Ər-arvadın yataq otağının şkafındakı iş adamı

Ər-arvadın yataq otağının şkafındakı iş adamı
24 yanvar 2014
# 12:29

Kulis.az Azad Yaşarın tərcüməsində ispan yazıçı Xuan Xose Milyasın “Görünməyən ziyan” hekayəsini təqdim edir.

Belə-belə işlər. Arvadım və uşaqlarımla bu yaxınlarda məskunlaşdığım özəl evdən iki bina o yandakı evdə bundan düz otuz il öncə mən misilsiz bir eşq macərası yaşamışdım.

O zamanlar mən yaşıdlarımdan seçildiyim üçün öz istədiyim vaxt son dərəcə zəngin olacağıma zərrəcə şübhə bəsləmirdim (və real həyatda bu, elə belə də oldu). Ona görə də öz parlaq gələcəklərinin təmini üçün qan-tər içində çalışan dostlarımdan, tay-tuşlarımdan fərqli olaraq, mən vaxtımı kefim istəyən kimi keçirirdim. Həyat yolunda arxayın irəliləyir, gah bu, gah da o biri işə həvəs salırdım: məsələn, bilyard oynamağı, kokteyl hazırlamağı öyrənirdim və onu da deməliyəm ki, bütün bu vərdişlər sonrakı həyatımda mənim əməlli-başlı dadıma yetişdi.

Belə məşğuliyyətlərimdən biri də boş vaxtlarıma rəng və məna qatmaq üçün univermaqlarda etdiyim xırda oğurluqlar idi. Qalstuk və yaxa sancaqları, qol düymələri, qayışlar, qələmlər, corablar, kitablar, musiqi valları, bəzən hətta bir cüt qış çəkməsi kimi xırda-xuruş sayılan, ancaq aztapılan əşyaları çırpışdırmağı daha qiymətli əşyalardan vacib sayırdım. Həm də bu cür macəralar zamanı hansısa əşyanı ələ keçirmək məni çox da maraqlandırmırdı, çünki sonradan onları ona-buna paylayırdım. Məndən ötrü önəmli olan - risk idi, qanun və yasaqlara meydan oxumaq idi, qarışqa kimi qaynaşan və qucaqları paketlərlə dolu yüzlərlə insanın vətəni sayılan güclü bir imperiyaya öz kiçik istedadımı sərgiləmək idi.

Lift şaxtaları və eskalatorların qurulduğu qalereyaları dolaşdığım anlarda özümü çevrəmdəki insanlardan, bazar qanunlarının əsirinə çevrilən kişi, qadın və uşaqlardan çox-çox uzaqlarda hiss edirdim. Malları və onların qiymətlərini nəzərdən keçirərkən onların üzündəki sonsuz heyranlığı heç cür anlaya bilmirdim: axı, bu cür avaragor malları doğrudanmı kim isə bəyə­nir?! Hələ bu bir yana, onlara bir ətək pul verir?! Şəxsən mənə qalsa, əgər bir mal çox döşünə yatıbsa, onu əldə etmək üçün daha əziyyətsiz bir yol tapmaq başlıca şərtdir.

Bəli, bəli, bu barədə mən başqalarına bənzəmirəm və arzuladığım nemətə canıma zillət eləmədən yiyə­lə­nirəm. Məsələyə bu cür sərbəst yanaşmam üzündən mənimlə çevrəmdəkilər arasında adətən bəlli bir yadlaşma yarandığından qarşılıqlı etimaddan söz belə gedə bilməz. Yadımdadır, vaxtilə sinif yoldaşlarım məzəli lələkləri olan qələmlər üçün sinov gedirdilər. Arzu etdikləri o əşyanı ala bilmək üçün onların aylarla pul yığdıqlarını eşidəndə çaşıb, qalırdım ki, niyə bütün bu müddətdə onlar başqa şeyə meyl salmayıblar?! Mən isə mane tanımadan davranırdım: şənbə günü univermağa yollanır və elə bir qələmi çırpışdırırdım. Bu cür davranış çoxlarına təhlükəli görünə bilər, ancaq sizi inandırıram ki, onlar yanılırlar və ən azından mənimlə bağlı bu, belədir. Hər şeyin xoşluqla ötüb-keçəcəyinə mən həmişə dərin ümidlər bəsləmişəm və həqiqətən də, indiyədək tale məni həmişə naxoş sürprizlərdən qoruyub.

Bununla yanaşı, bir kərə, lap sütül çağlarımda iri bir univermağın ikinci mərtəbəsində başıma qəribə bir macəra gəldi. Əkişdirdiyim qalstuk sancağını elə təzəcə cibimə dürtmüşdüm ki, boynumun ardında kiminsə kəskin baxışlarını hiss edib, özümü yığışdırdım. Geri qanrıldığımda boz kostyum geyinmiş, adi bir hərif gör­düm. Eynəyin qalın çərçivəsinin ardından baxan gözləri mənim hər hərəkətimi izləməkdə idi. «Çox yəqin bu, nəzarətçidir», - deyə qət elədim və səssiz-səmirsiz aradan sivişməyə hazırlaşdım.

Ancaq o gözlüklü hərif də az aşın duzu deyildi, çoxsaylı alıcıların diqqətini cəlb etməməklə o, məni hər yerdə qarabaqara izləyirdi. Santexnika bölümündə ondan birtəhər qurtulsam da, iki dəqiqə sonra onun silueti vanna üçün sintetik pərdənin ardında peyda oldu. Məni yaxalamaq hər oğulun işi deyildi, ona görə də hər iki divarından xalıların asıldığı ensiz dəhlizlə qaçıb, özümü mebel bölümünə saldım. Orada qəliz konstruksiyaya malik, üçqapılı, iri qarderob vardı və mən çox düşünüb-daşınmadan, həm də öz mənzilimə girərmiş kimi özümü onun içinə atdım.

Şkafın içində bir neçə qaranlıq bölüm vardı və bunların arasında keçidlər nəzərdə tutulmuşdu. Həmin keçidlər sayəsində bayırdakı anlaşılmaz səslər bir müddət havada asılandan sonra bölmə divarlarında əks-səda yaradır, bunun ardınca zəifləyərək, döşəməyə enirdilər. Buna rəğmən, taxta qapıların ardında sakitlik və rahatlıq hökm sürürdü, şkafın divarları məni bayırda qaynaşan çılğın camaatdan ayırırdı.

Öz yeni sığınacağımın akustik və optik özəlliklərini araşdırdığım üçün həyatımdan xeyli məmnun idim. Bu ara şkaf yırğalandı və bayır tərəfdən eşitdiyim danışıqlardan məlum oldu ki, onu harayasa daşımağa hazırlaşırlar.

Sonra yükdaşıyanların hay-küyü eşidildi, ayağımın altından yer qaçdı, içində bulunduğum qarderob yana əyiləndə təlaşdan nəfəsim təngləşdi, səksəndim və yalnız onda anladım ki, biz artıq yük maşınındayıq və bilinməz istiqamətdə yol gedirik. Motorun gurultusunda güclə sezilən söhbətdən anladım ki, kuzovdayam və ən azı iki fəhlə yükü müşayiət edir. Çevrədəki dünya ilə heç bir əlaqəm olmadığından bu səfərin nə qədər sürdüyünü heç cür söyləyə bilmərəm. Maşın dayananda təkrar şkaf silkələnməyə başladı və fəhlələrin hay-huyu eşidildi.

Kişilərin bu dəfəki hay-küyünə bir qadın səsi də qoşulmuşdu: görünür, ev sahibəsi yükdaşıyanlara tinləri ehtiyatla keçmək və qapı kənarlarını zədələməmək barədə öz göstərişlərini verirdi. Bir-iki sərt silkələnmə sonrası, axır ki, şkaf gərəkli yerə qoyuldu və bunun ardınca səslər əvvəlcə uzaqlaşdı, sonra isə tamam kəsildi.

Düşündüm ki, hə-ə, artıq aradan sivişmək vaxtım yetişib, qapını açdım və dəlikdən baxınca, ciddi üslubda və zövqlə döşənmiş bir yataq otağında olduğumu anladım. Elə həmin an bütün vücudumda ehtiras dolu gizilti dolaşdı: səbəbini özüm də bilmədən qarşıda məni gözləyən və hələlik dumanlı erotik səhnələri izləmək xəyalı ilə tez-tələsik qapını örtüb, şkafın qaranlıq küncünə çəkildim: həmin an özümü nəhəng bədəndəki gizli tromb kimi hiss etməkdəydim.

Hər şeyə rəğmən, bayıra çıxmam mənə təkrar zaman hissi aşıladı. Təxminən on dəqiqə sonra yaxınlıqda eşidilən xəfif ayaq səsləri mənim içimə qapılmama mane oldu və mən məcburən özümü onsuz da qəliz konstruksiyaya malik bu qarderobun nisbətən uzaq küncünə qısıldım. Budur, orta qapı açıldı və ev sahibə­sinin üzü yaranan boşluqda peyda oldu: onun gur saçları və yetərincə gözəl bir profilə sahib olduğunu sezə bildim. Bir anlığına qeybə çəkilən qadının üzü az sonra təkrar orada göründü. Onun üzük və qolbaq taxılma­yan incə, zərif əli içəriyə doğru uzandı: qaranlıq şkafı boydan-boya bölüb keçən boruya o, kostyum asılmış asqını taxdı.

Orta bölüm tamamilə dolanda ev sahibəsi mənim sığındığım yan bölümün qapısını açmalı oldu. Tək çarəm – divara söykənmək idi, yoxsa onun zərif əli mənə toxunacaqdı. Bu dəfə o, özünün ipəkdən tikilən uzun paltarını şkafdan asdı: zərif parça nəfəsimin təsirindən dalğalandıqca ona vurulan süni ətirlərin və təbii insan bədəninin qoxusunu ciyərlərimə çəkirdim. Bayaq sözünü etdiyim o şəhvət duyğusu bütün varlığımı bürüyürdü. Bir neçə dəqiqədən sonra şkafda boş yer qalmadı və mən təkrar hüzurverici bir qaranlığa gömüldüm: sadəcə bu qaranlıq əvvəlkindən fərqli olaraq, cürbəcür pal-paltarın asıldığı asqılarla müəyyən bölmələrə ayrılmışdı. Öz küncümdə səssiz-səmirsiz oturub, paltarlardan birinin ətəyini sığallayır, hələlik sadəcə əllərini və saçını görə bildiyim o qadının surətini xəyalımda canlandırmağa çalışırdım. Şaha qalxan xəyalımda geniş sağrısı, zərif döşləri və mütənasib biçimli sifətində isə qara gözləri və koppuş dodaqları diqqəti çəkən ortaboylu bir qadın canlanırdı o ara. Bu canalıcı dilbərin bütün cizgilərini gözlərim önündə canlandırınca hönkürməkdən özümü güclə saxladım, çünki heç tanımadığım bu qadına içimdə sonsuz sevgi bəsləməyə başlamışdım.

Zaman axıb gedirdi və mən nəyi necə edəcəyimə hələlik qərar verməmişdim. Axşam, təxminən saat yeddi ilə on arasında (mən şkafda gizlənəndə saat ən azı beş olardı) bayırda təkrar ayaq səsləri və hənirti eşidildi. Ev sahibəsi əriylə birlikdə yataq otağına girdi: hər halda kişi təzəcə işdən dönmüşdü. Sonrakı bir neçə dəqiqə ərzində mən təzə şkafın rahatlığı və gözəlliyi barədə qadının açıqlamalarına qulaq şahidi oldum. Əri bütün bunları candərdi dinləyir və ağızucu cavablar verirdi.

Sonra onlar otağı tərk etdilər və çox yəqin şam yeməyi üçün mətbəxə yollandılar. İki saat sonra yataq otağına döndüklərində mən əvvəlcə paltarların xışıltısını, ardından isə çarpayının cırıltısını eşitdim. Qadın söhbətləşmək üçün bir neçə cəhd etsə də, bunlar boşa çıxdı. Onun söylədiklərinə həvəssiz cavab verən kişi az sonra radionu açdı. Daha sonra maraqlı bir şey baş vermədiyindən mən öz küncümdə yerimi rahatlayıb, tezliklə yuxuya getdim. Zəngli saatın səsinə yuxudan ayılanda günün hansı vaxtı olduğundan bixəbər idim. O andan etibarən otaqda xışıltı və cırıltı səsləri eşidildi, yaxınlaşan ayaq səslərini duyunca, yaxşı ki, qarderobun iç tərəflərinə çəkilmişdim, çünki sonrakı on dəqiqə ərzində qapını bir neçə dəfə açıb-örtdülər.

Ən nəhayət, haradasa uzaqlarda qapı çırpıldı və sükut bu evə hakim kəsildi, «Yəni işə getdilər» - deyə düşündüm və heç çəkinib-eləmədən şkafdan bayıra çıxdım. Saatlar doqquzun yarısını göstərirdi və mənzildə bir kimsə yox idi. Tələsmədən bütün otaqları gəzib-dolaşdım, evdəki şəraitlərinə görə bu adamların kim və nəçi ola biləcəklərini anlamağa cəhd eləsəm də, diqqətçəkən bir şey sezmədim. Bu ikili birmərtəbəli evdə məskunlaşan, adi ər-arvad imiş. Pəncərədən açılan mənzərəni nəzərə alsaq, evləri şəhərkənarında bir yerdəydi (hazırda həmin səmt son dərəcə bahalı bir rayon sayılır və şəxsən mənim orada bir neçə mülküm var).

Ancaq şkafın sahibi o dilbər isə hədsiz gözəl qadın imiş, hətta mənim xəyal etdiyimdən də qat-qat gözəl. Qonaq otağındakı fotosuna nəzər yetirən kimi mən bunun fərqinə vardım və ona bəslədiyim sevgi daha da alovlandı. Bu durum onun əri sayılan o gönüqalın hərifə dərin nifrət bəsləməmə səbəb verdi.

Az sonra aclıq mənə güc gəlincə mətbəxə baş çəkəsi oldum. Soyuducuda ürəyin istəyən hər şey vardı: çeşid-çeşid kolbasalar və pendirlər. Öz evimdəymişəm kimi qəhvə dəmlədim, gen-bol qəhvəaltı edərkən onu da gözə aldım ki, bu gecəni də şkafda keçirəsi olsam, şam yeməyinə imkan olmayacaq. Kəmərin altını bərkidəndən sonra qab-qacağı, hətta ev sahiblərinin şam və səhər yeməklərindən qalanları da yudum. Qo­naq otağındakı rahat divanda bir az mürgülədim, hansısa casus romanını oxumağa girişdiyimdən başım elə qarışdı ki, bir neçə saatın necə ötdüyünü heç hiss eləmədim.

Saat dördə yaxın giriş qapısına taxılan açarın səsini eşitcək, şkafa girdim.

Beləcə, günlər bir-birini əvəz elədi. Bu ərlə arvadın həyatı bəlli bir axara malik olduğundan ona uyğunlaşmam mənə çox da çətin gəlmədi. Axşamları evdə keçirən qadın ya ev işləriylə məşğul olar, ya da çarpayısının başucundakı telefonla anasıyla danışardı. Şam yeməyinə doğru əri evə dönərdi və az sonra yatağa girən bu ikili gündəlik qayğıları barədə üç-beş kəlmə kəsər, bir az radio dinləməklə yetinərdi.

Onların bu cür yaşam tərzinə tezliklə alışdım. Səhərlər şkafdan çıxıb, özümü qaydaya salırdım, səhər yeməyindən sonra divanda uzanıb, kitab oxuyurdum. Mətbəxdə qalaqlanan qab-qaşığı yuyub, tozsoranla evi təmizləyirdim. Günaşırı ora-buranın tozunu da alırdım ki, bu iş özünə çox da diqqət çəkməsin. Tezliklə ev sahibəsi mənzilində anlaşılmaz nələrinsə baş verdiyinin fərqinə vardı və bir axşam yatmazdan öncə ərindən soruşdu:

- Hərdən mənə elə gəlir ki, gözəgörünməz bir qüvvə vaxtaşırı bizim qayğımıza qalır.

Həmişəki kimi üz-gözündən laqeydlik yağan əri dilləndi:

- Özündən nələrsə uydurma.

Qadın sözünün ardını gətirdi:

- Hətta bəzən mən o qüvvənin mən doğulandan sonra ölən qardaşım olduğunu da düşünürəm, - dedi və aldığı cavab:

- Sənin ağlın çaşıb! - oldu.

Sabahısı gün bununla bağlı ehtimallarını anasıyla telefon söhbəti zamanı dilə gətirdi. Hər halda anasının bu məsələyə yanaşımı ərininkindən əsla fərqlənmədiyi üçün qadın söhbətin mövzusunu əlüstü dəyişdirdi, sanki o özünün yersiz sözlər danışdığından artıq tam əmin olmuşdu. Bu qəribə qənaətini zavallı qadın bir daha heç kəslə bölüşməsə də, hər gün ləziz xörəklər bişirib, onları mətbəxin ən gözəgəlimli yerində qoymağa başladı. Mən isə bu yeməkləri son qırıntısına qədər gözümə təpərdim, iştahım küsəndə isə qabda qalanları unitaza boşaldırdım ki, mənim zəhmətimə qadının verdiyi dəyər qarşılıqsız qalmasın.

Xidmətlər qarşılığında bir-birimizə verdiyimiz «ziyafətlər»in gur vaxtında qadının ərini işdən ezamiyyətə göndərdilər.

O gecə sevgi ilə ehtirasın, daha doğrusu, bunların anlaşılmaz və sirli qarışımı mənə gözlərimi yummağa imkan vermədi. Şkafdan çıxmağa cürətimi toplamam uzun zaman tələb etsə də, mən öz «mağaramı» səssiz­cə tərk elədim. Ehmalca mələfənin altına girərək, mən o yatan qadını qəribə həsrət və zərifliklə oxşamağa başladım: adətən ahıl insanlar öz uşaqlıq çağlarıyla bağlı xatirələri yaddaşlarında bu cür həssasiyyətlə oxşa­yırlar. Qadın dirənmədi, sadəcə donub qaldı və ah çəkdi. O an mənə elə gəldi ki, onun bu tər və ələyatımlı bədəninin bütün hüceyrələri, eynilə sirli bir mağaranın qübbəsi və ya əl boyda bir quşun lələkləri qədər yumşaqdı, sıcaqdı. Onun bədəninin hər qarışını incələdim, qoxusunu, təmaslarını, incəliyini və şəhdi-şirəsini doyunca dadandan sonra sevgilimi qollarım üstə alıb, şkafa tərəf apardım. Qapını açdığım an birlik­də qarşımızdakı uçurumun, boşluğun qoynuna yuvarlandıq: orada ikimizin çığırtısından başqa heç nə yox idi. Var olan bir taxta divarlardan dönən əks-səda idi, bir də paltarların bəzən qorxunc, bəzən hüzurverici xışıltısı.

Yarıaçıq dodaqlarımızdan tək kəlmə də qopmadı, əllərimizin təmas etdiyi yerləri baxışlarımız seçə bilmirdi, ən ağlagəlməz biçimlərdə bir-birinə sarılan vücudlarımız əbədi ehtirasın qəliz fiqurlarını xatırladırdılar o ara.

Ən nəhayət, uyuyan ehtiraslar öz yerini nəvazişə verdi. Bu nəvazişlərdən ətrafa budağından təzəcə qoparılan yarpağın zərif ətri yayılırdı sanki. Mən öz taxta «məbədimin» qapılarını açdım, təkrar qollarım üstə aldığım qadını aparıb, yatağına uzatdım. Sevişdiyimiz zaman cırılan qısa gecə paltarını da böyrünə qoyandan sonra qarderobuma qayıtdım. Necə dərin yuxuya getmişdimsə, heç zəngli saatın da səsini eşitməmişdim. Xeyli gec oyandığım zaman özümdən çox razı idim. Odur ki, vanna otağındakı kafelləri uzun-uzadı təmizlədim, çünki çoxdan bəri onlara əl gəzdirən olmamışdı. Gecə təkrar öz sığınacağımı tərk elədim və hər şey yenidən başlandı.

İndi mən varlı-hallı bir iş adamıyam, oğul-uşaq sahibiyəm, bəxtəvər sayılacaq birisiyəm. Ən azından ətrafımdakıların gözündə və dəyərlər şkalasına görə bunu əminliklə söyləmək mümkündür. Ancaq, çox təəssüf ki, mən nə şairəm, nə yazıçıyam, nə də filosof. Yoxsa həmin o gecələrin mənim qəlbimdə, həyat yolumda buraxdığı izləri təfərrüatına qədər qələmə alardım. Bircə məqamı dəqiq bilirəm: o vaxtdan etibarən mən öz sevgi macəralarımı məhz o gecələrdə qazandığım təcrübəyə uyğun qurmuşam və elə bir gün olmayıb ki, gönüqalın əri ezamiyyətdən dönəndən sonra evini tərk etməli olduğum o gözəl dilbəri xatırlamayım.

Keçmişdə qalan o macəra bu və ya digər şəkildə mənim xasiyyətimi xeyli dəyişdirdi: qəlbləri gözəgö­rün­məz yara və ya sezilməz zərər görən insanlar kimi mənim də içimə kədər və qüssə dumanı çöküb, çünki o cür zərərin ağrısını az da olsa xəfiflətməyə olsa-olsa ölüm qadirdir. Son vaxtlar yığdığım sərvətə vaxtilə o evin yerləşdiyi məhəlləni tamamilə satın ala bilərəm. İndi mən orada sığındığım o şkafı birə-bir təkrarlayan nəhəng, həm də qranitdən bir abidə ucaltmaq arzusundayam. Əgər o dilbər hələ həyatdadırsa, məsələnin mahiyyətini mütləq anlayacaq və eynilə mənim kimi, öz qaçılmaz sonunu həsrətlə gözləyəcəkdir.

https://www.facebook.com/azadyasharofficial

# 3714 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #