"Ermənilər qardaşımı yandırdılar"-MÜSAHİBƏ

"Ermənilər qardaşımı yandırdılar"-MÜSAHİBƏ
22 sentyabr 2014
# 12:49

Kulis.az şairə Esmira Məhiqızı ilə müsahibəni təqdim edir...

- Bir az özünüz haqda məlumat verin, mümkünsə... Oxucular şeirlərinizi internetdən oxusalar da özünüzü o qədər tanımırlar...

- Ağdamda anadan olmuşam. Atam Şuşalıdır. 3-4 yaşımdan Bakıya köçmüşük. Sonra atamın işi ilə əlaqədar Mingəçevirə köçmüşük. Orda oxumuşam, orda böyümüşəm. İxtisasca mühasibəm. Orta məktəb illərində xalam yazdığım şeirləri məndən oğurlayıb qəzetə vermişdi. Hardasa, 1974-77 illər idi. 12-13 yaşım vardı. “Mingəçevir işıqları” qəzetinin redaktoru şeirlərimi bəyənib məni ora işə dəvət etdi. Mingəçevirdə Kür Ədəbi Birliyi fəaliyyət göstərirdi. Arada birliyin rəhbərliyini mənə tapşırdılar. Sonra gördüm ki, işləyə bilimrəm.

- Nədən?

- Çox sadə səbəblərdən. Məsələn, bir Zahid dayı vardı, qəzəllər yazırdı və yazdıqlarının çoxunu başa düşmürdüm. Bir dəfə dedim ki, Zahid dayı, çalışın, Azərbaycan sözlərindən istifadə edin, sizi başa düşmürük. Bu sözümə görə Zahid kişi ömrünün sonunacan məni danışdırmadı. Qızı bizə yaxın yerdə işləyirdi, ona da tapşırmışdı, o da məni danışdırmırdı. Sonra başa düşdüm ki, birliyə rəhbərlik etmək mənim üçün çətin olacaq.

- Jurnalist də işləmisiniz, bildiyim qədər...

- Hə. “Mingəçevir işıqları” qəzetindən məni Jurnalist Sənətkarlığı İnstitutuna oxumağa göndərdilər ki, qəzetdə çalışa bilim. Çox enerjili idim... Yaxşı replikalar yazırdım. Orda oxuyandan sonra 8 il qəzetdə işlədim.

- Öz ixtisasınız üzrə işləmədiniz?

- Yox. Haqq-ədalət axtaran vaxtlarım idi. Sonra ailə qurdum, Bakıya köçdüm. Ailə, uşaqlar... Uşaqların atası mənə mane olmasa da, işləmədim. Rəfiqəm Rəsmiyyə Rzalı “Azərbaycan” qəzetində işləyirdi. Şeirlərimi Məmməd Araza təqdim etmişdi. Məmməd Araz şeirlərimi oxuyandan sonra ev nömrəmizi tapıb mənə zəng etdi. Məni yanına - “Azərbaycan təbiəti” jurnalına dəvət etdi. Dedi ki, ruhun ruhuma yaxındı, səninlə tanış olmaq istəyirəm. Rəfiqəmlə getdim. Onu görəndə heç nə danışa bilmədim. Eləcə baxıb ağlayırdım. Məmməd Araz o zaman xəstə idi. Mənə dedi ki, şeir gətirmisən? Dedim, yox. Çox utancaq idim. Yol gedəndə belə adamlardan utanırdım. Məmməd Arazın yanında səsim çıxmırdı. Sonra dedi ki, Rəsmiyyə ilə göndər şeirlərini. Ona hansı şeirləri göndərdimsə, çap olundu. Bu xatirələrimi yazıb Məmməd Arazla bağlı bir müsabiqəyə göndərdim və kiçik bir mükafat da aldım.

- Mükafatın kiçiyi olmaz...

- Məbləğə görə deyirəm. “Kaspi” qəzetinin keçirdiyi müsabiqə idi deyəsən.

- Komsomolçu oldunuzmu?

- Kommunist Partiyasının üzvü idim. Amma SSRİ əleyhinə danışmaqdan çəkinmirdim. Buna görə məni dəfələrlə “KQB”-yə çağırıblar. Bir dəfə də yazıçı Anara etiraz məktubu yazmışam.

- Nə haqda?

- Anar müəllim Ziya Bünyadovla eyni seçki dairəsindən Ali Sovetə namizəd idi. Mən düşünürdüm ki, Ziya müəllim Azərbaycan üçün ondan daha çox iş görə bilər. Bunun üçün Anar müəllim namizədliyini geri götürməlidir. Bu qədər saf idim yəni... Amma əksinə oldu - Anar müəllim qalib gəldi. O zaman hirslənib ona məktub yazdım. Anar müəllim də üç səhifəlik cavab yazdı, məni yanına dəvət etdi. Getdim, Yusif Səmədoğlu da orda idi. Anar müəllim dedi, mən ümumi işimizin xeyrinə mübarizə aparmışam. Razılaşmadım. Bildirdim ki, çox səhv etmisiniz. Mən Ziya Bünyadovdan nə isə gözləyirdim, amma siz heç nə edə bilməzsiniz. Qapıdan çıxanda Yusif Səmədoğlu qolumdan tutub saxladı, dedi, sən Anarın gördüyü işləri heç edirsən, bunu heç yanda danışma.

- Şeirlərinizdə müharibə mövzusu çox qabarıqdır.

- Mən kənd uşağıyam. Xındırıstanda doğulmuşam. Qasım bəy Zakirin evi bizim məktəb idi. Mən nadinc, ataman kənd uşağı idim. Sonralar müharibə hamı kimi mənim də həyatıma təsir etdi. Qardaşımı ermənilər müharibədə yandırdılar. O, havalandı və üç il Maştağada müalicə olundu. Ağdam uğrunda döyüşlərdə iştirak edirdi. 17 yaşı vardı.

- Əsir düşmüşdü?

- Yox, postda yatmışdılar. İki nəfər cavan uşaq imişlər. O qədər yorulublar ki, yuxuya gediblər. Bu vaxt ermənilər gəlib, onlar olan postu benzinləyib od veriblər. Orada bizim əsgərlər olduğunu bilməyiblər. Benzinə od vurulanda onlar da alışıb və yana-yana qaçmağa başlayıblar. Ordan xəstəlik tapdı. Əvvəl lap pis idi. Müalicədən sonra bir az yaxşılaşdı. Xocalıda yaxın qohumlarım yaşayırdı. Onların da həyatı çox faciəli oldu. Birini doğrayıb quyuya atdılar... Birlikdə böyüdüyüm uşaqlardan da çoxu həlak oldu.

- Namaz qılırsınız?

- Uşaqlıqda qılmamışam. Ailə qurandan sonra qıldım. 20 ildir hardasa. Hər il Ramazanda Quranı Azərbaycanca oxuyuram. Quranda “Nur” surəsi var. Orda qadınlara “Örtünün” əmri verilir. Oxuyanda elə bildim ki, bu əmr təkcə mənə gəlib. Heç vaxt başımı örtməmişdim. Dörd oğlanın bir bacısı olduğum üçün həmişə şalvar geyinib, kepka qoyurdum. O gündən örtündüm və hiss elədim ki, bu cür rahatdır mənə.

- Ağdam dindar yerdir... Sovet dövründə də məscid bağlanmamışdı orda.

- Bizim kənddən də Ağdam məscidinə gedirdilər. Kəndimizdəki kiçik məscidi anbar etmişdilər. Qardaşım yaralanmamışdan əvvəl o məscidin qapısını açıb, təmizləmişdi. Hər iki nənəm dindar idi. Anamın atası Əhərdən (İran) gəlmişdi və bizə kəlmeyi-şəhadət öyrətmişdi. Anamın babasından möhür qalmışdı. Dindar olmasaq da, allaha inanırdıq. Mən də Allaha çox inanırdım. Babam din haqqında elə söhbətlər danışırdı ki, mənə qəribə, sehirli gəlirdi.

- Ədəbi mühitdə daha çox dinin əleyhinə olan, açıq-saçıq yazan, ateist-materialist düşüncəli insanlar var. Sizə necə təsir edir bu?

- Təbii baxıram. Onlara heç nə yazmıram, mübarizə aparmıram. Bu mənlik deyil. Sadəcə istərdim ki, hamı Allaha inansın. Məsələn, ən çox sevdiyim şair Şəhriyar del Geranidir, amma yazdığı statuslar xoşuma gəlmir.

- Dediniz ki, onlarla bağlı problemim yoxdur. Bəs onlar necə, sizə qarşı nəsə yazmırlar ki?

- Hərdən xırda şeylər olsa da, çox dərinə getmirəm. Belə olanda dostluqdan çıxarıram, blok edirəm.

- Daha çox sərbəst şeirlər yazırsınız...

- Bir şeir kitabım var. “Bir xışma xəyal” adlanır və orda sərbəst şeir yoxdur. 2010-cu ildə çap olunub. Gəncliyimdə Aşıq Pəri Məclisinin üzvü idim. Atam mənim yazmağımı sevirdi. Hüseyn Arif qurduğu məclisə gəlirdim. Rəfiqəmlərim vardı orda – Fərqanə Mehdiyeva, Fəridə Hacıyeva... Hətta arada Hüseyn müəllim “Aşıq Pəri” məclisini aparmağı mənə həvalə etmişdi. Amma uzun sürmədi. Gördüm rəhmətlik Narınc Xatun bunu qəbul edə bilmir, etiraz etdim. Həm də onun haqqı daha çox idi. Məclisin üzvlərini min-bir əziyyətlə o toplamışdı.

- Sərbəst şeir söhbəti qalmışdıq...

- Mən həmişə sərbəst şeir yazmışam. Heca ilə bərabər sərbəst də yazırdım.

- Nazim Hikməti, Rəsul Rzanı oxumusunuz?

- Daha çox Ramiz Rövşəni oxuyurdum. Nazimi ailə qurandan sonra oxumuşam.

- Gələk gənc yazarlara... Dediniz Şəhriyar ən çox sevdiyim şairdir. Başqa kimi oxuyursunuz, kimləri izləyirsiniz?

-Hamını oxuyuram. Ruhuma yaxın Şəhriyardı, Əsəd Qaraqaplandı, Aqşin Evrəndi, Ramiz Qusarçaylıdır. Ən çox sevdiyim Şəhriyardı. Sonra Fəridə Məmmədovanın şeirləri xoşuma gəlir. Şeirdə açıq-saçıqlığı sevmirəm. Açıqlıq şeiri soyundurur, xoşlamıram. Statusda olar, hekayədə olar, şeirdə olmaz...

- Dünyada bu cür şeirlər var. Erotik şeirlər yazılır. Siz buna qarşısınız, yoxsa sadəcə zövqünüzə uyğun deyil?

- Mən özümüzə uyğun görmürəm. Bunu yazan gənclərin ata-anası, bacı qardaşı var.

- Şeiri niyə ata-ana, bacı-qardaş müstəvisində dəyərləndirirsiniz ki?

- İzləyirlər axı.

- Siz yazanda bunu düşünürsünüz?

- Olur. Belə şeylər olur.

- Bu azadlığı məhdudlaşdırmır?

- Bəlkə elə azadlıq o cür yazmamaqdadır?

- Yeni kitab çap etmək fikriniz varmı?

- Var. Hazırlayıram.

- Saytlarda hekayələriniz də çap olundu...

- Mən yaradıcılığa hekayələrlə başlamışam. Roman yazmışam, itib. Şuşa həyatından yazmışdım. Nənəmgilin evini hökumət uşaq bağçasına vermişdi. Nənəm həmişə həsrətlə o evə baxardı. Xatirələrim boldur. Məsələn, 90-cı ildə Moskvada bizim əleyhimizə söhbətlər gedirdi. Bir gün partiya biletini götürüb gəldim işə və iş yoldaşlarımın hamısını yığdım.

- 90-cı ildə?

- 90-cı il, 9 yanvarda. “Partbilet”imi ortadan cırdım. Nizami müəllim vardı, gədəbəyli jurnalist... Dedi, sən neylədin? O saat xəbər tutub məni çağırdılar. Nümayişkaranə boynuma aldım ki, biletimi cırmışam! Yazılı izahat aldılar. Dediyimi yazdım, səbəblərini də göstərdim. İşdən qovdular məni. On gün sonra Bakıdakı hadisələr oldu və hamı partiya biletini atdı. Demək olar ki, Azərbaycanda “partbilet”dən imtina edən ilk adam mən oldum.

- Başqa demək istədiyiniz bir şey varmı? Arzunuz, istəyiniz?

- Uşaqlıq, gənclik dostum var, Cananə. Onunla aramızı vurublar. Bir aydır mən onunçün ağlayıram. Zəng edirəm, telefonumu açmır. İstəyirəm ki, o mənimlə barışsın. Ondan böyük arzum yoxdur. Çox yaxın rəfiqəmdir. Hər şeyim: uşaqlığım, gəncliyim onunla bağlıdır. Heç kəslə problemi olmayan adamam. İstəyirəm onu yazasınız. O mənim hər şeyimdir və onun küsməsindən sonra yazı da yaza bilmirəm.

Şərif Ağayar, Cəlil Cavanşir

# 2238 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #