Dağa dönən arzular – hekayə

Dağa dönən arzular – <span style="color:red;">hekayə
20 may 2016
# 13:48

Kulis.Az Rəşid Bərgüşadlının “Dağa dönən arzular” hekayəsini təqdim edir.

Ceyhunun bəy tərifi başlamışdı deyə tövlə-bacanı tələm-tələsik rahlayıb ər-arvad toya gəlmişdilər. Axmadar oğlunun sinif yoldaşı, ən yaxın dostunun xələtini cibində, oğlunun cehizliyindən artıq qalan tükkeçirməz parçadan da bir topa büküb qoltuğunda hazır durmuşdu. Onu çağıracaqlarını gözləyirdi. Budur, növbə onunkuydu:

Çay-çaylağı sevməz qartal balası,

Səngərlərdir igid-ərən qalası.

Dərdə şəfa anaların duası,

Gəlsin xələt versin Məhbub xalası.

Məhbub adamları yara-yara mağarın ortasına gəldi. Cibindəki beşmanatlığı bəyin ovcuna qoydu, yanaqlarından öpdü, – Allah bərxudar eləsin, Ceyhun, oğul. Sən yaxşı balasan. Bunu da oğlun olanda arvadın yorğan-döşəkdən-zaddan düzəldər, inşallah – hədiyyəsini də yandakı parçaların üstünə qoydu.

– Payın çox olsun, Məhbub xala. İnşallah, Pərviz də tezliklə sağ-salamat dönsün, ona da belə bir toy nəsib olsun, sizin məhləyə də toya yığışaq – sərpayı Zakir duavsana elədi.

- Amin, bala. Allah nəsib eləsin. Prikazı çıxıb, bir həftəyə gələr, Allah qoysa.

– İnşallah. Nə oynayacaqsan? Yenə “Həsiri basma dolan gəl”?

– Əlli ildir bunu oynuyuruq dayna, başına dönüm, elə onu çalsınlar.

Xələt verən evin oynaması adət idi. Mahnı çalınan kimi Məhbub yaşmağını ağzına alıb qol götürüb üzü ərinə sarı oynadı. Adət olmasaydı Xudayar heç oynayan deyildi. Hər dəfə ər-arvad üz-üzə oynayanda kişi pörtürdü. İndi də hər ikisi gözlərini bir-birinin ayaqlarına zilləyib başlarını qaldırmadan oynayırdılar. Bəyin atası onların başına pul atıb onlara qoşuldu, sonra bəyin anası gəldi.

Evə qayıdanda Xudayar əlli illik arvadıyla elə pərdəliydi ki, elə bil onu indi görür, tanış olmağa utanır. – Məhbub – səsi titrəyirdi. – Hı... – Məhbub da eyni hissi yaşayırdı deyəsən. – Sən oynayanda daha gözəl olursan, dedim bunu biləsən... – Xudayar arxaya boylanıb arvadının əlindən tutdu. – Balam gəlsin, ona bir toy çaldıracağam ki, bütün kənd bir ay bizim toydan danışsın. Gərək əyin-başımızı da təzələyək. Yəqin ki 2-3 günə Pərvizim gələr.

Bir də yerlərinə uzananda Xudayar arvadını eyni titrək səslə astadan səslədi, – Məhbub...

– Hı...

– Gəl yanıma...

– Dəli olma!

– Gəl, xınalı kəkliyim...

...Məhbub heç olmayan kimi yuxudan gec oyandı, mal-heyvanı əri naxıra qoşmuşdu. Yuxusunu xatırlamırdı, amma nəsə pis yuxu görmüşdü. Köhnə şifonerin güzgüsünə baxanda gördü ki, göz-başı şişib, beyni zoqquldayır. “Allah xeyir eləsin, yoxsa, axşam toyda kiminsə gözü dəydi?” – çalmasını başına çalıb həyətə çıxdı. Gün xeyli qalxmışdı. Hinin qapısını açıb toyuq-cücəni eşiyə buraxdı, çalğunu götürüb hayatı süpürdü. Əli işə yatmırdı, bəd xəbər gözləyən adam kimi narahat idi, dili-ağzı qurumuşdu. Qulağına küçük zingiltisinə bənzər səslər gəlirdi. Bir xeyli qulağını şəkləyib gördü ki, kiminsə uşağıdır ağlayan. Seyvana keçib çay içmək istəyəndə həyətin paslı darvazasının cırıltısına ayaq saxladı. Əriydi. Xudayar darvazanın bir tayını açıb mışkılını yerdəki yuvasına salandan sonra o biri tayını aralayıb təcili yardım maşınını içə buraxırdı. Məhbubu görüb burnunu biləyilə sildi, – “Gəl, oğul, evinə xoş gəlmisən...” – rəngi-ruhu saralsa da toxdaq görünürdü Xudayar. Məhbub yıxılmamaq üçün divarın küncündən tutdu. Darvazadan içəri girən əsgərlər cəld təcili yardım maşının arxasını açıb bayrağa bürənmiş tabutu çiyinlərinə alanda Xudayar artıq Məhbubun yanındaydı. – Ayaqlanın altında ölüm, Xudayar, demə o tabutdakı mənim Pəriz balamdır! – amma kənd arvadları üzlərini cıra-cıra, baş-gözünə döyə-döyə tabutun arxasınca həyətə girəndə Məhbubun ürəyi getdi, əlini birçəyinə atıb yerə sərildi. Həkimlər onun üzünə su vurdular, dərman içirdilər, ayıltdılar.

Bircə anın içində məhlə yas naləsinə büründü, Məhbubun şivəni kəndi başına götürmüşdü. Xudayar ona başsağlığı verənləri key kimi süzür, gözünü taxtın üstünə qoyulmuş tabutdan çəkmir, hönkürüb ağlamaqdan özünü güclə saxlayırdı. Dalbadal yük maşınları həyətə girdi, yas çadırları quruldu, xeyir-şər samovarları qalandı, tiyanlar asıldı. Xudayar öz məhləsində qonaq kimi olmuşdu. Beynindəki uğultu arada-bərədə səngiyəndə görürdü ki, odun, ət, çörək gətirənlər, mağara qab-qacaq düzənlər öz evlərindəki kimi rahatca qaynaşırlar. Tabutu evə keçirdilər. Biricik oğlunun ölümünə inanmaq istəmirdi. Qulağı arvadının naləsindəydi. Məhbubun ağlamaqdan səsi tutulurdu – “Ağla, ağla, anası, bu, yaşayacağın ən acı gündür, doyunca ağla. Könlündəki arzu qoynunda qaldı, qiyamətə qədər içini göynədəcək. Oğul toyu görmədən ölmək yazıldı bəxtinə, Məhbub”... – ayaqyoluna, tövləyə gedib doyunca hönkürmək istəyirdi.

Gələnlərin ardı-arası kəsilmirdi. Kəndin bələdiyyə sədri onun biləyindən tutub bir dəstə kişinin yanına apardı, – Başçı, prokuror, polis rəisi, vaenkom, KQB, hakim – hamısı yasa gəlib. Sənə başsağlığı vermək istəyirlər. Üzlərdəki hüznü görəndə içində dar ağacı qurub əlləriylə kəndiri kövrək hisslərinin boynuna keçirdi, qəbulolunmazı qəbul etdi, – “Balam ölüb, balama görə gəliblər” – acısını gizlətməyə çalışdı, qəhərini udqundu. – Başınız sağ olsun, Xudayar kişi. Müsibətin xalqımızın müsibətidir, dərdinə şərik olmağa gəlmişik. Allah Pərvizin yerini behişt eləsin – rayon icra hakimiyyətinin başçısı Kərimov deyildiyi kimi cantaraq, zəhmli kişiymiş. – Allah hamınızdan razı olsun, təki vətən yaşasın – son deyimi televizorda bir şəhid atasının dilindən eşitmişdi. “Uşaq kimi ağlamayacaqsansa, ağlama. Mən də Şəhid atasıyam. İndi öz hisslərini bildirmək də ayıbdır. Oğlum bu vətən, bu torpaq uğrunda canını qurban verib” – rayondan gələnlərin əlini bir-bir sıxdıqca kal armud kimi sinəsində düyünlənmiş qəhər daşı yavaş-yavaş yerindən tərpənir, indi bir az rahat nəfəs ala bilirdi. İcra başçısı gözündə dövlət idi – oğlunu əsgərə çağıran, əsgərini qorumağı bacarmayan, indi də onun evində yasa gələnlərə əl-ayaq verən, təsəlliyə yetişən dövlət. Mağara keçib “dövlətlə” qabaq-qənşər oturdu. Qabaqlarına çay qoydular. Təkcə, oğlunun qulluq elədiyi hərbi hissənin zabitini görürdü, qulağı ancaq onu eşitmək istəyirdi. O da sanki bunu hiss edirdi:

– Düşmənin pilotsuz aparatını vurmuşdu Pərviz. Qorxu-hürkü bilməyən, dedikcə fərasətli əsgərimiz idi. “Lələtəpə”nin alınmasında böyük əməyi oldu rəhmətliyin. Nazirliyə təqdimat yazmışıq ki, Pərvizin qəhrəmanlığını qiymətləndirsinlər. Uğurlarımız çox olsa da bu dördgünlük müharibə igid oğullarımızın başını yedi. Müharibədir, ölüm-itimsiz ötüşmək olmur. Amma hər dəfə nakam cavanlarımızın nəşini ailəsinə təhvil verəndə o dünyanı görüb qayıdırıq...

– Necə öldü? – Xudayarın səsi elə bil quyunun dibindən gəlirdi.

– Əmr gəldi ki, Lələtəpəni alıb dayanın. Amma düşmənin qaçdığını görən əsgərlərdən bir neçəsi boşalmış Talış kəndini də götürmək istəyirdi. Pərviz də onların içindəydi. Tankın mərmisi yanlarında partladı. Biz çatanda artıq beş nəfər al qanın içindəydi...

– Gör neçə ildir hücum əmrini gözləyirlər, qınamıram əsgərləri. Əllərinə hücum girəvəsi düşüb, vallah, saxlamasalar, düz İrəvanadək gedib çıxardılar – hərbi komissar sözə qoşuldu. Bələdiyyə sədri gəlib qonaqlardan üzr istədi, Xudayarın qulağına sarı əyildi, – Məzarın yerini qazmaq lazımdır, uşaqlar gözlüyür...

– Anamın sağında... – Xudayarın səsi xırıldadı. Bir-iki dəfə yüngül öskürüb içini arıtladı.

– Rəhmətliyi yuyub-kəfənləyəndə əsgər paltarlarını götürdüm, təcili yardım maşınındadı... – bələdiyyə sədri gedəndən sonra Pərvizin döyüş yoldaşı dilləndi. Bircə qurtum da almadığı armudu stəkanı nəlbəkidə fırlada-fırlada qalmışdı Xudayar. Sinəsinin göynərtisi təzədən başlamışdı. Dövlət nümayəndələrinin qarşısında ağlayacağından qorxurdu. Əliylə üzrxahlıq edib mağardan çıxdı. Oğlunun dostu Ceyhun tövlənin divarına söykənib için-için sıtqıyırdı. İçində nabələd bir kin baş qaldırdı – “Heç kimin yox, bircə mənim balam ölüb, hamı mənim balamı ağlayır” – özünə yazığı gəldi, utandı özündən, əlini köksünə sıxdı. Ceyhunun ayağının altı düz olduğuna görə atası camışını satıb onu əsgərlikdən saxlatmışdı. Bağa keçdi. Sarıköynək cəh-cəh vurub özünə yar axtarırdı. Keçən ilki calaq bedana tuta çatanda içindəki qəhəri hıqqandı. Əllərini üzünə tutub hönkürdü. Təzəcə yarpaqlayan tutun budağını sığalladı, – Bu nə sitəm idi mənə çəkdirdin, oğul! – dizüstə tutun dibinə çökdü. Bu tutu Pərviz calamışdı – ilk calağıydı. Yanında durub ağac calamağı özü öyrətmişdi oğluna. – Əlinin bərəkinə qurban olum, oğul, adam da atasını yetim qoyarmı? – tutun meyvəyə oxşayan çiçəklərindən öpdü – Balamın yadigarı...

Molla adam göndərmişdi ki, meyidi dəfn etməyə hazırdırlar. İndi ağlına gəldi ki, rayonda yaşayan qızı qardaşının öldüyündən hələ xəbərsizdi, ona zəng vurmalıdı, telefon kitabçası isə evdə pəncərənin qabağında olmalıydı. Bu dəqiqə Məhbubun gözünə görünmək ona ölümdən betər idi, – “Oğlumu qoruya bilmədin, balama yaxşı ata olmadın, niyə oğul əkdin, qız yox!?” – deməzmi? Həyətdə qonşunun uşağına telefon kitabçasının yerini istinad verdi ki, gətirsin. Elə qonşununca uşağına dedi ki cib telefonuyla qızını yığsın. “Can, papa” – qızı atasının səsini eşitcək telefonun o biri ucunda sevincək soruşdu. – Qardaşın şəhid olub, qızım, bizə gəl. Bir azdan cənazəni dəfn edəcəklər, gəl qoyma qardaşını torpağa basdırmağa... – özünü saxlaya bilmədi. Heç kimi vecinə almadan telefon qulağında dizüstə çöküb hönkürdü. Qızının nəsə dediklərinə başını yelləyir, biləyilə ağız-burnunun bir-birinə qarışmış mütüyünü silirdi. Pərvizin bacısı Cəmilə gələnədək dəfni ləngitdilər. Cəmilə saçını yola-yola qardaşının tabutuna təpiləndə səngimiş alovun üstünə elə bil benzin tökdülər. Qadınların ah-naləsi təzədən göyə bülənd oldu. Pərvizin tarix müəlliməsi olmuş Nüşabə dil töküb ağlayırdı, – Mən qaragünlü öyrətdim sizə vətəni sevməyi, düşmənə nifrət etməyi! Şəhid adın mübarək, Pərviz. Haqqımı sənə halal eliyirəm, oğul. Yaxşı ki başqaları kimi fərari, qorxaq olmadın, bala. Sənə qıyan öz balasından görsün!” – əllərini dizinə çırpıb ağı dedikcə adamın iliyi gizildəyirdi. “Şəhid atası adı boynuma biçildi. Artıq toylarda qol götürüb oynamaq, həyatdan arsız-arsız zövq almaq, deyib-gülmək getdi, Xudayar” – özünü toxdadıb mağara keçdi, “dövlətlə” üzbə-üz yerində oturdu. Molla danışırdı, – Allahın qədəri sirlidir, həmişə bizi çaş-baş salmağı bacarır. Kim bilir, bəlkə bir azdan mən də öləcəyəm. Oğul-uşaq itirmək qorxunc hissdir. Hər kəs Allaha bir yolla gedir – kimi inamla, kimi inkarla, kimi də şübhəylə. Şəhidlər sorğu-sualdan azaddırlar, onların yeri cənnət gülüstanıdır. Allahdan istəyin, dualarınızı əskik etməyin, o istədiyinizi verəcək...

Xudayar oğlunun döyüş yoldaşına baxdı, – Oğul itirməkdən qorxurdum. Amma itirəndən sonra qorxmuram. Heç ağlıma da gəlməzdi ki, məhləmdə oğluma yas qurular. Bu heç mənim istədiyim deyildi. Duanın dəyərini şansı itirəndən sonra bilirmiş insan. Bu ağrı qulunc ağrısına oxşayır – amma ürəkdə sancır. Oğlumun Allaha gedən yolu seçmək üçün vaxtı olmadı. Pərviz öldü, sən salamat qalan əsgərlərini göz bəbəyin kimi qoru, oğul. İmkan vermə anaların, bacıların gözü bu cür yaşlı qalsın – gözünün yaşını sildi. Üzündə qəribə gülüş qırışları canlandı, kədər cəsarətlə əvəz olundu – Bir oğlum olsa, onu da vətən uğrunda şəhid verərdim! – indi “dövlət”in üzünə baxırdı, – “Belə halda ləngiməkdən pis şey yoxdur” – düşündü. Qıraqdakılar anışdıra bilmirdi ki, onun göz yaşları kədərin, yoxsa xoşbəxtliyin bəhrəsidir – elə inamla danışırdı ki, qonum-qonşu, onun xasiyyətinə bələd olanlar da çaş-baş qalmışdılar. Kişilər ona toxtaqlıq verir, səbr diləyir, dövlətin şəhid ailələrinə qayğısından danışdıqca Xudayar düşünürdü, – “Görəsən başçının öz doğma balası şəhid olsa, mənim nələr hiss etdyimi anlayardımı? İstərdimi öz balası da şəhid olsun, şəhid atası olmağın yükünü dərindən dərk edirmi? Bilirmi övlad itirmək nə deməkdir? Anlayıram ki, xalq içində başıdik gəzməliyəm, ancaq gecələr, xəlvətdə dərdimi qabağıma qoyub ağlamalıyam. Bəs bunları başa düşürmü?”.

Cənazəni götürmək vaxtı çatmışdı. Mağar boşalır, həyətdəki saysız-hesabsız adamlar külək vuran zəmi kimi yellənirdi. Pərvizin cansız nəşini götürəndə Məhbubun səsi Xudayarın beynində ildırım kimi çaxdı, – Xudayar, qoyma oğlumu torpağa basdırsınlar, qoyma balamı aparsınlar! Ayırmayın məni balamdan!

O da istəmirdi cənazənin məhlədən çıxarılmağını. Ancaq əlindən bir şey gəlmirdi. Bunu ancaq Cəmilə və Məhbub birlikdə bacarardı. Onlar da nə illah eləsələr də kütlə cənazəni dartıb onların əlindən alırdı. “Nainsaflar, heç olmazsa qoyun onlar doyunca ağlayıb içlərini boşaltsınlar!” – salba dəymiş toyuq kimi yerində səndirləyirdi. Pərvizin döyüş yoldaşı diribaş çıxdı. Görünür bu işdə təcrübəsi çox imiş – Pərvizin əsgər paltarını, çəkmələrini gətirib anasına verəndə Məhbub əsgər çəkməsinin içini qoxlayıb balasının iyini ciyərlərinə aldı, əl çəkdi tabutdan. Cəmilə qardaşının paltarını bağrına basıb nalə qoparırdı, – “Zavallı bacısı, əyninə paltar da geyməyib, elə xalatdaca qaçıb gəlib” – simsarlarının naləsindən Xudayarın dünyası dayanmadan yıxılırdı. “İndi bütün suallar tərsi-mayallaq dəyişdi. Həyat tərsə çöndü” – yaxşı ki, zabit onun qoluna vaxtında girdi və onu yıxılmağa qoymadı.

– Əmi, hətta cəhənnəmdə də heç nə itirilməyib – itki deyil bu, ayrılıqdır. Ağır dərddir. Dərdin dibinə varmalısınız ki, onu nəzarət altına almağın nə qədər vacib olduğunu anlaya biləsiniz. Ömür boyu bu sadə həqiqətdən xəbərsiz qalırıq və zillətini çəkirik, dərdin əlində aciz qalırıq, dərdlə necə mübarizə aparmağın qaydasını bilmirik, “düşmənimizi" tanımırıq. “Allah verdi, özü də geri aldı” – bu sadə həqiqəti qəbul etməliyik. Pərviz öz daimi evinə qovuşdu, bizik bu dünya evində qonaq olan... – ömrünün sonunadək Pərviz qoxan bu zabitin sözlərinə qulaq asmaq istərdi, amma namaz qılınmış və cənazə məhlədən çıxırdı.

Qəbiristanlıq kəndin yerləşdiyi yalın təpəsindəki düzəngahdaydı. Xudayarın evindən yalın başınadək insan axını dalğalanırdı. – Atalar deyir ki, – “Meşə tənha ağacdan daha etibarlıdır” – məni tək qoymayın dərdimlə, oğul – gizlətdiyi sirrini ərk edib bircə Pərvizin döyüş yoldaşına deyə bilərdi. – Bu qədər camaat gedəndən sonra ən böyük dərd başlayır – oğlumun gözüyaşlı anasıyla ölənədək üz-üzə gəlmək... – ağlayırdı, zabitin yanında ağlamaqdan utanmırdı Xudayar – onu özündən dəyanətli hesab edirdi. – Oğlum gəlsin, bizə baxsın deyirdim. Baxacaqmı? Oğul doğan ana mənə haqqını halal edərmi? Deməzmi, – “Qaytar mənim göyçək balamı!”. Yer yarıla, yerə girəm, uşaqların anasının üzünü bir də görməyəm... – qəbristanlığa yaxınlaşdıqca ürəkdən hönkürürdü, anlayırdı ki, bu yoldan oğulsuz qayıdacaq...

Qəbiristanlığın qapısından içəri keçəndə özünü saxlaya bilmədi, – Gələn nəvəndir, ana, mən burda ləngiyəsi oldum. Dur nəvəni ağla, ana! – kişilərin ağı deməyi dəhşət olurmuş. Yan-yörədəki cavanlar, ağsaqqallar gözyaşlarına hakim ola bilmirdi – hamının anası var!

Dəfn mərasimi Xudayar üçün ağır zülm oldu. Tabuta sarınmış Azərbaycan bayrağını açıb səliqə ilə bükdülər və ona verdilər. Bayrağı öpüb dolan gözlərinə basdı. Pərvizin kəfənə bürünmüş nəşini tabutdan çıxardanda böyründə saralmış qan ləkəsinə gözü sataşdı, – Can, oğul, sənə dəyən güllə kaş mənə dəyəydi – bayrağı üzünə tutub hönkürdü. Bir də Pərvizi məzara qoyub üzünü açanda bayrağı üzündən götürdü, son dəfə oğlunun gülüşün qaxac olub qaldığı bəyaz sifətinə baxdı, – “Odur, mənim balamdır. Heç kimin yox, mənim Pərviz balamdır. Heç böyümədi mənim arzularım, heç yekəlmədi mənim gül balam...” – balasının üstünün torpaqlanmasını görməmək üçün bayrağı yenidən bərk-bərk üzünə basdı. Bir də yasin oxunanda toxdadı. “Torpağın üzü soyuq olur” – indi anladı həqiqətin soyuq üzünü. Kişilər dağılışıb məzarı qadınlara təhvil verməliydi. Dövlət rəsmilərinin xidməti maşınları qəbristanlığın eşiyində sahiblərini gözləyirdi. Başçı cib telefonuyla danışırdı, qalanları isə komalaşıb siqaret çəkirdilər. “Başsağlığı verib tələm-tələsik çıxıb getmək istəyirlər bu cansıxıcı qəbrlərin vahiməsindən. Mənimsə daimi ziyarətgahım oldu bu məzarlıq” – Xudayar dərindən nəfəs aldı. Bu nəfəs onun qayğısız günlərinin son, Şəhid atası kimi qədəm qoyduğu həyatın isə ilk nəfəsiydi. Əsgərlər oğlunun ruhuna yaylım atəşi açanda ciyərlərində burum-burum dolanan ağrı köp kimi qarnına doldu. Ətrafa göz gəzdirdi. Qonaqlardan nəyəsə gülənlər də vardı. Dəfn mərasimi bitmiş, növbəti Şəhid də beləcə torpağa təhvil verilmiş, xalq və dövlət öz işini bitirmişdi. Bundan beləsi onun üzərinə düşürdü. Heyfsilənirdi ki, məhəlləsini doldurmuş, yasa gəlmiş bu qədər tanımadığı, indiyədək görmədiyi insanlar iki-üç gündən sonra onu öz dərdiylə baş-başa qoyub yoxa çıxacaqlar. O bunu heç istəmirdi...

Qadınlar az qala qoltuğunda sürüyürdülər Məhbubu. Pərvizin çəkmələrini duz kimi yalaya-yalaya, qoxlaya-qoxlaya məzara doğru yüyürürdü Məhbub. Son dəfə oğlunun üstündə yaranmış torpaq təpəciyə baxdı. Gözlərindən bıldır-bıldır axan damcılar məzarın üstünə töküldü. – Gözümdən axan yaş deyil, oğul, ürəyimdə qalan arzulardır – damla-damla gözümdən tökülür. Yerin behişt, Şəhadətin mübarək olsun – Məhbub onun yaxasından yapışıb silkələməmiş özünü adamların içinə saldı.

Rəşid Bərgüşadlı

14 aprel – 19 may 2016

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #