Elçin atasını döyürdü - HEKAYƏ

Elçin atasını döyürdü - <span style="color:red;">HEKAYƏ
4 oktyabr 2017
# 11:03

Kulis.az Elşad Baratın “Qarğış” hekayəsini təqdim edir.

Hələ ikinci sinifdə oxuyanda Elçini məktəbə bahalı ayaqqabıları gətirirdi. Boynundakı kəpənəkdən çantasına qədər paxıllıq edirdim ona. Hərfləri tanımasa da qələmi beş rəngdə yazırdı. Atası qoca yaşında övlad sahibi olmuşdu deyə, Elçini göz bəbəyi kimi qoruyurdu.

Hərdən ayaqqabımın burnunda palçıq götürüb Elçinə atırdım. İstəyirdim o da bizim hamımız kimi köhnə, palçıqlı paltarlarda yaşasın. Amma səhəri gün sanki bizim acığımıza daha qəşəng paltarlarda dərsə gəlirdi. O boyda kənd məktəbində təkcə Elçin idi ki, məni dizlərimin yamağına qədər hirsləndirirdi. Arada yamaqlı uşaqları başıma yığıb onu döyürdüm. Bilirdim ki, axşama atası bizə gələcək, ağzına it başı alacaq, atam da məni döyəcək. Amma yenə də təzə paltarların acığını çıxırdım ondan.

Beşinci sinifdə oxuyanda Elçin atasını söyməyə başlamışdı. Dişinin dibindən nə gəlirdisə deyirdi atasına. O vaxt atasını işdən təzə qovmuşdular. Yavaş-yavaş Elçin də bizə oxşayırdı. Onun paltarlarında palçıq görəndə sevinirdim. Daha "ənzəli" oynayanda da daha çox Elçinin boynuna minmirdim.

Onuncu sinifdə oxuyanda Elçin atasını döyürdü. Nə vaxt ki, dərsə gələndə əllərini ciblərində gizlətməyə çalışırdısa, bilirdik ki, atasını döyüb gəlib.

Oğul şilləsinə dözməyən atanın üzü daha çox qırışmış, beli daha sərt əyilmişdi. Ağzında cəmi üç dişi qalmışdı, ikisi yuxarıda, biri aşağıda. Qocanın əl ağacı da daha çox titrəməyə başlamışdı. Hərdən çiyinləri də əl ağacı kimi titrəyirdi.

Bir gün məktəbə yayıldı ki, Elçin əməliyyat olunub. Həkimlər onun böyrəyindən daş çıxarıblar. Həmin gün sinif rəhbərimizlə bərabər Elçinə dəyməyə getdik. Yolda kənd baqqalından bir kilo qənd, yarım kilo iriz, bir qutu da quru çay almışdıq. Elçingil o qədər kasıblamışdılar ki, bizim apardığımız qutudan çay dəmləyib, irizlərimizlə bizə çay verdilər.

Bu yaxında şəhərin göbəyində təsadüfən Elçinlə qarşılaşdım. On üç il idi ki, bir-birimizi görmürdük. Atası öləndən sonra ona daha çox oxşayır Elçin. Güləndə atası kimi gülür, danışanda atası kimi danışırdı. Belindən də atasına bənzəməyə başlamışdı.

Daha çox dişlərindən atasına oxşayırdı.

Xeyli söhbət etdik, dayanmadan illərini danışırdı sevincək. Fəhlə işləyir, evlənib, üç oğlu var.

Elçinin oğlanları eynən öz uşaqlığıdır.

# 2358 dəfə oxunub

Oxşar xəbərlər

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər