Allahı gördüm, məni döyməyə başladılar - Bir dəlinin gündəliyi

Allahı gördüm, məni döyməyə başladılar - Bir dəlinin gündəliyi
28 may 2019
# 09:01

əvvəli burada

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

Tanrıya çağırışım yumruqlarla əvəzləndi. Əllərim, qollarım bağlanmışdı. Küt sifətli sanitar yumruqları üzümə yağdırırdı. Mən Tanrını görürəm deyirdim, o isə mənə amansız zərbələr endirirdi.

Vura-vura söyüşlər yağdırırdı:

- Sənin ananı... Oğraş... Sənin v...

Mən də altda qalmırdım:

- Budu sənin ən güclü udarın?

Bu sözlərimdən daha da cuşa gəlir, dayanmadan bədənimə, üzümə vururdu. Qəzəbli sifətində mərhəmət cizgiləri yoxa çıxmışdı.

- Allahı görürəm mən!

O vurduqca qışqırırdım.

- Qələt eləyirsən! Sox içinə!

- Baxın! Baxın!

Dəlilər qıraq-bucaqdan təəccüb və qorxuyla bizə baxırdılar. Heç biri də gəlib məni onun əlindən almırdı...

- Bunu aparın...

Bu məni döyən sanitarın son sözləri idi. Onu da yarımçıq eşitdim, göz qapaqlarım yavaş-yavaş enir, qarşımda bulanıq mənzərə canlanırdı...

Sonra nə oldusa yadıma gəlmir. Gözümü açanda əllərim, ayaqlarım ipdən azad olmuşdu. Üzümdə, bədənimdə ağrılar hiss edirdim. Palatada gəzişən dəlilər gözlərini bərəldib mənə baxırdılar. Sanitar məni görüb dilləndi.

- Səndə necə üz var e, dünən gecə o qədər vurdum sənə yenə söyürdün məni...

- Niyə axı, məni nə haqqla döyürdünüz?

- Başımızı xarab edirdin ona görə...

- Bağışlayın məni, bağışlayın...

Günün darıxdırıcı, boz saatları palata boyu gəzir, bizlərsə darıxmağı unudurduq. Hər saat bir hoqqadan çıxır, aləmi bir-birinə vururduq.

Kimisə qışqır-bağırla içəri saldılar. Cavan, yaraşıqlı bir oğlan. İki sanitar onu güclə saxlayırdı. O isə çapalayır, xilas olmağa çalışırdı.

- Buraxın məni, namaz qılmalıyam...

Elə hey bu cümlələri deyirdi. Demirdi e, bağırırdı.

Cavan oğlanın qoluna iynə vurdular. Az keçmədən o da ölü kimi çarpayıya yayxandı. İki saat sonra gözlərini açdı. Dəlixana divarlarına tamaşa edib, ağlamağa başladı. Yaxınlaşıb dedim:

- Ağlamaq insanın ən ali hisslərdi.

Gözünün yaşını silib dilləndi:

- Sən niyə bura düşmüsən?

- Ehhh... Mən sonra deyərəm. Sən bəs?

- Mən dənizdə işləyirdim. Bir gəmidə kapitan köməkçisi idim. Qəfil hər şeydən bezib gəmini dağıtmağa başladım. Məni tutub bura gətirdilər. Anlamıram. Mən dəli deyiləm. Namazın vaxtıdı, gedim dəstəmaz alım. Gəl, sən də qıl. Allaha cavab verməliyik. O bizi gözləyir.

Arxasına düşdüm. Çirkli, üfunət qoxan tualetdə dəstəmaz aldı. Mən də yalandan dirsəklərimə su vurdum. Bu cavan oğlan əl-üz dəsmalını yerə sərdi. Butulka qapağını cibindən çıxardı ki, bu da möhürdü. Çaşıb qaldım. Heç qapaqdan da möhür olar?

Namazını qılandan sonra dedi ki, Allaha ibadət üçün mütləq möhürə ehtiyac yoxdu. Onun yerinə balaca bir əşya olmalıdır.

- Qapaq niyə?

Əlini yellədi...

Sonra bu cavan oğlan yoxa çıxdı. Onu bir neçə gün palatada axtardım. Deyəsən, yerini dəyişdirmişdilər.

Səhər tezdən dəlilər qarşımda eyni ifadə ilə üzümə baxır, heç qıllarını qıpırdatmırdılar. Onların bu halı məni daha da qəzəbləndirirdi. Axı nə baş vermişdi? Susqun gözləri nəsə deyirdi əslində. Bəlkə də gecəki üsyanım onlara toxunmuşdu. Dəstək olmaq üçün ətrafımda susmuşdular. Pəncərəyə baxdım: qar yağmağa başlamışdı.

Axşam pəncərədən küçəyə baxırdım. Ağarmış ağaclara baxıb onlara gözəl günlərin gələcəyindən gap edirdim.

Sonra həkimlər iynə gətirdilər. Onlara başıma gələnləri nağıl etdim. Dinləyir, tez-tez əlləri ilə alnımı yoxlayırdılar.

- Yorulmusan – deyən həkim qoluma iynə vurdu. Yenə eyni hiss: istilik və boşluq içimə axdı. Anladım ki, həyatımda dərin bir boşluq var. Mən daim böyük boşluqlara yuvarlanmaqla məşğulam. İçimdə böyük bir tənhalıq oturub, onu özümdən uzaqlaşdırmağı bacara bilmirəm. İçim qara qutu kimidir: nə kilidi var, nə deşik yeri. Ona görə məni anlayan, çözən adam azdı. Bəzən hər şeyi danışsam da heç nəyi deyə bilmədiyimi gözəl anlayıram.

Dəlilərlə bir yerdə siqaret çəkirdik. Qıraqdan baxanda yaranan dumanı görərdiniz və deyərdiniz ki, bu dəlilərin taleyidir.

Dəlilər siqareti acgözlüklə içlərinə çəkirdi. Qəfil kök, cüssəli dəli başına qapaz vura-vura ana deyə çığırmağa başladı. Hamımız onu seyr edirdik. Sanki tamaşa göstərirdilər. Ağ xalatlılar hərəkətə keçib, kök dəlinin qollarından yapışdılar. Əllərindən xilas olub, məni bərk-bərk qucaqlayıb, bağrına basdı. Göz yaşları üzümə yayılırdı. Ana deyə fəryad qoparırdı. Sonra ağ xalatlı adam ona iynə vurdu. Göz yaşları üzünü yumuşdu.

Palata sükuta qərq olandan sonra kök dəlinin gecə hıçqırtıları qulaqlarımda cingildəyirdi...

Səhər ərincək halda, gözlərimi ovuşdura-ovuşdura durdum. Palatada buz kimi soyuq hava kütləsi hökm sürürdü. Xəstələr yavaş-yavaş ayılmağa çalışırdı. Balacaboy, sısqa bədənli, narıncı saçlı qocanın hər səhər çarpayısından qalxmağı mənə o qədər maraqlı gəlirdi ki, böyük həvəslə onu seyr edirdim. Həmişə uzunsov papağı, yerişi ilə mənə cizgi film qəhrəmanlarını xatırladardı. Dodaqları əsirdi, çay içməyi, öz-özünə donquldanmağı diqqətimi çəkirdi. Bu gün xəstəxanadan ayrılacaqdı.

Pəncərəyə yaxın çarpayıda isə digər dəli gözümə dəydi. Bütün günü pəncərənin qabağında danışardı. Rəssam idi. Pikassodan, Da Vinçinin əsərlərindən özünə mühazirə deyərdi. Hərdən öz-özüylə müxtəlif mövzularda müzakirə elədiyini görmüşdüm.

Çarpayısında siyirməni qucaqlamışdı, dərin yuxuda idi. Ona elə gəlirdi ki, o siyirmə özünün çəkdiyi portret rəsmdir. Özünü Da Vinçiyə bənzədirdi. Gecələr pəncərənin əksində özü ilə danışırdı. Bir az da diqqətlə onu dinləsəniz, başa düşərdiniz ki, pəncərədəki əksini Da Vinçi görürdü.

- Yenə quş alıb qəfəsə salır, sonra isə onları azad edirsən?

- ....

- İndi mən quş kimi qəfəsdə çırpınaram. Bəlkə məni xilas edəsən?

-....

- Niyə sənin bütün rəsmlərində qadınlar sirli bir tərzdə gülümsəyirlər? Bəlkə elə özün qadın olmaq istəyirdin?

-...

Da Vinçiyə bənzər dəli hər gün eyni saatda pəncərənin əksində görünən silueti ilə danışardı. Daha doğrusu ona aramsız suallar ünvanlayır, cavabları da boş buraxardı.

Palatada gördüyüm kədərli mənzərələr günü-gündən çoxalırdı. Burda heç kim, heç kimi anlamırdı. Burda hamı susaraq danışırdı. Hamının içində böyük bir tənha adam vardı.

Dəmir qapı döyülən kimi təşvişlə qaçırdım ki, atam-anam gəldi. Hər dəfə də təəssüflə geri qayıdırdım.

Palatada səs-küy qopmuşdu. İki dəli bir-birini öldürməyə çalışırdı. İkisinin də əlləri boğazlarında idi. Digər xəstələr lovğalanaraq onlara baxırdılar. Sanitarlar, ağ xalatlı adamlar onların arasına vedrə dolu su tökdülər. İkisi də elə bil ipdən ayrıldı, aralandılar.

Sonra ikisi də çömbəlib ağladılar. Susdular və getdilər. Bu mənzərədən sonra sükut bomba kimi palataya düşdü.

Həkim məni otağına çağırdı.

- Yaxın gəl, otur... De görüm, nəşə çəkmisən?

- Xatırlamıram, həkim...

- Yadına salmağa çalış...

Pəncərədən yağan qara tuşlanır baxışlarım...

- Səndən deyiləm?

Həkim səsini qaldırır.

- Nəşə çəkmişəm, özü də ən yaxşısından...

- Bəs deyirdin çəkməmişəm? De görüm çoxmu çəkmisən?

- Xatırlamıram.

- Yaxşı, gedə bilərsən...

Gedən kimi kəlləmi atıb yuxuya getdim. Burda yaşadığım zaman həm də yuxular aləmində keçirdi.

“Bizim kameradakı uşaqlar sıraya keçdik. Bufetçi arvad əlində iri çömçəni içi isti şorbayla dolu olan qazana salır, ordan da kiçik boşqablara boşaldırdı. Arvadın zəhmli baxışları var idi. Sanki yeməkləri paylayanda elə bil canı çıxırdı. Sıra mənə çatanda bufetçi arvad yekəxana-yekəxana gedib öz stulunda oturdu. Yəqin ki, dincini alırdı. Amma niyə mənim sırama çatanda? İstədim deyəm ki, “oğraşın qızı, zəhəri ver, qoy bizdə yeyək də”, amma nədənsə ağzımı aça bilmədim. Nəhayət, aradan beş-on dəqiqə keçəndən sonra bufetçi yavaş-yavaş qımıldanmağa başladı. Üzündəki zəhrimar əksik deyildi. Salon marça-març səsləri ilə dolmuşdu. Yemək yeyən kim, su içən kim, ağzını silən kim...

Şorbam yaman isti idi. Kartoflar suyun üstündə gəmi kimi düzülmüşdülər. Nəsə iştaham kəsilmişdi. Özü də səhər-səhər belə iyrənc yeməyi yemək heç ürəyimcə deyildi. Ax, evdə olsaydım! Anamın səhər-səhər bizə şirin çay verməsi, özü də baldan...Bunlar gözümün qabağından gəlib keçdi.

Dustaqlar yeməklərini yeyib qurtarandan sonra siqaret eşməyə başladılar. Bufetçi arvad yerində donquldanmağa başladı. Arada bir ağzından bu sözlər çıxırdı; “az çəkin də o zəhrimarı”. Amma kimə deyirsən? Heç kim bufetçinin sözünə məhəl qoymurdu.

Qəfil dustaqlar mənə hücum etdilər. Hardasa bir beş-altı nəfər olardılar. Biz davaya başlayanda tamaşaya dayanmış kütlə çığır-bağır salırdı. Mənimlə dava edən uşaqlar bandit tayfası idi. Onlar narkobaranların himayəsində çalışırdılar. Amma indi tutulmuşdular və dustaq idilər. Ona görə də mənim onlardan heç bir fərqim yox idi.

Dava başlananda onlardan ən hündürü mənim başımdan bir zərbə endirdi. Yerə yıxıldım. Çox bayavik filmlərə baxmışdım deyə priyomlara əl atmağa başladım. Üç-dördü mən yerdə olanda yenidən üzərimə gəldilər. Yerimdən durmadım. Yalandan qımıldanırdım ki, guya vurulan zərbə yaman təsir eləyib. Onlar yaxınlaşanda ayağa qalxıb ikisini əlimlə itələdim, ortadakına isə təpik ilişdirdim. Uşaqlar səs-küylə yerə sərildilər. O birisilər isə tez üstümə atıldılar. Özümü öymək kimi olmasın, amma bunlardan heç qorxmamışdım. Beləsindən yüzü olsa da qorxmadan sona qədər vuruşardım. Üstümə gələnlər iki nəfər idi. Biri mənim ayaqlarımdan tutub qaldırdı. Doğrusu, onlar çox güclü idilər, amma taktika ilə döyüşə bilmirdilər. Hə, mən havada oğlanın əlində olanda o birisi mənim ayaqlarıma vururdu. Təsadüfdən onun başı mənim dizimə dəydi və o üzünü tutub, söyə-söyə geri çəkildi, mən dirsəklərimlə ayaqlarımdan tutan oğlana ilişdirdim. Onun əlləri boşaldı. Mən həmin oğlana bir-iki yumruq ilişdirdim. O birisi isə hələ də söyüş söyürdü. Ona da bir-ikisini ilişdirdim. Hər ikisi ölü kimi yerə düşdülər. Qalan üç nəfər isə ağrıyan yerlərindən tutub əkildilər. Onlar qaçıb aralaşanda mən yerdə uzanmış iki banditə baxıb öz qələbəmə sevinirdim. Dustaqlar yerdə yatan uşaqlara baxıb gülümsünür, dəqiqə də bir mənim adımı təkrarlayırdılar, bərkdən qışqırırdılar. “Narkobaronlara bu lazımdı”. - hamı belə deyirdi.”

Yuxularımda həbsxanaya çevrilən palata günü-gündən məni ürküdürdü. Gecələr dəlilərin zarıltılarını eşitmək olurdu. Bəzilər səhərə qədər oyaq qalır, fasiləsiz siqaret sümürürdülər. Bir gecə siqaret çəkmək üçün dəhlizə yollandım. İşıqlar sönmüşdü. Qarşı qapıda ətli-budlu, ağ paltarlı bir qadın gördüm. Məni səslədi. Yanına gəldim. Dedi, masaj elə məni. Kürəyini ovuşdurmağa başladım.

O gecə dəlilərin xorultusu palatanın himninə çevrilmişdi. Qadın əllərimə sığal çəkirdi. Qəfil qollarımdan yapışdı. Yekə döşlərini bədənimə dirədi. Nəfəsi qoxurdu. Ürəyi az qalırdı yerindən çıxa. Əlimlə onu itələyib çarpayıma qaçdım. Yorğanı üzümə çəkib yuxular aləminə tilov atdım. Di gəl nə elədimsə yuxulara köç edə bilmədim...

ardı var...

# 3311 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #