Firudin bəy Köçərlinin zərif can dediyi şairə

Firudin bəy Köçərlinin zərif can dediyi şairə
22 oktyabr 2013
# 07:45

Dövrünün ziyalıları ona ağlına, dərrakəsinə görə dərin ehtiram bəsləyər, “ Mirzə Fatma xanım” – deyə, müraciət edərdilər. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kitabında bu xanımın şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirərək onu “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” adlandırmışdı:

“...Həqiqətdə çox gözəl, zərif bir can idi və zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi-əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayim və xoşrəftar bir nadireyi-zəmanə idi”.

O, Xurşidbanu Natəvanın yaxın rəfiqəsi olub.

Natəvanın yazdığı məşhur “Ölürəm ” rədifli qəzəlinin kədərli misraları şairənin qəlbini kövrəldib:

Varımdı sinədə dərdü qəmi-nəhan ölürəm,

Fəda olum sənə, gəl, eylə imtəhan ölürəm.

O, rəfiqəsinə, sənət dostuna üzünü tutaraq yazmışdı:

Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!

Bu dərdə carə edər visləti-həbib, ölmə!

Visalə talib olan aşiqə bəla yetişur,

Fəraqə səbr elə, sən munca bişəkib, ölmə!

Xəyali-zulf səni xeyli natəvan edəcək,

Səni məriz edər cesmi-dilfərib, ölmə!

Fəğanu nalə cəkib, qılma hicrdən şikvə,

Budur uınid, sənə vəsl ola nəsib, ölmə!

Demə vətəndə mənə bir ənisu munis yox,

Sənə ənis qəmi-eşqdir, qərib, ölmə!

Qiyam qılmasa gər, sərvqəddu siməndam

Ki, ruzi-həşr sənə olmaz ənqərib, ölmə!

Şikayət etmə, Kəminə, rəqib cövrundən,

Kəməndi-hicrə duşəp, sən kimi, rəqib, ölmə!

Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində “Qafqaz qitəsinin Şirazı mənziləsində” (F.Köçərli) belə bir ziyalı ocağında - Mirzə Bəybaba Tahirzadənin ailəsində dünyaya gəlib. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Şairənin ilk sənət müəllimi də elə atası olub.

Fatma xanım kiçik yaşlarından mollaxana təhsili alıb, fars dilini mükəmməl öyrənib, sonralar təhsilini artırmaq üçün Türkiyəyə gedib, bir neçə il İstanbulda oxuyub.

Fatma xanım Kəminə klassik Azərbaycan, fars və cığatay (özbək) poeziyasının ənənələri əsasında öz poetik dəsti-xəttini formalaşdırmış, ilk növbədə Füzuli lirikasının təsirilə yaradıcılığa başlamışdır.

Onun qəzəllərinin məzmun və formasının müəyyənləşməsində fəal iştirakçısı olduğu “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin, bu məclislərdə toplaşan Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəim Fəna və başqa Qarabağ şairlərinin mühüm rolu olmuşdur. Fatma xanım öz qəzəllərində sənət dostlarını həmişə minnətdarlıq hissi ilə yad edir, onlarla keçirdiyi dəqiqələri ömrünün ən məsud anları sayırdı.

Kəminənin poetik yaradıcılığı əsasən qəzəllərdən ibarətdir. Azərbaycan və fars dillərində qələmə aldığı bu əsərlərdə şairə klassik Şərq poeziyasının ənənəvi mövzularından kənara çıxmasa da, burada özünəməxsus qəlb dünyasını yarada bilmişdir.

Cana, bu nə cadudur, qaşu göz arasında,

Nitqim tutulur görcək hərdəm, soz arasında.

Gər gorsə Zuleyxavu Yusif səni bəzmində,

Məbhut qalar onlar yuz min qız arasında.

İnnab ləbin, cana, təşbih edib aşiqlər,

Nar danəsidir, guya, duşmuş buz arasında.

Ey dil, eləmə artıq nalən yerinə yetdi,

Saldın özün odlara, yandın köz arasında.

Əhdində vəfa varsa, məbhut nə durmuşsan?

Var küyə, yügür-yort ta canın öz arasında.

Xuni-cigərim gözdən ol qədr rəvan olmuş,

Laf etmə, Kəminə, cox, gül tək üz arasında.

Fatma xanım Kəminənin qəzəllərində məhəbbət və gözəllik tərənnüm olunur, insanı ucaldan hisslər vəsv edilir. Onun məhəbbətdən bəhs edən qəzəlləri hisslərin təbiiliyi və dərinliyi, arzuların romantik vüsəti ilə yaddaşlara hopur.

Zülfün düşəndə gəc üzə əsla əcəb deyil,

Gənc üzrə pasiban qoyulur şahmardan.

Bu lakonik beytdə şairə orijinal təşbihlər vasitəsi ilə həyati və real bir mənzərə yaradır. Gözəlin sifətinə düşən saçı xəzinə üstündə yatan ilana bənzədilir.

Kəminə sənətinin gözəlliyi, zərifliyi ondan ibarətdir ki, o, klassik ədəbi irsə həmişə sadiq qalmış, əsərlərinin mayasını məhz klassika ilə yoğurmuşdur. O, əsərlərində bədii təsvir vasitələrindən məharətlə istifadə etməklə yanaşı, şifahi xalq ədəbiyyatından, folklor, əsatir. Atalar məsəllərindən bəhrələnib, yeri gəldikdə onlardan istifadə etmişdir.

Təzkirəçilərin verdiyi məlumata görə, Fatma xanımın divanı da olmuşdur. M.Müctəhidzadə “Riyazül-aşiqin” əsərində Fatma xanım Kəminəyə yüksək qiymət verərək, onu Məhsəti, Nigar xanım, Nurcahan bəyim kimi şairələrlə bərabər tutmuşdur. Bununla yanaşı, onun divanı olduğunu və bu divanı şəxsən özü gördüyünü də qeyd etmişdir.

Şuşa şairlərindən İsgəndər Rüstəmbəyov da Kəminənin divanı olduğunu təsdiq edib. O göstərir ki, hələ 1883-cü ildə Kəminə öz divanını “oxuyub feyziyab olmaq üçün bəylərə göndərmişdir.” Bəylər onun divanını oxuduqdan sonra Kəminəyə öz fikirlərini bildirmək qərarına gəlmiş və bu iş Süleyman bəy adlı bir şairə həvalə olunmuşdur. O da öz növbəsində:

Ey şairə, ərbabi-süxən, ismi Kəminə,

Fəxrüşşüərasan, sənə yox burda qərinə-

mətləli qəzəlini yazmışdır.

Fatma xanım Kəminə Şuşada böyük nüfuza malik idi. O, kişilərin iştirak etdiyi məclisdə təkcə üzüaçıq oturmaqla kifayətlənməzdi, həm də yeri gələndə öz fikrini, öz sözünü sonadək qətiyyətlə müdafiə edə bilirdi.

19-cu əsr Qarabağ şairlərinin görkəmli nümayəndəsi M.M.Nəvvab da Fatma xanım Kəminə haqqında həmişə yüksək fikirdə olmuş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir. Fatma xanımın “Məclisi-fəramuşan”a gəlməsi münasibətilə onun yazdığı şeir bunu bir daha təsdiq edir. Bu şeirdə nəvvab, onun gəlişilə məclis üzvlərinə böyük şadlıq üz verdiyini və onların sevincinin həddi-hüdudu olmadığını çatdırmışdı:

...Gül kimi başdan-başa açıldılar, elə şad oldular ki,

Sən deyərdin isgəndər üçün həyat suyu gəldi.

Qarabağın başqa bir məşhur şairi Məmo bəy Məmai də Kəminəyə yüksək qiymət verərək bayram günü münasibətilə ona həsr etdiyi şeirində deyir:

Sənin şeirlərinin şirinliyibilirsənmi nədir?

Ləl dodaqdan süzülən ənnab şəkəridir.

Fatma xanım Kəminənin əsərlərinin bir hissəsini də fars dilində yazdığı qəzəllər təşkil edir. Onun qəzəllərini farscadan tərcümə edən M.Sultanov bildirib ki, Fatma xanım Kəminə fars bədii dilinə çox dərindən bələd olub. Bu səbəbdən də yazdığı saqinamə və qəzəllərinin əksəriyyəti fars şairlərinin əsərlərindən üstündür.

Fatma xanım əsərlərində ictimai motivlərə də yer verib. O, zəmanədən, dövrandan şikayət edib:

Cövrünlə şikayət eləməz bil ki, Kəminə,

Əldən salıb hər ləhzə onu cövrü-zəmanə.

Uzun illər dillər əzbəri olan şifahi xalq ədəbiyyatının nümunəsi kimi təqdim edilən bir qoşma var ki, məhz onun da müəllifi Fatma xanım Kəminədir:

Ay ağalar, bir tərlanım uçubdur,

Sağ əlimdən sol əlimə alınca.

Onu tutan xeyrin-bəhrin görməsin,

Mən fəqirin naləsi var dalınca.

Fatma xanım Kəminə Qarabağın Saracıq kəndindən olan Sadıq bəy Mirzeynal oğluna ərə getmiş, beş övlad dünyaya gətirmişdir. O, ömrünün sonlarında iflic xəstəliyinə tutulmuş və 1898-ci ilin sentyabrında Şuşada vəfat etmişdir.

Sairin müxtəlif cunglərdə və əlyazma kitablarında qorunub saxlanan əsərlərini Əzizə Cəfərzadə toplayaraq 1971-ci ildə "Gənclik" nəşriyyatında çap etdirmişdir.

Mənbə:

“Ədəbiyyat və İncəsənət” qəzeti, 1972, 26 avqust.

“Ədəbiyyat” qəzeti, 1992, 3 yanvar.

“Elm və həyat” jurnalı, 1981, 1.

“Soy” dərgisi, 2007, 1.

Zivər Ay

# 3612 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #