Atamın üç portreti - Ayxan Ayvaz yazır...

Atamın üç portreti - <span style="color:red;">Ayxan Ayvaz yazır...
26 fevral 2018
# 21:00

Bu gün yazıçı Eyvaz Əlləzoğlunun anım günüdür. Kulis.az bu münasibətlə yazıçının oğlu Ayxan Ayvazın “Atamın üç portreti” yazısını təqdim edir.

Bu yazını yaza-yaza indidən düşünürəm ki, alınmayıb. Nə qədər Eyvaz Əlləzoğlunun portetini çəkmək istəsəm də, onu kiməsə tanıtmağa çalışsam da, mümkün olmur. Bu yazıda atamın üzünə kibrit boyda işıq salıb baxıram: ata, dost və yazıçı parçaları görünür.

Ata

I

Özəl Tərcümə Mərkəzlərinin birində bərabər işləyirdik. O, gürcü dilindəki sənədləri bizim dilə çevirib diktə edir, mən də komputerə köçürürdüm. Səyyar iş idi. Bir də görürdün heç sənəd olmurdu, kor-peşman evin yolunu tuturduq, anamın danlağını eşidə-eşidə yeməyimizi yeyirdik.

Bir gün əlimiz yaxşı gətirdi: 40 manat qazandıq.

- Gedək fələkdən bir gün qopardaq – atam dedi.

- Yox e, mama deyinəcək – mızıldandım.

Amma onun fikri qəti idi:

- Sən deməsən, heç vaxt bilməz.

Mərkəzi restoranların birində əyləşdik, çaxır, dana basdırması sifariş verdik. Atam dequstator idi, çaxırı burnuna tutub “yaxşıdır” dedi. Onun zövqünə söz ola bilməzdi. Gürcülərlə çox badə toqquşdurmuşdu. Oranın insanları kimi, çaxırını da gözəl tanıyırdı.

Bir az dəm olandan sonra özü danışmağa başladı:

- Xaçmini sən görmədin, qismət olsa gedərik. Orda düt deyincə vurmuşam.

Gözləri tavanda gəzişdi:

- Məktəbdə dərs deyirdim. Bir qız məni qırağa çəkdi, dedi, məni al.

Güldü. Badəsini mənə uzatdı, toqquşdurduq.

- Mamanla yaxşı ki, evləndim. Gec idi, 32 yaşım vardı. Nişanı qaytarmışdım. Bilirsən, evlənməsəm, mənə çətin olacaqdı. Heç bir işi bacarmıram. İndiki ağlım olsa, lap tez evlənərdim.

Bizi sevdiyini heç vaxt deməzdi, gözlədim ki, uşaqlarını da tərifləsin. O isə belə dedi:

- Siz də oxuyursunuz. Mənə bundan artıq nə lazımdır. Götür görək.

Sonra mənə köhnə sevgililərindən danışdı:

- Yadında saxla, heç vaxt qıza sual vermə. Onların hamısı ağıldan kəm olur. Şirin dilini işə sal. Bir qız var idi, tələbə vaxtı, mənə görə damarlarını kəsmişdi, evimizə də gəlmişdi. Anam dedi, bu kimdi, dedim, dəlinin biri.

Siqaret yandırdı:

- Vaxt gələcək hər şeyi özün görəcəksən. İndi qabağında qalın bir pərdə var. O pərdə nə vaxtsa aralanacaq və sən həqiqəti görəcəksən, adamları tanıyacaqsan.

Qolumdan tutub sözünü tamamladı:

- Qorxma, möhkəm ol!

Evə qayıtdıq, yolda atam gürcücə söyüş söyürdü. Gözümün qabağına Tiflis küçələrində sərxoş dolaşan tələbə canlandı.

Qapını anam açdı.

- İçmisiniz?

Atam güldü, qucaqladı anamı, bir qırağa çəkdi.

- Bu 20 manat. Qalanını Ayxanla xərcləmişik.

Həmin gün atamı təpədən-dırnağa tanıdım.

II

Qazandığı pulları qəpiyinəcən anama verərdi. Bu xasiyyətini heç vaxt tərgitmədi. Deyirdi, sovet imperiyası dağılandan dayanmadan çalışıram. Belə günlərin birində qardaşım xəstəxanaya düşdü, pula yaman ehtiyac yarandı, kredit, borclar da bir yandan qapımızı kəsmişdi.

Hər gün əlində mer-meyvə xəstəxanaya gedirdik, yol boyu heç nə danışmırdıq, bircə ayaq səslərimiz, bir də hərdən gəlib keçən maşınların siqnal səsiydi, vəssalam. Qardaşım bizi görüb sevinirdi, qollarını atamın boyununa dolayırdı.

Bir gün yenə sus-pus evə qayıdırdıq. Xəstəxanada qardaşım bizi görəndə ağlamışdı, “Məni burdan çıxart” - deyə qışqırmışdı atamın üstünə. Yol qurtarmaq bilmirdi. Biz bir kəlmə kəsmədən gedirdik. Araya onun siqaret sümürməsi girdi.

Evə çatdıq, qapını açan kimi masanın kənarında əyləşdi və ağladı.

Həmin gün atamı ilk dəfə ağlayan gördüm.

III

Bir dəfə qaralama elədiyi dəftər əlimə keçdi.

“Gülbəsə - don, Oğuza - ayaqqabı, Ayxana - pencək”.

Doğum günlərini evdə keçirirdik. Bacımla mən aprelin 1-də dünyaya gəlmişik, bir il fərqlə. Həmişə zarafatla deyirdi: “Yaxşı ki bir gündə olmusunuz, ikinizi bir yerdə yola veririk”.

Tort alıb gəlirdi hər doğum günündə. Tələbəlikdən tortu çox sevirdi. İşıqları keçirərdi, tortun ətrafında yığışıb yanan şamlara baxardıq. Kimin ad günü idisə o üfürüb söndürürdü, ardınca işıqlar yanır, əl çalınırdı.

Anasının adını qoymuşdu bacıma – Gülbəs. Balaca vaxtı onu keçəl eləyir, oğlan paltarı geyindirirdilər ki, mənlə əkiz olduğunu sansınlar.

Birinci oğlu olanda çox sevinib. Tiflisin mərkəzində qışqırıb ki, kim məni sevirsə, minsin maşına. Kefli-kefli girib Oğuzu görmək istəyəndə xəstəxana nəzarətçiləri onu qovmaq istəyiblər.

Anam mənə hamilə olanda düşünüb ki, yenə oğlu olacaq. Anam isə istəmirmiş. Evdə dava-şava düşüb. O gün anam dədəsi evinə gedib, boşanmaq istəyib. Səhər özünü xəstəxanada tapıb. Amma qorxusundan uşağı aldıra bilməyib. Hərdən əsəbləşdirəndə zarafatla mənə deyirdi: “Kaş o vaxt səni abort eləyərdik.”

Gec evlənmişdi deyə uşaqlarına olan qayğısı da yaşlanmışdı. Bəzən atamla uşaq kimi davranırdıq, o da bundan cırnayırdı. Bir dəfə anamla danışığını eşitdim: “Mənə ən yaxın dostlarım sizlərsiniz”. Amma heç vaxt demədim ki, sən o dəfə anama belə demisən. Çünki boynuna qoymaq olmazdı, etiraz edəcəkdi.

Həmin gün atamın öz ailəsinə necə sadiq biri olduğunu hiss etmişdim.

Dost portreti

I

Dost kimi onu 18 yaşımda tanımışam. Bir yerdə işləyəndə. Ona Ayvaz deyirdim arada, xoşuna gəlirdi.

- Sən mənim cavanlığıma oxşayırsan - demişdi bir dəfə.

Sahil bağında qızla gəzirdim. Atamdan zəng gəldi.

- Sadaxar, bico - arada gürcücə danışırdı mənlə. Yəni, hardasan, deyirdi.

- Dərsdəyəm - yalandan səsimi alçaltdım.

- Yalan demə, görürəm səni.

Telefonu cibimə qoyanda arxadan onun gəldiyini gördüm. Yanımızdan sakitcə gəlib keçdi.

II

İşdən evə qayıdırdıq. Avtobus gözləyirdik.

- Dədə, bax.

- Nolub?

Sevdiyim qızı görmüşdü. Xeyli baxdı, əməlli-başlı, alıcı gözü ilə qızı nəzərdən keçirdi.

- Halaldı, zövqün varmış – dedi gülə-gülə.

- Amma o məni sevmir, dədə. – kədərli səslə dedim.

- Niyə?

- Bilmirəm.

- Onu əldə eləyəndən sonra gözündən düşəcək. Bu qədər sevmə. İstəyirsən gedək içək? Danışarsan.

Həmin gün mənə bir dost kimi yaxın oldu atam və onun bu səmiyyətindən kövrəlmədim desəm, deyərlər, çox yalançısan.

III

- Ayxan, mənim yanımda iç deyirəm, ürəyin istəyirsə, iç. Amma bu içki bir zibil deyil. İstəmirəm alışasan.

- Bilirəm.

- Siqaret də çək, ala bax dadına. Gör nə mundar şeydi.

- Çəkmirəm, dədə.

- Bir gün həyatı özün tanıyacaqsan. Nə olur-olsun, hamıya hörmət elə, yekəbaş-yekəbaş danışma. Haqlı olduğun yerlərdə isə dur get. Heç vaxt varlığını hiss eləmədiyin yerdə oturma.

Yazıçı portreti

Yazıçı kimi 9-cu sinifdə kəşf etmişəm atamı. İki kitabı çıxmışdı onda: “Ölü yay” və “Yatan dinozavrlar”. Tərifləyəcəksən, deyəcəklər, atasıdır, ona görə belə danışır. Yazacam, bir qəpiklik deyil yazdığı, onda da hamı üstümə düşəcək ki, adam da atasına belə deyər. Qərəz, atamın yaradıcılığından danışmaq mənim üçün həmişə çətin olub.

Sadəcə gənclərə üzümü tutub demək istəyirəm ki, 80-ci illərdə Azərbaycan ədəbiyyatına gəlmiş ən gözəl üç-dörd yazıçıdan biridir Eyvaz Əlləzoğlu. Onun “Bığlı Kərəm”, “Doğum”, Quyu”, “Atcıl Sədrəddin”, “Balıq günü”, “Sonuncu seans”, “Uralanmış gün” və s. hekayələri həqiqətən də nəsrimizdə hadisədir.

Müsahibələrinin birində demişdi:

- Ədəbiyyat oxucu üçün bir qurtum şərab kimidir.

Başqa bir misal:

- Mən içimdəki sıxıntını kürüyüb atmaq üçün yazıram. Dünya ədəbiyyatına düşmək iddiam yoxdu.

Ən sevdiyi yazıçı Folkner olub. İlk dəfə onun adını gürcü rejissoru İosif İoselianidən eşidib. Tiflis mühitində böyüyüb, rəssamlığı, kinonu dərindən öyrənib.

Bir dəfə demişdim, yenə deyirəm və bu yazımın son cümləsi olsun: “Eyvaz Əlləzoğlu gördüyüm ən təmiz adam idi və onu itirdikdən sonra həyatım kirləndi”.

2016

# 2262 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #