Seyfəddin Hüseynli: “Tanınmış ədiblər yazılarını oxutdura bilmirlər”

Seyfəddin Hüseynli: “Tanınmış ədiblər yazılarını oxutdura bilmirlər”
8 noyabr 2016
# 12:19

Kulis.Az Şərif Ağayarla ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin söhbətini təqdim edir.

Əvvəli burda

- Postmodern epoxada belə bir tendensiya var ki, hər kəs yaradıcı prosesə cəlb oluna, mətnlər qəsdən çox sadə, bəsit, hətta primitiv yazıla bilər. Yəni “sənət sənət üçün yox, hamı üçün” məsələsi... Postmodern, hardasa xaos, siz deyən o kakafoniyadır həm də. Bax, burda sual çıxır ortaya: Dəyərlərin belə dəyişdiyi yox e, kəlləsi üstə çevrildiyi dönəmdə üslub və sənətkarlıq xüsusiyyətləri necə gözlənilməlidir?

- Bu deyilənlər zahirən xaos, meyarsızlıq kimi görünə bilər. Amma əslində bəlli prinsipləri, nəzəri ölçüləri olan mənzərədir. Bir var peşəkarların yazıb-yaratdıqları, hakim olduqları ərazi, sənət arenası, yəni mikromühit... Bir də var, kitaba diqqət çəkmək, bazarı aktivləşdirmək naminə daha geniş əraziyə, kütləviliyə meyl edilməsi. Həmin o mikromühitdə proseslər normal gedəndə, oradakılar ayıq, zövqlü adamlar olub, hər mənada neylədiklərini biləndə kütləviliyin peşəkar mühitə zərəri çox az olur. Tarazlıq üstün zövqün əleyhinə pozulmur. Onda hər cür üslubi gedişlər, postmodern manevrlər sənət səviyyəsinə qalxa bilir. Xaotik görünən gedişlərdən, gəzişmələrdən öz meyarları olan yaradıcılıq istiqaməti törəyir. Təəssüf ki, bizdə hələlik belə deyil. Diletantlıq peşəkarlığı qat-qat üstələyir, kütləvilik hegemon mövqeyə keçib, öz məzhəbində “zövq” diktə eləyir. Bizim mühitdə bu ikisi arasında sərhəd elə həssas, elə şəffafdı ki, hər an ikincinin birincini rahatca üstələyib boğmaq təhlükəsi var. Sözsüz ki, istənilən sərhədlənmə şərtidi, mübahisəlidi. Heç bu sərhədlənmələrdən ötrü, öz payıma deyirəm, ürəyi gedən də yoxdu. Ancaq, misal üçün, oxuduğunu düzgün oxuyub-qavrayanlarla, nə gəldi oxuyub, düz-əməlli qavramayanların arasında niyə müəyyən bir sərhədlənmə olmasın?! Ya da, deyək ki, nəyi və necə yazmaq lazım olduğu barədə ağıllı-başlı təsəvvür yiyələri bir tərəfdədir, nə gəldi, necə gəldi yazanlar da başqa bir tərəfdə. Bunların arası niyə, hansı əsasla tamam açıq, şəffaf olsun ki?! Əlbəttə, bəlli get-gəllər, giriş-çıxışlar ola bilər. Ancaq, məncə, bu mənada birincilərin elə birincilərlə, ikincilər də özləri kimilərlə eyni mühitdə təmsil olunması daha uyğun haldır. Elə bil ki, burda da bir təbii seçmə prosesi getməlidir, yox?! Peşəkarlığı əsas götürürüksə, “hamı yazıçıdır, hamı da hamının oxucusudur” deyə bilmərik. Ədəbi istedad, yazıçı peşəkarlığı, oxucu səviyyəsi... Bunlar unversal insan haqları çərçivəsində nizamlanası məsələlər deyil ki. Heç hərənin öz keyfi istədiyi kimi meyar qoyacağı işlər də deyil. Sualındakı xüsusiyyətlər isə bu şərtlərin ödəndiyi mühit üçün keçərlidir. Yəni üslubi axtarışlar, eksperimentlər, sənətkarlıq məsələləri, müxtəlif priyomlar peşəkarlığın əhatə dairəsinə düşən anlayışlardır. Proses peşəkar səviyyədə gedəndə, bu meyarlar əsas götürüləndə kimlərsə avtomatik ələnəcək. Faciə onda olur ki, hazırlıqsız adamlar mühitində diletantlıq da bir səviyyə sayılır. Məsələn, istedad, peşəkarlıq baxımından ortadan da aşağı səviyyədə kimlərinsə nəsə yazması, neçə min adamın da onu oxuması uğur göstəricisinə çevrilir.

- Tutaq ki, A, B-dən çox peşəkardır. Ancaq B funksional olduğu üçün onu daha çox oxuyur, hesablaşır və qəbul edirlər. Hətta ciddi, səviyyəli sayılan adamlar belə... Və bu, tədricən normaya çevrilir. A isə öz balaca peşəkar mikromühitində, inzivasında unudulub gedir.

- Bu bir az fərqli şəraitdir. Yəni müəyyən bir peşəkarlıqdan, səviyyədən danışmaq mümkündür artıq. Arada az-çox fərq olsa da. Belə vəziyyətdə bazarın diktəsi də ortaya çıxır, piar, marketinq amili də özünü göstərir. Yəni yazılanın funksionallığı, işləkliyi, müəllifin, belə deyək, ədəbi fərasəti baxımından. Düzdür, bu şərtlər altında bəzən daha üstün, daha peşəkar olan da arxa planda, kölgədə qala bilər. Deyək ki, tanınma, yazdıqlarına olan maraq, kitabının satışı cəhətdən. Xüsusən bizim mühit kimi dəyərləri tam oturşmamış, ağı qarasından çətin seçilən, tez-tez qarışıqlıq düşən məkanda. Həm də oxucu nə qədər hazırlıqlı, yüksək zövqlü də olsa, onun da maraq dairəsi, oxuduğundan əyləncə ummağı var. Onda məsələ hərlənib-fırlanıb gəlir ədəbiyyatın əyləndirmə funksiyasının üstünə...

- Bəli. Ekonun məşhur fikrinə...

- O da deyib, oxşar məzmunda başqa fikirlər də var. Belə məlum olur ki, ədəbiyyatın müəyyən ölçüdə əyləndirməsi, bu platforma üzərində bazara yol tapması vacibdir. Ancaq bu da peşəkarlığı, keyfiyyəti kənara qoymağa, səviyyədən məhrumluğa əsas vermir, axı. Əksinə, daha artığını tələb edir. Bunun ani, ötəri əyləndirəni var, krossvord-tapmaca qədərincə maraqlı olanı var... Bir də daha üstün zövqə, zəkaya hesablanan əyləncəsi, uzunmüddətli, hətta həmişəlik maraqda saxlayanı var. Ümumi yanaşsaq, bəlkə elitarlıq və ya düşüklük kimi də təsnifat verə bilərik.

- Baxır kim əylənir...

- Bəli, baxır kim əylənir, özü də nəylə, necə əylənmək istəyir. Söhbət nəsrdən, romandan gedirsə, bu mənada, funksionallıq usta gedişlərlə zövqlü, hazırlıqlı oxucunu öz orbitində saxlamaqdır. Hələ yenilərini də o səviyyəyə çəkmək... Burda bazara müəyyən reveranslar ola bilər. Ancaq əsas budur ki, cəhdin yönü üzüyuxarıdır. Adətən, ciddi sənət dediyimiz səmtədir. Əgər xətt aşağıya doğrudursa, məsələ qəlizləşir... Tutaq ki, özünü az-çox təsdiqləmiş, hətta usta sayılan bir romançı qəfildən kütləvilik həvəsinə düşür. Səviyyə fərqi qoymadan oxucu toplamağa girişir. Bu niyyətlə də bayağı, yüngül priyomlara əl atır. Onda bunun adı deqradasiyadır, reqresdir.

- Siz razılaşırsınızmı ki, sənətkarlığa aludə olub funksionallığı tamam itirmək də olmaz...

- Mən razı oldum-olmadım, ya hansısa yazıçı qəbul elədi-eləmədi, bu, reallıqdır. Amma peşəkarlıq cəhətdən həddi gözləmək, balansı qorumaq şərtdir. Bunların birindən o birinin xətrinə güzəştə getmək naşılıq olar. Sitatçılıq, yükü üstündən atmaq kimi olmasın, “Saf və düşüncəli romançı”da Pamuk bunun düsturunu verib. Ancaq məsələ düsturla da həll olunmur, axı. Yoxsa nə vardı ki... Onda, bayaq dediyimiz kimi, hamı yazardı, bəlkə elə mən özüm də nəsə düzüb-qoşardım. Baxırsan, bizim artıq tanınan ədiblərimiz var ki, sanballı, ləngərli cümlələrlə, özlüyündə oturuşmuş üslubla yazırlar. Strukturu da öz yəqinində ölçüb-biçir, işin etik tərəfini də əldən buraxmırlar. Ancaq yazdıqlarının funksionallığına, işləkliyinə gələndə, görürsən, vəziyyət yaxşı deyil. Oxutmaq, maraqlandırmaq bacarığı çatmır deyək. Macəra da yazsa, detektivə də girişsə, nəticə dəyişmir. Oxucu tıncıxır, yorulur, qaçıb yayınır. Əksinə, işlək tərzdə, maraqlı olmaq, üzdə qalmaq xətrinə yazanlar da var. Onlar işin əyləncə tərəfinə, rahat oxunmasına daha çox fikir verirlər. Bəzən göz oxşayırlar, bəzən göz boyayırlar. Göz boyayanda da işin səviyyə, keyfiyyət, sənət tərəfi kəm gəlir. Yəni bacarıq, fəndgirlik, həvəs nə qədər desən... Amma cövhərdə, mayada, istedad sarıdan sıxıntı var. Hətta ən ciddi, ağrılı sayılan mövzulara girişmək də, intellekt nümayişi də kara gəlmir. Ona görə də birincilər bəri başdan kölgədə qalırsa, bu cür göz boyayanların da sonrası bir o qədər yaxşı olmur. Hətta şıdırğı yazıb hay-küylə, gurultuyla ortaya atılsalar da, nə yollasa 5-6 il rəy azdırsalar da, çox çəkmir.

- Müasir romançılıqda dil amilinin rolu nə qədərdir? Məsələn, mən düşünürəm ki, çox da dərinə getmək vacib deyil, dilin tələblərinə orta səviyyədə əməl etmək kifayətdir. Eləsi var, tərcümədə itib-gedəsi incəliklər üçün zəhmət çəkməyi artıq iş sayır. Dilin pintiliyini problem saymayıb onun ideyasını önə çəkən, strukturunu vacib hesab edənlər də var.

- Əgər bədii əsərin dilinin, ədəbiyyatda dil məsələsinin vacib olub-olmadığı barədə mübahisə açılırsa, deməli, vəziyyət acınacaqlıdır. Çünki bu, çox ciddi ədəbi müsibətdən xəbər verir. “Əsər əladır, amma dili naqisdir”... “Zəif romandır, ancaq dili əladır”, “Yaxşı yazır, di gəl, dili bilmir...” Belə gülməli, absurd deyimləri bizim mühitdə az qala hər gün eşitmək olar. Halbuki, söhbət peşəkar səviyyədən, gedirsə, bunun biri mütləq o birini də tələb edir. Birinin yoxluğu avtomatik o birini də istisna eləməlidir. O qədər qəti və aydın məsələdir, yəni. Çünki ən gözəl proyekt cızılsa da, möhtəşəm bir bina tikilsə də, tikinti materialı zaydırsa, uyğun seçilməyibsə, aqibət məlumdur.

- Bir etirazım da elə bu məqamla bağlıdır... İsti-isti onu da deyim... Orxan Pamukun dilini çox sərt şəkildə tənqid edənlər var.

- O mövzuda yazıların bir çoxuyla mən də tanışam. Burda bir mühüm cəhət var. Naqis, zəif bədii dil bir başqadır, əsərin dilindəki hansısa dil xətaları, ifadə yanlışlıqları tamam başqa. Həmin mövqedə durub o cür yazıları yazanlar, görünür, Orxan Pamukun romanlarında zərrəbinlə səhv axtarıblar. Tutaq ki, tarixi anlayışların ifadəsində, konkret hansısa idiomlarda-filan... Bu cür axtarsaq, istənilən müəllifdə nöqsan tapılar. Ona qalsa, Pamukun 300 səhifəlik romanındakı kimi xətalardan bəlkə həmin o dil tənqidçilərinin 3-4 səhifəlik məqaləsində də var. Söz düşmüşkən, kaş, Orxan Pamukun, onun redaktor və korrektor heyətinin həssaslığının, məsuliyyətinin bir-iki misqalı bizdə də olaydı.

- Bir vaxtlar Mayakovski haqında da deyirdilər ki, rus dilini sındırır.

- Elə Füzuli də türk dilinin sintaksisində, cümlə tiplərində o qədər yeniliklər, tryuklar eləyib ki, bəzən karıxıb qalırsan. O misraların doğma, yoxsa yad sintaktik vahidlər olduğunu anlamaq çətin gəlir. Ancaq məzmun orada elə rahat oturub ki, bunun dilə peşəkar müdaxilə, usta cərrah müdaxiləsi olduğu danılmazdır. Başqa bir problem də budur ki, biz bəzən necə yazmaq barədə həddindən artıq baş sındırırıq. Onda da məsələnin etik tərəfini unuduruq. “Nə yazırıq, niyə yazırıq” suallarına cavab axtarmağa vaxtımız, həvəsimiz qalmır.

- Etik tərəf vacibdirmi?

- Məncə, ən vacibi elə budur. Etik tərəf deyəndə, şablon mənada ədəb-tərbiyə söhbətini yox, əsərin geniş mənada məzmununu, mahiyyətini nəzərdə tuturam. İfadə olunan fikir, o fikrin əxlaqi mayası, düşüncənin, ideyanın tanrıya, yoxsa şeytana yönəlməsi və sairə... Bunlar yaradıcılığın etik tərəfidir. Bizdə adətən forma və məzmun qarşılaşdırılması gedir. Əslində onun daha əhatəli planı etik və estetik plandır.

- Belə bir tendensiya da var ki, indi, yazıçı yazdığının hansı “izm”ə aid olduğunu dəqiq bilməlidir. Yəni, ədəbiyyatşünaslıq baxımından yetərincə bilgili olmalıdır. Halbuki, on beş-iyirmi il əvvəl əsərin ədəbiyyatdakı yerini təyin eləməyi tənqidçilərin işi sayırdılar. Üstəlik, düşünmək olarmı ki, postmodern dövrün tələblərinə cavab verməyən, ən azı modernizmlə postmodernizm qovşağında yazılmayan əsərlər zamanın ruhunu ifadə edə bilməz? Ya da sualı bu cür qoyuram: bu gün romantizmin, simvolizmin, realizmin xüsusiyyətləri ilə qələmə alınan əsər zamanın ruhunu ifadə edə bilərmi?

- Zamanın ruhunu ifadə eləmək, məncə, o qədər də asan, elə bu deyilənlərlə yekunlaşası iş deyil. Qaldı “izm”lər məsələsinə, deyək ki, bir yazıçı hansısa möhtəşəm əsərində, yaxud ümumən yaradıcılığında bir “izm”ə yol açır. Nəzəriyyə tez bunun üstünə düşür, o “izm”in adını qoyur, sonra davamçılar gəlir. Bəziləri sələfini aşır, bəziləri ümumiyyətlə kölgədə qalır, bəziləri də orta hallı nələrsə yaradır. İndi bizim içərisində olduğumuz - postmodernizmi deyək, ultramodernmi deyək – dövrün ədəbi prosesin bir xüsusiyyəti var ki, rasionallıq burda ön plandadır. Burda yazıçıdan həm də alim-nəzəriyyəçi yanaşması tələb olunur. Əslində, zavallı yazıçı həm alim-mütəfəkkirdi, həm jonqlyor, həm şoumendi, həm detektivdi... Hərəsindən bir az, yəni. Yazıçılığın da mahiyyətində, təbiətində sinkretizm var... Ümumi götürəndə isə, “izm”lər əsasən fəlsəfənin, filosofların, belə deyək, icadı kimi ortaya çıxır. Adətən, hansısa “izm” əvvəl fəlsəfədə görünür, sonra ədəbiyyatda, bədii nümunələrlə öz təzahürünü tapır. Tutalım, ekzistensializm kimi. Bəzən də, tamam başqa cür olur. Misal üçün, magik realizm anlayış kimi Markesdən əvvəl də vardı, o cür ədəbiyyat nümunələri də yaranırdı. Ancaq axının adını qoymamışdılar, nəzəri əsaslandırma verilməmişdi. Markesdən sonra elə yayıldı ki, nəzəri cəhətdən əsaslandırıldı, adını aldı. Biri “magik realizm” dedi, biri “mistik gerçəklik”, biri “sehrli realizm” və sairə. Ümumi götürəndə isə, bütün bu təzahürlər həyatımızda, məişətimizdə də vardı, ədəbiyyatda da. Çünki bədii düşüncə həmişə mistikayla gerçəkliyin arasındadır. Dediyim odur ki, konturlar dəqiqləşəndə ad qoymaq zərurəti yaranır. Ancaq bu gün bizdə kimsə oturub öz məhdud düşüncəsiylə nəinki ədəbiyyata, heç gündəlik yaşayışına da hansısa “izm”i tətbiq edə bilmir. Ən çox da ona görə ki, “izm”lərə aludəçilik, naşı münasibət həmin o “izm”ləri də, ona uyanları da bir xeyli naqolay vəziyyətə salıb. Nisbətən yaşlı, deyək ki, 50-sinə doğru gedən nəsil də bu cəhətdən duruxmalar, tərəddüdlər keçirdi, amma onlarda az-çox sabitlənmə sezilir. Yaşı 30-larda, yaxud daha da aşağı olan nəsildə isə qəribə bir davranış tərzi görürük. Anlaşılmaz, həm də yersiz bir özünə güvənmə hissiylə meydanı tutmaq həvəsi. İstisnalar burda da var, təbii ki. Amma böyük əksəriyyət işin şou tərəfinə, estradalaşmaya üstünlük verir. Peşəkar səviyyədə tutarlı nəsə yazıb qoymadan populyarlıq hesabına özlərini də, başqalarını da aldadırlar. Ədəbi yaradıcılıq ictimai fəallıqla qarışdırılır, elə bil. Görünür, ədəbiyyatda uğur formulunu belə bilirlər: sürəkli mütaliə, üstəgəl, geniş ictimai əlaqələr, üstəgəl, mediada bol təbliğat - yazıçı titulu hazırdı! Hər yerdə olmağa, ya da hər yerdə görünməyə can atırlar. Hər şey yazmağa, yaxud hər cür yazmağa çalışırlar. Yığcam bir yazıda, yalan olmasın, 4-5 üslubun izləri açıq görünür, 2-3 intonasiya duyulur. Bunlar da, uzaqbaşı, ədəbi kimliksizliyə aparır adamı. Yəni bundan o tərəfə ciddi ədəbi yaradıcılıq qalmır, bu, öz yerində. Ədəbi şəxsiyyətdən isə heç danışmağa dəyməz. Normativ qoymaq kimi çıxmasın, amma ədəbiyyat heç nə ilə hər şeyin arasındadır. Yəni, “heç nə oxumuram və heç nə bilmək istəmirəm”lə, “hər şey oxuyuram və hər şeyi bilirəm”in arasında. “Qızıl orta”da. Həm bəhrələnmək var bunda, həm də təsirə, axına qapılmamaq. Yəni aldadıcı, yüngül meyllərə uymamaq. Dediklərim çox ümumi səslənə bilər, ancaq real təzahürləri hər gün görürük. Bunlara görə hərdən kimsə kimisə qınayır, gah aşkar, gah xəlvətdə asıb-kəsir. Əsas günahkar kimi də ədəbi tənqid götürülür. Qəribədir, az qala bütün müəlliflər ədəbi tənqidin olmadığını deyirlər. Amma “olmayan” qüvvədən də nəzarət, fəaliyyət umurlar. Ədəbi tənqidin mümkün qədər “dişsiz” qalmasını istəyirlər. Ancaq həm də ondan prosesə təsir gözləyirlər. Belə-belə, axırı gəlib o yerə çıxıb ki, gözümüzün qabağında ədəbi tənqid, ədəbi təhlilçilik söz məşşatəliyinə çevrilib. Sözlə qrim eləməyə, yəni. Gah nəyinsə qaş-gözünə, ora-burasına əl gəzdiririk ki, babat görünsün. Gah da üstünü cızıb, qara-qura, eybəcər halda göstəririk. Əslində öz həqiqi işimizin beş-on faizini görürük, ya görmürük. Yazanların da bir xeylisi var ki, özünə, öz yazdıqlarına məşşatəlik eləyir, başqasına ehtiyacı qalmır.

- Ədəbiyyatda millilik və bəşərilik məsələsində də fikirlər tez-tez toqquşur. Bayaq dediyim “izm”lər məsələsinə də dəxli var bunun.

- Məncə, burda əsas məsələ millilik, xəlqilik adıyla məhəlliliyi, lokallığı oxucuya sırımamaqdır. Yaxud mənəvi dəyərləri qorumaq şüarıyla özünə qapanıb, geridəqalmışılığı təbliğ etməmək. Bunun o biri üzü də var - qloballıq, bəşərilik adı altında hər cür cəfəngiyyata əl atmamaq. Aydın məsələdir ki, bu cür mövzularda uzun-uzadı müzakirələrə, mübahisələrə bəzən çox konkret şəkildə yekun vurulur. Yəni, istedadla, peşəkarlıqla yazılmış mətn ortaya qoyulur, yeni “izm” də ondan çıxır, milliliklə bəşərilik də onda qovuşur. Belə nümunələr bizdim ədəbiyyatda var. Keçmişində də, indisində də. Ayrılıqda sadalasaq, həqiqətən ürəyimiz açılar. Ancaq ümumi mənzərədə baxsaq, o siyahı cılız görünür, sıxıntı yaranır.

- Niyə?

- Çünki keyfiyyətsiz yazılar qat-qat çoxdur. Ümumi fon keyfiyyətsizlikdir, yəni. Keyfiyyət istisnalar halındadır. Bu ümumi güruhun içində o nadir istisnaları görmək çətin olur. Sözün düzü, mən son vaxtlar yazılıb ortaya çıxarılanlardan çox, nəzərdə tutulan, amma sonradan vaz keçilib yazılmayanlara sevinirəm.

- Bu necə olur?

- Tərəddüd sayəsində, imtina yoluyla... Konkret nümunəylə deyim. Bizim otuz yaş civarındakı müəlliflər içərisində xüsusilə seçilən iki imza var. İstedadlı, peşəkarlığı hədəf seçən, ədəbiyyat üçün zəhmətdən, fədakarlıqdan qaçmayan. Ədəbiyyatı həyat tərzi kimi yaşayan. Şeirdə də, esseistikada hələ çox gənc vaxtda parlaq uğurları var. Hərəsi öz platformasında artıq bizim ədəbi mühitə hansısa baxımdan yön də verə bilirlər. Məncə, bununla əksəriyyət razılaşar. Çünki bu iki nəfərin ədəbi mühitdəki müxtəlif nəsillərə təsirini danmaq çox çətindir. İkisinin də rəyilə, mövqeyilə hesablaşılır. Elə bir vaxt gəldi ki, hardasa, 3-4 il əvvəl onların hər ikisi roman yazmağa başladılar. Hərdən söz düşürdü, nədən yazdıqları, necə yazmaq istədiklərindən danışırdılar. Hətta biri çap ərəfəsinəcən gəlmişdi. Təbii ki, hamımız, yəni xəbəri olanlar, maraqla gözləyirdik, nə alınacaq, necə olacaq... Amma günlərin bir günü məlum oldu ki, işi dayandırıblar. Roman yazmaqdan, ən azı, uzun bir müddət üçün vaz keçiblər...

- Aydındır, Qismətlə Fəriddən söhbət gedir.

- Bəli, onlardan danışıram. Arada söhbət açıldı, belə çıxdı ki, çox ciddi tərəddüdə düşüblər. Yazdıqlarının keyfiyyəti özlərini də razı salmayıb. “O deyil” təəssüratı yaranıb. Əlbəttə, yazıb çap etdirsəydilər, son vaxtlar çıxan romanların çoxundan üstün olardı ki, zəif olmazdı. Amma onların bu tərəddüdü dedikcə xoş bir tərəddüd oldu. Əla bir imtina oldu bu.

- Yoxsa mənim kimi... Qrafoman olub getmişəm, dayana bilmirəm... Doğrudur, onların hər ikisinin parlaq zəkası var... :)

- Həm də onlar bu parlaq zəkanın məhsullarını, öz enerjilərini ədəbi prosesə normal ötürə bilirlər. Roman məsələsində də Qismətlə Fəridin təmkinli, ağırbaşlı davranışı onlara çox yaraşdı. Bu bir ədəbi yetkinlik təzahürüydü. Bilməyən qalmaz ki, Qismətin də, Fərid Hüseynin də poeziya və esseistikadakı uğurlarına bəlkə özləri qədər sevinmişəm həmişə. Ümumən yaradıcılığa yanaşmada götürdükəri xəttə görə çox sevinmişəm. Ancaq bu iki cavan dostumun romanla bağlı tərəddüdlərinə, imtinalarına da ən azı o qədər sevindim. Bu qədər uğur, dərin nəzəri hazırlıq, zəngin mütaliə, üstəgəl, yüksək ədəbi zövq, dediyimiz kimi, parlaq bədii zəka... İndi bunlar ola-ola, “qonşudan qalma dala” axınına uyasan, özünün də güvənmədiyin, tutalım, alababat bir roman yazıb üzə çıxarasan... Bu, əvvəla, bizdə, ədəbi mühitdə dərin bir məyusluq yaradardı. İkincisi də, sonra onların özləri üçün ciddi travmaya çevrilərdi. Dediyim odur ki, bax, elə bu yolla başqaları da hərdən pozitiv bir tərəddüd keçirsələr, yaxşı olmazmı?! Yəni kimsə romana, kimsə hekayə münasibətdə... Eyni qaydada biri esseyə, bir ayrısı da şeirə olan yersiz, vaxtsız iddiasını cilovlasa, bunun nəyi pisdir?! Belə olsa, özünütənzimləmə mexanizmi işə düşər, ədəbi prosesdə, ədəbiyyatda müəyyən bir durulma, təmizlənmə gedər.

# 2031 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #