Mopassan dəli köynəyini pivə kimi istəmişdi

Mopassan dəli köynəyini pivə kimi istəmişdi
30 sentyabr 2013
# 07:00

Enrike Vila-Matas “Bartlbi və kompaniya”

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin X hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə

Dördüncü hissə

Beşinci hissə

Altıncı hissə

Yeddinci hissə

Səkkizinci hissə

Doqquzuncu hissə

82) Öz ölməzliklərinə inandığından ədəbiyyatı həmişəlik atan yazarlar da olub.

Məsələn, Qi de Mopassan. O 1850-ci ildə normand qəsri Miromenildə anadan olmuşdur. Onun şöhrətpərəst anası Lora de Mopassan nə bahasına olursa olsun, ailədən heç olmasa bir görkəmli adamın çıxmasını istəyirdi. Ona görə o oğlunu ədəbi uğurun ustadı Floberə həvalə etdi. Oğlan mütləq “böyük yazar” olmalıydı.

Deməli, Flober gənc Qini tərbiyə edirdi, amma o, otuz yaşı olmayınca, yəni ölməz yazar roluna kifayət qədər hazır olmayınca yazıya başlamadı. Başqa sözlə, müəllimi doğrudan da çox yaxşı müəllim idi. Flober böyük ustad idi, amma məlum olduğu kimi ən yaxşı ustad belə şagirdindən nə çıxacağına təminat verə bilməz. Mopassanın şöhrətpərəst anası bunu əla anlayırdı və ona görə narahat idi: bircə oğlu ona qismət olan şanlı yoldan çıxmasın. Amma bu baş vermədi. Mopassan otuz yaşında yazmağa başladı və çox tez bir vaxtda boyük nasir kimi tanındı. Öz hekayələrində o qeyri-adi müşaiyət nümayiş etdirir, personajların portretini, yaxud situasiyanı dəqiq ştrixlərlə çəkməyi gözəl bacarır, bundan əlavə, Floberin təsirinə rəğmən onun üslubu orijinallıqla seçilir.

Az bir vaxt ərzində Mopassan ədəbiyyatda özünəməxsus yer tutur və yazılarının hesabına firavan həyat sürür. O, hamı tərəfindən hörmətlə qarşılanır, bircə Akademiya ümumi alqışlara qoşulmaq istəmir, onun planında Mopassanı ölməzlər cərgəsinə daxil etmək fikri yoxdur. Akademiyanın kütlüyündə yeni heç nə yoxdur, axı məlum olduğu kimi Balzak, Flober, Zolya da bağlı qapılar arxasında qalmışdılar. Fəqət Mopassan şöhrətpərəstlikdə heç də anasından geri qalmırdı və yolunun ölməzliyə bağlı olduğu ilə heç cür razılaşa bilmirdi. Ona görə o akademiklərin laqeydliyini kompensasiya etmək üçün bir üsul tapmaq qərarına gəlir. Onun kompensasiyası hədsiz dərəcədə artan lovğalığı olacaq – sonda o, doğrudan da öz ölməzliyinə inanacaq.

Bir dəfə axşam anası ilə şam yeməyindən sonra o, evinə qayıdıb həqiqətən də ölməz olduğuna əmin olmaq üçün çox riskli bir eksperiment həyata keçirdi. Onun kamerdineri, sadiq Tassar divarları titrədən atəş səsinə oyandı.

Mopassan çarpayının yanında durmuşdu. O, yataq otağına girən kamerdinerə bu dəqiqə baş vermiş qəribə hadisə barədə sevinclə söz açdı:

-Mən ölməzəm! Ölməz! – qışqırırdı Mopassan. – Mən tapançadan başıma atəş açdım – heç nə də olmadı. İnanmırsan? Bax!

Mopassan yenidən tapançanın lüləsini gicgahına sıxıb tətiyə basdı – tapança işləsəydi bu gücündə atəş divarları darmadağın edərdi, amma “ölməz” Mopassan heç nə olmamış kimi otaqda durub gülümsəyirdi.

-Hə, indi inandın? Artıq mən heç nədən qorxmuram. Boğazımı da kəsə bilərəm – heç qan da axmaz.

Həmin an Mopassan hələ bilmirdi ki, daha heç vaxt heç nə yazmayacaq.

Bu “ölməz səhnə”nin ən parlaq təsvirini “Mopassan və “Başqası” essesində Alberto Savinyo verib. Bu essedə yumor və faciə birləşməsinin dahiyanə forması tapılıb.

“Çox uzatmadan, – yazır Savinyo, – Mopassan nəzəriyyədən praktikaya keçir. Masanın üstündən xəncərə bənzər bıcağı götürüb boğazına soxur. Bununla o sübut etmək istəyir ki, soyuq silah da onu öldürə bilməz. Lakin təcrübə uğursuzluqla bitir. Yaradan fışqıran qan yaxalığın, qalstukun, jiletin üstünə axır”.

Bu gündən sonra ta ölümünəcən (ölümü özünü çox gözlətmədi) Mopassan daha heç nə yazmadı, o ancaq “Mopassan dəli olub” xəbərini yayan qəzetləri oxuyurdu. Sadiq Tassar hər səhər ona südlü kofe və qəzetlər gətirirdi, yazar isə orada öz fotosunu görürdü, fotosu altında da “Ölməz cənab Qi de Mopassanın dəliliyi davam edir” sayaq şərhlər.

Mopassan artıq heç nə yazmadı, amma bu demək deyil ki, o heç nə ilə məşğul olmurdu, yaxud onunla yazıya köçürüləsi heç nə baş vermirdi. Sadəcə o özünə əziyyət vermək istəmirdi, axı elə çıxırdı ki, o artıq ölməzdir və bununla da iş bitib. Amma nə qədər də olmasa Mopassanla bəzi şeylər baş verirdi və bu barədə danışmağa dəyər. Məsələn, bir dəfə o nəzərlərini döşəməyə dikib bir sürü böyük məsafəyə morfi fışqıran həşərat görür. Başqa vaxt o yazıq Tassarı mütləq papa XIII Leoya məktub yazmaq barədə söhbətlərlə heydən salmağa başlayır.

- Cənab yenidən yazmaq fikrindədir? – qorxa-qorxa soruşur Tassar.

- Yox, – cavab verir Mopassan. – Roma papasına sən yazacaqsan.

Mopassan papa XIII Leoya məsləhət vermək fikrinə gəlir: qoy o, Mopassan kimi ölməzlər üçün dəbdəbəli məqbərələr tikdirsin, içəridəki kranlardan isə çox isti, yaxud çox soyuq su axıb ora yerləşdirilmiş bədənləri yuyub çürümədən qorusun.

Həyatının son günlərində Mopassan otağında sürünüb divarları yalayırdı – sanki onların üstündə nəsə yazırdı. Bir gün o Tassarı çağırıb əl-qolunu bağlamağı xahiş etdi. Savinyo yazır: “O, bunu ofisiantdan bir parç pivə istəyirlər kimi istədi”.

83) Marianna Yunq 1784-cü ilin noyabrında aktyor ailəsində anadan olmuşdu, və o, Marianna, Yox təmayülünün sirli yazarları arasında ən gözəgəlimlisi idi.

Uşaqkən o statist, balerina və aktrisa idi, xorda oxuyurdu, rəqs intermediyalarında iştirak edirdi: səhnəyə gətirilən nəhəng yumurtanın içindən Arlekin kostyumunda çıxırdı. Mariannanın on altı yaşı olanda onu bir cənab alır. Bankir və senator Villemer onu Frankfurtda görüb öz yanına götürür, anasına iki yüz qızıl florin ödəyib ömürlük pension də vəd edir. Senator Piqmalion rolunu oynayır: Marianna gözəl davranış maneralarını, fransız, latın, italyan dillərini, bir də rəsmlə oxumağı öyrənir. Onlar on dörd il birgə yaşayırlar, senator ciddi şəkildə evlilik barədə düşünür, amma birdən səhnədə Höte peyda olur. Hötenin o zaman artıq altmış beş yaşı olmasına rəğmən o yaradıcılıq zirvəsində idi – o, “Qərb-Şərq divanı” üzərində işləyirdi, Hafizin farsdilli lirikasını alman dilində yenidən işləyirdi. “Divan”dakı şeirlərin birində gözəl Züleyxa peyda olub deyir ki, Allahın nəzərləri qarşısında hər şey əbədidir və bu ilahi həyatı bircə ana görə də, bu həyatın incə və ötəri gözəlliyinə görə də sevmək olar. Hötenin ölməz şeirlərində Züleyxa belə deyir. Amma əslində Züleyxanın sözlərini deyən Höte yox, Mariannadır.

“Dunay”da Klaudio Maqris yazır: “Divan” və oradakı ilahi eşq dialoqu Hötenin adıyla imzalanıb. Amma Marianna təkcə onun sevgilisi deyil idi, o həm də bir neçə möhtəşəm şeirin, bir qədər geniş mənada isə bütün “Divan”ın müəllifi idi. Höte onun şeirlərini kitaba öz adı altında daxil etmişdi; və yalnız 1869-cu ildə, şairin ölümündən bir çox il sonra, Züleyxanın ölümündən isə on il sonra filoloq Qerman Qrimm (Marianna sirri ona açıb Höteylə olan yazışmasını göstərmişdi) dünyaya açıb göstərdi ki, “Divan”ın bəzi – onlar azsaylıdırlar – möhtəşəm şeirlərini məhz Marianna yazıb.

Beləliklə, Marianna Yunq “Divan”da çox az şeir yazıb, amma onlar dünya lirikasının şedevrlərinə aiddirlər. O artıq heç vaxt heç nə yazmadı – susmağı üstün tutdu.

Marianna Yox təmayülü yazarları arasında ən müəmmalısıdır. “Bir dəfə, – şeirləri yazandan çox il sonra o demişdi, – mən daxilimdə nəsə alicənab, ülvi bir şey tapdım, hiss etdim ki, incə, qəlbim tərəfindən yaşanmış şeylər deməyə qadirəm, fəqət zaman onları dağıtmadı, zaman onları pozdu”.

Klaudio Maqrisin sözlərinə görə təsəvvür etmək olar ki, Marianna Yunq anlayırdı: poeziya yalnız onun yaşadığı hisslərə bənzər hansısa dərin bir hiss tərəfindən doğulanda ali zirvəyə yetə bilir, xoşbəxt an gedəndən sonra isə poeziya da çıxıb gedir.

86) Ömrünün son günlərində Tolstoy ədəbiyyatda lənət görüb ona nifrət edirdi. Bundan sonra o yazmağı atıb dedi ki, mənəvi məğlubiyyətinin bütün cavabdehliyi məhz ədəbiyyatın üzərinə düşür.

Bir dəfə gecə o gündəliyinə həyatındakı son ifadəni yazmağa başladı, bu frazanı bitirmək ona qismət deyilmiş: “Fais ce que dois, advienne que pourra” (“Sən bacardığını et, olan isə olacaq”). Bu fransız deyimi Tolstoyun çox xoşuna gəlirdi. Amma onda belə alındı:

Fais ce que dois, adv...

1910-cu ilin oktyabrın 28-də səhər alatoranında səksən iki yaşı olmuş və o zaman dünyanın ən məşhur yazarı sayılan Tolstoy gizlincə köhnə malikanəsi Yasnaya Polyananı tərk edib soyuqda həyatının sonuncu səfərinə yola düşür. O, ədəbiyyatı birdəfəlik atdı və bu qəribə hərəkəti ilə – evdən qaçmağı ilə – sanki yetərincə müasir ideyanı səsləndirdi: istənilən ədəbiyyat öz-özünün inkarıdır.

Gedişindən on gün sonra Tolstoy Astapovo dəmiryol stansiyası rəisinin evində dünyasını dəyişdi. Onun qaçışı belə sona yetdi – düşgün və kədərli yerdə. Yazarı cənuba gedən qatardan güclə düşürmüşdülər. Tolstoy isidilməyən, soyuq və tüstülü, yel çəkən üçüncü dərəcəli vaqonda getdiyindən sətəlcəm olmuşdu.

Arxada tərk edilmiş ev qaldı, arxada altmış üç il sadiq qaldığı və buna rəğmən tərk etdiyi gündəliyində yazdığı həyatındakı sonuncu fraza qaldı, tamamlanmamış, bartlbi azarının tutmasında söylənmiş fraza:

Fais ce que dois, adv...

Bir çox il sonra Bekket deyəcək ki, hətta sözlər belə bizi tərk edir, bununla da hər şey deyilmiş olacaq.

Tərcümə: Nicat Məmmədov

# 2485 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #