Əsmər bir ayrılıq sevdirirdi özünü – ŞEİRLƏR

Əsmər bir ayrılıq sevdirirdi özünü – ŞEİRLƏR
13 yanvar 2016
# 12:44

Kulis şairə Nuranə Nurun yeni şeirlərini təqdim edir.

Cəsarət

Adam cəsarətlə doğulmur,

Cəsarətlə böyümür, yaşamır.

Cəsarəti öyrətmirlər adama,

qazanırlar ...

Yaltaqların, nadanların,

qanmazların qarşısında susduqca,

həyatımızı burnumuzdan qusduqca qazanırıq.

Həvvanın cəsarətini qınayırıq min illərdi,

o ağacı, o nəfsi yaradanı qınamırıq.

Biz yalnız ölümün üstünə cəsarətlə gedirik,

çünki ondan çox zəifik.

İlk cəsarətimi xatırlayıram -

yelləncəkdə ipdən buraxmışdım əlimi .

Sonuncunu yox.

Elegiya

Bir də Günəşi görməyə imkanın olmayacaq yəqin,

Bəlkə də Günəşi görməkdən başlayardı

Yenidən dünyaya qayıtmaq,

Sevdiklərini görmək istəyin.

Arzularını udmuşdun, ondan idi köksünün ağrısı.

Əsmər bir ayrılıq sevdirirdi özünü,

Yaman inandın, o ağzı torpağa.

Əyninə biçilmiş ömrü daraltmışdı,

Qoymurdu daha qorxduğundan qorxmağa.

Alın tərini, əcəl tərinə qatırdı əzizləyə-əzizləyə

Vergül qoyurdu , alnındakı yazıya...

Apardı, arxasınca qırdı göyləri saxlayan ipləri,

Heç olmasa aldatmayaydı,

Çatan kimi atmayaydı qara yerin qucağına...

Biri var imiş, biri yox imiş kimi...

Foto

Nə vardı gözlərindən gələcəyi oxumağa,

keçmişini xatırlatmasaydı.

Belə yaxın durmasaydı,

nəsə uydurmasaydı...

özündən gizlənməsəydi, bu baxışlar.

Düşüncələr qucağından qoymur yerə,

bu dəcəl uşağı.

Qoysa yoxuşlara yuvarlanar.

Xəstələnib sakit durunca dəcəl uşaqlar,

Anaları yalvararlar Allaha,

Tez sağalıb, dağıtsın ev-eşiyi.

Ən sevdikləri, qoruduqları əşyaları verərlər əllərinə.

Bax, elə vermişəm könlümü bu adama

Bircə mən bilirəm,

Ən yaxşı fotosu ömür boyu çəkdikləridi bu adamın.

***

Axşamüstü geyinincə,

O işıqlı paltarını,

İncə qaranlığından,

Qapısını döyüb qaçmaq istəyirəm bu şəhərin.

Çıxmaq istəyirəm övladlığından.

Kövrək Ay öpər üzümdən,

Yollar tutar əlimdən.

Çox sular axdı,

O körpünün altından.

Külək çoxdan qırıb,

O buludun qanadını.

O körpüdən, o buluddan

Çəkdim yorulmuş gözümü.

Yol yolçunun xərcliyidi,

Yollardan aldım özümü.

Nə bir ünvan tanıyıram,

Nə bir insan,

Dincəm indi.

Bilmirəm kim xatırlayar,

Yaşım qədər gəncəm indi.

# 18783 dəfə oxunub

Oxşar xəbərlər

Bədii mətnin sirlərini açan mətnlər - Cavanşir Yusifli

Bədii mətnin sirlərini açan mətnlər - Cavanşir Yusifli

10:00 22 iyun 2025
"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

09:00 21 iyun 2025
"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

15:00 20 iyun 2025
Həccə getməzdən əvvəl bu kitabı oxuyun! - Allahı sevməyin 56-cı dərəcəsi

Həccə getməzdən əvvəl bu kitabı oxuyun! - Allahı sevməyin 56-cı dərəcəsi

14:20 20 iyun 2025
Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

12:26 19 iyun 2025
Ölüm yox olsaydı, nə baş verərdi? - Fərid Hüseyn

Ölüm yox olsaydı, nə baş verərdi? - Fərid Hüseyn

09:00 18 iyun 2025
#
#
# # #