Qəbir ziyalılar – Afaq Məsud yazır...

Qəbir ziyalılar – <span style="color:red;">Afaq Məsud yazır...
26 iyun 2018
# 11:33

Kulis.az tanınmış yazıçı Afaq Məsudun məşhur “Duyğular imperiyası" silsiləsindən növbəti hissəni təqdim edir.

ÖLÜM NÖVLƏRİ

Qəribədi ki, cavanlar qocalardan daha rahat və təmənnasız ölürlər.

KASIBLIQ TƏNTƏNƏSİ

Uzun, ağır xəstəlikdən sonra dünyasını dəyişmiş kasıb bir qadının yas mərasimində – rəngi getmiş köhnə palazın, bulanıq şüşəsinin o biri üzündən dörd-beş çatlaq fincan-nəlbəkidən və qədim neft lampasından savayı, ayrı bir şey görünməyən qədim bufetin, yarıqaranlıq otağı ortadan iki yerə ayıran solğun pərdənin, bir sözlə, köhnəlik və nimdaşlıq dərəcəsi ilə rəngini və əhəmiyyətini itirmiş bütün bu solğun əşya ilğımının içində insanlar bütün möhtəşəmliyi ilə görünürdü.

ASTAR BARƏDƏ

Dünən Fəvvarələr meydanının fransız ətirləri qarışığıyla Braziliya qəhvəsi qoxuyan mərkəzində – xarici musiqilərin fəvvarələrə qarışıb şahə qalxdığı azad cənnət gözəlliyinin içində xırda, tələsik addımlarla küçənin bir başından o biri tərəfinə qaçan küçə pişiyinin çirkli, zədəli üzü bütün bu mənzərinin qorxunc astar üzündən xəbər verirdi...

TİTRƏTMƏ

Bu dəfə bayram ziyarətinə getdiyim qəbiristanlıqda başdaşılara həkk olunmuş üzlərin hamısı mənə tanış gəldi... Sanki illər uzunu tanıdığım, haralardasa rastlaşdığım, dərdlərinə, ağrı-acılarına yaxından bələd olduğum çənəsi xallı, mehriban qadınlar, dünyadan küskün, əsəbi kişilər, həyat eşqi təbəssümlərində donmuş məsum qızlar, yorğun üzlü, peşman qarılar… Atama, anama, nənə-babama, uşaqlarıma, həyat yoldaşıma oxşayan mərhumlar…

Bircə öz üzümü tapa bilmədim bu üzlərin arasında.

BU DÜNYANIN SİRLƏRİNDƏN

Bir qoca tanıyırdım ki, ömrü uzunu ailəsinə, qohum-əqrəbasına zülm və haqsızlıqlar edə-edə, tamah və şəhvət bataqlığında üzə-üzə, uzun-uzadı, ağrı-acısız, ehtiyacsız, rahat bir ömür yaşadı. Öləndə isə o qədər incəlib gözəlləşdi ki, çönüb on altı yaşında məsum gəncə bənzədi və həmin o bakirə üzü ilə də bu dünyanı tərk etdi.

ANLAMAQ MEXANİZMİ

Bir çox insanların sadə sözlərlə yazılmış ən adi fikirləri dərk edə bilməməsinin səbəbini, yalnız bu yaxınlarda anladım.

Bu, sırf fizioloji prosesdir.

UĞURSUZ XİLAS YOLU

İztirab və sıxıntılar dolu, darıxdırıcı ömür yollarında Zamanın əksinə işləyən əlahiddə cığırları tapanlar bu dünyadan ayrı ölümlərlə köçürlər.

O yollardan ən uğursuzu – ədəbiyyatdır.

XİLAS

Bu yayın dəhşətli istilərində – beynimin bürküdən əridiyi, yeməklərin zəhərə dönüb qara axıntılarla qanıma işlədiyi, havasızlığın dörd bir tərəfi sıxıb daralda-daralda, dünyanı nəhəng, çıxılmaz tələyə çevirdiyi təhlükəli günlərin birində, necəsə qəfildən, bütün bu məşəqqəti yazıya köçürüb xilas ola biləcəyimi anladım.

İSTİ VƏ İLAHİYYAT

Bu yayın dözülməz bürkülərində bir də bunu anladım ki, isti ölkələrdə realist ədəbiyyatın yoxluğunun səbəbi – istinin insan beyninin ayıq nöqtələrini sıradan çıxarmasıdır.

Bunu da anladım ki, İlahiyyat, yalnız müəyyən temperaturdan sonra duyulmağa başlayır. Bu günəcən yazılmış dini kitabların məhz isti ölkələrə nazil edilməsini də bura əlavə etsək, daha möhtəşəm sirrin astanasına çatmış olarıq.

EDAM

Dünən gecədən xeyli keçənə qədər böyük qızım Leylayla bağ evinin mətbəxində oturub, həyatın çətin dönəmlərində yaşam uğrunda mübarizələrdə əzilib, sınıb, tanınmaz hala düşmüş, əqidəsiz, məsləksiz məxluqlara çevrilmiş tanış-bilişdən, qohum-əqrəbadan danışıb, kiminin halına acıdıq, kimini qınadıq.

Səhəri gün Leyla bütün gecəni yuxuda, başlarının kəsilməsi üçün edam kötüyünə növbəyə duran insan kütləsi gördüyünü dedi.

XƏBƏRDARLIQ

Bu qışın anomal şaxtalı, qarlı-boranlı gecələrinin biri qaranlıq, sakit yataq otağımın pəncərəsini titrədən güclü küləyin sirli vıyıltısını dinlədikcə, bir vaxtlar Quranın, insanın qəbir əzablarını yüngülləşdirəcək “Təkasür” surəsində oxuduğum təlatümlü – “Qarşıda sizləri böyük hadisələr gözləyir…” ayəsini xatırlayırdım...

KÜTLƏ MƏHƏBBƏTİ

Kütlə məhəbbəti – dibi qaranlıq, sümürücü burulğanlar, sərt qayalar dolu, ilıq dənizin məhrəm ağuşunu andırır.

TƏRAVƏT TƏNTƏNƏSİ

Ən mötəbər, təntənəli yığıncaqlarda – üzləri məsul ciddilik saçan tarım qonaqların xüsusi etiketlə bəzədilmiş süfrələrin ətrafıyla gəzindiyi, çevik xidmətçilərin xüsusi ehtiram və həssaslıqla qulluqda durduğu rəsmi ziyafətlərdə, bütün bu gərgin rəsmiliyin, təmtəraqlı təntənənin içində daha ali və mötəbər təntənənin qoxusu duyulur.

Bu, qəlyanaltıların böyür-başına doğranan təzə xiyarın qoxusudur…

CASUSUN ETİRAFI

Ətrafımda baş verənləri, yaxud baş vermədən, hələ həyata keçmək üzrə olanları, insanları, heyvanları, təbiəti, iqlimi, bir sözlə, gözümə sataşan və sataşmayan hər bir şeyi, gizli tapşırıq almıştək dayanmadan, məsuliyyət dolu gərgin sayıqlıqla müşahidə etməyimlə özümü bu dünyaya, hansısa ayrı dünyalardan atılmış casus hiss edirəm.

YUXUYA GETMƏYİN SİRLƏRİNDƏN

Yuxuya getməyin bir sirli məqamı da – yorğanın altına girib təkbətək qaldığın qaranlıq sakitliyin içində yuxuya gedəcəyin anı, qurbanlıq qoyun başının kəsiləcəyini gözləyəntək gözləməkdi.

AHILLIQ NÖVLƏRİNDƏN

Qocalmağın bir növü də var ki, çallaşıb ağarmış saç saqqalın, illərlə qazanılmış həyat təcrübəsindən, ya yaş həddindən yox, uzun müddət günün altında qalmaqdan ağardığından şübhələnirsən.

SÖZLƏR BARƏDƏ

Son bir neçə ayı qələmimin ucuna saç qırığıtək ilişib yazıdan-yazıya köçən bir neçə söz var ki, heç cür onlardan yaxa qurtara bilmirəm: “qorxulu”, “naməlum”, “sirli”... Görünür, sözlər də insanlar kimi, iki-bir, üç-bir sənə yaxınlaşır, ətrafında dolaşıb həyatına daxil olur, sonradan sezilmədən aralanıb uzaqlaşır, o birilərə qarışıb, hardasa, uzaqlarda yaşamağa davam edirlər...

QƏBİR ZİYALILAR

Vaxtı ilə əsərlərini sevə-sevə oxuduğumuz, ibrətamiz fikirlərini, hikmətli sözlərini yaddaşımıza həkk etdiyimiz, illər ötdükcə, hadisələrin axarıyla qorxunc kimyəvi reaksiyalara uğramıştək rəngini, xislətini dəyişib tanınmaz hala düşmüş bir qisim yazıçılarımıza göstərdiyimiz səbir və dözüm dolu ehtiramımız mənə, bayram günləri ziyarətinə getdiyimiz mərhumlarımızın qəbirləri önündə dayanıb, onlarla bağlı keçmiş xatirələrə dalaraq, ehtiramla susmağımızı xatırladır.

SƏLİM SARIYEVİN HƏYATI

Neçə vaxtdan bəridir ki, bütün həyatını şəhərin mərkəzində, geniş sahəli, təmirli mənzilə sahib olmaq arzusuyla yaşayan, bu yolda illərlə özünü, ailəsini çox şeydən məhrum edib, acıqlı kahin ömrü sürən – soyuq qış ayları, qənaət məqsədi ilə qızdırılmayan yataq otağında yatmaqdan ailəliklə ağ ciyər iltihabı qazanan, vitaminsiz yeməklərdən ailəliklə saralıb solan, istirahət axşamlarını ucuz və maraqlı «tamaşalarda» – çilçırağın gur işığı altında arvadına babasından miras qalmış qədim zinətlərin böyüdücü əl lupası ilə tamaşasında keçirən, pirojnanı, əncir mürəbbəli yaxmayla, çimərliyi, suyu duzladılmış vannayla əvəz edən və bütün bu zülmün və qənaətin nəticəsi olaraq, şəhərin mərkəzi küçələrindən birində çoxotaqlı, təmirli mənzil almağa nail olan, ora köçəndən sonra isə, necəsə, həyatının gizli mənasını itirib, kökəlib əndazədən çıxan və gecələrin biri, həmin bu yeni, təmirli mənzilinin bahalı döşəməsinə üzü üstə yıxılıb canını tapşıran Səlim Sarıyev haqqında yazmaq istədiyim hekayə, ortaya düşən daha vacib və əhəmiyyətli işlərin arasında, maşın yolunu heç cür keçə bilməyən piyadatək kənarda qalır.

SEVİMLİ “Ə”

Bir axşam köhnə əlyazmalarımı – bir vaxtlar yazıb-qaraladığım, sözlərin, cümlələrin böyür-başını cızıqlayıb əcaib işarələr və oxlarla doldurduğum bir topa saralmış vərəqi gözdən keçirərkən, gözüm sətirlərin bitdiyi, hərflərin, nöqtə-vergüllərin keçə bilmədiyi haşiyənin kənarında, sanki kağızla masa arasında qalan incə sərhəddə çəlimsiz vücuduyla, yağışdan islanmıştək büzüşüb qalan balaca “ə” hərfinə sataşdı...

Vərəqi əlimə alıb, nə vaxtsa, necəsə özümdən xəbərsiz, əlimin, ya qələmin hökmüylə cızdığım bu incə hərfi diqqətlə gözdən keçirdim və… tükənməz səbir payından bədirlənmiş əzablı yazıçı ömrünü qurama ədəbiyyat tozanağından kənarda, öz sakit, kasıb ədəbiyyat ərazisində yaşamağa davam edən istedadlı qələm dostlarımızı xatırlamağa başladım…

# 2853 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #