Uşağını zibil qabına atan falçı - Cavid Zeynallının pyesi

Uşağını zibil qabına atan falçı - <span style="color:red;">Cavid Zeynallının pyesi
16 iyul 2018
# 11:43

Kulis.az Cavid Zeynallının “Tanrı quşu gəlmədi” pyesini təqdim edir.

(İki hissəli faciə)

İştirakçılar:

Süleyman

Mustafa Əfəndi

Aynur

Toğrul Ərəblinski

Bəxtiyar

Barış

Falçı Əlamət

Tam işıqlanmayan səhnə. Səhnədə piano, köhnə divan, şkaf, stol-stul var. Pianonun üstündə telefon, divanın başında oxunub ağzı üstə qoyulan kitab görünür. Divarda çərçivəyə salınmış yaşlı qadın şəkli. Sağ və soldakı pəncərələr pərdə ilə örtülüb. Süleyman ağır addımlarla səhnəyə gəlir, stola yaxınlaşır. Saqqallıdır. Saata baxır, pəncərələrin pərdəsini çəkir, səhnənin işığı artır. Hərəkətləri astagəl, ləngərli olsa da, hiss olunur ki, nədənsə sevincək və fərəhlidir. Divardakı qadın şəklinin qarşısında dayanır.

Süleyman. Səni apara bilmədim... Bilmədim... Bir az da dözsəydin, bu şəhərin zir-zibilindən canımızı bir yerdə qurtarardıq. Bundan sonra burda bircə gün də qalmayacam. Söz verirəm... nə qədər ömrüm qalıb, sənin də əvəzinə o rahatlığı, o xoşbəxtliyi canıma çəkəcəm. (Pianonun üstündəki telefonun dəstəyini qaldırır, yenidən saata baxır, zəng etməyə tərəddüd edir. Dəstəyi yerinə qoyur). Axsaq İsgəndər yoxdur. Öldü axsaq İsgəndər. İndi kəndə rahat getmək olar. (Telefonun dəstəyini yenidən qaldırır, nömrələri yığır) Alo... Alo, Bəxtiyar. Səni narahat etdim, oğlum, bağışla. Hə... Hə... Hə, evə görə... Gəl, bu gün bax. Mütləq gəl. Gözləyəcəm səni, oğlum. Sağ ol... (Dəstəyi yerinə qoyur. Birdən ürəyini tutur, gözünü yumur.) Mustafa... (Sükut). Mustafa... (Cavab yoxdur. Rahatlaşır, əlini ürəyinin üstündən çəkir). Keçdi. Uşaqları narahat etməyim, qoy yatsınlar. (Çıxır. Səhnə boş qalır. Ev telefonu zəng çalır. Mustafa gəlib dəstəyi götürür, cavab verən olmur, zəng kəsilir. Üz-gözündə narazılıq ifadələri yaranır, başını yellədir. Divanın başındakı kitabı götürüb oturur. Aynur otağa daxil olur. Saçları dağınıqdır).

Aynur. Sabahın xeyir.

(Mustafa başını qaldırıb ona laqeyd nəzərlərlə baxır. Sükut.)

Aynur. Sabahın xeyir, Mustafa.

(Cavab yoxdur.)

Aynur. Əvvəllər səhər duranda yenə “sabahın xeyir” deməyin var idi. Hər şey nə qədər pis olsa da, adam bu səhər alqışından təsəlli tapıb yaşayırdı. İndi onu da çox görürsən.

Mustafa. O əvvəllər idi. Beş il əvvəl, altı il əvvəl, səkkiz il əvvəl...

Aynur. Üstünə iki il də gəl, on il əvvəl olsun. Onda hər şey daha yaxşı idi. Sonra pisliyə doğru dəyişdi. Hər il mən sənin gözündə daha maraqsız oldum. Eh... (Nümayişkaranə və istehza ilə) Başa düşürəm, Mustafa, başa düşürəm. Maraqsız insanla yaşamaq əzabdır.

Mustafa. (Səsini qaldırır) Nədir, səhər-səhər nə mərsiyəxana açıbsan? İmkan versən, mumlayıb rahat həyatımı yaşayaram. Bu kişi hara gedib?!

Aynur. Yaşa. (Sükut) Amma... amma Allah xətrinə, mən heç, mən taleyimlə onsuz da barışmışam, heç olmasa, özünə əziyyət vermə.

Mustafa. Sən heç nə ilə barışmayıbsan. (Qəzəblə) Taleyi ilə barışan adam öz həyatını yaşayır. Sənin kimi başqasının işlərinə burnunu soxmur, başqasını izləmir, bezdirmir.

Aynur. Deyirəm də, mənim faciəm onda başladı ki, vaxtında özümü çox zəif, yazıq göstərdim. Bütün səhvlərinə göz yumdum ki, anlayacaqsan. Sənin kimi adamlarla gərək məsafə saxlayasan. Ər-arvad olanda nə olar, aradakı bütün pərdələri götürməmək lazım idi. Doğrudan da insan özü özünə hörmət qoymalıdır. Təkəbbürlü görünsə də, lazım olanda, başı dik tutmaq lazımdır.

Mustafa. (Kitabı stolun üstünə qoyur, dikəlir) Əslində sən heç vaxt mənim üçün maraqlı olmayıbsan. Səndən soruşdum ki, bu kişi hara gedib? Ay adam... ay insan... deyirəm ki, bu kişi hara gedib?!

Aynur. (Əlacsız və emosional tərzdə) Necə maraqlı olmamışam? On il əvvəl dünyanın o başında olsan da, mənə can atan kim idi? Sən deyildin? Sənə yalvaranda ki, gecə yarıya qədər uzanan içki məclislərində özünü məhv etmə, məni qucaqlayıb ağlamırdın ki, nə yaxşı varsan? Demirdin ki, bu qeybət edən dostlarım, taleyi gətirməyən yoldaşlarım mənim axırıma çıxacaq, məni xilas et?!

(Mustafa siqaret yandırıb pəncərənin ağzına gəlir)

Aynur. Mustafa, sənnənəm...

Mustafa. Üç-beş maraqlı şəkil çəkmişdin də. Mən də aldandım. Pay atonan, hamı Aynur Miniatürü tərifləyirdi. Böyük istedad, parlaq rəssam... Mən axmaq da həvəsə düşdüm. Daha doğrusu, tələsdim. Sən də məni əldə saxlamaq üçün hamıdan bir az artıq qayğı göstərdin, vəssalam. Sonra başa düşdüm ki, sənin bütün mahiyyətin o vaxt əzbərlədiyin bu cümlədən artıq deyilmiş: (Ələ salır) “Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür”.

Aynur. Səndə günah yoxdur, məndən sonra yazılarını qəzetlərdən kəsib saxlayanlar çoxaldı. Yavaş-yavaş mənə olan hisslərini də başqaları ilə bölüşdün. Lap sənin əsərlərindəki mənasız qəhrəmanlar kimi danışdım e. (İstehza ilə) Hisslərini başqaları ilə bölüşdün... Özünü nə dağa-daşa salırsan, de ki, məni küçə fahişələrinə dəyişdin, çıxsın getsin də. Özü də utanmadın, içib bunu mənim üzümə çırpdın, məni alçaltdın. Nə isə... Mənim kimi deyingən, zəhlətökən arvadı niyə saxlayırsan? Hə, niyə saxlayırsan?!

Mustafa. Ağzını yuma bilərsən? (Aynurun üstünə gəlir. Üz-üzə dayanırlar) Getmək istəyirsən, xoş gəldin. Getməyinə şad olaram.

Aynur. Ciddi deyirsən?

Mustafa. Əlbəttə, tam ciddi.

Aynur. Yaxşı... Yaxşı... Dədə gəlsin, yeməyini verim, sonra yığışıb gedərəm.

Mustafa. Üçüncü dəfədir soruşuram: bu kişi səhər tezdən hara gedib?! Birdən kəndə gedib-eləyər...

Aynur. Axşam demişdi, bazardan sizə qarğıdalı alacam.

Mustafa. Elə bircə qarğıdalımız çatışmırdı. Qarğıdalı e. (İstehzalı gülür). Kül mənim başıma. Günümüzə bax... hər şey o qədər yaxşıdır, o qədər xoşbəxtik ki, bircə qalır qarğıdalı gəvələyib ləzzət alaq.

Aynur. İlahi... Sən əlini həyatdan nə qədər üzübsən, Mustafa? Vaxt var idi, qarğıdalı nədir, alça dənəsindən də ləzzət alırdın. İndi atan bu xəstə vaxtında səhər tezdən durub ki, sapsarı, saçaqlı qarğıdalılar alıb evə balaca sevinc, istilik gətirsin. Sən də ona istehza edirsən. Sevinsən, nə olar ki? Gətirər, köməkləşib qabığını soyarıq, saçaqlarını təmizləyərik.

(Mustafa onun danışdıqlarına fikir vermirmiş kimi telefonu götürüb zəng edir).

- Alo, alo... Salam, salam. Necə olacağam, həmişəki kimi. Deyirəm, belə də, həmişəki müsibətimiz davam edir. Hə... Qulaq as, sən bu gün bizə gələ bilərsən? Hə... vacibdir. Deyirəm, vacibdir də. Yox, narahat olma... Lap yaxşı, gəl, gözləyəcəyəm... Hələlik.

(Telefonu stolun üstünə atır) Offf... Onu fikrindən döndərmək lazımdır. Eşitdin?!

Aynur. Mən heç nə deyə bilmərəm. Məni ki qovursan, niyə onu fikrindən döndərməyimi istəyirsən?!

(Qapı döyülür. Aynur qapını açır. Süleyman içəri girir. Əlində kiçik vedrə var).

Aynur. Xoş gəldin, dədə.

Süleyman. Xoş gördük, gözəl qızım. Sabahınız xeyir olsun. Səhər sizi oyatmağa qıymadım.

Aynur. Dedik, qarğıdalı üçün vurub kəndə getdin. (Gülür).

(Mustafa divara söykənib. Tərs-tərs Aynura baxır).

Süleyman. Evdən bazara getmək niyyəti ilə çıxmışdım, ayaqlarım sözümə baxmadı. Həm də istəyirdim, televizor ustası ilə də danışım, gəlib düzəltsin.

Aynur. Neynirsən e, televizoru. Mənə lazım deyil.

Süleyman. Lap yaxşı, heç mənə də lazım deyil. Qonşu binanın həyətindəki tut ağacını görübsən də. (Vedrəni stolun üstünə qoyur)

Aynur. Hə, dünən ordan bir uşaq yıxıldı. Sonra da heç nə olmamış kimi durub gülə-gülə qaçdı.

Süleyman. Mən də uşaq vaxtı kəndimizdə o qədər ağacdan yıxılıb sonra durub qaçmışam ki... Kaş yenə o vaxtlara qayıda bilərdim. Hə... nə isə. Ağacın aşağıdakı budaqlarını əyib başladım tut yığmağa. Gördüm birinci mərtəbədəki arvad əlində bu qırmızı vedrə, gəlir üstümə. Özü də kömək elədi, vedrəni doldurduq.

Aynur. Dədə, ay dədə...

Süleyman. Ay can.

Aynur. Deyirəm, birdən o arvad sənə vurular e. (Gülür)

Süleyman. Sən zarafat elə. Deyir, bilirəm, yoldaşın rəhmətə gedib, ona görə sənin üçün çətin olar. Sonra soruşdu ki, ev-eşiyə, əyin-başa baxmaq gəlin üçün çətin olmur?!

Aynur. Sən də deyərdin, zəhmətdən keçib, gəlib kömək eləsin. Təzə gəlin kimi xoşumuza gəlsə, nə isə fikirləşərik.

Süleyman. Deyəsən, o qadının çatışmazlığı var idi. Qəribə, məntiqsiz şeylər danışırdı. Nə bilim, falçıya get... qara buludlar təmizlənsin...

Aynur. Elə bircə falçımız çatmır. (Gülür).

Süleyman. Hə, vallah. Nə bilim, deyirdi, bir bədheybət arvad səni bir-iki dəfə soruşub filan. Əşşi, nə isə. Ayrılanda da tapşırdı ki, hər səhər gəl, bu tut səni cavanlaşdıracaq.

(Aynur vedrəni götürür)

Aynur. Mən tutu boşqaba töküb gətirim, ac qarına yeyək. Bir azdan səhər yeməyi də hazırlayaram.

(O biri otağa keçir)

Süleyman. (Üzünü o biri otağa tutub danışır. Hər ikisinə eşitdirir). Mən elə ağacdan yedim. Ləzzət elədi. Çoxdandır belə fərəhlənmirdim. Budaqları hər dəfə aşağı əyib tut dərəndə kəndimiz, evimiz, uşaqlığım yadıma düşürdü. Mənə gülməyin. Eh... Siz hələ cavansınız, ona görə belə hislər sizə yad gələr. Başa düşürəm sizi, başa düşürəm. 2016-cı ildə, iyunun bu səhər vaxtı kimə desən, ağac budağını əyib meyvəsini yeyəndə kövrəlirəm, adama gülərlər.

Aynur. (O biri otaqdan səsi eşidilir). Gülməzlər, dədə, niyə gülsünlər ki? Özümüzkülər gülməsin, başqası gülməz.

Süleyman. Mustafa, niyə dilxorsan? Niyə kefin yoxdur?

Mustafa. Sən dərmanını içibsən?

Süleyman. Yox... Heç içməyəcəm də.

Mustafa. Necə yəni içməyəcəm?! Həkim sənin əvəzinə mənə ağzına gələni deyəcək.

Süleyman. Həkim qələt eləyir. Əlac eləyəndirsə, öz başına eləsin. Heç 50 yaşı yoxdur, sel vurmuş körpüyə oxşayır. (Gülür). Yaxşı dedim, ha! Sel vurmuş körpüyə oxşayır... (Gülür). Əladır! Əsərlərində istifadə eləyə bilərsən. Ehh... kefsən e. Mənim indi araq içən vaxtımdır, sən də deyirsən, dərman iç.

Mustafa. Araq iç, səhər dur yenə de ki, ciyərim ağrıyır, başım ağrıyır.

Süleyman. Yaxşı araq da dost kimidir. Təmizi başağrısı vermir. (Ləzzətlə gülür). Bunu da, yaxşı dedim ha! Ha-ha-ha... Yaz dəftərinə.

Mustafa. Zarafat yeri deyil. On gündən sonra həkimə getməliyik.

Süleyman. Mən həkimə getməyəcəyəm. On gündən sonra da kənddə olacam.

Mustafa. Bu kənd söhbətini bağlamadıq?

Süleyman. Bəlkə məndən xəbərsiz ikiniz danışıb bağlayıbsınız?! Belədirsə, xəbərim yoxdur.

Mustafa. Sənin kəndə getməyin nəyə lazımdır? Gedib orda nə edəcəksən?! Kim var axı, orda?!

Süleyman. Necə yəni kim var, oğlum?! Orda mənim uşaqlığım var, xatirələrim var. Orda mənim atamın-anamın ruhu var. Orda mən böyüyən ev var. O evdə mənim beşiyimi saxlayırlar, uşaq vaxtı yatdığım çarpayını qoruyurlar. (Səsi xırıldayır. Hiss olunur ki, kövrəlib. Sükut.) Mustafa...

Mustafa. Eşidirəm...

Süleyman. Mənə siqaret ver.

Mustafa. Mən siqaret çəkmirəm.

Süleyman. Məni niyə aldadırsan, oğul? Siqaretin iyi otaqdan hələ çəkilməyib.

Mustafa. Biz başqa şeydən danışırdıq.

Süleyman. Böyüyün yanında siqaret çəkmək olmaz, içki içmək olmaz, uzanmaq olmaz, uşağı qucağa... (Sözünü kəsir). Axı mən heç vaxt səninlə belə xırdaçılıq etməmişəm. Ürəyin nə istəyirsə, mənim yanımda edə bilərsən. Əsas odur, yalan danışmayasan.

(Mustafa cibindən siqaret qutusunu çıxarıb ona uzadır)

Mustafa. Siz, deyəsən, gəlin-qayınata sözləşib mənim axırıma çıxmaq istəyirsiniz.

Süleyman. Yaxşı-yaxşı. Bu nə sözdür danışırsan? Ayıbdır. (Siqaret yandırır.) Yenə dalaşıbsınız?

(Aynur gəlir)

Aynur. Tut deyil e, baldır.

Süleyman. Çox sağ ol, qızım. Sənin gedəsi yerin yoxdur?

Aynur. (Tutulur.) Yoo-ox... Nə isə almaq lazımdır?

Süleyman. Bizi tək qoy. Bir az söhbətimiz var.

Aynur. (Çaşqın) Ya-x-şı. Elə... mağazaya düşüm, gəlirəm.

Süleyman. Yaxşı ev zeytunu olsa, al. Ürəyim yaman istədi.

Aynur. Alaram, dədə.

(Gedir. Sükut)

Süleyman. Soruşdum ki, yenə dalaşıbsınız?

Mustafa. Bizim dalaşmayan günümüz var ki...

Süleyman. Aynuru incitmə!

Mustafa. Mən heç kimi incitmirəm. Onun psixoloji problemləri var.

Süleyman. Səni də başa düşürəm, onu da. Amma onun heç bir psixoloji problemi yoxdur. Şər atma!

Mustafa. Belə mehriban danışmağına fikir vermə. Səninlə tamam başqa adam olur. Mən artıq onunla bacara bilmirəm.

Süleyman. Bu qədər vaxtda hansı ailədə uşaq olmasa, söz-söhbət olar.

Mustafa. Məsələ uşaqda deyil. Nə isə! Gəl indi bu uşaq söhbətini salmayaq. Evi satmaq fikrin, bizi qoyub kəndə qayıtmağın nə deməkdir?

Süleyman. Gəl, bu tutdan ye. Acqarına xeyirdir.

Mustafa. Tut vaxtıdır? (Səsini qaldırır) Mən səndən söz soruşuram, sən tut, nə bilim qarğıdalı, nə bilim... zeytundan dəm vurursan.

Süleyman. Ohoo... mənim üstümə səsini qaldırırsan.

Mustafa. Məcbur edirsən. Evi satanda biz harada yaşayacağıq?

Süleyman. Mən sənə demişəm axı, sizə ev tikdirəcəyəm. Sizi evsiz qoyaram?

Mustafa. Harada tikdirəcəksən, Lökbatanda?

Süleyman. Lökbatanı bəyənmirsən?

Mustafa. Şəhərin mərkəzindən çıxıb gedib Lökbatanda yaşayacağam? Ya da Lökbatan yaxındır, Qobustandan alarsan evi. Qobustan da yaxındır. 69 kilometr... Ən yaxşısı, Ələtdir. Cəmi 87 kilometr.

Süleyman. Oğlum, (Gülür) sən bu kilometrajları harada əzbərləyibsən?

Mustafa. Nə fərqi var, axı...

Süleyman. Bax, Mustafa, bizim fərqimiz bir-birimizi başa düşməməyimizdir. Bu atalar-oğullar məsələsi deyil. Bu nə isə başqa bir şeydir. Amma nədir, səbəbini tapa bilmirəm. Mən sənə deyirəm ki, kənddə mənim uşaqlığım var, xatirələrim var. Orda mənim atamın-anamın ruhu var. Orda mənim böyüdüyüm ev var. O evdə mənim beşiyimi saxlayırlar, uşaq vaxtı yatdığım çarpayını qoruyurlar. Orda mənim Tanrı quşum var. Sən belə şeyləri daha yaxşı bilməlisən, axı oğlum. Sən yazıçısan, kitab yazırsan. Ömrünün ahıl çağında bu şəhərdə... bu murdar şəhərdə, bu çirkaba bulaşan şəhərdə yaşaya bilməyən qocanın hisslərini anlamalısan.

Mustafa. Tanrı quşu... (Gülür)

Süleyman. Nəyə gülürsən?

Mustafa. Tanrı ağzımı əyməsə, onun quşuna gülürəm.

Süleyman. Yaxşı fikirləş, bəlkə quş bəhanədir? Bəlkə sən Tanrının özünə gülürsən?!

Mustafa. Mənim Tanrıya gülmək kimi azadlığım yoxdur?

Süleyman. Suala sualla cavab vermə!

Mustafa. Yaxşı, gəl, bu Tanrı söhbətini sonraya saxlayaq.

Süleyman. Niyə sonraya saxlayaq?!

Mustafa. Çünki din və zövq haqqında mübahisə edənlər axmaq adamlardır.

Süleyman. Tanrını inkar etmək din məsələsi deyil, oğlum. Din və Tanrı tamam başqa-başqa anlayışlardır. Bizim bir dəfə bu haqda söhbətimiz olub.

Mustafa. Olubsa və biz yenə bu haqda mübahisə ediriksə, deməli...

Süleyman. Deməli, axmaq adamlarıq?!

Mustafa. Əlbəttə!

(Sükut. Süleyman əlini belində cütləyib otaqda var-gəl edir)

Süleyman. Deməli, mən axmaq adamam.

(Aynur gəlir. Əlində torba var. Hiss edir ki, gərginlik var. Bir müddət susub gözləyir. Sonra o biri otağa keçir. Sükut)

Süleyman. Qızım...

Aynur. Bəli...

Süleyman. Zeytun aldın mənə?

Aynur (O biri otaqdan) Aldım. Dükançı xala dedi, təzə gəlib. Hövsan zeytunudur. Gəlini evdə hazırlayıb.

Süleyman. Uşaq kimi hər şeyi nəfsim çəkir. (Gülümsəyir). Yəqin qocalıqdandır.

Aynur. (Gülür). Fikir eləmə, dədə. Çox yaşamağın yeganə yolu qocalıqdan keçir. Gələn ay 85 tamam olur e. 85 yaşın ən gözəl tərəfi elə uşaqlaşmaqdır də.

Süleyman. (Öz-özünə) Çox yaşamağın yeganə yolu qocalıqdan keçir. Maraqlı deyimdir.

Aynur. Öz sözüm deyil ha! Haradadır məndə o istedad? (Gülür) Toğruldan eşitmişəm.

Süleyman. Ərəblinski Toğruldan?

Aynur. Hə. (Qapının ağzından boylanır. Əlində çörək və bıçaq var) Niyə istehza elədin?!

Süleyman. Yox, istehza etmirəm. Görəsən, o kimdən çırpışdırıb?

Aynur. Nə bilim? (Gəlir. Əlindəki ağ süfrəni stolun üstünə sərir) Bəlkə Bernard Şoudan? Bəlkə Hüqodan? Bəlkə Tolstoydan?

Süleyman. (Mustafaya) Ərəblinski niyə görünmür?

Mustafa. Bilmirəm. Yəqin işləri çoxdur. Bu gün gəlməlidir.

Aynur. (Səhər yeməyi üçün stol hazırlayır. Tez-tez o biri otağa keçir, səsi o tərəfdən gəlir). Mustafaya deyir, mənim uşaqlıq arzumu ancaq sən yerinə yetirə bilərsən. Bir pyes yaz, mən həm rejissoru olacağam, həm də baş rolun ifaçısı. Ərəblinskinin faciəsini yaratmaq istəyir. Deyir, kirayə yer götürəcəyəm, nə xərc varsa, çəkəcəyəm. Təki ürəyimdə qalan gənclik arzumu yerinə yetsin. Rejissor olmaq istəyirmiş, məcbur həkimliyi oxudublar.

Süleyman. Tağıyev rolunu da mənə verər. Yaşımız da düz gəlir.

Aynur. Eyhamını başa düşürəm ha. Evlənmək heç vaxt gec deyil.

(Mustafa tərs-tərs baxır)

Süleyman. Tağıyevin pulu, qızılı, hörmət-izzəti var idi ki, general qızına elçi düşməyi özünə ayıb bilmədi.

Aynur. Sən də yaşını azaldarsan ki, arada fərq çox olmasın. Hələ bir görək, Mustafa o pyesi yazacaqmı?! Yazsa, orda Tağıyev obrazı olacaqmı?!

Mustafa. (Həvəsli. Hiss olunur ki, yaradıcılıqdan danışmaq ona xoşdur.) Rusiyanın o dövr qanunlarına görə bu yaşda azyaşlı qızla evlənməyə rəsmi icazə verilmirdi. Ona görə də Tağıyev yaşını 13 il azaldıb. Bəzi yerlərdə təvəllüdü 1836-cı il yazılıb. Hər halda mənə qəribə gəlir: bu cür ağıllı kişi niyə həmin addımı atıb? Bəyəm başa düşmürdü ki, 18 yaşlı gəlin nə vaxtsa 70 yaşlı kişidən lazımı ər nəvazişini görməyəcək?! Və bu, istər-istəməz xoşagəlməz söz-söhbətə səbəb ola bilər? Axı, çox yaxşı bilirdi ki, xanımın çiçəklənən vaxtında lap ağsaqqal kişi olacaq. Bioloji tələblər var də. O dövrdə Ərəblinski və Sona xanım haqqında gəzən şayiələr də, görünür, oradan doğmuşdu ki, qadının cavan adama ehtiyacı olub.

Aynur. Amma deyəsən, Ərəblinskinin özü də yaramazın biri olub.

(Stol arxasında otururlar).

Mustafa. Ətiacı, çətin yola gedən adam olub. Ərəblinski ilə qastrola gedənlər tez-tez acıq edib səfərdən yarımçıq qayıdırmışlar. Məsələn, Tiflisdən, Aşqabaddan, Batumidən... Üzeyir bəy Ərəblinskini truppasına baş rejissor dəvət edib. Bir müddət sonra Ərəblinski küsüb gedib. Lap balaca uşaq kimi. O dövrün aktyorları Ərəblinskinin anasının üstünə qışqırmasından, onunla kobud davranmasından çox yazıblar.

Süleyman. Onu Tağıyevin öldürtdürməsi doğrudur?

Mustafa. Mən inanıram. Tağıyev o dövrdə mətbuatı da pulla susdurub. Daha doğrusu, bir neçə qəzet yazsa da, sonradan Tağıyevin həşəməti qarşısında susublar. Məhkəmə də məsələni ört-basdır edib.

Süleyman. Sən pyesi yazırsan?


Mustafa. Yazıram! Amma bu özfəaliyyət üçün, dərnək üçün deyil. Dövlət teatrları üçündür.

Aynur. İnşallah, dövlət teatrında da tamaşaya qoyular.

Süleyman. Təki olsun. Sevinərəm, çox sevinərəm. Mən Mustafaya inanıram. Amma bir sualım var, oğlum. Dövlət teatrlarında, ya da elə nazirlikdə tanışların var?

Mustafa. Yoxdur. Heç kimlə şəxsi tanışlığım yoxdur. Olsa da, bu heç nəyi dəyişməz. Onlar ancaq ədəbiyyat professorlarının haqqında yazdıqları imtiyazlı yazıçı əmiləri, varlı şairə xalaları qəbul edirlər.

Süleyman. Bəlkə o əmi-xala dediyin yazıçılar sizdən daha istedadlıdırlar, hə? Sənə elə gəlmir ki, ucuz kafelərdə oturub bütün fəaliyyətinizi ancaq onların həyat və yaradıcılığına sərf edirsiniz? Ömür gedir, ortalıqda da... (Sözünü kəsir)

Mustafa. Demək istəyirsən, ortalıqda heç nə yoxdur?

Süleyman. Elə demək istəmədim.

Mustafa. O ədəbiyyat professorları bizə nifrət edirlər. Özü də bu nifrət şifahi deyil. İmzalı-möhürlü, rəsmi qeydiyyata alınmış nifrətdir.

Süleyman. Yaxşı, tutaq ki, dövlət teatrı sənin tamaşanı səhnəyə hazırladı. (Aynura him-cimlə göz vurur) Heç olmasa, onu rayonlara qastrola aparmaq imkanın olacaq?

Mustafa. Başa düşmədim, tamaşanı qastrola mən niyə aparmalıyam?!

Süleyman. Necə yəni niyə?!

Mustafa. Tamaşanı qastrola teatr özü aparır.

Süleyman. O əvvəllər idi. Sovet vaxtı. Yox, düzünə qalsa, elə sovet vaxtı da belə şeylər var idi. Yadıma gəlir, imkanlı ortabab dramaturqların əsərlərini ona görə hazırlayırdılar ki, tamaşanın xərcini çəksin, raykom katiblərinin köməyi ilə rayon qastrollarını təşkil eləsin. Mənim bir-iki belə tanışım olub.

Mustafa. Maşallah, istedadlı adamlarla oturub-durubsan.

Süleyman. Sən onda balaca idin. Bizə gəlib-gedirdilər. Yeyib-içirdik, söhbət edirdik. Sonra sənə kitab oxuyurdular, şeir deyirdilər, əlinə pul verib gedirdilər.

Mustafa. İndi haradadır, o imkanlı ortabab yazıçılar?

Süleyman. İndi hərəsi bir yerə dağılışıb. Ölən öldü, qalanlar da yazmağın daşını atdılar.

Aynur. Yaxşı ki, atıblar. Yoxsa əllərinə bir az pul keçən kimi qəzetlərdə palaz-palaz tərif yazdıracaqdılar.

Mustafa. Narahat olma, o palaz məqalələr yenə yazılır. O adamlar da nə ölüblər, nə də yazmağın daşını atıblar. Hamıdan da yaxşı yaşayırlar. (Əsəbi) Onlar ölüb-itiblərsə, bizə nümunə göstərilən ağsaqqallar Yupiterdən gəliblər?

Süleyman. (Gülür). Qulaq as, tutaq ki, sənin əsərin dövlət teatrında tamaşaya qoyuldu. Heç olmasa, premyeradan sonra kollektivə qonaqlıq vermək imkanın olacaq?

Mustafa. (Narazı) Sən məni ələ salırsan?!

Süleyman. (Gülümsəyir. Şirin əda ilə) Mən ciddi soruşuram.

Mustafa. Yox, imkanım olmayacaq. Heç qəpiyim də yoxdur. (Kənara, yavaş səslə) Sənin sayəndə...

Süleyman. Nazirlikdə tanışın yox, tamaşanın xərcini çəkmirsən, rayonlara qastrol təşkil edə bilmirsən...

Mustafa. Bəli, edə bilmirəm.

Süleyman. Onda teatrın sənin dədənə borcu var ki, əsərini tamaşaya hazırlasın?

(Gülür).

Mustafa. Necə yəni dədəmə borcu... (Gülmək tutur. Aynur da ona qoşulur). Sənət söhbətləri ilə yaxşı özümüzü aldadırıq. (Ciddiləşir. Çox kobud tərzdə). Həyatdan uzaq düşmək üçün ən yaxşısı yalançı sənət söhbətlərini düzüb-qoşmaqdır. Əsas məsələləri danışıb qurtardıq, qaldı lağlağı eləmək.

(Süleyman acıqla onun üzünə baxır)

Süleyman. Başa düşə bilmirəm ki, sənin dərdin nədir. Eh... (Köks ötürür).

(Qapı döyülür)

Aynur. Mən açaram.

(Toğrul gəlir).

Toğrul. Sabahınız xeyir. (Teatral şən əda ilə)

Süleyman. Sabahın xeyir, doktor. Bayaqdan sənin qeybətini edirdik.

(Görüşürlər).

Toğrul. Qeybətə birinci Mustafa başlayar.

Aynur. Yox, adını mən çəkdim. Yəni qeybətə şəxsən özüm başladım. (Gülürlər)

Süleyman. Mən də davam etdirdim.

Mustafa. (Qaşqabaqlı) Səhər yeməyibsənsə, otur.

Toğrul. Adama yeməyi də zəqqumla təklif edirsən. Nolub yenə?!

Mustafa. (Gərgin) Deyirəm, yemək yeyibsən?

Toğrul. Yox, acam. Bu dünyanın tənha adamları evdən həmişə ac çıxırlar.

Aynur. Lap ürəyim ağrıdı. (Teatral pafosla) Necə də poetikdir: bu dünyanın tənha adamları evdən həmişə ac çıxırlar. (Gülür).

Mustafa. Hələ yeməyə görə tələsmə. Sən həkim adamsan, demək artıq olar. (Atasına istehza ilə) O tutdan ac qarına ye, möcüzədir. Sənə möcüzə deyirəm e...

Toğrul. İcazə verin, ac qarına yeyilən tutun faydalarını sayım.

Aynur. Bilirik, professor, qaraciyərə xeyirdir, bağırsaqdan qurdları təmizləyir, hərarəti salır, diş ətini müalicə edir. Buyurun, yeyin.

(Toğrul yeyir)

Toğrul. Tutun tərkibində nələr yoxdur?! (İştaha ilə yeməyə davam edir) Şəkər, üzvi turşular, zülal, yağ, dəmir. Day nə istəyirsən, ye, kef elə də.

Süleyman. Ağzıma doşab dadı gəldi, doktor. Anamın tutduğu doşabın dadı ağzımda, ətri burnumdadır.

Mustafa. (Öz-özünə, asta səslə) Konsert başlandı.

(Bunu yalnız Aynur eşidir və başını bulayıb səhnədən gedir)

Toğrul. Mən sizi başa düşürəm, Süleyman dayı. Lap yaxşı başa düşürəm. Yaş üstünə yaş gələndə adamı doğma yerlər çəkir.

Mustafa. (Öz-özünə əsəbi) Mən bunu niyə çağırmışam, bu nə danışır.

Süleyman. Heç vaxt ağlıma gətirməzdim ki, adam qocaldıqca bu qədər uşaqlaşa bilərmiş. Bunu nə elm izah edə bilər, nə din, nə incəsənət. Bunu ancaq insan qəlbi hiss edir. Amma razıyam, insan qocalanda həm də deyingən, xırdaçı olur, zamanla ayaqlaşa bilmir, həyatdan geridə qalır. (Sükut). Niyə demirsiniz ki, sənin kimi?!

Toğrul. Siz nə danışsanız, mənə xoşdur. Bu darıxmağın tibbi səbəbləri də var, amma mən...

Süleyman. Sən Allah, tibbi səbəblərin başını burax. İnsanın darıxmağını, uşaqlaşmağını elm necə izah edə bilər? Bu ilahi məsələdir. İlahi məsələ də izah edilmir. Onu hiss edirlər, yaşayırlar.

Toğrul. Süleyman dayı, bəlkə... (Tərəddüd. Dilini sürüyür). Bəlkə sizin kəndə qayıtmaq istəməyinizin başqa bir yolunu axtaraq? Sizə rahat olsun, Mustafaya da problem yaratmayaq.

Süleyman. (Sərt) Onun üçün bura gəlibsən?

Toğrul. (Sanki özünü itirir) Yo-ox, o-nun... onun üçün niyə? Gəldim sizi görüm, Mustafanı görüm. (Süleyman gəlib Mustafa ilə üz-üzə dayanır.) Onu sən çağırıbsan?

Mustafa. Evinə qonaq gəlib.

Süleyman. Səndən soruşuram ki, onu sən çağırıbsan?!

Mustafa. Mən də deyirəm ki, evinə qonaq gəlib.

Süleyman. Ay sağ ol. Evimə... Qonaq... mənim... evimə... gəlib. Sənin yox. Ev mənimdirsə, deməli, onu satıb-satmamaq qərarını da mən verirəm. Mənim səbir kasamı daşdırma. Hər şeyin həddi var.

Toğrul. Süleyman dayı, mənim bura gəlməkdə məqsədim...

Süleyman. Sən mənim sözümdən incimə, oğlum. Gəlibsən, xoş gəlibsən. Bilirsən ki, xətrini həmişə çox istəmişəm. Amma səndən qabaq Mustafa ilə yalan haqqında danışırdıq. Onsuz da bizim dörd tərəfimiz yalana bulaşıb. Hər yer yalan çirkabına batıb, başa düşürsən? Heç olmasa, o yalan mənim evimə ayaq açmasın. Heç olmasa o yalandan özümüzü qoruyaq, içimizi, ürəyimizi təmiz saxlayaq.

Mustafa. Sənin evi satıb kəndə qayıtmaq istəyin, bizi çöldə qoymaq istəyin o çirkab dediyin yalandan daha pisdir. Bir də yalanın ən böyüyünü mənə sən deyibsən. (Barmağı ilə sanki hədələyir). Bunu yaddan çıxarma.

Toğrul. Mustafa...

Mustafa. O yalanı sənə heç vaxt bağışlamayacağam.

(Aynur səhnədə görünür. Kənarda dayanıb qulaq asır).

Toğrul. Mustafa, eşitmədin?

Süleyman. Mən buna həmişə hazır olmuşam. Bilirdim ki, bu sözləri səndən eşidəcəyəm. Amma bu qədər zəif olub sarsılacağımı təsəvvür etmirdim.

Mustafa. Bir az gec eşitdin, gərək çoxdan deyəydim ki, ömrü boyu yalanla yaşadığını başa düşəsən. (Telefonunu götürüb getmək istəyir.)

Süleyman. Mənim yalanım qurucu olub. Bu evə, bu ailəyə xoşbəxtlik gətirib. O yalan səni xoşbəxt böyüdüb, Mustafa.

Mustafa. Yalan heç vaxt heç kimə xoşbəxtlik gətirməyib.

Süleyman. Mən hər şey etmişəm ki, sən xoşbəxt böyüyəsən, qayğısız yaşayasan. Yenə deyirəm, mənim yalanım qurucu olub, dağıdıcı yox. Həqiqət dağıdıcı olanda onu gizlətmək bağışlanılandır.

Mustafa. Əvvəlcədən mənə niyə demədiniz səni yetimxanadan götürüb böyütmüşük? Niyə demədiniz ki, atası-anası, zatı bilinməyən bədbəxt adamsan? Niyə demədiniz? Səndən soruşuram... niyə demədiniz?

Süleyman. Dedim axı, sənin xoşbəxt, qayğısız böyüməyin üçün. Mən bundan artıq sənin üçün nə etməli idim, oğul?

Mustafa. Nə oğul? Oğul nədir? (Bağırır.) Sən görmürsən ki, mən sənə ata deyə bilmirəm?

Süleyman. Hind kinosu çıxarma mənim üçün. Yekə adamsan!

Toğrul. Mustafa sən əməlli-başlı uşaqlıq edirsən. Bu nə danışıqdır, bu nə hərəkətdir? Utanmırsan?

Mustafa. Yox, utanmıram! Niyə utanmalıyam, hə?! Yalanın ən böyüyünü özü danışıb, indi xırda yalanlara görə məni günahlandırır. Mənim çəkdiyim əziyyətlər sənin gözünün qabağında olmayıb?! Bir adam ki kimin belindən, kimin bətnindən gəldiyini bilməyə, o adam nədən danışa bilər?! Bunu mən niyə ağlım kəsəndən sonra bilməli idim? Uşaq vaxtından desəydilər, evdən gedəcəkdim? Qorxurdular ki, məni itirərlər, ona görə? Sən görmürdün ki, mən öz atamı-anamı tapmaq üçün nə qədər əziyyət çəkdim, nə qədər adamlarla görüşdüm? O yetimlər evinin baxıcısı ilə bir yerdə görüşmədik, Toğrul? Sən görmədin mən onun yanında necə əsirdim, necə ağlayırdım?

(Süleyman səhnənin ortasında hərəkətsiz dayanıb, başını aşağı salıb, gözünü yumub, sarsıntı vəziyyətindədir.)

Toğrul. Bunun ev məsələsinə nə dəxli var? Nə axmaq-axmaq danışırsan?

Mustafa. Var, əlbəttə, dəxli var. Bu adam məni evsiz qoyub kəndə gedirsə, deməli, içində mənə heç vaxt həqiqi sevgisi olmayıb. Məni özünə doğma yox, həmişə ögey bilib.

(Qapını çırpıb gedir).

Toğrul. (İsterik qəzəblə çığırır) Mustafa... (Onun arxasınca çıxır)

(Sükut. Süleymanın zəif hıçqırığı eşidilir. Aynur gəlib arxadan onun çiyninə sarılır. Üzünü kürəyinə qoyur).

Aynur. Dədə... (Sükut.) Ay dədə, özünü üzmə. Keçib gedəcək, vallah, hər şey yaxşı olacaq. (Süleyman heykəl kimi dayanıb)

Aynur. Onsuz da bütün bunlar nə vaxtsa olmalı idi. Haçansa eşitməli idik bu sözləri. Yaxşı ki, çox gec olmadı. Sən özünü darıxdırma, sakit ol, hər şey istədiyin kimi olacaq. (Aynurun da səsi titrəyir). Hər şeyin düzünü sən bilirsən, necə istəyirsən, o cür də elə. Mən də Mustafa ilə yaşamaq istəmirəm. Məni incidir, çox incidir. Yorulmuşam. Sən ki bunu bilirsən. Aparsan, səninlə mən də kəndə gedəcəyəm. Ay dədə, eşidirsən, məni?

(Toğrul gəlir. Pərtdir. Süleyman yavaş-yavaş başını qaldırıb ona baxır. Toğrul onu qucaqlayır).

Toğrul. Qayıdıb gələcək. Heç yerə gedən deyil. Mustafada belə şeylər olur.

(Sükut. Süleyman Ağır addımlarla evdə gəzişir. Toğrul ortalığa çökən sükutu aradan qaldırmaq istəyir).

Toğrul. Hə, Süleyman dayı, bəlkə mənim Ərəblinskinin həyatından hazırlamaq istədiyim tamaşada siz də oynayasınız?

Süleyman. Hansı günümə?

Toğrul. (Çaşır) Başa düşmədim?

Süleyman. Deyirəm, hansı günümə?

Toğrul. Necə yəni hansı günümə, Süleyman dayı? Bu tamaşanı hazırlamaq mənim çox böyük arzumdur. Həm də başımız qarışar, gündəlik qayğılardan bir az uzaqlaşarıq. Sənət bu boz həyatımıza rəng qatar.

Süleyman. Arvadım ölüb, özüm bu şəhərdə boğuluram, oğlum da ki, gördüyün kimi... Gəlinim bir cür bədbəxt, özüm başqa cür. Camaat deməz ki, qoca əbləh, hansı gününə artistlik edirsən?

Toğrul. Gərək siz də onun üstünə o cür əsəbiləşməzdiniz.

Süleyman. Mən səhərdən onun könlünü xoş etmək üçün hər cür dona girirəm. Gör neçə ildir mənə zülm edir bu adam? Sən bilirsən axı. Nədir mənim günahım?

Aynur. Sənin günahın onun istədiyi kimi ola bilməməyindir. Ola bilsəydin, (Mustafanın danışığını təqlid edir) “bir adam ki kimin belindən, kimin bətnindən gəldiyini bilməyə, o adam nədən danışa bilər?” kimi axmaq söhbətlər də olmazdı.

Toğrul. Hər şey sənin dediyin kimi deyil, Aynur. Onu da başa düşməyə çalışın.

Aynur. On ildir onu başa düşməyə çalışıram.

Toğrul. Mən heç... həkiməm. Sən ki, yaradıcı adamsan. Gərək siz bir-birinizi başa düşəsiniz. Yaradıcı insanlar hamı kimi olmur.

Aynur. Yaradıcı adama lazım olanda hamı kimi də olur, hələ ondan artıq da olur. Sərf edəndə olur hamıdan biri, palaza bürünüb ellə sürünür. Sərf etməyəndə vurnuxur. Ki, hansı əllaməçiliyi edib fərqlənim, seçilim, mənimlə maraqlansınlar, mənim əziyyətimi çəksinlər. İndi deyirsən, bu haqda sənə mühazirə oxuyum?

Toğrul. Yaradıcılıq ruhdan gəlirsə, insan ağlı ilə onu idarə edə bilmir.

Aynur. Boş şeydir. Ruhdan, ürəkdən nə gəlirsə, təmiz gəlir. Ruh, ürək şeytana satılanda adam nə özü rahatlıq tapa bilir, nə ətrafını rahat buraxır. Paltar çirklənəndə onu yuyursan gedir, bədən çirklənəndə çimib təmizliyə çıxırsan. Ruh çirklənəndə isə onun təmizlənməyi çətin olur.

Toğrul. Aynur, sən Mustafanın arvadısan. Və gör öz ərin haqqında nə danışırsan?

Süleyman. (Ərklə) Yaxşı, qurtarın, bəsdir. Lənət şeytana. Qızım, ağ dərmanı gətir bura. Doktorun xətrinə dəymişik, incik getməsin.

Aynur. Dədə, sənə içmək olmaz.

(Süleyman üzünü çevirib Aynura qınayıcı nəzərlərlə, bir qədər də sərt şəkildə baxır. Aynur sakitcə səhnənin arxasına keçir. Süleyman stolun arxasında oturur).

Süleyman. Doktor, gəl, gəl bir az dərdləşək. (Toğrul oturur) Mənim şüarım belədir: Yaxşı araq da dost kimidir, təmizi başağrısı vermir.

Toğrul. Süleyman dayı, bilirəm məndən nə soruşacaqsız. Ona görə istədim bəri başdan deyim, sonra gec olmasın.

Süleyman. De görüm.

(Aynur əlində araq və qədəh gəlir. Stolun üstünə qoyur)

Aynur. Sizə yüngül bir şey də hazırlayacağam. Meyvəni də gətirirəm.

(Gedir).

Toğrul. Biz içməmiş, ayıq başla da söhbət edə bilərik. Və söz verirəm ki, heç nəyi səndən gizlətməyəcəyəm.

Süleyman. Oğul, həya hissi gözəl hissdir, amma bir də görürsən, adamın əl-ayağına lazım olmayan yerlərdə, lazım olmayan vaxtlarda elə dolaşır ki, özün öz gözündən düşürsən. Mən bu yaşa gəlmişəm, hələ də adamlarla açıq danışmağa, söz soruşmağa həya edirəm. Başqaları isə mənim danışmağa utandığım şeylər haqqında dil-dil ötürlər. Niyə bu qədər uzun danışdım? Mən bir az içib o həya hissini unutmaq istəyirəm ki, həqiqəti öyrənəm. Özümü təmizə çıxarmaq yox, sənə daha yaxından tanıtdırmaq istəyirəm. İstəyirəm, planlarımı sənə deyim, oğlum başa düşməsə də, bəlkə sən anladın.

(Aynur meyvə və yemək gətirir. Süleyman araq süzür).

Toğrul. Birinci sualınıza cavab verim ki...

Süleyman. Mən sual verməmişəm. Sənin şərəfinə. (Qədəhi qaldırır). Mustafanı tək qoyma. Səni çox istəyir. Çox! Mən bunu bilirəm. Həmişə sağlam, xoşbəxt ol ki, Mustafanı sənin yanında qoyub, rahat ölə bilim.

Toğrul. Elə danışmayın, Süleyman dayı. Mustafa mənim qardaşımdır.

(İçirlər)

Aynur. Mənə bir sözünüz yoxdursa, bağışlayın, sizi tək qoyacağam. Tez qayıdacağam.

Süleyman. İşində ol, qızım. Bizdən nigaran olma!

(Gedir. Sükut. )

Süleyman. Əclaf bu qıza da gün vermir.

Toğrul. Mustafanın valideynlərini axtarmasını ona görə sizdən gizlətdim ki, ... (Nə isə düşünür.) Yəni... Nə sizi, nə anasını narahat etmək istəmirdim. Bilirəm, Mustafa sizi çox incidib. Adam döymək, polisə düşmək, maşınla adam vurmaq, sonra narkotikə qurşanmaq...

Süleyman. Yazıçı, ziyalı da adam döyərmi? Mən onu ovcumun içində böyütmüşəm. Narkotikə qurşanmaq...

Toğrul. (Sözünü kəsir) Bəs istedadına nə deyirsiniz?

Süleyman. Allah birini verəndə, o birini alıb. İstedad var, ağıl yox. Düz deyirlər, tərəzinin bir gözü qalxanda, o biri mütləq düşməlidir. Həyatın qanunu budur.

(İçirlər) Axtarışa haradan, necə başladınız?

Toğrul. Sabunçudakı uşaq evinə getdik. Direktorla görüşdük. Yaxşı qadın idi. İstiqanlı, mehriban, adama can yandıran... Bizim üçün arxivə də baxdı. Mustafanın sənədlərini tapdı, bir yerdə baxdıq. Mustafa uşaq evinə qəbul olunan ili oranın direktoru olmuş qadın çoxdan ölüb. Qadından ancaq bir şeyi öyrənə bildim ki, Mustafa Sabunçuda zibil qabından tapılıb. Sənəddə də yazılmışdı. Atıb gediblər. Təxminən iki aylığında.

(Süleyman içir). Bunları ki, siz bilirsiniz.

(Süleyman sakit-sakit başını tərpədir. Sükut).

Süleyman. Direktor başqa nə dedi?!

Toğrul. Mustafaya dedi, mən sizi tanıyıram. Qəzetdən yazılarını oxuyub. Bəyəndiyi yazıları çox olub. Bir az da öyüd-nəsihət verdi ki, oğlum, hökumətlə hökumətlik etmək olmaz, milli-mənəvi dəyərlərə, xalqın mentalitetinə hörmət etmək lazımdır-filan. Belə şeylər danışdı. Boş-boş. Nə isə... Mustafanı tapan qadın cavan gəlinmiş. Uşaq evinin işçisi olub. Xadimə. Vacib olan o qadını axtarıb tapmaq idi.

Süleyman. Axtardınız?

Toğrul. Hə. Qadın köhnə işçilərin sənədlərinə baxdı. Suraxanıda yaşayıb həmin adam. Adı Solmaz olub.

Süleyman. Hmm… Solmaz… Solmaz.

Toğrul. Siz onu… tanıyırsınız?

Süleyman. Davam et. Axırı necə oldu?

Toğrul. Süleyman dayı, məni şübhələndirirsiniz.

Süleyman. (Təbəssümlə). Nədən şübhələnirsən? Mən səni eşidirəm, oğlum.

Toğrul. Axırı belə oldu ki, sənəddə yazılan ünvana getdik. Suraxanıya. Ünvanlar dəyişib, küçələr həmənki deyil, haradan tapaq? Mustafa özünə yer tapa bilmirdi. Yolun qırağında bir tut ağacına söykənib başladı ağlamağa. Sakitləşdirə bilmirdim. Ağlayıb ürəyini boşaldandan sonra taksiyə oturub qayıtdıq. Olacağa çarə yox idi. Üstündən bir müddət keçdi, yenə zəng etdi ki, tək getmək istəmirəm, yenə mənimlə gedək. Xəstəm var idi, mümkün olmadı. Hiss etdim ki, içib, danışığı tez-tez qırılırdı. Həm də istəmirdim bu vəziyyətdə ora təzədən qayıdaq. Sözləşdik ki, sabah görüşüb yenə o qadını axtararıq. Səhəri zəng etdim, dedi, getdim, soraqlaşdım, həmin evi tapdım. Bir qoca kişi soraq verib. Evdə başqa adam yaşayır. Özü də lap çoxdan. Qonşulardan biri həmin qadının Xırdalana köçdüyünü xəbər verib. Xırdalana bir yerdə getdik. Bir həftə hər gün getdik, axtardıq. Axır ki, tapa bildik. Yaşı yetmişi keçən xəstə qadın idi. Yaddaşı pozulmuşdu. Həmin günü, Mustafanı tapdığı günü yadına sala bilmədi. Daha doğrusu, bir-iki kəlmə ümumi şeylər danışdı. Bizim bildiyimiz. Bir az da deyəsən, ruhu sarsıntıları var idi. Nitqi də tez-tez pozulurdu, rabitəsiz şeylər danışırdı.

(İçirlər).

Süleyman. Eh... həyat, həyat...

Toğrul. Mən sizi yaxşı başa düşürəm, Süleyman dayı.

Süleyman. Hə... İndi danışmaq növbəsi mənimdir. O günü yaxşı xatırlayıram. (Ayağa durur. Sərxoşluğu hiss olunur. Səntirləyir). Bağışla. Deyəsən, qocalıram. (Kədərlə gülümsəyir).

Toğrul. Eybi yox, çox yaşamağın yeganə yolu qocalıqdan keçir.

Süleyman. Əvvəlcə gəl dəqiqləşdirək: bu söz kimindir? Bernard Şounun, Hüqonun, yoxsa Tolstoyun?

Toğrul. Çoxdan oxumuşam, xatırlaya bilmirəm.

Süleyman. Qocalan mən, yaddaşını itirən sən. Yaxşı. Nə danışırdım?

Toğrul. “O günü yaxşı xatırlayıram...”

Süleyman. Hə. Oktyabr yağışları təzə başlamışdı. Soruşa bilərsən ki, niyə bunu yadda saxlamışam? Hər il adətən payız yağışları düşər-düşməz Məryəmin əhvalı dönərdi. Özünə qapanırdı, fikri özündə olmurdu. Gün uzunu pəncərənin qabağında, balkonda oturub fikrə gedirdi. Atam-anam öləndən sonra kənddən birdəfəlik çıxmışdım. Buna birdəfəlik çıxmaq da demək olmaz. Mən kəndimizə, evimizə etibarsızlıq etmişdim. Cavan idim, gənc idim. Nə özümü yaxşı tanıyırdım, nə dünyanı. Heç yatsam yuxuma da gəlməzdi ki, nə vaxtsa o kəndin, o evin həsrətini çəkəcəm. Ağlıma da gəlməzdi ki, o köhnə evimizin doğmalığı, uşaqlığım keçən alçaq təpələr, kənd yolları, keçib getdiyim cığırlar məni bu qədər özünə çəkəcək. Mən bunu sənə necə başa salım, oğul? Evimizdə bircə xəstə xalam qalmışdı. Mərziyə xalam. Şikəst idi. Bir az da əqli qüsurlu idi. (Gözü dolur). İlahi, o qadını nə qədər gözəl yaratmışdın? Adam elə bilirdi, Tanrı qadın sifətindədir. Vallah, hə. Nə qədər mehriban, nə qədər işıqlı adam idi mənim o şikəst xalam. Atam da, anam da vəsiyyət eləmişdilər ki, Mərziyəyə kim baxsa, ev ona qalacaq. Bizim kəndə köçüb gələn kasıb ailə var idi. Xalama onlar baxdı, ev də qaldı onlara. O ər-arvad da öldü, indi oğlu qalır bizim evdə. Mən kəndimizə, evimizə dönük çıxdım. Dönük də deyə bilmirəm özümə. Qəlbim həmişə onlarla idi. Hər zaman xalamı düşünürdüm. Amma şəhərin yalançı işıqları, şəhər həyatının rahatlığı məni çox dəyişdirdi. Kəndimizin o təmiz adamlarını şəhərin yalana bulaşan, halal-haram bilməyən nanəcib adamlarına dəyişdim. Getmədim, gəlmədim, aradakı doğmalıq, məhrəmlik itib getdi. Ayda-ildə bir dəfə gedəndə yollar da adamdan soyuyur, dağlar da, küçələr də. Hələ adamları demirəm. Adamlar ürəyə buz kimi toxunurlar. Hə... Bizim hər şeyimiz var idi.

(Aynur səhnənin dərinliyində görünür. Əlində köhnə radio var. Xəbərsiz, sakitcə dayanıb qulaq asır.) İndiki kimi deyildi. Onda mənim kimi adi elmi işçiyə yaxşı maaş verirdilər. Ev-eşik qurmuşdum, tez-tez xarici səfərlər olurdu. İmkan düşən kimi Məryəmi də özümlə aparardım. Hər şeyimiz var idi, övladdan başqa. Müalicələr də işə yaramır. Bir gün həkim ümidimizi tamam üzdü. (Sükut) İllər keçir, qırx yaş qalıb geridə... Məryəmə çox dedim uşaq götürək, razı olmadı. Meylini itə-pişiyə salmışdı, nə bilim, gül-çiçəklə danışırdı. Sonra bu həvəs də tükəndi. Sonra bir gün... hə, bax oktyabr yağışları təzə başlayanda... Məryəm dözə bilmədi. Bir gün gəldi ki, uşaq götürək. Soraqlaşıb Sabunçudakı uşaq evinə etdik. Uşaqlara baxdıq, Məryəmin də, mənim də ürəyimə Mustafa yatdı. Qəribə şirinliyi, doğmalığı var idi. Mustafanın üzü hələ də gözümün qabağından getmir. Gözləri par-par yanırdı. Uşağın atıldığını, təzəcə gətirildiyini öyrənəndə ikimiz də tərəddüd etdik. Birdən anası peşman olub qayıtsa, necə? Amma nə gizlədim, ürəyimdən keçirdi ki, gəlib aparan olmasın. Elə bil, öz övladım idi. Elə bil, onu bizim evdən oğurlayıb küçəyə atmışdılar. Onun işıqlı gözlərini, doğma üz-gözünü yadımdan çıxara bilmirdim. Yenə maraqlandıq, məlum oldu, aparan olmayıb. Axır ki, evimizə gətirdik. Evimizə təkcə uşaq gəlmədi, oğlum, evimizə sevinc gəldi... işıq gəldi... könül rahatlığı, qəlb toxtaqlığı gəldi... Bir az içmişəm, bəlkə ona görə bu qədər duyğuluyam. (Səsi titrəyir). Bəlkə ona görə bu qədər xırdaçılıq edirəm... Bağışla məni...

Toğrul. Danışın, Süleyman dayı, danışın. Mənə xoşdur. Sonra nə oldu?

(Aynur sakit-sakit gözünü silir)

Süleyman. Sonra ona balaca vaxtı həyətimizdəki tut ağacından yıxılıb ölən qardaşım Mustafanın adını verdim. Deyirdilər ki, guya onun ağacdan yıxılmağına mən səbəb olmuşam. Guya mən demişəm ki, görək, ağacın ən hündür budağına kim birinci çıxacaq? Mustafanın ilk addımını atması, ilk dediyi sözü, iməklədiyi günü, mənə ata, Məryəmə ana dediyi günləri qeyd edirdik. Mustafa böyüdükcə fitri istedadı üzə çıxırdı. Və mən şübhə etmirdim ki, onun əcdadlarından kimsə mütləq yaradıcı adam olub. Bu zəka, bu istedad göydən gələ bilməzdi. Bu irsiyyət, gen məsələsi idi. Hər dəfə də düşünürdüm ki, görəsən, onun ata-anası kimdir? Məktəb illərində bilirsən nə qədər kitab oxuyurdu? İlk hekayələrini oxuyanda fərəhdən, sevincdən gözlərim dolurdu. Onun əlindən tutub qəzetlərə, jurnallara aparırdım. Yaşının üstünə yaş gəldikcə, Mustafada qəribə meyllər əmələ gəlirdi. Elə bil, cavab tapmadığı sualların içində boğulurdu. İnsan kimdir, niyə doğulub, İlahi ədalət nə vaxt özünü göstərəcək? Allah varmı, ölüm nədir? Bu suallara cavab axtaran adam həm də bizi incidirdi. Nadinclik edirdi. Neçə dəfə onunla bir yerdə biz də ölüb-dirilmişik. Yazdığı yazıları həvəslə oxuyurdum, kimsə yanımda tərifləyəndə fərəhlənirdim. Amma Mustafaya gözümüzün yağını yedirsək də, elə bil, ruhunda, ürəyində, bədəninin bir yerində yarası var idi. O yara Mustafaya rahatlıq vermirdi. Məni günahlandırır ki, niyə sizə doğma olmadığımı əvvəlcədən deməmişdiniz? Niyə deyərdim axı, oğul? Deyib onun uşaq xoşbəxtliyini əlindən alardım? Böyüyüb onsuz da başa düşəcəkdi. Amma Mustafa böyüdükcə kamilləşmirdi, əksinə səhv fikirlərə düşürdü. Anası hələ yaşayacaqdı. Onu Mustafanın dərdi öldürdü. İndi də bax belə. Mən tək qalmışam. Deyir, sənin bu yalançı vicdanlı həyatın heç kimə lazım deyil. Vaxtında işlədiyin vəzifələrdən istifadə etsəydin, biz də indi bir tərəfə çıxardıq. Bu evdə yaşamaqdan yorulub. Təmirsizdir, köhnədir. Vaxtilə mənimlə bir yerdə işləyənlərin ikisi indi nazir müavinidir. Köhnə dostluğumuzu yenə qoruyuruq. Amma Allah şahiddir ki, onlardan heç vaxt heç nə istəməmişəm. Mən adamlardan istifadə etməyi, kimlərəsə ağız açmağı özümə əskiklik bilirəm. Mustafa isə... yazıçı, ziyalı Mustafa isə mənə dəli kimi, axmaq kimi baxır. Guya mən onu bir tərəfə çıxarmalı idim, çıxarmamışam. Başa düşürsənmi, məni? Əslində onun davası həm də budur. Məsələn, mən özümə yubiley tədbiri keçirib dostlarımın hesabına yaxşı pul yığmalıyam. Kəndə getməyimi həm də bunun üçün istəmir. Bir də fikirləşir ki, sabah-birigün ölüb gedəcəyəm. Bu evi özünə saxlamaq istəyir. Ona görə satmaq adı gələndə bu qədər havalanır. Üstünə çox da gedə bilmirəm. Yenə gedib ipi keçirəcək boğazına. Bir dəfə onsuz da ölüb-qayıdıb. Off... Ətim ürpəşir. İnsanın gözü tox olmalıdır. İnsan vicdanlı yaşamalıdır. Ehh... Bilirəm, mən də günahlarımın bədəlini ödəyirəm. Götür, içək.(İçirlər).

Toğrul. Hansı günahların, Mustafa dayı?!

Süleyman. O mənim qəlbimin dərinliyindədir. Özümə çoxlu suallarım var: nə etmişəm, harada səhvə yol vermişəm? Mənim ömrüm çox qalmayıb. Amma bu dünyada qoyub getdiklərimdən arxayın ölmək istəyirəm. Bu evi satıb puluna kənddəki evimizi almaq istəyirəm. Düzdür, hələ orda yaşayanlara heç nə deməmişəm, amma niyə razı olmasınlar? Yəqin məni başa düşərlər, hə? Başa düşərlər ki, o evə mən yaşamaq üçün yox, ölmək üçün qayıdıram. O həyətdən daha böyüyünü alıb verəcəyəm, o evdən daha genişini tikəcəyəm onlar üçün. Şəhərin mərkəzindəki bu ev hamımızı bu dünyada xoşbəxt etməyə bəs edər.

(Aynur sanki indi gəlibmiş kimi qapını döyür).

Aynur. Söz verdim tez gələcəyəm, tez də gəldim. (Ortalıqdakı qanqaralığı hiss edir, sanki çaşır). Nəsə olub? Bir təhərsiniz.

Süleyman. Yox, qızım, bir az dərdləşdik, yüngülləşdik.

Toğrul. O radio nədir elə?

Aynur. Elə bildiyin radiodur. Televizora baxmaq istəmirik. Çünki gözümüzün içinə baxa-baxa yalan deyir.

Süleyman. Radio deməyəcəkmi?

Toğrul. Deyəcək, deyəcək.

Süleyman. Televizor gözünün içində baxıb yalan deyəcək, radio da ağzını qulağına dirəyəcək, yalanları bal kimi sənə yedizdirəcək.

Aynur. Mən bir müddət ətrafdan təcrid olmaq istəyirəm. İşlərim var. Payızda sərgi olacaq, orda mənim əsərlərimi də görmək istəyirlər.

Toğrul. Həə... Nə yaxşı. Uğurlar, uğurlar.

Aynur. Çox sağ ol. Ona görə evdən kənara çıxmaq istəmirəm. Elə radioya qulaq asıb, işləyərəm. Mahnılara qulaq asaram. Vacib deyil ki, xəbərlər olsun.

(Ev telefonuna zəng gəlir).

Süleyman. (Aynura) Gör kimdir...

Aynur. Alo... Salam. Bəli, bəli... Buyurun. Evdədir, bəli. Aha, oldu, bu dəqiqə... (Dəstəyi qulağından aralayır) Dədə, səni istəyirlər.

(Süleyman dəstəyi alır)

Süleyman. Bəli... Salam, salam, oğul. Tanıdım, tanıdım. Çox sağ ol, oğlum, çox sağ ol. Aha... Bəli... Başa düşdüm. Gəl, gəl... Qapı açıq olacaq. Mən səni gözləyirəm. Sağ ol.

(Dəstəyi qoyur)

Aynur. Qonağımız olacaq?

Süleyman. Maklerdir. Gəlib evə baxmaq istəyir. Deyəsən, öz qohumları üçün almaq istəyirlər.

Aynur. Yaxşı onda mən süfrəni yığışdırım, çay hazırlayım...

Süleyman. Hə, hazırla. Dedi, beş dəqiqəyə qalxırıq yuxarı. (Aynur süfrəni yığışdırır) Toğrul, səni çox yormadım?

Toğrul. Yox, Süleyman dayı, narahat olmayın.

Süleyman. Adamın dərdləşməyə ehtiyacı olur.

Toğrul. Nə vaxt istəsəniz, hazıram. Əsas odur, hər şey davasız, problemsiz bitsin. Amma söz verin ki, mənim teatrımda Tağıyev rolunu oynayacaqsınız. Söz verirəm ki, sizə maraqlı olacaq. Görəcəksiniz ki, mənim içimdə nə qədər böyük rejissor həvəsini öldürdülər.

(Aynur gəlir)


Aynur. (Zarafatla) Mənim teatrım e. Necə əzəmətli səslənir. Bəh-bəh...

Toğrul. Sona Ərəblinskim də sən olacaqsan.

Aynur. (Teatral jestlə) Mənə şərəf olar, həşəmətli rejissorum. (Baş əyir).

(Gülürlər)

Süleyman. Yaxşı ki, elə həkim olubsan. Şükür, çox şükür ki, həyatını qurubsan. Rejissor olsaydın, bunları heç yetmiş yaşında da qazana bilməyəcəkdin.

Toğrul. Niyə, mənim bir-iki rejissor dostum var, serialın yarısını çəkməmiş, bahalı maşın alırlar.

Süleyman. Ona görə də, adam sənin o rejissor dostlarının çəkdiyi seriallara baxdıqca baxmaq istəyir. Doymaq olmur. Deyirsən, nə tez qurtardı. Baxdıqca, adamı arıqladır.

(Gülürlər. Qapı döyülür, səhnədə bir adam görünür).

Süleyman. Gəl, Bəxtiyar, gəl. Bağlama qapını, qoy bir az hava gəlsin.

Bəxtiyar. Salam, xoş gördük.

(Görüşürlər).

Süleyman. Otur, bir çay içək.

Bəxtiyar. Yox, ağsaqqal, çox sağ olun. (Ora-bura baxır). İmkan varsa, evə baxaq, mən gedim.

Süleyman. Ev gördüyün kimidir.

Bəxtiyar. Əməlli-başlı təmir lazımdır. Niyə indiyə qədər əl gəzdirməyibsiniz?

Süleyman. Bu vəziyyətdə yaşamaq bizə xoş olub. Ona görə.

Bəxtiyar. O biri otaqlara da baxaq.

(Səhnənin dərinliyində itirlər)

Toğrul. Çox çəkməyəcək, harada olsa, gələcək. Elə indilərdə. Mustafanı yaxşı tanıyıram. Tez əsəbiləşir, tez də peşman olur.

Aynur. Mənə heç bir fərqi yoxdur.

(Sükut. Bundan sonrakı söhbət eşidilməsin deyə yavaş səslə, bir qədər də aqressiv gedir.)

Toğrul. Sənin bu tərsliyin, bu rəftarın mənim heç xoşuma gəlmir. Elə bilmə, sənin bu cod xasiyyətin, bağışla bu sözümə görə, yekəxana davranışın davam etdikcə, münasibətlər qaydasına düşəcək.

Aynur. Dedim axı, düşdü-düşmədi, mənə dəxli yoxdur. Mənim Mustafa ilə bağlı heç bir planım, arzum yoxdur.

Toğrul. Onda niyə boşanmırsan? Niyə bir-birinizin həyatını zəhərləyirsiniz?

Aynur. Günü bu gün boşanaram. Bu kişiyə görə dözüb-dururam. Mən getsəm, öləcək. Ona qayğı, sevgi lazımdır. Mən indi bilirəm ki, yaşının bu vaxtında kişi üçün qadın itirmək nə deməkdir. Sən onun nə qədər əzab çəkdiyini bilməzsən. Əslində o bu şəhərdə həm də buna görə qala bilmir. Söykənə biləcəyi, ürəyini bölüşə biləcəyi adamını itirib. Təsəllini ancaq xatirələrindən, uşaqlığından, doğma yerlərindən ala bilər. İnsanın insanı itirməyinin nə qədər dəhşətli bir şey olduğunu mən indi bilirəm, Toğrul.

Toğrul. Mən səninlə bir məsələni açıq danışmaq istəyirəm.

Aynur. Eşidirəm. Çəkinmə.

Toğrul. Mən Mustafanın müalicəsini ilə yenə məşğulam. Daha doğrusu mən yox, həkim dostlarım. Ümid hələ ölməyib. Sizin uşağınız ola bilər.

Aynur. Olmayacaq.

Toğrul. Dedim ki, ümid hələ ölməyib. Hər bir kişinin həyatında belə anlar olur. Bacarmır... qadının öhdəsindən gələ bilmir... özünü alçalmış hiss edir. Yenə deyirəm, hamının həyatında olur. Bunun tibbi səbəbləri var. Əsas səbəb də psixoloji vəziyyətdir. Üstəlik də uşağın olmaması... Mustafanın zəhər tuluğuna çevrilməsinin səbəbi həm də budur. Hamıya qarşı qəzəblidir. Mən sənə söz verirəm ki, əlimdən nə gəlirsə, sizə kömək edəcəyəm.

Aynur. Mən də deyirəm ki, sənin dediklərin səbəblərdən biri ola bilər. Bu adam şərdir.

Toğrul. Şər sənsən ki, bu cür düşünürsən.

Aynur. Çox sağ ol. Amma Mustafanın mənə yaşatdıqlarını da deyib, ağzımı ağrıtmaq istəmirəm. Baş düşdün?!

Toğrul. Beş kitab oxuyub, üç filmə baxmısan, indi mənim üçün filosofluq eləmə, Aynur. Ruhu çirklənib, şərdir, nə bilim nə zibil...

Aynur. (Yüksək səslə) Bu adamın ruhu çirklənib.

Toğrul. Yavaş.

Aynur. (Ağlayır) Düzünü bilmək istəyirsənsə, mənim üçün qadın olmağın, sevilməyin... Yəni yatağın heç bir əhəmiyyəti yoxdur, başa düşürsən? Daş kimiyəm. Ən yaxşısı da elə budur. O qədər rahatam ki...

Toğrul. (Peşmanlıq və çıxılmaz jestlərlə səhnədə gəzişir. Aynura yaxınlaşır).

Sənə söz verirəm, onu müalicə edəcəyəm. Hər şey yaxşı olacaq. Sakit ol.

(Aynur gözünü silir. Özünü ələ almağa çalışır).

Toğrul. Bir məsələni də danışaq... Amma ümid edirəm, bir-birimizi düzgün başa düşəcəyik. (Aynur laqeyd nəzərlərlə ona baxır)

Hər şey ola bilər. Yəni müalicələr effekt verməyə bilər.

Aynur. Verməyəcək.

Toğrul. Verməzsə, bir təklifim var. Siz uşaq götürüb saxlasanız, hər şey qaydasına düşər.

Aynur. Bunu o deyib sənə?

Toğrul. Nə fərqi var? Sən uşaq götürməyə razı olsan, biz Süleyman dayının evi satıb kəndə qayıtmasının da qarşısını ala bilərik. Onu fakt qarşısında qoyarıq: Mustafa ilə Aynur uşaq götürüb saxlayır, sən də evi satıb kəndə getmirsən. Onsuz da Mustafa dayı sizə çoxdan deyir ki, uşaq götürün.

Aynur. Toğrul, ay Toğrul... Bunu da o sənə deyib?

Toğrul. Qurban olum, bunun nə əhəmiyyəti var?

Aynur. Onda bunu yadından çıxarma: mən evimdə ikinci Mustafa böyüdüb özümü təzədən bədbəxt eləyə bilmərəm. Başa düşdün?! Və bu söhbəti birdəfəlik bağla!

Toğrul. Ögey övlad bədbəxtlik gətirir?! Bu nə axmaq məntiqdir? Elə ögeylər var ki, yüz doğmadan yaxşıdır.

Aynur. Xeyr! Məsələ ögey övladların bədbəxtlik gətirməsində deyil. Ögeylərin qızıl kimiləri də var. Mən bunu bilirəm. Özü də lap yaxşı bilirəm. Elə ögeylər var, yüz doğmadan yaxşıdır. Doğmalar deyil atasını baltalayan, anasını zorlayan?! Sənin yerinə olsaydım, bu şərti heç ağlıma gətirməzdim. Gör, məni nə ilə sınağa çəkirsən. Dədə kəndə qayıdarsa, mən də onunla gedəcəyəm. Hər nə qədər ömrü varsa, onun qulluğunda duracağam. Öləndən sonra da tək, heç kimdən asılı olmadan həyatımı yaşayacağam.

(Səhnənin dərinliyindən Süleymanla Bəxtiyar danışa-danışa gəlirlər).

Bəxtiyar. Qiymət məsələsini bir də danışarıq. Özləri gəlsin, baxsın, yenə danışaq.

(Səhnədə Mustafa da görünür. Deyilənləri eşidir)

Süleyman. Yaxşı, oğul. Mən səndən cavab gözləyəcəyəm. Çalış, bu evi sat.

Bəxtiyar. Narahat olmayın. Onlar 3-4 günə gəlirlər. Gəlməmişdən əvvəl sizinlə əlaqə saxlayacaqlar. Yaxşı, hələlik.

(Gedəndə Mustafa ilə üz-üzə gəlir. Mustafanın üst-başı tökülür, köynəyinə su tökülüb, köynəyi cırılıb. Hiss edilir içkilidir. Mustafa onun qarşısını kəsir).

Mustafa. Nəyi satırsan?

Bəxtiyar. Sizin evi.

(Mustafa qəfil sıçrayışla onun yaxasından yapışır)

Süleyman. Mustafa...

Mustafa. Sən qələt edib ev satırsan. İndi birinin ağzını dağıdıb gəlmişəm, səni də onun gününə salaram. Çıx, rədd ol!

(Bəxtiyarı bayıra atır, qapını bağlayır. Süleyman onun üstünə gedir. Üz-üzə dayanırlar. Süleyman ona şillə vurur. Mustafa onun üstünə yerimək istəyir, Toğrul tutub saxlayır).

Mustafa. Tfuu...

Süleyman. Heyf, çox heyf. Çıx evdən, çıx. Çıx, rədd ol.

Mustafa. (Qəzəblə) Bilirdim o oğraş bura gələcək. Bunu bil: sənin evini heç kim almayacaq! Başa düşdün? Sən bu evi heç kimə sata bilməyəcəksən! Mən imkan verməyəcəyəm! Kimi çağıracaqsan, belə qovacam.

Süleyman. (Sarsılmış vəziyyətdə ağlamsınır, ürəyini tutur) Səni lənətə gələsən, belə övlad...

(Toğrul Mustafanı aparır)

Aynur. Dədə, gəl bir az uzan, özünə gəl. Ürəyin tutacaq yenə.

(Süleyman divana oturur. Əlacsızdır, nə edəcəyini bilmir. Toğrul gəlir. Sükut. Əli cibində fikirli-fikirli, çıxış yolu axtaran adam kimi səhnədə var-gəl edir. Süleyman ayağa durur).

Süleyman (Aynura) Mənim pencəyimi gətir...

(Aynur səhnədən gedir, əlində pencək qayıdır).

Süleyman. (Toğrula). Maşınla gəlibsən?

Toğrul. Hə, maşınlayam.

Süleyman. Maşın qalsın, özümüz şəhəri bir az gəzək.

Toğrul. Gəzək.

Süleyman. Aynur, gedirsən?

Aynur. Yox, dədə, istəmirəm, siz gedin.

(Gedirlər)

(Aynur radionu qoşur. Musiqiyə qulaq asır. Narahatdır, fikirlidir. Gəzişir. Molberti gətirir, işləməyə başlayır. Bir az keçir, qapı döyülür. Aynur bir qədər həyəcanlanır. Qapıya tərəf gedir, açmır. Qapı təzədən döyülür. Aynur açmağa tərəddüd edir. Qapı bu dəfə daha bərkdən döyülür. Açır. Mustafa içəri girir).

Mustafa. (Bərkdən) Karsan? (Aynur keçib işinə davam edir). Deyirəm, karsan? Qapını niyə açmırdın? Deyəsən, sevimli dədənlə birləşib məni evə buraxmaq istəmirsiniz, hə?

Aynur. (Laqeyd) Sən elə bil.

Mustafa. “Sən elə bil” nədir? Hara getdi bunlar?

Aynur. Hava almağa. (Mustafa siqaret yandırır).

Mustafa. Toğrulla nə danışıdınız?

(Aynur cavab vermir).

Mustafa. Kar şoğərib, səninlə danışmıram?

Aynur. Yaxşıdır, təkcə yazanda yox, söyəndə də koloritli söyürsən.

Mustafa. Deyirəm, Toğrulun dediyi haqda nə fikirləşirsən?

Aynur. Toğrul mənə çox şey dedi.

Mustafa. Özünü tülkülüyə vurma. Yaxşı bilirsən nədən danışıram.

(Sükut).

Mustafa. Niyə uşaq götürmək istəmirsən?

(Sükut).

Mustafa. Onu evi satmaq fikrindən ancaq bu cür daşındırmaq olar.

Aynur. Ayıl, danışarıq.

Mustafa. O nə sözdür, Toğrula demisən?

Aynur. Nə söz?

Mustafa. Mən evimdə ikinci Mustafa böyüdüb özümü təzədən bədbəxt edə bilmərəm.

(Aynur qəfil xəbər eşitmiş kimi sanki diksinir. Udqunur. Sükut yaranır).

Aynur. (Zəif, titrək səslə) Toğrulun xəbərçiliyi də varmış?!

Mustafa. Toğrul mənim dostumdur. Məndən də heç nə gizlətmir.

Aynur. Yaxşı, bundan sonra nəzərə alarıq.

Mustafa. (Aynurun sözlərini xatırladır) Mənim üçün qadın olmağın, sevilməyin... yəni yatağın heç bir əhəmiyyəti yoxdur.

Aynur. (Başını təəssüflə tərpədir) Onun ağzını yummaq mənə borc olsun.

(Mustafa Aynurun qolundan tutub pərdənin arxasına tərəf (yataq otağına) aparmaq istəyir. Aynur müqavimət göstərir).

Mustafa. (Bir qədər yumşaq və qılıqlı tərzdə) Gəl, gəl sənə qadın olmağı göstərəcəyəm.

Aynur. Əlini çək!

Mustafa. Gəl...

Aynur. Dedim, əlini çək, uzaq dur məndən!

(Əlindən çıxıb molbertin arxasına keçir, işləmək istəyir. Mustafa molbertə təpik vurub aşırır. Tabloda yarımçıq çəkilən uşaq şəkli yerə düşür)

Mustafa. (Bağırır) Dedimsə, gəl, deməli, gəl!

(Onu tutub pərdənin arxasına tərəf itələyir və yıxır. Sonra qolundan tutub sürüyə-sürüyə pərdənin arxasına keçirir. İçəridən çarpayı, paltar yırtılmasının səsi gəlir. Müqavimət. Sonra tədricən bu səslər zəif qadın iniltisi və ehtiraslı kişi səsi ilə əvəz olunur. Mustafa qalib ədası ilə pərdənin arxasından çıxır. Səhnənin arxasından Aynurun hıçqırığı eşidilir. Mustafa yerdəki uşaq şəklini götürüb xeyli ona baxır. Köks ötürür, sonra molbertə qoyur. Stolun üstündən alma götürüb kəsir, yeyə-yeyə):

Mustafa. Qadın... Qadın... Bədbəxt məxluq. Kölgə kimisən, qaçanda qovursan, qovanda qaçırsan. Ona görə də səni ancaq qovmaq lazımdır! Ancaq qovmaq... Nəfəsin kəsilənə, ürəyin partlayana kimi... Onda adamın qiymətini bilirsən. Bir kişi bir qadının qabağından qaçdısa, deməli, fəlakətə hazır olsun. (Aynurun hıçqırtısı) Amma düz deyirlər: Pisi odur ki, nə qadınsız yaşamaq olur, nə qadınla. Nə qəribədir, İlahi. (Divanda oturur) Bir qadın bir kişini xoşbəxt etməyin cəmi bircə yolunu bilir. Bədbəxt etməyin isə min bir yolunu. Ədəbiyyat budur e. Bundan yazmaq lazımdır.

(Telefonu zəng çalır. Mustafa götürüb cavab verir) Alo... Evdəyəm. Hə evdə. Nolub?! Getdi?! Necə yəni getdi?! (Yerindən sıçrayır. Aynur səhnədə görünür. Saçları dağınıq, üst-başı cırılıb) Necə yəni getdi, Toğrul? Sən... tfu... sən niyə qoydun o getsin, hə? (Bağırır). Niyə qoydun?

PƏRDƏ

İKİNCİ HİSSƏ

Şər qarışan vaxt. Kasıb, köhnə kənd evinin bir otağı. Neft lampası yanır. Otağın başında xalça asılıb. Divarın dibində yay-qış götürülməyən odun sobası. Stol, stullar. Stolun üstündə Süleymanın yoldaşının çərçivəyə salınmış kiçik şəkli. Barış əlində kitab, ortalıqda gəzir, şeir əzbərləyir.

Qoyunları çoban yığar,

Fatı xala gəlib sağar;

Quzum mələr, durub baxar.

Dedim: – Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

Ee... Sonra necə idi? Yadımdan çıxdı. (Kitaba baxır) Həə..

Anasını quzum görər,

Ayaqların yerə dirər,

Məməsini tapıb əmər.

(Çiyinlərini qısıb gülür. Sanki utanır).

Məməsini tapıb əmər. Məməsini əmər. He-he. Hə... Sonra... Sonrası da belədir.

Dedim: – Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

Yaxşı. Yatanda da bir az əzbərləyərəm, vəssalam. Beş almasam, təzə gələn baba yenə deyəcək ki, mənim ağıllı balam, yaxşı oxumaq lazımdır, sən oxusan, gələcəkdə böyük adam olacaqsan. Görəsən, harada qaldı baba? Bibim də xəstələnməyə vaxt tapıb e. Atamla anam da gedib, gəlmək bilmirlər. Darıxdım.

(Səhnənin arxasından Süleymanın səsi gəlir).

Süleyman. Barış...

Barış. Həə...

Süleyman. Gör, sənə nə gətirmişəm? (Səhnəyə gəlir. Əlində bir neçə qarğıdalı var). Gəl, bunları soyaq, sonra qaynadıb ləzzətlə yeyək. Bəh-bəh...

Barış. Baba, niyə gec gəldin?

Süleyman. Çünki adam torpaqdan aralanıb evə gəlmək istəmir. Gəl bunları soyaq. Sən bilirsən ki, qarğıdalı qabığı soymaq adama nə qədər ləzzət verir.

Barış. Mənim qarğıdalıdan xoşum gəlir e. Bir dəfə anam qaynadanda səkkiz dənəsini yemişdim. Baba, sonra bilirsən, noldu?

Süleyman. Noldu, ağıllı balam?

Barış. Utanıram axı deməyə.

Süleyman. Həə... (Başı ilə işarə edir)

Barış. Hə. Tualetə gedə bilmirdim.

(Gülürlər).

Süleyman. Çox çətin idi?

Barış. Həə... (Gülür). Az qaldı həkim çağırsınlar. Kəndin o başında falçı Əlamət var, demişdi ki, uşaq yeyən qarğıdalıya cadu ediblər. (Süleyman şübhəli və həyəcanlı şəkildə ona baxır, sonra sanki heç nə olmayıbmış kimi, yaxud nəyi isə gizlədirmiş kimi sakit şəkildə qarğıdalıları stolun üstündə qoyur).

Süleyman. İndi neyləyək? Birdən mən də cadulanaram.

Barış. Birini sən soy, qalanını mən.

(Birini ayırıb hamısını öz qabağına çəkir).

Süleyman. Mən də sən boyda olanda, bax bu otaqda, bax burda atamın, anamın yanında oturub qarğıdalı soyurdum. Həmişə atama deyirdim ki, sənin əllərindən, anamın da saçlarından qarğıdalı ətri gəlir.

Barış. Mənim də əlimdən gəlir e, iylə.

Süleyman. Bəh-bəh... Nə gözəl ətirdir.

Barış. Baba, sən mənim boyda olanda doğrudan, bu evdə yaşayıbsan?

Süleyman. Hə, niyə soruşursan?

Barış. Yəni heç nəyi dəyişməyib? Elə həmin evdir.

Süleyman. Hə, elə həmin evdir. Bir az qocalıb, elə bil boyu da balacalaşıb. Amma istiliyi, doğmalığı elə həmin-həmindir. Mənim o vaxt öz quşum da var idi, Barış. At minib meşəyə gedəndə həmin quş həmişə mənim başımın üstündə uçurdu. Mən ona Tanrı quşu deyirdim. Yox, mən demirdim. Bizim bir kəndçimiz var idi, çoban Təhməz. Meşənin kənarında, lap kimsəsizlikdə balaca evi vardı. Məni də yaman çox istəyirdi. Bax, həmin Təhməz baba mənə deyirdi ki, o quşun adı Tanrı quşudur. Adama uğur gətirir. Deyirdi, bu quş mehrini sənə salıb, onunla dost ol, həmişə sənə uğur gətirəcək. Nə çətinliyin, sıxıntın olsa, Simurq quşu kimi uçub gələcək, səni xilas edəcək. Çoban Təhməz deyirdi ki, Tanrı quşunun adamı cəzalandırmağı da var. Kim ki onunla dostluğu pozdu, onu cəzalandırır. Bir dəfə bilirsən nə oldu, Barış?

Barış. Nə?

Süleyman. Qaranquş bulağının üstündə bir dağdağan ağacı var idi. Elə indi də var. Gedib gördüm onu. Deyirdilər ki, onun doqquz budağı var. Mən uşaq olanda kəndimizdə hamı onu müqəddəs bilib, üstünə parça bağlayırdı. Bir dəfə atımı həmin ağaca bağladım. Dizimi torpağa qoyub, kürəyimi dağdağana söykədim. Bir də gördüm, göylərdən Tanrı quşumun səsi gəldi. Mən onunla ürəyimdə danışırdım. Mənə elə gəlirdi, o da mənimlə danışır. O necə qanad çalırdı... Elə bil, sevincindən göylərə sığmırdı. Mən ürəyimdə ona deyirdim ki, biz həmişə dost olaq. Elə bilirdim, məni bu dünyaya da Tanrı quşu gətirib. Beşiyimi kəndimizə lap uzaq olan bir yerdən gətirib, sonra bağlayıb dağdağan ağacının budağına. Sonralar, lap sonralar e... Tanrı quşum tez-tez yadıma düşürdü. O quş üçün elə darıxmışam ki... Kaş yenə gələydi.

Barış. İndiyə ölməz?

Süleyman. Yox. Tanrı quşları heç vaxt ölmürlər. Uçmaqdan yorulanda gedib göylərdə dincəlirlər. Sonra yenə qayıdıb gəlirlər insanların yanına. Yenə ağacların üstündə, yenə qayaların başında uçurlar.

Barış. Mən qorxdum e, baba.

Süleyman. Nədən qorxdun, ağıllım?

(Onu özünə sıxır)

Barış. Tanrı quşundan. Birdən gəlib məni aparar.

Süleyman. Tanrı quşundan qorxmazlar. Tanrı quşunu ancaq sevərlər.

Barış. Bəs sən heç onu axtarıbsan?

Süleyman. Hə... Çox axtarmışam. Elə kəndə gələn günün səhəri... Getdim meşəyə. Bəlkə sənə gülməli gələr, amma mən onu çox axtardım. İndi Təhməz kişinin evi də qalmayıb. Mən o evin yerindəki bir daşın üstündə oturdum, başladım öz-özümə danışmağa. Tanrı quşum, gəl... Tanrı quşum, gəl... Tanrı quşum, gəl... Amma gəlmədi, Barış, Tanrı quşu gəlmədi...

(Sükut. Qarğıdalıları qazana yığır)

Barış. Süleyman baba...

Süleyman. Ay can...

Barış. Bəlkə səndən küsüb, ona görə gəlmədi?

Süleyman. Bəlkə də...

Barış. Sən kəndə çoxdan gəlmirsən?! Mən heç səni görməmişəm e. Əvvəllər niyə gəlmirdin bizə?

(Süleyman nə isə demək istəyir, amma gözünü yumub susur)

Barış. Noldu sənə, Süleyman baba.

Süleyman. Heç nə, gözəl balam, heç nə. Yaxşıyam. Gəl bunları qaynadaq.

(Ayağa durur, qazanı götürür, səhnənin arxasına keçir, qayıdır).

Süleyman. Barış, bura bax, sənin o dediyin falçı Əlamət hələ sağdır?

Barış. Həə, sağdır. Bilmirdin?

Süleyman. Mənim 85 yaşım varsa, indi gör onun neçə yaşı var. Yəqin ki, on yaş fərqimiz var. Axırıncı dəfə onu bəlkə də 50 il əvvəl görmüşəm.

Barış. Onda da belə bədheybət idi?

Süleyman. Yoo-x. (Süleyman nə isə düşünür, nəyi isə xatırlamağa çalışır.)

Barış. Əlamətin 1200 yaşı var.

(Gülürlər. Süleyman uşağı qatır qabağına)

Süleyman. Məni ələ salırsan?

Barış. Yoo-x. Kim atamdan falçı Əlamətin yaşını soruşur, atam deyir ki, 1200 yaşı var. Sabah-birigün 1500 olacaq. Mən ondan elə qorxuram ki... Anam bir dəfə yuxuda falçı Əlaməti görmüşdü, iki gün qorxusundan yemək yeyə bilmədi.

Süleyman. Hələ mən kənddən şəhərə gedəndə falçı Əlamət arpanı divara dırmaşdırırdı.

(Həyətdən it səsi gəlir)

Barış. Anamgil gəldilər.

(Qaçır qapıya. Qayıdır)

Barış. Anamgil deyil, baba. Kimsə gəlir, amma mən tanımıram.

(Süleyman qapıya tərəf gedir. Aynur səhnədə görünür)

Süleyman. (Gözlənilməz qonaq qarşılayan adam kimi) Aynur... (Sükut. Tərəddüd) Gəl, qızım, gəl. Xoş gəlibsən.

(Aynur çantasını, yük torbasını yerə qoyur. Süleymana sarılır, kövrəlir).

Aynur. Sənə deyirdim axı, mən orda qalmayacağam.

Süleyman. Yaxşı edib gəlibsən. Evi necə tapdın? Niyə xəbər etmədin qarşılayım səni?

Aynur. Soruşdum, dedilər. Çətin olmadı.

(Süleyman onu özündən aralayır.)

Süleyman. Bax, bu Barışdır. Babasının ağıllı balası.

(Aynur onu qucaqlayır, öpür.)

Aynur. Necə gözəl adın var sənin.

Süleyman. Yaxşı da şeirlər bilir. (Barışa) Mənə deyirdin quzudan şeir əzbərləyəcəksən. Əzbərlədin?

Barış. Hə.

Süleyman. Hələ de, görüm.

Barış. Yox, o şeirdə pis sözlər var.

Aynur. Hansı pis sözlər?

Barış. Utanıram axı, deməyə.

Süleyman. Utanma, de görüm.

Barış. Anasını quzum görər,

Ayaqların yerə dirər,

Məməsini tapıb əmər.

(Boynunu qısıb utancaq əda ilə gülür. Süleymanla Aynur da gülür).

Süleyman (Aynura) Yol gəlibsən, paltarını dəyiş, əl-üzünə su vur, gəl, sənə qarğıdalı verəcəyik.

(Aynur sağ kulisə keçir. Süleyman qarğıdalıları boşqaba qoyub gətirir, duzlayır. Aynur gəlir, yeyə-yeyə söhbət gedir)

Süleyman. Sənə şəhərdə qarğıdalı ala bilmədim.

Aynur. Yaxşı ki, elə kənddə yedik. Özünü necə hiss edirsən?

Süleyman. Lap yaxşıyam. Elə bil, ömrüm on il artıb. Nə yaxşı qayıtdım bura, qızım. Doğma yerdə, əziz insanların yanında olmaq adamın ömrünü uzadır. Mənim tanıdığım, məni tanıyan adamlar çoxdan ölüblər, amma... amma vacib olan zahiri tanışlıq deyil. Əsas odur ki, burda adamların qanı, canı, ruhu doğmadı mənə. Atamın-anamın qəbri ilə, əzizlərimin məzarları ilə baş-başa qalıb xeyli yüngülləşmişəm. Qəbiristanlığı gəzəndə, baş daşlarının üstündəki yazıları oxuyub şəkillərə baxanda başa düşdüm ki, mənim ömründən kimlər gəlib keçib, İlahi.

Aynur. Mən sevinirəm ki, sən arzuna çatdın. Həmişə sənin yanında olacağam, dədə. Təki sən rahat yaşa. Mən də molbertimi gətirmişəm. Burda qalıb işləmək istəyirəm. Buralarda elə gözəl yerlər var ki... Radiomu da özümlə gətirmişəm. Dünyadan, ətrafdan uzaq olmaq istəyirəm. Radiodan nəğmə dinləyib işləmək istəyirəm. Başqa heç bir arzum yoxdur.

Süleyman. Mən etiraz etmirəm. Amma... Bəs Mustafa?! Mustafa necə tək yaşayacaq?!

(Aynur cavab vermir).

Süleyman. Məni burda o qədər xoş qarşıladılar ki... Özümdən utandım. Yaxşı adamlardır.

Aynur. Nə vaxta qədər burda... bu cür yaşaya biləcəyik?

Barış. Mən məktəbi qurtarana qədər qalarsınız bizimlə. Baba olmasa, onsuz da məndən dərs oxuyan çıxmayacaq. Olacam çoban.

(Gülürlər. Aynur Barışı qucaqlayır, əzizləyir).

Süleyman. Ev məsələsini tezliklə həll edəcəyəm, darıxma. Mustafa necədir?

(Süleymana zəng gəlir. Cavab verir)

- Alo... Salam, oğlum. Bəli, bəli... Yox, hələ satılmayıb. Mən indi kənddəyəm... Hələ bilmirəm, oğlum. Gəlməyim bir az çəkəcək. Yəqin ki,... Bir həftə. Bəli, bəli... bir həftə çəkəcək. Sonra gəlib baxa bilərsiniz. Sağ olun, sağ olun.

Aynur. Evi istəyirlər?

Mustafa. Hə. Qorxuram Mustafa bu dəfə də başımıza oyun aça.

Aynur. Toğrul Mustafanı aparıb.

Süleyman. Hara?

Aynur. Müalicəyə.

Süleyman. Hara aparıb?

Aynur. Moskvaya. Dostunun yanına.

(Süleyman nə isə düşünür. Sonra səhnədə gəzişir. Hiss olunur ki, gərgindir, qərar qəbul etməkdə çətinlik çəkir).

Aynur. Getmək istəmirmiş. Qorxurmuş ki, Bakıda olmayanda evi satarsan. Toğrul deyib, Süleyman dayı mənə söz verib ki, getsin, evi satmayacağam.

Süleyman. (Nə isə düşünür və qəti deyir) Nə vaxt gediblər?

Aynur. Srağagün.

Süleyman. Nə vaxt qayıdacaqlar?

Aynur. Bilmirəm. Üç-dörd gün çəkər hələ.

Süleyman. Evi indi, Mustafa Bakıda olmayanda satmasam, bir də heç vaxt sata bilməyəcəyəm.

(Telefonu götürür, zəng edir)

Alo... Oğul... Mənəm Süleyman. Ev məsələsinə görə... Hə, hə... Sabah Bakıda olacağam. Günortadan sonra gəlin. Gözləyəcəyəm.

Barış. (Yaxınlaşır, qolundan tutur) Ay baba, Bakıya gedirsən? Məni də apar də.

Süleyman. Apararam, ağıllı balam.

Barış. Məktəbimizdə bir-iki uşaq gediblər Bakıya. Bütün günü uşaqlara acıq verirlər.

Süleyman. Apararam deyirəm, amma... bəs məktəb?

Barış. Məktəbə iki gün getmərəm. Atam icazə alar müəllimdən.

Süleyman. Yaxşı. Onda sən get, yat. Sabah tezdən getməliyik. Atangil bir azdan gəlsinlər, danışaram.

Barış. Elə et ki, icazə versin. Məktəb boş şeydir, əsas atamdır. (Gülürlər)

Barış. Getdim yatmağa.

(Barış sevinə-sevinə gedir. Sükut)

Aynur. Çox narahatam, dədə. Ürəyim quş kimi çırpınır.

Süleyman. Niyə?

Aynur. Bilmirəm, nəsə qorxuram. Elə bilirəm, nə isə pis bir şey olacaq.

Süleyman. Narahat olma. Hər şey yaxşı olacaq.

Aynur. Mustafadan qorxuram... Qorxuram ki,...

Süleyman. Yol gəlibsən, yorğunsan. Gecdir, sən də get yat. Mən də gözləyim, gəlsinlər, yatacağam.

Aynur. Hara gediblər?

Süleyman. Xəstələri var, gediblər ona dəyməyə. Get, get yat, qızım.

Aynur. Gecən xeyrə qalsın.

(Gedir. Süleyman narahatlıqla səhnədə gəzişir)

Süleyman. Düzünə qalsa, Aynur kimi mən də narahatam. Onu qorxutmaq istəmədim, amma... Amma bir ayağımın gorda olduğu vaxtda, Allahın rəhmi gəlsin mənə. Allah özü şahiddir ki, hər şeyin yaxşı olmağı üçün nə qədər çalışıram. Təki müalicələri Mustafanın canına yarasın. Övlad... Eh... (Arvadının stolun üstündəki şəklini götürüb uzun-uzadı baxır.) Ay zavallı qadın... sən də bir gün görmədin. Qoymadılar sümüklərini bu kəndin torpağına əmanət edim. Qoymadılar. Mənim də ömrümə bir şey qalmayıb. Bəlkə o dünyada bir yerdə rahatlığa çıxarıq. Bəlkə sənin olduğun o haqq yerində başımız-qulağımız dinc olar. Məndən də nigaran getdin, Mustafadan da. (Kövrəlir, gözlərini silir). Sənə o qədər minnətdaram ki, Məryəm. Yükümüzü, əziyyətimizi çox çəkdin. Rahat yat... Rahat yat... Hər şey yaxşı olacaq. İnan, mənə. Hər şey... yaxşı olacaq.

(Səhnənin arxasından vahiməli səs gəlir.)

Səs: Süleymaaan...

(Süleyman diksinir. Dayanıb qulaq asır)

Səs: Süleymaaan... Eşitmirsən?

Süleyman: Bu... kimdir? Nə... səsdir? Məryəmdir?

(Üz-gözünün tərini silir, sanki ayılmaq istəyir. Bir qədər irəli gedir)

Yo-x. Məryəm ola bilməz. Onun səsi bu qədər dəyişə bilməz.

(Qapı asta-asta döyülür. Süleyman tərəddüdlə qapıya yaxınlaşır. Qorxa-qorxa açır. Diksinir. İçəri bədheybət simalı qarı girir. Beli əyilib, başı əsir. Qara geyinib. Əlində əsa. Bundan sonrakı söhbətlər həyəcanlı, gərgin və alçaq səslə gedir).

Gələn: Tanımadın?

(Sükut).

Gələn: Çox dəyişmişəm?

(Sükut. Süleyman dəhşət içində ona baxır. Sanki nitqi quruyub).

Gələn: Deyirəm, çox dəyişmişəm?

(Sükut. Qarı vahiməli səslə gülür).

Gələn. Tanımadın, hə? Əlaməti də yadından çıxarıbsansa, deməli, sənə olanlar haqq olub.

Süleyman: Ə-lamət?

Falçı: Həə... Gözləmirdin?

Süleyman. Mə-n özüm...

Falçı. Çəkil... çəkil o tərəfə, oturum. Ayaq üstə dayana bilmirəm. Bura da güclə gəlib çıxmışam.

(Keçib oturur)

Süleyman. Mən özüm gələrdim.

(Falçı yenə gülür)

Falçı: Kəndə gəldiyin kimi?

Süleyman. Çoxdan gəlmək istəyirdim. Nə yaxşı qismət oldu. Ölmədim, gəlib çıxa bildim.

Falçı. Bədbəxt, sən bura elə ölməyə gəlibsən də.

Süleyman. Elə bunu demək istəyirdin? Elə... bunu demək üçün gəlibsən?

Falçı. Yox, təkcə bunu deməyə yox. Sənə deyəsi çox sözüm var. Bilirsən, nə qədəəər? (Bərkdən) Eee... O qədər sözüm var ki, sənə. Ölmədim, sənin kəndə gəlməyini də gördüm.

Süleyman. Bir az yavaş. Gəlinimlə nəvəm yatır.

Falçı. Nəvən? He-he-he... Nəvəm e...

Süleyman. Səni bura kim göndərib?

Falçı. Tale göndərib, tale. Qeybdən dedilər, Allahın günahkarı öz xoşu ilə məhşər ayağına gəlib. Çağır, çağır qoy səni gəlinin də tanısın, nəvəm dediyin o uşaq da.

Süleyman. (Onun üstünə gedir) Səni lənətə gələsən. Çıx, rədd ol.

Falçı. Kənara çəkil. O vaxt da üstümə belə yerimişdin. Yadına salacağam, darıxma.

Süleyman. Dedim, necə gəlmisənsə, elə də rədd ol, çıx get.

Falçı. Mənə toxunma. (Ayağa durur) Bura öz ayaqlarımla gəlməmişəm. Dedim axı, məni bura sənin taleyin göndərib. Sən hələ də bilmirsən ki, bu sənin alın yazındır?

Süleyman. Nə alın yazısı? Mən bura dinclik tapmaq üçün gəlmişəm. O xaraba şəhərdən gəldim ki, burda – öz kəndimdə rahatlığım olsun.

Falçı. Kəndə gəlməyin indiyə qalmışdı? Gözlədin, axsaq İsgəndər öldü, gəldin, hə?

Süleyman. Nə fərqi var? Gec-tez, əsas odur, qayıtdım.

Falçı. Bilirsən, mən bu günü nə vaxtdan gözləyirəm? Bu sözləri sənə demək üçün bir ömür... bir ömür gözləmişəm.

Süleyman. Sən dedin, mən də eşitdim... indi gedə bilərsən. Sən bu kənddə həmişə murdar işlərlə məşğul olubsan. Hələ o vaxtlar yıxmadığın ev qalmamışdı.

Falçı. Səndən çox adamın evini yıxmışam? Səndən çox adamların üzünə durmuşam? Sənin kim olduğunu bilən adamların sonuncusu axsaq İsgəndər idi, o da öldü. Amma sevinmə, Süleyman, sevinmə.

Süleyman. Mən kimə nə pis etmişəm ki?

Falçı. Necə yəni kimə nə pislik etmişəm? Elə bilirsən, üzünə durub işdən çıxartdırdığın adamlar səni rahat buraxacaqlar? Elə bilirsən, o adamların ailəsinin, uşaqlarının qarğışları səni rahat buraxacaq? Ömrü boyu sənə əziyyət verən o adamların qarğışlarıdır. Sən hələ də bunu başa düşmürsən?

Süleyman. Mən heç vaxt heç kimin üzünə durmamışam.

Falçı. Bizim qonşu kənddən sizinlə bir adam işləyirdi, tap görüm kimi deyirəm?

Süleyman. Bilmirəm, tanımıram da.

Falçı. Yaxşı fikirləş... Yaxşı fikirləş... Sən İbrahimi yaddan çıxara bilməzsən. Tutdular, sən də onun arvadına tamah saldın.

Süleyman. Tfu... Sən niyə bura gəlibsən? (Bağırır)

Falçı. Yavaş ol, gəlinlə uşaq yatıb, axı.

Süleyman. (Yavaşdan) Deyirəm, niyə bura gəlibsən?

Falçı. Xoşuna gəlmir, hə? Ona görə əsəbiləşirsən ki, hamısı düzdür. Ona görə əsəbiləşirsən ki, hər şeyi sənin üzünə vuracam. Mənə toxunma... ürəyimi boşaldıb gedəcəm. Əl vursan, mənə toxunsan, bundan da böyük bədbəxtliyə düçar olacaqsan.

Süleyman. Səninlə üz-üzə dayanmaqdan böyük bədbəxtlik var?

Falçı. Nə sənin ömrünə bir şey qalıb, nə mənim. Ona görə illərlə özündən gizlətdiyin, özünə deyə bilmədiyin həqiqətləri eşit, rahat öl. Mən də bunları ürəyimdə goruma apara bilmərəm. Aparsam, gorum od tutub yanar.

Süleyman. Allah bütün falçıları lənətləyib. Yoxsa elə bilirsən, o lənətə düçar olanların içində sən yoxsan?

Falçı. Sən nə vaxtdan Allaha inanan olubsan?

Süleyman. Mənim qəlbimdə Allah sevgisi həmişə olub.

Falçı. Qəlbində Allah sevgisi olan insan xəyanət etməyi bacarmır. Sən isə kəndinə, doğmalarına xəyanət edibsən. Mərziyə xalanı yaddan çıxarmayıbsan? O xəstə, şikəst, bədbəxt qadın sənin adını deyə-deyə öldü. Mənim qucağımda canını tapşırdı e... Mənim qucağımda... Sən kənddən gedəndən sonra paltarlarını götürüb iyləyirdi. Sənin uşaqlıq ayaqqabılarını, dəftərlərini saxlamışdı. O ayaqqabıları, dəftərləri sinəsinə sıxıb öz-özünə danışırdı. Xəstəliyi get-gedə lap pisləşirdi, axır vaxtlar ağlını da itirmişdi. Bir dəfə şər qarışanda kənddə hamı onun çığırtısına diksindi. Elə yaxşı yadımdadır ki... Selləmə yağış tökürdü o gün. Üzünü sən gedən yola tutub fəryad qoparırdı: Süleymaaannn... Süleyman... ay Süleymaaan... Ay Süleymaaannn... Hardasan, hardaaa... (Vahiməli səslə təqlid edir)

Süleyman. (Diz çökür, ağlayır). Mərziyə xalam həmişə mənim ürəyimdə olub. Allah şahiddir ki, onu heç vaxt yadımdan çıxarmamışam.

Falçı. Süleyman, o vaxtdan gör neçə illər keçib. Amma Mərziyənin sənə olan istəyinin səbəbini mən hələ də tapa bilməmişəm. Bu insanın insana sevgisi ola bilməzdi. İnsan insana belə vəhşi istəklə bağlı ola bilməzdi. Vallah, billah, ola bilməzdi. Ağlını itirəndə birdən ayağa durub həyətə qaçırdı ki, Süleymanın iyi burnuma gəlir. Lap yaxındadır. Gəlir... gəlir... lap yaxındadır Süleyman... Sən isə, kənddən o gedən getdin. Nə məktub yazdın, nə özün gəldin. Öləndə də gəlmədin.

Süleyman. Uzaqda idim. Gələ bilmədim. Allah şahiddir ki, gələ bilmədim.

Falçı. Hər şeyə görə Allahı şahid çağırma. Bu kənddən təkcə sənin cismin yox, ruhun da uzaq olub. Bu adamları həmişə özünə yad bilibsən. Kənddən çıxıb Bakıya gedən heç kimin əlindən tutmayıbsan. Məktəb oxumaq üçün şəhərə gedənlərə həmişə mane olubsan. Qorxubsan ki,...

Süleyman. Yalan danışma. Mən həmişə vicdanla yaşamışam.

Falçı. Hansı vicdandan danışırsan?

Süleyman. Gözü tox olmuşam, heç kimin əlində gözüm olmayıb. Evimə haram tikə gətirməmişəm. Mən adamlara...

Falçı. Balaca-balaca yaxşılıqlar edib böyük vicdansızlıqlarına bəraət qazandırmaq istəyibsən. Onu deyirsən?

Süleyman. Mən vicdansız adam olsaydım, bu bəlalar başıma gəlməzdi. Mənim təmizliyim, sadəlövhlüyüm...

Falçı. Sakit dayan. Ssss... (Barmağını dodağına qoyur). Atasının-anasının qəbrini ziyarətə gəlməyən adam gərək vicdandan danışmasın. Ot-alaq basırdı o qoşa qəbiri. Nə bacılarını yada saldın, nə o tək qardaşını. Hələ demirəm ki, yazıq Mərziyəyə sənin bacıların da yiyə durmadı. Ona dözən o gəlmə adamlar oldu. Onlar da evsiz-eşiksiz adamlar idilər, bilirdilər ki, öləcək, ev onlara qalacaq.

Süleyman. Atam da, anam da öləndə vəsiyyət eləmişdilər ki,... (Sözünü deyə bilmir. Ürəyini tutur).

Falçı. Qalx ayağa. İndi sən qayıdıbsan. Səni bu evdə xoş qarşıladılar, düzdü? Elə bilmə ki, onlar da sənin əclaf olduğunu bilmirlər.

Süleyman. Onda niyə mənə doğma adamları kimi baxırlar?

Falçı. Çünki bilirlər ki, pulun var. Onlara ev alacaqsan. Elə bilirsən, sənin üçün müqəddəs olan bu uçub-dağılan evdə yaşamaq onlara xoşdur? Yo-oxx... Bu kənddə hamı bilir ki, sən etibarsız adamsan. Sən bu kəndə xəyanət edibsən.

Süleyman. Niyə soruşmursan ki, bu kənddən niyə birdəfəlik getdim? Guya sən bunu bilmirsən?

Falçı. Bəhanə etmə. Kişi kimi etiraf etməyi bacar! Ömrü boyu qorxub özünə bəraət qazandırmaq istəyibsən.

Süleyman. Bu kənddə mənə böhtan atdılar.

Falçı. Zəminə sənin süd bacın idi.

Süleyman. Nə süd bacısı?

Falçı. Anan xəstə yatanda Zəminənin anası Bahar bir döşünü öz uşağının ağzına salanda, o birini sən əmirdin. Amma böyüyəndə sən Zəminəyə tamah saldın.

Süleyman. Tamah salmamışdım. (İnildəyir) Mən onu sevirdim. Amma kənddə mənə böhtan atdılar ki, bacısının namusunu... (Ağlayır). Mən ona görə bu kəndə gəlmək istəmirdim. Ona görə tüpürmüşdüm... (Falçı gəlib süni qayğıkeşliklə onun başını sığallayır).

Falçı. Qalx ayağa. Sənə çətin də olsa, hələ sözümü qurtarmamışam.

Süleyman. Allah xətrinə, çıx get. Əlimdən xata çıxar.

Falçı. (Gülür). Məni öldürmək istəyirsən?

Süleyman. Dedim ki, get, ge..eettt...

(Səhnənin arxasından quş səsi gəlir).

Falçı. Eşitdin?

Süleyman. (Ayağa durur, göyə baxır, ora-bura qaçır) Tanrı quşumun səsidir... Gəldi, Tanrı quşum gəldi...

Falçı. Tanrı quşları xəyanəti bağışlamırlar.

(Quşun səsi daha da güclənir).

Gördün, mənim dediyimi təsdiqlədi.

Süleyman. Tanrı quşum gəldi... (Aman diləyirmiş kimi) Məni sənin əlindən xilas etməyə gəldi.

Falçı. Haradan bilirsən, xilas edəcək? Bəlkə səni cəzalandırmağa gəlib?

Falçı. Tanrı quşum, hardasan, harda? (Üzünü göyə tutub axtarır) Özünü göstər mənə. Göstər... Göstər görüm səni. Gör neçə gündür meşəyə gedib səni axtarıram. Gəlmirsən... Gəlmirsən... Niyə özünü məndən gizlədirsən? Göstər özünü mənə. Göstəəər... (Yalvarır)

(Uçub gedən quş qanadlarının səsi eşidilir)

Süleyman. Tanrı quşuumm...

Falçı. Uçub getdi. Özünü yorma. Uçub getdi. Göstərmədi özünü sənə.

Süleyman. Tanrı quşu hər şeyin doğrusunu bilir. Bilir ki, sən mənə şər atırsan.

Falçı. Ev məsələsində də?

Süleyman. Nə ev?

Falçı. İndi yaşadığın ev. Oğlu tutulan bir adamdan almamısan?

Süleyman. Sən axı bunları haradan bilirsən?

Falçı. Sual vermə. Mən səndən cavab istəyirəm. Məhşər günü yarımçıq olmur, ona görə də başa çatdırmalıyıq.

Süleyman. Məhşər günündə sorğu-sualı Tanrının lənətlədiyi falçı yox, Tanrının özü aparır.

Falçı. Məni də Tanrı göndərib.

Süleyman. Yox, bir Tanrının elçisisən.

Falçı. Mənim sualıma cavab vermədin.

Süleyman. Dedim, sən axı bunları haradan bilirsən?

Falçı. Qeybdən öyrənmişəm. Dərgahdan mənə səs gəlib. Başa düşdün? Ün almışam, ün.

(Süleyman lampanı götürüb falçının üzünə tutur).

Süleyman. Hə, o evi oğlu tutulan bir adamdan almışam. Amma... amma qiyməti nə olubsa, onu verib halallıqla almışam.

Falçı. Yalan danışma! Əlinə fürsət düşmüşdü. O bədbəxti aldadıb evini ucuz qiymətə aldın əlindən. Elə bilirdin içində rahatlıq tapacaqsan?

Süleyman. Mən lap yaxşı rahatlıq tapdım.

Falçı. Mustafanın başına açdığı oyunlarla? Arvadın Mustafanın dərdindən ölmədi?

(Aynur ağ yataq paltarında səhnədə görünür. Diksinir. Falçının gözü ona sataşır)

Falçı. Gəl, gəl. Nə yaxşı oyandın. Yaxın gəl.

Süleyman. (Həyəcanla) İşin yoxdur onunla.

Aynur. Siz... kimsiniz? Dədə... bu kimdir?

Süleyman. Bunu Allah bizə bəla göndərib.

Falçı. Zavallı qızım... Bu iblisə görə sən də çox əziyyət çəkibsən. (Ona yaxın gedir. Aynur qorxur, geri çəkilir) Qorxma. Mənim sənə xəbərim var. (Başını yuxarı qaldırıb dərindən nəfəs alır. Sanki havanı iyləyir) Burnuma uşaq qoxusu gəlir. Hələ tezdir. Lap uzaqdadır. (Süleymanla Aynur maraqla ona baxır. Qorxunu unudublar)

Aynur. Nə... uşaq. Uşaq nədir?

(Falçı əlini onun qarnına qoyur. Üzünü Süleymana tutur).

Onun bətnində körpə var. Amma o uşağı görmək sənə qismət olmayacaq.

Aynur. Siz bura niyə gəlibsiniz? Bu nə danışıqdır?

Falçı. Ssss... Keç öz otağına.

Aynur. Keç.. keçmirəm. Nə danışacaqsansa, mənim yanımda danış.

Falçı. (Qışqırır, əsanı qəzəblə yerə vurur, üstünə gedir). Keç dedim sənə! Bildiklərin bəsdir. Sənə müjdə verdim. İndi özünü yaxşı apar. Nə deyirəmsə, onu et!

(İşıq Aynur dayanan yerdə sönür, o görünməz olur. Falçı Süleymanla üz-üzə dayanır).

Falçı. Sənin aqibətin o qədər faciəvi olacaq ki... Amma qorxma. Bir iblis öləndə, bir mələk doğulacaq. O mələk yoldadır.

Süleyman. Mənim oğlumun on ildir uşağı olmur.

Falçı. Olacaq.

Süleyman. Həkimlər...

Falçı. Həkimlər qələt eləyir. Mən sənə deyirəm ki, olacaq. İndi qaldı sənin bilmədiyin başqa həqiqət. Hazır ol, buna dözməyin çətin olacaq.

Süleyman. (Susur, nə isə demək istəyir, bacarmır. Falçı bir qədər gedir, səhnənin dərinliyindən dönüb baxır)

Falçı. Bəlkə onu sənə deməyim, hə? Yazığım gəlir sənə. Amma dedim axı, məhşər günü yarımçıq olmur.

Süleyman. Sən məndən başqa şeyin intiqamını alırsan...

Falçı. Həə... Həəə... Yaxşı ki, özün açdın söhbəti. Məni əziyyətdən qurtardın. Gəl yaxına. (Süleyman yerindən tərpənmir). Gəl, qorxma, gəl yaxına. Bunu da deyim, mən də gedirəm ölümə hazırlaşmağa. Səndən tez öləcəyəm. Yaşamaqdan bezmişəm. Tez gəlsəydin, mən də bu qədər yaşamaqla əzab çəkməzdim. (Süleyman yenə tərpənmir. Sanki ətraf aləmi unudub, özündə deyil). Deməli, gəlmirsən, Süleyman... gəlmirsən... Yaxşı, özüm sənə tərəf gələrəm. (Gəlir). Qulağını gətir, söz deyirəm. (Süleymana tərəf əyilir. Qulağına nə isə deyir. Süleyman dəhşət içində diz çökür).

Süleyman. Yalan danışırsan.

Falçı. O günü yadından çıxarıbsan?

Süleyman. Dedim ki, yalan danışma.

Falçı. Əlli il keçir üstündən. Sən gecə yarısı mənim evimə soxulan ili bacım Xanım meşədə ölmüşdü. Qalmışdı at arabasının təkərinin altında. Yadındadır?

Süleyman. (Zəif səslə) Hə...

Falçı. Sən bilirdin ki, tək yaşayıram. Onda hələ kənddən ayağın tam kəsilməmişdi. Haradasa içib gəlmişdin. Mənə əvvəl xoş sözlər dedin, gördün, yox, yola gəlmirəm, üstümə yeridin. Yadına düşmür, Süleyman? 45 yaşım var idi. Ailə olmaq istəyirdim, ailə. Mənim taylarım qız köçürürdülər. Özü də sən bilirdin ki, məni kimə almaq istəyirdilər. Yadına düşür, hə? Nolar, bir az şikəstliyi var idi, yaşlı idi. Amma yaxşı adam idi. Sənin mənə çəkdirdiyin ağrını hələ də unutmamışam. (Falçı sanki həzz yaşayır) Amma gözəl idi. Nə gizlədim, sonra yenə istəyirdim. Ancaq sən qorxundan qaçıb getmişdin. Özü də ayaqyalın. Ayaqqabılarını qoyub qaçmışdın. Biləndə ki hamilə qalmışam, dəhşətə gəldim. Qorxurdum, bərk qorxurdum. İlahi, bunları sənə demək üçün mən nə qədər gözləmişəm. Ay gəlin... Ay qız... (Üzünü səhnənin arxasına tutub səsini qeyzlə qaldırır). Bunları sən eşitməsən, yaxşıdır. Çəkil o qapının arxasından... (Ani sükut) Çəkil, çəkil... Hə, bax, belə! Bir az da çəkil! Get! Eşitmədin? (Səhnənin arxasından səs gəlir, hiss olunur ki, Aynurun ayağı nəyə isə ilişir, yıxılır). Ayağının altına bax. Gözün görmür?!

Süleyman. (Heysiz) Aynur...

Falçı. Sənin işin yoxdur. Sən ancaq mənə qulaq as.

(Süleyman get-gedə sanki büzüşür, yazıqlaşır, uşaq kimi ona baxır)

Kənddə bilsəydilər, hamiləyəm, məni daş-qalaq edərdilər. Evə qapandım, gizləndim. Amma hər dəfə içimdə tərpəniş olanda özümü xoşbəxt hiss edirdim. Bilirsən, o vaxtlar səni nə qədər arzulayırdım?! Nə qədər axtardım səni? Həmişə Mərziyədən səni soruşurdum. Uşaq doğulandan sonra gecə ilə çıxdım kənddən. Gəldim vağzala. Nə qədər əzab çəkdim. Vağzalda bir qadın kömək elədi, qatara minib getdik Bakıya. Sabunçuda yaşayırdı. Məni evində saxladı. Kənddə hamı məni axtarırmış ki, itkin düşüb. Düz qırx gün gözlədim, uşağı atmaq istəmirdim. Amma məcbur idim. Bir gün ondan xəbərsiz, səhərə yaxın evdən çıxdım, uşağı atdım zibil qabına. Sonrasından xəbərim olmadı. Amma öz balamı nə qədər axtarmışam, nə qədər bunun peşmançılığını çəkmişəm, İlahi. Taleyin işinə bax ki, o uşaq sənin özünə qismət olub. Allah böyükdür, Allah böyükdür, Süleyman, o tifili sənə gör necə qismət elədi. Elə bil nağıldır, rəvayətdir.

Süleyman. Sən məni aldatmırsan ki?

Falçı. Niyə aldadım?

Süleyman. Sən hardan bildin o uşaq mənim evimdədir?

Falçı. Yuxuda əyan oldu. Qeybdən dedilər mənə. Sən belə şeylərə inanmırsan, amma Allah görürdü mən nə qədər əzab çəkirəm. Mənə rəhmi gəldi, sirri açdı.

Süleyman. Sən nə vaxt bildin bunu?

Falçı. Üstündən çox keçmişdi.

Süleyman. Onda, niyə...

Falçı. (Sözünü kəsir) Onda niyə açıb-ağartmadım, hə? Kim mənə inanacaqdı? Elə sən özün bilsəydin, mənim başıma nə oyun açdırardın? Dəlixanaya saldırmazdın məni? Sənə ömrüm boyu qarğış etmişəm, səni ömrüm boyu qarğımışam, cadu-piti ilə nə pislik etmək olar, sənə etmişəm. O uşaqda mənim nəfsim, gözüm qalıb, ona görə sənə həmişə dərd olub. Gör nə qədər bədbəxtsən ki, öz evində böyütdüyün uşağı özgəsi bilibsən.

Süleyman. Mən onu heç vaxt ögey bilməmişəm.

Falçı. Allah rəhm elədi, sirri mənə açdı ki, uşağımın kim olduğunu bilim, təsəlli tapım. Sənə də rəhmi gəlib ki, ürəyinə ögeylik hissini salmayıb, onu həmişə öz belindən gələn bilibsən. Mən gedirəm, Süleyman. Amma bir narahatlığım var.

Süleyman. Nə?

Falçı. Mustafa zorlanmadan doğulan uşaqdır. O gəlinin bətnindəki də zorla düşüb ora. O uşağın gələcəyindən çox narahatam. Qorxuram evdə ikinci Mustafa böyüyər. Ancaq mən ona dua edəcəyəm, yollarını açacağam. İnan, inan mənə, ona dua edəcəyəm. Qeybdən o yolda olan körpə üçün rahatlıq istəyəcəyəm.

(Yenidən səhnənin arxasında quş səsi eşidilir. Amma bu dəfə qısa olur)

Süleyman... Tanrı quşum...

Falçı. Görürsən, o da rahatlıq tapa bilmir.

(Sükut.)

Falçı. Mənim ölməyim çox çəkməyəcək. Sən də çox gecikmə. Məni burda gözlə, gəlirəm. (Falçı səhnənin arxasına keçir. Əlində torba qayıdır. Torbanı aça-aça)

Bilirsən, bu nədir? (Sükut) Bilməzsən, haradan biləsən ki... (Torbanı açır, içindən bir cüt köhnə ayaqqabı çıxarır, atır Süleymanın üstünə. Ayaqqabılar yerə düşür. Süleyman əyilir ayaqqabıları yerdən qaldırır, baxır, baxır, baxır. Falçı görünməz olur. İşıq sönür. Səhnənin arxasından səsi eşidilir).

Falçının səsi: Çox gecikmə, Süleyman, çox gecikmə. Mən gedirəm ölməyə. Sən də çox gecikmə... Gecikmə... Gecikmə...

İşıq sönür. Səhnə dəyişir. Aynur rəsm çəkir. Mustafanın aşırdığı uşaq şəklidir. Aynur dalğın və kədərlidir. Radioda xəbərlər oxunur.

Aynur. Barış... (Səs gəlmir). Baarııış... (Sükut) Gör, məni eşidir?!

Barış. Gəlirəm, gəlirəm... (Səhnədə görünür. Əlində kitab var).

Aynur. Misalları həll etmədin, şeiri əzbərləmədin.

Barış. Edəcəyəm, vallah, edəcəyəm.

Aynur. Nə vaxt, Barış?

Barış. Baba gedəndən sonra yadımda heç nə qalmır. O gedəndə sən niyə məni yuxudan durğuzmadın?

Aynur. Gələcək, ağıllım, darıxma, gələcək.

Barış. İki gündür e, gedib. Məni niyə aparmadı?

Aynur. Dedi, yol uzaqdır, yorular. Məktəb tətili başlasın, səni aparıb Bakıda çoxlu gəzdirəcək.

Barış. Nə vaxt gələcək?

Aynur. Bəlkə elə bu gün gəldi.

(İt səsi gəlir).

Barış. Deyəsən, babadır gələn.

(Səhnənin dərinliyinə tərəf qaçır. Səhnədə Süleymanla bir yerdə görünür. Süleyman ağır-ağır yeriyir. Pərişandır. Sanki nədənsə utanır).

Barış. Babam gəldi. Baba niyə məni özünlə aparmadın, hə?

Süleyman. Gələn dəfə aparacam. Söz verirəm.

Aynur. Xoş gəlibsən, dədə.

Süleyman. (Zəif və xırıltılı səslə) Salam, qızım.

Aynur. Niyə sənə zəng çatmırdı? (Sükut) Nə isə olub yenə?

Süleyman. Mənən bir stəkan su ver. (Oturur).

Barış. Mən gətirəcəyəm. (Gedir).

Aynur. Ürəyin ağrıyır? (Stul çəkib yanında oturur)

Süleyman. Keçib gedər.

Aynur. Səfərin necə keçdi?

Süleyman. Evi satdım. (Sükut). Niyə heç nə demirsən? Düz etməmişəm?

Aynur. Mən əvvəlcədən demişdim ki, ev sənindir. Necə istəsən, elə də olsun.

(Barış suyu gətirir. Süleyman içir. Barış stəkanı aparır).

Süleyman. Pulun bir hissəsini qoydum banka. Bir hissəsini də gətirmişəm.

Aynur. Dədə, niyə xəbərsiz getdin?

Süleyman. Özümdə deyildim. Bəlkə yuxu görürdüm, hə? Bəlkə sən biləsən, o adam doğrudan bura gəlmişdi?


Aynur. Gəlmişdi.

Süleyman. Bəlkə mən özümdə olmamışam, hə?

(Sükut).

Sən eşitdin... yox-yox... sən inandın onun dediklərinə?

Aynur. Yox.

Süleyman. Axı gözlərindən görürəm ki, inanıbsan.

(Sükut)

Süleyman. Mən bədbəxt adamam.

Aynur. Elə demə.

(Süleyman ayağa durur. Barış həyəcanla içəri girir)

Barış. Baba... Falçı Əlamət ölüb.

(Süleyman və Aynur diksinir. Ayağa durur).

Aynur. Kim dedi?

Barış. Hamı qaçır onlara tərəf. Kimsə dedi ki, zəhər içib, ölüb.

(Süleyman oturur)

Süleyman. Özü demişdi ki, birinci mən öləcəyəm.

Barış. Biz də gedək?

Süleyman. (Onun dediyinə fikir vermir, öz-özünə yavaşdan) İndi növbə mənimdir. (Aynur onun qoluna girir)

Aynur. Dədə...

Süleyman. Həə... (Qorxu ilə) İndi növbə mənimdir. Hazırlığınızı görün.

Aynur. Sən yaşayacaqsan, dədə, yaşayacaqsan. İnan mənə. O qadının sözünə inanma.

Süleyman. Heç olmasa, rahat ölə bilsəydim...

Aynur. Sən hələ Tanrı quşunu görəcəksən.

Süleyman. Tanrı quşu özünü mənə göstərməyəcək.

Aynur. Nə qəribədir, dədə. Dünyada belə şeylər varmış. Mənə nə vaxtsa desəydilər, inanmazdım. Düzünü deyim, ... indi də o qədər inanmıram.

Süleyman. Var, əlbəttə, var. Sən inan. Amma bilirəm, o məndən üz döndərib. Özünü mənə göstərməyəcək.

Aynur. Dədə, qurban olum, elə et, o quşu axtardığını kimsə bilməsin. Sonra deyəcəklər... (Sözünü kəsir).

Süleyman. Deyəcəklər, dəli olub?

Aynur. Nə bilim... bilmirəm. Onu gedib axtarmaq axı nəyə lazımdır?

Süleyman. (Sərt) Mənim Tanrı quşuma şəkk gətirmə.

Aynur. (Əlacsız). Yaxşı, düzünü sən bilərsən.

Süleyman. Səndən bir söz soruşum. Toğrul... (Sözünü yarımçıq qoyur)

Aynur. Hə...

Süleyman. Barış, get çöldə oyna, ağıllı balam.

(Barış gedir).

Aynur. Hə, Toğrul nə? Nolub?

Süleyman. Toğrulun Mustafa üçün indiyə qədər apardığı müalicələrin bir nəticəsi ola bilər?

Aynur. Yox.

Süleyman. Niyə inanmırsan?

Aynur. Olmayacaq.

(Süleyman ayağa durur. Narahat-narahat gəzişir).

Süleyman. Onlar nə vaxt qayıdacaqlar?

Aynur. Bilmirəm.

(Telefona zəng gəlir. Aynur telefonu əlinə götürüb ekrana uzun-uzadı baxır. Cavab vermir.)

Süleyman. Kim idi?

Aynur. Toğrul.

Süleyman. Niyə cavab vermədin?

Aynur. Onun səsini də eşitmək istəmirəm.

Süleyman. Ona zəng et.

(Telefona təzədən zəng gəlir. Aynur telefonu Süleymana verir. Süleyman cavab verməyə tərəddüd edir). Alo... Toğrul, oğlum... Salam, salam. Yaxşıyıq, yaxşıyıq. Siz... siz nə vaxt gəlmisiniz? Nə olub? Səsin niyə belə gəlir? Eşitmirəm səni... Mustafa? Nolub Mustafaya? ... Hə... Satmışam. Demişdim, satacağam... Nolub? (Narahatlıqla səhnədə gəzişir) İndi necədir? Yaxşıdır, indi? Tək buraxma gəlsin. Eşidirsən, tək qoyma onu...

(Telefonu söndürür)

Aynur. Nolub Mustafaya?

Süleyman. Evin satıldığını bilib, yeri-göyü dağıdırmış. Toğrula deyib gedib evi yandıracağam. Birtəhər tutub saxlayıblar. Toğrul deyir, özündə deyil, elə bil ağlını itirib. Bura gəlmək istəyirmiş. Ehh...

Aynur. Offf... O qədər narahatam ki...

Süleyman. Mən bir az gəzmək istəyirəm. Həyət-bacada başımı qarışdırım. Sən narahat olma. Səndən bir istəyim var, qızım. Mustafa gəlsə, onunla xoş davran. Bir də... Bir də özünü qoru. O gorbagorun dediyini qəribçiliyə salma.

Aynur. Uşaq?

Süleyman. Hə...

Aynur (İstehza ilə gülümsəyir) Ağzında gorbagor deyirsən.

(Sükut. Süleyman gedir. Aynur nigaranlıq, bir az da şübhə içində səhnədə gəzişir. Molbertə yaxınlaşır, fırçanı götürür, nə isə çəkmək istəyir, alınmır. Fırçanı yerə qoyur, yenə narahatlıqla gəzişir). Offf... Bu gorbagor falçı arvad da məni əməlli-başlı şübhəyə saldı. Bəlkə Toğrula zəng edim? Görəsən, nə xəbər var? Necədirlər... (Telefonu götürür. Zəng etmək istəyir. Telefonu stolun üstünə qoyur). Etməyəcəyəm. Özü yəqin ki, yenə axtaracaq. Görəsən, həkimlər nə deyiblər? (Gözünü silir). Nə şəhərdə rahatlığımız var, nə kənddə. Bu nə həyatdır, Allah? İçimi şübhə didib-parçalayır. Elə hər şeyə görə. Elə bu falçı gorbagorun... off... Elə bu falçı gorbagorun bu yazıq, bu bədbəxt kişiyə dediklərinə görə. O gündən içimə şübhə düşüb. Gecələr yata da bilmirəm. Bəlkə o murdar arvadın dediyi hər şey doğrudur?

(Çöldən Barışın səsi gəlir)

Barış. Aynur xala...

Aynur. Ay can...

(Barış gəlir)

Barış. Süleyman baba getdi meşəyə. Dedi, gec gəlsəm, narahat olmayın.

Aynur. (Həyəcanlı) Nə vaxt getdi?

Barış. Elə indi. Atam qoymurdu getməyə, dedi, məni gözləyən var.

Aynur (Kədərli). Onu qaytarmaq lazımdır.

(Çıxırlar. Aynur telefonu stolun üstündə unudur. Zəng gəlir. Telefon uzun-uzadı zəng çalır. İşıq sönür).

Qapı döyülür. Sonra açılır. Mustafa həyəcanla içəri girir. Saçı, üst-başı cırıq-cırıq, dağınıqdır. Ətrafı axtarır. Molbertə yaxınlaşır. Şəkildə nəhəng quşun ayaqlarıdır.

Mustafa. (Bağırır). Burda kimsə var?

(Sükut. Radioda xəbərlər başlayır).

Kimsə var? Var? Kimsə var burda? (Əsir, sonra ayaq üstə dayana bilmir, yıxılır). Hamınız o qocanı axtarmağa getmisiniz? Mən onu öldürdüm. Yoo-x, yox, yox. Mən öldürmədim. İki gündür çöllərdəyəm. Dəli kimi hər yeri dolaşıram. Mən onu ağaca bağladım.

(Radioda başlayan xəbərlərin səsi onun səsini üstələyir: Azərbaycanda dəhşətli hadisə baş verib. Tanınmış yazıçı Mustafa Əfəndi atası, professor Süleyman Əfəndiyevi meşədə ağaca bağlayıb. İki gün meşədə Şeytan təpəsi adlı yerdə qalan 85 yaşlı Süleyman Əfəndiyevi heyvanlar parçalayıb”.

Mustafa. O nəhəng quş gələndə meşəyə qaranlıq çökdü.

(Səhnənin dərinliyində nəhəng quş qanadları və onun qarşısında ağaca bağlanmış Süleyman görünür.) Yoo-xx. (Ayağa qalxır. Monoloq isterika içində deyilir) Onu heyvanlar parçalamadı. Onu axtardığı Tanrı quşu özü parçaladı. Hər gün göylərdə axtardığı Tanrı quşu. Gözümlə gördüm. Hə... gözümlə gördüm. Qoca necə sevinirdi onu görməyinə. (Süleyman ağaca bağlanmış kəndiri çətinliklə, çırpına-çırpına açır, xilas olur, quşa tərəf dartınır)

Süleyman. (Səhnənin dərinliyindən, uzaqdan gələn əks-səda kimi səslə) Tanrı quşum...

Radio: “Hazırda qatilin saxlanılması üçün təxirəsalınmaz tədbirlər görülür. Ehtimal olunur ki, o, kənd ərazisində gizlənir”.

...Mən gizlənməmişəm. Burdayam, burda. (Sükut). Bədbəxt adam, elə bilirdi, onu xilas etməyə gəlib. Haradan biləydi ki, bu murdar adamı təkcə mən yox, həsrətindən olduğu Tanrı quşu da cəzalandıracaq. O nəhəng quş onun üstünə necə şığıdı, ilahi. (Quş Süleymanı qanadları arasına alır) Həyatımda belə dəhşətli səhnə görməmişdim. Göz yumub-açınca hər tərəf qan içində idi. Quş onun ciyərlərini yeyirdi. Hələ gözlərini çıxarmağını... (Ağlayır). İnsanın əzabla ölməyini gözlərimlə gördüm. Etiraf edim ki, peşman oldum. Yazığım gəldi ona. Bu məni böyüdən, əziyyətimi çəkən insana yazığı gəlmək deyildi. Bu, insanın insana mərhəməti idi. (Qorxu və əlacsızlıq içində bağırır) Burda kimsə var? Kim var burda? (Sükut. Sinəsinə döyəcləyir) Mən həmişə yarımçıq olmuşam. Bir tərəfi şikəst adamlar kimi ömrüm boyu əzab çəkmişəm. Həyatdan zövq almaq mənə yad olub. Ömrü boyu könül rahatlığına həsrət qalan adam görmək istəyirsinizsə, mənə diqqətlə baxın. Baxın, baxın... Doğan Günəş, açılan sabah, qadın, içki heç vaxt məni xoşbəxt eləmədi. Sığındığım ədəbiyyatın da məsudluğunu dadmadım. İnsanı öldürməkdən çəkinməyə, sevməyə, yaşamağa çağıran ədəbiyyat məni xilas edə bilmədi. Çünki ruhum zədəli, ruhum yaralı olub. Bu yaranı, bu zədəni heç nə ilə ovundura bilmədim. Mən bədbəxtliyə meylli olmuşam. Bəlkə mənim də mahiyyətimdə şər var? Bəlkə biz ikimiz də şər olduğumuz üçün bir yerdə yaşaya bilməmişik? Hə, mən indi başa düşürəm ki, nə sənət, nə elm insanı xilas edə bilmir. Çünki ikisi də şeytana xidmət edir. İkisinin də mahiyyətində Tanrıya şəkk var. İnsan özü xilas olmaq istəmirsə, onu heç nə xilas edə bilməz. (Süleymanın iniltisi eşidilir.) Elmin yaratdığı şeytan o ciyərlərini quş dimdikləyən qoca əbləh, sənətin yaratdığı isə mən. İllərlə zəhmətimi çəkən adamın qanına batdım. İkimiz də bədbəxtik. Bu qoca ilə məni bir-birimizə rast gətirmək həyatın ən böyük ədalətsizliyi olub. Mən heç vaxt atamın-anamın kim olduğunu bilməmişəm. Ömrü boyu bu sual mənə əzab verib. İnsanın ruhu heç vaxt təmiz olmayıb, olmayacaq da. İnsan şərdir. Bəs şər haradan peyda olur? Əlbəttə, insandan.

(Süleymanın son iniltisi eşidilir. Quş qanadları açılır, Süleymanın cansız cəsədi yerə düşür. Uçub gedən quş qanadlarının səsi eşidilir. Bayırdan qışqırıq gəlir. Qapı açılır. Aynur görünür. Saçları dağınıq, üst-başı cırıq-cırıq. Aynur Mustafanı və Süleymanın ortalıqdakı meyitini görüb qışqırır. Mustafa diz çökür. Aynur Süleymanın cəsədini qucaqlayır. Pərdə bağlanır).

Son.

Avqust-dekabr, 2017/"Azərbaycan" jurnalı

# 2188 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #