Baladadaşın toy hamamı - “Ən yaxşı hekayəmiz”

Baladadaşın toy hamamı - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
2 may 2016
# 21:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Elçinin “Baladadaşın toy hamamı” hekayəsini təqdim edirik.

Polad Məcnunbəyovun xatirəsinə

Həmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysızhesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı. Amma axşama yaxın xəzri yavaşımağa başladı və çayçı Qəzənfərin də kefi yavaş-yavaş durulmağa başladı, çünki külək sakitləşdikcə, müştərilər get-gedə artırdı və müştərilər bu gəlişlə gəlsəydilər, bir azdan çayçı Qəzənfərin çayxanasında yenə oturmaq üçün bir boş kətil qalmayacaqdı və o zaman ki, bu balaca çayxanada oturmaq üçün bir dənə də boş kətil qalmayacaqdı, onda çayçı Qəzənfər çayniki çaynik üstündən dəmləyəcəkdi, hər əlində bir-birinin üstünə düzülmüş on armudu stəkanı birdən gəzdirəcəkdi və onda çayçı Qəzənfərin kefinə qəti söz ola bilməyəcəkdi; onda hamı baxıb görəcəkdi ki, çayçı Qəzənfər necə çayçıdı və nahaq yerə kişinin hər əlində on armudu stəkan çay aparan yerdə şəklini çəkib qəzetdə çap eləməyiblər və onda sarı mis samovarın altındakı köhnə yazı mizinin yeşiyində yığılan manatlıqların da sayı bir-bir artacaqdı, manatlar gedib, üçlüklər gələcəkdi, üçlüklər gedib, beşliklər gələcəkdi və hər dəfə də çayçı Qəzənfər üçlük alıb, manat qaytaranda sidq-ürəkdən öz-özünə deyəcəkdi ki, Allah bərəkət versin. Bu köhnə yazı mizini kənd Sovetinin katibi Suğra idarənin haqq-hesabından silmişdi və çayçı Qəzənfər də bu haqq-hesabdan silinmiş yazı mizini götürüb özü təmir eləmişdi və gətirib qoymuşdu çayxanasında samovarın altına. Çayçı Qəzənfər həftədə bir dəfə bu yazı mizinin üst gözündəki yeşiyin içinə təzə qəzet salırdı və hər dəfə də çay ləkəsinə, limon şirəsinə bulaşmış köhnə qəzeti çıxaranda həftə boyu sürüşüb qəzetin altında qalmış üç şahılıq, bir abbasılıq tapmaq kişiyə xüsusi ləzzət verirdi və qabaqlar kənd Sovetinin katibi Suğraya xidmət etmiş bu yazı mizinin bərəkətli olduğunu bir daha təsdiq edirdi.

Çayxana yavaş-yavaş adamla dolurdu və külək yavaş-yavaş tamam dayanırdı, amma hələ də uzaqdan təzə düşmüş qaranlıq içində dənizdə dalğaların köpüyü ağappaq ağarırdı.

– Dayday, qurban olum sənə, mənimçün bir dənə də çay! – Bunu çayxananın bir küncündə oturmuş Əmirqulu dedi.

Çayçı Qəzənfər Əmirquluya baxdı və ürəyində fikirləşdi ki, vallah, yazıq Xeyransa kimi abırlı-həyalı bir arvada ki, bu başı batmışa ərim deyir, sonra da yanıb yaxıla-yaxıla dedi:

– Alə, bəs sən demürdün ki, Buzovnaya qonaqlığa çağırıblar səni?

Gecə-gündüz çayçı Qəzənfərin mis samovarının üstündəki çayniklər kimi dəmdə olan Əmirqulu dedi:

– Hə, bilə-bilə gecikirəm də, dayday!.. Gecikəndə qonaqlığa, adamı ştraf eləyirlər, bir stəkan arağı doldurub verirlər içirsən ştrafnoy, kef eləyirsən! Hə, necədi Əmirqulu, dayday?

«Kül olsun Əmirqulunun başına!» – Çayçı Qəzənfər bu sözləri ürəyində dedi və Əmirqulunun yenə gopa basdığını, heç bir yerə qonaq çağrılmadığını, uzaqbaşı gedib çaxır dükanında nisyə bir stəkan şirin çaxır içəcəyini yaxşı bilsə də, çay süzüb aparıb qoydu Əmirqulunun qabağına; Əmirqulu hər nə idi, hər halda, müştəri idi və çayçı Qəzənfərin də borcu bu idi ki, müştəriyə xidmət eləsin. Ələkbərlə Gümüş Malik içəri girdi və Baladadaşın toy hamamı macərası da əslində elə buradan başlandı.

Gümüş Malik dedi:

– Alə, Qəzənfər, bir dənə filli çay dəmlə.

Filli çay, yəni ki, qutusunun üstündə fil şəkli olan çay, yəni ki, hind çayı.

– Oldu, qədeş! – Çayçı Qəzənfər cəld yazı mizinə tərəf getdi və yazı mizinin yeşiklərindən birini çəkib xüsusi müştərilər üçün hind çayı saxladığı bankanı götürdü.

Gümüş Maliklə Ələkbər, görünür, möhkəm kabablayıb gəlmişdilər və yaxşıca da araq içmişdilər, çünki onlar içəri girən kimi çayxananın kömür iyinə, çay iyinə, limon iyinə üç gün bundan qabaq tünd qəhvəyi rənglə rənglənmiş qapının rəng iyinə bir spirt iyi də qatışdı. Düzdü, Əmirquludan da spirt iyi gəlirdi, amma Ələkbərlə Gümüş Malikdən gələn spirt iyi başqa idi, bu spirt iyində yağlı kabab iyi də var idi və hərçənd çayçı Qəzənfərin içib çayxanaya gələnlərlə arası yox idi, amma bu dəfə çayçı Qəzənfər bu hörmətli müştərilərin qarasına dodaqaltı mızıldamadı, hər halda, sifətindən bu hiss olunmadı və quru çayını çox tökdüyü üçün tez dəm almış bir çaynik hind çayı ilə bir dənə doğranmış limonu və iki dənə armudu stəkanı gətirib qoydu Ələkbərlə Gümüş Malikin qabağına və soruşdu:

– Kefüvüz necədi?

Gümüş Malik özü öz qarnına düşmən gözü çıxaran qarın deyirdi, yəni ki, paxıllar, gözü götürməyənlər yanıb-yaxılsın ki, mənim bu boyda qarnım var və indi də Gümüş Malik yekə qarnını qabağa verib, qırmızı neylon köynəyinin də yaxasını açıb buğlana-buğlana dodaqaltı meyxana zümzümə eləyirdi:

Gecə getdik Lökbatana,

Sataşdıq saqqızsatana,

Ay qız, saqqız neçəyə?

Dedi qalsın gecəyə...

Və çayçı Qəzənfərin sualını eşidəndə mizin üstündəki isti çayniki yekə əlinin içinə aldı və bu çayniki düz çayçı Qəzənfərin burnunun qabağında tutub:

– Bax, Qəzənfər, bu filli çayı ki, sən dəmləmisən e, bizimçün, necədi bu filli çay?

Çayçı Qəzənfər, istər-istəməz, burnunun qabağındakı bu çaynikə baxdı və dedi:

– Lap əntiqədi!

Gümüş Malik:

– Aton rəhmətlik! – dedi. – Bax, biz də beləyik. Lap əntiqəyik! Belə lap kefün istəyənik!

Çayçı Qəzənfər!

– Allah başacan eləsin, – dedi və öz yazı mizinə tərəf getdi; düzdü, çayçı Qəzənfər pullu müştərilərin xətrini sövq-təbii istəyirdi, amma içmiş adamla söhbət eləməyi heç xoşlamazdı və xüsusən də ki, Gümüş Malik kimi içmiş bir adamla, çünki Gümüş Malik içəndə, kefi kök olanda, zalım balasının elə bil bütün xasiyyətində nə zay şeylər vardı, çıxırdı ortaya, açılırdı sandıq, tökülürdü pambıq; içməyəndə yenə dərd yarı idi, böyük-kiçik bilirdi, xətir-hörmət başa düşürdü, hərçənd burası da bütün kənd camaatına məlum idi ki, Gümüş Malik dovşana qaç deyib, tazıya tut deyənlərdəndi.

Gümüş Malik bilə-bilə, qəsdən beləcə bərkdən dedi ki, əntiqədi, çünki Abşeron olanda nə olar, adamın öz kəndi olanda nə olar, onu gözü götürməyən çoxdu, qoy görsünlər ki, lap əvvəlkindən də yaxşıdı Gümüş Malik, lap əntiqədi. Gümüş Malikin çayçı Qəzənfərin bu çayxanasından bir az aşağıda, dənizin lap kənarında «Mixək» adlı bir kababxanası vardı və əslində, yəni hökumətin kağızkuğuzundan ora da, guya ki, çayxana idi, amma Gümüş Malik eləmişdi oranı bütün Abşeronun məşhur kababxanası, amma gözü götürməyənlər oldu, yazdılar Bakıya ki, «Mixək» hökumətin çayxanası deyil, Gümüş Malikin şəxsi kababxanasıdı, o qədər yazdılar ki, axırda day mümkün olmadı, günlərin bir gözəl günü xəbər yayıldı kəndə ki, Gümüş Malikin kababxanasını bağladılar; doğrudan da bağladılar «Mixək»i, buldozer gəlib yerlə-yeksan elədi «Mixək»i, amma sonra kəndə belə bir xəbər də gəlib çatdı ki, Gümüş Malik Bakının özündə qəbiristanlığın yanında təzə bir kababxana açıb və adını da qoyub «Əlvida». Işi belə görəndən sonra, day heç kim heç nə yazmadı Gümüş Malikdən ki, bu dəfə də yazarıq, «Əlvida»nı bağlatdırarıq, Gümüş Malik də gedib olar «Inturist»in müdiri və yazıb Gümüş Malikin işlərini daha da düzəltməkdənsə, yazmamaq yaxşıdı – Gümüş Malik özü dost-aşna arasında zarafatla belə deyirdi, çünki əslinə baxsan, Gümüş Malik kənddə bir nəfərdən şübhələnirdi ki, yazır, o da kitabxanaçı Nəcəf idi, vəssalam, bir də ki, yazsaydı, Buzovnadakı «Meyvə-tərəvəz» dükanının müdiri, Nerses Vartanoviç yazardı, amma, hər halda, qoy kəndin camaatı gözüylə görsün ki, Gümüş Malik lap əntiqədi, Ələkbər də əntiqədi, lap əvvəlkindən də əntiqədilər.

Gümüş Malik armudu stəkanda xoruzpipiyi hind çayından içə-içə dodaqaltı Lökbatan sərgüzəşti haqqında meyxana deyirdi və Ələkbər də gülümsəyib başını bulayırdı, yəni ki, yaman şeysən sən, Malik, aləmsən, aləm. Sonra Ələkbər nazik, incə barmaqları ilə armudu stəkanı götürüb səliqə-sahmanla və Gümüş Malikə nisbətən xeyli ədəb-ərkanla çay içməyə başladı. Gümüş Malik nə qədər ətli-canlı, iri sümüklü, kələ-kötürüydüsə, Ələkbər bir o qədər naziksümük, qolu, sinəsi, elə başı da tüksüz bir adam idi, təkcə qarnı pırtdayıb qabağa çıxmışdı ki, bu da yəqin Gümüş Malikin sayəsində idi, yəni bir yerdə yeməklərinin, içməklərinin nəticəsi idi. Bir dəfə yeddi bacanaq yola çıxdı, yeddi gün gecə-gündüz bir yerdə yol getdi, axırda gəlib mənzil başına çatanda yeddisi də heyifsiləndi ki, yolda, heç olmasa, bir adama da rast gəlmədik ki, bir-iki kəlmə söhbət eləyək. Gümüş Maliklə Ələkbər də iyirmi ilin bacanağı idi, amma bu yeddi bacanağa oxşamırdılar, həmişə bir yerdə yeyib-içirdilər və bu iyirmi il ərzində bir yerdə Tiflisə, Kislovodska, Odessaya çox kefə getmişdilər; arvadlarını da bir yerdə aldadırdılar, hər halda, dəllal Zübeydədən tutmuş bağban Əsədullayacan kəndin camaatı belə danışırdı və babalı da danışanların boynuna.

Amma bütün bunlarla bərabər, Gümüş Maliklə Ələkbər tamam başqa-başqa adamlar idi. Gümüş Malik nə qədər tez özündən çıxanıydısa, Ələkbər bir o qədər tədbirli idi, Gümüş Malik ağına-bozuna baxmayıb fikirləşdiyini üzə deyən idi, Ələkbər ömründə adamın üzünə bir söz deməzdi və ilaxır. Nə isə, iki bacanaq həmin payız günü çayçı Qəzənfərin çayxanasında oturub hind çayı içirdi. Çayxana yavaş-yavaş adamla dolurdu.

Əmirqulu kənardan Gümüş Malikə baxırdı və fikirləşirdi ki, arıq adama heç kim hörmət eləmir, amma kök adamın hörməti çox olur, necə ki, Gümüş Malikin hörməti çox idi və necə ki, Əmirqulunun özünün qətiyyən hörməti yox idi, amma əsl məsələ burasında idi ki, heç bir fərqi yox idi, istəyirsən Gümüş Malik kimi, evdə ancaq gümüş qab-qacaq, gümüş çəngəl-bıçaq işlət ki, mədə-bağırsağa xeyirdi və camaat də sənə Gümüş Malik desin, istəyirsən də Əmirqulu kimi, cibində bir qara köpüyün olmasın, əlinə keçəni də apar ver şirin çaxıra, hamısı birdir, bu dünya elə dünyadı ki, nə Gümüş Malikə qalacaq, nə də Əmirquluya.

Əmirqulunun günorta içdiyi iki stəkan şirin çaxırın dəmi yavaş-yavaş keçib gedirdi və ona görə də Əmirqulu həyat haqqında bu cür bədbin fikirlərə dalmışdı. Bu vaxt Baladadaş çayxanaya girdi.

Əlbəttə, Baladadaşın xəbəri yox idi ki, Əmirqulu bu saat dünyanın işləri barədə fikirləşir və əli ilə şalvarının dalını çırpa-çırpa, çayxanadakı camaatla da salamlaşasalamlaşa gəlib Əmirqulu ilə üzbəüz oturdu və ən qəribəsi də bu idi ki, Baladadaş özü də dünyanın işləri barədə, dünyanın adamları barədə fikirləşirdi. Bir az bundan qabaq Baladadaş Bakıdan kəndin yuxarı tərəfində tikilən sanatoriya üçün daş gətirirdi və maşını Binədə aerodromun yanından sürəndə enən və qalxan təyyarələri görüb, Abşeron yollarında belədən-beləyə gedən maşınları görüb fikirləşdi ki, bu dünyada gör nə qədər adam istədiyi yerdə deyil, yəni bu adamlar orda ki olmalıdı, orda deyil, bu adamlar tələsir, ora gedir, bura gedir. Aydın məsələdi ki, Baladadaş enən və qalxan təyyarələri çox görmüşdü, bütün ömrü maşınların arasında keçmişdi (atası Ağababa da sürücü idi), amma bu dəfə elə bil təzə gözlərlə baxdı bu təyyarələrə, bu maşınlara və özü də bilmədi ki, niyə belə baxdı.

Baladadaş baş barmağı ilə «aerodrom» papağını arxadan yuxarı qaldırdı və başını qaşıdı.

Bir il bundan əvvəl Baladadaş da beləcə tələsirdi, bura tələsirdi, bax, bu Abşeronun sahilinə tələsirdi, bax, bu kəndlərinə tələsirdi, gözünü yumub özünü Abşeron yollarında maşın sürən görürdü, Xəzər suyunun şor təmini ağzında hiss eləyirdi. Onda Baladadaş Amur vilayətində əsgərlikdə idi və bu iki il əsgərliyin, üç ay da sürücülük kursunda oxumağın elə bir günü olmadı ki, Baladadaş yuxuda burda dənizdə çimməsin, fikrində qumluğun üstündə ayaqyalın gəzməsin və Amur vilayətinin qışın oğlan çağındakı soyuğunda Abşeron günəşindən od kimi qızmış qum yalın ayaqlarını yandırmasın; Amur vilayətinin o soyuğunda, hər tərəfi bürümüş ağappaq qarında Baladadaş fikrən Abşeron gününün cırhacırında üzüm yeyirdi, əncir dərirdi, barmaqları ilə əzib boşalda-boşalda narın suyunu sümürürdü; bir gün olmadı ki, Baladadaş altı bacısının altısını da – Nailəni də, Firuzəni də, Kəmaləni də, Amaləni də, Dilşadı da, Böyükxanımı da bir-bir gözlərinin qabağından keçirməsin, indi özləri əsgərlikdə olan kiçik qardaşları Ağagülü və Nuhbalanı, atası Ağababanı və Ağabacını, əslinə qalsa, bütün kəndi, lap elə bu Əmirqulunun özünü fikirləşməsin.

Əmirqulu indi Baladadaşla üzbəüz oturub çay içirdi, amma heç ağlına gətirmirdi ki, bax, bu Baladadaş Amur vilayətində əsgərlikdə olanda onu gətirib gözlərinin qabağına və onunla beləcə üzbəüz oturub çay içməyin həsrətində olub. Indi bir il idi ki, Baladadaş əsgərliyi çəkib qayıtmışdı kəndə və bir il idi ki, Baladadaş Abşeron yollarında 3 nömrəli tikinti idarəsinin təptəzə bir yük maşınını sürürdü, amma dünyanın işləri, doğrudan da, sirri-xuda idi; indi də hərdən Baladadaş özünü Amur vilayətində görürdü, o tərəflərin göz işlədikcə uzanan genişliyi, böyüklüyü bəzən elə bil ki, Baladadaşı Abşeronun üçbucaq sahilinə sığışdırmırdı. Baladadaş çaydan bir qurtum alıb, armudu stəkanı nəlbəkiyə qoydu və baş barmağı ilə «aerodrom» papağını arxadan yuxarı qaldırıb başını qaşıdı.

– Alə, ay uşaq, yaxın gəl görüm! – Bunu Baladadaşa baxa-baxa Gümüş Malik dedi.

Baladadaş əvvəlcə, elə bil, qulağına inanmadı, sonra Baladadaşın sifəti qaraldı və bunu çayçı Qəzənfər də o saat hiss elədi və fikirləşdi ki, lənət şeytana, axşam vaxtı, müştərinin bu gəlhagəlində burda dava-mərəkə qopmasa yaxşıdı, milisioner Səfər də axşamlar gəlib həmişə burda çay içərdi, indi tərs kimi o da yoxdu. Baladadaş kəndin sayılan cavanlarından idi və çayçı Qəzənfər də yaxşı bilirdi ki, Baladadaşı camaatın içində bu cür çağırmaq olmaz. Baladadaşa bu cür yuxarıdanaşağı baxmaq olmaz.

– Noldu, alə? Sənnən döyüləm? – Gümüş Malik dedi.

– Nədi? – Baladadaş güclə soruşdu.

– Maşunun cağdı? – Gümüş Malik soruşdu.

– Sözüvü de.

– Yeri get maşunuvu çıxart, sür bizə, bir az balıq-zad var orda, qoy maşına, apar ver Bakıda bizim uşaqlara. – Gümüş Malikin qızı inişil konservatoriyanı bitirmişdi, fortepiano çalırdı və indi Bakıda ərdə idi, əri bəstəkar idi və Gümüş Malikin gözü həmişə onların üstündə idi və ələlxüsus da bir az içki içəndən sonra o saat uşaqlar Gümüş Malikin yadına düşürdü: gah gedib kürəkəninin, qızının professorlarını, müsabiqələr təşkil eləyən cürbəcür adamları, münsiflər heyətinin üzvlərini tapıb bütün dost-tanışları ilə birlikdə kababxanaya aparırdı, gah bir-bir bu adamların evlərinə baş çəkirdi, əlindən gələn hörməti onlardan əsirgəmirdi, gah, nə bilim, nə eləyirdi. Sonra Gümüş Malik ağır-ağır bir yanını qaldırıb əlini şalvarının cibinə saldı və bir iyirmibeşlik çıxarıb: – Bax, bu iyirmibeşliyi də yapışdıracayam sənün alnuva! – dedi.

Çayçı Qəzənfər başa düşdü ki, işlər tamam xarab oldu. Çayxananın camaatı heç cınqırını da çıxarmırdı. Əmirqulu işləri belə görüb fikirləşdi ki, bir qara köpüyə dəyən dünya deyil bu dünya, niyə səhərdən burda oturub? Buzovnada Nersesin dükanına bir çaxır gəlib ki, lap seyidi çağır, gəlsin içsin; durub çayxanadan əkildi. Baladadaş ayağa qalxdı, əli ilə şalvarının dalını çırpdı və gəlib Gümüş Maliklə Ələkbərin qabağında dayandı və:

– O iyirmibeşliyi apar yapışdır oğraş kürəkənüvün alnına, qızıvun da başını vur onun başına! – dedi.

Baladadaşın dediyi bu sözlər çox ağır sözlər idi.

Gümüş Malikin axırıncı qurtumu boğazında qaldı, sonra Gümüş Malik, elə bil, ayıldı və elə bil, kimlə danışdığını, necə danışdığını və harda danışdığını indi başa düşdü, başa düşdü ki, indi elə bir məqamdı ki, Baladadaşın sözünün üstündən söz demək olmaz, «aerodrom» papağın altından baxan bu gözlərdən bu saat cin yağırdı, bu şümal oğlanın bütün bədəni bu saat elə bil yay idi, dartılmışdı və himə bəndiydi; Gümüş Malik ətli gözlərini Baladadaşdan çəkib bir-bir çayxanada oturmuş camaata baxdı və təkcə bunu dedi:

– Nolar, qədeş, sənin də mənə işün düşər!..

Baladadaş:

– Mənim sənün kimisinə işim düşməz! – dedi.

Səhərdən bəri səssiz-səmirsiz oturmuş Ələkbər həyəcandan titrəyən nazik barmaqları ilə tutduğu stəkanı nəlbəkiyə qoydu, Baladadaşı təpədən-dırnağacan süzdü və:

– Düşməz deyirsən? – soruşdu. – Yəni heç düşməz?

– Heç düşməz.

– Nolar... – Birdən-birə Ələkbərin nazik sifətinə bir rişxənd gəlib qondu. –

Nolar... Ona işün düşməz, amma mənə işün düşər!..

– Sənə də düşməz.

– Baxarıq!

– Baxarıq!

Baladadaş bu «baxarığ»ı elə dedi ki, Ələkbər kimi tədbirli və təmkinli bir adam da ürkdü, qorxdu ki, Baladadaş bu saat onun üstünə yeriyəcək, amma Ələkbərin kiçik qardaşı Ağakərim keçən il Bakıda hüquq fakültəsini bitirmişdi və indi Mərdəkanda milisdə işləyirdi, buna görə də Ələkbər yenə toxdadı. Baladadaş Ələkbərə baxdı, daha tamam-kamal ayılmış Gümüş Malikə baxdı və şeytana lənət deyib, güc-bəla ilə çayxanadan çıxdı və çayxananın təzə rənglənmiş, cır-cır da cırıldayan qapısını ardınca çırpdı. Çayçı Qəzənfər rahat nəfəs aldı.

Çayxanada oturanlar çox yaxşı başa düşdülər ki, Baladadaş niyə özünü saxladı, niyə çayxanadan çıxıb getdi, dava-dalaş salmadı.

Məsələ burasında idi ki, düz altı gündən sonra Baladadaşın toyu idi. Çayxanada oturanların hamısı burasını da çox yaxşı başa düşdü ki, Ələkbər niyə ikibaşlı danışdı, ürəklə danışdı; təkcə ona görə yox ki, Ələkbərin kiçik qardaşı Ağakərim rayon mərkəzində milis işində işləyirdi – bu öz yerində, hərçənd hamı bilirdi ki, Baladadaş da atası Ağababa kimi belə şeyləri vecinə alan oğul deyil; ona görə ki, – bax, məsələnin də böyüyü elə bunda idi! – Ələkbər kənd hamamının müdiri idi və bu kəndin bütün evlənən cavanları toy hamamına Ələkbərin müdir olduğu bu bircə hamama gedirdi, Ələkbər də kefi istədiyi vaxt ya təmir adıyla, ya başqa bir adla hamamın qapısına yekə bir qıfıl vururdu və bu yekə qıfılı açdırmaq minnət istəyirdi, yaxşıca bir xələt istəyirdi.

Bu kənddə arvadlar arasında birinci sözgəzdirən dəllal Zübeydə idi, kişilər arasında da birinci sözgəzdirən çayçı Qəzənfərin özü idi və təbii ki, elə həmin gecə Baladadaşla Ələkbərin çayxanadakı bu «baxarıq»ları bütün kəndə yayıldı; Baladadaşın nişanlısı, tibb məntəqəsində tibb bacısı işləyən Bikənin ürəyində bir nigarançılıq yayıldı ki, nə gecələr onu yatmağa qoydu, nə gündüzlər əməlli-başlı toya hazırlaşmağa: birdən toyqabağı Baladadaşın əlindən bir xata çıxar; Baladadaşın anası Ağabacı hərdənbir toya hazırlıqdan macal tapıb oğluna yalvar-yaxar elədi ki, işin olmasın onlarla, xata-bəladılar başdan-ayağa, əlləri pulla oynayır; Baladadaşın bacıları Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad və Böyükxanım nigarançılıqdan bilmirdilər ki, nə eləsinlər, böyük qardaşları Baladadaşın köynəklərini daha səliqə ilə yuyurdular, şalvarlarını, pencəyini daha cidd-cəhdlə ütüləyirdilər, çayını, xörəyini daha səliqə-sahmanla gətirirdilər; Baladadaşın atası Ağababa ilə Baladadaş arasında pərdə var idi və Ağababa təkcə bunu elədi ki, bir neçə dəfə mənalı-mənalı öskürdü Baladadaşın yanında; Ələkbərin arvadı Anaxanım gecə soyunub ərinin yanına girməzdən əvvəl başını daraya-daraya bir xeyli müddət Baladadaşın qarasına deyindi, xuliqandı, dedi, sən Ətağanın cəddi, Ələkbər, dedi, işin olmasın onnan, sonra yorğan-döşəyə girib ətli-canlı əndamı ilə ərinin naziksümük bədəninə bir sığal verdi və Ələkbəri qollarının arasına alıb dedi ki, toy günü açarı ver Səmədağaya, heç özün getmə hamama, istəyirsən bir yerdə kinoya gedək Bakıya; Gümüş Malikin bütün günü Bakıda – «Əlvida»da başı qarışıq olurdu, Baladadaş da, Ələkbər də yadından çıxırdı, amma elə ki, axşam qırmızı «Jiquli»sinə minib kəndə qayıdırdı, birdən Baladadaş gəlib düşürdü yadına və Gümüş Malik tamam dilxor olurdu; kənd Sovetinin katibi Suğra Baladadaşın kənddə birinci dostu şofer Əzizağanı çağırıb tapşırdı ki, Baladadaş şuluqluq salsa, milisioner Səfər iş başında olacaq və dedi ki, guya, Ələkbərə də belə bir sifariş göndərib, amma Əzizağa Suğranın Ələkbərə sifariş göndərməyinə inanmadı, çünki Suğra öz oğlunu Mərdəkanda milisdə işə düzəltdirmək istəyirdi.

Bütün kənd Baladadaşın toy hamamını gözləyirdi.

Belə bir söz gəzirdi ki, guya kəndin ağsaqqalı qəssab Ağakişi durub gedib Ələkbərgilə ki, çoxdandı kəndin toyları dava-şavasız keçir, Ələkbər təzədən dilxorçuluq salmasın ortaya və guya, Ələkbər heç nə deməyib, amma gülümsəyib. Kəndin bir qismi adamı Ələkbərin susmağını belə yozurdu ki, toy günü Baladadaşla işi olmayacaq, elə də ürəkli adam deyil Ələkbər ki, Baladadaşa sataşsın; bir qisim adam da deyirdi ki, Ələkbər elə Ələkbərdi ki, gərək Baladadaşı ayağına gətirsin ki, kim kimdi, yoxsa ki, hörmətdən düşərlər Ələkbərgil, yəni Ələkbərin özü də hörmətdən düşər, Gümüş Malik də hörmətini itirər, çünki camaat baxıb görər ki, bunların elə qozqurtmağı var imiş...

Əmirqulu günortadakı çaxır payını içib otururdu darvazalarının qabağındakı tut ağacının altında və kürəyini tutun yoğun gövdəsinə söykəyib hıçqıra-hıçqıra:

– Alə, davasız toyun nə ləzzəti?! – deyirdi. – Toyda gərək dava olsun də!.. Mən ölüm, – deyirdi, – mən də bıçağı çoxdandı işə salmıram. Pasdanıb bıçaq, xoşuma gəlmir...

Eyvanda uşaqların pal-paltarını yuyan Xeyransa Əmirquluya tərəf boylanırdı, başqa bir adam eşitməsin deyə bərkdən yox, pıçıltı ilə dedi ki, elə qara yerə soxum səni, yaman da bıçaq vuransan...

Dəllal Zübeydə Bakıda rayondan gəlib təhsil alan bir tələbə üçün kirayə ev tapmışdı və işin tərsliyindən Baladadaşın toy günü Bakıya getməli idi, amma məsələ gör hansı mərtəbəyə gəlib çatmışdı ki, Zübeydə bütün həyatında birinci dəfə azı on manatından keçdi, Bakıya getmədi ki, görsün bu mərəkənin axırı nə olacaq. Qohum-əqrəba bilirdi ki, Baladadaş Əzizağanın xətrini çox istəyir, ona görə də Əzizağanı sağdış seçdilər və Əzizağa da Bikəgilə söz göndərdi, Ağabacıya söz verdi ki, arxayın olsunlar, Ağababaya da dedi:

– Üreyüvü buz kimi elə, Ağababa dayı. Ölmüşəm beyəm?!

Ağababa Əzizağaya baxdı, amma bir söz demədi, çünki kəndin cavanları ilə arasında pərdə var idi və indi ya hirsini, ya nigarançılığını bildirib yüngülsaqqallıq eləmədi.

Həmin gün qəribə bir gün çıxdı, elə bil, payızın sonu yox, yazın ortaları idi və həmin gün elə bil ki, kəndin ətrafındakı qayalıqlar, üzümlüklər, qumsallıq, dəniz qəsdən yaz oyunu oynayırdı, elə bil əncir, nar, tut, heyva ağaclarının payız sarısı çıxıb getmişdi, yox olmuşdu, indi bu sarılıqda bir qızılı işıq gəlmişdi kəndə və Bikə də evdə başına yığışmış qız-gəlinin arasında oturub pəncərələrindən bu qızılı işıqlı kəndə baxırdı və ürəyindəki nigarançılıqla deyirdi:

– Allah onun canını sağ eləsin! Baxtından gör necə gün çıxıb bu gün! Ürəyi təmizdi Baladadaşın, onnandı... Allah onu başımızın üstündən əskik eləməsin!

Dəllal Zübeydə belə vaxtlarda yaşa-zada fikir verməzdi, özünü salardı cavan qız-gəlinin arasına, bununla bir şit zarafat eləyərdi, o birisinə göz vurardı, o birisinə də him eləyərdi, amma bu dəfə dəllal Zübeydə də pəncərədən bu qızılı işıqlı kəndə baxdı və yana-yana:

– Illahamin! – dedi və bu yanğısı ilə Bikənin Baladadaş sarıdan nigarançılığını daha da artırdı.

Cavanlar məhəllədə mağar qurmuşdu, Ağababa Maştağadan xanəndə çağırmışdı və bu xanəndə öz dəstəsiylə gəlmişdi, hətta deyirdilər ki, guya, Hacıbaba Hüseynov özü gələcəkmiş, amma Bakıda yeyinti sənayesi işçiləri gününə həsr olunmuş konsertə gedəsi olub. Bozbaş bişirməyə uşaq bağçasının aşpazı Hüseynqulunu dəvət eləmişdilər və Hüseynqulunun da ki, bozbaşı bütün bu tərəflərdə məşhuri-cahan idi və buna görə də kəndin birinci bozbaş yeyəni həkim Ağaəli səhər yerindən durandan dilinə bir şey vurmamışdı ki, Hüseynqulunun bozbaşının təmini yaxşı hiss eləsin. Və həmin qızılı işıqlı payız günü kəndə belə bir xəbər yayıldı ki, Ələkbər hamamda özü üçün öz şəxsi xərcinə düzəltdirdiyi kabinetində oturub kağız-kuğuzu sayğaca vura-vura deyir:

– Səmədağa icazə alıb mənnən bu gün, həyətindəki güllərlə məşğuldu.

Demişəm ona ki, lazım olsa əgər, çağırram səni... Səmədağa hamamın ocaqçısı idi.

Əlbəttə, bu o deyən sözdü ki, Baladadaş, ya da elə Ağababanın özü ayağıma gəlsin, minnətə adam göndərsinlər, üzrxahlıq eləsinlər, onda baxarıq; Baladadaş da ki, camaatın içində Maştağada, Buzovnada, ya da ki, Şüvəlanda toy hamamına getməyəcəkdi ki; bəy də toy hamamına getməsəydi, bu toy nə Baladadaşa yaraşardı, nə də Ağababaya.

Tay-tuş Baladadaşın xasiyyətinə yaxşı bələd idi və ona görə də toy hamamının vaxtı gəlib çatanda hamı mat-məəttəl qaldı və bilmədilər ki, nə eləsinlər; biri istədi gedib Ələkbərin anasından əmdiyi südü burnundan gətirsin, amma dedilər ki, birdən xoşu gəlmədi Baladadaşın, o biri istədi gedib bıçağı soxsun Gümüş Malikin qarnına, dedilər yaxşı deyil, Baladadaşın toy günü qan salmayaq ortaya, hamı naəlac qaldı və hamı baxdı Əzizağaya, Əzizağa da getdi Baladadaşın yanına:

– Alə, dur gedək hamama! – Əzizağa dedi. – Kimdi, alə, Ələkbər, Allah vurub onu! Adamın ömründə bir dəfə toy hamamı olur. Gedək, sənün heç işün yoxdu, mən özüm deyərəm ona ki, Səmədağanı çağırtdırıb ocağı yandırtsın. Özüm billəm, necə danışaram onnan!

Baladadaş əli ilə təzə ütülənmiş qara şalvarının dalını çırpıb:

– Alə, tanımırsan məni sən? – dedi və elə dedi ki, elə bil, doğrudan da, şübhə edirdi ki, uşaqlıqdan bir məhəllədə böyüdükləri Əzizağa onu tanımır.

Əzizağa:

– Yaxçı! – dedi və doğrudan da, özündən çıxdı. – Sən öləsən, qərdeş canı, bu saat gedib Gümüş Maliki tapıcıyəm, özü gedib o əclafa hamamı işə saldırmasa, tökəciyəm bağırsaqlarını yerə!..

Əzizağa elə bu sözləri deyib otaqdan çıxmaq istəyirdi ki, Baladadaş əlini atıb divardakı xalçanın üstündən asılmış qoşalüləni götürdü və qundağı döşünə sıxıb lüləsini Əzizağaya tuşladı:

– Düş qabağıma!

– Alə, dəli olmusan?

– Demədim, alə sənə ki, düş qabağıma?! – Baladadaş bu sözləri elə dedi ki, bu tüfəng əhvalatının açıq-aşkar ciddiliyinə Əzizağanın heç bir şəkk-şübhəsi qalmadı.

– Alə, mənə bax...

– Sən bilirsən ki, mən belə zarafat ələmərəm! Düş qabağıma!

– Alə, hara axı?

– Toy hamamına!

– Qan tökmək istəyirsən, alə? Yazıqdı, alə, Bikə...

– Düş qabağıma!

Əzizağa ürəyində Ələkbərin atabaatasının goruna söydü, bir anın içində fikrindən keçirdi ki, əclaf köpəkoğlu Ələkbər, hamımızı saldı zibilə, təzə-təzə özümüzə bir gün ağlayırdıq, təzə-təzə əlimiz çatırdı çörəyə (Əzizağa düz yeddi aydı ki, kənddən Bakıya və Bakıdan da kəndə işləyən marşrut taksisi sürürdü və bu sürücü vəzifəsini xətirlər xətrinə Əzizağaya vermişdilər).

Əzizağa qabaqda, Baladadaş da əlində tüfəng Əzizağanın dalınca evdən çıxanda hamam boğçaları elə-eləcə otaqda qaldı və bütün həyət-bacaya vəlvələ düşdü, aşpaz Hüseynqulu tut ağacının altında oturub toy bozbaşının soğanını soyurdu, qabaqda Əzizağanı, dalca da əlitüfəngli Baladadaşı görəndə, kişi həyatında birinci dəfə soğan əvəzinə barmağını kəsdi; talvarın altında oturub çay içə-içə, qəlyan çəkə-çəkə özlərini axşamın toyuna hazırlayan Maştağa xanəndəsinin bütün dəstəsiylə bir yerdə gözü bərələ qaldı, hərçənd bu xanəndə Abşeronda az toy yola salmamışdı; arvadlar qışqırıq qopardı, cavanlar, uşaqlar Baladadaşgilin dalına düşdü; Əmirqulu da darvazalarının qabağındakı tut ağacının altında oturub kürəyini söykəmişdi ağacın yoğun gövdəsinə və bütün dünya vecinə deyildi, amma qabaqda Əzizağanı, dalca da əlitüfəngli Baladadaşı görəndə, kəndin cavanlarının, yeniyetmələrinin, uşaqlarının da bunların dalınca getdiyini görəndə durub o da düşdü bu dəstənin dalına, xəbər gəlib Ağabacıya çatanda arvad əli ilə üzünü cırıb: «Vaxsey! – qışqırdı. – Evimiz dağıldı! – dedi. – Gedib öldürəcək o hamamçı Ələkbər oğraşı!» Və başı alovlu həyətə qaçdı; Ağababa qaşlarını çatdı, heç kimə heç nə demədi, tütündən sapsarı saralmış barmaqları arasında tutduğu siqareti əncir ağacının dibinə tulladı, sonra təzə siqaret yandırdı; bir göz qırpımında xəbər gəlib Bikəgilə çatanda Bikənin ürəyi getdi, dəllal Zübeydə də heyfsilənə-heyfsilənə başını bulayıb dedi ki, axırıncı dəfə bu kənddə toy zamanı adam öldürmüşdülər, iyirmi il bundan əvvəl, heyf Baladadaşdan, özünü də hökumət güllələyəcək.

Bütün kəndə səs yayılmışdı ki, Baladadaş sağdışı Əzizağanı da qabağına qatıb əlitüfəngli toy hamamına gedir və təbii ki, bu xəbər gəlib hamamdakı kabinetində köhnə kağız-kuğuzları yalandan sayğaca vuran Ələkbərə də çatdı və Ələkbər bircə dəqiqənin içində təmkinini də itirdi, tədbirli olmağı da çıxdı getdi işinin dalınca, bir istədi ki, qaçıb kənd Sovetinin idarəsindən rayon mərkəzindəki kiçik qardaşı Ağakərimə zəng eləsin, amma ürək eləmədi çölə çıxsın, müsibət bir qorxu bürüdü canını, öz-özünə: « – Sənin ciyərün yansın, Malik! Tramvay altında qalasan səni! Ömründə sənnən bir köpəkoğlu xeyir görüb ki, mən də saldım özümü bəlaya?» – dedi, sonra qışqırıb haray salmaq istədi ki, ay camaat, qoymayın, öldürəcək məni bu dəli, amma belə bir məqamda Ələkbər kəndin camaatına da etibar eləmədi, hamamın çöl qapısını içəridən bərk-bərk bağladı, sonra öz kabinetinin qapısını içəridən bərkbərk bağlayıb hamamın içində tək-tənha qaldı; Baladadaş gəlib bu qapıları bir-bir sındıranacan yəqin ki, milisioner Səfər özünü yetirəcəkdi bura, amma Ələkbər bilmədi ki, xəbər gəlib milisioner Səfərə çatanda camaat bir də baxıb gördü ki, yox, balam, Baladadaş hamama tərəf getmir, kənddən çıxıb dəniz kənarındakı qayalığa tərəf gedir və kənddə də cavan, yeniyetmə, uşaq qalmayıb, hamı düşüb əlitüfəngli Baladadaşın və bu tüfəngin qabağınca yeriyən Əzizağanın dalına.

– Alə, sal aşağı tüfəngi də!.. Gedirəm də, hara deyirsən gedirəm sənnən də, sal aşağı tüfəngi...

– Səsüvü çıxarma!

Kənd arxada qaldı və onlar qayalıqdan aşağı düşüb sahilə endilər. Həmin qızılı işıqlı son payız günü dənizin, qumluğun, qayalığın və bütün bu tərəflərin üstündə böyük-böyük ağappaq buludlar donub qalmışdı və bu ağappaq topa-topa buludların arasından, burdan, ordan göyün gömgöylüyü görünürdü. Dəniz boz-yaşıl idi, bütün üfüq boyu isə göy bir zolaq uzanırdı, elə bil ki, üfüq xəttindən o tərəfə dənizin o biri hissəsi idi, ikinci yarısı idi və dənizin o uzaq ikinci hissəsi tərtəmiz, gömgöy idi.

Qayalıqdan qumluğa düşən kimi, Baladadaş əlindəki qoşalülənin qoşa gülləsini də havaya sıxdı və o son payız günü bu sahilin sakitliyi belə pozuldu, sonra Baladadaş tüfəngi bir tərəfə tullayıb qaça-qaça və qaça-qaça da soyuna-soyuna özünü dənizə vurdu və elə bil ki, ancaq bundan sonra məsələnin nə yerdə olduğunu başa düşüb Əzizağadan tutmuş bütün dəstə hamısı qışqır-bağır sala-sala, yüyürəyüyürə, soyuna-soyuna lüt anadangəlmə olub dənizə atıldı və heç kim payızı vecinə almadı, dənizin bumbuz soyuğunu vecinə almadı və bu günəşli son payız günündə yəqin ki, sahilboyu sakitcə üzüşən balıqlar da bu qəfil şappaşurupdan, bu qəfil hayküydən, bu qəfil dəniz sevincindən hürküb birdən-birə elə bil dəli olmuş bu sahildən uzaqlaşdı.

Birdən qəribə bir əhvalat baş verdi: Əmirqulu var gücü ilə sudan yuxarı atılıb var gücü ilə də:

– Ələkbər! Ay Ələkbər! – deyə qışqırdı və bundan sonra bütün çimənlər hamısı bir-bir, sonra hamısı bir yerdə özlərini sudan yuxarı atıb: – Ələkbər! Ay Ələkbər! – deyə qışqırmağa başladı.

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

Bu hay-küy, əllərin, ayaqların dəniz suyundakı şappıltısına qarışıb yaydan, sentyabrın ortalarından bu yana neçə müddətdi ki, sakitlik içində olan, təkcə küləyin vıyıltısını, dənizin gurultusunu eşidən sahilə yayıldı, qağayılar, cüllütlər havaya qalxdı və yəqin ki, bu qəfil sahil oyanışından bir şey baş açmayıb səs sala-sala dənizdə çimənlərin başının üstündə uçdu.

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

Dənizdə çimən həmin dəstə, qabaqda Baladadaşla Əzizağa, beləcə hay-küylə də kəndə qayıtdı və artıq bütün bu əhvalatdan xəbərdar olan kənd camaatı da bəylə sağdışın dəstəsini beləcə hay-küylə gördü.

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

Və onlar gəlib hamamın yanından keçəndə Baladadaş ayaq saxladı, hamı səsini kəsdi və Baladadaş bərkdən qışqırdı:

– Alə, Ələkbər! O sənün hamamun, o da sən! Mən dənizdə çimdim! Özü də mənim oğlum... – Əvvəlcə Baladadaş söz tapa bilmədi ki, sözünün dalını gətirsin, amma Baladadaş hiss elədi ki, bu yerdə nəsə yaxşı, lap əntiqə bir söz deməlidi. – Mənim oğlum... – Baladadaş yenə bir söz tapa bilmədi. – Mənim oğlum... – Tapdı Baladadaş. – Mənim oğlum dənizə oxşayacaq, day sənün o xosma hamamuva yox! Sonra hamı yenə hay-küylə kəndin aşağı başında qurulmuş toy mağarına tərəf getdi.

Bu dəm Gümüş Malik də Ələkbərin hamamından xeyli kənarda dayanmışdı, çünki Gümüş Malik istəmirdi ki, belə bir gündə camaat onu bu axmaq Ələkbərin hamamının yanında görsün.

O ki, qaldı çayçı Qəzənfərə, çayçı Qəzənfər:

– Sən öləsən, Nəcəf, düz bir həftə səni... – Çayçı Qəzənfər sözünü axıracan demədi, çünki gördü ki, Əmirqulu da yanlarında dayanıb ona qulaq asır və çayçı Qəzənfər Əmirquluya da müraciət eləyib sözünün dalını dedi: – Alə, Əmirqulu, səni də, düz bir həftə sizi çaya qonaq eliyəciyəm. Bir köpük də aldı yoxdu sizdən, mən ölüm, qonağımsuz! Alə, alə, tamaşaydı bu e, tamaşa!.. – Çayçı Qəzənfər gülməkdən qarnını tutdu.

Kitabxanaçı Nəcəf kəndin ədalət uğrunda ən birinci mübarizə aparanı idi və müftə şeylə arası yox idi, amma bütün bu əhvalatdan sonra, kitabxanaçı Nəcəf də çayçı Qəzənfərin birhəftəlik çay qonaqlığını qəbul etdi və:

– Oldu, qədeş! – deyib güldü.

Noyabr, 1980.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

Anar "Nisbət nəzəriyyəsi"

Ş.Ağayar "Möhüş"

A.Məsud "II İohan"

R.Tağı "Tüfəng səsi"

M.Cəfərli "Amerika"

Elçin "Baladadaşın toy hamamı"

# 4566 dəfə oxunub

Oxşar xəbərlər

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
# # #