Dünya tarixində ilk imtina edən yazıçı

Dünya tarixində ilk imtina edən yazıçı
7 noyabr 2017
# 17:30

Kulis.az Əyyub Qiyasın tərcüməsində Robert ŞnakenberqinGörkəmli yazarların sirli həyati: Henri Devid Toro” yazısını təqdim edir.

Sovet yəhudi-dissidentlərindən xeyli əvvəl yaşamağına baxmayaraq, Henri Devid Toronu dünya tarixində ilk imtinaçı (bu qəribə termin həmin yəhudi-dissidentlərin hesabına yaranıb) adlandırmaq olar. Bu adam hər zaman nədənsə imtina edərdi. Məsələn, Harvard universitetini bitirib incəsənət magistri diplomu almaq üçün 5 dollar ödəməkdən imtina edib. “5 dollara dəyməz, – Toro deyib, – hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır”.

Konkord Akademiyasına, belə bir mötəbər təhsil ocağına işə düzəldikdən sonra uşaqlara cismani cəza verməkdən imtina edib. Məktəb rəhbərliyi subordinasiyanı pozduğu üçün onu işdən çıxarıb, bu itaətsizlik onun gələcək karyerasına çox pis təsir göstərib.

Digər məşhur etirazı isə 1847-ci ildə olub. Toro Amerikanın Meksikadakı vətəndaş müharibəsinə qoşulmağı ilə bağlı etiraz üçün toplanan 1 dollarlıq vergini ödəməkdən imtina edib. Toro onun yerinə vergi ödəməyə gələn himayədarı Ralf Uoldo Emersonla (şayiələrə görə) mübahisə edərək həbsxanaya düşüb. “Henri, sən burada nə edirsən?” – guya Emerson xəbər alıb. “Bəs sən, Uoldo, sənin burada nə işin var? ” – Toro cavabında ondan soruşub. Bibisi onun əvəzinə vergini ödəyib evə tələsən Toro mərcan yürüşünün əvvəlinə özünü yürüşçülərə çatdıra bilib.

Toro öz adından da imtina edib. Anadan olarkən ona Devid Henri Toro adı verilsə də, hamının ona Henri Devid kimi müraciət etməyini istəyib. Hətta digər əcaib amerikan yazarları ilə müqayisədə Toro ən ipləmələrdən biri olub. Və hətta ən mənasız ədəbi personajlar belə Devid Henrinin, – ay, üzr istəyirəm! – Henri Devid Toronun – qəribəliklərinin yanında toya getməli idi.

Toronu bircə şeydə – dəyişkənlikdə – günahlandırmaq olmazdı. Həmişə ürəyi istəyən kimi yaşayıb. Onun həyat tərzi Massaçusets ştatının Konkord şəhərinin digər ekssentrik sakinlərinin həyat tərzindən fərqlənməyib. Toronun ən çox xoşladığı vərdişlərdən biri özü-özünə pul borc vermək, təbiətlə təmasda olmaq, qayıqla çayda gəzmək və öz səyahətləri haqqında geniş, tez-tez haşiyə çıxmaqla hesabat yazmaq olub. Dostları onu qəribə hesab etsələr də, həmişə rəğbət bəsləyiblər. Ralf Uold Emerson az qala bütün ömrü boyu Toronun xərclərini ödəyib. Toro özünü Emersonun arvadı və uşaqlarının cangüdəni kimi qələmə verib özünü şəhərin ən axmaq adamı kimi aparıb. Uşaqları meşəyə ekskursiyaya apararaq onlara yerli fauna və flora haqqında məlumat verər və müxtəlif quşların səsini çıxarmağı öyrədərmiş. Hər dəfə pulu qurtaran kimi isə atasının nüfuzlu qələm istehsalı fabrikində muzdla işləyərmiş.

Sağlığında Toronun kitabları demək olar ki, satılmırdı, ölümündən sonra isə (44 yaşında ölmüşdü) o, yavaş-yavaş yerli əfsanəyə çevrilməyə başladı. Herman Melvillin “Mobi Dik”i ilə bir yerdə Toronun “Uolden” romanı da dünyada demək olar ki, heç kəsin oxumadığı kitab kimi xatırlanır. Amma qələmə aldığı “Vətəndaş itaətsizliyi haqqında” traktat isə, hər kəsin oxuduğu kitablardandır. Mahatma Qandi, Lev Tolstoy və Martin Lyüter Kinq əsəri zəhmətin böyük ilham mənbəyi adlandırmışdı.

Toronun şəxsi həyatında da müxtəlif qalxmalar və enmələr baş verib. Ailə qurmaq istəsə də, subay qalıb. Sevimli qardaşı Con 1841-ci ildə yoluxucu tetanus xəstəliyindən dünyasını dəyişib. 1844-cü ilin aprelində isə Toro ilə yoldaşı meşədə gəzərkən qaladıqları tonqala nəzarət etmədikləri üzündən, haradasa üç yüz akr. meşə sahəsinin yanmağına səbəb olublar. Emersonun uğursuz maliyyə məsləhətləri üzündən Toro xirtdəyə qədər borca düşüb və bir neçə il ərzində ancaq borclarını qaytarmaq üçün işləyib. Nəticədə, az qala yaxın dostu ilə münasibəti korlanacaqmış. Amma bütün bunlara baxmayaraq, Toro həmişə özündən razı yaşayıb. “Amerika mühəndislərinin başçısı” – bu adı ona Emerson vermişdi və tamamilə “mərcan yürüşlərinin kapitanı” titulu (yeri gəlmişkən, onu da Emerson fikirləşmişdi) ilə səsləşirdi – olmadığına sevinirdi. Onun bu möhkəm inadı isə bütün dövrlərdə Toroya hörmət və rəğbət hissi oyadıb.

YAĞ QİYAMI

Vətəndaş itaətsizliyi Toroya irsən keçmişdi. Babası Eys Danbar 1766-cı ildə Harvard universitetində qaldırılan “Böyük yağ qiyamı”nın təşkilatçısı olmuşdu. Tələbə yeməkxanalarında verilən yeməklərin keyfiyyətindən narazı qalan Danbar (onun yerinə kim olsaydı eyni hərəkəti edərdi) tələbələri qiyama qaldırmışdı: “Bir fikir verin! Bizə verilən yağ iylənib! Onu yeyə bilmirik. Tələb edirik ki, bizə üfunət iyi verməyən yağ verilsin!” Lakin Harvard rəhbərliyi Danbarın bu, birmənalı şəkildə haqlı tələblərinə əhəmiyyət verməyib. Onu “itaətsizlikdə günahlandıran” rəhbərlik cəza olaraq, universitetin yarısını bağlayıb. Yağ üsyanı öz-özlüyündə nə qədər böyük əhəmiyyət kəsb etsə belə, sakitcə yatırılıb. Amma buna baxmayaraq, gələcəkdə Harvardda qalxan ərzaq qiyamlarına – 1805-ci ildəki Çörək və Yağ qiyamları və 1807-ci ildəki Kələm qiyamı da daxil olmaqla – zəmin yaradıb.

“YARAŞIQLI” HENRİ

Deyilənlərə görə, Toro çox cazibədar olub. Lakin onun görünüşü yaraşıq və gigiyena baxımından əsla bunu deməyə imkan vermir. Bu, əyalət şorgözü xarici görünüşünə görə qətiyyən diqqət çəkə bilməzdi. Qonşusu Hataniel Qoton onu belə təsvir edirdi: “Kabus kimi qorxunc siması var, yekə burnu, əyri dodaqları ilə çox yöndəmsiz görünür, kobud da olsa özünü gözə soxa bilir və təəssüf ki, bu bacarığı onun görünüşündə əks olunmayıb”. Toro təsadüfən yuyunar, pırtlaşıq saçlarını demək olar, daramaz, əyin-başını dəyişməzdi. Özünü süfrə arxasında apara bilməməyi ilə də ad çıxarmışdı. Oliver Uendel Holms Toronun əllə yemək vərdişindən həmişə narazılıq edərdi. Bütövlükdə götürəndə, ətrafında olanlar onun bu çatışmazlıqlarına barmaqarası yanaşardılar. Elə həmin o, Qorton onun barəsində – “Bütün ləyaqətli və diqqət çəkən adamlar kimi onun bu cür yaraşıqsız olmağı əsla qəbahət deyil, bu ona yaraşıqlı olmaqdan daha çox yaraşır”, – deyirdi. Toroya aşiq olan Luiza Mey Olhott yazırdı ki: – “Bütün qəbahətlərinə baxmayaraq, o Yaradanın gözündə böyük sevgi ilə xəlq olunub, bütün ideal adamlar onun kimi olur”.

GÖBƏLƏK ƏHVALATI

Toronun azad fikirliliyi hələ onun riyakarlıqdan tam uzaq olmağı demək deyildi. Bir dəfə 1856-cı ildə meşədə gəzən Toro kişi cinsiyyət orqanına oxşayan yekə göbələyi görüb heyrətlənmişdi. “Onu üç hissəyə ayırmaq olar: papaq, kök və kisə hissəsi – əsl fallosa oxşar bir şey, – gündəliyində yazırdı. – Bu iyrənc bitki, üstəlik, həm də abırsız idi. Göbələk öz görünüşü ilə diqqət çəkdiyi qədər, həm də ikrah doğururdu: papaq hissəsi göz önündə çürüyüb gedirdi, ondan qəribə bir üfunət yayılır, yağlı, yarısulu məhlul axırdı. Bir-iki saat ərzində göbələyin iyrənc qoxusu bütün evə yayılmışdı və nəfəs almaq olmurdu. Əvvəlcə onu öz otağıma qoymuşdum, amma sonra götürüb aparsam da, yatmazdan əvvəl bir müddət otağın havasını dəyişməli oldum. Göbələk az qala iylənmiş siçovul qoxuyurdu... Aman Tanrım, Təbiət belə şeyləri yaradanda nə fikirləşib görəsən? Onu eynən insanın ayaqyolundakı yaradıcılığı ilə müqayisə etmək olardı”.

KİTAB ANBARI

Etiraf etmək lazımdır ki, Toronun kitablarının satışı ilə Coanna Roulinqi müqayisə etmək olmaz. Onun ilk yaradıcılıq işi olan “Konkord çayında bir həftə və Merrimak” (1849) əsəri (bu roman indinin özündə belə birinci dərəcəli ədəbiyyat hesab olunmasa da, hər halda klassika sayılır) yazıçının sağlığında çox zəif satılırdı və yerli uşaqlar məxsusi olaraq “yazdığı kitabın bircə nüsxəsi belə satılmayan qəribə adama” baxmaq üçün Toronun evinə axışıb gəlirdilər. Düzdür, bu bir qədər şişirdilmiş nağıldır, amma od olmayan yerdən tüstü çıxmaz. Naşirin müəllifə məktub yazaraq “kitabın ofisdə qalıb toz basan nüsxələrini nə edək” sualına cavab olaraq, Toro ondan 706 ədəd kitab götürüb evinin çardağındakı rəflərə yığmış və qarşısına çıxan hər kəsə onlardan bir nüsxə satmağa çalışmışdı. “Kitab fondundakı nüsxələrin sayı doqquz yüzü keçən bir kitabxanam var, – deyirdi, – onların yeddi yüzünü şəxsən özüm yazmışam”.

TARAKAN YOX, KİŞMİŞ

Kişmişli çörəkdən xoşunuz gəlirsə, buna görə Toroya sağ ol deyin. Uolden gölü ətrafındakı meşədə yaşayarkən bunu o icad edib. Konkord şəhərinin qadınları onun bu mətbəx yeniliyindən heyrətə gəlmişdi. Çörək kündəsinə gətirdiyi yenilik Toronun qələm istehsalına gətirdiyi yeniliklə müqayisədə oyun-oyuncaq hesab olunur. Qələm düzəltmək (əgər doğrudan da belə bir termin mövcuddursa) Toroların qanında idi. Əmisi Çarlz Danbar Nyu-Hempşir ştatının Bristol əyalətində münbit qrafit yataqları tapdıqdan sonra, 1821-ci ildə qələm istehsalı üzrə ailə biznesi yaratmışdı. Az sonra Toronun atası da Çarlz Danbara qoşulmuş və qələm sənayesinə gətirdiyi yeniliklərə görə Massaçusets kənd təsərrüfatı cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuşdu. Henri Devid Toro hələ gənc yaşından özünün gələcəkdə bu sahədə böyük iz qoyacağını büruzə vermişdi. Nəhayət, 1838-ci ilə onun əlinə belə bir imkan düşdü. Özünü bütünlüklə işə həsr edən Toro qələm içliyini təkmilləşdirə bildi və bundan sonra onun istehsal etdiyi qələmlər alman istehsalı olan eyni məhsullardan əsla geri qalmadı. Bu sahədə onun digər böyük inqilabi kəşfi isə qrafit ovmaq üçün düzəltdiyi dəyirman oldu. Əgər bütün kəşflərini patentləşdirə bilsəydi, yəqin ki, sağlığında çox varlı adamlardan biri olardı.

Əldə etdiyi uğurlarla kifayətlənən Toro qələm istehsalı ilə məşğul olmağa son qoydu. “Nəyimə lazımdır? – dostlarına demişdi. – Eyni bir şeyi nə qədər təkrarlamaq olar?” Lakin qələm istehsalı maqnit kimi hər zaman onu özünə cəlb edirdi və borclardan təngə gələn Toro 1843-cü ildə, beynindəki yeniliklərlə birlikdə fabrikə qayıtmışdı. Bütün varlığı ilə işə aludə olan Toro bir dəfə Ralf Uold Emersona hətta yuxuda da qələm düzəldən maşın gördüyünü söyləmişdi. İstənilən zəhmət özünü doğruldurdu. Toronun kəşf etdiyi yenilik reklamlarda: “xüsusilə rəssamlar və sadəcə, dəyər verə bilənlər üçün” – sözləri ilə təqdim olunmuşdu. Yeni qələm daha möhkəm, qara və digərlərinə nisbətən, daha zərif idi. Toroların daxili rəqabəti nəticəsində onların ailə biznesi uzun müddət bazardakı liderliyi qoruyub saxlaya bilmişdi.

HENRİ DEVİD QIRMIZILIAR TƏRƏFDƏDİR?

1954-cü ildə, Sovet İttifaqı ilə soyuq müharibənin qızğın çağında bir vaxtlar Amerika ucqarlarında yaşamış yazıçı qəfildən antikommunist ruhunun obyektinə çevrildi. ABŞ Hökuməti “Uolden”i Amerikanın bütün səfirlik kitabxanalarından yığışdırmaq əmrini verdi. Deyilənlərə görə bu, “başdan-ayağa sosialist yönümlü” kitab imiş.

MÜDHİŞ HƏŞƏRAT

Toro hər şeydən əvvəl özünü naturalist hesab edirdi, əgər zərqanadlılar fəsiləsindən olan bir həşəratın onun şərəfinə adlandırıldığından xəbər tutsaydı, yəqin, çox sevinərdi. Söhbət entomoloq A.A.Jironun kəşf etdiyi troxoqrammatid ailəsindən olub, adı latın sözü Thaerauadan götürən həşəratdan gedir.

# 1109 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #