Arvadının yazdığı əsərlə məşhurlaşan yazıçı

Arvadının yazdığı əsərlə məşhurlaşan yazıçı
18 iyul 2013
# 11:16

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin ikinci hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Tərcümə: Nicat Məmmədov

Birinci hissə

9) Platon üçün həyat – ideyanı unutmaq idisə, Kleman Kadu üçün həyatının bütün mənası haçansa yazıçı olmaq ideyasını unutmaq cəhdində cəmləşmişdi.

Bircə onu demək kifayətdir ki, ədəbiyyatdan sivişib qaçmağa can ataraq o bütün həyatı boyu özünü mebel hesab edirdi və bu qəribə davranışın Felisyen Marböfun qəribəlikdə heç də geri qalmayan bioqrafiyası ilə çoxlu ümumi cəhətləri var. Aqraf Marböfü mən Jan-İv Juannenin heç nə yaratmamağı üstün tutan yaradıcı insanlara həsr olunmuş “Əsərləri olmayan yaradıcı insanlar” kitabından tanıdım.

Kadunun valideynləri Vitold Qombroviçi evlərinə şam yeməyinə dəvət edəndə onun, yəni Kadunun on beş yaşı vardı. Bu 1963-cü ilin aprelin sonunda baş verdi – polyak yazar cəmi bir neçə ay əvvəl gəmiyə minərək Buenos-Ayresi birdəfəlik tərk etmişdi. Qısa müddət ərzində Barselonaya dəyib, Parisə yollanmışdı və orada dəvəti qəbul edib əllinci ildə Buenos-Ayresdə tanış olduğu öz köhnə dostları Kadugilə şam yeməyinə gəlmişdi.

Gənc Kadu yazar olmağı arzulayırdı. Bu azmış kimi o artıq neçə aydır ki, buna ciddi şəkildə hazırlaşırdı. Valideynləri onun şeçimini hər cür dəstəkləyirdilər və bir çox başqa valıdeynlərdən fərqli olaraq övladlarının arzusunu gerçəkləşdirmək üçün əllərindən gələni edirdilər. Onlar oğullarının nə vaxtsa fransız ədəbiyyatının parlaq ulduzu olacağına ümidli idilər. Oğulları çox istedadlı idi, durmadan oxuyurdu və özünü həqiqətən də tezliklə məşhur yazar olmağa hazırlayırdı.

Gənc Kadu az yaşına baxmayaraq Qombroviçin bütün yazılarına yaxşı bələd idi. Qombroviçin kitabları ona elə güclü təsir etmişdi ki, o bəzən valideynlərinə polşalı müəllifin romanlarından iri-iri parçaları sitat gətirərdi.

Ona görə ata və ana Kadu Qombroviçi ikiqat həzzlə qonaq cağırırdılar. Oğullarının böyük polyakla birbaşa evlərində tanış olması fikri onlara xoş gəlirdi.

Amma tam gözlənilməz bir şey baş verdi. Qombroviçin evlərində peyda olması gənc Kaduya elə güclü təsir elədi ki, o bütün görüş ərzində cəhd edib heç nə demədi, – evlərində Floberi qonaq görən gənc Marböf da oxşar şeyi yaşamışdı, – iş isə onunla bitdi ki, Kadu özünü şam yeməyi keçən otağın mebellərindən biri hiss etdi.

Bu “ev” metamorfozunu yaşayandan sonra Kadu anladı ki, onun yazar olmaq barədə arzuları biryolluq puç oldu.

Amma Kadunun əhvalatı Marböfun başına gələnlərdən fərqlənir. On yeddi yaşında Kadu var gücü ilə rəssamlığa girişdi, bu yolla da yazıçılıqdan birdəfəlik imtina etdikdən sonra yaranan boşluğu doldurmağa çalışdı. Marböfdan fərqli olaraq öz qısa ömrü ərzində Kadu (o gənc yaşlarında öldü) stul ya masa olduğuna təkcə inanmadı, yox, o üstəlik rəsmlə də məşğul olmağa başladı. Və ancaq mebel şəkli çəkməyə başladı – nə vaxtsa yazar olmaq istəyini unutmaq üçün o məhz bu yolu seçdi.

Bütün onun rəsmlərinin baş və yeganə personajı mebel və bütün tablolarının müəmmalı adı “Avtoportret” idi.

Kimsə Kaduya erkən gəncliyində yazar olmaq arzusunu xatırlayanda o, tez-tez sanki özünə bəraət qazandırmaq üçün deyərdi: “İş orasındadır ki, mən mebeləm, mebellər isə deyəsən yaza bilmir”.

Kaduya çox maraqlı araşdırmanı Jorj Perek həsr edib (“Özünü həmişə mebel hesab edən rəssamın portreti”, Paris, 1973). Bu yazıda Perek 1972-ci il hadisələrini, Kadunun uzun və əzablı xəstəlikdən sonra ölümünü böyük sarkazmla təsvir edir. Yeri gəlmişkən doğmaları onu doğrudan da bir mebel kimi basdırdılar, başqa sözlə – bezdirici və maneçilik törədən avadanlıqdan can qurtarırmış kimi can qurtardılar; üstəlik, min bir xırdavat və köhnə mebel satılan bazarın yaxınlığında torpağa gömdülər.

Öləcəyini bilən Kadu öz başdaşısı üçün kiçik epitafiya yazıb yaxınlarından xahiş edir ki, onlar bu sətirləri onun “külliyyatı” hesab etsinlər. Fəqət bu xahişə zarafat kimi yanaşmaq olar. Epitafiya belədir: “Mən gah o, gah da bu mebel olmağa çalışırdım, amma heç bu işdə də uğur qazanmadım. Ona görə bütün həyatım boyu vur-tut bircə əşya olaraq qaldım. Yada salsaq ki, qalan hər şey sükutdur, mənim bircə əşya olaraq qalmağım o qədər də az iş deyil”.

10) İndi mən işə getmirəm, ona görə də əvvəlkinə nisbətən daha da tənha yaşayıram. Amma bunu dramatikləşdirmirəm, əksinə. İndi boş vaxtım kifayət qədərdir, kitab rəflərini (Borxes demişkən) bezdirirəm, Bartlbi sindromunun yeni nümayəndələrini yorulmadan axtararaq kitablara girib çıxıram. Yox təmayülünə aid yazarların ədəbi sükutum illərində tərtib etdiyim siyahısını kifayət qədər genişləndirmişəm.

Bu gün səhər məşhur ispan yazarlarının lüğətini vərəqləyərək təsadüfən ədəbiyyatdan maraqlı imtina növünə – hörmət-izzət sahibi Qreqorio Martines Syerranın əhvalatına rast gəldim.

Məktəbdə əsərlərini öyrəndiyim bu senyor həmişə mənə hədsiz dərəcədə darıxdırıcı gəlirdi. O 1881-ci ildə doğulub, 1947-də vəfat etmişdi; bir necə dərgi və nəşriyyat təsis etmişdi, pis şeirlər və ondan da pis romanlar yazırdı. O, intihar astanasında idi (çünki onun yaradıcılıq uğursuzluqları həqiqətən də dəhşətli idi), amma birdən məşhurlaşdı – öz feminist təmayüllü pyeslərinin sayəsində (burada heç olmasa “Evdar xanım”ın və “Layla”nın, bir də müəllifə ən böyük uğur gətirən “Avqust gecəsindəki yuxu”nun adını çəkək).

Bu yaxınlardakı araşdırmalar sübut etdi ki, Syerranın bütün pyesləri daha çox Mariya Martines Syerra kimi tanınan onun həyat yoldaşı donya Mariya de la O Lexarraqa tərəfindən yazılıb.

14) Alonso Kixanonun yaxud kapitan Nemonun ağlasığmaz kitabxanasını ələ keçirmək üçün hər şeyi verərdim. Bu iki kitabxananın bütün kitabları – dünya ədəbiyyatında boşluq təşkil edir, eynən Yuli Sezar tərəfindən həyata keçirilmiş yanğında tələf olmuş İskəndəriyyə kitabxanasının qırx min kitabları kimi. Deyirlər ki, müdrük Ptolemey İskəndəriyyədən “dünyanın bütün şah və ağalarına” ona “durmadan” bütün janrlarda “şairlər və nasirlər, ritor və sofistlər, həkim və peyğəmbərlər, tarixçi və sair yazarlar” tərəfindən yazılmış əsərlər göndərmək xahişi ilə məktub ünvanlamaq fikrinə gəlir. O da məlumdu ki, Ptolemey İskəndəriyyədə lövbər atan bütün gəmilərdə tapılan bütün kitabların nüsxəsini çıxarmağı əmr edir. Başqa sözlə, orijinallar mənimsənilirdi, sahiblərə isə nüsxələr qaytarılırdı. Sonralar bu fondu “gəmi fondu” adlandırdılar.

Və bütün bu kitablar yox oldu. Görünür, alov – bütün kitabxanaların aqibətidir. Amma bu qədər kitabın tələf olmasına baxmayaraq onlar heçnəyə çevrilmədilər, yox, tam əksinə, onlar dünya ədəbiyyatında bir boşluq yaratdılar, eynən Alonso Kixanonun yığdığı cəngavər romanları kimi, yaxud kapitan Nemonun sualtı kitabxanasındakı sirli fəlsəfi traktatlar kimi, axı Don Kixotun və kapitan Nemonun kitabları – bizim ən məhrəm təxəyyülümüzün “gəmi fondu”du. Eynən Blez Sandrarın barəsində çox düşündüyü və demək olar ki tərtib etməyə başladığı antologiyaya salmaq istədiyi kitablar kimi: “Biblioqrafiya: heç vaxt dərc olunmamış və hətta yazılmamış kitablar”.

Kabus-kitabxanalar sırasına Brotiqanın kitabxanası da aiddir (Berlinqton, ABŞ). Amma digərlərindən fərqli olaraq o reallıqda mövcuddur, onu istədiyiniz vaxt ziyarət etmək də olar. Kitabxana Riçard Brotiqanın, Amerika andeqraund yazarının, “Abort”, “Vilyar və onun keqli oyunundakı uduşları”, “Amerikada alabalıq ovu” kitablarının müəllifinin adını daşıyır.

Brotiqan kitabxanası ancaq və ancaq əlyazmalar saxlayır – onların hər biri haçansa naşirlərə təklif olunmuşdu, rədd edilmişdi və ona görə heç vaxt işıq üzü görməmişdi. Başqa sözlə, bu kitabxanada ancaq tam şəkildə anadan olmamış kitablar saxlanılır. Əgər kimdəsə bu sayaq əlyazmalar və onları Yox təmayülü Kitabxanasına, yəni Brotiqan kitabxanasına göndərmək istəyi var, o zaman həmin yazıları Vermont ştatı, Berlinqtona (Amerika Birləşmiş Ştatları) ünvanlamaq lazımdır. Mənim bildiyimə görə, orada heç bir əlyazmanı rədd etmirlər, əksinə, onları saxlayıb ziyarətçilərə böyük məmnuniyyət və izzətlə nümayış etdirirlər.

Ardı var...

# 1852 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #