Azərbaycanın 1 nömrəli şairi – Aslan Quliyevdən yeni hekayə

Azərbaycanın 1 nömrəli şairi – Aslan Quliyevdən yeni hekayə
24 iyul 2019
# 12:42

Kulis.az Aslan Quliyevin “Azərbaycanın 1 nömrəli şairi” hekayəsini təqdim edir.

Özünə az qala zorla Ustad təxəllüsü verdirmiş əyalət şairinə bir axşam özü kimi boz şair zəng elədi. Onu Yazıçılar Birliyində yeni çıxan kitabının təqdimatına dəvət edir, özüylə heç olmaya bir şair də gətirməsini dönə-dönə xahiş eləyirdi. Ustad heç vaxt belə tədbirləri qaçırtmazdı, onun üçün belə tədbiri qaçırtmaq, özünü reklam eləmək fürsətini qaçırtmaq idi. Onu çaşdıran dostunun xahişi idi. Oturub baş sındırır, özüylə kimi aparacağı haqda uzun-uzadı düşünürdü.

Sonda gənc şair Sərbəstin üzərində dayandı. Ustad gəncləri sevmirdi, hələ bir şeir yazmaq xülyasına düşənləri isə heç sevmirdi. İşdə beləydi, sözdə isə özünü gənclərin hamisi, himayəçisi kimi göstərirdi.

Sərbəst də bütün gənclər kimi arada cızığından çıxırdı. Durub “Ədəbiyyat” qəzetinə yazı göndərirdi, qəzet də çap eləyirdi. Nəticədə nə olurdu? Sərbəst düşünürdü, bir halda mən də Ustadla eyni qəzetdə çap olunuramsa, özümü onunla bərabər apara bilərəm. Apara bilməzsən, ay küçük! Yerini, həddini bilməlisən! Amma burası da var idi, Həsrət toylarda onun şeirlərini ilhamla oxuyur, onu ustad adlandırırdı. Yəni nə qədər yekəbaşlıq eləsə də, onun böyüklüyünü, ustadlığını danmırdı. Bu mühüm şərtdi. Sərbəsti dəvət eləmək olardı.

Sərbəstə zəng elədi, heç razılığını soruşmadan dedi, hazırlaş, sabah Bakıya kitab təqdimatına gedirik. Səni öz maşınımla aparacağam, gecə qalmağın da mənlikdir. Təşəkkür eşidəcəyini, Sərbəstin onu tərifləyəcəyini, gənclərin qayğısına qaldığına görə minnətdarlıq eləyəcəyini gözləyirdi. Amma bu südəmər nə desə yaxşıdır? Ustad, mən elə tədbirlərə getmirəm, amma sizdən keçə bilmərəm. Gedək, deyirsinizsə, gedək.

Vay, şərəfsiz, vay! Küçük, səni hansı tədbirə dəvət eləyirlər ki, gedəsən, ya getməyəsən? Sən haçan böyüdün? Demək, səni tədbirə dəvət eləyirlər, sən də getmirsən? Yalançının atasına lənət! Uça-uça gedirsən! Gecə-gündüz oturub səni belə tədbirə nə vaxt dəvət edəcəklərini gözləyəsən! İstədi desin, bir halda belə tədbirlərə getmirsən, getmə, qal, başqasını apararam, amma demədi. Bu onun nüfuzuna zərbə olardı. Bəs ustad dəvət eləyib, Sərbəst də onun dəvətini qəbul eləməyib.

Uzatmadan, səhər tezdən yola çıx, dedi və hətta Sərbəstin nə deyəcəyini gözləmədən dəstəyi asdı. Saat neçədə çıxmalı olduğunu da demədi. Adam yekəbaşlığının cəzasını çəkməliydi. Hər tədbirə getməyən südəmərin gecə yarısından yola çıxıb onu gözləyəcəyinə əmindi. Təzədən ona zəng eləyib yola neçədə çıxacağını soruşmağa da cürət eləməzdi.

Gözlədiyi kimi də oldu. Səhər maşını işə salıb şəhərə doğru istiqamət götürəndə Sərbəstin yolun kənarında gözlədiyini gördü. Bax belə, bundan sonra kiminlə danışdığına, ən əsası da necə danışmalı olduğuna diqqət verərdi.

Yola düşdülər. Heç biri dinib danışmırdı. Ustad bu sırtıq gənc şairə onunla öz həmsöhbəti kimi rəftar eləməsi kimi bir şans tanımaq istəmirdi. Onu tədbirə aparmağa məcburdu, amma onunla söhbət eləməyə məcbur deyildi.

Günortaya yaxın maşını yol kənarındakı kababxanalardan birinin həyətinə verib saxladı. Düşdülər, yuyunub masa arxasına keçən kimi də, ofisiantı səslədi. Doldur stolun üstünü, dedi, kababçıya denən, kababı yağlı eləsin. Bir şüşə də araq gətir. Sonra da gənc şairə tərəf döndü və yola çıxdıqları müddət ərzində ilk dəfə ona müraciət elədi. Ye, iç, kef elə, mən rol arxasındayam, içə bilmərəm. Sən kefinə bax. Əslində isə demək istəyirdi, mən sənin kimi küçüklə araq içə, qədəh toqquşdura bilmərəm. Sonra gedib feysdə şəkil paylaşasan, bəs ustadla yeyib içirdim, qədəh toqquşdururdum.

Sərbəst də yeyib içir, kefinə baxırdı. Vay, şərəfsiz, vay! Arağı son damlasına qədər içdi. Hələ bir şüşəni götürüb baxdı, görsün sona qədərmi içib? Arağın az olduğun deyir, açıq-aşkar onun daha bir şüşə gətirtməsinə işarə vururdu. O isə qaşqabağını tökmüşdü, küçük, bəsindir, bir o çatmırdı Yazıçılar Birliyində sərxoşluq eləyəsən.

Hesabı verdi və yenidən yollarına davam elədilər. Sərbəsti araq cəsarətə gətirmişdi. Boğazını arıtlayıb dilləndi:

- Ustad, sizə bir şeir oxumaq istəyirəm.

Buyur, belə əbləhə bir şüşə araq içirdəndəydi günah. İcazə də istəmirdi, cəsarət eləyib sizə şeir oxumaq istəyirəm də demirdi. Elə beləcə həyasızcasına bəyan eləyirdi, sizə şeir oxumaq istəyirəm. Qaşlarını çatdı:

- Sən mənə neyləmək istəyirsən?

- Mən sizə bir şey eləmək istəmirəm. Şeir oxumaq istəyirəm.

- Şeir?

- Hə də.

- Oxuya bilərsən.

Sərbəst də oxudu. Əttökən şeirdi. Haqqının tapdalandığından dəm vurur, bu haqda aləmə car çəkmək istəyirdi. Ay südəmər, sənin nə haqqın var ki, tapdalayalar da? Nə haqqa sahibsən? İşinin, gücünün adı nədir? Səhərlər inəyi çölə ötürürsən, toyuqlara dən səpirsən, tövləni təmizləyirsən. Tövləni təmizləmək, toyuqlara dən səpmək haqqını kim əlindən alır ki, bu haqda aləmə car çəkirsən? Car çəkdin nə olasıdır, tökülüb gələcək, inəyi çölə ötürmək haqqını özünə qaytaracaqlar? Ötür də, bu haqqı kimsə sənin əlindən almayıb. Heç vaxt da almaz!

Onun dillənmədiyini görən Sərbəst səbirsizliklə soruşdu:

- Hə, necədir?

- Normaldır.

- Normal? – Sərbəstin heyrəti sonsuz idi.

İndi də heyrətdən Ustadın ağzı açıla qalmışdı. Nə cür yəni, mən çapda şair bunun şeirciyəzini normal adlandırıram, sağ ol demək əvəzinə, razı qalmır. Heyrətlənir? Bəs nə desin? Desin, yaxşıdır, misilsizdir? Neyləsin, maşını yolun kənarına verib saxlasın, bunun ağzına, burnuna şaxarrasınmı? Düşünüb fikrindən daşındı.

Şəhərə kimi dinib-danışmadılar. Birbaşa Yazıçılar Birliyinə getdilər, yer tapıb maşını saxladılar. YB-də isə Ustad yenidən öz böyüklüyünü göstərməyi qərara aldı. Həm bu düdəməyə, həm də digərlərinə. Sərbəsti YB-nin katiblərinə təqdim eləyirdi, Sərbəst isə kimin sayəsində bu şərəfə layiq görüldüyünün zərrəcə də fərqində deyildi. Katiblərlə şəstlə görüşür, bunu özünün halalca haqqı kimi qəbul eləyirdi. Ustad da yanıb yaxılırdı.

Tədbir isə Ustadın bütün ümidlərini puça çıxartdı. Onun qənaətincə ilk olaraq ona söz verilməliydi, o da ağayana bir çıxış eləməli, yüz manat verib, qiyməti beş manat olan kitabdan iyirmisini almalı, elə ordaca pulsuz-parasız gənclərə paylamalıydı. Qoy böyüklüyünü görsünlər! Amma ona heç sonda da söz vermədilər. Hələ harasıymış! Vay səni lənətə gələsən! Sənin iyrənc sifətinə tüpürüm! Dostu Sərbəstə söz verdi! İnanılası deyildi, amma belə də oldu. Bu iyrənc sifət adam irişərək dedi, əslində, burda Ustad danışmalıydı, amma biz onsuz da az qala hər gün, hər saat Ustadın səsini eşidir, sifətini görür, şeirlərini dinləyirik. Hansı qəzeti açırıq, hansı radioya qulaq asır, televizorda hansı kanala baxırıq, ustad ordadır! Qoy bu dəfə səsini eşitmədiyimiz cavan dostumuz danışsın, öz şeirlərindən oxuyub bizi feyziyab eləsin.

“Cavan dostum” dediyi bu düdəmə “Əyər ustad icazə verərsə”, “Ustadın icazəsiylə” dedimi? Demədi. İrəli keçib səsinin gur yerinə salaraq danışdı, şeirciyəzlərini oxudu. Hələ bir onu alqışladılar da! Düdəməni maşınına qoyub tədbirə gətirəsən, yolda qonaq eləyəsən, küçüyə bir şüşə araq içirdəsən, o da gələ, səni belə mühüm yerdə keçirilən, belə mühüm adamların iştirak elədiyi tədbirdə əzib keçə. Tapdalaya, meyitini ata!

Məlum işdir, heç bir dənə də kitab almadı. Gözgörəsi əclaflıq eləmiş dostuna üstünü də yazdırmadı. Dostu böyük səhv elədiyini yalnız indi başa düşdü, amma artıq gec idi. Bununla belə şirin dilini işə saldı, iyrənc gülüşüylə güldü, Ustad, yəqin böyüklüyünüzü göstərəcəksiniz. Tədbirdən sonrakı məclisin ağırlığı yenə də sizin çiyinlərinizə düşəcək.

“Mənim çiyinlərimə heç nə düşməyəcək, – istehza ilə dedi. – Amma səsini eşitmədiyiniz cavan dostunuz böyüklüyünü göstərmək istəyərsə, mən etiraz eləmərəm”. Cavan dostun ciblərində siçanlar oynaşırdı, nə böyüklük göstərəcəkdi? Dostunun ağaran, dəhşətdən və həyəcandan əyilən sifətinə baxanda bu gün ən nəhayət qəlbində gizli bir sevinc baş qaldırdı.

Sərbəsti qardaşının evinə apardı. Onları yaxşı qarşıladılar, qonağa məxsusi diqqət göstərirdilər və bu da yenidən ustadı qıcıqlandırırdı. Adamı başına bəla gətirmişdi. Dərhal süfrə açdılar, ilk olaraq süfrəyə mərci şorbası gəldi. Ardınca qardaşı kotlet də gətirəndə Ustad əlinin dalıyla kotleti aparmasını işarə elədi. Apar bunu, cavan dostumuza çox ət yemək ziyandır. Onsuz da yolda bəs qədər kabab aşırıb.

Sərbəst boynunu bururdu, Ustad, ətin mənə heç ziyanı yoxdur. Siz narahat olmayın, mən gecə-gündüz də ət yesəm mənə heç nə olası deyil.

Ustadın yenidən qanı qaraldı, Allahım, ildırımını çax, qoy məni iki yerə bölsün! Qoy yanıb kül olum! Doğrudanmı bu küçük elə zənn eləyir mən ona görə narahat ola bilərəm? Düdəmə, sən kim olursan? Düş gəbər, heç tükümü də darağa vermərəm! Narahat olmaq, filan nədir?

Qardaşı araq gətirəndə, yenidən qaşqabağını töküb etirazını bildirdi. Apar bunu, cavan dostumuz araq çox içəndə özünü apara bilmir. Dostumuza araq ziyan gedir.

Sərbəst bu dəfə etiraz eləyə bilmədi, Ustadı fikrindən döndərə bilməyəcəyini başa düşmüşdü. Mərci supunu içdilər, Sərbəst hələ də boylanır, kotleti, ya da arağı gətirəcəklərini gözləyirdi. Ustad bütün ümidlərini boşa çıxartdı, qardaşına tapşırığını verdi. Buna ayaqyolunun yerini göstər, nə işi var, görsün, sonra da yatdığı yeri göstər, yatsın.

Sərbəst narazı qalsa da, getməli oldu. O gedəndən və Ustad onun yatağına girdiyinə əmin olandan sonra qardaşına göstəriş verdi:

- Katleti və arağı gətir!

Araq içir, kotlet yeyir, günün bütün ağrı-acılarını, ona edilən hörmətsizlikləri unutmağa çalışır, amma unuda bilmirdi. Həyatında bunca uğursuz bir gün olduğunu xatırlamırdı. İşə bax, dərisi qara qəpiyə dəyməyən adamlar Ustadın heysiyyatına toxunmuşdular. Onu ələ salmışdılar.

Səhəri rayona yola düşdülər, şəhərdə gecikmişdilər, Ustadın xırda-para işləri var idi. Şəhəri çıxanda artıq günorta vaxtı idi. Ustad maşını yol qırağındakı kababxanalardan birinin həyətinə verib saxladı. Ofisiantı çağırıb çay və peçenye sifariş verdi. Sərbəstin gözləri kəlləsinə çıxmışdı, Ustad, harda görülüb kababxanada çay ilə peçenye içələr. Burda kabab, araq verirlər.

Ustad başını yırğalayırdı, Sərbəst, sən çox sırtıq adamsan, həm də qanmazsan. Bir halda kababxanada kabab yemək, araq içmək istəyirdinsə, ustadına qarşı qanacaqsızlıq eləməzdin. Sənə çıxış üçün söz veriləndə, Ustad olan yerdə, mənim həddim nədir şeir oxuyam, deyərdin. Heç olmaya, şeir oxumaq üçün ustadından icazə alardın. Sənsə heç birini eləmədin. Qanmazlıq elədin. Çay və peçenye ilə də keçinməli olacaqsan. Həm də unutma, mən sənə çay, ya da peçenye almağa borclu deyiləm. Almaya da bilərəm.

Sərbəst kəsilə-kəsilə qalmışdı. Ustada bələddi, doğrudan da almaya bilərdi. Onda da burdan rayona kimi ac-susuz getməli olardı.

Bir azdan ayağa qalxıb maşına mindilər və yollarına davam elədilər. Qaranlıq düşəndə artıq qonşu rayona çatmışdılar. Sərbəst birdən Ustadla danışmağa ehtiyac duydu:

- Ustad, - dedi, - mən ürəyimi sizə açmaq istəyirəm.

Ustad şübhəylə qaşlarını çatdı:

- Sən mənə neyləmək istəyirsən?

- Ustad, mən sizə heç nə eləmək istəmirəm.

- İstəsən də, eləyə bilməzsən. Amma nəsə eləmək istədiyini dedin.

- Hə, ürəyimi açmaq istəyirəm.

- Aç, - Ustad razılıq verdi.

Sərbəst də bütün cəsarətini toplayıb açdı, yəni ürəyini:

- Mən Azərbaycanın bir nömrəli şairiyəm.

- Nə?!

Ustad maşını yolun kənarına verib saxladı. Səhvmi eşitdi, ya bu küçük doğrudanmı özünü ölkənin bir nömrəli şairi elan elədi? Həyatı boyunca bunca alçaldığını, heysiyyatının bunca təhqir olunduğunu xatırlamırdı. Düdəmənin birini maşınına mindirirsən, Bakıya aparırsan, yolda yedizdirib içizdirirsən, YB - nin katibləri ilə tanış eləyirsən, qardaşının evində qarnını doyuzdurursan, güllü yataq ağlarında yatır, sonra da ölkənin bir nömrəli şairi olduğunu deyir? Düdəmənin bu fikirdə olduğunu, belə düşündüyünü kimsə ona desəydi, inanmazdı. İndisə özcə qulaqları ilə eşitdi. Düdəmə məhz belə də dedi. Bir nömrəli şairiyəm!

Sərbəst ac idi, ac olanda da hirsli olurdu. Ümumiyyətlə bu hər bir insanın normal ruh halı, insanlar ac oldularmı, əsəbləşirlər. Bir qayda olaraq ac ölkələrin insanları əsəbi və aqressiv olurlar. Ustadın narazı qaldığını hiss elədi. Amma vecinə də almadı. Cəhənnəmə narazı qalsın, nəhayət bu adam həqiqəti eşitməliydi. Canını azar aldı, bir şiş kabab almağa qıymadı. İndisə gözlərini bərəldir.

Ustad qəzəblə dilləndi:

- Gör sənə nə deyirəm, bunu nə sən dedin, nə də mən eşitdim. Yaramaz hərif, bu nə qanacaqsızlıqdır?! Sən ölkənin bir nömrəli şairisənsə, onda mən neçə nömrəliyəm?

- Siz də iki nömrəli, - Sərbəst dedi, - üz vurmayın. Bu elə məsələdir, burda dədəmə də güzəştə getmərəm.

Ustad geri qanrıldı. Artıq aşıb-daşan qəzəbini idarə eləmək gücündə deyildi, verdi cavan həmkarımızın ağız-burnunu yumruğa. Belə reaksiya gözləməyən cavan dostumuz özünə gələnə kimi üz-gözü partladı, qaraldı. Burda acı bir etiraf eləməliyəm. Ustad bezdarnı şairdi, yəni axtarsan yazdıqları qara qəpiyə dəyməzdi. Yalnız özünü gözə soxmaqda misilsiz fərasəti var idi. Bu xarakter bütün bezdarnı yazarlarımıza xasdır, özlərini misilsiz məharətlə gözə soxurlar. Həm də təkcə gözə yox. Amma gənc dostumuzun bədbəxtçiliyindən Ustad özünü gözə soxmaqda fərasətli olduğu kimi, yumruq sahəsində də məharətli idi. Tappatarapla vururdu. Amma gənclik bir başqa nəsnədir. Öz sözünü deyir. Sərbəst özünə gələn kimi də: “Sənin lişni var-yoxunu…” deyərək Ustadın harası gəldi ilişdirməyə başladı. Gənc dostumuzdan fərqli olaraq Ustadın yumruq vurmaq qabiliyyəti olsa da, yumruğa dözmək qabiliyyəti yox idi, Sərbəst fəaliyyətə başlayandan az sonra əzab çəkməyə başladı. Onu uşaqlıqda da çox döymüşdülər, amma yumruğun bunca ağrıdacağı ağlına da gəlməzdi. Bu küçük, adı it dəftərində olmayan düdəmə bütün ölkənin tanıdığı, dəyərləndirdiyi Ustada işkəncə verirdi. Onu adamlıqdan salırdı. Azərbaycan ədəbiyyatının bel sütununu zədələyirdi. Sonda hər ikisi əldən-dildən düşdülər. Üz-gözlərində salamat yer yox idi, üst-başları al qan idi.

Ustad maşından düşdü, gəlib Sərbəst oturan tərəfdən maşının qapısını açdı. Düş, oğraş, dedi, burdan rayona piyada gələrsən, onda bilərsən ustadına hörmətsizlik eləmək nədir. Sərbəst də düşdü, maşının təkərinə bir təpik vurdu, tüpürüm sənə də, maşınına da, dedi. Bağrın çatlasa da, gəbərib ölsən də, bu ölkənin bir nömrəli şairi mənəm!

Ustadın daha onun ağız-burnunu yumruğa verməyə heyi-hərəkəti yox idi, hər biri kal armud kimi ilişib boğazında qalan sözləri udmağa məcbur oldu və maşınına oturub çıxıb getdi.

Sərbəst qaldı yol kənarında tək-tənha. Yoldan maşınlar keçib gedirdilər, amma cibində bir qəpik də pulu yox idi. Bəlkə onu tanıyacaqdılar, zarafat deyildi, ölkənin bir nömrəli şairiydi, pulsuz aparacaqdılar rayona? Bu ümidlə maşınlara əl elədi, heç kim saxlamadı. Maşın faralarının işığında qandan qıpqırmızı görünən bu varlığın zavallı Azərbaycanımızın bir nömrəli şairi olduğunu hardan bilsinlər? Yolun kənarında gəzişirdi, qan iyinə uçuşub gələn minlərlə ağcaqanadı qovmağa gücü yox idi, lənətə gəlmiş ağcaqanadlar bayram eləyirdilər. Ustad qanını axıtmışdı, ağcaqanadlar da qanını sorurdular.

Burda sabaha sağ çıxmazdı, gənc dostumuz isə yaşamaq istəyirdi. Onda yazmaq eşqi, ən başlıcası isə həyat eşqi çox güclü idi. Yaşamaq, yazmaq istəyirdi. Lap elə ustadın acığına! Çarəsiz qalıb Ustada zəng elədi, Ustad telefonu açan kimi də, başına dönüm, Ustad, dedi, bir qələtdi eləmişəm, məni döndər balalarının başına. Gəl məni apar burdan, yoxsa səhərə ölərəm burda. “Cəhənnəmə öl,- Ustad dedi, - it kimi peşiman oluncaya qədər, sənə yardım eləyən deyiləm!” “Ustad, - gənc şair seçimini elədi, yaşamağı alçalmaqdan üstün tutdu, - mən it kimi peşiman olmuşam”. “Eləmi? Onda de görüm, ölkənin bir nömrəli şairi kimdir?” “Sizsiz, ustad”. “Ay şərəfsiz, bunu dərhal deyə bilməzdin? Onda sən neçə nömrəlisən?” “Mən də iki nömrəli”. “Xeyir, - Ustad qəti etiraz elədi, - on nömrəlisən”. “Yaxşı, Ustad, ön nömrəliyəm”.

O qədər keçmədi Ustad qayıdıb gəldi, dönüb maşını onun bərabərində saxladı. Şüşəni aşağı salıb dedi, gör sənə nə deyirəm, bundan sonra mən sənə düdük deyəcəyəm. Sən də deyəcəksən, can, Ustad, can. Hə indi təkrar elə görüm, mən sənə nə deyəcəyəm, sən mənə nə deyəcəksən?

Bu öldürücü təhqirdi, amma Sərbəst udmağa məcburdu. Yuxarıda xatırlatdığım kimi gənc dostumuz yaşamaq istəyirdi. Təkrar eləməli oldu, Ustad, siz mənə “düdük” deyəcəksiniz, mən də sizə “Can, ustad, can” deyəcəyəm. “Eynən!” - Ustad təsdiqlədi. Bir qədər ara verdi və onu səslədi:

- Düdük!

- Can, Ustad, can.

Ustad onun tərəfindən qapını açdı:

- Düdük, - onun “Can, Ustad, can” deməsini gözləmədən göstəriş verdi: - Otur, getdik.

Image result for Aslan Quliyev

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #