Yataq xəstəsini ayağa qaldıran sğırçınlar - Vasili Belovun hekayəsi

Yataq xəstəsini ayağa qaldıran sğırçınlar - <span style="color:red;">Vasili Belovun hekayəsi
27 iyun 2018
# 15:30

Kulis.az Elçin Hüseynbəylinin tərcüməsində görkəmli rus yazıçısı Vasili Belovun “Sığırçınlar” hekayəsini təqdim edir.

Şənbə günü anası döşəməni yudu, yerə cızıqlı və tərtəmiz ayaqaltı saldı. Sonra xırda qum dənəcikləri götürüb yaş əskinin üstünə səpdi və mis samovarı cidd-cəhdlə sürtdü, axırda Pavlunyanın yatdığı çarpayını uşaq qarışıq pəncərənin yanına sürüdü.

Anası:

- Sən uzan, Pavlunya, ağıllı balam, - dedi, Pavlunyanın böyür-başını yorğanla basdırdı və tezliklə kolxoza işləməyə getdi.

Pavlunya samovara baxmaq istəyirdi, bilmək istəyirdi ki, necə parıldayır, amma samovar şkafdaydı. O isə yerindən qalxa bilmirdi. Bütün qış Pavlunyanın ayaqları ağrımış və həmişə çarpayıda qalmışdı. “Yəqin ki, - Pavlunya düşünür, - yəqin ki, şkafın içi indi samovara görə işıqlıdı, amma onu necə bilmək olar? Qapını açsan daxmadakı işıq şkafa dolacaq, açmasan, hardan biləssən ki, şkafın içi işıqlıdı, yoxsa qaranlıq. Yəqin işıqlıdı, çünki anası samovarı sürtəndən sonra bərk parıldayırdı”. Pavlunya öz keçə çəkmələrinə də baxmaq istəyir. Amma bunu da arzulamağa dəyməz. Birinci ona görə ki, çarpayıdan düşə bilməyəcək, ikincisi isə atasının çəkmələr pencəyilə birgə əl damındadı, oranın qapısı da bağlıdı. Pavlunya atasının ona aldığı keçə çəkməni evə necə gətirdiyini xatırlayır. Amma Pavlunya o zaman da xəstəydi, məktəbə getmirdi, çəkmələr də qış uzunu havayıdan orda qaldı.

Bütün bunları düşünərkən Pavlunya az qala unutmuşdu ki, çarpayı pəncərənin qabağındadı. O, başını pəncərəyə tərəf döndərdi və mavi səmanı gördü. Onun fonunda isə buz salxımı parildayırdı. Buz salxımı karnizdən sallanır və süngüyə oxşayırdı. Pavlunya buz salxımının ucunda toplaşan, parpar işıldayan su damcılarını da gördü. Su damcıları toplaşır və ağırlıq ona üstün gələndə yerə düşürdü. Pavlunya sevindi. Bostandakı qar ağappaq idi, göydəki səma o qədər göy idi ki, dəftərin üstündəki rəsmə bənzəyirdi. Dəftəri təzəlikcə vermişdilər, amma üstünə nəinki onun soyadı, heç bir hərf də yazılmamışdı.

Bostandan o tərəfdə, dağın aşağısından çay axırdı. Onun üzü hələ də qardan görünmür, qar həm evin damında, həm də ləklərdə və kartof cərgəsindədi. Çəmənlikdə açıq yer də yoxdu. Pavlunya ötənilki ayıpəncəsi çiçəyi saplağının küləkdən necə titrədiyini gördü və başa düşdü ki, buz salxımlarından su damcılasa da, bayırda hava, hələ də soyuqdur.

“Qar çox yağıb, - Pavlunya düşündü, bu qədər qar tezliklə çətin əriyə. Təkcə elə bizim damda bir oniki pud olar, bəlkə də çox”. Bu yerdə Pavlunya ötən yaz atasının damlarındakı qarı necə təmizlədiyini xatırladı. Atası taxta kürəklə buz bağlamış qarı sal kimi kəsir, sallar əvvəlcə yerindən yavaş-yavaş tərpənir, sonra damdan sürüşərək yerə düşür: tappp! Damda bircə sal qalanda atası kürəyi yerə atır, sala oturur və sürüşüb yerə dəyir. Pavlunya görmüşdü ki, atası boğazına qədər qara girir. Onda hər ikisi gülməkdən qəşş edirdi və Pavlunya qəti qərara gəlmişdi ki, gələn qış qarı özü təmizləyəcək və sonuncu sala minib yerə düşəcək. Amma indi aydın idi ki, bu məsələ baş tutan deyil. Pavlunya istilər düşənə qədər sağalsa da, ya qar əriyib qurtaracaq, ya da anası onu küçəyə buraxmayacaq. Feldşer İvan Yakovleviç havayıdan demirdi ki, ayaqları daim istidə olmalıdı. Feldşer onu da deyirid ki, Pavlunyanı vilayət xəstəxanasına aparsınlar, ay apardılar ha. Atasıyla anasının həm vaxtı yoxdu, həm də o qədər pul hardadı? Pavlunya bu düşüncələr içərisində yuxuya getdi, açılan darvazanın da səsini eşitmədi. Atası evə girdi və qapının yanındakı çarpayının altına yumru nəsə qoydu.

-Gətdiyin nədi, ay ata?

-Sən uzan, uzan, yağ süzgəcidi, - atası dedi, sırıqlısını çıxardı və əl-üz yuyanda yuyunmağa başladı. – Bilirsən necədi, ələk kimi bir şeydi, yağ onun arasından süzülür və artıq şeyləri buraxmır.

-Yağda artıq şey niyə olmalıdı ki?

-Nə bilim, ay bala, olur belə şeylər.

-Eh, ata!

Pavlunya daha nəsə demək istədi, amma demədi və atasının cod barmaqlarını sığalladı. Onlardan traktor və qar iyi gəlirdi.

-Olur belə şeylər, Pavlunya, olur, - atası təkrarladı, - hər mayedə qar-qatışıq var.

Pavlunya ah çəkdi, atası isə onun saçlarını qarışdırdı, düz təpəsinin ortasından aşağını, saçlarının qıvrıldığı yeri.

Tezliklə anası da gəldi və birlikdə şam elədilər.

* * *

Neçə gün keçdiyini Pavlunya bilmədi. Bir dəfə çölə baxanda gördü ki, ləklərin bəzi yerində qar əriyib, qara torpaq görünür. Dağın aşağısındakı çayın da bəzi yerləri qaralır. Bir gündən sonra bostanda açıq yerlər çoxaldı, çaydakı qara yerlər də birləşdi, anası ikiqat pəncərələrin bir tayını çıxardı. Daxma genişləndi və təzətər havayla doldu. Atası işdən qayıtdı, həmişəki kimi yuyundu və şam edəndən sonra yekə onluq lampanı yandırdı.

-Necə bilirsən, Pavlunya indi başlıyaq, yoxsa sonruya saxlıyaq?

-Yaxşısı budu, indi!

-Yaxşı, amma sən yerindən qalxma, ordan bax, İvan Yakovliviç sənə durmağa icazə vermir.

-Bilirəm, bilirəm...

Atası daxmaya enli taxta, balta, əl mişarı, rəndə, çəkic və iskənə gətirdi. Əvvəlcə o taxtanın hər iki tərəfini, ağarana qədər rəndələdi, sonra karandaşla xətt çəkdi və kəsdi. Dörd taxta çıxdı, biri balaca və dördkünc, o birisi hamısından uzun, qalan ikisi eyni boyda. Elə həmin vaxt samovar qaynadı. Anası hökmlə dedi ki, taqqatuku yığışdırsınlar, özü isə şkafdan qab-qacaq çıxardı. Atası taxtaları kənara qoydu!

-Pavlunya indi yatmaq lazımdı, sabah davam edərik.

Pavlunya yatdı. Yorğanı qulaqlarına qədər çəkdi, çünki adamın qulağı çöldə qalanda yata bilmir.

Həmin gecə Pavlunya bərk və xoşbəxtcəsinə yuxuya getdi. Atasının gəlməsini və yuyunmasını həsrətlə gözlədi. Şam yeməyini gözləmədən atası işə girişdi. Pavlunya baxdı ki, atası taxtaların birinin ustündə karandaşla dairə cızdı və onu iskənəylə döyəclədi. Çəkic iki dəfə taqqıldadı və hər dəfə də taxtadan bir az qopdu. Nəhayət, taxtadakı yumru deşik hazır oldu, atası bıçaqla onun ətrafını yondu və quş yuvasını düzəltməyə başladı. Balaca dördkünc taxtanı yuvanın aşağısına, uzununu isə başına bərkitdi.

-Damı bir tərəfli olsun, özü də maili, elə?

-Elə.

Atası damı bərkitdi və deşiyin aşağısından xırdaca ayaq yeri qoydu ki, sağırçınlar orda otura bilsinlər.

-Yazıqdılar, ata, ayaq yeri balacadı, sığırçın ordan yıxıla bilər.

-Doğrudan? Bəlkə də balacadı, amma biz bir şey fikirləşərik.

Bu sözlərdən sonra atası çölə çıxdı və əlində yekə gilas budağı geri qayıtdı.

-Bunu yuvaya bərkidəkmi, Pavlunya?

Əlbəttə, Pavlunya razılaşdı:

-Çox sağ ol e, ata, yaxşı fikirləşmisən!

...Yuva yaxşıydı. Yaxşıdan da yaxşı. Ondan qətran və gilas ağacının ətri gəlirdi. Ətrafında yırtıq-deşik yoxuydu. Hətta işığa tutub baxdılar. Atası dərhal bostana getdi. Pavlunya gördü ki, atası ən uzun şüvülü seçib kəsdi və quş yuvasını ora mismarladı. Pavlunya yatan pəncərəylə üzbəüz, ləklərin o biri üzündə, köhnə kartof çalasında kötük vardı. Atası baltanın küpüylə kötüyü əhatələmiş buzu sındırdı, şüvülün bir ucunu ora taxdı. Quş yuvası o qədər hündürdəydi ki, Pavlunya başını buladı. O, həyacanla atasını müşaiyət edirdi, atası quş yuvasının ağzını cənub tərəfə döndərirdi. Sonra atası şüvülə sim bağlayıb çalanın yanına bərkitdi və arxayın olmaq üçün kötüyə daha üç mismar vurdu.

Quş yuvası mavi səmada yırğalanırdı. Səma nəhayətsiz və aydın, yəqin ki, həm də istiydi. Çünki damdan düşən damcılar şadlıqlarına şitlik edirdilər. Həmin vaxt Pavlunyanın başı hərləndi və o, başını balışa qoydu. Küçəyə, güman ki, əsl yaz gəlmişdi.

Bir neçə gün də keçdi, sığırçınlar görünmürdü. Çayın üzü tam açılmış, ləklər də başdan-başa çılpaqlanmış, qar qaralmışdı. Ayıpəncəsi bitən təpəcikdə də ala-çula yerlər yaranmış, ötən ildən qalma boz biçin yeri işığa çıxmışdı. Atası indi, demək olar ki, evə gəlmirdi. Artıq bir həftəydi ki, S-80 traktorunu təmir edir, anası isə ona səbətdə piroq göndərir. Pavlunya atasından ötrü darıxır və hərdən deyirdi: “Eh, ay ata, harda qaldın e!”

Pavlunya həmişəki kimi, çarpayıdan düşmürdü. Gecələr o yatır, gündüzlər əlifbanı öyrənir və pəncərədən çölə baxırdı. Oxumağa başqa kitab yoxuydu, heyf ki, qış hədər getdi. Yəqin ki, uşaqlar çayın qırağında su dəyirmanı düzəldirlər, doğruçu olmasa da, çayın suyu quruyana qədər yaxşı hərlənir və işləyir.

Ümumən, Pavlunya bikefdi. Dünən yatanda yuxusuna yay girmişdi. Guya qoqul-moqul yeyir və çaya siyənək balığı tutmağa qaçır. Siyənəklər balaca durnabalıqlarına bənzəyir. Onlar həmişə dayaz yerlərdə üzürlər, yəqin özlərini günə verirlər. Pavlunya uzun otlardan bir dəstə qopardı və siyənəkləri vurmağa başladı. Birdən ot dəstəsi adi söyüdə çevrildi, siyənəklər isə suda üzən ördəklərə. Ürdəklər qığıldaya-qığıldaya üzürdülər. Elə buna görə də Pavlunya yuxudan ayıldı. Ördək-zad yox idi, sadəcə səhər açılmışdı, anası isə yekə bıçaqla ağcaqayından qamqalaq düzəldirdi. Pavlunya daha yatmadı və anasının sobanı necə qalamasına tamaşa elədi.

İşıqlaşanda anası:

-Bir bax, kim gəlib, - dedi.

Pavlunya pəncərədən çölə baxdı və gözlərinə inanmadı. Ləklərdə və qarı ərimiş çəmənlikdə sığırçınıar atılıb-düşürdü. Pavlunya onları saymağa başladı, amma hesabı itirdi. Sığırçınlar sürməyi-qara rəngli, itidimdik və şən idilər. Onlar keçənilki otda nəsə axtarırdılar. Onlardan biri qəfil göyə uçdu və yuvaya qondu. Pavlunya nəzərlərini ondan çəkmədi. Sığırçının dimdiyində ot vardı.

-Anacan bax, yuvaya qondu, bir bax! - deyə o, anasını çağırdı. –O de, ordadı!

Pavlunya səhərdən axşama kimi sığırçınlara tamaşa elədi. Onlar isə bütün günü çəmənlikdə nəsə axtarır, gah uçur, gah da atılıb düşürdülər, bir cütlük isə gah yuvaya girib orda oturur, gah da çəmənliyə qayıdırdı.

Günorta anası evə gəldi, Pavlunyanın çarpayısı ilə üzbəüz çərçivələrdən birini də çıxardı. İndi çöl daha aydın görünür və Pavlunya sığırçınların səsini eşidirdi. Yuvada olan cütlük tez-tez çəmənliyə gəlirdi, amma Pavlunya onları daim izləyə bilmirdi, çünki başqa qaranquşlarla səhv düşürdülər. “Bəs qalanları harda yaşıyacaq, - deyə Pavlunya düşünürdü. –Yuva bircə dənədi axı?”

Düzdü, kənddə başqa quş yuvası da vardı, Qurixanın gilas ağacında, amma o köhnə və soyuğuydu, Pavlunya isə soyuqlamağın nə olduğunu yaxşı bilirdi.

* * *

İndi Pavlunya anası ilə birgə oyanır və bütün günü sığırçınlara baxırdı. Amma heç vaxt onlardan əvvəl oyana bilmirdi. Qəribə sığırçınlar idi, daim işdəydilər. Tezliklə onlar yuvaya quru ot əvəzinə, başqa şey daşıdılar, dimdiklərindəki, yəqin soxulcanlar idi. Qar, demək olar ki, tam ərimişdi, günəş yaxşı qızdırırdı, dağın aşağısındakı çay o qədər bollanmışdı ki, düz hamamların yanına gəlib çıxmışdı.

Pavlunya səhər olan kimi pəncərədən çölə baxırdı. İndi yalnız bir sığırçın uçurdu. Gah uçub çəmənliyə qonur, gah gilas ağacına, gah da yuvanın üstünə, həm də bütün gücüylə qanadını çırpır. Sonra sakitləşir dimdiyini qovzayır və elə fit çalır ki, gəl görəsən. Nəinki Pavlunya, hətta hər gün yuvanın yanından keçib su gətirməyə gedən Qurixa qarı da bu fitə görə dayanıb baxır.

Həmin gün Pavlunya küçəyə çıxmağı daha çox arzulayırdı. Qurixa qarı vedrə əlində ordan çoxdan keçib getmiş, hələ qayıtmışdı da. Günəş pəyənin dalindan çıxmışdı və düz pəncərəyə düşürdü. Kartof cərgələrinin arasındakı gölməçələrin dalğalanmasından Pavlunya anladı ki, bayırda gün çıxsa da, hava küləklidi. Külək yuvanı əsdirirdi. Sığırçınlar gündəlik işlərilə məşğul idilər. Pavlunya o biri böyrü üstə uzanmışdı və əlini sifətinə dayayıb öz sığırçınına baxırdı. Dişi sığırçın, yəqin yuvadaydı, erkək isə harasa uçub getmişdi. “O, hara uça bilər, bəlkə fermaya?”. Pavlunya elə bunu fikirləşmişdi ki, tükləri biz-biz oldu. Güclü külək yuvanı yellətdi, şüvül əyildi və yuvayla birgə yerə dəydi.

-Ana! –deyə Pavlunya qışqırdı və çarpayıda çırpındı. Pavlunya döşəməyə necə düşdüyünü bilmədi. Ayaqlarını zorla ata-ata, ayağına geyməyə nəsə axtardı. Tərs kimi heç nə tapmadı. Nəhayət, sobanın arxasından atasının köhnə keçə çəkmələrini tapdı, onları geydi, anasının çəpgənini əyninə keçirdi, papaq isə çoxdandı ki, saatın yanındakı mismardan asılmışdı.

Ayaqlarını sürüyə-sürüyə, əllərilə göz yaşlarını silə-silə dəhlizdən çıxdı və bostanın qapisini zorla açdı. Soyuq yaz havası canına doldu, başı yenidən gicəlləndi. Atasının çəkmələrilə suyu şappıldadaraq keçən Pavlunya, nəhayət pəyəni keçdi. Çəkmələr islanmışdı, ayaqları yer tutmurdu. Birdən Pavlunya yuvanı gördü. Yuva cərgələrin arasına üzü üstə yıxılmış, ona mismarlanmış gilas budağı sınmışdı. Qurixagilin pişikləri isə pəyənin arxa tərəfindən yerə sinə-sinə yuvaya yaxınlaşırdı.

-Rədd ol, sarsaq! – Pavlunya özündən asılı olmayaraq pişiyə acıqlandı, yerdən daş götürüb ona atdı. Daş pişiyə dəymədi və o, heç nə olmayıbmış kimi, uzun bığlarıyla havanı iyləyə-iyləyə qayıdıb getdi. Yaxınlıqda sığırçınlar yoxuydu və Pavlunya içini çəkə-çəkə, yuvaya tərəf şaytıdı. O hiss edirdi ki, bədbəxtçilik baş verib, hər şeyin sonu çatıb. Soyuqdan və kədərdən əsə-əsə uşaq xırda, arıq əllərini yuvanın deşiyindən içəri soxdu. Orada heç kim yox idi, amma çil-çil mavi yumurta qabığı əlinə yapışmışdı...

Pavlunya daha heç nə xatırlamadı. Buludlu səma harasa axdı, nəsə dəhşətli bir şey Pavlunyanı qamarladı və onun yadında mavi rəngli, sığırçın yumurtalarının qabıqları qaldı.

Pavlunya ayılanda atasının qucağındaydı. Uşaq atasının günəşdən yanmış boynunu gördü və daha bərkdən ağlamağa başladı.

-Yaxşı da, Pavlunya, ağıllı balam, - atası dedi, - quşlar təzədən yumurtlayar, ağlama. Biz də təzə yuva düzəldərik, bu dəfə lap möhkəm bərkidərik.

Atası Pavlunyanı ləklərin və kartof cərgələrinin arasından keçərək aparırdı. Pavlunya onu dinləyir, amma ağlamağını kəsə bilmirdi, onun çiyinləri atılıb-düşürdü.

-Bilirsən, əgər evdə olsuydum, şüvülü bərkidərdim, amma görürsən də, şumlamaq, əkmək lazımdı...Yaxşı, ağlama, ağlama, Pavlunya. Ay bala, özün bilirsən ki...O, bir də uçub gələcək, təzə yumurta qoyacaq...bizsə əkin qurtaranda, istilər düşəndə vilayət mərkəzindəki həkimin yanına gedərik...Kiri, ağıllı, bəsdi...

Pavlunya göz yaşları axan üzünü atasının tüklü sifətinə sıxmışdı.

-Atacan, - deyə o, göz yaşlarını uda-uda dedi, - o, yenə də yumurtluyacaq?

-Əlbəttə, özü də təzələrini. Bax indi səni yerinə qoyacam və təzə yuva düzəldəcəm. Sığırçınlar elədilər ki, mütləq təzə yumurta qoyacaqlar. Yayda isə mütləq həkimə gedərik, sənə təzə çəkmə də alarıq.

Pavlunyanı sobanın üstünə uzatdılar, qızdırması vardı. Atası yeni yuva düzəltdi, amma yuva tək-tənha qaldı, sığırçınlar qayıtmadılar. Onlar çox-çox uzaqlara, çayın o üzünə getmişdilər, yəqin ki, yalnız sabah uçub geri gələcəkdilər.

# 5230 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #