Ocaqxanada - Seymur Baycanın hekayəsi

Ocaqxanada - <span style="color:red;">Seymur Baycanın hekayəsi
24 dekabr 2017
# 13:42

Ayaz ocaqxananın qapısını açıb içəri boylandı. Ocaqçı Şaiq yatmamışdı, əllərini taxtadan duzəldilmiş üçayaqlı stolun, başını da əllərinin üstünə qoyub müxtəlif şəhərlərdə, qəsəbələrdə, vağzallarda, yollarda rastlaşdığı adamları xatırlayır və xatırladıqca ölümcül dərəcədə kədərlənirdi. Kədərlənirdi ki, əgər ölsə həmin adamların onun ölümündən xəbəri olmayacaq. Şaiq xatırlayır, kədərlənir, düşünür, “görəsən niyə belə oldu” sualına cavab axtarırdı, kənardan isə o öz görünüşü, oturuşu ilə kiminsə yolunu gözləyən adama oxşayırdı.

Ocaqxana doqquzmərtəbəli binanın zirzəmisində yerləşirdi. Burdan binadakı mənzillərə istilik paylanırdı. Şaiq dördüncü il idi ki, ocaqxanada işləyirdi. Uzun illər Orta Asiyanın müxtəlif şəhərlərində veyllənmiş, gələcək, ümumiyyətlə sabahkı gün haqqında düşünməyə adət etməyərək, hər cür həvəs və meyllərini anında təmin etməyi üstün tutaraq ömrünü keçirmiş, yaşlananda geriyə qayıtmışdi. Qış aylarında ocaqxanada yaşayırdı. İlin qalan ayları isə harasa gedirdi, bir növ yoxa çıxırdı.

- Bu nə vaxtın gəlməyidi, xeyirdimi?

Ayaz hər dəfə ocaqxanaya ayaq basanda Şaiq ona bu sualı verərdi. Həftədə iki dəfə, bəzən üç dəfə Ayaz ocaqxanaya əlidolu, hazır yeməklərlə, turşularla, araqla gələrdi. Ocaqxanada vurmaq, Şaiqlə söhbət etmək Ayaza ləzzət edirdi. Burda Ayazı sakitləşdirən, rahatlıq gətirən, əsəbiləşməyə qoymayan ab-hava vardı. Həm də bu ocaqxanada Ayaz uşaqlıq illərində gördüyü başqa bir ocaqxananı xatırlayırdı.

Evləri hərbi hissənin yaxınlığında yerləşirdi. Ayaz ocaqxanada işləyən əsgərlərlə dostlaşmışdı. Tez-tez ocaqxanaya dostlarının yanına gedər onlara kompot, mürəbbə, meyvə-tərəvəz aparardı. Əsgərlər də həmişə onu ət konservasına, kartof qızartmasına qonaq edərdilər. Əsgər paltarları ilə mazutun iyinin bir-birinə qarışdığı ocaqxanada Ayaz özünü olduqca rahat hiss edərdi və dəmir boşqabda kartof qızartması, ət konservası yedikdən, dəmir stəkanda çay içdikdən sonra göz qapaqları ağırlaşar onu möhkəm yuxu basardı. Ondan olsaydı ocaqxanada yatardı, lakin orda yatmağa utanırdı, özünü güclə evə çatdırıb bir neçə saat rahat yatardı…

Bütün bunlar o qədər də təmtəraqlı hadisələr deyildi, ancaq o hadisələr Ayaz üçün işıqlı xatirələr sayılırdı, ona görə ki, sonra həyatında baş verən hadisələrin çoxunu olduqca kədərli hadisələr hesab edirdi. Ayazla Şaiqin arasında xeyli yaş fərqi olsa da söhbətləri tuturdu. Hər ikisi həyatlarının alınmadıqlarını, bəxtlərinin gətirmədiyini düşünürdülər və bir çox həyati məsələlərə baxışları eyni idi.

- Darıxdım, tək qala bilmədim. Hava da elədir ki, adam vurmaq istəyir. Tək vurmaq da zülmdü. Adamın ağlına min cür axmaq fikir gəlir. Bağışla yenə səni narahat etdim…

- Yaxşı edib gəlmisən, elə mən də möhkəm darıxırdım.

Ayaz toyuq qızartmasını, xiyar, kələm, pomidor, sarımsaq turşusunu, birlitrlik araq butulkasını üçayaqlı stolun üstünə düzdü. Şaiq butulkaya işarə edərək sual verdi:

- Bunun hamısın içməliyik?

- Hamısın içmək vacib deyil, nə qədər içə bilsək içərik. Qış hələ təzə girib, tələsən yerimiz yoxdu. Mən həyatda heç hara tələsmirəm, sən harasa tələsirsən? İnanırsan, sənə o qədər öyrəşmişəm, başqa adamlarla içə bilmirəm.

Ayaz danışa-danışa qızardılmış toyuğu hissələrə parçaladı. Araq butulkasının ağzını məharətlə açıb dəmir stəkanlara ağzına qədər araq süzdü və Şaiqə sual verdi:

- İndi biz nə edək, əvvəlcə bir az yeyib sonra içək, yoxsa bir az içib sonra yeyək? Dünya görmüş adamsan sən necə fikirləşirsən?

Sualı elə ciddi verdi ki, elə bil doğrudan da bu suala cavab tapmaq böyük bir dərrakə tələb edirdi. Şaiqin alnı qırışdı. O, özünü düşünürmüş kimi göstərdi, sanki bu suala cavab tapmaq onun üçün asan deyildi, düşündükcə alnı daha çox qırışdı və nəhayət dedi:

- Məncə bir az içib sonra yesək daha yaxşı olar.

Hər ikisi dəmir stəkanları sağ əlinə alıb bir neçə saniyə stəkanın içinə baxdılar. Saiq oturmuşdu, Ayaz ayaq üstə dayanmışdı. Stəkanları ehtiyatla toqquşdurdular, arağı axıra qədər başlarına çəkdilər. Dəmir stəkanları masanın üstünə qoyub sifətlərini kəskin şəkildə qırışdırdılar, gözlər, burun, dodaqlar, yanaqlar hamisi bir-birinə qarışdı. Adətən araq içən adamlardan çıxan, eyni anda həm ləzzət almağı, həm də əzab çəkməyi ifadə edən səsi çıxartdılar. Dodaqlar, yanaqlar, gözlər, burun yerinə oturduqdan sonra həvəslə yeməyə girişdilər.

- Niyə ayaq üstə dayanmısan? Niyə oturmursan?

- Bir az yeyim oturacam.

- Hardan almısan bu toyuğu? Yaxşı qızardıblar.

- Bildim ki, xoşuna gələcək. Bizim işin yanında balaca bir kafe var. Ordan almışam. Kafenin aşpazı yaşlı arvaddır. Mənim də xətrimi çox istəyir. Günorta getdim kafeyə. Dedim, Sona xala, Allah xətrinə mənə yaxşı bir toyuq qızart, axşam qonaq gedəcəm. Dedim toyuğu elə qızart ki, adam arasına çıxaranda utandığımdan üzüm qızarmasın. Yaxşı arvaddı. Üzünə baxan kimi bilirsən ki, həyat görüb. Dedi baş üstə, sən kefin istəyən qızardılmış toyuğu məndən istə. Dedi axşam işdən çıxanda gəlib götürərsən. Özü də bərkdən güldü. Nəyə güldü bilmədim. Yəqin qocalıb, başı xarab olub. Mən eşitmişəm arvadlar yaşlananda başları xarab olur.

- Başı xarab olmayıb, elə bilib ki, sən toyuğu götürüb bazlığa gedəcəksən.

- Hə? Bu heç ağlıma gəlməmişdi. Deməli, ona görə gülürmüş. Şaiq dayı sən də məni bağışla, gör qoca qəhbə nə fikirləşib.

- Dadına baxan kimi bildim ki, bunu köhnə arvad qızardıb. İndikilərdə belə qabiliyyət hardadı? Bəzənib-düzənməkdən başqa əllərindən bir iş gəlmir.

- Düz deyirsən, Şaiq dayı. İndikilər Allahın kartofunu da düz-əməlli qızarda bilmirlər. Hara gedir bu ölkə, hara gedir bu xalq , bu işlərin axırı necə olacaq? Yekə-yekə qızlardı bir iş bacarmırlar, hamısı da ərə getmək istəyir. Yaxşı, tutaq ki, gözünü sevgi kor etmiş axmağın biri səni aldı, apardı evinə, bəs sən ona nə bişirəssən? Səni alan itin oğlu nə yeyəcək? Sonra da deyinirlər ki, kişilər kafelərdən, restoranlardan evə yığışmırlar. Kişilər neyləsin? Kişi evdə yeməyə bir şey tapmır, məcbur olur kafeyə, restorana gedir. Düz demirəm?

- Düz deyirsən. Dəqiq.

- Bax, mən neçə dəfə fikir vermişəm. Hansı kafedə yaxşı yemək verirlərsə, oranın aşpazı ya kişidi, ya da köhnə arvadlardandı. İndiki arvadlar yemək bişirə bilmir, vəssalam! Bizim nəsildə xaşıl bişirə bilən bircə arvad qalıbdı. Qoca xalamdan başqa heç kim xaşıl bişirə bilmir. Heç kim də öyrənmək istəmir. Bu gün sabah xalam ölsə, ta bizim nəsildə xaşıl bişirə bilən arvad qalmayacaq. Dadlı yeməklər unudulur. Bunu fikirləşəndə çox pis oluram. Ağlamaq məni tutur. İndi istəyirəm bir boş vaxt tapım gedim rayona, xalamdan xaşıl bişirməyi öyrənim. Bilirəm ki, mən xaşıl bişirməyi öyrənməsəm heç kim öyrənməyəcək. İşimizə gücümüzə bax, görəcəkli günlərimiz varmış, vallah dəhşətdi!

- Arvadlar qudurublar. Süz.

Ayaz araq süzə-süzə deyinməyinə davam etdi:

- Bizim ofisdə bir qiz var. Əlindən heç nə gəlmir. Deyirəm, yekə qızsan, bu gün-sabah, allah qoysa, hay-küylə köçəcəksən birinin evinə. Ərin yemək istəyəcək, bəs onda utanmayacaqsan? Allahın qayğanağını da bişirə bilmirsən. Deyir, məndən ötrü narahat olma. Kim məni almaq istəsə, əvvəlcədən deyəcəm ki, əlimdən heç nə gəlmir. Arvadları kişilər qudurdub. Yemək bişirə bilməyən qızları heç kim almamalıdır, qoy evdə qalıb qarısınlar, qurusunlar, cinə oxşasınlar, itə oxşasınlar, nə bilim tarakana oxşasınlar… Bəlkə, onda ağılları başlarına gəldi. Canları çıxsın yemək bişirməyi öyrənsinlər. Məndən olsa bu barədə ciddi qanun qəbul etmək lazımdı. Ərə getmək istəyən qızı əvvəlcədən yoxlamalıdırlar. Əgər yemək bişirməyi bacarırsa, ərə getməyinə icazə verməlidi, yox, əgər yemək bişirə bilmirsə ərə getməyinə icazə verilməməlidir.

- Bunu kim yoxlamalıdır?

- Dövlət.

- Dövlətin min problemi var, sən də söz danışdın.

- Dövlət yoxlaya bilmirsə kişilər özü yoxlasın... Çox ləngidik, bunu içək deyəcəm necə yoxlamaq lazımdı. İcazə versəydin balaca bir tost deyərdim.

- Deginən.

- Deyirəm, gəl bunu Sona xalanın timsalında köhnə arvadların sağlığına içək. Nə qədər sağdılar onların qədrin bilmək lazımdı. Bu gün sabah bir-bir öləcəklər, bir də görəcəyik ki, köhnə arvadlardan biri də qalmayıb. İnan, yeməyə heç nə tapmayacağıq…

Ayaz sözün dalını deyə bilmədi. Səsi titrədi, gözləri lap azca yaşla doldu. Şaiq başa düşdü ki, Ayazın dediyi sözlər ürəkdən gəlir, olduqca səmimi sözlərdi, köhnə arvadların azalması, təzə arvadların yemək bişirə bilməməsi doğrudan da onu dərindən narahat edir. Ayazı çətin vəziyyətdən qurtarmaq üçün ocaqçı “yaxşı sağlıqdı, deyilən sağlığa” dedi, stəkanını onun stəkanına vurdu.

Bir-birinə isinmiş bu iki insan köhnə arvadları tərifləyə-tərifləyə, təzə arvadların ünvanına deyinə-deyinə butulkadakı arağın yarısını içdilər. Araq təsirini göstərir, yavaş-yavaş söhbətin məcrası dəyişir, hər ikisinin içində kədərli xatirələr baş qaldırır, onları kövrəldir, sentimentallaşdırırdı.

- Şaiq dayı, neçə vaxtdı sənə bir əhvalat danışmaq istəyirəm, amma çəkinirəm. Bir az çətin əhvalatdı. Heç bilmirəm hardan başlayım. Bilirsən, necədi, bu əhvalatı indiyə qədər heç kimə danışmamışam. Neçə ildi bu əhvalatı danışmaq üçün adam axtarırdım, tapa bilmirdim. Sənlə tanış olandan sonra bildim ki, ancaq sənə danışa bilərəm. Başqa heç kimə. Mənə elə gəlir ki, məni ancaq sən başa düşərsən.

- Narahat olma, mən sirr saxlamağı bacarıram.

- Yox, mən o mənada demədim. Söhbət sirdə deyil.

- Bəs nədədir?

- Hmm... Söhbət ondadır ki, bu əhvalatı danışmaq çətindi. Danışmalı elə bir şey də yoxdu. Belə baxanda adicə əhvalatdı. Amma yadımdan çıxmır. Həmişə yadıma düşür.

- Yaxşı indi mən nə edim? Həm deyirsən danışmaq istəyirəm, həm də danışmaq istəmirsən.

- Bir yüz vuraq. Ya bu gün danışacam, ya da heç vaxt danışmayacam.

- Özün bilən məsləhətdir. Danışmaq çətindirsə danışma.

- Yox mütləq danışmalıyam.

Onlar yenə də stəkanları toqquşdurub arağı başlarına çəkdilər. Arağın acısını öldürmək üçün Ayaz xiyar, Şaiq isə pomidor turşusu yedi. İndi hər ikisi oturmuşdu. Ayaz siqaret yandırdı və söhbətinə çox uzaqlardan başladı:

- Tələbəlik vaxtı mən Basin küçəsində qrup yoldaşımla ikiotaqlı evdə kirayədə yaşayırdım. Xozeykamız da yaxşı bir arvad idi. Kirayə pulunu gecikdirəndə bizi narahat etməzdi. Bilirdi ki, yoxumuzdu, olan kimi aparıb verəcəyik. Biz evdə səs-küy salmazdıq. Sakitcə evə gəlib, sakitcə evdən gedirdik. Heç kimə baş qoşmurduq. Xozeyka da, qonşular da bizdən razı idi. Sən yəqin bilirsən, hər adamla bir evdə yaşamaq olmur. Gərək otaq yoldaşınla yola gedə biləsən. Yola gedə bilməsən bir yerdə yaşaya bilməzsən. Otaq yoldaşım təmizkar, dava-dalaşdan uzaq, sakit bir oğlan idi. Bircə pis xasiyyəti vardı. Ayda bir dəfə gecə yuxuda qışqırırdı. Qışqıranda onu yuxudan oyadırdım. Soruşurdum niyə qışqırırdın. Heç nə demirdi. Qalxırdı ayağa bir stəkan su içib təzədən yatırdı. Onda hələ atam ölməmişdi. Sağ idi.

- Allah rəhmət eləsin!

- Allah sizinkilərə də rəhmət eləsin… Rəhmətlik atam rayondan tez-tez ət, yağ, pendir, meyvə, kartof-soğanınacan, göyərtisinə qədər hər şey göndərirdi. Korluq çəkmirdik. Qrup yoldaşımın yaxşı əl qabiliyyəti vardı. Yeməyi o bişirirdi. Arada ürəyimiz istəyəndə, pulumuz olanda kafeyə, restorana da gedirdik.

- Sonra nə oldu?

- Bir gün otaq yoldaşım dedi ki, qonşudakı qız səni sevir. Dedim, hardan bilirsən. Dedi ki, korsan, görmürsən? Deyəsən, çox uzaqdan başladım. Dedim, axı bu əhvalatı danışmaq asan deyil. Şaiq dayı sənin həyatında elə bir hadisə olub ki, həmişə o hadisəni xatırlayırsan, başqa adama danışmaq istəyirsən, amma danışa bilmirsən.

- Əlbəttə olub.

- Onda sən mənim vəziyyətimi başa düşərsən.

- Başa düşürəm.

- Bilirsən, mən nədən qorxuram?

- Bilmirəm

- Qorxuram əhvalatı sənə danışaram, danışdıqlarım sənə bir qram da təsir etməz. Fikirləşərsən ki, axı burda nə var?

- Bura bax, sən artıq məni əsəbləşdirirsən. Danışa bilirsənsə danış, danışa bilmirsənsə keç başqa temaya. Özünə zülm eləmə.

- Danışa bilmirəm. Qalsın sonraya.

- Necə məsləhətdir.

- Şaiq dayı bir sual versəm inciməzsən?

- Baxır suala.

- Heç səni həyatda ürəkdən sevən olub?

- Olub.

- Nə vaxt olub?

- Çoxdan olub. Lap çoxdan. Onda mən cavan idim. Aşqabadda yaşayırdım. Üstündən qırx beş il keçib. Adama hər şey necə də uzaq görünür. Qırx beş il çoxdurmu? Hardan bilim? Heç bilmək olur ki?

- Sirr deyilsə, deyə bilərsən səni sevən kim idi?

- Sirr deyil, Firuzə adında bir qız idi.

- Bəs sən hardan bilirdin o qız səni ürəkdən sevir?

- Deyəcəm gülməyin gələcək.

- Görürsən, sən də danışa bilmirsən. Belə şeyləri danışmaq olmur.

- Bax, gülsən inciyərəm.

- Gülmərəm. Belə şeylərə gülmək olmaz.

- Belim qaşınanda deyirdim Firuzə belimi qaşı, Firuzə əlini aparıb düz qaşınan yerin üstünə qoyurdu. Neçə dəfə belimi qaşıyıb, mən heç vaxt ona deməmişəm Firuzə bir az aşağını qaşı, Firuzə bir az yuxarını qaşı. Qaşınan yeri o saniyə özü tapırdı.

- Deməli o qız qaşınan yeri özü tapanda sən başa düşdün ki, o qız səni ürəkdən sevir?

- Hə.

Şaiqin “hə” cavab verməyi doğru deyildi. O hər şeyi çox sonralar, artıq yaşlaşanda başa düşmüşdü. Başa düşmüşdü ki, həqiqi sevgilər xüsusi vəziyyətlərlə, xüsusi sözlərlə tanınır.

- Bəs niyə o qızla evlənmədin?

- Nə bilim? Elə bildim hamı onun kimi olacaq. Cavan oğlan idim. Qazanırdım, xərcləyirdim. Qudurmuşdum, gözüm ayağımın altını görmürdü. İllər keçdi, çox yerlər gəzdim. Çox qadınlar gördüm, amma Firuzə kimisinə rast gəlmədim. O vaxt heç nə başa düşməmişəm. İndi qocalmışam hər şeyi başa düşürəm. Ancaq nə olsun, gecdir. Firuzə kimi qızları yaddan çıxartmaq çətindir.

- Sonra gedib o qızı axtarıb tapa bilməzdin?

- Yox.

- Niyə?

İlk baxışdan adi görünən bu sual ocaqçını əsəbiləşdirdi, hətta sifəti də dəyişdi.

- Sənə dedim ki, axtarıb tapa bilməzdim, vəssalam. Dərinə getmə.

Ocaqçının belə qəfil əsəbilşməyinə Ayaz bir az təəccübləndi.

- Əsəbiləşmə, mən başa düşdüm sən nə demək istəyirsən.

Şaiqin xəyalları uzaq keçmişə getdi. Ayaz üzünün ifadəsindən ocaqçının keçmişi xatırladığını başa düşüb ona mane olmadı. Susaraq ocaqçının keçmişi xatırlamasına münbit şərait yaratdı. Şaiq keçmişdə bir az eşələnib daha da kədərləndi, bir az da keçmişdə eşələnsəydi kövrələcəkdi, ona görə də məcbur qalıb xatirələri qovmaq üçün başını silkələdi, keçmişdən geriyə, ocaqxanaya qayıtdı və Ayaza sual verərək sükutu pozdu.

- Səni necə, ürəkdən sevən olub?

- Olub.

- Nə vaxt?

- Tələbəçilik vaxtı.

- Kim idi?

- Orta boylu, yumru, saçları uzun, üzü çilli bir qız idi.

- Hardan bilirdin səni ürəkdən sevdiyini?

- Həmişə mənə deyirdi ki, Ayaz sən əlçatmazsan.

- Elə bu?

- Yox, başqa şeylər də vardı. Çoxunu o vaxtlar başa düşmürdüm, sonralar başa düşdüm. Ən çox saroçkamı boğaza qədər düymələməyim onun xoşuna gəlirdi. Saroçkamı geyinirdim əynimə, başlayırdım düymələri bir-bir bağlamağa. O da yanımda dayanıb mənə baxırdı. Elə ki, sonuncu düyməni bağlayırdım atılırdı üstümə. Deyirdi, axı sən hardan bilirsən bunu, hardan bilirsən? Axı sən hardan bilirsən ki, düymələrin hamısını bağlamaq lazımdı? Mən də mat qalırdım. Guya heç kimin ağlına gəlməyən şey mənim ağlıma gəlmişdi. Saroçkadır da, biri düyməni ortaya qədər bağlayar, başqası axıra qədər. Nə var ki burda? Mən lap uşaqlıqdan həmişə saroçkamın düyməsini axıra qədər bağlamışam. Bir ara fikirləşdim ki, bu qızın ağlı yerində deyil, əməlli-başlı dəlidi. Hardan bilə bilərdim ki, əsl sevgi elə-belə olurmuş.

“Axı sən hardan bilirsən ki, düymələrin hamısını bağlamaq lazımdır?” - bu sözlərdə necə böyük sevgi, necə dərin doğmalıq var idi. İndi bu sözlərin ağrısı bir ox kimi Ayazın ürəyinə sancılmışdı və o yaxşı bilirdi ki, bu ağrı qəbirə qədər onunla gəzəcək, bəlkə heç qəbirdə də bu ağrı onun ürəyindən getməyəcək. Bunu dərk etməkdən, bunu bilməkdən ağır iztirab yox idi. Ayaz başa düşə bilmirdi ki, belə ağır iztirabla necə yaşaya bilir, niyə bu iztirab onu öldürməkdə acizdir? Əgər Ayazın çəkdiyi iztirabı nəyəsə qadir olan başqa bir qüvvəyə çevirmək mümkün olsaydı, bu qüvvə ölünü də dirildərdi.

- Ağır söhbətdi.

- Biz ancaq gündüzlər görüşürdük. Gecələr bir yerdə qala bilmirdik. Bir gün axşam o bizə gəldi, dedi gecə burda qalacam. Onda mən iki otaqlı evdə tək yaşayırdım. Soruşdu ki, sənin üçün nə bişirim. Dedim, ürəyim kartof qızartması istəyir, kartof qızart mənim üçün. Həvəslə kartofları soydu, yudu, doğradı. Qazı yandırdı. Soruşdu ki, kartofu hansı yağda qızardım?. Dedim kərə yağında qızart. Lənətə gəlmiş kartof həmin gecə qızarmaq bilmədi. Mən də getdikcə acırdım. Əsəbiləşdim. Mən acanda özümdən aslı olmur itə dönürəm, qapmağa adam axtarıram. Başladım ona ağır sözlər deməyə. Dedim ki, allahın bir kartofunu da qızarda bilmirsən, amma arzuların aşıb daşır. Sonra ona dedim ki, acından ölürəm, sən otur evdə mən düşüm aşağı hazır bir şey alım gətirim. Evdən çıxdım. Metronun yaxınlığında bir kafeyə girdim. Kabab sifariş verdim. Kababı yedim, iki yüz əlli qram araq vurub evə qayıtdım. Üzünə baxanda bildim ki, çoxlu ağlayıb. Məni gördü yenə ağlamağa başladı. Ağlaya-ağlaya deyirdi ki, vallah mən kartof qızartmağı bacarıram, min dəfə kartof qızartmışam, bu dəfə bilmirəm niyə alınmadı, günah məndə deyil, günah kartofdadı…Mən də dedim ki, kartofun heç bir günahı yoxdu, günah səndədi, sən kartof qızarda bilmirsən. Nədənsə həmin gecə çox qəddar idim. Soyunub girdim yerimə. O da gəlib yanımda uzandı. Məni qucaqladı. Onu kənara itələdim. Dedim, kənara çəkil, toxunma mənə, istidi, ürəyim sıxılır... O vaxt necə oldu, mən belə qəddar hərəkət etdim?

Ayaz daha danışa bilmədi, ağladı. İtkinin bütün ağırlığını bu an, danışa-danışa bütün hüceyrələriylə dərk etmişdi. Dərk etmişdi ki, sən demə onun qarşısına sonsuz dərəcədə təmiz, təmənnasız, milyonda bir insana qismət olan səmavi sevgi cıxıbmış, o isə heç nəyi başa düşməyib. Sağlam, öküz qədər güclü bir adam öz orqanizminin təbii funksiyaları haqqında düşünmədiyi kimi, o da qarşısına çıxmış səmavi, nadir sevgini təbii bir şey – adi qız-oğlan münasibəti kimi qəbul etmişdi. İndi isə artıq heç nəyi düzəltmək mümkün deyildi. Vəziyyətin qəfil dəyişməsi Şaiqi çaşdırdı. Ayazı sakitləşdirmək üçün nəsə demək lazım olduğunu ocaqçı başa düşürdü, ancaq ocaqçı təsəlli verməyi, ağlayan adamı sakitləşdirməyi həyatı boyu heç vaxt bacarmamışdı. Həyat boyunca bir dəfə də olsun ağlayan adamı sakitləşdirməmiş, heç kimə təsəlli verməmişdi. Yaxşı ki, ocaqçı təsəlli verməyi bacarmırdı. Əgər bu dəqiqələrdə o Ayaza təsəlli versəydi, bu təsəlli onun əzabını daha da artırardı.

- Şaiq dayı, sən Allah bağışla! Elə bilmə ki, məni ağladan araqdı, özüm ağlayıram, doğrudan ağlayıram. Bu nədi belə, heç nəyi geri qaytarmaq olmur. Nə qədər edirəm o gecə yadımdan çıxmır. Görəsən nə vaxtadək belə olacaq? Axı mən niyə elə elədim? Bu necə oldu? Nə üçün oldu? Ürəyim partlayır!

- Unut, elə bil ki, belə şeylər heç olmayıb.

- Yox, elə demə. Olub, özü də çox şey olub. Kaş hər şeyi təzədən başlamağa imkan olaydı...

- Sən çox dəhşətli şeylər danışırsan. İnan belə şeyləri eşitməyə məndə güc qalmayıb. Mən özüm də belə şeyləri gec başa düşmüşəm, çox gec, ancaq yenə də yaxşı ki, gec də olsa başa düşmüşəm.

Bu an elə anlardan idi ki, dərin peşmanlıq hissi onların hər ikisini açıq danışmağa sövq edirdi.

Ayazı yola salandan sonra Şaiq butulkada qalan arağın axırına çıxdı. İstədi uzanıb yatsın, yata bilmədi. Halı özündə deyildi, ürəyi bulanırdı. Mədəsindən ağzına gələn mayeni udqunaraq geriyə, mədəsinə qaytardı. Qazanxana ocaqçının başına fırlanır və ocaqçı nə qədər əlləşsə də fırlanan qazanxananı beynində saxlaya bilmirdi. Əgər içdiyini qaytarsaydı vəziyyəti xeyli yüngülləşərdi, ancaq məsələ ondadır ki, ocaqçı qaytarmağa nifrət edirdi. O, bütün həyatı boyu cəmisi iki-üç dəfə qaytarmışdı, onda da özünə dəhşət nifrət etmişdi. Hətta bir dəfə qaytarandan sonra özünə necə nifrət etmişdisə, altı aydan çox dilinə araq vurmamışdı.

Şaiq səndirləyə-səndirləyə ocaqxanadan çıxanda gecə yarıdan keçmişdi. O, havasını dəyişmək, açıq havada arağın təsirini azaltmaq istəyirdi. Ocaqxananın qarşısında skamya vardı. Şaiq özünü birtəhər skamyaya yıxdı. Üzünə düşən qar dənələri onu qıdıqlayırdı. Soyuq hava ocaqçıya ləzzət verirdi...

# 2020 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #