Danabaş kəndinin məktəbi – “Ən yaxşı hekayə”

Danabaş kəndinin məktəbi – <span style="color:red;">“Ən yaxşı hekayə”
15 iyul 2016
# 20:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” hekayəsini təqdim edirik.

Bu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir.

Eh, gündür gəlir keçir! Hanı o günlər, hanı rus Karsı alan il? Amma deyəsən ki, dünən idi. Hərçənd o vədə mən uşaq idim, amma təfsilat lap yaxşı yadımdadı. Hətta burası da yadımdadı ki, xərmənlər təzə döyülürdü; yəni işin lap qızğın vaxtı idi. Özgə kəndləri bilmirəm, ilin bu fəsli bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə, bayırda olar. Kənddə qalar məhz övrətlər və itlər; çünki bunlar çöl işində əsla lazım deyillər. Haman günü ki, bu qəziyyə başlanır, mən özüm də xərməndə idim. Xəbər gəldi ki, nəçərnik, qazı, silistçi, hakim, miravoy sud və uşkol gəliblər kəndə.

Bu xəbəri gətirən də bizim xərmən qonşumuz Kərbəlayı Mirzəli idi. Əgər bu xəbəri tək bircə Kərbəlayı Mirzəli gətirmiş olsaydı, ola bilərdi birdən-birə inanmayaq; çünki ağla sığmaz ki, bu qədər adam birdən gəlsin kəndə. Niyə? Nə səbəbə? Kəndi çapıb talamayacaqlar ki? Və bir də nə belə vacib iş ittifaq düşübdü ki, bu qədər adam elə hamısı birdən gəliblər kəndə?

Həqiqət söz ərz eləyirəm ki, Kərbəlayı Mirzəlinin sözünü əvvəl dəfə biz heç başa düşmədik; amma sonra hər gələn təsdiq elədi. Hələ nəinki təsdiq elədi, bəlkə bir neçəsini də üstə qoydu; məsələn: Kərbəlayı Mirzəlidən sonra Qasım əmi gəldi. Rəhmətlik dadaşım (Allah əzizlərinizə rəhmət eləsin) əhvalpürsan olandan sonra Qasım əmi Allaha and içib başladı kəndə gələnləri saymağı: nəçərnik, köməkçi, qazı, qazaq, silistçi və miravoy sud.

Qasım əmidən sonra Məşədi Yarməmməd gəldi. Bu kişi gələnlərin adlarını dəxi də özgə cür söylədi. Məşədi Yarməmməd Allaha da and içdi, bəlkə peyğəmbərə də and içdi ki, kəndə gələnlər nəçərnikdi, qoburnatdı, şeyxül-islamdı, səğlədardı, liğərdi (Rusca “katib” mənasında olan “секретарь” və “həkim” mənasında olan “лекарь” sözlərinin xalq dilində işlədilən şəklidir - red), üç ayaqdı, üç qoldu... Qərəz, çoxu yadımdan çıxıb, mən deyirəm ki, nə qədər yer üzündə böyük var idi, hamısını saydı.

Bu səda bizi lap mütəhəyyir elədi (heyrətləndirdi – red). Hələ bundan əlavə bizi işimizdən avara elədi. Mallar gəm (vəl – red) sürürdülər. Bu xəbəri eşidəndən sonra malları boşladıq, məşğul olduq xəbər getirənlərin söhbətinə. Mallar da daraşdı küləşi yeməyə. Bir az vaxtda bizim yanımıza altı-yeddi adam cəm oldu; çünki xəbər gətirənlər çömbəldilər çardağın kölgəsində, biz dəbunların başına yığışıb qulaq asırdıq. Bir qədər də kəndlilər kəndə gələnləri barmaqları ilə sayıb, söhbəti çöndərdilər özgə səmtə ki, aya, görək bəs bu böyüklər nə səbəbə gəliblər kəndə. Bu məsələ asan məsələ deyil. Kim deyə bilər nədən ötrü nəçərnik, qazı, uşkol, qazaq, atlı və qeyriləri gəliblər kəndə? Bizim kənddə nə qədər adam var, heç biri bütün ömründə bu cür əhvalat nə görübdü və nə də əşidibdir.

Doğrudu, kəndə nəçərnik də gəlib, silistçi də gəlib , liğər də gəlib, qazı da gəlib, bəlkə qoburnat da gəlibdi; amma nəinki hamısı birdən. Odur ki, Kərbəlayı Mirzəli, Qasım əmi, Məşədi Yarməmməd, rəhmətlik dadaşım (Allah əzizlərinizə rəhmət ələsin) nə qədər fikirləşdilər, bir yana çıxarda bilmədilər. O ki Məşədi Yarməmməddi, o bələ güman eləyirdi: bu adamların kəndə gəlməkdən qəsdləri saldat tutmaq idi; amma bu rəyə qəyriləri şərik olmadılar. O səbəbə ki, əgər böyüklər saldat tutmaqdan ötrü bu gün gəliblər kəndə, bəs daha qazı niyə gəlibdi? Bəli, tutaq ki, qazını nəçərnik gətirib kəndlilərimizə nəsihət eləsin ki, bəlkə bu əmr yumşaqlıq ilə yeriyə, iğtişaş olmaya.

Bu belə. Bəs uşkol niyə gəlib, mirovoy sud niyə gəlib? Rəhmətlik dadaşımın mülahizəsinə görə böyüklər kəndə ondan ötrü gəlmiş imişlər ki, görsünlər vilayətdə dinclikdirmi? Xalq bir-biri ilə necə yola gedir?

Qərəz, kəndlilər bu cür söhbətdə idi ki, bir atlı çaparaq kəndin içindən çıxıb kövşənə səmt getməkdə idi. Biz hamımız bir az xof elədik; özgələri bilmirəm, mən çox qorxdum. Amma Allah rast saldı ki, atlı keçdi, biz bir qədər dikləndik atlını gözdən itirməyək, görək hara gedir. Atlının belə çaparaq getməyindən biz yəqin elədik bu iş boş iş deyil, burda, əlbəttə, bir əməl var. Baxdıq, baxdıq ta o qədər ki, atlı zəmiləri keçib və arxları sıçrayıb düz getdi, çıxdı Hacı Namazalının xərməninə. Elə yetişməyə bənd idi, haman dəqiqədə qayıtdı geri; amma tək qayıtmadı, bir adam da yanınca gətirirdi. Hərçənd fasilə uzaq idi, amma yerdə gələnin boyundan və börkünün ucalığından biz seçdik ki, atlının yanınca gələn elə Hacı Namazalı özüdür. “Bəli, kişinin evi yıxıldı, Allah baisin evini yıxsın!” – Biz hamımız ah çəkib, belə başa düşdük.

Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm, elə biri haman günü idi ki, atlı Hacı Namazalını xərməndən gəlib apardı nəçərnikin yanına. Bəli, o günü mənim qorxum intiha (son, axır – red) mərtəbədə idi. Hətta bu da yadımdadı ki, tayamızın dal tərəfindən itimiz yuvaya nisbət bir deşik qayırmışdı. Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. Hacı Namazalını atlı gətirəndə mən o dərəcədə qorxdum ki, qaçıb özümü soxdum haman itin yuvasına.

Elə mən daxmaya girməkdə, xərmənimizdə kişilər də tayanın dalına keçməkdə. Mən əvvəl elə başa düşdüm bunlar məni axtarırlar. Amma bunların hamısı məni gördülər, heç soruşmadılar da ki, mən bu daxmaya nə səbəbə girmişəm. O vədə bu işləri başa düşmürdüm, ağlım kəsmirdi, amma indi yəqin edirəm ki, elə onlar da qorxurdular. Bu yaxşı yadımdadı ki, Kərbəlayı Mirzəli tez-tez oğru pişik kimi küləşin yanından başını uzadıb, yola tərəf baxırdı ki, görsün atlı və Hacı Namazalı girdilər kəndə, ya yox.

İndi mən bir şeyə təəccüb qalıram. Mən ona təəccüb qalıram ki, əgər mən qorxurdum, mən uşaq idim, mənə məzəmmət yapışmazdı. Mən bunu nə o vədə başa düşdüm, nə də indi başa düşürəm ki, hələ bu yekəlikdə kişilər nə səbəbə qorxurdular.

Mənim yaxşı yadımdadır ki, Kərbəlayı Mirzəli də qorxurdu. Qasım əmi də qorxurdu, rəhmətlik dadaşım da qorxurdu, bir-iki cahıl- cuhul var idi, onlar da qorxurdular. Nə qədər ki, atlı və Hacı Namazalı hələ kəndin içinə girməmişdilər, Kərbəlayı Mirzəli necə ki, ərz elədim, əllərini qıçlarına söykəyib və belini ikiqat eləyib, diqqətlə və ehtiyatla yola baxmaqda idi; ta o qədər ki, atlı və Hacı Namazalı girdilər kəndə və Kərbəlayı Mirzəli düzəlib bir-iki qədəm qabağa yeriyib söylədi: “Allah axırın xeyir eləsin”.

Yanımızdakı kəndlilər indiki halətdə qaldılar lap mat və məəttəl və mətləbi hər yana çöndərdilər, heç bir nəticə bağışlamadı. Güftgu (söhbət – red) çox uzandı və hamıdan çox danışan rəhmətlik dadaşım ilə Kərbəlayı Mirzəli idi; hamıdan da az danışan Qasım əmi və qeyri cahıl-cuhul idi. Hamıdan çox qorxan mən idim. Hamıdan artıq təəccüb qalan mən idim və Mirzəli idi; yazıq kişi əllərini oyza bururdu, buyza bururdu.

Söz yox, şək düyünü öz-özünə açılardı əgər ki, xərmənimizdəki kəndlilərin biri kənd içinə gedib və əhvalatı öyrənib, bir doğru xəbər gətirəydi. Dəxi o qədər yadıma gəlmir nə səbəbə heç kəs kəndə getmək istəmirdi. Məhz bu yadımda qalıbdı ki, rəhmətlik dadaşım Qasım əmiyə dedi ki, bəlkə o gedib xəbər gətirə; amma bu barədə Qasım əminin cavabı bu oldu ki, bir qədər başını bulayıb, çəkilib çömbəldi tayanın kölgəsində.

Mənim zehnimə görə bu adamların hamısından cürətli gənə rəhmətlik dadaşım idi. Mən and içə bilərəm ki, əgər dadaşımın işi olmasaydı, heç Qasım əmiyə üz tutmazdı ki, gedib görsün nə var, nə yox. Amma dadaşım əgər kəndə özü getsəydi xərmən, mallar başına qalardı və işdən avara olardıq. Sözün sədaqəti budur ki, ərz ələyirəm.

II

Dadaşım çubuğu çəkib tapdadı yerə, külünü boşaldıb taxtı belinə, durdu ayağa və mənim üstümə acıqlanıb buyurdu ki, itin yuvasından çıxıb və gəldim minim gəmə. Mən dadaşımın buyurduğunu əmələ gətirdim və kəndlilər də durdular ayağa ki, hərə getsin öz işinə. Mən qaçdım mindim gəmə və çubuq ilə başladım malları sürməyi, dadaşım da ətəyi ilə alnının tərini silib şananı götürdü və başladı küləşi çevirməyə. Mallar üç ya dörd baş ancaq dolanmışdı ki, kənd səmtindən qlavanın giziri (aşağı rütbəli polis xidmətçisi - red) Cəlil bəy tayanın dalından nağafıl çıxıb hazır oldu. Mən çox qorxdum; çünki əlüstü yəqin elədim ki, Cəlil bəy gəlib dadaşımı aparsın nəçərnikin yanına.

Axırda elə mən dediyim oldu. Cəlil bəy dadaşımın tərəfinə yeriyib, tatarını qaldırdı göyə, amma yendirmədi; yəni doğrusu budur ki, yendirə bilmədi. O səbəbə ki, tatarı göyə qalxan kimi dadaşım cəld sağ əlini atdı yapışdı tatarının sapından və sol əli ilə Cəlil bəyi qucaqlayıb başladı yalvarmağa ki, desin görək dadaşımın təqsiri nədir. Cəlil bəy dadaşımın təqsiri barəsində bir söz demədi. Ancaq təkid ilə buyurdu ki, dadaşım məni də götürüb getsin nəçərnikin yanına.

Bu sözləri eşitcək mən özümü itirdim. Dəxi bilə bilmirəm sonra nə oldu, nə olmadı. Ancaq bir də gördüm ki, dadaşım yapışıb mənim sağ əlimdən, çəkə-çəkə aparır kəndə.

Çox qorxurdum və niyə də qorxmayaydım? Mən ancaq indi başa düşmüşəm ki, şəxs düz yolu ilə gedə, nəçərnik ona heç bir şey eləməz.

Amma o vədə yolda gədə-gədə dadaşıma deyirdim ki, vallah, dadaş, nəçərnik mənim başımı kəsər; aparma məni nəçərnikin yanına.

Bir də ki, əgər dadaşım olmasaydı, mən o qədər qorxmazdım. Nə qədər ki, mən öz-özlüyümdə qorxurdum, bir o qədər də dadaşım məni qorxudurdu; yəni o rəhmətlik də qəsd ilə eləmirdi, bilə-bilə məni qorxutmurdu. Ancaq o özü də başa düşmürdü ki, məni qorxudur. Dik yolda kənd içində məni aparanda mən elə ha soruşurdum dadaşımdan ki, axır nə səbəbə nəçərnik məni istəyibdir? Bunun cavabında dadaşım məni müqəssir tutdu ki, bəlkə mən qlavanın oğlu ilə savaşmışam, o da nəçərnikə şikayət eləyib.

Müxtəsər, gəldik yetişdik Hacı Namazalının meydanına. Kənddə nə qədər adam var, hamısı burada cəm idi. Nəçərnik də yənicə gələn qonaqları ilə Hacı Namazalının evində imişlər.

Hələ ki, mənim işdən xəbərim yoxdu, bilmirəm nə olacaq, nə olmayacaq. Heç kəsdən də cürət eləmirəm soruşum ki, nə var, nə yox, bu nə mərəkədi? Bir-iki dəfə çənəmi dadaşıma səmt qalxızdım ki, bəlkə ondan bir zad öyrənim; amma kəndlilərin qiylü-qalı o qədər idi ki, dadaşım nə mənim sualımı eşidə bildi, nə də ki, bir cavab verə bildi. Axırı bir tövr ilə adamları aralayıb, özümüzü soxduq meydanın ortasına.

Xəbər gəldi ki, nəçərnik gəlir. Guya ki, qurbağa gölünə daş atdılar; hamı üzünü çöndərdi Hacı Namazalının qapısına səmt və səs-səda lap kəsildi. Qapı açıldı və həyətdən əvvəl Hacı Namazalı özü çıxdı və adamlara “çəkil-çəkil” dəyə-dəyə özü də gəlib durdu bir tərəfdən. Sonra bir kişi çıxdı. Çünki bunun börkü qırmızı və çuxası ağ idi, mən elə güman elədim ki, bu nəçərnik özüdü; amma sonra mənə dedilər ki, bu nəçərnikin vəkilidi. Vəkildən sonra qlavanın giziri Cəlil bəy çıxdı. Bu da “çəkil-çəkil” deyib tatarını oyza tovladı, buyza tovladı, axırı özü də çəkilib durdu bir səmtdən. Bunlardan sonra qlava Pirverdi bəy çıxdı. Bu da qabaqca gələn şəxslər kimi adamları “çəkil-çəkil” deyə-deyə aralayıb, çəkilib durdu bir səmtdə. Qlavadan sonra bir urus böyüyü çıxdı. Bunun dalınca bir ayrısı çıxdı. Onun dalınca biri də çıxdı, genə bir ayrısı çıxdı. Bunlardan sonra bir molla çıxdı, bu molladan sonra bir ayrı molla çıxdı; o molladan da sonra bizim Danabaş kəndinin mollası Molla Həzrətqulu çıxdı. Sonra mənə dedilər ki, bu mollaların biri qazıdı. Mollalardan sonra Hacı Namazalının həyətindən genə adam çıxdı. Amma, çünki mənim nəzərim çoxu rus böyüklərində idi, dəxi yadımda qalmadı Hacı Namazalının həyətindən kim çıxdı mollalardan sonra.

Bu hamı ərz elədiyim həzərat gəldilər meydanın ortasına və səf çəkib düzüldülər bir-birinin yanına. Qabaqda bir stol qoyulmuşdu, stolun üstünə bir örtük salınmışdı. Hamıdan əvvəl qazı yeridi qabağa, stolun üstə bir köhnə cildli kitab qoyub, üzünü tutdu camaata və başladı:

- Ey Danabaş kəndinin camaatı! Qulaq asın görün nə deyirəm, yaxşı qulaq asın.

Qazı bu sözləri dəycək, hər iki molla cavab verdi:

– Amin, ya rəbbül-aləmin!

Sonra qazı, genə başladı:

– Camaat, bilirsiniz, bu gün nə səbəbə cənab nəçərnik təşrif gətirib Danabaş kəndinə? Cənab nəçərnik eşidib ki, hələ siz, yəni Danabaş kəndinin əhli hələ indiyə kimi qaranlıqda qalmısınız. Odur ki, cənab nəçərnikin sizlərə rəhmi gəlib və bu qəsd ilə bu gün hədsiz zəhmətlər çəkib və Danabaş kəndinə təşriflər gətirib ki, burada bu gün bir uşkol aça və sizləri bəlkə bir tövrnən qaranlıq aləmindən çıxarıb, daxil eliyə işıqlıq aləminə. Və bir də bunu bilin ki, yer üzündə nə qədər ki, pərvərdigari-aləm şəhər və kənd xəlq edib, hər nə qədər ki, vilayət yaradıbdır, olar cəmisi çoxdan işıqlıq aləminə çıxıblar; məhz qalıb Danabaş kəndi. İnşallah əgər Allah-taala əcəldən aman verər, burada da bu gün nəçərnik ağa bir uşkol açar, ta bəlkə sizlər də işıqlıq şərbətini içəsiniz.

Hər iki molla “amin” deyəndən sonra qazı cibindən eynəyi çıxarıb geydirdi burnunun üstünə, Quranı hər iki əli ilə qalxızıb öpdü və basdı alnına; bir yerindən açdı və başladı ucadan oxumağı.

Qazı Qurandan bir neçə ayə oxuyub Quranı bükdü və hər iki molla “amin, ya rəbbül-aləmin” deyəndən sonra qazı Quranı qoydu stolun üstünə və üzünü tutdu camaata.

– Camaat, “amin” deyən dillər lal olmasın. Qazının bu sözlərindən sonra əvvəl hər iki molla “amin” dedilər, kəndlilərdən də bir neçəsi mollalara baxıb “amin” dedilər; sonra qazı cift əlini qaziyülhacata uzadıb başladı dua-səna eləməyi: əvvəl padişahi-mehribanimizə, onun xatuni-kəriməsinə və cəmi xənədani-basədətinə.

Camaat səs-səsə vərib ucadan dədilər: “Amin”. Sonra qazı başladı nəçərnikdən. Əvvəl tərif elədi və nə qədər ki, ərəb dilində ali-şan ləqəblər və sifətlər var idi, hamısını saydı, sonra genə başladı dua-səna eləməyə. Qərəz, qazı bu barədə çox danışdı, dedi, dedi və axır sözləri bu oldu:

– Ey cəmaəti-Danabaş! Bizə hamılıqnan lazımdır ki, hər gün və hər gecə ibadət vaxtında bari-pərvərdigara həmd eliyək ki, biz nə qədər xoşbəxt bəndəyik ki, bizim vilayətimizə belə hakim göndəriblər ki, ibarət olsun bizim cənab nəçərnik ağadan. Bu özgə bir şey deyil, məgər Allah-taalanın bizlərə lütfü və mərhəməti, amin!

Camaat da qazıya baxıb səsləndi: “Amin”. Qazıdan sonra bir urus böyüyü – alçaq boy və az saqqal – yeridi irəli və üzünü camaata tutub, başladı öz dilində ucadan danışmağa. Sonra biz bildik ki, bu danışan nəçərnik imiş. Nəçərnik sözünü deyib qurtarandan sonra bir ayrı rus böyüyü qabağa yeriyib genə üzünü tutdu camaatın tərəfinə. Camaat birdən dedi:

– Allah ağaya ömür versin!

– Ey Danabaş kəndinin camaatı! Heç annırsınız* (anlayırsınız – red) ki, nəçərnik ağa sizə nə deyir? Yaxşı sözlər deyir, çox gözəl sözlər deyir. Açın qulağınızı və eşidin; çünki həməvəqt mümkün olmaz şəxsə bu cür nəsihətləri eşitmək. Cənab nəçərnik buyurur ki, mən Danabaş kəndinin əhlini çox dost tuturam. Amma bunu da buyurur ki, mənim bu camaata yazığım gəlir; çox avam camaatdı, çox biməna camaatdı. Mən özüm yəqin eləyirəm ki, cənab nəçərnik ağa bu barədə xilaf fərmayiş eləmir. Mən özüm görürəm ki, siz avam adamsınız, yazıq adamsınız, heyvan adamsınız və sizin avamlığınız və heyvanlığınız burdan isbat olunur ki, nəçərnik buyuranı başa düşmədiniz, lazım gəldi ki, mən sizləri başa salam. Bəli, nəçərnik ağa buyurur ki, mənim Danabaş kəndinin əhlinə yazığım gəlir, bunlar çox dalda qalıblar, qaranlıqda qalıblar. Odur ki, nəçərnik ağa bu gün bu niyyət ilə sizin kəndə öz mübarək qədəmini basıb ki, bu gün bir uşkol açsın və bu tövrnən sizləri xoşbəxt eləsin.

Camaat birdən səsləndi:

– Allah ağaya ömür versin.

Sonra nəçərnik bir kağız aldı əlinə və başladı oxumağı; oxudu və üzünü tutdu indi müsəlmanca danışan rus böyüyünə. Bu da irəliki kimi üzünü camaata tutub başladı:

– Ey əhli-qəryəyi-Danabaş...

Dəxi mən bilə bilmədim ki, bu şəxs nə dedi və nə demədi. Ondan ötrü bilə bilmədim ki, mən camaatın içindən kənar oldum. Kənar olmağım da bu tövr oldu ki, rus böyüklərinə qulaq asmaqda idim ki, gördüm daldan birisi mənim ətəyimi çəkir. Mən əvvəl elə başa düşdüm ki, mənim ətəyimi çəkən dadaşımdı, amma çöndüm dala və gördüm ki, dadaşım deyil, özgəsidi. Yəni özgəsi də deyil idi, bizim qonşumuz Kərbəlayı İsmayıl idi. Mən çöndüm və istədim soruşam ki, məni neyləyir Kərbəlayı İsmayıl? Amma bu kişi əlini atdı mənim çiynimə və bir elə qüvvətlə məni çəkdi ki, bir də gördüm ki, mən dəxi camaatın içində dəyiləm.

Mən genə istədim gətməyəm və qayıdıb dadaşıma deyəm; amma Kərbəlayı İsmayıl qoymadı. Bir qədər məni çəkə-çəkə aparıb, Kərbəlayı İsmayıl mənə təkid ələdi ki, bir az ayaq götürüm və artıq- əskik danışmayım. Mən bu barədə heç bir söz demədim; çünki razı idim ki, camaatın içindən çıxım, bəlkə rus böyüklərindən xilas olum və yaxam nəçərnikin əlindən qurtarsın.

Bir qədər gəldik, axırı yetişdik Kərbəlayı İsmayılın küçə qapısına. Qapı bağlı idi. Kərbəlayı İsmayıl qapını döydü və qapı əlüstü açıldı. Həyətə girən kimi mən mat qaldım; çünki həyətdə bir yekə cəmiyyət var idi. Adamlara bir qədər diqqət salıb baxdım gördüm ki, bu adamların çoxusu elə öz adamlarımızdı; məsələn: dayım Hacı Murtuza da burda idi, dayı oğlum Məşədi Fərəculla da burda idi, xalam nəvəsi Kərbəlayı Həsənqulu da burda. Hətta gözüm birdən dadaşıma da sataşdı. Baxdım, gördüm ki, elə dadaşım da burda imiş. Qalanlar da qonşu və rəfiqlərimiz idi.

Bu işlərin hamısı mənə vaqiə kimi göründü. Məni görcək bu adamların hamısı gəlib cəm oldular başıma və dadaşım əlimdən yapışıb məni çəkə-çəkə apardı həyətin dibinə. Adamlar da bizim dalımızca gəldilər. Həyətin divarları alçaq idilər. Dadaşım cəld çıxdı divarın üstə və hər iki əlini uzatdı mənə. Adamların bilmirəm hansı əllərini mənim qoltuğuma salıb əvvəl mənə dedi, “qorxma” və sonra “ya Allah” deyib məni qalxızdı divarın üstə. Dadaşım da həmçinin mənə “qorxma” deyib və iki əlini qoltuğuma salıb yendirdi o tərəfə.

Bura Məhəmmədəli əminin həyəti idi. Həyətdə heç kim yox idi. Amma bir səs gəlirdi. Səs kişi səsi deyildi, övrət-uşaq səsi idi. Mən indiyə kimi bu işlərə təəccüb qalırdım; amma indi məni divarın üstə qovzayan kişi və dadaşım mənə “qorxma” deyəndən sonra başladım qorxmağa.

Məhəmmədəli əminin həyətinin aşağı tərəfində bir yəkə kərmə qalağı var idi. Dadaşım əlimdən yapışıb çəkə-çəkə apardı haman qalağın yanına. Qalağın ağzı divara səmt idi. Elə ki keçdik qalağın ağız tərəfinə, mən yəqin elədim ki, bu gözlədiklərim hamısı həqiqət deyil, yuxudu.

Burada dörd övrət oturmuş idi. Əvvəl dəfə bu övrətləri mən tanıya bilmədim; çünki bunların dördü də başlarını uzatmışdılar qalağın içinə. Amma biz yetişəndən sonra dadaşım bunlara dedi “çəkilin” və bunların dördü də başlarını çıxardılar və üzlərini çöndərdilər bizə səmt. Hərçənd bu övrətlər dadaşımı görən kimi üzlərini örtdülər, amma mən bunların hamısını tanıdım. Bunların biri Şərəf xala idi ki, olsun Kərbəlayı İsmayılın övrəti, biri Səkinə gəlin bacım idi ki, olsun Hacı Murtuza dayımın gəlini və Məşədi Fərəcullah dayı oğlumun övrəti, biri Səkinə xala idi ki, olsun haman həyətin və haman qalağın sahibi Məhəmmədəli əminin övrəti, biri də qonşumuz Hüseynəli əminin övrəti Pəri xala idi.

Bu övrətlərin dördü də dadaşıma hörmət qoydular; çünki çəkildilər kənara, dallarını çevirdilər bizə və çadralarını da bir qədər qalxızdılar yuxarı; belə ki, qıçları qaldı açıq. Bu heyndə qalağın içindən bir uşaq başı çıxdı eşiyə. Bu uşaq haman qalağın sahibi Məhəmmədəli əminin oğlu Cəfər idi. Cəfər məni görcək sevincək və ucadan dedi:

– Buy, Hüseynqulunu da gətirdilər!

Cəfər bu sözləri deyən kimi qalağın içindən bir baş da çıxdı eşiyə. Bu da dayım Hacı Murtuzanın nəvəsi və dayı oğlum Məşədi Fərəcullanın oğlu Qasım idi. Qasım da məni görcək sevincək və ucadan dedi:

– Buy, bibi oğlu, sən də gəldin?

Qasım bu sözləri hələ deyib qurtarmamışdı ki, genə qalağın içindən bir baş da çıxdı. Bu da Kərbəlayı İsmayılın oğlu Kərimqulu idi. Bu da məni görcək sevincək və ucadan dedi:

– Buy, Hüseynqulu, səni gətirdilər?

Söz yox, biz durub gözətləsəydik, yəqin ki, qalağın içindən çox baş genə çıxacaq imiş; amma dadaşım qoymadı və uşaqların üstə çığırıb bunları soxdu genə qalağın içinə və üzünü tutdu mənə ki, mən də girim ora.

Mən, doğrusu, belə işi Allahdan istəyirdim; dadaşım dəyən kimi başımı əyib özümü soxdum qalağın içinə. Burda biz gördüyümüz üç uşaqdan savayı genə üç uşaq var imiş ki, hamısı olsun altı; mən girdim, olduq yeddi uşaq.

Qalan üç uşaq da bizim qonşularımız idi. Biri Həsən idi – Yarməmmədin oğlu. Biri Nəcəfəli idi – Kərbəlayı Qurban əminin oğlu. Biri də qonşumuz Hüseynəli əminin oğlu Yusif idi.

Mən qalağın içinə girən kimi dayım nəvəsi Qasım yapışdı yaxamdan və çəkdi özünə tərəf ki, mən gedib onun yanında oturum. Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. Dadaşım məni qalağın içinə soxandan sonra, özü də başını uzatdı içəri və bərkdən-bərk bizə dedi ki, məbada-məbada biz buradan çıxaq gedək özgə yana və bunu da bir neçə dəfə təkrar elədi ki, biz, əlbəttə, sakit və sakit durub, nə danışaq və nə də səs eləyək. Nə mən dadaşımın cavabında bir söz dedim, nə də yoldaşlarım danışdılar. Ancaq yazıq Kərbəlayı Qurban əminin oğlu Nəcəfəli hər iki əlinin dal səmtini aparıb basdı gözlərinin üstünə və başladı ağlamağa. Dadaşım üzünü çöndərdi Nəcəfəlinin tərəfinə və dedi:

– Səfəh oğlu səfəh, niyə ağlayırsan?

Nəcəfəli ağlaya-ağlaya və bədənini sağ və sola bura-bura, əzilə-əzilə, mızıldaya-mızıldaya başladı anasını çağırmağa. Dadaşım başını qalağın içindən çıxardıb çəkildi durdu ayağa və yox oldu. Haman dörd övrət genə başlarını qalağın içinə uzadıb başladılar bizə təskinlik verməyə. Əvvəl övrətlər üzlərini tutdular öz oğlanlarına; məsələn, Şərəf xala üzünü tutdu Kərimquluya. Səkinə gəlinbacı Qasıma, Pəri xala Yusifə, Səkinə xala Cəfərə. Övrətlər azdan-çoxdan dedilər və sakit oldular; istəyirdilər çıxıb getsinlər ki, Cəfər, Nəcəfəli kimi, hər iki əlinin dal tərəfini qovzadı basdı gözlərinin üstə və başladı ağlamağa. Anası Səkinə xala istədi qalağa səmt qayıdıb oğlunu sakit eləsin. Cəfərə baxıb Yusif də onun kimi başladı zırınpanı. Yusifdən sonra Kərimqulu başladı ağlamağı. Qasım da başladı ağlamağa. Yazıq Nəcəfəli də bunlara baxıb başladı ağlamağa. Mən əvvəl istədim ürəyimi bərk tutum və ağlamayım və ağlamazdım da; amma baxdım gördüm ki, uşaqların bir neçəsi ağlaya-ağlaya deyir ki:

– Vay, ana, bizi saldat aparacaqlar.

Bu sözləri eşidən kimi mən də başladım ağlamağı.

III

Bu əhvalatdan bir neçə ay əqdəm (əvvəl – red) dövlət tərəfindən hökm çıxmışdı ki, İrəvan quberniyasında üç uşkol açılsın. Bu uşkolların xərci dövlət xəzinəsinin öhdəsində idi. Və bir də ki, bu uşkolların üçü də qərarın məzmununa görə lazım idi kəndlərdə təyin olunsun, nəinki şəhərdə. Bu cür məktəbləri bina eləməkdən dövlətin muradı (məqsədi - red) bu idi ki, dəhat əhlinə (kənd əhlinə - red) savad öyrədib və bir para elmlər təlim edib, bir tövr gözünü açsın, ta bəlkə camaat mürurnan tərəqqi tapıb, həmi bu dünyada öz məişətini keçirdə, həmi də əxz elədiyi elm və ədəb səbəbinə ibadətini dürüst əmələ gətirib Allaha yavıqlıq eləyə.

Bu uşkolların hər birinin illik xərci iki min yüz əlli manat mülahizə olunmuşdu. Bu qədər xərcin müqabilində dövlət tərəfindən məsləhət görülmüşdü ki, məzkur uşkolları böyük və tərəddüdlü (gediş-gəlişi çox olan - red) kəndlərdə açsınlar ki, məktəbə çox uşağın yolu olsun və məsrəf olunan pullar puça çıxmasın. Odur ki, bu üç uşkolun birini təyin elədilər Çarxlı kəndində; əlbət o səbəbə ki, bu kənd ya çox yekə kənddi, ya da ki, tərəddüdlü yerdi. Birini təyin elədilər Mahmud kəndində; söz yox, əlbət bu kənd də ya tərəddüdlü kənddi, ya çox böyük kənddi. Birini də təyin elədilər Danabaş kəndində, hərçənd Danabaş kəndi tərəddüdlü deyil, amma çox yekə kənddi. On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdır. Hələ o vədə evlərdən çox gizlətmişdilər. Və bir də ki, bu on üç ilin ərzində azından gərək yüz ev artmış ola.

Əhvalatı qubernator yazmışdı nəçərnikə, nəçərnik də Danabaş qlavası Pirverdi bəyi çağırıb xəbər vermişdi və habelə qlavaya dil cavabı hökm eləmişdi ki, əvvələn bitəxir məktəbdən ötrü səmtli dam mühəyya olunsun (hazırlansın – red). Və saniyən nəçərnik qlavadan soruşmuşdu, çox uşaqmı Danabaş əhli uşkola göndərər? Pirverdi bəy nəçərnikə bu barədə cavab verir ki, uşkoldan ötrü nə qədər imarət lazım olsa, mümkündür tapmaq, uşaqdan da yana nəçərniki arxayın eləmişdi ki, Danabaş kəndindən azından uşkola altı yüz uşaq göndərərlər.

Qlava kəndə qayıdıb Danabaş əhlinə xəbər verir ki, nəçərnik ağa belə buyurubdu və camaata təklif eləyir ki, əvvələn uşkoldan ötrü bir dam və altı yüz uşaq hazır eləsinlər.

Haman günün sabahı Danabaş kəndindən nəçərnikin yanına iki yüz adam tökülür və nəçərnikə ərz-bəndəçilik eləyib mütəvəqqe olurlar ki, nəçərnik ağa onları başa salsın görsünlər, aya Danabaş əhlinin dövlət yanında xəyanəti müşahidə olunub və cənab qubernatın və ağa nəçərnikin qulluğunda onlardan nə günah baş verib ki, padşah tərəfindən Danabaş kəndinə belə şiddətli qəzəb sadir olubdur? Nəçərnik camaatın sözünün cavabında başlayır kəndlilərə bir qədər nəsihət eləyir ki, əvvələn, uşkoldan ötrü altı yüz uşaq lazım deyil; ancaq hələlik yüzü də kifayət elər. Və bir də nəçərnik camaatı başa salır ki, bu qərardad dövlət tərəfindəndir, nəinki nəçərnikin xahişidir.

Bu sözləri deyəndən sonra nəçərnik camaata hökm eləyir dağılıb getsinlər kəndə və xəbər verir ki, bir neçə gündən sonra özü gələcək Danabaş kəndinə. Camaat dağılandan sonra nəçərnik hökm yazıb Danabaş kəndindən dörd adam istəyir şəhər divanxanasına; qlava Pirverdi bəyi, prixod mollası (məhəllə mollası – red) molla Həzrətqulunu, Hacı Namazalını və Mirzə Həsəni. Haman günü bu əşxasın dördü də divanxanada hazır olur və nəçərnik bunları öz otağına aparıb əvvələn təvəqqə yolu ilə bunlara deyir ki, Danabaş camaatını ipə-sapa gətirib yumşaltsınlar və uşkol işindən yana səy-təlaş eləsinlər, ta bəlkə uşkol bir tövr ilə Danabaş kəndində bina tuta. Nəçərnik sözünü deyib qurtarandan sonra bu əşxasın dördü də birdən deyir:

– Allah nəçərnik ağaya ömür versin! Biz can-dil ilə hazırıq nəçərnik ağaya qulluq eləməyə.

Nəçərnik bunların bu cür cavablarından xoşhal olub, artıq razıçılıq eləyəndən sonra bunlara xəbər verir ki, getsinlər kəndə və camaata dəlil-nəsihət eləsinlər; o özü də, yəni nəçərnik, bir neçə gündən sonra gələcək kəndə.

Nəçərnik kəndə gəlməyi bizə məlumdu. Və bu da bizə məlumdu ki, nəçərnik yanınca gələn qonaqları ilə düşmüşdülər Hacı Namazalının evində. Ancaq bunu bilmirik ki, onnan gələn qonaqlar

kim imişlər. Biri qazı idi, bu hələ məlumdu. Biri haman şəhərin padşah məktəbxanasının rəisi idi. Biri haman şəhərin məktəbxanasının müəllimi idi. Biri öz dilmancı idi. Biri haman mahalın pristavı idi. Biri bir özgə müəllim idi. Biri öz vəkili idi. Qalanlar da yasavul və atlılar idi.

Bəs gəlib çıxdıq haman günün əhvalatına ki, atlı çaparaq Hacı Namazalını gəlib xərməndən gətirdi kəndin içinə. Salaq yadımıza haman günün əhvalatını.

IV

Bəli, haman günü Danabaş kəndinin camaatı cəm oldular Hacı Namazalının meydanına. Nəçərnik öz qonaqları ilə çıxdı camaatın içinə. Qazı əvvəl başladı nəsihəti və xeyir-duasını, sonra nəçərnik özü başlayıb bir xitabə oxudu, dilmancı tərcümə elədi və dübarə nəçərnik əlinə bir kağız alıb başladı oxumağa, dilmancı üzünü camaata tutub başladı:

– Ey əhli-qəryeyi-Danabaş!..

Biz bayaq burada qalmışdıq.

– Ey ehli-qəryeyi-Danabaş! Nəçərnik ağa buyurur ki, hərdənbir mənim qulağıma bəzi ürəksıxan və qəm artıran xəbərlər gəlib çatır. Belə görükür ki, vilayətimizdə nadinc adam, şeytan adam çoxdu. Xudanəkərdə, əgər bu cür adamların biri düşsə mənim əlimə, yəqin ki, mən onun dərisini diri-diri soydurram! Nəçərnik ağa buyurur ki, bu qisim adamlar çünki özləri də Allah-taalanın yolundan çıxıblar, həmişə bu fikirdə olarlar ki, özgələri də düz yoldan azdırıb, zəhmətə və zillətə salıb özlərinə tay eləsinlər. Bu cür məzərrətli (zərərli – red) adamlar heç də məlum deyil nə qəsd ilə Danabaş əhlini başa salıblar ki, nəbəda uşkola uşaq göndərməsinlər. Guya ki, uşkolda oxuyan uşaqların hamısına iki ilin ərzində qoşun məşqi verib və dava təlimi öyrədib göndərəcəklər Rusiyyetə ki, rus dövlətinin qoşunu çoxalsın, vaqeən bu sözləri ağıl sahibi heç ağzına alıb danışar?..

Camaat birdən səsləndi:

– Xeyr, danışmaz! Allah ağaya ömür versin!

– Nəçərnik ağa buyurur ki, mən dörd şəxsin məsləhəti ilə, – ki olsunlar Molla Həzrətqulunun, Hacı Namazalının, Mirzə Həsənin və qlava Pirverdinin, – bunların məsləhəti ilə bir siyahi tutmuşam və hər kəsin ki, uşkola göndərilməli uşağı var, onların hamısının adları bu siyahıdadır.

Camaat birdən səsləndi:

– Bəli, belədir. Allah ağaya ömür versin!

Sonra nəçərnik əlindəki kağızı verdi dilmancına və dilmancı genə başladı:

– Camaat! Qulaq verin və hər kəsin adını mən bu kağızda oxusam, adamların içindən çıxıb gəlsin cənab nəçərnikin hüzuruna.

Camaat səsləndi:

– Allah ağaya ömür versin!

Dilmanc başladı:

– Kərbəlayı İmamqulu Kərbəlayı Əli oğlu.

Camaatın içindən bir adam çıxdı qabağa: ucaboy, ağsaqqal, başında uca taskülah, əynində qədək arxalıq və ağ gen dizlik. Bu şəxs yeridi nəçərnikin qabağına və hər iki əlini qarnının üstə qoyub əvvəl bir başını atdı dal tərəfə, sonra ikiqat oldu, düzəldi və gözlərini dirədi nəçərnikin üzünə. Nəçərnik buna rusca bir neçə söz dedi və dilmanc bu cür tərcümə elədi:

– Kişi, get bu saat Zeynal oğluvu gətir gəl nəçərnikin yanına.

Kərbəlayı İmamqulu başını aşağı salıb özünü verdi adamların içinə. Dilmanc əlindəki kağızı yuxarı qovzuyub başladı oxumağa:

– Kərbəlayı Heydər Kərbəlayı Zülfüqar oğlu.

Adamları aralayıb qırx-qırx beş yaşında bir kəndli hazır oldu və üzünü nəçərnikə tutub ikiqat olandan sonra başladı:

– Ağa, mənim ərzim var.

Dilmanc razı olmadı Kərbəlayı ərzini eləsin; və onun sözünü nəçərnikə tərcümə elədi, nə də ona qulaq verdi. Və onun sözünü bu cür rədd elədi:

– Artıq-əskik danışma. İndi ta elə vaxt deyil, cənab nəçərnikin vaxtı yoxdu nağıl-hekayətə qulaq asıb özünü də, camaatı da məəttəl eləsin. Qoy ərzin qalsın sonraya və bu saat get oğlun Süleymanı gətir nəçərnikin qulluğuna.

Kərbəlayı Heydər genə bir nəçərnikin üzünə baxıb başını saldı aşağı və kor-peşman özünü soxdu camaatın içinə. Dilmanc çağırdı:

– Yarməmməd Kərbəlayı Nabatəli oğlu.

Adamları aralaya-aralaya ortalığa qırx beş-əlli yaşında bir kəndli çıxdı, başında yekə papaq, əynində köhnə qədək arxalıq, ayağında çirkli və gen dizlik, ayaqyalın və beli açıq. Yarməmməd ikiqat olub düzəldi və üzünü tutdu dilmanca tərəf:

– Ağa, mənim oğlum naxoşdu, bu saat ölüm halətindədi. Həyə inanmırsan, gəl elə bu saat gedək öz gözlərinlə də gör ki, mən yalan demirəm. Niyə, mənə nə olub sinnimin bu vaxtında yalan deyim? Xeyr. Və bir də ki, yalan niyə deyirəm? Əgər yalan desəm, adam başıma qəhətdi? Bir adam tapa bilmirəm, gərək elə gəlib səni tovlayam? Allaha and olsun...

Dilmanc dəxi səbr eləmədi və qoymadı Yarməmməd sözü uzatsın.

– Artıq-əskik danışma və bizi başdan, beyindən eləmə! Tez get oğlun Həsəni gətir nəçərnikin hüzuruna.

Yarməmməd hər iki əlini göyə qalxızıb üzünü gah nəçərnikə, gah dilmanca tutub istədi ağzını aça, amma dilmanc qoymadı və ucadan dedi:

– Sənə mən deyirəm nağıl-hekayət oxuma, tez oğlunu gətir nəçərnikin hüzuruna bigüfti-gu!

Adamların bəzisi başladı gülməyə və bəzisi danışmağa. Camaatın səsi istədi ucalsın. Amma qlava Pirverdi bəy özünü kəndlilərin içinə verib, xalqı bir təhər sakit elədi. Bu heyndə ortalığa bir qoca kişi yeridi və üzünü gah nəçərnikə, gah dilmanca tutub, alçaq səslə başladı:

– Nəçərnik ağa, ərzim var. Nəçərnik ağa, bu kişi Yarməmməd mənim tufarbatufar qonşumdu. Mən də ki, Allah eləməsin sinnimin bu vaxtında nəçərnik ağanın qulluğunda yalan danışam; çünki yalan danışmaqlıq çox pis işdi. Və bir də ki, görürsünüz mən əgər durub yalan-yalan danışam...

Dilmanc qoca kişinin sözünü kəsib dedi:

– Ay kişi, Danabaş kəndində nə çox lağlağı var imiş! Adam sözü qısa deyər. Tez ol sözünü de və çıx, qoy, get!

Qoca kişi üzünü gah nəçərnikə və gah dilmanca tutub başladı:

– Mən deyirsən Qurana əl basım ki, bu kişinin oğlu, yəni Yarməmmədin oğlu Həsən elə bu saat yorğan-döşək içində yatıbdı. Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşuva demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de gəlsin bizim uşağa baxsın. Mən də, axır genə qonşudu, adam... yaxşı olmaz, çünki...

Dəxi dilmancın səbri çatmadı və üzünü sol səmtə çöndərib qlavanı çağırdı ki, qoca kişini aralıqdan rədd eləsin. Qlava haman qoca kişinin peysərindən bir yumruq yendirib soxdu adamların içinə. Camaatın qiylü-qalı genə qalxdı. Pirverdi bəy genə özünü camaatın içinə verib, bir qədər səs-sədanı sakit elədi və dilmanc başladı kağızı oxumağı:

– Məşədi Fərəcullah Hacı Murtuza oğlu.

Adamlar başladı boylanmağa və ortalığa heç kəs çıxmadı. Dilmanc dəxi ucadan çığırdı:

– Məşədi Fərəcullah Hacı Murtuza oğlu.

Genə adamlar başladılar sağa-sola baxmağa, ortalığa heç kəs gəlmədi. Amma qlava Pirverdi bəy sol səmtdən dilmancın yanına yeriyib baş əydi və dedi:

– Ağa, Məşədi Fərəcullah özü çox kasıb adamdı və sənəti də çarvadarlıqdı. Mən belə xəyal eləyirəm ki, Məşədi Fərəcullah bu gün kənddə olmuya; çünki bir-iki ulağı var və özü də kasıb adamdı, ola bilər ki, bu gün kirə aparmış olalar.

Pirverdi bəyin sözündən sonra camaatın səsi başladı ucalmağa, hər yandan bir səs gəlirdi və hər ağızdan bir söz çıxırdı. Bir tərəfdən camaat başladı çığırmağa ki, Məşədi Fərəcullah bu gün kənddədi, özgə heç yana getməyib; qeyri tərəfdən də adamlar bu sözlərin əksini dedilər ki, xeyr, yalandır, Məşədi Fərəcullah bu gün kənddə deyil. Kəndlilər səs verib başladılar mərəkəni. Aralığa basabas düşdü, bu onu-o bunu təkanlayır, biri danışır, biri çığırır, daldakı adamlar istəyirlər özlərini soxsunlar qabağa və qabaqdakılar da dəxi irəli yeriyib, gəlib çıxıblar böyüklərin qabağına.

Pirverdi bəy çox səy elədi, amma camaatı bir qaydaya sala bilmədi. Axır nəçərnik atlılara çağırıb hökm elədi camaatı versinlər dalı. Bir qədər səs-səda yatdı və nəçərnikin müqabilində bir müsinn və ucaboy kəndli hazır oldu. Qiylü-qal dəxi də sakitləşdi. Haman şəxs haman Hacı Namazalı idi ki, biz qabaqda aşina olmuşuq. Hacı Namazalı sağ əlinin kəfəsini sinəsinin üstə və sol əlinin kəfəsini sağ əlinin üstə qoyub ikiqat olub başladı:

– Nəçərnik sağ olsun, bu sözlər hamısı ki, burada deyildi, bu sözlər xilaf sözdü. Sən özün bilirsən ki, sənin ərzində xilaf qulluqlar eləmərəm, yalan sözlər dilimə gətirmərəm. O şəxs ki, olsun Məşədi Fərəcullah ki, indi dilmanc ağa çağırdı o, əvvəl budur ki, heç əslində çarvadar deyil. Onlar özləri bir ocaqdılar. Onun rəhmətlik babası İsfəndiyar Danabaş kəndinin rüknü idi. Müxtəsər, baş ağrısı olmasın, kim deyir ki, Məşədi Fərəcullah çarvadardı? Kim deyir ki, o bu gün Danabaş kəndində deyil? Xeyr, bular hamısı iştux sözdü. Allaha and olsun Məşədi Fərəcullah bu gün burdadı da və özləri də yaxşı güzəran sahibidirlər. Ancaq...

“Ancaq” sözünü deyəndən sonra Hacı Namazalı üzünü çöndərdi əvvəl sol səmtə, sonra da sağ səmtə.

Dilmanc hacının hərəkətindən bir zad başa düşüb, yeridi nəçərnikin yanına və nə dedi, nə demədi ki, nəçərnik uca səslə Pirverdi bəyi çağırıb, başladı onun üstünə çığırmağa və dilmanc tərcümə elədi ki, nəçərnik ağa buyurur bu saat Məşədi Fərəcullahı tapıb gətirsin buraya.

Qlava baş üstə deyib özünü soxdu adamların içinə. Dilmanc genə başladı əlindəki kağızı oxumağa:

– Kərbəlayı Cəbrayıl Kərbəlayı Nəcəfqulu oğlu.

Adamların içindən otuz-otuz beş yaşında bir kəndli çıxıb gəldi ortalığa, baş əyib gözlərini dikdi nəçərnikin üzünə. Dilmanc haman kəndliyə buyurdu ki, yubanmayıb getsin və oğlu Xəlili gətirsin nəçərnikin yanına. Kərbəlayı Cəbrayıl baş üstə deyib, ikiqat olandan sonra özünü soxdu adamların içinə.

Kərbəlayı Cəbrayıldan sonra dörd adam adı çağırıldı; Məşədi Yusif Kərbəlayı Muxtar oğlu, Kərbəlayı Çaman Məşədi Əli oğlu, Məşədi Ümmət Kərbəlayı Orucəli oğlu, Məhəmmədəli Cəfər oğlu.

Bu kəndlilərin üçü də camaatın içindən çıxıb gəldilər qabağa. Dilmanc bunları göndərdi ki, hərə öz oğlunu dinməz-söyləməz gətirsin nəçərnikin hüzuruna. Amma Məhəmmədəli Cəfer oğlu gəlmədi aralığa. Dilmanc bir də çağırdı:

– Məhəmmədəli Cəfər oğlu.

Kəndlilər başlarını dikəldib, başladılar o tərəf-bu tərəfə boylanmağa. Amma Məhəemmədəli tapılmadı.

Camaatın içindən bir dəstə dilmancın yanına yeriyib başladı and içməyə ki, Məhəmmədəli kənddə deyil, gedib çöldən kəngiz (kökü yanacaq üçün işlədilən bitki – red) gətirib satsın. Amma bir bu qədər, bəlkə bunlardan da artıq adam ortalığa gəlib başladılar dəxi də bərk and içməyi ki, Məhəmmədəli anadan olan gündən indiki günə kimi bir dəfə də kəngizə getməyibdir; o səbəbə ki, Məhəmmədəlinin sənəti dükançılıqdı, nəinki kəngizçilik. Camaatın səsi genə irəliki kimi başladı ucalmağa. Hər tərəfdən bir səda gəlirdi: biri deyirdi Məhəmmədəli kənddədi, biri deyirdi xeyr, kənddə deyil, gedib kəngizə. Nəçərnikin atlıları tatarı gücü ilə bir təhər qilü-qalı yatırdandan sonra haman Hacı Namazalı genə bir-iki qədəm ortalığa qoyub, baş əyib, hər iki əli sinəsinin üstə, həqir və məzlum, üzün nəçərnikə tutub başladı:

– Ağa, ərzim var.

Nəçərnik izn verəndən sonra Hacı Namazalı başladı:

– Ağa, and olsun yerin və göylərin xaliqinə, and olsun seyyidi- şühedayə, and olsun on iki imama, and olsun İsa və Məhəmmədə, o adamlar ki, camaatın bir parası gizlədib deyir ki, guya kənddə deyil, o adamlar hamı elə bu dəqiqə Danabaş kəndindədilər; necə ki, qabaqca ərz eləmişəm, bu işlərin hamısı fənd-fəldi.

Hacı Namazalı bu sözü deyib qurtaran kimi sol səmtdə qlava Pirverdi bəy hazır oldu, sağ əlində tatarı, sol əli sinəsinin üstə. Pirverdi bəyin dalınca bir alçaqboy, yəkə qara papaq, qısa arxalıq və ağ tuman kəndli, əlində uzun zoğal ağacı və ayaqlarında çarıq, yeriyib durdu dilmancın qabağında. Qlava üzünü nəçərnikə tutub və tatarını yanınca gələn kəndliyə səmt uzadıb, uca səslə başladı:

– Nəçərnik sağ olsun, mən Məşədi Fərəcullahgilin qapısına təzə yetişmişdim ki, gördüm o üzdən Allah rast saldı ki, Məşədi Fərəcullahı gördüm ki, qabağında bir-iki yüklü ulağı, Yayıncıdan yük gətirir. Çünki bu övqat ceviz və ərik qurusu İrəvan səmtində yaxşı pula gedir, odu ki, çarvadarlar bu saat bikar deyillər.

Qlava bu sözləri deyəndən sonra genə camaatın səsi ucaldı, genə atlıların tatarıları şappıldadı. Hacı Namazalı genə bir neçə qədəm nəçərnikin qabağına yavıqlaşıb, sol əlini Məşədi Fərəcullaha tutub və sağ əli ilə öz saqqalının ucundan yapışıb başladı:

– Ağa, indi bir sına mənim sözlərimi. Gördün ki, bu işlərin hamısı hiylədi? Bəs bayaq deyirdilər Məşədi Fərəcullah kənddə deyil? Bəs necə oldu?

Sonra Hacı Namazalı camaata səmt çönüb, hər iki əlini qovzayıb, uca səslə və ürəkdən dedi...

# 2103 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #