Ay ma, Nunu ölünün qəndini yeyir! – HƏYAT HEKAYƏTİ

Ay ma, Nunu ölünün qəndini yeyir! – <span style="color:red;">HƏYAT HEKAYƏTİ
2 avqust 2017
# 16:20

Kulis.az Aliyənin “Qənd” hekayəsini təqdim edir.

Evin mala çəkilmiş divarını daşla sürtə-sürtə anamın hüzr yerindən təsadüfən tez çıxmasını gözləyirdim. Onu içəridən çağırmaq bir keçilməz çay kimi yolumu kəsmişdi. Tini burulmağa iki dəfə cəhd etmişdim, amma içəridən güclənən ağlaşma səsi bu çayın vahiməsini daha da çoxaltmışdı. Teldən düzəltdiyi arabanı dalınca sürüyən kiçik qardaşım içəridən anamı çağırmağa razı olmurdu. Ağlaşma səsindən çox İrzaxanın mənlə oxuyan qızı ilə rastlaşmaqdan qorxurdum. Onunla üz-üzə gəlməmək üçün çayın dibində görünməz daş olmağa hazır idim. Elə bil dünənədək “Yeddi şüşə” oynadığım qız deyildi, ayrı, yad bir adam idi. Belə olur; ölüm bəzən sağların da arasında belə uçurum yaradır.

Hay da... Dünya bir malasını qazıdığım divardan, ağlaşma səsindən, dirəşib anamı çağırmağa getməyən qardaşımdan ibarət deyilmiş. Hüzrə gecikmiş arvadlar da varmış dünyada;

“Dur burda, çağırarıq içəridən indi...”

Anamı artırmanın qabağında, həm də indi içəridən çıxacağını bilə-bilə gözləyirdim. Hər evdə belə bir artırma olur. Ayaqqabıları qar yağmırsa, orada çıxarırlar, su qabını ora qoyurlar. Əl ağacı zad da orada olur. Yəqin İrzaxanın evinin artırmasında bu qədər ayaqqabı birdən olmayıb. Təzə evdi, toy da eləməyib, hardan olsun. O qədər ayaqqabının içində anamın ayaqqabısını axtardım. Amma yox idi. Yəqin özüylə aparıb içəri. Son vaxtlar hüzr yerində ayaqqabılar itirdi. Təzə qaloşu geyib yerində köhnəni qoyurdular. Arvadlar ayaqlarından çıxaran kimi ayaqqabılarını torbaya qoyub qoltuqlarında içəri aparırdı. Ayaqqabıları vərəvürd edəndə o iki parça qəndi gördüm.

Astanaya salınan köhnə palazın üstündə iki tikə qənd ağarırdı. Halbuki, qəndin qonaq gələndə süfrəyə çıxan vaxtları idi. Balaca qardaşım o saat qəndi götürüb ağzına apardı. Özümü yetirib tozlu qəndi ondan aldım, atmadım, niyəsə qaloşlardan birinin içinə qoydum. İstədim qapıdan çıxan kimi anama xəbərləyəm, amma onun solmuş üzünü, qızarmış burnunu görüb qəmləndim. Qardaşıma acığım keçmişdi bu dəfə sırf hüzr yerindəki yeməklərdən üşəndiyim üçün anamı xəbərlədim.

- Ay ma, Nunu ölünün qəndini götürürdü.

Anam dinmirdi. “Yəqin dayıma ağlayıb yenə”.

- Deyirəm, Nunu İrzaxanın qəndini yeyirdi...

- ...

İrzaxanın əsl adı yəqin ki, Rzaxan idi. Bizim camaat belə qısa, ya da hədsiz uzun adlara uyğun sait-samit əlavə edir, ya da ixtisar edirdi. Rəna İranə olurdu, Sürəyya niyəsə Suriyə olurdu, İsanın i-si var idi əvvəldən.

Rzaxan yay-qış başına aerodrom papaq qoyurdu. Bürünc-qara, dəyirmi sifəti, boynuna yaxın qıvrılan saçları, çox kiçik fındıq burnu qırışlarla dolu alnına, sərt üzünə baxmayaraq ona uşaq siması verirdi.

Rzaxan atamla yaşıd idi. Həm də dostluqları vardı. Qışqıra-qışqıra, içəndə isə daha bərk qışqıra-qışqıra danışardı. Mənə “Ana” deyirdi. İlk a-nı uzadaraq, məsələn, “A-na, aton evdədi?” Bu kənd kişilərinin kiçik qızlara müraciət forması idi.

Bizim üçün xana taxtaları düzəltmişdi, həm də əyri düzəltmişdi, anamın toxuduğu palaz əyri çıxmışdı, gah bu başına, gah o başına qaynar su töksək də palazın ölçüsünü düzəldə bilmədik.

Rzaxan cığal uşaqlar kimi günahı taxtanın üstünə qoydu. Qışqıra-qışqıra xananın oxlarının o tərəfini-bu tərəfini ölçdü, axırda atamla çörək yeyib, deyəsən araq da içib getdi.

Sonradan, qazın-işığın olmayan vaxtlarında biz o xana taxtalarını peçdə yandırdıq.

Bibim onu görəndə ah çəkib "Yazıq Samayə" deyirdi. Əvvəl elə bilirdim, bibim Səmayə kimdisə onun Rzaxandan çəkdiklərinə işarə edir. Sonra bildim ki, Səmayə çoxdan ölüb. Səmayə Rzaxanın anası, bibimin də qonşusu imiş.

Səmayə ölüm yatağına düşəndə Rzaxanın 3-4 yaşı varmış. Bibimə deyirmiş "İrzanı küçədə, bacada harda görsən, sən allah, ona şirni ver, olmasa qanfetin, lap iki yumru qənd ver. Heç qəndin olmasa, onda çağır iki kəlmə şirin söz de".

Rzaxan acıdil idi, amma həm də kövrək idi. İçəndə ağlayırdı.

Rzaxanın leksikonunda ən işlək sözlər “mən” və “bunlar” idi. Çox söyürdü, söyəndə ümumən söyürdü. Hətta kimdənsə konkret danışanda da ümumən “Svoloçlar” deyirdi;

Rzaxan dünyayla barışmamışdı.

Rzaxan anasının dünyayla arasına iki yumru qənd qoymaq istədiyi 3-4 yaşlı uşaq idi.

Bəlkə elə həmin gün yas yerində qardaşımın ilk fürsətdə qapdığı qənd də İrzaxanın anasının dediyi qənd idi; dünyayla İrzaxanın arasında qalıb eləcə tozlanmışdı...

# 1414 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
#
#
# # #