Mən o eynəkliyə heç vaxt pul vermərəm LAYİHƏ

Mən o eynəkliyə heç vaxt pul vermərəm <span style="color:red;">LAYİHƏ
13 fevral 2015
# 15:19

Kulis.az-ın “Hekayədən sonra” layihəsində yeni yazılmış hekayələr haqqında yazıçılar, tənqidçilər öz fikirlərini bölüşəcəklər.

Bu dəfə Əjdər Olun bu yaxınlarda işıq üzü görmüş “Eynək” hekayəsi haqqında fikirləri təqdim edirik.

Etimad Başkeçid: “Əjdər Olun «Eynək» hekayəsi, sözsüz, onun ən uğurlu mətnlərindən biridir.

Hekayəni şərti olaraq, «portret-hekayə» adlandırmaq lazım gəlir, çünki burada digər nəsr janrlarında olduğu kimi, şəxsiyyətin və ya obrazın xarakteri sabitləşmiş, sümükləşmiş ictimai mühitlə konflikt zəminində açılmır. Burada mühitin özü bir obrazdır. Həm də, tekstdə prototip – bədii obraz konstruksiyasından istifadə olunmur, ad çəkilməsə də, real hadisələrdən və real insandan bəhs edən hekayədə obrazın kimliyini hər kəs bilir.

Başqa qələmlərdən çıxan bu tip yazılardan fərqli olaraq, bu nüanslar Əjdər Olun hekayəsinin bədii siqlətinə heç bir xələl gətirmir, əksinə onu olduqca gücləndirir. Necə ki, «Qılaflı adam»da Çexov Taqanroq gimnaziyasının real həyatdakı inspektorunun portretini çizir, ancaq bütün zamanların ən gözəl hekayələrindən birini yaratmağa müyəssər olur.

Belə görünür ki, bu gün Azərbaycanda bu tipli hekayələrin ən usta yazarı Əjdər Oldur. Özünüz də şahidsiniz ki, hər dəfə onun hekayəsi çap olunan qəzet əldən-ələ gəzir.

Açıq deyirəm, mənə görə, bu hekayə ictimai-estetik şüura mücərrəd mövzularda yazılmış tərifli qalın romanlardan daha çox təsir gücünə malikdir. Odur ki, mənə yalnız sənətkarı təbrik etmək qalır”.

Aqşin: “Əjdər Olun "Eynək" hekayəsini əvvəlki portret hekayələri kimi maraqla oxudum. Bu hekayələrin təhkiyəsini mən öz aləmimdə nəsrin sərbəst vəznində yazılmış mətnləri hesab edirəm. Yalçın Rzazadənin sözü olmasın, sənət millət üçün yox, dünya üçün olmalıdır prinsipinə söykənib hekayənin mətnaltı energetikasında gördüyüm fitri qəzadan danışmaq istəmirəm. Ancaq bir oxucu kimi emosiyalarıma xəyanət etməyib demək istəyirəm ki, "Eynək" hekayəsi "İki gün əvvəl Eynəyə “28 May” metrosunun keçidindən aldığımız bütün paltarlar Səttarın əynindəydi" cümləsi ilə bitməliydi. Sonrakı cümlələrdəki izaha ehtiyac yox idi. Şəxsən mən bu izahı aldığım kitabda qaralayacağam ki, bu hekayə mənim kitabxanamda dediyim uğurlu sonluqla başa çatsın”.

Sahilə İbrahimova: “Əvvəllər özüm də belə yazsam da, obrazın və ya nə isə başqa şeyin təsviri ilə başlayan hekayələri sevməməyə başlamışam. Düşünürəm ki, hekayə qəfil hadisə ilə başlamalıdı. Çünki adamın deməyə xəbəri, danışmağa hadisəsi olanda, adətən, başda hansısa predmetə o qədər diqqət ayırmır. Səbirsiz olur, hadisənin ucundan qulağından deyir, sonra prosesdə iştirak edən komponentlərdən söz açır. “Eynək” hekayəsi eynəyin təsviri ilə başlayır. Və təsvir o qədər maraqlı, o qədər diridir ki, onu oxuya-oxuya çətinlik çəkmədən qəfil hadisəyə tərəf gedirsən. İstənilən uğurlu hekayənin ən az bir qəfil hadisəsi olmalıdı. “Eynək” hekayəsinin iki qəfil hadisəsi var. Qəfil qonaq peyda olanda və hekayəni nağıl edən məmur şair-rəssamı şəhərdə oğlu ilə birgə görəndə. Hekayə Heminqueyin təbliğ etdiyi aysberq texnikasına uyğundu, onun böyük hissəsi müəllifin beyninin içindədi. Müəllif hadisəyə münasibətini bacardıqca gizlədib, oxucunu yönləndirməyib. Emosiyalara təsir gücünə görə hekayə birmənalı şəkildə əsərin qəhrəmanına qarşı mərhəmət hissi yaradır. Empati - başqasının dərdinə şərik olmaq insana məxsus ən ali hisslərdən biridir. Empati duyan insanlar heç vaxt qarşı tərəfi bilərəkdən incitmirlər, adamların canını bilməyərəkdən ağrıtmamaq üçün isə həzlərinin nazı ilə oynamır, ehtiyatla yaşayırlar. Balaca bir hekayə insanda empati hissini oyada, yarada bilirsə, bu, əsl ədəbiyyat uğurudur. “Eynək” bunu bacarıb.

Tamaşaçını güldürmək üçün dəridən-qabıqdan çıxan gülüş ustaları uğursuz olurlar, adətən. Oxucunu təsirləndirmək üçün açıq-aydın çalışan əsərlər də uğursuzdur. Hekayəni anladan məmur hadisəni alçaq səslə, jest və mimikalardan çox istifadə etməməklə danışır. Özüm daxil, ədəbi çevrədə çoxu bilir bu hadisəni məhz kim danışır və bunu özündən nə isə artırıb azaltmadan edir. Lakin hekayə elə maraqlıdır ki, tezliklə onu nağıl edən yaddan çıxır, fikir Əjdər Olun eynəkli adamına yönəlir. Sonluq xaric, hekayənin ilk təsirli hissəsi eynəklinin qayışı dostu üçün götürməsi zamanı yazılıb. Bu, həm də onu göstərir ki, o, tək deyil.

Hekayə texniki və bədii cəhətdən mükəmmələ yaxın yazılıb. Mən yəqin bu hadisəni, o sonluğu heç vaxt unutmayacağam. Lakin eynəkli adama gözüm yaşaracaq qədər ağrısam da, ona haqq qazandırmıram. Çox zaman kiçik istedadının ətəyindən yapışıb rahat yolu seçdikləri üçün səfil gününə düşür belə adamlar. Çox vaxt içki içən şair yox, zəif şeirlər yazan alkaş olur belə adamlar. Hamımız içində birtəhər yaşamalı olduğumuz eyni həyatdayıq. Əlbəttə, imkanlar bərabər paylanmayıb. Lakin mübarizə aparmadan, başqa yolu da sınaqdan keçirmədən məğlub olmaq zəiflik bir yana, tənbəllik deyilmi? Mən ziyalını hansısa məmura əl-ağız açan görmək istəmirəm. Mən cəmiyyət üçün yararlı insan yetişdirməyə qadirkən, öz nümunəsi ilə övladlarını da əyyaşlığa dəvət edən atalara haqq qazandırmaq istəmirəm. Şair-rəssam oğlu ilə danışır. Söhbət əsnasında məşhur rəssamın adını çəkirlər. Görünür, şair-rəssam ata (genetik və ya təcrübə ilə) istedadını oğluna ötürüb. Lakin əsl bədbəxtlik ondadır ki, belə atalardan oğullara irsi səfillik də bəxş edilir. Səfil ata səfil oğul verir dünyaya. Hə, kiminsə aldığı təzə paltarları da oğluna verir, əvəzində onun köhnələrini geyinir. Çox saf, çox məsum görünür atanın məhəbbəti. Lakin yenə səthi, asan, yenə tənbəl sevgidir. Övladını sevən ata başqa cür edir. Biz bunu bükülmüş beli, şalvar-köynəyinin bir küncünə qısılmış bədəni ilə səhərdən axşama kimi ora-bura vurnuxub övladlarının təhsil alması üçün çalışan kişilərin qismində görmüşük. Beləcə, mən bir oxucu kimi Eynəkliyə acıdım. Fürsət düşsə, ona mənəvi dəstək olaram, lakin heç vaxt ona maddi kömək etmərəm.

“Ata eynəyin, oğulsa atanın dalınca düşüb gedir” deyir sonda müəllif. Hörmətli məmurlar, əksərinizin böyük qatqıları sayəsində məğlub olub insanların çoxu. Lütfən, onların cibinə 50 minlik basmaqla kifayətlənməyin. Oğullarını xilas etməyə çalışın.

Qısa hekayəsi ilə məni özümlə uzun-uzun danışmağa sövq edən Əjdər Ola təşəkkür edirəm”.

Cavid Zeynallı: “Eynək” Azərbaycan ziyalısının faciəsini göstərən əla bir hekayədir. Məncə, çağdaş Azərbaycan ədəbiyyatında reallığı bədii kontekstdə, istedadla göstərə bilən məhz bu cür hekayələrə ehtiyac var.

Bəri başdan deyim, hekayənin qəhrəmanını tanıyan adam “niyyət təmizliyi” məsələsinə görə müəllifə iradını bildirə bilər. Amma niyyət məsələsi ciddi ədəbiyyatın müzakirə mövzusu deyil. “Eynək”də xoşuma gələn məsələ qəhrəmanın düşdüyü acınacaqlı vəziyyəti ağlayıb-sıtxamadan sadəcə danışmaq, daha doğrusu göstərməkdir. Burda Əjdər Olun yumor damarı da hekayənin uğuruna kömək edib. Məsələn, Cəfər Cabbarlının heykəlinin qarşısında dostunu gözləyəndə əla bir replika atır: “Hər iki sənətkarı salamlayıram!”.

Və məsələ burasındadır ki, Eynək belə qiymətdən xoşbəxt olur, çiçəyi çırtlayır.

Yaxud: “Ürəyimdən keçir ki, nola, indi Cabbarlı dirilib pyedestaldan düşə, üç qardaş biri-birimizə qoşulub gedək İçərişəhərdəki cızbızxanaya”.

Qəhrəmanımızın saflığı, sənət məcnunluğunun özü bir ayrı məsələdir. Məcnundan söz düşmüşkən, rəssamın oğluna Səttar adını verməsinin da mesajı bir başqadır.

Eynəyin faciəsinin səbəbini, xırdalığını nə müəllif açıb göstərməyin tərəfdarı olub, nə də mən bu haqda danışmaq istəyirəm. Məncə, oxucu hər şeyi özü gözəl bilir və bunu onun öhdəsinə buraxaq. Vacib olan odur ki, müəllif əl bulaşdırdığı qəhrəmanını əlinin içi kimi tanıyır, onun hər cikinə-bikinə bələddir. İstehzası isə məncə, konkret şəxsə yox, bir nəfərin timsalında könlünü sözə və rəsmə verən adamlara xoşbəxtlik gətirməyən sənətə və mühitədir. Məsələn, Eynək köhnə kəmərini yumrulaya-yumrulaya deyir: ”Bir rəssam dostum var, kəməri qırılıb, şalvarı belindən düşür, bunu onun üçün aparacağam”.

Bu detal hər şeyi açıb-göstərir.

Hekayənin yalnız sonluğu haqqında bunu deyə bilərəm: məncə, mətn “İki gün əvvəl Eynəyə “28 May” metrosunun keçidindən aldığımız bütün paltarlar Səttarın əynindədir”. – cüməsi ilə bitməliydi. Qəhrəmanın portreti o qədər dəqiq cızılıb ki, sonrakı təfərrüatı həzm etmək oxucu üçün qətiyyən çətinlik yaratmır”.

# 1491 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #