Salam Qədirzadə "46 bənövşə"nin puluna maşın aldı AİLƏSİ YAZIÇINI XATIRLAYIR

Salam Qədirzadə "46 bənövşə"nin puluna maşın aldı AİLƏSİ YAZIÇINI XATIRLAYIR
23 sentyabr 2013
# 07:30

Salam Qədirzadəni oxuculara təqdim etməyə heç bir lüzum yoxdur. Çünki gəncliyimiz onun bir-birindən gözəl, duzlu-məzəli əsərləri ilə keçib. Təəssüflər olsun ki, bu gün 90 yaşını qeyd etdiyimiz görkəmli yazıçı haqqında keçmiş zamanda danışmaq məcburiyyətindəyik. Axı, o 25 ildir ki, həyatda yoxdur…

Ön söz əvəzi

İlk addımı uğurlu olub. Hələ M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyarkən yazdığı ilk povesti («Gənclik») Moskvada «Detqiz» nəşriyyatında çap olunub və diplom işi kimi qəbul edilib. Sonra qələmindən çıxan «Qış gecəsi», «Burada insan yaşamışdır», «Su pərisi Mariana», «Başabəla Paşabəla», «Ömrün təzə illəri», «Kəndimizdə bir gözəl var» kimi roman və povestləri oxucuların rəğbətini qazanıb. Bu əsərlər başqa xalqların dilinə də tərcümə edilib.

O, satirik əsərlərində yaşayışımıza mane olanları kəskin tənqid atəşinə tutur, oxucuları güldürə-güldürə düşündürürdü. Böyük əsərlərində isə qayğıkeş insanlara xoş duyğular aşılayır, saf məhəbbəti, gəncliyi tərənnüm edirdi. S. Qədirzadə həm də «Şirinbala bal yığır», «Haradasan, ay subaylıq», «Həmişəxanım», «Gurultulu məhəbbət», «Gözəllik ondur» kimi respublikamızda və onun hüdudlarından kənarda tamaşaya qoyulan komediyaların müəllifidir. Uzun müddət mətbuat orqanlarında («Azərbaycan» jurnalında məsul katib, sonra redaktor) vəzifələrdə çalışmış, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi olmuşdur. Bunların hamısını oxucularımız yaxşı bilir. Odur ki, bu yazıda S.Qədirzadənin həyatında bizim üçün nisbətən naməlum olan səhifələri vərəqləməyə çalışacağıq. Gəlin, əvvəlcə onun həyat yoldaşı Roza xanımı, oğlu Ruslanı, qızı Leylanı və dostu Əli Tohidini dinləyək. Bu söhbəti onlarla düz 15 il qabaq aparmışam.

***

Həyat yoldaşı Roza Qədirovanı həyəcansız dinləmək mümkün deyil:

- Mən Salamla elektrik qatarında tanış olmuşam. O vaxt Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdum. Qatarla tez-tez gedirdim və demək olar ki, həmişə də onunla rastlaşırdım.

Mütaliəni çox sevirdim. Əlimə keçən qəzet, jurnal və kitabları acgözlüklə oxuyurdum. Qatarla 30-40 dəqiqə yol gedər, həmişə də gözüm oxuduğum yazılarda olardı. Sən demə, bu da onların diqqətini cəlb edir. Bunları mənə sonralar Salam danışardı.

Bir gün qatarda yenə rastlaşıb, tanış olduq. 6-7 nəfər idilər. Nəbi Xəzri, Əli Kərim, İsgəndər Coşqun, Cabir Novruz, İsa Hüseynov, Salam… Onlar Peredelkino kəndində yaşayırdılar. İnstitutun yataqxanası orada idi. Kasıb yaşayırdılar. Salam danışırdı ki, Səməd Vurğun hər dəfə Moskvaya gələndə bizə baş çəkər, yeməkxanaya aparar, kimisinə şərf, corab, kiminə də pul verərdi…

- Səməd Vurğunu Siz də görmüsünüzmü?

- Hə… Amma bu sonralar olub, Bakıda. Bir gün Yazıçılar İttifaqına getmişdim. Salam məni pillələri enən böyük şairlə tanış etdi. Səməd Vurğun Moskva həyatını xatırlayıb gülümsündü: «Demək belə, məhəbbət Vətənə qalib gəldi».

Salamla 1951-ci ildə tanış olduq. Bir il sonra isə ailə həyatı qurduq. Kasıb yaşayırdılar. Evləri Xırdalanda idi. Bir qardaşı və beş bacısı var idi. Onların üstündə zəhməti çox oldu. Onlara ata əvəzi oldu. Toylarını etdi.

Çox tələbkar idi. Bəzən inana bilmirdim ki, bu qədər zarafatcıl, şən adam həm də tələbkar ola bilər.

- Onun bu tələbkarlığı Sizi bezdirmirdimi? Belə anlarda heç bu yerləri atıb, birdəfəlik Moskvaya qayıtmaq fikrinə düşmüsünüzmü?

- Əlbəttə, yox, bu haqda yeri gəlmişkən deyim ki, məndən çox soruşublar. Deyirlər ki, Moskvada sənin anan, bacın, qohumların basdırılıb. Cavabında bildirmişəm: «Mənim üçün Salamdan əziz heç kim yoxdur. Öləndə məni də onun yanında dəfn edin…»

***

Salam Qədirzadənin iki övladı olub. Bir qız və bir oğlan. Gəlin, əvvəlcə Ruslanı dinləyək.

- Ruslan, atanızla bağlı maraqlı bir xatirə danışa bilərsinizmi?

- O qədər belə əhvalat var ki. Bir dəfə bizə yaşlı bir kişi gəldi ki, yazıçıyam, atanı istəyirəm. 60-65 yaşı olardı. Atamla görüşdükdən sonra dedi: «Mən sizə şeirlərimi gətirmişəm. İstəyirəm oxuyub baxasınız və məsləhət verəsiniz. Yazıçı olmağı qərara almışam…»

Atam özünü o yerə qoymayıb «şeirləri» axıra qədər oxudu və nəhayət, başını qaldırıb, məhz Salam Qədirzadəyə məxsus aydın dillə sorğu-suala tutdu:

- Siz nə işə baxırsınız?

- Kolxozda briqadirəm.

- Çox yaxşı. Mən də briqadir ola bilərəm?

- Yox, nə danışırsınız, bunun üçün oxumaq, təcrübə lazımdır.

- Bax, şeiri yazmaq üçün də istedad lazımdır. Bir də unutmayın ki, şeiri yazan şair olur, yazıçı yox.

Kişi dəvətimizə baxmadı, çay içmədən, çörək yemədən qovluğunu qoltuğuna vurub, tələsik çıxıb getdi…

- Leyla xanım, eşitdiyimizə görə atanız sizi hamıdan çox istəyirdi. Elə siz də onu.

- Təbii ki, hər kəsin atası özünə əzizdir. Mübaliğə kimi səslənməsin: mənim atam, bir ata idi. Oğluma onun adını vermişəm.

Səliqə-səhmanı çox sevərdi. Çox da qayğıkeş idi. Hamıya kömək əlini uzadardı. Ona çoxlu məktub gələrdi. Birini də diqqətdən kənar qoymazdı.

Evimiz həmişə qonaqlı-qaralı olardı. Çoxu da yazıçı, şair, bəstəkar… Onlardan Süleyman Rüstəmi, Qabili, Süleyman Ələsgərovu və b. göstərə bilərəm.

Çox kövrək ürəyi vardı. Heç kəsin xətrinə dəyməzdi: «Ürək şüşə kimidir, sındımı, bir daha calamaq olmaz…»

«… Kəndimizdə bir gözəl var-adı Leyladır onun»… Hər dəfə atamın - yazıçı Salam Qədirzadənin qələminə məxsus bu sətirlər yadıma düşəndə qəlbimi fərəh bürüyür. Düşünürəm: « O Leyla mənəm». Əlbəttə ki, mən atamın «Kəndimizdə bir gözəl var» əsərində həyatından bəhs etdiyi qız deyiləm. Sadəcə, romanın müəllifi həmin əsəri mənə - yeganə qızına ithaf edib. Eləcə də «Su pərisi Mariana» əsəri anam Roza xanıma, «Sevdasız aylar» isə qardaşım Ruslana həsr olunub.

- Bütün kitablarını, haqqında gedən yazıları oxusaq da, Salam Qədirzadə ilə bağlı məlumatımızı zənginləşdirməyə ehtiyac var.

- Atama qədər nəslimizdə heç kim yazıçılığa meyl göstərməyib. Onun valideynləri sadə adamlar olublar. Ticarətlə məşğul olan atası özünün, ailəsinin ruzisini balaca dükandan gələn gəlirdən çıxarıb. Anası Ziba isə elə evlərində dərzilik edib. Nənəmin də, babamın da əsilləri Maştağadandır. Sonradan Bakıya köçüblər. Atam bu şəhərdə 1923-cü il aprelin 10-da dünyaya göz açıb. Evin ikinci uşağı olub. Ondan böyük bir bacısı varmış. Atamdan sonra ailələrində dörd qız, bir oğlan uşağı da dünyaya göz açıb.

O, orta təhsil aldığı 150 saylı məktəbdə keçən illərini həmişə minnətdarlıqla xatırlayırdı. Qardaşımla mən balaca olanda bizi gəzməyə çıxarar ,çox vaxt da yolunu mütləq həmin məktəbin yanından salardı. Ora çatanda ayaq saxlayar, məktəbin binasını bizə göstərər, qürurla «Mən burada oxumuşam», - deyərdi.

Lap uşaq yaşlarından atamın ailələrində xüsusi yeri olub. Qardaş-bacıları onu həddindən artıq çox istəyiblər. Böyük qardaşlarıyla fəxr ediblər. Evdə ona-ailənin ən istedadlı uşağına oxuması, yaradıcılıqla məşğul olması üçün şərait yaradılıb. Atamın yazıçılıq həvəsi orta məktəbdə yazdığı şeirləri ilə üzə çıxıb. Ancaq o dövrdə onu təkcə ədəbiyyat maraqlandırmayıb. Musiqini o qədər sevib ki, hətta tar çalmağı öyrənməyə qərar verib. Bu sahədə təhsil almaq üçün sənədlərini götürüb musiqi məktəbinə gedib. Onların musiqi qabiliyyətini bəstəkar Üzeyir Hacıbəyov yoxlayırmış. Növbə atama çatıb. O, tarda bir musiqi ifa edib. Üzeyir bəy deyib ki, bala, sən bu sənəti at, tarzən olmaq sənlik deyil.

Atam bu xatirəni arabir yada salar, gülə-gülə bizə danışardı. Sonra ona doğru yol göstərən Üzeyir bəyə rəhmət oxuyardı. Çünki bəstəkarın məsləhətindən sonra o, ciddi düşünüb rəssam ola bilərdi, istedadı var idi, yaxşı şəkillər, şarjlar, karikaturalar çəkirdi. Bəs bunların hamısından qabaq, lap kiçik yaşlarından onu cəlb edən yazıçılıq istəyi? Hansı sənətin sahibi olur-olsun, bir gün hər şeyi atıb ona doğru can atacağını hiss elərmirdimi? Artıq yazmağa başladığı şeirləri də pis alınmırdı. Bundan sonra bir müddət tərəddüd edib: rəssam olsun, yoxsa yazıçı-şair? İllər keçdikcə ədəbiyyata olan marağı rəssamlıq həvəsini üstələyib.

Yeddi uşağının heç birinin, necə deyərlər, hələ əlləri çörəyə çatmamış babam vəfat edib. Ondan sonra çətin vəziyyətdə qalıblar. Nənəm heç yerdə işləmirdi, evdə sifariş götürür, dərzilik edirdi. Ancaq onun da qazancı çox deyildi. Odur ki, ailənin əsas qayğıları böyük oğul kimi atamın üzərinə düşür. O, bacılarına, qardaşına həm ata olub, həm də qardaş. O həm təhsilini davam etdirmək, həm də həyatlarını düzəninə qoymaq üçün yollar axtarıb, planlar qurduğu vaxt Böyük Vətən müharibəsi başlayıb.

Orta məktəbi yenicə başa vuran, on səkkiz yaşlı gənc hər şeyi pərən-pərən qoyub könüllü olaraq cəbhəyə yollanıb. Müharibədə rabitəçi olub. Döyüşlər zamanı dəfələrlə yaralanıb, dönə-dönə ölümlə üzləşib. Bakıya 1945-ci ildə Böyük Vətən müharibəsi başa çatandan sonra qayıdıb. Beşillik ayrılıqdan dönən atam həyatını yenidən qurmaq, oxuyub təhsil almaq və söz yox ki, yazıçılıqla məşğul olmaq istəsə də, əvvəlcə işləməli, bacılarına , qardaşına, anasına maddi cəhətdən kömək etməli olub. Bir müddət Sumqayıtın salınmasında iştirak edib. İlk əsəri olan «Gənclik» povesti də o illərə həsr olunub.

Maddi cəhətdən vəziyyəti ürəkaçan olmasa da, oxumaq sevdası onu Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna aparıb. Məktəbə qəbul olunub. Arzulu, macəralı tələbəlik həyatı başlayıb. Atam Moskvada Nəbi Xəzri, Əli Kərim, İsa Hüseynovla bir dövrdə oxuyub, yataqxanada eyni otaqda qalıb, möhkəm dost olublar. Qayğıları da bir olub, sevincləri də. Kasıb tələbə gənclər təqaüdlə güclə dolanıblar, çox vaxt heç çörək almağa da pul tapmayıblar. Atam danışardı ki, elə ac vaxtlarımız olub ki… Moskva yeməkxanalarında o zamanlar yemək masalarının üstündə həmişə çörək və xardal qoyurdular, bunlar pulsuz idi. Atamgil də yeməkxanaya gedib o çörəklə xardalı yeyərdilər ki, ürəklərində durum olsun.

O, özlərindən əvvəlki ədəbi nəslin nümayəndələrindən yalnız Səməd Vurğunun adını tez-tez çəkər, onu sadə, xeyirxah adam kimi yada salardı. Tələbəlik çağlarında şairin onlara necə kömək etdiyini xatırlayardı. Moskvaya tez-tez gedən Səməd Vurğun azərbaycanlı tələbələrə baş çəkər, hər dəfə də restorana aparıb onlara qonaqlıq verərmiş. Bayramlarda Moskvada Ədəbiyyat İnstitutunda oxuyan gənclərin paxlava, şəkərbura paylarını Səməd Vurğun apararmış. Onların ehtiyac içində yaşadıqlarını, korluq çəkdiklərini görən şair bəzən soyuq qış aylarında birinə şərfini, birinə papağını verib.

Atamgil institutda oxuyanda məşhur bir evdə-yazıçı Fadeyevin bağ evində qalıblar. Oranı sonralar yaradıcılıq evinə çevirdilər. Amma atamgil təhsil aldıqları illərdə Fadeyevin bağ evi yataqxana binası kimi tələbələrin ixtiyarında olub. Azərbaycanlı tələbələr-Əli Kərim, Nəbi Xəzri, İsgəndər Coşqun, Cabir Novruz, İsa Hüseynov və atam hər gün Peredilkinodan şəhərə elektrik qatarıyla gedib-gəliblər.

Hər səhər qatarda çox gözəl, sarışın, gənc bir qızla yol-yoldaşı olublar. Ətrafında baş verənləri o, elə bil heç görmür, diqqətlə dizlərinin üstünə qoyduğu kitabı oxuyarmış. Qızın hər gün həvəslə, yorulmadan mütaliə etməsi tələbələri maraqlandırıb. Yaxınlaşıb tanış olublar. Roza adlı moskvalı qız gənclərin Azərbaycandan gəldiyini Ədəbiyyat İnstitutunda təhsil aldığını biləndə sevinib. Çünki o da ədəbiyyatı həddindən artıq sevər, mütəmadi olaraq bədii əsərlər oxuyarmış. Söhbətləri tutub. O gündən Peredilkinodan Moskvaya gedən elektrik qatarı gənclərin ədəbiyyat barədə müzakirə, fikir mübadilələri məkanına çevrilib.

Getdikcə bir-birlərini daha yaxşı tanıyıblar. Bir gün azərbaycanlı tələbələrdən biri - salam Qədirzadə anlayıb ki, qıza vurulub. Bu sevdadan dostları xəbər tutublar. Atam hələ cürət edib ürəyini açmırmış. Amma yəqin bilsəydi ki, qızın bu qədər tələbənin içərisində onu gözü tutub, tərəddüd etməzdi. Atam bir gün cəsarətini toplayıb qıza könül açıb, məhəbbətlərinin qarşılıqlı olduğunu öyrənəndə, sanki dünyanı ona bağışlayıblar. İlk görüşlərində bir-birlərinə ayrı keçən illərindən danışıblar. Anam ondan heç nəyi gizlətməyib. Amma atam bir məsələni sevgilisindən sirr saxlayıb, ona Bakıda heykəltəraş qızla nişanlı olduğunu deməyib.

1952-ci ildə atamın tələbəlik illəri sona yetir. Moskvayla vidalaşmaq vaxtı yaxınlaşır. Ancaq könlünü ovlayan gözəldən həmişəlik ayrılmağı ağlına da gətirmir. Elə qız da onsuz yaşamaq barədə düşünmək belə istəmir. Dostlarını restoranların birinə toplayır, xudmani məclis qurub evlənirlər. Atamın Moskvadan gözəl bir qızla dönməsi anasını, qardaş-bacısını çaşdırsa da, giley-güzar etmirlər. Həm də ona görə ki, atamı çox istəyir, onu özlərinə ağsaqqal bilir, bir sözünü iki etmirdilər. Həm də anlayırdılar ki, könülə güc yoxdur. Sevgilisinə görə doğmalarını qoyub-gələn qərib gəlini incitməyə də ürəkləri gəlmir. Ona «Salamın nişanlısı var», - deməyə utanırlar. Gəlini mehribanlıqla qarşılayırlar. Heç atamdan soruşmurlar da ki, bəs indi biz neyləyək, nişanlısına, ailəsinə nə cavab verək. Bacıları özləri məsələni yoluna qoyurlar.

Anam atamı sevməyə başlayanda, onun evlənmək təklifinə «hə» deyəndi bilirdi ki, bu məhəbbət ona nələrin bahasına başa gələcək. Moskvadan, əzizlərindən ayrı düşəcək, tanımadığı şəhərdə, üzünü görmədiyi adamların arasında yaşayacaq. Ancaq bunun nə qədər çətin olduğunu Bakıya gəlməyə hazırlaşdıqları günlərdə daha yaxşı anlayır. Fikir çəkir ki, qürbət yerə gedir, orada neyləyəcək, necə yaşayacaq? Atamın qohumları onu yaxşı qarşılayıb, ilk gündən ailənin ən əziz üzvlərindən biri kimi qəbul edəndən sonra ürəklənir. Ziba nənəm, bibilərim anama adət-ənənələrimizi, bütün Azərbaycan xörəklərini bişirməyi öyrədirlər.

Atam institutda oxuyanda artıq yazıçılıqla ciddi məşğul olur. Bakıya döndükdən sonra, bütün fikrini-zikrini yaradıcılığa verir. Ondan olsaydı başqa işə, vəzifəyə vaxt ayırmazdı. Heç zaman dövlət işlərində çalışmaqdan xoşu gəlməzdi. Doğrudur, müxtəlif vaxtlarda «Azərbaycan» jurnalında, iki dəfə «Kirpi» jurnalında və başqa yerlərdə işlədi, amma getdiyi yerlərdə uzun-uzadı qalmırdı. Yəqin ki, onun əmək kitabçasına yazılan iş stajı on-on iki ildən artıq olmazdı.

Atama yaxşa vəzifələr də təklif edirdilər, məsuliyyətli iş də tapşırırdılar. Bacardığı qədər onlardan imtina edirdi. Ancaq bu həmişə mümkün olmurdu. Məsələn, «Kirpi» yə baş redaktor işləməyə getməyə məcbur oldu. Çünki o dövrdə belə məsələlər Mərkəzi Komitə səviyyəsində həll edilirdi. Bəzən vəzifələr Kommunist Partiyasının biletini ciblərində gəzdirənlərə dövlət tapşırığı kimi verilirdi. Atam da 1970-ci ildə «Kirpi» jurnalına baş redaktor təyin olunanda etiraz edə bilmədi. Deyirdi ki, bundan imtina etsəm, sonra kitablarımı çap etməyəcəklər. O, vəzifədə də cəmi dörd il işlədi.

Dövlət işlərindən kənar durmasını özü daha çox yazıçılığıyla bağlayırdı: «Nəyimə lazımdır vəzifə?» deyərdi. - «Mənimki odur, çəkilim bir tərəfə, əsərlərimi yazım». Amma mənə elə gəlir, bunun başqa bir səbəbi də atamın xarakteriylə bağlıydı. O çox məğrur adam idi. Yaltaqları sevməzdi, deyərdi ki, onlar üçün baryer yoxdur. Əgər bu gün mövqeyinə görə yaltaqlanırsa, sabah hər şey əlindən çıxanda, sənə asanlıqla da xəyanət edərlər. Atamın vəzifə kürsüsündə, mal-dövlətdə gözü yox idi. O, yazıçılığı ən yüksək vəzifə hesab edirdi. Həmişə deyirdi ki, mən elə evdə əsərlərimi yazım, kitablarım vaxtında çap olunsun, qonorarımı alım, bəsimdir. O vaxt yazıçılar yaxşı qonorar alırdılar. Bir kitabın puluna ev, maşın almaq olurdu. Yadımdadır, atam «46 bənövşə» kitabına verilən qonorara özünə avtomaşın aldı.

Ardı var

Yaşar Vəliyev, "Mədəni həyat" jurnalı, (8/2013)

Şəkillər "Azadlıq" Radiosunun səhifəsindən götürülmüşdür.

# 6623 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
#
#
# # #