Yazmağa hazırlaşdığım bu dəhşətli əhvalata inanacağınızı düşünmürəm, heç sizi buna inandırmaq iddiasında da deyiləm. Duyğularımın özü-özünü inkar etdiyi bir halda bunu başqalarından gözləməyim dəlilik olardı. Amma mən dəli deyiləm, heç yuxu da görmürəm. Lakin bir sabah öləcəyimi düşünəndə bu gün ruhumu bu ağır yükdən xilas etmək istəyirəm. Məqsədim adi məişət hadisələrini yığcam şəkildə, şərhsiz ortaya qoymaqdır. O hadisələr ki, öz nəticələri ilə məni dəhşətə gətirdi, əzab verdi və məhv etdi. Nə isə...onları izah etməyə çalışmayacağam. Bu hadisələr mənə dəhşətdən başqa bir şey vermədi, halbuki bəlkə başqalarına o qədər dəhşətli görünməyə də bilərdi. Bəlkə kiminsə dərrakəsi mənim təxəyyülümü bayağı bir nağıl hesab edəcək. Bəziləri isə həyəcansız və soyuqqanlı qarşılayacaq. Düşünəcək ki, nəql edəcəyim bu hekayət əslində bir-birlərini təbii şəkildə izləyən hadisələr zəncirindən başqa bir şey deyil.
Uşaqlığımdan təbiətimdə bir dinclik, üzüyolalıq vardı. Həssaslığım məni dostlarımın gülüş hədəfinə çevirmişdi. Heyvanları çox sevdiyimdən valideynlərim mənə müxtəlif heyvanlar alar və məni bu yolla əzizləməyə çalışardılar. Mən də vaxtımın çoxunu bu heyvanlarla keçirər, onları yemlərkən, əzizlərkən duyduğum həzzi heç bir şeydən almazdım. Böyüdükcə bu xüsusiyyətim də mənimlə böyüyürdü və artıq yetkin insan olduğum bir vaxtda əsas zövq mənbəyim də elə bu xüsusiyyətimdən qaynaqlanırdı. İnsana hədsiz sədaqətli olan köpəkləri sevənlərə bu hissi izah etməyim çox çətin olardı. Axı vəhşi heyvanın eqoizmdən tamamilə uzaq, təmənnasız sevgisi ilə, insanoğlunun heç də möhkəm dayaqlara söykənməyən dostluğu arasında böyük fərq var.
Mən erkən ailə həyatı qurmuşdum və həyat yoldaşımla oxşar meyllərimiz olduğu üçün çox xoşbəxt idim. Ev heyvanlarına olan marağımı müşahidə edən həyat yoldaşım onların ən xoşa gələn növlərini almaqdan ötrü heç bir fürsəti əldən verməzdi. Bizim quşlarımız, qızıl balığımız, qəşəng bir itimiz, dovşanımız, kiçik meymunumuz və pişiyimiz vardı.
Sonuncu qapqara, xeyli böyük, gözəl və heyrətamiz dərəcədə hissiyyatlı bir heyvan idi. Pişiyin həssaslığı məsələsi ortaya gəlincə, zərrə qədər də olsun xurafata inanmayan arvadım bütün qara pişiklərin əslində pişik cildinə girmiş cadugər olması barədə inanca eyham vurardı. Demirəm ki, o bu mövzuda ciddi idi, sadəcə birdən yadıma düşdü. Pluton (pişiyimin adı belə idi) evdə mənim sevimlim və oyun oynarkən yoldaşım idi. Mən onu təkbaşına yemləyirdim və evin hansı küncünə getsəm o mənimlə idi. Bəzən küçədə belə məni izləməsi dözülməz olurdu.
Bu minvalla bizim dostluğumuz davam edirdi. Lakin əyyaşlığa düşkünlüyüm (etiraf etməyə belə xəcalət çəkirəm) nəticəsində mənim xasiyyətim kəskin dəyişdi. Günü-gündən daha hüznlü, dalğın, əsəbi və başqalarının duyğularına qarşı laqeyd olmağa başladım. Arvadımla da əyyaşcasına danışıb, kobudluq edir və bundan əzab çəkirdim. Hətta bir gün mən ona əl də qaldırdım. Əlbəttə ki, heyvanlarım təbiətimdəki dəyişikliyi hiss etməmiş deyildilər. Nəinki onlara baxmırdım, hətta onları istismar edirdim. Plutona gəldikdə isə, mən ona olan rəğbətimi hələ də saxlamışdım ki, bu da məni ona qarşı pis davranmaqdan çəkindirirdi. Halbuki mən tərəddüd etmədən, təsadüfən, ya da istədikləri üçün qarşıma çıxan meymuna, dovşanlara, hətta köpəyə qarşı kobudluq etməkdən çəkinmirdim. Lakin alkoqola düşkünlüyümün xarakterimdə buraxdığı acı nəticələr artıq yaşlanmaqda olan Plutondan da yan keçmədi.
Bir gecə sərxoş vəziyyətdə evə qayıtdığım zaman mənə elə gəldi ki, pişik məndən yayınmağa çalışır. Heyvanı qamarladım və o mənim zorakı davranışımdan qorxub dişləri ilə əlimdə kiçik bir yara açdı. Birdən-birə iblisanə bir hiss bütün ruhuma hakim kəsildi. Daha özümdə deyildim. Bir anlıq ruhum sanki bədənimi tərk etdi. Bədənimin hər bir teli şeytani duyğularla dolub titrəyirdi. Jiletimin cibindən bıçağımı çıxardım və zavallı heyvanın boğazından yapışıb gözünün birini oydum! Xəcalət çəkirəm, od tutub yanıram, ürpərirəm bu qəddarlığımı qələmə aldıqca!
Səhər ağlım başıma gələndə dünən gecəki mənəviyyatsızlığımdan və törətdiyim cinayət üzündən qarmaqarışıq və qorxunc hisslər keçirirdim. Lakin bu zəif və qarışıq bir duyğu idi. Mən yenidən içkiyə üz tutdum və çox keçmədi ki, etdiyim hərəkətin xatirələriylə birgə yenidən şəraba qərq oldum.
Bu arada pişik tədricən sağalmışdı. Doğrudur çıxarılmış gözün yeri vahiməli bir görüntü yaradırdı, lakin onun daha ağrıdan əziyyət çəkmədiyi hiss olunurdu. O, yenə əvvəlki kimi evi dolaşırdı, lakin mənim yaxınlaşdığımı hiss edəndə vahimələnib uzaqlaşırdı.
Hər şeydən əvvəl, bir zamanlar məni çox sevən bu məxluq tərəfindən indi aşkar nifrətə məruz qalmağımın dərdini çəkirdim. Lakin bu hiss də tədricən ikrah hissiylə əvəz olundu. Nəhayət, mən tamamilə yolumu azdım. Elə bir vəziyyət, elə bir azğınlıq ki, fəlsəfə belə bunu çözməyə qadir deyil. Mənəvi azğınlıq insan ruhunun ən primitiv impulslarından, ən ibtidai duyğularından biridir və insan təbiətinə istiqamət verir. Kim bilə-bilə heç bir səbəb olmadan dəfələrlə çirkin və ağlasığmaz hərəkətlər etmir ki? Məgər bizim hər birimiz içimizdə Qanun hesab olunanı pozmağa daimi bir meyl hiss etmirikmi? Bəli, dediyim odur ki, bu azğınlıq hissi mənim məhvimə gətirib çıxardı. Ruhumun bu dərkedilməz yanğısı öz-özünə əzab vermək, şərin yolunda şər əməl törətmək kimi bir şey idi və bu duyğu məni günahsız məxluqa qarşı vəhşilik etməyə sövq edirdi. Və bir səhər, soyuqqanlılıqla heyvanın boğazına ipi keçirib onu ağacdan asdım. Gözlərimdə yaşlar, ürəyimdə acı peşmanlıq hissi ilə asdım. Bilə-bilə ki, bu zavallı məni sevirdi, bilə-bilə ki, mənə incidilmək üçün heç bir səbəb verməmişdi, bilə-bilə ki, dəhşətli bir günah törədirəm...Bilə-bilə ki, bu günah mənim ölməz ruhumu öldürəcək və bundan sonra onu diriltməyə hətta Ən Mərhəmətli olan Allahın sonsuz mərhəmətinin də gücü çatmayacaq.
O dəhşətli əməli törətdiyim gecə yanğın həyəcanına yuxudan ayıldım. Çarpayımın pərdələrini alov almışdı. Bütün ev alov içində idi. Böyük çətinliklə də olsa arvadım və xidmətçimlə birgə yanğından xilas ola bildik. Lakin hər şey məhv olmuşdu. Mənim bütün varidatım yerlə yeksan olduğundan ümidsizliyə qapıldım.
Bu hadisədə səbəb və nəticə arasında əlaqə axtaracaq qədər zəif bir adam deyiləm. Mən sadəcə olaraq baş vermiş hadisələri ardıcıllıqla nəql etməyə çalışıram. Yanğından sonra xarabalıqlara baxmağa getdim. Bircə divardan başqa bütün divarlar uçmuşdu. Toxunulmaz qalmış bu divar o qədər də qalın deyildi, hardasa evin ortasında bir yer tuturdu və mənim çarpayımın baş hissəsinə dayanırdı. Divara yenicə suvaq vurulmuşdu və bu da onun yanğına müqavimətini təmin edirdi. Xeyli adam bura toplaşmışdı, böyük diqqətlə divarın davamlılığını yoxlamağa çalışırdılar. Onların “Qəribədir!”, “Möcüzədir!” kimi həyəcanlı ifadələri marağıma səbəb oldu. Yaxınlaşıb baxdım. Sanki ağ səth üzərində nəhəng bir pişik barelyefi həkk etmişdilər. Təəssürat, həqiqətən də, ağlasığmaz idi. Heyvanın boynunda isə ip vardı.
Bu kabusu ilk görəndə (bəli, kabus deyirəm, çünki başqa ad verə bilmirəm buna) təəccüb və dəhşətdən donub qalmışdım. Nəhayət, kabus fiqur özü köməyimə gəldi. Onu düz evin yanında- bağçada asdığımı xatırladım. Yanğın həyəcanından bağça adamla dolmuşdu, böyük ehtimalla kimsə ağacın budağını kəsmiş və heyvanı mənim otağımın açıq pəncərəsindən içəriyə tullamışdı. Bu məni yuxudan oyatmaq üçün edilmişdi. Uçmaqda olan divarlar mənim qəddarlığımın qurbanını təzə vurulmuş suvağa pərçimləmiş və nəhayət, alov və cəsəddən ayrılan ammonyak indi qarşımda duran bu portreti yaratmışdı.
Bu tükürpədici hadisə fikrimdə dərin bir iz buraxmışdı. Aylarla pişiyin xəyalı məni rahat buraxmadı, içimdə kədərqarışıq bir duyğu vardı, lakin bu peşmanlıq hissi də deyildi. Tədricən pişiyin yoxluğunu hiss etməyə başladım. Tez-tez gəlib getdiyim meyxanalarda onu əvəz edəcək eyni rəngli, ona bənzər bir pişik axtarmağa başladım.
Bir gecə yarımsərxoş vəziyyətdə çirkin bir meyxanada oturarkən otaqda yeganə əşya sayılan böyük rom çəlləyinin üstündə oturmuş qara bir cisim diqqətimi cəlb etdi. Təəccüblüsü o idi ki, bayaqdan bəri çəlləyin yuxarısına baxdığım halda bu cisim gözümə dəyməmişdi. Çəlləyə yaxınlaşdım və əlimlə cismə toxundum. Bu, Pluton qədər iri, eynilə ona bənzəyən qara bir pişik idi. Yalnız bir cəhəti istisnaydı. Plutonun üzərində bircə dənə də olsun ağ tük tapmazdın, amma bu pişiyinsə sinəsi dümağ olmasa da, ağtəhər tüklərlə örtülmüşdü.
Heyvana toxunanda dərhal yerindən qalxdı, mırıldandı, bədənini əlimə sürtdü və sanki təmasdan məmnun göründü. O məhz mənim axtardığım canlıydı. Meyxana sahibinə dərhal heyvanı mənə satmasını təklif etdim. Lakin o pişiyin sahibi olmadığını və onu ilk dəfə gördüyünü dedi.
Heyvanı sığallamağa davam etdim. Evə getməyə hazırlaşanda, pişiyin məni müşayiət etmək istədiyini sezdim. Ona məni izləməyə imkan verdim, hərdənbir ayaq saxlayıb tumarlayırdım da. Heyvan evə dərhal alışdı və bir anda arvadımın sevimlisinə çevrildi.
Mənə gəlincə isə, bir müddətdən sonra içimdə pişiyə qarşı bir ikrah hissi oyandı. Hər şey gözlədiyimin tam əksinə olmuşdu. Səbəbi özümə də aydın deyildi, pişik mənim zəhləmi tökürdü, məni iyrəndirirdi. Tədricən bu zəhlətökənlik və ikrah hissi kəskin nifrət hissi ilə əvəz olundu. Lakin əvvəlki qəddarlığımla bağlı acı xatirələr və duyduğum xəcalət hissi məni pişiyə qarşı pis davranmaqdan çəkindirirdi. Bir müddət heyvana əl qaldırmadım, heç bir kobudluq da etmədim. Amma tədricən içimdə ona qarşı böyük bir kin duyğusu yarandı və harda görürdümsə vəbadan qaçırmış kimi pişikdən yayınmağa başladım.
Pişiyə nifrətimin səbəbi də bu idi ki, onu evə gətirdiyim günün səhəri eynilə Pluton kimi bir gözünün olmadığını sezmişdim. Arvadımın pişiyi əzizləməsinə səbəb də bu idi, o, heyvana qarşı daha çox qayğıkeş olmuşdu, mənim əvvəllər olduğum kimi...
Pişiyə olan ikrahım artdıqca, heyvanın mənə olan meyli artırdı. Evdə hər zaman məni izləyirdi. Oturduğum stulun yanında çömbəlir, ya da qucağıma atılaraq məni görmək istəmədiyim sığallarına qərq edirdi. Ayağa qalxıb getmək istəyəndə ayaqlarımın arasında fırlanır, ya da caynaqlarını mənə batıraraq qucağıma atılmağa çalışırdı. Belə anlarda pişiyi bir zərbəylə məhv etmək istəyirdim, amma məni saxlayan əvvəlki hərəkətlərimin acı xatirəsi və bir də...etiraf edim ki, heyvana qarşı duyduğum vahimə idi. Bu vahimə fiziki bir qüvvəyə qarşı duyulan hissdən fərqlidir, sadəcə ifadə etməyə söz tapa bilmirəm. Mən sanki pişiyə məhkum olmuşdum və onun məndə yaratdığı bu dəhşət ağla gələ biləcək ən axmaq bir kabus idi. Arvadım bir neçə dəfə diqqətimi pişiyin ağ tüklərinə yönəltmişdi. O ağ tüklər ki, məhv elədiyim heyvanla bu pişik arasındakı yeganə fərq idi. Bu tüklər xatırlayırsınızsa onu ilk dəfə gördüyümdə o qədər də nəzərəçarpan deyildi, amma yavaş-yavaş bu tüklər gözümdə müəyyən bir şəkil almağa başladı. Bu şəkil artıq adını belə çəkməkdən qorxduğum bir qarabasmanın adıydı sanki, müdhiş bir kabusun özüydü, Ölüm iztirabı və Əcəli xatırladan DAR AĞACI kimi bir dəhşət idi.
Mən indi insanlıq duyğusundan məhrum rəzil bir varlığa çevrilmişdim. Və indi qardaşını vəhşicəsinə məhv etdiyim bu məxluq mənim üçün dözülməz bir vahiməyə çevrilmişdi. Gecə bilmirdim, gündüz bilmirdim, bütün rahatlığım yoxa çıxmışdı. Bu müdhiş varlıq məni bir dəqiqə də olsun rahat buraxmırdı, gecələr yuxuda da bu kabusun nəfəsini üzümdə hiss edir, onun ağırlığı altında əzilirdim.
Bir-birini əvəzləyən bu qarabasmaların təsiri altında ruhumdakı xeyirxahlıq duyğularının son işartıları da sönməyə başladı. Şər duyğular ruhumun yeganə həmdəminə çevrildi. Təbiətimdəki hüzn bütün insanlığa qarşı kin-küdurətlə əvəz olunmuşdu. Özümü kor-koranə ixtiyarına buraxdığım bir böhranın əsiriydim, bundan ən çox əziyyət çəkən isə heç vaxt şikayətlənməyən zavallı arvadım idi.
Bir gün evdə iş görərkən arvadımla birlikdə yoxsulluğumuz səbəbindən seçdiyimiz köhnə evin zirzəmisinə endik. Bu zaman pişik məni izləyir, ayaqlarıma dolaşaraq az qala üzüqoylu yıxılmağıma şərait yaradır və bununla da məni hövsələdən çıxarırdı. Qəzəbdən özümü unudaraq əlimə keçən baltanı heyvana vurmaq üçün qaldırdım və qaldırdığım kimi endirə bilsəydim nəticə fəlakətli olacaqdı. Lakin arvadım buna mane oldu. Bu müdaxilədən qəzəblənərək qolumu geri çəkdim və baltanı arvadımın başına vurdum. İniltisiz, səssiz səmirsiz yıxıldı və keçindi.
Bu murdar cinayəti işlədikdən sonra heç bir vicdan əzabı çəkmədən cəsədi gizlətmək haqqında düşünməyə başladım. Bircə onu bilirdim ki, qonşuların gözündən yayınmaqla, nə gündüz, nə də gecə, cəsədi evdən çıxarmaq mümkün olmayacaqdı. Ağlıma müxtəlif üsullar gəlirdi. Əvvəl cəsədi xırda-xırda doğrayıb yandırmaq haqqında düşündüm. Sonra zirzəminin döşəməsində qəbir qazıb cəsədi orada basdırmaq fikri ağlıma gəldi. Daha sonra ölünü həyətdəki quyuya atmaq, ya da guya bir əşya kimi qutuya qoyub yükdaşıyan çağırıb daşıtdırmağı da düşündüm. Nəhayət, bütün düşündüklərim içərisində etibarlılığına əmin olduğum bir üsul tapdım. Orta əsrlərdə keşişlərin öz qurbanları ilə etdikləri kimi cəsədi divara hörməyi qərara aldım.
Həqiqətən də, bunun üçün zirzəmi çox uyğun yer idi. Zirzəminin divarları yaxşı inşa olunmamışdı və sonradan möhkəm suvanmışdı. Rütubətdən suvaq yaxşı bərkiməmişdi. Bundan başqa, divarlardan birində əvvəllər baca kimi istifadə edilmiş bir çıxıntı vardı. Bu çıxıntı sonradan doldurulmuşdu və zirzəminin divarlarından fərqlənmirdi. Bir daha əmin oldum ki, çıxıntıdakı kərpicləri yerlərindən çıxardaraq cəsədi o boşluğa yerləşdirər, sonra divarı yenidən əvvəlki kimi hörə bilərdim və bununla da heç kəs heç nədən şübhələnməzdi.
Zənnimdə yanılmamışdım. Linglə kərpicləri asanlıqla söküb cəsədi divarın iç hissəsinə yerləşdirdim və çətinlik çəkmədən divarı əvvəl olduğu kimi hördüm. Əhəng, qum və fırça tapıb son dərəcə ehtiyatla köhnədən fərqlənməyən suvaq hazırlayıb onunla yeni kərpiclərin üstünü suvamışdım. İşimi qurtaranda hər şeyin qaydasında olmasına sevindim. İndi divara əl vurulması zərrə qədər də olsun hiss olunmurdu. Yerə tökülmüş qırıntıları ehtiyatla yığdım. Üzümdə qalib ifadə ilə ətrafıma göz gəzdirdim və öz-özümə dedim: “Axır ki, əməyim boşa getmədi”.
Növbəti addım hər şeyə bais olan o heyvanı axtarıb tapmaq və onu öldürmək idi. Əgər o, həmin dəqiqədə əlimə keçsəydi onu məhv edəcəyimə heç bir şübhə ola bilməzdi. Amma bu çoxbilmiş heyvan sanki mənim qəzəbimdən nələrin baş verə biləcəyini qabaqcadan anlamış və gözümdən yayınmışdı. Bu mənfur heyvanın yoxa çıxmasının məndə yaratdığı rahatlıq hissini sözlə ifadə etmək mümkün deyildi. Pişik o gecə gözə dəymədi və onun bu evə gəldiyi gündən bəri, ilk dəfə olaraq bir gecəliyə də olsa cinayətin ağır yükünün üzərimdə olmasına belə baxmayaraq rahat yata bildim.
İkinci və üçüncü gecə də gəlib keçdi və mənim iztirablarımın səbəbkarı hələ də görünmürdü. Rahat nəfəs aldım. Bəlkə də bu mənfur kabus qorxmuş və evdən qaçmışdı! Daha onun barəsində düşünmürdüm. Çox xoşbəxt idim! Törətdiyim cinayət də məni daha narahat etmirdi. İstintaq aparılmış, veriləcək cavablar verilmişdi. Üstəlik evdə axtarış da aparılmış, amma əlbəttə ki, şübhəli heç nə aşkar edilməmişdi. Gələcək mənə bir bəxtiyarlıq vəd edirdi sanki.
Dörd gün sonra qəflətən polislər yenə gəlib evdə ciddi axtarış aparmağa davam etdilər. Cəsədi gizlətdiyim yerin etibarlılığından əmin olduğum üçün qətiyyən narahat deyildim. Polislər axtarışda mənim də iştirak etməyimi təklif etdilər. Axtarmadıqları künc-bucaq qalmadı. Nəhayət, üçüncü, bəlkə də, dördüncü dəfə yenidən zirzəmiyə endilər. Tüküm də tərpənmədi. Ürəyim buz kimiydi, sanki günahsız, vicdanı rahat biriydim. Zirzəminin bu başından o başınadək gəzdim. Qollarımı sinəmdə çarpazlayıb gəzinirdim. Polislər bir şey tapılmayacağından əmin olub getməyə hazırlaşırdılar. İçimdəki sevinc hissi o qədər güclüydü ki, ovqatımın pozulmasına indi heç nə mane ola bilməzdi. Üzümdə qalib bir ifadə bircə söz də olsa demək, onları günahsızlığıma ikiqat inandırmaq istəyirdim.
“Cənablar”, nəhayət, dilləndim, polislər pilləkənləri artıq enməyə başlamışdılar. “Sizi şübhələrdən xilas etdiyim üçün çox sevinirəm. Sizlərə cansağlığı arzu edirəm və bir az daha iltifatlı olmanızı diləyirəm. Sağlıqla qalın, cənablar, bu evin bünövrəsi çox möhkəmdir. (Nəsə demək xətrinə danışdığımdan, nə danışdığımı özüm də bilmirdim) Bəli, cənablar, bu ev çox möhkəm inşa edilib. Bu divarlar...Nə oldu, gedirsinizmi, cənablar??? Bax, bu divarlar çox möhkəmdir.” Bunu deyib əlimdəki qamış çubuğu ilə arvadımın cəsədi olan hissəyə bərkdən vurdum.
Allah özü məni şeytanın fitnəsindən qorusun. Zərbə divara dəyər-dəyməz divardan əvvəlcə qırıq-qırıq hıçqırıqlar, sonra körpə səsinə bənzəyən hönkürtülər gəlməyə başladı, tədricən körpə hönkürtüsü qeyri-insani səslərə, yarı dəhşət, yarı zəfər ifadə edən ulartıya çevrildi. Elə bil cəhənnəmdə lənətlənmiş ruhlar ağız-ağıza verib ulaşırdılar.
O an ağlıma gələnlərdən heç danışmağa dəyməz. Bayğınlıq həddindəydim, qarşımdakı divara doğru səndələdim. Polislər qorxudan pilləkəndə donub qalmışdılar. Sonra vaxt itirmədən altı cüt yoğun bilək divarla əlləşməyə başladı. Divar tamam söküldü. Cəsəd artıq çürümüş, qanı üzərində bərkimiş formada dimdik dururdu. Cəsədin başı üstündə isə yeganə gözündə alov parıldayan mənfur heyvan oturmuşdu – o vaxt məni qətlə sövq etmiş və indi dar ağacına göndərən heyvan.
Kabusu cəsədlə birgə divara hörmüşdüm...
İngiliscədən tərcümə etdi: Leyla Salayeva