İspan şairin şeiri – Aqşin Yeniseyin tərcüməsində

İspan şairin şeiri – Aqşin Yeniseyin tərcüməsində
21 noyabr 2016
# 12:21

Kulis.az Aqşin Yeniseyin tərcüməsində ispan şair Anxel Qonzalesin (1925-2008) “Elə görünür ki...” adlı şeirini təqdim edir.

Dostunun ölümünə xatirə olaraq Joze Saramaqo onun bu şerini öz kitabına daxil etmişdir. Saramaqo yazır: “Bir il əvvəl, düz 12 yanvarda Madriddəki bir xəstəxanada öldü Anxel Qonzales. Lanzarottedə onun ölümünə səbəb olana bənzər bir xəstəlikdən müalicə olunduğum xəstəxanada bu qara xəbərlə bağlı bir neçə kəlmə dərc etmək istəyən müxbirə müsahibə verdim. Üzüntüm o qədər böyük idi ki, səsimin tonundan hiss olunacaq dərəcədə bir dostumu, eyni zamanda İspaniyanın ən böyük şairlərindən birini itirdiyimi söylədim ona. Dostumun xatirəsini yad etmək üçün onun portuqal dilinə çevirdiyim bir şerini verirəm”

Joze Saramaqo

Elə görünür ki...

Ədəbi mübahisələrdə məni realizmdə günahlandırırlar.

Amma qohumlar,

Bunun yanlış əksini söyləyirlər.

Onlar məndə reallıq duyğusundan

əsər-əlamət olmadığını deyirlər.

Onlar üçün şübhəsiz ki, bədbəxtin biriyəm mən!

Bu mətnşünaslar və naməlum qohumlar

Hamısını xəyal qırıqlığına uğratdım;

Görünüşə aldandılar.

Başqa nə gəlir ki, əlimdən?!

Bəzi hadisələrdən danışacağam sizə:

Bir-iki dindar xalanın ürəyi dözmür hərdən

Göz yaşı tökürlər məni görüncə.

Südlü aş bişirirlər mənə bir az utancaq olanlar

Uşaqlığımda olduğu kimi.

Qüssəylə gülümsəyib könlümü alırlar;

Maşallah, nə böyük oğlan olmusan,

Heyif, görmədi atan...

Və susub ah çəkirlər, nə deyəcəklərini bilmədən.

Anlamamış da deyiləm,

Təmənnasız jestlərində

Səmimi və çarəsiz bir mərhəmət gizləndiyindən.

Nəmli baxışlarında

Və mərhəmətlə parlayan taxma dovşan dişlərində

Onlar, sadəcə, özləri deyillər.

Gecələr

Yaşlı Klotilda xalam çevrilir məzarında

Qollu-budaqlı əllərini yelləyərək sifətimin önündə

Yenidən təkrar etməkçün xəbərdaredici bir tonda:

- Gözəlliklə qarın doymaz! Yaşamağı nə sandın sən?!

Mərhim anama gəlincə,

Zəif və kədərli səslə

üzülərək söyləyir, yəqin ki, budur sonun:

Dəlixanalar, qocalar evi, keçəllik və belsoyuqluğu1!

Söz tapmıram deməyə!

Sonra öz sükutlarına qayıdırlar bir də.

Eynən köhnə vaxtlarda,

Uşaqlığımda olduğu kimi.

Və elə görünür ki,

Sanki, heç vaxt olmayıb ölüm biz tərəflərdə.

1Cinsi infeksion xəstəlik

# 4414 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər