Öz müasirliyini bayraq edən qələm adamlarımızın bilmədikləri

Öz müasirliyini bayraq edən qələm adamlarımızın bilmədikləri
6 aprel 2016
# 12:08

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX” məqaləsini təqdim edir.

1 fraqment

Bumeranq

Gər dersə Füzuli ki gözəllərdə vəfa var..

Aldanma ki, şair sözü əlbəttə yalandır

Füzulinin bu məşhur kəlamı əslində onun özündən əvvəlki fəlsəfə tarixini nə qədər gözəl bələd olduğunu göstərir. Çünki antik tarixlə tanış olanlar yaxşı bilirlər ki bu beytdəki təzad yunan fəlsəfəsində Epimenid paradoksu kimi tanınan məntiqi tapmacanın sadəcə şərq -irfan təfəkkürünə adaptasiya olunmuş versiyasıdır.

Epimenid paradoksunun mahiyyəti təxminən bir cümlədən ibarətdir. - "Kritli Epimenid deyir ki, bütün kritlilər yalançıdır"...

Bəs tapmaca nədədir? Əgər kritlilər yalançıdısa, deməli Epimenidin sözü də yalandır, həqiqətdə isə kritlilər yalançı deyil. Əgər kritlilər yalançı deyilsə, onda Epimenidin sözü həqiqətdir, bütün kritlilər yalançıdır. Epimenidin özü də daxil olmaqla...

Budur, qapalı dairə... Məntiqi bumeranq… Eynən dünyanın gedişatı kimi...

Deyilənə görə qədim Yunanıstanda bu paradoksun məntiqi izahını verməyə çalışan yüzlərlə insanlar olub, amma bir nəticə hasil olmayıb. Hətta bir filosof bu məsələni o qədər çox düşünüb ki, başına hava gəlib, intihar edib...

Bəs Füzulidə bu paradoks necə təqdim olunur?

"Əgər şair Füzuli desə ki, gözəllərdə vəfa var, inanmayın, çünki şairlər yalançı olur..."

Xırdalasaq, eynən Epimenidin paradoksundakı qapalı dairə alınar. Yeniyetməliyimdə əruzçu dostlarımla birlikdə biz də bu paradoksun üstündə çox baş sındırmışdıq. Heç cür başa düşə bilmirdik ki, Füzuli nə demək istəyir? Hər nədisə, bu lənətə gəlmiş gözəllərdə vəfa var, ya yoxdur?

Çox baş sındırırdıq, amma şükürlər olsun ki, havalanıb intihar həddinə çatanımız olmadı, məsələni də özümüzçün bu cür xətm elədik ki, «Füzulinin gözəllərində vəfanın olub olmamağının bizə aidiyyatı yoxdu, kişi başqasının şəxsi həyatına müdaxilə eləməz, ayıbdı...»

Beləliklə məlum oldu ki, bu paradoksun yaranmasından min illər ötür. Bəs bu gün ətrafımıza baxanda nəyi görürük? Bəli, gördüyümüz odur ki, bəşər düşüncəsi son onilliklərdə demək olar ki bütünlüklə Epimenid paradoksunun içində yaşayır. Sadəcə özünün bundan xəbəri yoxdur...

Ona görə də, inkişaf, proqres, yüksəliş və sair terminlərlə adlandırdığımız təfəkkür hərəkəti yeni minillikdə dalana dirənib. Çünki əsrin paradiqması məhz Epimenid paradoksuyla eyni sxemə malikdir...

Bir az geniş izah edək. Avropada İntibah mədəniyyətinin intişarından başlayan və getdikcə bütün Avropaya, daha sonra Amerikaya, nəhayət yavaş-yavaş bütün dünyaya yayılan «yeni düşüncə», «müasir təfəkkür» və sair oxşar paradiqmaların mahiyyəti nədir? Bunların fikir cövhərini – nüvəsini qısa şəkildə necə izah eləmək olar?

Əslində bir birindən çoxsaylı şaxələrlə aralanan bu «müasir dünya təfəkkürü» adlı ağacın gövdəsinə diqqət yetirəndə təxminən bu fikirlərin üstündə qərar tutduğunu görə bilərik…

- Hər şeyin təzəsi köhnəsindən yaxşıdır... Çünki inkişaf yalnız köhnənin təzəylə əvəz olunmasındadır. Təzə köhnədən fərqli olmalıdır, hətta onun ziddinə getməlidir. Və bu fərq keyfiyyətindən və mahiyyətindən asılı olmayaraq, mütləq yaxşıdır. Çünki təzədir... Köhnə isə unudulmalıdır. Çünki köhnə özünün keyfiyyət və mahiyyətindən asılı olmayaraq, pisdir, lazımsızdır, çünki köhnədir... və köhnəni müdafiə eləmək acizlik, qorxaqlıq ; təzəni bəyan eləmək isə cəsarətdir, igidlikdir. Və bir də, köhnəni müdafiə edənlərin təfəkkürü çərçivədədir, klişelər içindədir, yenini təbliğ edənlər isə bu qəlibləri, çərçivələri klişeləri sındırmağa çalışır, deməli azadlıq arzusundadırlar. Əsl insanın mahiyyəti isə yalnız bu azadlığa doğru cəsur hərəkətdə özünü göstərir. Məhz bu azadlıq yollarında insanın qarşısını kəsən hər bir maneə dağıdılmalıdır. Təbii ki, ilk olaraq dağılmağa məhkum olan «ali ilahi varlıq» ideyasıdır. Çünki insanların həmin mütləq azadlığa doğru inkişaf etməsinin, yenilənməsinin qarşısını kəsən maneədir…

Bir az uzun oldu. amma bu abzasdan doğan əsas ana fikrin üstünə qayıdaq - Təzə köhnədən yaxşıdır… Hər şey daim yenilənməlidir. Çünki insanın varlığı yalnız bu hərəkətin üstündə qurulub. Dayanmaq ölümə bərabərdir.

Mənəvi həyatda da, maddi aləmdə də eyni hadisəni görürük.... "Təzə ovu", " Yeniklik sevdası", "Fərqlilik maniyası"... Son iki yüz ilin bütün hiss və ehtiraslarını müəyyən edən bir stimul...

Beləcə bütün dünya yenilikçilərlə, köhnəpərəstlərin döyüş meydanına çevrildi. Mütərəqqi və mürtəce terminləri yarandı... Mütərəqqi deyəndə yenilikçi-proqressiv, mürtəce deyəndə isə konservativ-tradisionalist qüvvələr nəzərdə tutuldu...

Eyni hadisəni ədəbiyyatda da daim mübahisə doğuran "atalar və oğullar" probleminin yaranmasında görürük. Təbii ki, ata köhnənin, oğul isə yeninin timsalında çıxış edir.

Bəs görəsən bu köhnəlik - yenilik davasının Epimenid paradoksuna nə aidiyyatı var?

Bunu izah eləməkçün ən əvvəl bu fikrin - yəni "hər şeyin yenisi daha yaxşıdır" tezisinin özünün də yeni olduğunu xatırladıq. Sadəcə, gözümüzü açandan hər yanda bu yanaşma tərzini gördüyümüzə görə, bizə bu paradiqma mütləq həqiqət kimi görünür…

Uzun əsrlər boyu dünya xalqlarının düşüncə tərzində bunun əksinə olan fikir hakim olub. Bir nəsnənin köhnəliyi onun daha yüksək keyfiyyətə malik olduğunun göstəricisi olub. Çünki mövcud olan istənilən «köhnə» zaman üzərində qələbənin nümunəsi olub. Misalçün, Çində elə bu günün özünə qədər, məzmunundan asılı olmadan, min il əvvəl yaşayan şairin şeirləri yüz il əvvəl yaşayan şairin şeirindən daha dəyərli sayılır. Çünki əvvəlki şair əgər min il ərzində öz populyarlığını saxlaya bilibsə, sonrakı şairin bu plankaya çatıb çata bilməyəcəyi sual altındadır... ümumilikdə bu yanaşma tərzi "tradisionalist-ənənəçi təfəkkür" tərzinin əsas bazasını təşkil edir.

Elə incəsənət tarixində, antikvar bazarında da oxşar vəziyyət mövcuddur. Əşya nə qədər köhnədirsə, o qədər qiyməti yuxarıdır. Lakin bu yanaşma yalnız dar sahələrdə müşahidə olunur. İyirminci əsrdə bəşər fəaliyyətinin və düşüncəsinin əksər sahələrində "hər şeyin köhnəsi daha yaxşıdır, çünki daha etibarlıdır" prinsipi sıxışdırılıb kənara atılıb, onun ziddi olan "yeni mütləq olaraq yaxşıdır, çünki yenidir" tezisi aparıcı mövqeyi ələ keçirib. Hamının düşüncəsindəki paradiqma məhz "mütəmadi yenilənmə"ni proqres və inkişaf hesab etmək prinsipinə söykənib. Bu prinsip aksioma kimi qəbul olunur. Tutuquşu kimi hamı düşünmədən bunu təkrar edib və həyata keçirməyə çalışır. Bu "yenilənmə"lər də öz növbəsində zamanın ölçülərinə söykənib.

Zaman oyunları

Miladın iyirminci əsri həm Avropa, həm də elə bütün dünya səviyyəsində məhz yenilənmələrlə başlayıb. Gələn yeni yüzillik köhnə düşüncəni kənara atıb, köhnə təfəkkürün çərçivələrini sındırıb, azadlığa doğru böyük addım ataraq yeni paradiqma gətirməyə çalışıb... 1890-cı ilin aparıcı təfəkkür sahibi ilə 1910-cu ilin müasir təfəkkür sahibi arasında hədsiz dərəcədə böyük fərq olub… (yaxud, 1780-1810)

İndi isə yenə də Epimenid paradoksuna qayıdaq...

Kritli Epimenid deyir ki, bütün kritlilər yalançıdır...

Budur. İyirminci əsr sona çatdı. İyirmi birinci əsr başlayıb...

İyirminci əsr "hər şeyin yenisi yaxşıdır" prinsipinin ən ali zirvəyə qaldırılması üzərində qurulub...

Xahiş edirəm diqqət edək... Eyni məntiqlə götürəndə, iyirmi birinci əsrdə " hər şeyin yenisi yaxşıdır" prinsipinin özü də ötən yüzilliyin məhsulu kimi artıq köhnəlmiş hesab olunmalıdır, və onu yenisi əvəz etməlidir. Bu növbəti "yeni" isə "hər şeyin yenisi yaxşıdır" prinsipinin ziddinə gedən tezis olmalıdır.

Bir qədər sadə izah edək.

Kritli Epimenid deyir ki, bütün kritlilər yalançıdır. Epimenidin sözü həqiqətdirsə, deməli bu sözün özü də yalandır... Paradoks. Qapalı dairə... Göz önündə yenə də Yunan mifologiyasında çox işlənən "öz quyruğunu dişləyən ilan" – «uroboros» obrazı canlanır...

Bütün "yenilər köhnələrdən yaxşıdır" fikri həqiqətdirsə, onda bu kəlmənin özü də artıq köhnədi, deməli növbəti "yeni" onu inkar edən fikir olmalıdır... Və yaxud da əksinə...

Yenə eyni struktur, eyni məntiqi paradoks...

Yenə də öz quyruğun dişləyən ilan...

Əvvəl deyirdilər, hər şeyin köhnəsi yaxşıdı.

Sonra dedilər hər şeyin yenisi yaxşıdı...

Bəs indi nə deməliyik?

Qarşımızda iki yol var.

Ya qapalı dairə prinsipini qəbul edərək, yenidən "hər şeyin köhnəsi yaxşıdır" fikrini önə çəkmək və yaxud ümumiyyətlə bu dairəni sındırıb tamam fərqli paradiqma ortaya qoymaq...

Nə köhnə, nə təzə. Heç biri. Bəs nə? Bəs nə? Görəsən nə köhnə, nə də təzə olan nəsnə ümumiyyətlə varmı? Yoxsa bunun özü də növbəti söz oyunudur?

Yenə sual

Əsas sualımız barədə düşüncələri hələlik kənara qoyub dünya ədəbiyyatında və mədəniyyətində, hətta fəlsəfədə gedən proseslərə nəzər yetirək. Niyə? Çünki sualı tam dəqiq ifadə etmək üçün sualın yarandığı mühiti analiz eləmək lazımdır.

Artıq on beş ildən artıqdır ki, yeni minillikdə yaşayırıq. Otuz-qırx il əvvəl yəqin ki, «iyirmi birinci əsrin insanı» deyəndə, gözümüzün önündə tam fərqli, maraqlı, üstün bir varlıq dayanırdı... hər halda bu cür düşünməyə haqqımız vardı…

Axı iyirminci əsr insanı on doqquzuncu əsr insanından, yaxud, on doqquzuncu əsr insanı on səkkizinci əsr insanından nə qədər fərqli və maraqlı idi… Bəs iyirmi birinci əsr insanı da iyirminci əsr insanından eyni dərəcədə fərqli, üstün və maraqlıdırmı?

Bir sualın cavabını verməmiş ikincisini ortaya qoymuş olduq…

Güzgü

Bir güzgü misalında ilk olaraq özümüzə diqqətlə baxaq – öz mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza və sair…

Tutalım, ədəbiyyatımızın ən dərin plastlarına nüfuz edəndə, nəyi müşahidə edirik? Görəsən əksər aparıcı ədəbi qüvvələrimiz hansı düşüncəni düşüncəni təbliğ edir? Hansı dəyərlər reklam olunur?

Əlbəttə ki Qərb, yenə də Qərb düşüncə tərzi...

Coys, Prust, Sveyq, Kafka, Folkner, Heminquey, Sartr, Kamyu, Fuko, Eko və sair və ilaxır...

Burda adını çəkdiyim və çəkmədiyim bu cür ünlü Qərb yazarlarının həyatı, əsərləri, psixoloji problemləri, hətta intim macəraları barədə yazı yazmaq, söhbət eləmək, geniş müzakirələr aparmaq, təbliğ etmək bu saat ədəbiyyatımızda elitarlığın nümunəsi kimi hesab olunur... Bilən də yazır, (danışır) bilməyən də... Oxuyan da oxumayan da...

Əlbəttə bu dünya şöhrətli yazarlara qarşı heç bir qərəzim filanım yoxdu, amma burda bir incə məsələ var... Biz artıq on beş ildir ki, iyirmi birinci əsrdə yaşayırıq. Və adıçəkilən qələm sahiblərindən bizi orta hesabla 60-70 il ayırır...

Bu rəqəmlərə diqqət edək... 60-70 il... hətta bəzən daha çox…

Misalçün, gözümüzün önünə ötən əsrin iyirminci, otuzuncu illərini gətirək....

Tutalım həmin vaxtlarda, Avropada kimsə on doqquzuncu əsrin ortalarının ədəbiyyatını müasir adlandıraraq təbliğ eləsəydi, ona necə yanaşardılar? Əlbəttə ki öndəgedən təfəkkür sahibləri ona gülərdilər... Bəs niyə bizdə, ən müasir düşüncəli qələm sahiblərimiz, əsasən də gənclər özlərindən onilliklər əvvəl yaşamış avropalı, amerikalı yazarların əsərlərinə valeh olur, onları bütləşdirir?

Əgər Qərbdə hər şey ən ali səviyyədədirsə, onda heç olmasa onların indiki böyük dahiləri barəsində yazaq, oxuyaq…

Axı əvvəlki vaxtlar deyil ki, arada informasiya problemi olsun... Tutalım ötən əsrin doxsanıncı illərində biz əlli il əvvəlki Avropa modernizmi ilə çox gec tanış olmağımızı onunla əsaslandırırdıq ki, sovet dönəmində bu əsərlər bizə gəlib çatmırdı... Bəs indi? İndi ki elə bir problem yoxdur? Bəs niyə öz müasirliyini əldə bayraq edən elitar qələm adamlarımız Avropanın, Amerikanın məhz indiki, müasir yazarları və filosofları barədə demək olar ki heç nə bilmir? Axı indi internet var, beynəlxalq kitab yayımı var...

Bəs niyə indiyə qədər bizdə "müasir dünya yazarları" ifadəsi işlənən kimi yada məhz ötən əsrin ortalarının, ən uzağı sonlarının qələm sahibləri düşür? Hətta indi həyatda olanların da içində ən çox təbliğ elədiyimiz məhz ötən əsrdə tanınanlardır... Belə demək olarsa, iyirminin titanlarıdır. Amma bir məsələ də var ki, bunlar yeni deyil, çoxdan köhnəlib…

Gəlin diqqət edək, görək dünya səviyyəsində məhz iyirmi birinci əsrdə yazmağa başlamış hansısa bir yazıçını, şairi geniş mənada tanıyırıqmı?

Etiraf edək ki, tanımırıq... İlk səbəb olaraq olaraq onu götürmək olar ki, Nobel komitəsi hələ indiyəcən iyirminci əsr yazarlarına mükafatlar verməklə məşğuldur və hələ də o dövrün yazarları daha çox təbliğ olunur...

İyirmi birinci əsrdən tanıdıqlarımız isə daha çox kütləvi ədəbiyatın nümayəndələridir ki, hətta əsərləri yayılsa da, onlara çox ciddi yanaşmırıq, müvəqqəti meyllər hesab edirik. Bu əsərlər İyirminci əsr dünya ədəbiyyatındakı vulkan püskürməsinə heç yaxın gəlmir...

Üçüncü sual

Növbəti bir sual yaranır – iyirmi birinci əsrin böyük Qərb ədəbiyyatı var, sadəcə biz tanımırıq, yoxsa həqiqətən də yoxdur? Yoxdursa niyə yoxdur?

Hər halda, real görünən təsvir bundan ibarətdir - nə fəlsəfədə, nə ədəbiyyatda, nə də mədəniyyətin başqa sahələrində iyirminci əsr hələ bitməyib...

Hələ də "müasirlik" deyəndə iyirminci əsrin düşüncə tərzindən gələn istiqamətlər nəzərdə tutulur... Həm bizdə, həm… elə orada…

Biz, həm də təkcə biz yox, bütün dünya odu sönmüş iyirminci əsrin külü ilə oynamaqla məşğuldur... Sadəcə o külə biz hələ indi rahat halda əlimizi vura bilirik deyə, bizə hələ də maraqlıdır...

Külün isə alovu olmur, bir az da çox qurdalasaq, yerində qara tozu qalacaq... Onu da külək aparacaq...

Bəs iyirmi birinci əsrin həqiqi alovunu nə vaxt görəcəyik? Ümumiyyətlə görəcəyikmi? Görəcəyiksə, bu alov necə olmalıdır və əvvəlkindən nəylə fərqlənməlidir? Zənnimcə bu saat hamını düşündürən məsələ məhz bu olmalıdır. Çünki sönən ocağın külü ilə oynamaq yalnız uşaq işidir.

Post oyunlar

Postmodernizm termini dilə gələn kimi ilk olaraq nihilizm xatırlanır – keçmişdən gələn ənənələrin, təfəkkürün, əxlaq çərçivələrinin, mənəvi dayaqların inkarı və dağıdılması…

İlk baxışdan elə görünür ki, postmodernizmin əsas şüarı keçmişdən gələn hər şeyi dağıtmaqdır… Hamı bundan yazır bundan danışır… Əslində isə keçmişi dağıtmaq ənənəsi daha çox modernizmə xas idi, postmodernizm isə insan təfəkkürünün keçmişiylə bərabər, daha çox gələcəyini dağıtmaqla məşğul olub…

Bəli, iyirmi birinci əsrin – yeni minilliyin yeni təfəkkür tərzinin rüşeymləri iyirminci əsrin sonlarında atılmalı idi. Amma postmodernizm bu rüşeymlərin düşdüyü torpağı zəhərlədi. O vaxt dünya bunun fərqində deyildi. Yalnız indi görürük ki, torpaqdan heç nə bitmir… Məhz buna görə də yeni minillik təfəkkür baxımından hələ ortaya yeni heç nə qoya bilməyib… Postmodernizmlə şüalanmış bəşər düşüncəsi bu saat Çernobıl ətrafındakı yüksək radiasiyalı ölü düzənlikləri xatırladır… və Avropada , yaxud oradan kənarda yaşamasından asılı olmayaraq, hamımız bu şüalanmanın təsirinə məruz qalmışıq… Fərq isə sadəcə radiasiyanın miqdarındadı…

Mağara

Bütün bu qarışıq fikirlərin özü də məhz bitmək istəməyən iyirminci əsrin nəticəsidir. Çünki mən də həmin əsrin yetirməsiyəm. Və içimdəki nizamsızlıq da haqqında danışdığım şüalanmanın nəticəsidir… Ona görə də yazıdakı bu xaosa görə oxuculardan üzr istəyirəm və xahiş edirəm ki, birlikdə bütün bu fikirləri nizama salmağa çalışaq ki, yazının ardını davam etmək mümkün olsun…

Birinci müşahidə – Azərbaycan ədəbiyyatı (ümumilikdə mədəniyyəti) daha çox Qərb mədəni düşüncə tərzini izləyir… Çünki inkişaf deyəndə yalnız və yalnız Qərb yada düşür…

İkinci müşahidə – Azərbaycanda müasirlik adı altında təbliğ olunan ideyaların əksər hissəsi Qərbdə onilliklər əvvəl yayılmış və artıq öz tənəzzülünü yaşamış ideyalardır…

Üçüncü müşahidə – Müasir Azərbaycan ədəbiyatı ona görə Qərbin iyirminci əsr ədəbiyatından qopa bilmir ki, iyirmi birinci əsrdə söykənəsi sanballı bir şey yaranmayıb.

Dördüncü müşahidə – İyirmi birinci əsrdə heç nə yaranmayıb, çünki postmodernizm fəlsəfəsi bunun rüşeymlərini onilliklər əvvəl məhv edib…

Beşinci müşahidə – «hər şeyin yenisi yaxşıdır» prinsipindən aralana bilməyən bəşər təfəkkürü öz quyruğunu dişləyən ilanı xatırladır… Bundan o tərəfə istənilən hərəkət ilanın öz-özünü yeməsinə gətirib çıxara bilər…

Burdan belə nəticə hasil olur ki, hal hazırda bəşər düşüncəsi qaranlıq bir mağarada divara dirənib…

Bunu isə mən demirəm, dünyanın ən ünlü filosofları onilliklər boyu öz əsərlərində bəyan edirlər. Və «mənəvi krizis», «ümumbəşəri depressiya», «ruhun reqressi» kimi terminləri də mən kəşf etməmişəm…

Mənsə sadəcə Avropadan uzaqda olan, amma oradan yüz il ərzində yayılan radioaktiv şüalanmanın təsirinə məruz qalmış bir ədəbiyyatın (və mədəniyyətin) bugünkü vəziyyətini analiz etmək və bu şüalanmadan bizi (məhz bizi) çıxara biləcək yollar axtarmaqdır…

Yenə bumeranq

«Orda hər şey yaxşıdır. Burda hər şey pisdir. çünki onlar inkişaf edir, proqressivdirlər, bizsə inkişaf eləmirik, geridə qalmışıq, yüz ildi yerimizdədə sayırıq…»

Bu tezis əfsuslar olsun ki, hələ də düşüncə adamları arasında öz populyarlığını saxlamaqdadır…

Bəs görəsən orda yaxşı olan inkişaf və proqressivlik nədir ki, bizi bu qədər valeh edir?

Bəlkə ümumiyyətlə inkişaf və proqress deyəndə nəyin nəzərdə tutulduğunu araşdıraq?

İstənilən orta statistik «dahi yazarımız»dan soruşsaq, inkişaf deyən kimi ilk olaraq «insan azadlığı» tezisini dilə gətirəcək. «Onlar ona görə inkişaf edir ki, orada insan azaddır; həm sosial müstəvidə, həm təfəkkür müstəvisində. Bizsə çərçivələrin, normaların, doqmaların içində hörümçək toruna düşən kəpənək kimi çapalayırıq…»

Tanış fikirlərdi, deyilmi? Saytlarda, evirdə ekranda yüz dəfələrlə eşitmiyimiz və dönə dönə təsdiq elədiyimiz fikirlərdir…

Amma yeni deyil, köhnədi. Çünki «yeni həmişə təzədən daha yazşıdır»

Əgər «insan azadlığı» ideyaları köhnəlibsə, və «hər şeyin yenisi daha yaxşıdır»sa, onda bəlkə elə ilk olaraq bu məsələyə – Yəni «insan azadlığı» probleminə yeni yanaşma ortaya qoymağa cəhd edək?

Bəlkə insan azadlığı heç də yaxşı deyil?

Əgər gecə gündüz insan xislətindəki vəhşiliklərdən danışan real faktlar, bədii əsərlər, filmlər, tamaşalar ortaya çıxırsa, və bütün bu vəhşiliklər məhz «azad insan» tərəfindən törədilirsə, bəlkə bütün bunların səbəbi məhz «insan azadlığı»dır? Başqa sözlə desək, bəlkə insanın ali insan sifətində qalmasını təmin edən məhz əsarətdir, azadlıq deyil?

«İnsanın xöşbəxtliyi mütləq azadlıqdadır» tezisi bir vaxtlar yeni idi… Hər şeyin də yenisi daha yaxşıdır… İndi bu tezis köhnəlib… Hər şeyin də yenisi daha yaxşıdır. Yeni nədir? «İnsanın xöşbəxtliyi əsarətdədir?»

Yenə də quyruğunu dişləyən ilan?

Ardı var…

# 1553 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #