(Rasim Qaracanın şeirləri haqqında qeydlər)
Ötən il kitabxanamı sahmana salanda rastıma portret-hekayələr ustası Əjdər Olun bir şeir kitabı çıxdı. Kitabı vaxtilə oxuyarkən vərəqlərin ağ yerinə yazdığım qeydlər diqqətimi çəkdi. Bunlar Əjdər Olun nə vaxtsa gecə saat birə qədər Rasim Qaraca ilə ədəbiyyat mübahisəsi etməyindən, birinin modern ədəbiyyatı, digərinin isə ənənəvi yolu müdafiə etməyindən bəhs edən “Parkda” şeirinə yazdığım qeydlər idi. Bu yazını yazmağa başlayarkən həmin şeiri bir də xatırladım, söhbətin məğzinə birbaşa dəxli var deyə, şeiri bölüşürəm:
Qrafin, külqabı, başqa bir cisim
onu sirkələyən adi kəlmələr.
Dabrıyır görüşə Qaraca Rasim
Yaşıl köynəyində sarı ilmələr.
Yenə hərlənirik bizim parkda,
Siqaret, çayxana, vizual Birlər
Mövzu genişlənir… Nyu-Yorkda
Parisdə səs salan yeni nəşrlər.
Keçilən mərhələ, ötürülən şans,
Əqrəbi geriyə çəkilən saat.
Söhbət içindəki hər yeni nüans
Alatoran üçün yarımfabrikat.
Herisçi Anarla düşünüşürsə,
bu, postmadernizm, özəl dönüşdür.
Güllər iyləşirsə, isinişirsə,
gördüyün erotik bir görünüşdür.
Deyir: qart sözlərlə özünü yorma,
hər sözün önünə neo yapışdır.
Mən baş aparıram: Modern forma
Şeirə tikilən təzə papışdır.
Onun sözləridir: Yalnız irəli!
Sözü azad burax! Qafiyə hörmə!
Qəlyan tüstülədir bitli-birəli
qaçqın və çadırda alışan kərmə.
Avanqard, arabesk və antilirik,
gör nə qopardırıq bitəcək gündən.
Gecə birə qalmış, çıxa bilirik
Alen Rob Qriyenin Labirintindən.
Heca vəznində, çarpaz qafiyədə yazılan və qarşı tərəfin leksikonundakı sözlərin ironik çalarda istifadə edildiyi bu şeirdə iki dünyagörüşü toqquşur. Amma mənim üçün bu şeirdə son bəndin son misrasında adı qəfildən qarşımıza çıxan Alen Rob Qriye maraqlıdır. Çünki Rasim Qaracanın müstəqillik dövrü ədəbiyyatımızın ən qiymətli şeir kitablarından hesab etdiyim “Ölüm haqqında günəş” kitabındakı “Əşyalar” bölməsini oxuyanda, yadıma həmişə Orxan Vəli qədər, yapon haykuları qədər fransız “Yeni romançı”ları da düşür.
Ötən əsrin 50-ci illərindən etibarən Fransada gündəmə gələn “Yeni romançı”ların lideri Alen Rob Qriye idi və onların sırasında Natali Sarrot, Mişel Byutor, Klod Simon kimi müəlliflər vardı. Onların başlıca məqsədi ədəbiyyatı ənənəvi romandan xilas etmək idi və bu yolda əsas hədəf əlbəttə ki, Balzak, Stendal, Flober və Zolya idi.
Fikrimcə, Alen Rob Qriyenin əşyaların dünyadakı yeri ilə bağlı fikirlərindən çıxış edərək Rasim Qaracanın şeirlərini oxumaq olar.
Nə deyir Qriye? Onun fikrincə, dəyişməz və sağlam olan yeganə şey nəsnələr, əşyalardır. Bəzən onu tənqid edirdilər ki, əşyaların səhifə-səhifə çəkən təsvirləri arasında insan yoxdur. O isə cavab verirdi: insan təsvir etdiyim əşyalarda, hətta təsvirin hərəkətində belə mövcuddur. Qriyenin dünyagörüşünə görə, hər hansı bir əşyaya diqqətlə baxsanız, hər dəfə onun başqa bir cəhətini görəcəksiniz.
Bu məqamda Rasim Qaracanın “Əşyalar” silsiləsindən olan, elə əşyanın təbiəti ilə bağlı bir şeirinə nəzər salaq:
Yataq
Kim deyir ki,
yaddaşı yoxdur əşyaların
baxın,
köç maşınında gedən bu yataq dəsti
kədərin çoxluğundan büzüşərək
yumağa dönüb.
Məncə, konseptual silsilə olan “Əşyalar”ın canı bu şeirdəki “əşyaların yaddaşı”na edilən vurğuda gizlənib. Əslində, bu misra elə silsilənin özünə epiqraf da ola bilərdi.
Alen Rob Qriye romanlarında (“Silgilər”, “Qısqanclıq”) adətən reklam tablolarını, cədvəlləri, dəmir barmaqlıqları, küçə fənərlərini, silgiləri, çaydan kimi ilk baxışdan adi görünən bir əşyanı götürür və onu uzun-uzun, ən xırda detalına qədər təsvir edir. Roland Bart bu barədə yaxşı deyir: “Alen Rob Qriye icazə verir ki, əşyalar vaxtımızı alsın.”
“Yeni romançı”lar deyirlər ki, ənənəvi ədəbiyyatda boş stul – gözləməyi, pəncərənin dəmir barmaqlığı – azadlığın yoxluğunu, əlin çiyinə qoyulması – dostluğu ifadə edirdi. Amma XX əsrdəki böyük fəlsəfi nəzəriyyələrdən olan fenomenologiyaya deyir ki, əsrlər boyu içi müxtəlif mənalarla doldurulmuş əşyaları, jestləri mötərizə içinə almalı və onları yeni rakursdan görmək üçün sadəcə oxucuya təqdim etməliyik.
Yenidən Rasim Qaracanın bir şeirinə baxaq:
Balıqqulağı
Avtomobil qəzası
qızcığazın asfalta dağılmış çantasında
hər şey var idi:
dodaq boyası
bankomat kartı
dırnaqtutan
siqaret
karandaş
salvador dali
amerikan dolları
prezervativ
cib telefonu
metro jetonu
sancaq…
Bir sözlə
onu tanıya biləcəyiniz hər şey,
ancaq
bir də heç kəsin məna verə bilmədiyi
emallı miniatür bir balıqqulağı”
Bu oxucunu interaktivliyə dəvət edən, çoxyozumlu, çoxmənalı bir şeirdir. Müəllif bir misrada qəzaya düşən qız haqqında “onu tanıya biləcəyiniz hər şey” deyir, amma adı çəkilən əşyaların heç birinə bir təyinat vermir, eləcə siyahı təqdim edir və sonda bizə gözlənilməz şəkildə başqa bir nəsnə (balıqqulağı) təqdim edilir.
Ötən həftə Azərbaycan Dillər Universitetində filologiya fakültəsinin tələbələrinə çağdaş Azərbaycan poeziyasından danışanda bu şeiri oxudum və auditoriyadan soruşdum ki, sizcə, o balıqqulağının orda nə işi var? Hərə bir variant dedi və məlum oldu ki, variantların hamısı müəyyən mənada kontekstə oturur. Elə müəllifin də istədiyi budur, şərh verməmək, boşluqlar buraxmaq ki, oxucu özü yozumu ilə o boşluqları doldursun.
Bu yerdə yadıma nə vaxtsa, hansısa kitabdan oxuduğum və müəllim işlədiyim illərdə bir neçə sınaqdan çıxardığım bir oyun düşdü. Bu oyuna şərti olaraq, “Yuxu Oyunu” deyirlər. Oyunu oynamaq üçün bir qrup insan bir yerə toplaşmalı, oyundan və oyunun qaydasından xəbərdar olmayan bir nəfəri qurban seçməlidir. Əvvəlcə qurban sinifdən (ya da salondan) çölə çıxardılır və iştirakçılar qaydalarla bağlı razılığa gəlirlər. Bir azdan seçilmiş qurban təzədən içəri gəlir və ona deyilir ki, sən çöldə olanda aramızdan bir nəfər öz yuxusunu danışdı. Sənin vəzifən bu yuxunun nə olduğunu və yuxunu kimin gördüyünü tapmaqdır. Seçilmiş qurban kimə istəsə suallar verə bilər, amma cavablar “hə” və ya “yox” ola bilər. İştirakçılar qurban çöldə olarkən müəyyən etdikləri qaydaya əsasən onlara verilən sualdakı əsas sözün axırıncı hərfinə uyğun cavablar verəcəklər. Söz “K” və ondan əvvəlki hərflərlə bitirsə, “hə” deyəcəklər, “L” və sonrakı hərflərlə bitirsə, “yox” deyəcəklər. Məsələn, seçilmiş qurban “yuxuda general varmı?” soruşsa, oyunçular başa düşəcək ki, burdakı vurğu “general” sözünə düşür, söz “L” hərfi ilə bitdiyi üçün “yox” deyəcəklər. Zəruri bir məqam da var, ziddiyyət yaranmasın deyə bəzən “son hərf” qaydasını pozmaq da olar.
Oyunun sonunda qurban suallarını bitirir və ondan xahiş olunur ki, yuxu və yuxunu görən şəxs haqqında öz versiyasını danışsın. Qurban öz versiyasında yuxunu danışıb bitirəndən sonra isə həqiqət aydınlaşır, sən demə heç kim yuxu görməyib: “Bu danışdığın sənin yuxun idi, hamısını sən uydurmusan…”
Alen Rob Qriye yazır: “Hər insan ətrafındakı nəsnələri təzədən icad etməlidir. Bu nəsnələr dünyanın həqiqi, konkret, qatı və parlaq görüntüləridir. Onlar özlərindən başqa heç nəyin işarəsi deyillər.”
Bu, çox incə məqamdır, fikrimcə, müəlliflərimiz (bəlkə də şairlərdən çox, nasirlərimiz) bu məqamın üstündə lazımınca dayanmayıblar. Belə ki, XX əsrin ikinci yarısından sonra ədəbiyyatda xarakterin konkret nəyisə təmsil etməsi məsələsi aradan çıxır, xarakter yaratmaq gözdən düşür, çünki İkinci Dünya Müharibəsindən sonra ədəbiyyatçılar başa düşdülər ki, tipiklik, bir xarakterin konkret nəyisə təmsil etməsi ideoloji yarlıkdır və məhduddur. Beləliklə, reallığın ifadəsi haqqında düşünən böyük müəlliflər bu qərara gəldilər ki, bir nəsnə, bir adam konkret nəyisə təmsil etməsə, yəni o, eləcə təsvir edilsə, daha çox şeyi təmsil etmiş olur.
Bizim ədəbiyyatda, xüsusilə, sovet ədəbiyyatı və həmin ənənənin davamçıları ilə müstəqillik dövrü ədəbiyyatının ciddi təmsilçiləri arasındakı ən başlıca fərqlərdən biri də, məncə, elə budur. İdeoloji konyukturanın, plakatın, şüarçılığın, tərənnümçülüyün ikinci, üçüncü plana keçməsi, vizuallığın önə çıxması.
Rasim Qaracanın şeirləri ölçüsünə görə tvittervari, məzmununa görə instaqramvaridir. Sosial şəbəkə bənzətmələrini təsadüfi etmədim. Tvitter elə bil ki, 140 işarə məhdudiyyəti ilə minimalist şeirdir, haykudur, instaqram isə gerçəkliyin yalnız fotolar, fraqmentlər vasitəsilə təqdim edilməsi. Rasim Qaraca da elə bil ki, gerçəkliyi fotolar, anlar, çilik-çilik olmuş güzgü parçaları ilə dərk edir və onu fraqmentlər şəklində (həm məzmun, həm dil qatında) təqdim edir.
Külqabı
Bu səfər
içinə kül tökmədim
tum qabığı atmadım.
Bu səfər
qırılmış muncuq dənələrini toplayıb
qoydum külqabına
qaranlıqda işıl-işıl muncuqlar.
O, əksər şeirlərini, şeir silsilələrini konkret konsepsiyalar şəklində düşünür. “Əşyalar” silsiləsindən başqa məşhur “Birlər” də bu cürdür. Bu silsilədə artıq söhbət təkcə əşyalardan yox, həm də ən müxtəlif situasiyalardakı insanlar, onların anlıq reaksiyaları, eyni zamanda, dilə gətirmədikləri yığcam formada təqdim olunur.
Bu şeirlər haqqında bir-birinə daban-dabana zidd olan fikirlər eşitmişəm, amma ən çox eşitdiyim odur ki, bunlar hələ şeir deyil, ən yaxşı halda şeirin ideyası, eskizləridir. Mən bu fikri bölüşmürəm. Bu bizim vərdişlərimizlə bağlı məsələdir: bizdə şeir çox vaxt kürsüdən deyilmək üçün olub, yəni müəlliflər çox vaxt potensial bir dinləyici (oxucu yox!) auditoriyasını nəzərə alıb yazıblar. Şeir ancaq əzbərlənmək, əzbərdən deyilmək üçün başa düşülüb.
Çağımızın böyük şairlərindən olan Adonis bu mövzu ilə bağlı yazır: Şifahilik ilk növbədə eşitməklə bağlıdır. Səsin qulağa ehtiyacı var. Buna görə də şifahi ənənələrdə şeirdə nəyin deyilməsindən çox, necə söylənməsi vacib olur. Xüsusilə Cahiliyyə dövrünün şairləri auditoriyanın əvvəlcədən bildiyi adət-ənənələr, savaşlar və qəhrəmanlıqlar, zəfərlər və məğlubiyyətləri icmallaşdırırdılar.”
Elə bilirəm ki, bu sitat təkcə poeziyamızdakı klişeləşmiş meylləri yox, həm də məsələn, cəmiyyətdə meyxananın niyə bu qədər populyar olmağı ilə bağlı nələrisə bizə sezdirir.
Söhbət ondan getmir ki, şeir ancaq elə, yaxud belə olmalıdır, söhbət ondan gedir ki, şeir həm də belə ola bilər. Tutalım, Orhan Vəlinin bir şeirinə baxaq:
Maqqaşlı şeir
Nə atom bombası,
nə London konfransı
bir əlində maqqaş,
bir əlində ayna
Umurundamı dünya!
Bu şeir kürsüdən oxunsa yəqin effekt doğurmaz, amma elə məsələ də budur: kim deyir ki, şeiri yazmağın da, oxunmağın da yalnız bir yolu var.
Rasimin “Birlər”indən birinə baxın, görün nə qədər sadə və bir o qədər də təsirlidir, çoxyozumludur:
“İlahi, bir səbəb sal
mətbəxdə qab yuyan o qadının
dodaqları qaçsın.”
“Ölüm haqqında günəş” kitabında ənənəvi formalı şeirlərdə eyni qafiyələrdən istifadə edə-edə formanı da, məzmunu da, qafiyə lüğətini də tiftikləndirən, hörmətdən salan şairlər üçün qırmızı kart kimi təklif olunan konseptual bir silsilə də var: Anlamsız şeirlər.
Bu şeirlər üst qatıyla formanı təqlid edir, məzmunuyla isə konveyer üsulu ilə istehsal (yazılan yox!) şeirləri parodiya edir. Elə bil bu şeirlər dadaistlərin metodu ilə yazılıb. Dadaistlər ötən əsrdə, iki böyük müharibə arasındakı illərdə dünyadakı absurda, cəfəngliyə etiraz kimi, qəzetlərdən, kitablardan təsadüfi sözləri kəsib götürür, bir neçə yekə balonun içinə doldurur, onları qarışdırır, sonra isə təsadüfi şəkildə seçdikləri sözləri yan-yana düzüb şeir kimi təqdim edirdilər.
“Ölüm haqqında günəş” kitabında mənə görə müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı nümunlərindən biri olan “Əgər ən yaxın dostu müharibədə ölmüşsə…” adlı bir şeir var. Həmin şeirin təhlili isə ayrıca bir yazının mövzusudur. Bir tərəfdən mən, o biri tərəfdən isə həmin yazı mənə tərəf gəlməkdədir, görüşən kimi sizə də xəbər edərik. /sim-sim.az/