Ay camaat, mən sufiyəm...

Ay camaat, mən sufiyəm...
15 yanvar 2015
# 15:00

“Bərpaçıya məktublar” silsiləsindən

Mən məni bir daha ələ keçirsəm,

Abi-həyat içirsəm, demirəm...

Mən illər boyu apardığım müşahidələrin kadr arxasından baxanda Sabirin “ağlar-güləyən” obrazının boyaboy işıqlandığını görürəm. İnsanların enerjili vaxtında necə irəli cumduqları, qocaldıqda tısbağa kimi qınlarına çəkildiklərini görmək üçün bir ömür yaşamaq və ən əsası susmaq gərəkdir. Ancaq bu müşahidələrin içində mənə ən doğma olanı insanların yaşlaşdıqca özləri ilə gizlənqaç oynamalarıdır. Özü gizlənir, özü qaçır, özü-özünü “tapır” və anidən itirir. Uzun sözün qısası, mən tanıdığım və aşiq olduğum insanlar qəribə bir tərzdə sufiləşirlər. Boy-buxuna baxırsan, yerişə-duruşa, ən əsası tamah potensialını görürsən, deyirsən: əhsən sənə! Bu vurhavurda sufilik hardan çıxdı. Bu sufi kişilər və qadınlar (gənc və istedadlı Dədə Qorqudlar....) bir də gördün nəyisə ələ keçirib istila etmək üçün, yəni fateh olmaq üçün kiməsə açıq məktub yazır, kimisə danlayır... və birdən içində yatıb qalan nəzəri görüşləri şərh edirlər. Boğaza qədər hisin-pasın içindəykən qəfil çıxış yolu tapılır: sufilik, ay camaat, mən sufiyəm. “Uzaq sahillərdə” filmi yadıma düşür: sən ancaq....

Bu parodiya tamaşasını gördükdə adam bilmir neyləsin; dünən böyür-başımızdan biri də getdi, əskildi, yəni sufi oldu. Ümid təkcə bunadı ki, əvvəl-axır yan-yörədə kimsə qalacaq, səni tək buraxmayacaq. İçində elə şeylər burax ki, hamı çəkib getsə belə, tək qalmayasan. Deyəsən, mən də yavaş-yavaş sufi oluram.

Bu sufi yeri gələndə dövlət mükafatı alır, ona-buna dissertasiya yazır, yaxud təşkil eləyir, yaxud çeşid-çeşid nitqlərində ikinci cümlədən sonra özünü tərifləyir. Bizim günlərdə, türklər demişkən, çox yayğın olan insan tipi belədir: sufidir, ancaq bir balaca quyruğu var. Bunlar qədim sufilərin dediyi kimi, “yaralı buraxılan adamlardır”. Aslanı yaralayıblar. Yəni, illər boyu çalışıb, zəhmət çəkib, amma vəzifə, ən azından istədiyini verməyiblər. Bu adamlar həm də heç susmayan insanlardır. Qulaq asmadan danışan insan tipi. Yenə qədim sufilər demişkən: sözlər həqiqət deyil, ağızdan çıxan səslərdir. Həqiqəti bilmək üçün yaşamağa ehtiyac var.

Bir də: söylədiklərimin hamısından vaz keçdim, peşman oldum, çünki nə sözdə məna, nə də mənada söz qaldı.

Mən sufi olmağımı belə planlaşdırıram:

Gecə hamıdan qabaq yatıb, sabah olmamış yerindən astaca qalxıb

İş yerinə gəlirsən və beləcə hamını, elə özünü də aldadıb

heç kəsin gümanı gəlməyən bir yerə qonaq gəlirsən, burda pəncərənin ağ-qara şəklindən payızın qızıl xəzəlinə baxıb dodaqların uçuqlayır.... Ömrüm boyu burda olmağı arzulamışdım, ola bilmədim, indi səhər açılacaq və gizlənməyin

mənası itəcək.

Ömrün mənası nə uzun yaşamaqda

Nə tez ölməkdədi

Bu məna gecəylə gündüzün tən ortasında

Heç kəsin

Olmadığı yerdədi

Elə özünün də...

# 2710 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər