Bütün dinlərdən yüksək – Fəxri Uğurlu yazır...

Bütün dinlərdən yüksək – <span style="color:red;">Fəxri Uğurlu yazır...
23 noyabr 2017
# 13:01

Kulis.az yazıçı-esseist Fəxri Uğurlunun “Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si” məqaləsini təqdim edir.

Ön söz

“Sufizmin ensiklopediyası”. Bu ikicə söz indi həm də Rumi əsərlərinin uzun illər geniş təbliğ olunmasının səbəbi kimi səslənir. Kainatın və mikrokainatın - insanın içəri dünyasının neçə-neçə sirlərini misralarının arasına yığan Mövlana Cəlaləddinin fəlsəfi-psixoloji baxımdan olduqca dərin və tutumlu yaradıcılığı bəzən dövrünün bütün fəlsəfi təlimlərindən, hətta bütün dinlərdən yüksək tutulur. Sağlığında Mövlana özü də insanlara baxışında dini, irqi, sinfi ayrı-seçkilik kimi antiəxlaqi, antiinsani meyillərdən həmişə uzaq olub, müsəlmanlardan başqa bütpərəst, yəhudi, xristian sufiləri də öz cəmiyyətinə tərəddüdsüz qəbul edib. Rasional inamdan və Allahı dərkin rasional metodlarından imtina edərək Tanrını tanımağın intuitiv yolunu tutan, öz elmində insanı Əbədi Varlığa calayan hisslərə, dünyanın xeyir başlanğıcından törədiyinə və ədalət üstündə kökləndiyinə inanan, inandıran duyğulara söykənən, “mənimlə Allahın arasında heç kəs durmur” (Bayəzid Bəstami) deyə dövrün bütün təlimlərinin, hətta ismailizm kimi misilsiz fəlsəfi cərəyanın da kürəyini yerə vuran sufizmin ən güclü qollarından biri mövləvilik də, adından göründüyü kimi, Mövlananın adına bağlıdır.

Təkcə Yaxın Şərqin yox, bütün dünyanın ilk ciddi protestantları olan sufilərin geniş miqyaslı “hərəkata” başlaması müsəlman şərqində bir yandan despotizmin dayaqlarına, mütəkəllimlərin “elmi” bazasına ağır zərbə endirib ehkamçıların öldürmək, asıb-kəsmək azadlığını məhdudlaşdırırdısa, o biri yandan da elmi-fəlsəfi-poetik fikrin yeni və çox güclü inkişafına təkan verir, şərəfli və qanlı səhifələrlə dolu növbəti Şərq intibahını yaradırdı. Bir təriqət və dünyagörüşü kimi əsasən IX əsrdən formalaşmağa başlayan sufizm Rumiyə qədər artıq dünya, insan və Allah haqqında bütöv bir konsepsiya işləyib hazırlamış, kainatın modelini yaradıb burda insanın konkret vəzifələri, Tanrıya qovuşmağın yolları və mərhələləri haqqında aydın və ağılla dərk edilə bilməyəcək bir təsəvvür yaratmışdı. Bu müddət ərzində, təbii ki, Şərqin bir çox misilsiz sufi alimləri, şairləri (əl-Cüneyd, Mənsur əl-Həllac, şeyx Bəstami, İbn Ərəbi, Məhəmməd Qəzzali, Ənsari, Əttar, Sənayi) yaşayıb yerüstü ömürlərini başa vurmuşdular. Yəni XIII əsrdə bu meydana girmək, sufi xəzinəsinə nəsə artırmaq o qədər də asan deyildi. Bu illər ərzində sufilər dəhşətli təqiblərə də məruz qalmışdılar (Mənsur əl-Həllacın, Eynəlqüzat Miyanəcinin taleyini yadımıza salaq) və sufizmin hər təzahüründə özlərinin acizliyini, miskinliyini görən ortodoksal islamçılar, kəlam əhli zəifliyin ən son istinadgahı olan zora, fiziki cəza üsullarına əl atırdılar. Hələ islamın yayılmağa başlamasından vur-tut ikicə əsr keçməmiş sufilər cəsarətli addımlar atmaqla böyük nəticələrə gəlib çıxmışdılar. Şeyx əl-Cüneyd əsl sufi Allahdan mükafat ummamalıdır (dzen-buddist təlimini xatırladır) fikrinə gəlib çıxmışdı; insan meditasiyaya qapılmaqla Allah haqqında düşüncələrə dalır, bu zaman fərdi Mən unudulur, insan vahid və əbədi varlığa qovuşur, ilahi harmoniyanın tərkib hissəsinə, zərrəciyinə, damlasına çevrilir (2). Bayəzid Bəstami isə bir az da uzağa gedərək fəna nəzəriyyəsini yaratmışdı; o öz fərdiyyətindən imtina etməyi, fəna olmağı, Allahda əriyib itməyi fərdin son məqsədi kimi qarşıya qoyurdu (2). Sonralar fəna sufizmin ən işlək terminlərindən birinə çevrildi. Bu təlim cənnət və cəhənnəm haqda vədləri də qüvvədən salırdı, çünki son məqsəd və ən böyük xoşbəxtlik fəna olmaqdısa, cənnət və cəhənnəm öz əhəmiyyətini itirir. Sufilər birbaşa və ya dolayısı yolla məscidin, ibadətin əleyhinə çıxır, “əsl məscid insanın ürəyidir”, yaxud “Tanrını kənarda axtarmayın, o sizin ürəyinizdədir” deyirdilər (9). Və yuxarıda göstərdiyimiz kimi, “mənimlə Allahın arasında heç kəs durmur” deyən sufi hər cür şəxsiyyətə pərəstişə, müqəddəslərə, qəbirlərə, daşlara itaət etməyə qarşı çıxırdı; o, Tanrıya gedən yolda şəxsi intuisiyadan başqa hər hansı bələdçidən imtina edirdi. Belə cəsarətli fikirlərin ayaq açıb yeriməsində, görünür, müsəlmanlar arasında “Peyğəmbərin hədisləri” adıyla məşhur olan kəlamların (məsələn: “Bir saat elm öyrənmək altmış illik ibadətə bərabərdir”, “Möminin qəlbi Tanrının iki qüdrət barmağı arasındadır”, yaxud “Kim özünü tanısa, Tanrını da tanıyar” və s.) da “zəhməti” az olmayıb, şübhəsiz, hədislər bir istinadgah kimi çox dar ağaclarını “ac” qoyub.

Bir qədər sonra isə böyük ilahiyyatçı alim, bütün müsəlman Şərqində “dinin islahatçısı”, “islamın sübutedicisi”, “ikinci Məhəmməd peyğəmbər” adını qazanmış Məhəmməd Qəzzali (1058-1111) bir az da irəli gedərək mötədil sufizmlə ilahiyyat elmini sintez elədi, həqiqətin dərk olunmasında intuisiyanı, daxili təcrübəni yeganə vasitə olmasa da, ilkin şərt kimi qəbul etdi, bununla da ənənəvi sxolastikaya, kəlamçılığın rasional metodlarına sarsıdıcı zərbə endirdi. Qəzzali böyük səyi nəticəsində müsəlman icmasında sufilərə münasibətin dəyişməsinə səbəb oldu. XIII əsrin əvvəllərində isə Ruminin müasiri, Əndəluslu sufi İbn əl-Ərəbi (1165-1240) vəhdəti-vücudun fəlsəfi əsaslarını bir daha işləyib yekunlaşdırdı ki, bu da təsəvvüf elminə münasibətdə o çağa qədərki bir çox mübahisələrə son qoydu; başqa sözlə, İbn əl-Ərəbinin mistik monizmi sufizmi ifrat sufizmdən - panteizmdən ayırdı. Bilindiyi kimi, panteizm Allahı təbiətdən təcrid eləmir, maddi dünyanın, üzvi və qeyri-üzvi aləmin bütün təzahürlərində Allahı görür, canlı aləmin bütün səslərini Tanrının səsi kimi qəbul edir. Bu zaman faktik olaraq allahla təbiət, yaradanla yaradılan arasında fərq itir, maddi aləmdən, təbiətdən, o cümlədən insandan kənarda Allah təsəvvür edilmir (6). Başqa sözlə, panteizm materializmin astar üzüdür, panteizmdən materializmə keçmək üçün bircə addım atmaq kifayətdir; yəni Allahın hər yerdə, hər şeydə olmasıyla heç yerdə, heç bir varlıqda olmamasının elə bir prinsipial fərqi yoxdur. İbn əl-Ərəbi özünün mistik konsepsiyasını, kosmik modelini və transsendental fəlsəfi sistemini ortaya çıxarmaqla yüz illərin dartışmasına son qoydu, sufizmlə ifrat sufizmin arasına Çin səddi çəkdi. Sonralar bütün dünyada “vəhdəti-vücud” adıyla tanınan bu ilahi konsepsiya Allahı iki aspektdə tanımağı öyrədirdi: birincisi, gizli, hissolunmaz, dərkolunmaz, vahid və bölünməz formada (batin); ikincisi isə görünən, duyulan, müxtəlif şəkillərdə təzahür olunan formada (zahir). Təbiəti illüziya, Allahı isə maddilikdən kənarda, dərkolunmaz (Kantın apriorizmini, “özündə şey”i yadımıza salaq) hesab edən bu konsepsiya, bu “intellektual” sufizm tezliklə bütün islam aləmində özünə tərəfdarlar tapdı. Güman olunur ki, Cəlaləddin Rumi gəncliyində Dəməşqdə olduğu vaxtlar İbn Ərəbinin mühazirələrini dinləyibmiş. Bu ehtimal doğru olmasa belə Mövlananın böyük çağdaşının fikirləriylə tanışlığı şübhə doğurmur. Rumi özündən əvvəlki bütün adlı-sanlı sufilərin, başlıca olaraq sufi şairlərin - Sənayinin, Əttarın, Ənsarinin və b. əsərlərinin bilicisi olub (“Biz Sənayi və Əttarın ardınca gəlmişik...”), Həllacın, Qəzzalinin kitablarını dönə-dönə oxuyub. Bunu təkcə bioqrafik qaynaqlar yox, həm də Rumi yaradıcılığı ilə adları çəkilən sufilərin dünyagörüşü arasındakı paralellər təsdiqləyir.

Ancaq Mövlana Cəlaləddinin bilik dairəsini sufi ədəbiyyatı ilə, islamdan sonrakı mədəniyyət tarixiylə məhdudlaşdırmaq, əlbəttə, düz olmazdı. Şübhəsiz, böyük şair Platondan Plotinə kimi müsəlman dünyasına ayaq açmış bütün yunan filosoflarının (yunan dilini bildiyini də nəzərə alsaq, heç bir şübhə yeri qalmır), xristian klassiklərinin əsərlərini, hind fəlsəfəsini (özəlliklə buddizmi), dolayısıyla qədim Çin müdriklərinin ideyalarını bilirdi. Təsadüfi deyil ki, Ruminin yaradıcılığını bu və başqa qaynaqlara bağlayan tədqiqatçılar da çoxdur. Ümumiyyətlə, sufizmin niyə məhz islam zəminində meydana gəlməsi on illər boyu mübahisə və araşdırmaların obyektinə çevrilib. Bir qrup alim belə hesab edir ki, sufizm məhz islam zəminində ortaya çıxa bilərdi, başqa bir qrup isə bu iddiada bulunur ki, sufizmin islam aləmində meydana gəlməsi tam bir təsadüfdür və təsəvvüfün islamla heç bir əlaqəsi yoxdur. Bu iddiada bulunan tədqiqatçılar sufizmin köklərini xristianlığa, buddizmə, manixeyizmə, zərdüştiliyə, neoplatonizmə, hətta daosizmə belə bağlayırlar (10). Bizcə, hər iki qrupun mülahizələrində həqiqət olsa da, hər iki düşüncə sisteminin yanlışlığı, tendensiyalılığı göz qabağındadır. Əslində, sufizmin bu qaynaqların hamısıyla birbaşa və ya dolayısıyla əlaqəsi var və ümumiyyətlə, hər hansı böyük fikir, yeni söz dünyaya təsirsiz qalmır - dünyanın ondan xəbəri olsa da, olmasa da. Bu baxımdan Mövlana Ruminin də özündən əvvəlki bütün böyük təlimlərdən, dinlərdən, fəlsəfələrdən xəbəri olub və bunu da deyə bilərik, özü də cəsarətlə deyə bilərik ki, sufizm, o cümlədən Rumi yaradıcılığı özündən əvvəlki bütün dinlərin, təlimlərin, bütün fəlsəfələrin fövqündə dayanır.

Ruminin həyatı

Mövlana Cəlaləddin Rumi 30 sentyabr 1207-ci ildə indiki Əfqanıstan sərhədləri içərisində olan Bəlx şəhərində doğulub. Atası Bəhaəddin Vələd dövrünün məşhur alimi, gözəl natiqlərdən biri, Quranın və hədislərin bilicisi imiş. Təsəvvüfə güclü meyli olduğundan sufi mütəfəkkirlərlə yaxınlıq edərmiş. El arasında böyük nüfuzu varmış. Atasının sonralar “Maarif” adlı kitabda (sonralar Cəlaləddin Ruminin oğlu Sultan Vələd də bu adda bir kitab bağlayacaq) topladığı moizələri Cəlaləddinin dünyagörüşünün formalaşmasına hələ uşaqlıqdan güclü təsir edib. O qədər də dəqiq olmayan mülahizələrə görə, Xarəzmşah sarayında keçirilən bir çox dini mübahisələrin qalibi, qəddar mütəkəllim Fəxrəddin Razi ilə Bəhaəddin Vələd arasında düşmənçilik həddinə çatan çox gərgin qarşıdurma yaranıb və saray əhli bu qarşıdurmada Razini müdafiə eləyib. Bəlxdən uzaqlaşmaq fikri Vələdi rahat buraxmasa da, bu, yalnız Razinin ölümündən sonra mümkün olub. 1214-16-cı illər arasında Bəhaəddin Vələd ailəsi və 40 nəfər müridiylə birgə Səlcuqilər dövlətinin tabeliyində olan Malatya şəhərinə köçüb.

1219-cu ildə ailə Malatyadan Sivasa, daha sonra Sivasdan Akşehirə, 1222-ci ildə isə Qaramana köçür. Qaramanda qaldıqları yeddi il ərzində Cəlaləddinin anası Möminə xatun vəfat edir. Elə bu şəhərdəcə Cəlaləddin 1225-ci ildə Şərəfəddin Səmərqəndinin qızı Gövhər xatunla evlənir, bir il sonra oğlu Sultan Vələd dünyaya gəlir. Daha sonra Səlcuq sultanı I Əlaəddin Keyqubad Bəhaəddin Vələdə Konyadakı məşhur mədrəsələrdən birinin rəhbəri olmağı təklif edir. Bəhaəddin çox götür-qoy etmədən 1228-ci ildə ailəsiylə birgə Konyaya köçür və 1231-ci il fevralın 23-də burada vəfat edir. Bu vaxt Konya artıq yüz ildən çox idi ki, Səlcuq sultanlığının paytaxtıydı (deyilənə görə, Platon bu şəhərdə dəfn olunub).

Davamı burda

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #