“Mirzə Cəlil dinin özünə qarşı idi” MÜSAHİBƏ

“Mirzə Cəlil dinin özünə qarşı idi” MÜSAHİBƏ
21 sentyabr 2013
# 08:00

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz tanınmış yazıçı Şərif Ağayardır. Şərif Ağayarın ən sevdiyi əsər Cəlil Məmmədquluzadənin “Usta Zeynal” hekayəsidir.

- Cəlil Məmmədquluzadənin “Usta Zeynal” hekayəsi hansı xüsusiyyətlərinə görə sənin sevimli əsərindir?

- Əvvəla onu deyim ki, mənim üçün “ən çox sevdiyin əsər və ya kitab hansıdır” tipli suallara verilən cavablar şərtidir. Sevdiyim kitablar və yazıçılar çoxdur. Hərəsini bir və ya bir neçə xüsusiyyətinə görə sevirəm. Mirzə Cəlilin “Usta Zeynal” hekayəsi sevdiyim xüsusiyyətlərinin çoxluğuna görə siyahımda birinci gəlir. Bu hekayədə heç bir sujet yoxdur; ustanı çağırırlar ki, evi təmir eləsin, o da edə bilmir, iş yarımçıq qalır. Dediyimdən özgə hadisə baş vermir, əsərdə konflikt yoxdur. Amma biz hekayəni maraqla oxuyuruq. Məşhur ifadədə deyildiyi kimi, “ədəbiyyat nəyi yazmaq yox, necə yazmaq məsələsidir!” Bu baxımdan “Usta Zeynal” misal çəkə biləcəyimiz birinci əsərdir. Usta Zeynalın çubuq çəkməyi, “Qurban kəc ver” deməyi, hərəkətləri, düşüncələri əsərdə elə canlı və ustalıqla yaradılıb ki, oxucu heyrət eləməyə bilmir. Etiraf edim ki, “Usta Zeynal” hekayəsini sonuncu dəfə oxuyanda gülüş krizinə düşdüm, hekayədəki ironiya, sarkazmın gücü, ağrının gülüşlə ifadəsi və ən əsası həmin dövrü bu cür ustalıqla qələmə almaq çox unikal ədəbi hadisədir. Əsər 1905-ci ildə Tiflisdə qələmə alınıb, onda Mirzə Cəlil 39 yaşı vardı. Yaş da imkan verirdi ki, öz dövrünü sərraf gözündə çəkib təqdim etsin. Bir dəfə mərhum yazıçı Mehdi Bəyazid Dostoyevskinin “Cinayət və cəza” romanı haqda danışarkən dedi ki, bir cavan oğlan əlinə balta alıb qoca bir qadını öldürməyə gedir, oxucu nəkarədir, onun arxasınca düşməsin?! “Usta Zeynal” hekayəsində bu cür insanı arxasınca apara biləcək sujet, konflikt yoxdur, amma biz əsəri heyrətamiz maraqla oxuya bilirik. Bu, artıq yazıçının fenomenal qabiliyyətidir.

- Əsərdə heç bir hadisənin baş verməməyi, zənnimcə, həm də o dövrdə Azərbaycanın sükunətdə olduğuna bir işarə idi.

- Bəli, bu da əsərin başqa bir məziyyətidir. Azərbaycan Sankt-Peterburqdan idarə olunan əyalət idi, azərbaycanlıları hərbi xidmətə çağırmırdılar, məktəblər yox idi. “Usta Zeynal” həm də siz deyən sükutla Azərbaycanın kiçik modeli idi. Diqqətlə oxuyanda anlayırsan ki, hekayə bu günə də çox ciddi mesajlar ötürür. Bizim demokratiya və Qarabağ arzularımız Usta Zeynalın evi təmir etməyinə çox bənzəyir. Bu mənada Mirzə Cəlilin mövzu aktuallığı ilbəil daha da parlaqlaşır. Yeri gəlmişkən, bu əsəri seçməyimin bir əsas səbəbi də bu günümüzlə əlaqəli olmasıdır. Əsərin əvvəlində erməni Akop başqa bir usta axtarır, ancaq məlum olur ki, usta başqa yerə işləməyə gedib. O, ustanı evindən çağıranda, ayaqyalın bir qadın çıxır çölə və cavab verir ki, usta evdə yoxdur. Mirzə Cəlil qadının ayaqyalın olduğunu xüsusilə qeyd edir. Bu kinematoqrafik bir detal idi. Məhz əsl yazıçı belə bir unikal detalın fərqinə vara bilərdi. Bu vizual elementlə o, dövrün insanının, Azərbaycan qadınının vəziyyətini məcazlaşdırırdı. Digər bir sirli məqam Akopun oxumuş oğlu ilə Usta Zeynalın yeddinci sinfəcən mədrəsə dərsi alan və “Sədi Şirazinin “Gülüstan” əsərini yeddinci babına qədər” oxuyan mərhum qardaşı oğlunun müqayisəsidir. Usta Zeynalın dilindən Mirzə Cəlil həmin oxumuş uşağın öldüyünü bildirməklə bir azərbaycanlının xətti və savadı ilə fəxr edəcəyi adamın bu dünyada olmadığını göstərir. Azərbaycanlının gələcəyinə inandığı adam, yəni o gələcəyin özü ölüb artıq, bu dünyada yoxdur.

- Hekayədə bir parodoks var: adətən, bu tipli xırda ustalıq işləri ermənilərə xasdır. O vaxtlar Qarabağda erməniləri belə xırda-para usta işlərinə çağırıb işlədirmişlər. Amma Mirzə Cəlil əsərdə Usta Zeynalı usta kimi erməni evində “işlədir”. Səncə, bu paradoks, əsərdə hansı qatların açılmasına xidmət edir?

- Ermənilər hətta son illərə qədər ustalıqla məşğul olurdular. Onlar, etiraf edək ki, zəhmətkeş xalqdır. Bunu az-çox erməniləri tanıyan biri kimi deyirəm. Qarabağda varlı ermənilər də çox olub. Biz tərəflərdən erməni sovxozlarına, kolxozlarına işə gedib varlanan çoxlu adamlar tanıyıram. Məncə realist yazıçı burda öz üslubuna sadiqdir. Həmin dövrlərdə cənubdan gəlib quzey Azərbaycanda işləyən çoxlu adamlar vardı. Səməd Vurğunun “26-lar” poemasını yadınıza salın... Hambalın təsvirini... “Atıb külfətini gəlmiş İrandan!” Eyni zamanda əsərin yazılma tarixinə diqqət edin: 1905. Erməni-azərbaycanlı savaşı... Mirzə Cəlil tədbirli və oğlu Rusiyada (!) dünyəvi təhsil alan ermənini Usta Zeynala qarşı qoymaqla bugünkü günümüzü rahatca ifadə edib. Mesaj budur: uduzacaqsız!

- Əsərdə Usta Zeynalın xarakterindəki anlaşılmazlıq da oxucunu təəccübləndirir. Qəribədir ki, onun düşüncəsinə görə erməni Akopun evində işləmək günah deyil, amma küpəsindən istifadə etmək murdarlıqdır.

- Belə fikirlər, əsərdə bir çox yerdə özünü göstərir. Ümumilikdə, Usta Zeynalın cəhənnəmlə, həyatla bağlı düşüncələrində ciddi sarkazm var. Orasını da deyim ki, Sabirin bir çox şeirlərini Mirzə Cəlilin hekayə və felyetonlarının özəti hesab etmək olar. Bu mənada aşağıdakı misranı “Usta Zeynal”a epiqraf vermək olar: “Aşiqik ancaq quru, boş söhbətə...” Əsərin əvvəlində Usta Zeynal çubuq yandırıb əyləşir və Akopa cürbəcür suallar verir; “Sizin evinizi kim tikib?”, “Oğlunun neçə yaşı var?”, “Neçə il yad ölkədə oxuyacaq?” və s. Özünə aid olmayan məsələlərlə maraqlanır, görəcəyi iş isə kənarda qalır. Biz bu gün də əsas hədəfi kənara qoyub, onun ətrafındakı məsələlərlə uğraşırıq.

- Usta Zeynalın köməkçisi Qurban ona sual verir: “Yaxşı, bu ermənilər bu aşkarlıqda zadı görmürlər. Bunlar bəs niyə dönüb müsəlman olmurlar?”. Usta Zeynal belə cavab verir: " ...Fərz elə ermənilərin hamısı çönüb müsəlman oldu - onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək... Xudayi-əzz və cəll (Allah əziz və cəlladdır)”. Mirzə Cəlil Qurban və Usta Zeynalın timsalında dinin səhv qavranıldığını göstərir. Siz necə düşünürsünüz?

- Etiraf etməliyik, Mirzə Cəlil təkcə dini cəhalətə deyil, həm də dinin özünə qarşı idi. Adam yazanda heç nədən qorxmayıb, amma biz etiraf etməkdən çəkinirik. Çünki bu, çoxlarının təkərinə çomaq soxur. Baxın, bu gün də din insanları rahatca idarə etməyə xidmət edir, nəinki mənəvi təmizliyə... Hekayədə fikir vermisinizsə, Usta Zeynal bütün işlərə “Ya Allah”, “Bismillah” sözləri ilə başlayır və nəticə məlumdur. Bu dözülməz sarkazmdır! Biz bu gün də həmin sözləri ya ürəkdən deyə bilmirik, ya da riyakarlıq edirik. Görünür heç işlətməyə ehtiyac yoxdur. Hər halda biz bu cür məsələlərlə özümüzü çox arxaya atmışıq, amma bizə elə gəlir ki, başqaları dini bilmir, başqaları murdardır. Ümumiyyətlə, yalançı dindarlarda həmişə eqoizm olur, onlara elə gəlir ki, digər sahələrdə çalışan adamlar lazımsızdırlar. Mirzə Cəlil bu problemi yüz il əvvəl yazıb, bizsə yüz il sonra bu məsələləri müzakirə edib bir-birimizi qırırıq. Bu gün rayonların işğalı günündə Şəhidlər Xiyabanına yığışıb danışan insanlar mənə Usta Zeynalı xatırladır. Bu günün bir sıra insanları Usta Zeynaldan fərqlənmirlər. Dərsliklərimizdə tarixçilər şair kimi danışır, nağıl söyləyirlər ki, erməni xalqı olmayıb. Eyni şeyi ermənilər də bizə qarşı edirlər. Bu gün Akop kimi işini bilən ermənilər çox azdır.

- Əsərin sonunda bir məqam var ki, Usta Zeynalın arvadı onun “murdarlanmış” paltarlarını yuyub qurutmaqla məşğul idi, o da çılpaq oturmuşdu evin içində və gözləyirdi ki, paltarları qurusun və gedib hamam qüslü alıb təmizlənsin. İndi fikir verin, bircə dəst paltardan başqa heç nəyi olmayan bu adam görün nələrlə mücadilə etmək istəyir.

- Usta Zeynal deyir ki, mən 7-8 yaşlı əmim qızını ona görə almırdım ki, hələ ziyarətə getməmişdim... Qızın yaşı ikinci dərəcəlidir, əsas məsələ ziyarətlərdir! Hekayədə Mirzə Cəlilin yazmadan ötürdüyü işarələr çoxdur. Əsərdən aydın olur ki, Usta Zeynalın bir dəst paltar ümidinə qalmasına səbəb bütün ziyarətgahları qarış-qarış dolaşan mömin əmisidir. Həmin balaca qızını ona verib atadan qalma varidatını mənimsəmək istəyən əmisi... Eyni “alver”lə yazıçının başqa əsərlərində dəfələrlə qarşılaşmışıq. Usta Zeynal isə cəfəng məsələlərlə uğraşmağa məhkum idi, ona görə ki, onun müsəlman həyatı yalnız bunlardan ibarət idi.

- Ümumiyyətlə, Mirzə Cəlilin əsərlərində qoyduğu erməni-Azərbaycan problemini necə xarakterizə edərdin, indiki münasibətlərlə müqayisədə?

- Mirzə Cəlil “Kamança” pyesində erməni-Azərbaycan məsələsinə öz ziyalı münasibətini ortaya qoyub; yəni Qafqazda iki bədbəxt xalq yaşayır, imperialist ölkələrin təsiri ilə biri-birini qırır. Əslində, onların niyyəti bu deyil, münaqişəni yaradanlar başqalarıdır, çünki bu münaqişədən qazanırlar. Xalq, təbii ki, müharibə istəmir. Bu gün də vəziyyət belədir. Mirzə Cəlil elə bil bədii əsər yox, gələcəyin müqəddəratını yazıb.

- “Kamança” pyesində erməninin bağışlanması, əslində, sənətin gücü nəticəsində olur. Yəni, əslində, ermənini sənətinə bağışlayıb öldürmürlər.

- Sənəti də yaradan xalqdır, onun humanist duyğularıdır. Xalq sənəti yaradır, siyasəti yox. Siyasəti xalqı idarə etmək üçün bic adamlar kəşf ediblər. Bir dəfə yazılarımın birində yazmışdım ki, Akop adındakı enerji, işıq bu xalqın pis olmadığını göstərir. Fikir verin, gürcü, türk, özbək və s. millətlərlə eyni alətdə ifa edəndə aləmə çar çəkirik ki, nə yaxşı, mədəniyyətlərimiz ortaqdır, amma ermənilərlə analoji hadisəni aqressiya ilə qarşılayır, oğurluq adlandırırıq. Eyni şeyi ermənilər də bizə qarşı edir. Bütün bunlar ortalığa atılan iyrənc siyasətin nəticəsidir. Biz ermənilərlə yanaşı yaşayan, məişəti biri-birinə yaxın olan xalqıq. Sadəcə araya düşmənçilik atıblar və tərəflərin milli emosionallığından məqsədli şəkildə istifadə edirlər.

– Qayıdaq “Usta Zeynal”a...

– Qayıdaq. Usta Zeynalın işini görüb başa gətirməməyinin kökündə, nə siyasət durur, nə də ideologiya, sadəcə xurfat durur. Mirzə Cəlil hekayə boyunca Usta Zeynala “başa sala” bilmir ki, sənin bircə dəst paltarın var, amma gör nələr düşünürsən; imam ziyarəti qəbul edər, yoxsa yox, Akopun həyətindəki su axar sudur, yoxsa göldür... Əsərdəki Muğdusi Akop obrazı isə əksinə, çox tədbirli adamdır, hətta qatar cədvəlini stolun üstünə qoyub baxır ki, oğlu nə vaxt və hansı yollarla gəlib çatacaq. Ona görə oğlunun gələcəyi günə uyğun olaraq evini təmir etdirmək istəyir. Erməninin zamana münasibəti ilə, çubuq çəkib “Allah kömək olsa işi başa yetirərik” deyib tutduran Usta Zeynalın arasındakı fərq məyusedicidir.

- Usta Zeynal Akopun evinin təmirini yarımçıq qoyub öz evinə gəlir. Amma əsərin sonunda evin ortasında lüt oturub yuyulan paltarlarının qurumasını gözləyəndə onda zərrə qədər peşmanlıq hiss olunmur. Yalnız düşündüyü bircə şeydir: paltarlar tez qurusaydı, gedib hamamda qüsl alıb təmizlənsin. Usta Zeynalı insan amili zərrəcə maraqlandırmır.

– Müsəlmanın hamama münasibəti həmişə yaxşı olub (gülüş). “Təmizlik imandandır” sözündən çıxış edərək hamama getmək, hamamda yatmaq, məscidlərin hamamlara yaxın tikilməsi və s. məsələlər həmişə olub. Yaxud hamamda qız bəyənərlərmiş. Yaxud “arvad hamamında kişilik eləmək” kimi ifadələr var dilimizdə. Bundan başqa ən böyük şəhərlər həm də hamamları ilə məşhur olub. Mirzə Cəlil göstərir ki, insanın təmizliyinə xidmət edən bir vasitə belə, gerizəkalı, ifrat düşüncəli azərbaycanlının ziyanına işləyir. Usta Zeynalı uşaqlıqdan elə bir xurafat burulğanına düşmüşdü ki, kor olmuşdu, reallığı görə bilmirdi.

- XX əsrin əvvəllərində dünyada yaranan ədəbi cərəyanların bir çoxu ikimizə də məlumdur. Amma Mirzə Cəlil dürlü cərəyanların tüğyan elədiyi, yeni janrların yarandığı həmin dövrdə gör nələrdən yazırdı. Bu mənada, bizim ədəbi cərəyanlardan vaxtında keçməməyimiz mənə normal görünür.

- Yaşadığı mühit Mirzə Cəlili dünya çaplı yazıçı olmağa qoymadı. Mirzə Cəlil səmimi idi, o, ətrafının problemlərini unudub, hansısa mistik məsələlərin arxasınca düşmürdü. Sadəcə içinin ağrılarını yazırdı. O dövrdə baş alıb gedən qlobal hadisələrin fonunda Mirzə Cəlil hamama getməyi düşünən insan haqqında yazdığına görə dünya miqyaslı yazıçı ola bilməzdi. Çünki dünya üçün həmin problemlər heç bir əhəmiyyət kəsb etmirdi. Hətta başa düşməzdilər Mirzə Cəlili... Usta Zeynal dövrümüzün bir çox milli tipajları kimi kiməsə başa salınası, izah ediləsi dərd deyil. Yazıçını dövr yetişdirir, Nizami əgər Füzuliylə bir dövrdə yaşasaydı, ondan daha yaxşı şair ola bilməzdi. Nizami ona görə böyükdür ki, o intibah dövrünün şairi idi. O vaxt Gəncə elə bir mərkəz idi ki, Nizami ordan kənara çıxmadan bütün dünya mədəniyyətini öyrənə bildi. Ədəbiyyatda dövr çox ciddi məsələdir. Mirzə Cəlil istedadına və gücünə görə öz dövrünün dünyada məşhur olan simalarından geri qalmırdı, sadəcə o, kölə halına salınmış balaca bir xalqın cılız insanlarından yazmağa məhkum idi.

- “Anamın kitabı” pyesi, “Azərbaycan” məqaləsini çıxmaqla onun əsrlərində milli qurtuluş amalını görmək olmur. Azərbaycan Cümhuriyyəti qurulanda da fəal olmadığını bilirik. Sanki o düşünürdü ki, azad olmağı düşünməkdənsə, biz bu rus rejiminin içində savadlanmalıyıq.

- Mirzə Cəlil reallığı qiymətləndirən yazıçı idi, o bilirdi ki, həmin dövrdə azad olmaq mümkün deyil. Bugünkü reallıq da göstərdi ki, o haqlıdır. Satılmış maket ziyalılarla və köləlikdən başını qaldıra bilməyən xalqla ölkə qurmaq heç də asan deyilmiş. Usta Zeynallar üçün dövlət yox idi, bu gün də yoxdur. Mirzə Cəlili “bu xalqın axırı necə olacaq?” sualı həmişə düşündürüb və məncə, o, ümidsiz vəziyyətdə dünyadan köçüb.

# 7389 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #