə məni döydülər, ölümlə hədələdilər, zirzəmidə ac-susuz saxladılar...” - Əkbər hiss elədi ki, Aşotun dediklərinə bütün varlığıyla inanır, çünki Aşot ömründə yalan danışmamışdı. - “Elə bilirdim, sən də biz tərəfə güllə atmazsan. Deyərsən, birdən vurduğum adam Aşot olar, onun qohumu olar.”

“Ay qanmaz, bizi evimizdən, torpağımızdan qovurdunuz, öldürürdünüz. Xocalıda nələr elədiniz? Buna necə dözmək olardı?”

“Əgər Xocalıya görə mənim bir zərrə günahım varsa, Allah məni elə burda, sənin ayaqlarının altında öldürsün! Əkbərcan, hamımız insanıq. İnsan olan kəs belə əməl törətməz. Sizdə də var beləsi... Həm eləsi, həm beləsi...”

“Bizim günahımız yoxdu!” – Əkbərin boğazındakı damarlar zol durdu. Onun lap hirsləndiyini görən Aşot səsinə həlimlik verdi:

“Yaxşı, sən deyən olsun...” - Az keçməmiş mövzunu dəyişdi: - “Amma yaxşısan haaa... Dişləri qızıllatmısan! Mən mırıq qaldım.”

“Nə qızıl əşşi, titandı. Ağzım boş qalmasın deyə borc-xərc düzəltdirdim!” – Əkbər acı-acı güldü.

“Titan niyə?” – Aşot gözlərini döydü.

Bu dəfə Əkbər söhbəti dəyişdi:

“Ağaclarımızı qırdılar?”

“Mən çıxana qədər yox. İstəsən sənə görə gedərəm Tuğa, həyətinizi, evinizi çəkib internetlə göndərərəm.”

“Yox!” – Əkbər yerindən dik atılıb çevrildi. Aşot da diksindi – “İndi də desinlər, ermənilərlə gizli əlaqəsi var?! Onsuz da döyüşüb bir günə çıxmadım...”

Aşot susub yeməkxananın pəncərəsindən harasa baxdı. Baxa-baxa ağlına nə gəldisə həzin səslə soruşdu:

“Uşaqların var?”

“Var.”

“Salamatdılar?”

“Salamatdılar.”

“Mənim oğlum talassemiyadan öldü. Pul-para tapıb müalicə eləyə bilmədim.” – səsi boğuldu.

“Neçə yaşında?” – tapışandan bəri Əkbərin səsində ilk dəfə qəhər hiss olundu.

“On beş!”

“Ruhu şad olsun” – ağlamsındı.

“Mənə oxşuyurdu eynən. Sarısaç, alagöz. O vaxtlarım yadındadı, Əkbərcan?”

“Yadımdadı.”

“Necə oğlan idim, sən Allah?”

“Yaxşı idin, Aşot, yalan nə deyim?”

“Amma oğlumu yaşada bilmədim. Ona görə içkiyə qurşandım. İndi böyrəklərim “atkaz” eləyir. Öləcəm tezliklə. Xahiş edirəm, məni unutma. Biz yaxın dost idik. Bir gün Tuğa qayıtsan o illəri xatırlayarsan, məni düşünərsən, nəsə deyərsən, səni eşidəcəm.” – gözlərinin yaşını siləndə Əkbər başını yana çevirdi:

“Yaxşı, ağlama. Heç mən də salamat deyiləm. Mən də yaşamayacam belə getsə...”

“O günlər hara getdi, qonşu? Niyə belə oldu? Allaha neyləmişdik?”

“Bilmirəm, Aşot, hardan bilim?”

“Sən adam öldürə bilməzsən, bayaq mənə yalan dedin.”

“...”

“Məni döydüyün yadındadı?” – qəfil göz yaşlarını silib gülümsədi. Əkbər onun gözlərinin altının necə qaraldığını, sifətinin necə qırışdığını, ovurdlarının necə batdığını indi gördü.

“Yadımdadı” – Əkbər də gülümsəməyə çalışdı.

“Qapıdan keçən bir topa görə niyə elə hirsləndin ki?” – qəhqəhə çəkdi.

“Nə bilim?” – hirsindən gicgahındakı əzələlər oynadı - “Sən məni öldürəcəksən! Sən ananın goru, dur rədd ol get başımdan! Qoy dərdimi-ağrımı çəkim. Mənnən görüşdüyünü də heç kimə demə. Dur-dur!” – qolundan tutub iki-üç dəfə hikkəylə itələdi. Aşot əvvəl heç nə anlamadı. Əkbərin uşaq inadkarlığını görüb məsələnin ciddiliyini anladı. Qalxıb aralandı.

Əkbər onun arxasınca ötkəm səslə “Bir də mənə yaxınlaşma!” deməyi də özünə borc bildi.

Aşot Əkbərə baxa-baxa qapıdan çıxanda ayağı kandara ilişdi, az qala yıxılacaqdı.

Əkbər uğuldayan başını əllərinin arasına alanda Aşotun səsini daha bərkdən eşitdi:

“Bizi aldatdılar, yaman aldatdılar!”

Bu vaxt xidmətçi Əkbərə yaxınlaşıb stolun üstünə balaca bir kağız qoydu və əlini qapıya tərəf uzadıb dedi:

“Qaqqabaqqa baqqaqaqa aqabbaqa!”

Əkbər kağızı açdı:

“Sabah bu vaxt burda olacam, sən də gələrsən. Aşot”

Xeyli fikrə getdi. Qərara gəldi ki, Şəhramı çağırsın, qaldığı oteli dəyişdirsin. Yoxsa Allahın bu ermənisi ondan əl çəkməyəcəkdi. Aayağa qalxıb foyeyə addımladı. Qeydiyyatçı oğlan kresloya yayxanmışdı, qarşısındakı mizin üstündə çay buğlanırdı. Şəhramın verdiyi kağızı cibindən çıxarıb əl hərəkətləri ilə başa saldı ki, nömrəni yığmaq lazımdır. Qeydiyyatçı nömrəni yığıb telefonun dəstəyini ona uzadanda Əkbərin gözü qəfil çay fincanının yanındakı əncir mürəbbəsinə sataşdı. Sapsarı, yepyekə əncirlər... Eynən Tuğdakı kimi... Özünü itirdi, telefonda Şəhramın həyəcanlı səsini eşitməsə, yəqin, uzun müddət elə beləcə donub qalacaqdı:

“Alo! Alo! Alo!”

“Mənəm, Şəhram, Bakıdan gələn xəstə... Əkbər...” – öskürdü, həyəcandan sinəsindəki tütək səsi artmışdı bir az. Danışa-danışa gözlərini mizin üstündəki əncirdən çəkə bilmirdi – “Elə-belə zəng vurdum. Sarıxdım. Hər şey qaydasındadı. Sabah görüşərik.”

# 2552 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #