Kənan Hacı: “Öz kitablarımı yıxıb-sürüyərdim”

Kənan Hacı: “Öz kitablarımı yıxıb-sürüyərdim”
27 noyabr 2015
# 14:15

Kulis Kənan Hacı ilə müsahibəni təqdim edir.

- Kənan, 40 yaşın oldu. 20 ilə yaxındır ki, ədəbiyyatdasan.

- 1995-ci ildə jurnalist kimi fəaliyyətə başlamışam. Doxsanların axırı, iki mininci illərin əvvəllərindən isə ədəbiyyata gəlmişəm.

- Peşman deyilsən ki?

- Arada peşman oluram. Bəzi hallarda dəhşətli peşmançılıq hissi keçirirəm, amma bir müddət keçəndən sonra bu hiss ötüb keçir. Motivasiya, yazmağa stimul olmayanda çox peşman oluram.

- Stimul nədir, səncə?

- Yazdıqlarına reaksiya görəndə adam sevinir. Öz içimdə daxili narahatlıq var. Son vaxtlar bu narahatlıq xeyli artıb. Yazdıqlarımdan razı deyiləm. Mənim yazmaq istədiyim tamam başqa şeydir. İndiyə qədər bir neçə povest, roman çıxıb, amma bunların heç biri məni qane eləmir.

- Yəni yazmaq istədiyin bir şey var.

- Bəli-bəli. İndiyə qədər cəmisi bir-iki hekayəm məni razı salıb.

- Sənə qarşı ədəbi tənqidin də, ədəbi ictimaiyyətin də münasibəti müsbətdir. Haqqında məqalələr yazılıb, fikirlər söylənilib. Hər halda səni ədəbi mühitdə təsadüfi adam saymaq olmaz. Sən necə düşünürsən?

- Düz deyirsən. Amma mənə münasibət ola bilər ki, insan kimi birmənalı olsun. Mətanət Vahid “Yaddaş kartı” haqqında bir yazı yazıb əsəri kəskin tənqid eləmişdi. Mən istəyirəm ki, tənqidçilər əsəri lap yıxıb-sürüsünlər, nə çatır-nə çatmır, nəyi düz yazmamışam, hamısını qeyd etsinlər.

- Bayaq deyirsən ki, bəzi əsərlərimdən razı deyiləm. Bax sən tənqidçi kimi baxanda özündə nə əyər-əskiklik görürsən?

- Başqa adamın əsəri kimi yanaşanda görürəm ki, istədiyim şeyi alındıra bilməmişəm. Əsərlərim haqqında tənqidi yazı yazsam özümü yıxıb sürüyürəm. Hər dəfə yazıb qurtarandan sora qəribə bir məyusluq hiss edirəm.

- Obrazlı desək, ədəbiyyat haqqında belə bir fikir var; yazıçı atını bildiyi yerdə səyirtməlidir. Bu kontekstdə baxanda “Məşhər” romanını İsi Məlikzadə, “Quyu”nu da İsa Hüseynov yaza bilməz. Sənin də belə bir narazılığınmı var, yəni öz mövzunu tapa bilmirsən, ya başqa məsələdi?

- Bir neçə mövzu var, yazmağa ürək eləmirəm. Əslində öz mövzularım var, amma bu mövzuların bədii həlli özümü qane etmir. Ola bilsin ki, yenə də növbəti məğlubiyyət hissindən qorxuram.

- Folkner də “Səs-küy və qəzəb” haqqında deyib ki, bu əsər mənim ən böyük məğlubiyyətimdir.

- Hə, deyib. “Səs-küy və qəzəb” onun ən gözəl romanıdır. Qırx yaşım var, ömrün yarıdan çoxu gedib. Bəlkə mən alındıra bilməmişəm, yaza bilməmişəm. Bəzən fikirləşirəm ki, heç bundan sonra yazmasam da olar. Axı mən az yazmamışam. Esselərim var, tərcümələrim, povest, hekayələrim, romanlarım var.

- Sənin yaradıcılığında diqqəti çəkən xüsusiyyətlərdən biri avtobioqrafikliyə çox meyl eləməyindi. Sən buna necə baxırsan? Hər bir yazıçıda bu instikt var, amma bir dövrdən sonra...

- Mən bundan bacardığım qədər qaçıram, ancaq bir müddət sonra yenə baxıb görürəm ki, yazdıqlarım həddindən artıq avtobioqrafik alınır. Əlbəttə, zəngin həyat yaşamışam. Götürüb bunları olduğu kimi yazmaq yox, tamam başqa bir müstəvidə təqdim etmək olar. Ola bilsin avtobioqrafik yazılara ideya yükləməyi bacarmıram, yəqin yaza bilmirəm, ondandır. Axı mən tamam ayrı şey yazmaq istəyirəm! Avtobioqrafik xüsusiyyətlərin bədii mətnin içində bişməyini istəyirəm.

- Amma sənin axırıncı “Ədəbiyyatın kulisi” kitabın başına gələn, gördüyün hadisələrdir. Olmazdımı ki, öz avtobioqrafik hadisələrini “Ədəbiyyatın kulisi” kimi yazasan, yəni bədii mətn kimi yox, memuar kimi?

- Elə bu “Ədəbiyyatın kulisi” də memuardır. Mən bunu Kulis saytında layihə kimi işləyirdim. Amma sənə deyim ki, bunların bir qismini “Yağ kimi” romanında yazmışam. “Yağ kimi”də uğursuz şairin faciəsini qələmə almışam, bəlkə də uğursuz yox, yaşadığı cəmiyyətdən baş çıxara bilməyən şairin obrazıdır bu.

- Səncə, ən uğurlu əsərin hansıdır?

- Ən uğurlu əsər “Fironun dəftəri”ni hesab edirəm. Bu roman “Yazı” jurnalının üç nömrəsində çap olunub. Orda Misir mifologiyasına göndərmələr var. Musa peyğəmbərlə Fironun hadisəsini başqa cür vermişəm. Bun çox az adam oxuyub.

- Kitab kimi çap etdirməmisən?

- Yox. Məncə, bu əsərimdə müəyyən dərəcədə alındıra bilmişəm.

- Yazıçılar adətən son əsərlərini ən yaxşı əsər hesab edirlər.

- “Yaddaş kartı”, “Yağ kimi və başqa əsərlərimdə bu hissi keçirməmişəm axı. Müəyyən bir müddət keçəndən sonra görmüşəm ki, bu əsərləri alındıra bilməmişəm. Təbii ki, bu mənim fikrimdi. Bəlkə tənqidçilər oxuyub deyəcək ki, “Fironun dəftəri” ən zəif əsərimdi, bilmirəm. Amma mənim fikrimcə bu alınıb.

- “Yağ kimi” romanı “Oxu zalı”nda müzakirə olunmuşdu?

- Onun müzakirəsini keçirmək üçün Rövşən Qəmbərov özü mənə müraciət etmişdi. Mən də razılığımı vermişdim, sonra da nəsə alınmadı. Yeri gəlmişkən deyim ki, ən çox bu roman haqda müsbət fikirlər, rəylər almışam. Zövqünə inandığım adamlar mənə deyiblər ki, sənin ən yaxşı əsərin “Yağ kimi”dir.

- Sən həm şeir, həm də nəsr yazırsan. Adətən əvvəl şeir, sonra nəsr yazırlar. Səndə necədi, bunu davamlı şəkildə necə həyata keçirirsən?

- Şeir məndə köhnə azar kimdir. Mən bir az emosional adamam. Bəzən deyirlər ki, şair Kənan Hacı, mən bunu qətiyyən qəbul etmirəm. Şeirlərimdə öz hisslərimi yazıram. Ovqatdan asılı olan bir şeydir.

- Peşəkar yanaşmırsan?

- Qətiyyən. Mən özümü nasir kimi görmək istəyirəm.

- Bəs yazıçı kimi Azərbaycan ədəbiyyatında kimi özünün ədəbi əcdadı hesab edirsən?

- Bir az çətin sualdır.

- Yaxşı, ən çox sevdiyin yazıçılardan başlayaq.

- Mirzə Cəlil, Yusif Vəzir, Yusif Səmədoğlu, İsi Məlikzadə, Sabir Əhmədlinin adını çəkə bilərəm. Dünya nəsrində də Mopassanın, Cek Londonun, Stefan Sveyqin, Markesin adını çəkə bilərəm. Bunlar fərqli üslublarda yazan yazıçılar olsalar da sevdiyim yazıçılardır.

- Hekayə də yazırsan ,roman da. Mənə maraqlıdır, Kənan Hacı üçün hekayə ilə romanın fərqi nədən ibarətdir?

- Hekayə hekayədir, roman romandır (gülür).

- Bu aydındır.

- Roman yaşanılmış ömürdür, hekayə isə ömrün fraqmentləridir.

- Kənan, bu yaxınlarda səni yenidən Yazıçılar Birliyinə üzv elədilər. Səni tənqid edənlər də oldu, tərəfini tutanlar da. Qırx yaşında yenidən Yazıçılar Birliyinin üzvü olmaq sənə necə təsir elədi? Səni tənqid edənlər də oldu, tərəfini tutanlar da. Bu necə olmuşdu? İki il əvvəl müraciət eləmişdin?

- İki il yox, bir il əvvəl müraciət eləmişdim. Bu yaxınlarda da zəng edib dedilər, Yazıçılar Birliyinin katibliyinin iclasında müzakirə olunacaq. Sonra da mətbuatdan öyrəndim ki, üzvlüyüm bərpa olunub.

- Sənin Yazıçılar Birliyindən çıxmağının səbəbi nə idi?

- 2010-cu ildə çıxdım.

- Sənin adını təqaüdə salmamışdılar, sən də çıxdın?

- Yox təqaüdə görə deyildi, müəyyən səbəblər var idi.

- Ədəbi mühitdə çox olan bir adamsan. Bu yaxında Aydın Məmmədovun Əkrəm Əylisli ilə müsahibəsini verdik. Orda Aydın Məmmədov deyir ki, yazdığım bir tənqidi fikrə, cümləyə görə məni illərlə danışdırmırlar. Mənə elə gəlir ki, bunun səbəbi bir az da bizim ədəbi mühitin çox iç-içə yaşamasıdır. Səncə biz şair yazıçılar çox iç-içə yaşamırıq ki?

- Ədəbiyyatda çevrə məsələsi həmişə olub. Hansısa bir-birinə həmfikir olan yazıçıların bir yerə yığışıb ədəbi söhbət eləməsi normaldır. Nəyə görəsə buna pis baxırlar.

- Sən ədəbi mühitdə həddən artıq çox olursan. Bu ədəbi mühiti necə təsvir edərsən?

- Əlbəttə ki, oxucu üçün yazıçı mühiti cazibədar görünür. Ədəbi mühitin içini müəyyən mənada “Yağ kimi”də də yazmışam. Başqa mühitlərdə olan rəqabət, bir yerə yığışıb alkaşlıq eləmək ədəbi mühitdə də var. Amma belə götürəndə ədəbi mühitin dərinliklərinə endikcə adam ədəbiyyatdan uzaqlaşmaq istəyir.

- Necə?

- Müəyyən şeylər görürsən də, bir-birindin dalınca danışırlar, dünən bir-birini söyürdülər, bu gün qardaş olurlar.

- Bu nəylə bağlıdır?

- Nə bilim, vallah. Heç kəs heç kəsin istedadını əlindən ala bilməz. Bəlkə də insani xislətdir. Adama bilirsən nə təsir edir? Çox üzdə olan adamlar bunu edəndə ikrah hiss doğururlar.

- Bəs ədəbi mühit necə olmaldır?

- İnsanlar içlərindəki kini, xıltı ədəbi mühitə gətirməməlidirlər. Oturub başlayırlar ki, filankəs istedadsızdır. Sənin istedadsız deməyinlə onun istedadı kiçilmir axı. Bir söz var, deyir, yazıçının yazıçını tənqid etməyi düzgün deyil. Ədəbi mühit sağlam olmalıdır.

- Sənin elə bil ədəbi mühitlə bağların daha güclü idi.

- İndi yox, əvvəllər güclü idi. Kənddə yaşadığım vaxtlarda ədəbi mühitdən başqa gedəcək yerim yox idi.

- Ən çox kimlərlə otururdun?

- Vahid Poeziya Evində yığışdığımız günlərdə Zahir Əzəmətlə, Şəriflə daha çox oturub-dururduq. Hətta bir müddət Şəriflə aramızda soyuq müharibə də yaranmışdı. O da müəyyən məsələlərlə bağlı idi. Arada Yafəs Türkəs var idi.

- Yafəs sənin dostun idi də?

- Hə, Yafəslə də münasibətlərimiz olub. Samir Sədaqətoğlu ilə, rəhmətlik Elçin Səlcuqla çox yaxın olmuşuq. Əlisəmid Kür, Mübariz Məsimoğlu çətin məqamlarda mənə mənəvi dayaq olublar.

- “Ədəbiyyatın kulisi” kitabında xatirələr yer alsa da mənə elə gəlir ki, orda ayrı-ayrı adamların psixoloji portretləri, dəqiq eskizlər, cizgilər var. Mənə elə gəlir ki, bu həm də bizim ədəbi mühitin son dövrləri üçün vacib əsərdir. İstərdim ordan maraqlı bir hadisəni danışasan.

- Kərim Nalə adlı şair var idi. 1990-cı illərdə yaradıcılığa başlamışdı. 2000-ci illərə qədər göründü, sonra yoxa çıxdı. Yəqin ki, dünyasını dəyişdi.

- Necə yoxa çıxdı?

- Öldü, deyəsən. Çox pis kökdə, bomj vəziyyətində yaşayırdı.

- Evi yox idi?

- Yox, orda-burda qalırdı. Adama dəli kimi baxırdı, onun baxışları adamı vahimələndirirdi. O vaxt “Azərbaycan” jurnalında və başqa nəşrlərdə şeirləri çap olunurdu. Deyəsən kitabı da çıxmışdı, kitabın adını unutmuşam. Onun haqqında kimsə yazı yazmışdı.

- Murad Kərim Nalə ilə Fikrət Qocanın şeirlərini müqayisə edən yazı yazmışdı.

- Ay sağ ol, doğrudur. Hə, bu Kərim Nalə ilə hər dəfə “28”də metrodan çıxanda rastlaşırdım. Qəribə idi ki, hər dəfə də gəlib məni tapırdı. Deyirdi ki, sən bilirsən Bəxtiyar Vahabzadə mənim şeirlərimi oğurlayıb. Hər dəfə bunu mənə deyirdi. Qəribədir ki, o qədər adamın içində maqnit kimi gəlib məni tapırdı.

- Tanımırdı?

- Nə bilim? Bir dəfə özüm qəsdən ona yaxınlaşdım, ondan yazı yazmaq istəyirdim. Bir xeyli söhbət etdim. Gördüm anlaşılmaz şeylər danışır. Yazı da alınmadı.

- Kitabdakı əhvalatlardan birin danışa bilərsən?

- Yazıçılar Birliyinin yuxarısında bufet var idi. Orda Məleykə xanım adında bir qadın işləyirdi. O vaxt da kasıb vaxtlarımız idi. Rəhmətlik Əliislam Bilalla dedik gedib oturaq qutab yeyək, adama yüz də vuraq. Heç birimizin üstündə pul yox. Üç-dörd nəfər də gəlib bizə qoşuldu, biri kotlet sifariş verdi, o biri araq. Məclisin axırında gördük ki, hamı çıxıb aradan, elə Əliislamla ikimiz qalmışıq. Məclisin pulunu da biz verəsi olduq, hələ deyəsən borclu da qaldıq. Onu kitabda yazmışam.

- Kənan, bu xatirələrə “Yağ kimi”də də toxunmusan. Amma bütün bunları bədii süzgəcdən, idrakdan keçirib yaxşı bir roman yazmaq olar.

- Məni qane etməyən elə odur. “Fironun dəftəri”ndə bu şeylər var. Təkcə ədəbi mühit deyil. Mən iki il Kiyevdə yaşamışam. İki illik Kiyev həyatını bədii süzgəcdən keçirib orda yaşayan azərbaycanlıların gündəlik çörəkpulu uğrunda mübarizə aparmalarını yazmaq olar. Burda sanballı bir romanın mövzusu var. Özü də 91-92 ci illər, çox ağır dövr idi.

- Kənan, mən səni bir on ildi tanıyıram. Sənin həyat fakturası olaraq çox geniş təcrübən var. Yəni elə mövzular var ki, onu ən yaxşı sən bilirsən. Bununla belə mən səni hər dəfə görəndə əlində kitab olur. Bilirəm ki, müntəzəm oxuyursan. Bütün imza günlərində, təqdimatlarında iştirak edirsən. Sənin üçün həyat faktı ilə literaturşinanın nisbəti nə qədərdir?

- Mən həmişə bu bölgünün əleyhinə olmuşam. Bədii mətn mətndirsə, bunun nə dəxli var hardan gəlib? Bu da ustalıq tələb edir.

- Bax, bayaq öz əsərlərini tənqid edib dedin ki, faktura boldu, amma bununla belə səni qane etmir. Sənə elə gəlmirmi ki, sənin əsərlərində literaturşina çatmır?

- Məndə texnarlıq çatmır. Bununla razıyam. “Fironun dəftəri”ndə mən gücüm çatdığı qədər texnarlıq eləməyə çalışmışam. Çox istəyirəm bu romanımı oxusunlar.

# 1497 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #