Gətir sevgindən öpüm... – YENİ ŞEİRLƏR

Gətir sevgindən öpüm... – <span style="color:red;">YENİ ŞEİRLƏR
2 mart 2017
# 18:00

Kulis.Az gənc şair Turan Kəpənək Bağdadovanın yeni şeirlərini təqdim edir.

***

Böyük bir dənizdə üzən məktub kimiyəm...

***

Ən gözəl həyat sənsən.
Qəlbini işə qarışdır.
Ən gözəl möcüzə sənsən.
Gözlərini köməyə çağır.
Nurlanan qəlbin nuru damarlarınla bədəninə yayacaq.
Ruhun işıqlanacaq.
Kainat səni hədiyyəsi kimi yenidən qəlbinə qəbul edəcək...

***

Gətir sevgindən öpüm...

***

Qadın bu dünyanın tanrının özündən ən çox hədiyyə verdiyi sakinidir.
Qadın digər canlılardan fərqlənir.
Bu fərqi yaradan sevgidir.
Onu isti, yaradıcı, rahatlıq gətirən, fədakar, qarşılıq gözləməyən, yumşaq, həlim, zərif, dərin, gözəl edən sevgidir.
Sevgiylə halələnmiş istənilən canlı dirilik suyuna bulaşmışdır.
Qadının rəngi, ətri, rayihəsi sevgidəndir.
Qadın Onun bu dünyaya göndərdiyi məktubdur, içində ən gözəl xəzinə - sevgi gizlədilmiş.
Bəlkə də dünya boşluqda itməsin deyə...
Qadın sevməyə səni tapacaq.
Sən olmasan sevgiylə bu dünyaya qonaq çağırdığı övladını sevəcək.
Övlad yoxdursa, bu dünyanı sevəcək.
Sevəcək, o, sevgiylə yoğrulub.
Ən azı tanrını sevəcək.
Onun tanrıdan hədiyyəsi var.
O, həyata səndən 1 qələbə öndə başlayır.
Sevgi rəngdir.
Həyatın rəngli tərəfidir qadın.
O, sevgisini ürəyində və əllərində o biri sahilə də aparacaq.
Yaranan, görünən və görünməyən hər şey tanrının sifətləridir.

Qadın tanrının ən isti sifətidir.
Qadın yaradılışa kömək edən varlıqdır.
O , sevgiyə sevgiylə xidmət edir.
O, yolda əlindən tutacaq.
Əllərin çirkli olsa da.
O, ürəyini sənin üçün işıq edəcək.
Sən kor olsan da.
O, sevgisini verdikcə, sevgisi çoxalacaq.
Çünki sevginin məbədidir qadın.
Sevgi məhv olmağa qoymur.

***

Qəlbinin ləzzətli rayihəsi qaranlığı yarır...

***

Xoşbəxtlik səhər oyanıb bütün kainata sevgi dolu salam göndərib, eyni sevgi cavabını alıb xoşbəxt bir sükutda ona qarışmaqdır...

***

Bu qədər məktub olar?!
Bir beyin dolusu məktubum var.
Ürəyimin cibləri məktub dolu.
Yuxularımdan məktub yağır.
Kirpiklərimdən məktub tökülür.
Bu qədər pay olar?!
Bir helikopter lazım mənə, kainata paylamam üçün...

***

Kainat böyük rəngli xalça kimi toxunur.
Kimsə oturub toxunuşlarda oynayır sanki.
Sonra qaldırıb baxır və gülümsəyir.
Aralarından sevgi süzülən rəsmdə özünü görür...

***

Əsrlərdir küsdüyümlə elə bir barışdım ki, cəhənnəmlərim cənnət oldu...

***

Qaranlıq yuxularda gözlərin ulduzlu-ulduzlu...

***

Yanında bol-bol susmaq olursa, əsl dostlasan deməkdir.

***

Musiqi ətri gəlir qəlbindən...

***

Bir yol yumağı daha vermə, ömür toxumağa...

***

Ürəyim tutqun.
Bir nağıl başlayacaq...
Qəlbində kədərin islanar.
Ruhum yaşlı, ömrünə sığmaz.
Ömrün qəfəsim olar.
Beşiyə qaytarma məni, qatarımı gözləyirəm.
Yollar tanıyır izlərimi, yorma yolları...

***

Kəpənək qurşağı ruhum...

***

Dünyada hərəkət edən nə varsa, sevgidəndir.
Sevgi-hərəkətdir.
Sevgi oynadır dünyanı yerindən.
Sevgi döndürür göydə olanları.
Sevgi varolma səbəbidir.
Olmamaq olmayacaq heç vaxt.
Sevgi susmayacaq.
Əbədiliyə məhkumuq.
Sevgiyə məhkumuq.
Xoşbəxtliyə məhkumuq.
Sabahlara məhkumuq.
Sevgisiz dayanıb çürüyərdi həyat.
Həyatın kod adı sevgidir.
Həyat böyük bir sevgi sükutunun ortasında cücərib baş qaldırır.
O özü yağır olduğu yerdən sevgi kimi.
Bitmir.
Yuxu kimi.
Xoşbəxtdir.
Bu sevginin xoşbəxtliyidir üstümüzə yağan.
Bu yuxunu anlayan xoşbəxtdir.
Elə Oyanan da.

***

Səni itirmərəm...
Dünya da qəlbimdən qopub getsə, itirmərəm.
Hədiyyəm elə gözəldir ki, bütün kainatı xoşbəxt edə bilərəm...
Elə bir sevgiyə bulaşmışam ki, ölüm belə silə bilməz.
Ətrini yuxularımda belə hiss edirəm.
Məktublarını əllərinin izindən tanıyıram.
Bu qəlb başqa yerə baxarmı?
Bu qəlbi dünyanın başı üstə şam kimi ehsan edəcəm, düşən kölgələrdə səni görsün deyə.
Qəlbim yandıqca həzin, titrək işığından yayılan ətrin dünyanın ruhunda əbədi qalacaq...

***

Ağacın bircə yarpağının rəqsindən belə həyat süzülür.
Hər gün Günəşdən eşitdikləri sevgi etiraflarıdır onları rəqs etdirən.
Hələ də həyatı axtarırsan?

***

Sənin ürəyindən yaranmışam mən.

***

Ulu bir kimsəsizlik içində bir dost hiss edirəm...

# 1355 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #