Bəsdi papağımızı yerə soxdunuz! - Bircənin Romanı

Bəsdi papağımızı yerə soxdunuz! - <span style="color:red;">Bircənin Romanı
10 may 2019
# 09:02

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir

əvvəli burada

Əlim-ayağım buzlamış, başım buğlana-buğlana Laləgilə çatanda Hakimin gəlmədiyini görüb sevindim. Əl-üzümü isti suyla yudum, bacım gözlərimə bir az çay xəkəsi qoydu. Lalə bürüşük ətirşahları məndən alıb zibil vedrəsinə atanda içimi çəkdim, amma onun tükü də tərpənmədi.

Canıma isti keçəndən sonra bacım çay içdiyim masanın üstünə bir banka suyun içində qol-qanad açmış ətirşah topası qoydu. İkimiz də eyni vaxtda güllərə sarı əyildik, baxışlarımız toqquşanda utandım, geri çəkilib stula çökdüm. Lalə bankada cücərib boy atmış yaşıl ətirşahları burnuna tutub:

- Bunlar axırıncı gedişində onun həyətindən yolub gətirdiklərindi, - dedi, - suya qoymuşdum ki, kökləsin əkim, elə də qaldı. Bu gül qədər də ömrü olmadı yazığın.

Hakim gələndə halımızın hal olmadığını görüb soruşdu:

- Nolub sizə, hansı tərəfdən qara xəbəriniz var?

Hərdən bir-birimizlə bu sayaq zarafatlaşırdıq. Lalə mənə qıyğacı baxıb dedi:

- Ata tərəfdən hamı qırağını qatladı, gəlsə ana tərəfdən gələr.

Hakim yalandan ona qıcandı:

- Təpənə bir yumruq vuraram, nitqin batar. İraq burdakı dayımdan, qalan kim ölür ölsün.

Qardaşım Bakıda yaşayan kiçik dayımızı çox istəyirdi – onun yolumuzda əziyyəti az olmamışdı, cəfamızı çəkmişdi.

Hakim məni götürüb qapıdan çıxanda Laləyə sarı qayıdıb:

- Gəl bacınla görüş, - dedi, - həkimdən sonra onu bizə aparacam, bu qarda-boranda sizin dikdiri bir də çıxan deyiləm.

Lalənin üzünə baxıb üzümü turşutdum – yəni razılaşma, məni buraxma. O da Hakimi qucaqlayıb dedi:

- Mən də təkəm, kişi getdi rayona, uşaqlar Bircəni çox istəyirlər, qoy bizdə qalsın.

Hakim ikimizi də küncə qısnayıb bağırdı:

- Bəsdi papağımızı yerə soxdunuz! Nə vaxt gəlirsə bu qız yad oğlunun evindən qırağa çıxmır. Mənim də uşaqlarım bunun mürdəşir yumuş üzünə həsrətdilər. Bizə gedəcək, vəssalam! Özünüz də hazırlaşın, qar kəsən kimi kəndə gedəcəyik.

Bir-iki dəyişək götürüb yedəyimi verdim qardaşıma. Həkimliyimiz yüngül oldu. Ordan çıxanda Hakim yolunu bazardan saldı, aldığımızı alıb getdik evə.

***

Sevinclə uşaqlığımız, yeniyetməliyimiz bir yerdə keçmişdi. Bir-birimizin ilk məhəbbətinə, iztirablarına şahidlik eləmişdik, hər ikimizin dərdinə bir yerdə ağlamışdıq. Onun yersiz, mənasız xəbərçiliyindən sonra aramızda dərin uçurum yaranmışdı, daha əvvəlki kimi pıçıldaşıb-xosunlaşa bilmirdik.

Hakim həyətdə manqal qaladı, evə qayıdıb tikələri şişə çəkəndə dedim:

- Bəlkə bir az benzin çəkəsən maşından ocaq qalamağa?

Qardaşım halını pozmadı:

- Eşşək palçığa bir dəfə batar, - deyib ətlə dolu ləyəni, çəkili şişləri qoltuğuna vurub eşiyə çıxdı.

Çıxmağıyla da başını içəri salıb Sevincə gözünü ağartdı:

- Dolayı suallar verib bu qızdan söz çəkmə ha, gönünü soyaram!

Sevinc ərinin sözünə şaqqanaq çəkib güldü. Bu səfər Hakim üzünü mənə tutdu:

- Sən də bu, Kamil demiş, felmanların şirin dilinə aldanıb sirrini vermə.

Mən Hakimi bayıra itələyib qapını örtdüm. Sevinclə baxışıb gülüşdük. Süfrəyə qab-qacaq düzə-düzə gəlin Hakimin tapşırığını saya salmayıb yenə dilini dinc qoymadı:

- Eşitdim İmanın oğlu Zaur sənin dərdindən dəli olub? Deyilənə görə pis uşaq da deyil, nəyi gözləyirsən, niyə ailə qurmursan?

Fikrim çox dağınıq idi, yas evində yaşadıqlarımı hələ vaxt tapıb içimdəki ciblərə, düyünçələrə yığammamışdım, danışılanın çoxunu eşitmirdim. Üstəlik Sevincə indi nə cavab verəcəyimi də bilmirdim, ağzımdan söz qaçırmaqdan qorxurdum. Qızın üzünə yazıq-yazıq baxıb dedim:

- Dərddən ölən Məcnun idi. Adam elçisini göndərdi, biz də cavabını verdik, dedik sənin itiyin bizdə tapılmaz. Hələ ərə getmək fikrim yoxdu.

Sevinc yenə kirimədi, hüdüləyib tökdü:

- Bu yaxınlarda bir yuxu gördüm – mənim yuxularımın çoxu çin çıxır, elə bilirəm bu yuxum da çin olacaq.

Naçar-naçar onun üzünə baxıb susdum; deyə bilmədim ki, elə mən özüm qorxulu bir yuxudan ayılmışam. İndi tək bircə istəyim var: sakit bir küncdə başımı yastığa qoyub özümü dinşəmək.

Susduğumu görən gəlin başladı yuxusunu danışmağa:

- Gördüm bir yetim, subay hərbçi sənə elçi düşüb. Sənin də razılığın var, biz toya hazırlaşırıq. Sən elə sevinirdin, elə oxuyurdun ki... Hamıya konfet paylayırdın.

Sevinc görmədiyi yuxunu danışıb qurtaranda sümüklərim gizildədi; demək dövlət sirri kimi qoruduğumuz məsələdən xəbəri olan varmış. Kənddə-kəsəkdə baş verənləri Telli mamanın Sevincin dayısı qızı olan gəlinindən alıb çinədanına yığdığını bilirdim. Amma burda...

Özümü itirmədim, düşündüm gəlin söhbət əsnasında mütləq özünü ifşa eləyəcək, odu ki, mən də onun üzünə dirəşdim:

- Oxumuş adamsan, bilirsən ki, yuxu tərsinə yozular. Məni çalıb-oxuyan görmüsənsə deməli ağlayacam, razı olduğumu görmüsənsə deməli narazıyam. Gəl belə yozaq ki, bu yuxun çin olmayacaq.

Bu dəm Hakim başını içəri uzatdı:

- Narı sıxmışam, alın içinə soğan doğrayın, kababları gətirirəm.

Qapını arxasınca örtmək istəyəndə ayaq saxlayıb yenə mənə barmaq silkələdi:

- Bax deyirəm ha, bu gəlinlərə sirrini versən ətini şişə çəkib ocağa qoyacam, xüsusən də bu “eses” casusuna.

Bu səfər də Sevinc onu bayıra itələyib qapını çəkdi:

- Hamı yalan oldu, öz ərim məni bədnam elədi, tüncar elədi elin içində. Bir dəfə bir qələt qıldıq, adımız oldu satqın.

***

İki gündən sonra Lalənin uşaqlarını da götürüb Hakimlə kəndə getdik. Mənim halımdan təkcə Səməndər şübhələndi, içimi-çölümü diqqətlə gözdən keçirib dedi:

- Nolub sənə, axı deyirdilər müalicən yaxşı gedir. Elə bil belin əyilib, köçmüsən bu dünyadan.

Onu işarəylə qırağa çağırıb qulağına xısıldadım:

- Fuad öldü.

Səməndər içini necə çəkdisə anam duyuq düşdü:

- Nədi, yenə bu vayxəbər sənə nə dedi?

Qardaşım anamı sakitləşdirib süfrə başındakı yerinə qayıtdı. O gün axşama qədər Səməndərlə mən ancaq baxışımızla, mehriban toxunuşumuzla bir-birimizə başsağlığı verdik, dərdləşdik, özümüzü o ki var qınadıq...

***

Bayram havası çəkilib hamı evinə dağılışandan sonra mənim müsibətim başlandı. Ürək dolusu ağlayıb-sıtqaya da bilmirdim, anam başımın üstünü ley kimi alıb başlayırdı:

- Sənin ulamağın mənim balalarımın başını yeyəcək! Axı nəyin çatmır?

Atam Cavidi yanına çağırıb qucaqlayırdı, üz-gözündən öpüb deyirdi:

- Qadan alım, səs eləmə, bunun hər şeyi var, bir kişisi yoxdu, dərdi böyükdü, durub ikimizi də atar bayıra.

Kişi könlümü almaq üçün bütün günü sağıma-soluma keçib zarafatlaşır, mənə atmaca atırdı.

Bir gün kənddəki dayım yenə bizə gəlmişdi. Durub gedəndə atam mənə qayıdasan ki:

- Ay dayısının şalvarı cırıq, dur bir çay süz içək.

Arvadı dayımı çox təmiz, səliqəli, ərköyün saxlayırdı, indi necə olmuşdusa yazıq kişinin şalvarının balağı azcana sökülmüşdü. Anamın təhər-töhürünü görüb dedim:

- Əşi, sökükdən bir şey olmaz ey, sənin rəhmətlik Musa qardaşın öləndə qarşıma səvərib hər şeyini mənə göstərdi.

Anamın çiçəyi çırtladı, sevincək əllərini belinə qoyub atamın qarşısında meydan suladı:

- Hə, eşitdim, sən meyidin üstünü örtdükcə Səkinə mələfəni sıyırıb yerə atırmış, kişinin əndamını çöldə qoyurmuş. Yəqin doymayıbmış, gözünü doyurmaq istəyirmiş.

Atam mənə gözlərini süzdürüb dedi:

- Satıldın, hə? Heç səndən gözləməzdim.

Beləcə o gün anamla mən ikimiz də Səkinə bibinin günahına girdik, nəvəsi yerində oğlanlardan da yaşmanan ipək arvadı araya qoyub canımızın hirsini-hikkəsini onun başına yağdırdıq. Anamla ilk müttəfiqliyim yaxşı nəticə verdi, bir neçə gün doyunca ağlayıb içimə çökmüş kirdən-pasaqdan arındım...

***

Qış necə keçdi, yaz nə vaxt gəldi – bilmədim. Anam özü də mat qalmışdı mənə: əvvəllər işimi bitirən kimi başımı təpirdim evə, kitabdan-dəftərdən aralanmırdım; indi məni evə yığa bilmirdilər. Yumağa paltar, süpürməyə zibil tapmayanda yuduqlarımı söküb yenidən yuyurdum, əlimdə çalğu geniş həyətimizin enini-boyunu ölçürdüm, özümü açıq qapılara çırpırdım, su üstündə o qədər qalırdım əllərim qarıyırdı, yaş paltarım əynimdə quruyurdu.

Axşam olcaq yatağıma döşənib çölümdəki qaranlıqdan içimdəki qaranlığa çəkilirdim, gözlərimi yumub beynimi fikirdən-xəyaldan arındırmaq istəyirdim – hər fikir, hər xəyal könlümü bulandırıb usandırırdı. Məni danışdıranın üzünə hul baxırdım.

Hərdən Səməndərə qoşulub onlara gedirdim – onun yanında olanda bir az səbbim alınırdı. Həmişəki kimi ürəyimiz bir vururdu, qardaşım mənim əzablarımı səngitmək üçün deyirdi:

- Özünü çox da günahlandırma, adamı sən öldürməmisən. İntəhası sənin onu dar-damanda qoyub gəlməyin ölümünü tezləşdirib.

Mənim bu ütüdən, bu tüpüdən sıyrılıb çıxdığıma Səməndər də sevinirdi. Keçmişi-gələcəyi ortalığa töküb uzun-uzadı müzakirə açırdıq, günləri-ayları, saatları-dəqiqələri dən-dən araşdırırdıq, mənim harda azdığımı, harda yanıldığımı, harda büdrədiyimi arayıb-axtarırdıq, ömrümü, taleyimi aydınlığa çıxarmağa, baxtımın ot basmış cığırını tapmağa çalışırdıq. Tez-tez ona deyirdim:

- Başıma gələnlərdən dərs almalıyam, indən belə ərə getmək, yenidən ana olmaq söhbətinə biryolluq son qoymalıyam. Bir şeyə tam əminəm – kimlə ailə qursam, o adam mütləq öləcək.

Səməndər məni bu sayaq düşüncələrimin yanlış olduğuna inandırmaq istəyirdi. Ha doğrayıb tökürdüsə də başıma yeritdiklərimi beynimdən silə bilmirdi. Əlacı kəsiləndə qoltuğumu oxumadığım kitablarla doldurub məni ata evimizə qaytarırdı.

***

Yay gələnəcən ayaq üstəcə əridim. O günə qalmışdım ki, anam da mən sarıdan narahat olmağa başlamışdı. Adımı tutanları, mənə elçi düşənləri it kimi qapıb peşman yola salırdım – fələyin sərəncamını sırğa eləyib qulağımdan asmışdım. Cəhənnəm sakinləri – cinlər, şeytanlar əl uzadıb o sırğaları qoparmaq istəyəndə başımı tutub özümü gün vuran, işıq dəyən yerlərə atırdım. Əcinnələrin əlində əsir-yesir qaldığımı görən anam qarşımdan kürəyimin arxasına keçmişdi – məni şirin dindirirdi, tez-tez olandan-olmazdan pay düzəldib məni xəstə bacıların ziyarətinə göndərirdi. Arvad başımın pozulacağından, dəlilik səltənətinə biryolluq köçəcəyimdən yamanca qorxmağa başlamışdı. Məndən bir söz soruşub cavab almayanda, onun üzünə maddım-maddım, key-key baxanda deyirdi:

- Get qızlara dəy. Tələsik qayıtma, nə qədər istəyirsən otur.

Bacılar məni belə görüb öz hallarını unudurdular. Onları qucaqlayıb ağlayırdım, mən gələndən sonra analarının sevincək açdığı süfrəyə əl uzada bilmirdim. Burasını da deyim ki, qızlar sözləşib özlərini xroniki ölümə məhkum eləmişdilər – analarını zülümdən qurtarmaq üçün qardaşlarının daşıyıb gətirdiyi naz-nemətə əl uzatmırdılar, gündə ağızlarına bir-iki tikə aparıb eləcə dalmınırdılar, yazıq ana da qalırdı baş-gözünə döyə-döyə. Bacıların bu qəsdinə əvvəl inanmamışdım, sonra Validə özü mənə etiraf eləmişdi:

- Əlimiz-ayağımız tutulsa da iştahımız yerindədi, - demişdi. – Amma insafdımı anamız verdiyinin hamısını basıb yeyək, bəs o yazıq deyilmi!

Gündə neçə yol onların altına qab gətirən analarının qarşısında özlərini suçlu bilən, xəcalətdən ölüb qurtarmağa çalışan qızlar həyətlərinin bolluca bar-bəhərindən dillərinə bir turş alça da vurmurdular, yanlarına əlliqramlıq araq qədəhlərində su qoydurub günortayacan o suyu yalamaqla keçinirdilər, gün ərzində bəlkə heç yüz qram da su içmirdilər.

Beləcə, analarının gözü baxa-baxa bacılar xəstə canlarını öz çiyinlərində ölümə daşıyırdılar. Hər gedişimdə naçar ana onların əlçatarında süfrə bəzəyib mənə yalvarırıdı:

- Bircə, qadan alım, sən ye, qoy onlar da səndən utanıb yesinlər.

Mən də səkil tikələrdən qızlara uzadıb deyirdim:

- Allah haqqı yeməsəniz durub gedəcəm.

Onları yedizdirəndən sonra bir az yüngülləşirdim, yaralı canımı yedəyimə alıb evimizə qayıdırdım..

# 7469 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #