Füzuli ilə Şekspirin 10 oxşarlığı - ANALİZ

Füzuli ilə Şekspirin 10 oxşarlığı -<span style="color:red;"> ANALİZ
16 mart 2018
# 17:30

Kulis.az Dalğa Xatınoğlunun “Füzuli ilə Şekspir; yetim incilər” essesini təqdim edir.

Bir neçə xalqın klassiklərini çeşidli dillərdə oxuyurkən, nadir şairlər tapmaq olur ki, özündən öncəki şairlərin şineli altından çıxmasın. Hətta, Miladi tarixin ilk erasında, Avropanın qaranlıq və sükuta dalmış ədəbiyyatından sonra baş qaldırmış şairlər daha çox Yunan və Roma ədəbiyyatı ənənəsini diriltməklə məşğul olublar. Miltondan tut, Danteyə qədər.


Ancaq Şekspirlə təxminən eyni çağda yaşamış Füzulinin dövründə Avropada ədəbiyyat çiçəklənir, Orta Şərqdə isə zavala uğrayırdı. Bizim ədəbiyyata çox yaxın ab-havada olan önəmli fars və ərəb şairlərinin hamısı 16-cı əsrdən öncə yaşayıblar. Əgər Füzulini bu önəmli şairlərin sırasına daxil etsək, o, Orta Şərq klassik ədəbiyyatının sonbeşiyidir.


Fars və ərəb dilində əsərlər yaratdığına baxmayaraq, onların heç biri Füzulini önəmli şair saymayıblar. Sadə səbəbi, türk dilindəki qəzəlləri ilə zirvəyə qalxan Füzuli, fars və ərəb dilində güclü sənət nümunəsi ortaya qoya bilməyib. Ancaq Hafiz Şirazidən sonra, iki yüz ildən çox dalana dirənmiş fars ədəbiyyatı, yeni bir səbk, məktəb ilə dirçəldi: Hind məktəbi. Bu məktəbin öncülü isə Saib Təbrizidir. Yəqin ki, Azərbaycan dilində orijinal şeirlərini oxumusunuz. Saib, Füzulinin şineli altından çıxıb.


Həm Fars dilində yazdığı şeirlərdə saysız-hesabsız Füzulidən iqtibasları var, həm də şeirə yanaşma tərzini dəqiq Füzulidən götürüb, baxmayaraq ki məzmunu Füzuli qədər dərin deyil və təxminən tamamilə estetika üzərində qurulub.


Bu səbkdə, şair həqiqət, fəlsəfə, dərin düşüncələr yerinə, sırf gözəllik yaratmağı məqsəd seçir. Bir az bəsit desəm, şair miniatür rəsmi çəkməklə məşğul olur. Belə bir səbkin yaranmasının nədənlərini ayrıca bir məqalədə geniş açıqlamaq gərəkir, ancaq bunu xüsusi qeyd etməm lazımdir ki, fars və ərəb ədəbiyyatı keçən erada, birinci fəlsəfəyə, sonra isə irfana söykənib, nəhayət 13-cü əsrdə ən parlaq sima Hafiz Şirazinin qəzəllərində bu ikisi harmoniya təşkil edib, tam mükəmməl şəkildə bir-birinə qarışıblar. İstər fəlsəfi, istərsə irfani klassik əsərlərin diqqət mərkəzində həqiqət dayanır.


Bütün şairlər çalışıblar həqiqətin nə olduğunu təfsir və təsvir etsinlər.


Ancaq Füzuli və Şekspirin yaradıcılığı, forma baxımından klassik görünsə də, daha çox romantizm məktəbini təmsil edir. Bu dövrün düşüncəsi böyük bir kəşfə nail olmuşdur: ən dərin həqiqət gözəlliyin özüdür. Buna görə, gözəllik, 16-cı əsrdən sonrakı şairlərin hamısının, o cümlədən Qərbdə romantizm məktəbinə bağlı sənətkarların diqqət mərkəzində oldu. Həm romantizm, həm hind məktəbi 17-ci əsrdə tam formalaşıb, çiçəklənməyə başladı.
Romantizmin ən ünlü şairlərindən Con Kits deyir: “Həqiqət gözəllikdir, gözəllik isə həqiqət”.


Buna görə Şekspirlə Füzuliyə “yetim inci” dedim ki, başqalarının övladı, davamçısı deyil, özlərindən doğmuş və ədəbiyyatda yeni bir alan açmış şairlərdirlər. Həm də yetim inci (balıqqulağının içində tək olan inci) başqa incilərdən daha iri olur.


Şekspir daha çox dramları ilə məşhurdur, ancaq şübhəsiz onun yaradıcılığının zirvəsi sonetləridir. Mən neçə ildir ki, bu sonetləri fars və Azərbaycan dilinə çevirməyə vaxt ayırıb, bir də Füzilinin divanında olan saysız səhvləri düzənləyib, hər iki əsərdəki şeirləri açıqlayıb, nəşrə hazır edirəm. Ümid edirəm ki, sonunda səmərəli bir iş olsun.


Bundan öncə, Nizami və Şekspirin 10 oxşarlıq və fərqi haqda yazmışdım. Eyni formada Füzuli ilə Şekspir haqda yazmaq pis olmazdı. Daha çox iki şairin lirik əsərləri, yəni qəzəl və sonetlərini diqqətə alıram.


Şekspir və Füzulinin 10 oxşarlığı və fərqi:

1. Hər iki şairin pik yaradıcılığı, lirik qəzəlləridir (sonet mahiyyətcə qəzələ bənzər bir tür lirik şeirdir, daha çox da qəzəl kimi musiqi müşayiəti ilə oxunur). Ancaq Füzulidən fərqli olaraq, Şekspirin başqa əsərləri, elə sonetləri qədər önəmlidir. Biz Füzulini yalnız Azərbaycan dilində başqa şairlərlə müqayisə etsək, əlbəttə ki, başqa əsərləri də önəmlidir, ancaq tutalım, “Leyli və Məcnun” əsərini Nizami Gəncəvinin yaratdığı əsərlə müqayisə etmək olmaz.


2. Hər iki şair platonik şairlərdirlər, xüsusilə də Platonun sevgi haqda yazdığı “Simpozium” əsərinin dərin təsiri altında olublar. Füzulidən fərqli olaraq, Şekspirin yaradıcılığı, hədsiz Platonun təsiri altındadır. Xüsusilə də Marsilio Fiçinonun Platonu Latin dilinə çevirdiyinə görə.

3. Hər iki şair çeşidli dillərlə tanış olublar. Şekspir latınla ingilis, Füzuli isə ərəb, fars və Azərbaycan türkcəsini bilib. Ancaq dildən istifadəyə gəldikdə, Şekspir daha çox uğura nail olub. Hətta ingilis dilində yüzlərlə yeni söz yaradıb. Füzuli, dilin özündən çox, onun yaratdığı təsvirlərə diqqətini yönəldib. Ona görə əsərlərində bu qədər ərəb, fars, türk dili qatqısına önəm verməyib.

4. Hər ikisi, yeni bir səbk (üslub, İnq: style) yaradıblar. Şekspirin sonetləri möhtəva və forma baxımından, özündən öncə yazılmış sonetlərdən fərqlidir. Tema isə, tamamilə fərqli mövzulardır. Daha çox insani və gündəlik həyat mövzularını diqqətə alıb. Füzulinin qəzəlləri isə, sırf fəlsəfə və irfani düşüncələr üzərində qurulmuş qəzəllərindən fərqlidir və təxminən bütün diqqətini təsvirlərlə gözəllik yaratmağa yönəldib.


Şekspirdən fərqli olaraq, Füzulinin yaratdığı səbk, birbaşa böyük bir məktəbin yaranmasına səbəb oldu. Romantizm dolayısı ilə Şekspirdən başlanıb, ancaq bir çox evrimlərdən sonra bir məktəbə çevrilib.

5. Hər iki şair, divanlarını sevgi ilə başlayıblar. Birinci sonet deyir ki, həyatın son qayəsi gözəlliyi qorumaqdır. Füzulinin birinci qəzəli isə, həyatın son qayəsini sevgi adlandırır. Bu məqamlar çox önəmlidir. Divanlar adətən tanrıya, yaxud Qərbdə ilham tanrıçalarına (Muse) bir başa mədh ilə başlayır, ancaq gözəllik və sevgi ilə divanın başlanması göstərir ki, hər iki şairin gözündə, gözəllik həqiqət və Tanrı ilə eynidir. Füzulidən fərqli olaraq, Şekspir gözəlliyi dilin özü ilə yaradıb, ancaq Füzuli daha çox miniatür təsvirlərlə bu işi görüb.

6. Hər iki şair, başqa janrları, o cümlədən poemanı dənəyiblər. Şekspirdən fərqli olaraq, Füzilinin başqa əsərləri, o cümlədən “Leyli və Məcnun” poeması qəzəllərində olan gücə malik deyil.

7. Hər iki şair krallara olduqca yaxın, ancaq dominant dini düşüncədən olduqca uzaq olublar. Füzulinin Tanrısı sevgilidir, qəti şəriətdə olan Tanrı deyil. Ona görə də çoxlarında sual yaranır: Füzulininin sevgilisi Tanrıdır, yoxsa bir qadın, yoxsa bir oğlan? Şekspirin də sonetlərində eyni çaşqınlıq var. Bir an, bir oğlana sevgi bildirir, birdən bir qadına, birdən bir ülvi varlığa. Dəqiq məlum deyil. Səbəb isə, bunların hamısının eyni mahiyyətdə olmasıdır. “Simpozium” əsərində də Diotima Sikrata deyir ki, istənilən gözəlliyə yönəlmiş sevgi, başqa sevgilərlə eyni mahiyyətdədir.


Tanrıya bu növ yanaşmanı daha çox Hafiz Şirazidə görürük, ancaq Hafizdə, irfan və fəlsəfə gözəlliyə sıx bağlanıb. Şekspir isə tamamilə Yunan və Roma metafizikasına yaxın bir ruhda olsa da, xristian olub və İncilin ingilis dilinə tərcüməsində də deyilənə görə rolu var. Ancaq əsərlərində qəti Xristianlıq qoxusu yoxdur. Füzulidən islam qoxusu gəlsə də, şəriət deyil, mənəvi qoxudur.

8. Hər iki şair, uzun illər donuq bir halda iflasa uğramış ədəbiyyata yeni alan açıb, dalandan çıxarıblar və davamçıları bu alanı məktəbə çevirib. Romantizm dəqiq Şekspirin bətnindən yaranıb və modernizmin ingilis ədəbiyyatında anası sayılan Emili Dikinson belə onun təsiri altında olaraq qalıb. Füzulinin səbkinin, çox təssüf ki, Azərbaycan dilində davamçısı olmadı, ancaq bir əsr sonra, fars ədəbiyyatında yeni bir məktəbin yaranmasına səbəb oldu. Xatırladım ki, fars ədəbiyyatında 4 əsas məktəb var, üçüncüsü Hind məktəbidir. Yəni Füzulinin rolu çox önəmlidir.

9. Hər iki şair öz dillərində ən yaradıcı sənətkarlar hesab olunurlar. Ancaq Şekspirdən fərqli olaraq, Füzuli dünya səviyyəli bir şair ola bilmədi. Hətta fars dilində bir məktəbin yaranma təməlini qoyub, bu dildə Azərbaycan dilindəki boyda divanı olsa belə, onu ciddi şair kimi qəbul etmirlər və haqlıdırlar. Hər halda, fars dilində onlarla möhtəşəm şair var ki, hansının başqasından güclü olmasında da fikir ayrılıqları var. Digər səbəb, Şekspirin əsərlərində insani və ictimai mövzuların, o cümlədən insanın içgüdüsü, təbiəti və mahiyyəti ilə bağlı çox dərin baxışlarıdır. Sirr deyil ki, Şopenhauer “Yaşama yönəlik iradə” ideasını Şekspirdən götürülüb və bunu filosofun özü də deyir.


Sənətin qəribəliklərindən biri də budur. Füzulinin öz dediyinə görə, eləcə də şeirlərindən görünür ki, hədsiz mütaliəli olub, hətta fənləri öyrənmək üçün gəncliyini qoyub, ancaq onun əksinə Şekspir kitabları deyil, canlı insanları diqqət mərkəzinə almaqla məşğul imiş. Buna görə də, çox tez kütlələrin diqqətini çəkib.

10. Hər iki şair, bir əsərdə, müxtəlif janrlardan istifadə ediblər. Füzulinin “Leyli və Məcnun” əsərinin forması məsnəvidir, ancaq əsərin ortasına bir çox qəzəlləri daxil edib. Eləcə də Şekspir, bir komediya içində bəzən, çox dərin bir lirik şeri daxil edib. Ancaq Füzulidən fərqli olaraq, Şekspir əsərlərinin içində nəsrdən də istifadə edib, xüsusilə də alçaq təbəqəli insanların dialoqu adətən nəsdir. Füzuli isə Şekspirdən fərqli olaraq, müxtəlif vəznlərdə şeir yazıb. Şekspirin əsərlərinin hamısı "lambic pentameter" ritmdə yazılıb, hətta sonetlərinin hamısı bu ritmdədir (da DUM da DUM da DUM da DUM da DUM).

# 2582 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #