Kim deyir ki, yazmaq yazmamaqdan yaxşıdır?

Kim deyir ki, yazmaq yazmamaqdan yaxşıdır?
15 iyul 2013
# 12:48

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələri təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Tərcümə: Nicat Məmmədov

Bəziləri aliliyi və şərəfi yaxşı yazmaqda,

digərləri – heç yazmamaqda görür.

Jan de Labruyer

Qadınlarla bəxtim heç vaxt gətirməyib, mən başımı aşağı salıb öz qozbelliyimlə barışmışam, bütün yaxın qohumlarım artıq ölüb, mən tənha insanam, özü də zəhlətökən idarədə işləməliyəm. Ümumiyyətlə isə, tam xoşbəxtəm. Xüsusən də bu gün, çünki məhz bu gün – 1999-cu ilin 8 iyulu – bu gündəliyi yazmağa başlayıram. Bu gündəlik bir növ hansısa bir gözəgörünməz mətnə şərhlər qismində çıxış etməlidir və bu şərhlər mənim nə dərəcədə bartlbi tipli insanların tədqiqatçısı roluna yararlığımı göstərməlidir.

İyirmi beş il əvvəl, hələ lap cavan yaşlarımda mən eşqin mümkünsüzlüyü barədə bir roman yazdım, hətta onu kitab kimi çap elətdirdim. Və nəticədə travma yaşadım, təfərrüatına varmağa hələ sonra imkan tapılar. Sonra heç vaxt heç nə yazmadım; bundan əlavə, mən bir də yazıya qayıtmamağı qəti qərara aldım, yəni özüm bartlbilərin birinə çevrildim – onlara olan marağım bax, buradan başladı.

Bu bartlbilər – dünyanı bütün varlıqları ilə rədd edən insanlar bizim hamımıza tanışdır. Öz ləqəblərini onlar Herman Melvilin povestindəki katib Bartlbidən alıblar. Heç kim heç vaxt bu katibin nəsə, heç olmasa qəzet oxuduğunu görməyibmiş; adətən, o, uzun-uzadı öz “pəncərəsi qarşısında durub nəzərini qarşıdakı kərpiç divara dikərdi”; başqalarından fərqli olaraq o nə pivə, nə çay, nə də kofe içərdi; heç yerə getməzdi, çünki hələ burada idarədə yaşayardı, hətta bazar günlərini də burada keçirərdi; heç vaxt heç kimə özü barədə, əsli-nəsli və yaxınlarının olub-olmamağı barədə danışmazdı; ona bir iş tapşıranda, yaxud özü barədə danışmağı xahiş edəndə isə o həmişə eyni cür cavab verərdi:

-İmtina edərdim.

Bu məfhum – yəni ədəbiyyatdakı Bartlbi sindromu məni çoxdan maraqlandırır; bu xəstəliyi, müasir söz sənətinin anadangəlmə şikəstliyini çoxdan araşdırıram: heç nə etməmək yaxud heç nəyə can atmaq istəyi. Nəticədə bəzi yaradıcı şəxslər, hətta yüksək estetik cavabdehliyi olan şəxslər heç cür yazmağa başlaya bilmirlər (bəlkə də elə məhz buna görə); düzdür, bəzən onlar bir-iki kitab yazırlar, amma sonra biryolluq bu işdən imtina edirlər; bəzən də onlar durmadan ard-arda yazıb-yaradırlar və birdən günlərin bir günündə onları demək olar ki, elə hərfi mənada iflic vurur – bununla da hər şey bitir.

Yox istiqaməti ədəbiyyatını – yəni Bartlbi və kompaniya yaradıcılığını araşdırma ideyası beynimə keçən çərşənbə axşamı kontorumda oturanda gəldi: birdən mənə elə gəldi ki, şefin katibəsi kiməsə telefonda “Senyor Bartlbi müşavirədədir”, – dedi.

Az qala qəşş edib güləcəkdim. Bartlbinin kimləsə müşavirə apardığını, yaxud idarə şurası iclasının qaynar atmosferinə qoşulduğunu təsəvvür etmək qəti mümkün deyil. Əvəzində bir topa bartlbini, yəni əsas simptomu heç nə etməmək olan xəstəliyinə düçar olmuş yazarları bir yerə yığmaq o qədər də çətin deyil – mən gündəliyimdə, başqa sözlə, şərhlərimdə məhz bunu etmək fikrindəyəm.

Əlbəttə, Bartlbi soyadını mən səhv eşitmişdim, şefimizin soyadı oxşar səslənir. Amma etiraf edim ki, bu səhv yerinə düşdü, o mənə gözlənilməz təkan verdi və budur iyirmi beş illik sükutdan sonra mən yenidən qələmi əlimə götürməyi, ən müxtəlif və vacib sirrlər – ədəbiyyatdan imtina etmiş ən parlaq yazarlar barədə danışmağı qərara aldım.

Beləliklə, mən Yox dolanbacında, müasir ədəbiyyatın ən qəribə və cəlbedici tendensiyasının cığırlarında gəzişmək fikrindəyəm. Axı bu əsl ədəbi yaradıcılıq üçün hələ ki açıq qalmış yeganə yoldur. Bu tendensiyanı “Ədəbiyyat nədir?” və “O haradadır?” sualları doğurub. Yox təmayülü ədəbiyyat mövcudluğunun mümkünsüzlüyü fikri ətrafında dolaşır və doğru-dürüst tərzdə bizimlə bu əsrin söz sənətinin taleyi haqqında sərt, amma ümidverici proqnozla bölüşür.

Etiraf etmək lazımdır ki, gələcəyin sənəti məhz heç nə etməmək istəyindən – yəni Yox dolanbacından – doğa bilər. Bu ədəbiyyat necə olacaq? Bu yaxınlarda məni bu barədə, əlbəttə, kinayəli tərzdə, iş yoldaşım soruşdu.

-Bilmirəm, – dedim. – Bilsəydim özüm də nəsə yazardım.

Baxaq görək, özüm nəyə qadirəm. Əminəm ki, yalnız Yox dolanbacının araşdırılması gələcək yazılar üçün yeni ideyalar verə bilər. Beləliklə, öz şərhlərimi yazmağa başlayıram. Bu şərhlərdə gözəgörünməz, amma buna baxmayaraq mövcud olan mətni yozmağa cəhd edəcəyəm. Ola bilər ki, bu kabus-mətn əvvəl-axır gələcək minilliyin ədəbiyyatına atlana biləcək.

4) Əslində bu azar – Bartlbi sindromu – bizə uzaqdan gəlib. Bu gün heç nə etməmək istəyi, yaxud heç nəyə canatma ədəbiyyatın endemik xəstəliyinə çevrilib. Bu istəyin, canatmanın nəticəsində bəzi müəlliflər heç vaxt müəllif olmayacaqlar.

Yada salmaq kifayətdir ki, bizim əsr Qofmanstalın məşhur mətni ilə başlanır (“Lord Çendosun məktubu” 1902-ci ildə yazılıb). Bu mətndə vyanalı yazar heç vaxt bircə sətir belə yazmamağı söz verir, amma sonra bu sözünün üstündə durmur. Frans Kafka daim – ən başlıcası isə öz “Gündəliklər”ində – ədəbi materiya varlığının mümkünsüzlüyü fikrinə qayıdır.

Andre Jid bütov bir roman boyu (“Bataqlıq”) kitab yazmağa hazırlaşan, amma sonda heç nə yaratmayan qəhrəman yaradır, Robert Müzil “qeyri-məhsuldar müəllif” ideyasını vəsf edib az qala mifləşdirir (“Xüsusiyyətsiz insan”). Valerinin alter eqosu cənab Test nəinki nə isə yazmaqdan imtina edir, hətta kitabxanasından bütün kitabları pəncərədən tullayır.

Vitqenşteyn cəmi iki kitab dərc edir: məşhur “Məntiq və fəlsəfə traktatı”nı və “İbtidai məktəblər üçün lüğət”i.

Yeri gələndə o fikirlərini izah etməkdə son dərəcədə çətinlik çəkdiyini həmişə təkrarən deyərdi. Kafka kimi Vitqenşteynin də ölümündən sonra müəllif tərəfindən heç vaxt çap edilməmiş çoxlu sayda bitirilməmiş mətn, qaralamalar və planlar qalmışdı.

Amma “mümkünsüz” tabloların, yaxud kitabların romantik estetikanın qanunauyğun davamı olduğunu anlamaq üçün XIX əsr ədəbiyyatına ötəri nəzər yetirmək kifayətdir. Qofmanstalın “Şeytan eliksiri”nin Françesko adlı qəhrəmanı təxəyyülündə Veneranın ideal obrazını yaşadır, amma heç vaxt cəhd edib onu çəkmir. “Naməlum şedevr”də Balzak öz qadın idealını təsvir etməyi arzulayan, nəticədə isə yalnız onun ayağının kiçicik fraqmentini çəkə bilən rəssam haqqında nəql edir. Flober “Qarson”u bitirə bilmir, halbuki bu ideya onun bütün yaradıcılığına təsir edir. Mallarme isə “Kitab” adlı möhtəşəm proyekti üzərində işləyərkən yüzlərlə kağız parçalarını hansısa hesablamalarla doldurur, lakin bundan sonra bir addım belə edə bilmir.

Beləliklə, bugünki durumun kökləri keçmişə gedir – artıq o zaman insanlar istənilən bədii əsərin idealda təccəssüm edəcəyi ali möhtəşəmlik barədə fikirləşəndə quruyub qalırdılar. Bu nə dərəcədə paradoksal səslənsə də aqraflar da ədəbiyyatın bir hissəsidir. Marsel Benabu “Niyə heç bir kitabımı yazmadım” yazısında deyir: “Oxucum, düşünmə ki, yazmadığım kitablar – heç nədir. Əksinə (istəyirəm ki, burada qaranlıq bir şey qalmasın), onlar dünya ədəbiyyatı üçün bir növ yatırımdır (hələ vaxtı yetməmiş avansdır)”.

8) Hansı dəlillər yazmağın yazmamaqdan yaxşı olduğuna bizdə əminlik yarada bilər? Bu yaxınlarda Primo Levinin “Dincliy”ini oxudum. Adıgedən kitabda müəllif onunla konslagerdə birgə yatan insanlar haqqında danışır. Sözümü ona gətirirəm ki, bu kitab olmasaydı, biz həmin insanlar barədə heç nə bilməzdik. Levi deyir ki, onlar hamı evə qayıtmağı arzulayırdılar, sağ qalmağı arzulayırdılar – təkcə özünüqoruma instinktinə görə yox, həm də başlarına gələni nəql etmək istədikləri üçün. İstəyirdilər ki, onların şəxsi təcrübəsi gələcəkdə oxşar hadisələrin təkrarlanmasına mane olsun. Fəqət bir səbəb də vardı: onlar yaşadıqları faciəvi günlər unutqanlıqda itib batmasın deyə o günlər barədə danışmağa can atırdılar.

Biz hamımız yaddaşımızda həyatın ən kiçicik yenə və yenə bizə qayıdan hissəsini belə həkk etmək istərdik, xatirənin nə qədər dözülməz, nə qədər ağrılı olduğuna rəğmən. Bu xatirələrin yeganə xilas yolu – onları kağıza köçürməkdir.

Ədəbiyyata nə qədər qara yaxsaq da o, günü-gündən daha da laqeyd və mənəviyyatsız olan müasirliyin rədd etdiyi bütün şeyləri unutqanlıqdan xilas etməyə imkan verir.

Ardı var...

# 2672 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #