Qanı öpüşləri ilə dayandırmağa çalışırdı

Qanı öpüşləri ilə dayandırmağa çalışırdı
9 iyul 2013
# 11:26

Kulis.Az Argentina yazıçısı Xulio Kortasarın “Arasıkəsilməz parklar” hekayəsini təqdim edir.

O, romanı bir neçə gün əvvəl oxumağa başlamışdı. Amma təcili işlərin çoxluğundan kitabı bir kənara atmış və yalnız malikanəsinə qatarla geri qayıdarkən əlinə ala bilmişdi. Süjetin inkişaf xətti ilə obrazlar onu getdikcə öz ağuşuna alırdı. Axşamçağı öz vəkilinə məktub yazıb icarə məsələlərini işlər müdiri ilə müzakirə etdikdən sonra o, pəncərələri palıd parkına açılan iş otağının səssizliyinə çəkilib kitabı yenidən açdı.

Qapının mənzərəsi onun fikirlərini gözlənilməz qonaqların gələ biləcəyinə çəkməsin deyə, yerini sevimli kreslosunda rahatlayıb kürəyi qapıya sarı əyləşdi və əli ilə yaşıl məxmərə sığal çəkə-çəkə son bölümləri oxumağa başladı. Qəhrəmanların ad və xarakterləri onun yaddaşına o dəqiqə həkk olunurdu. O, maraqlı süjetin intriqalarına tezliklə qapıldı. Hər yeni sətirlə alışdığı mühitdən qəribə bir cismani həzlə daha da aralı düşür, amma eyni zamanda hiss edirdi ki, başı kreslonun hündür kürəyinin məxməri üzərində rahatlıqla yerləşib, siqaret qutusu əlinin altındadır, pəncərələrin arxasında, palıdların arasından isə axşam mehi qalxır. Sözlərin tükənməz ardıcıllığında, qəhrəmanların xoşagəlməz mübahisəsinə qapılaraq obrazların daha da yaxın olub aydınlaşdığı, hərəkətə gəlib canlandığı anda onların dağdakı daxmada baş verən son görüşlərinin şahidi oldu.

Əvvəlcə qadın ehtiyatla içəri daxil oldu, ardınca üzündə al rəngli çapığı olan sevgili peyda oldu. Demə, budağa ilişibmiş. Qadın özünü unudaraq axan qanı öpüşləri ilə dayandırmağa çalışırdı, sevgilisi isə üzünü yana çevirirdi. O buraya yad gözlərdən sonsuz sayda xəzəl və cığırların labirinti ilə qorunan gizli əlaqənin rituallarını təkrar etməkdən ötrü gəlməmişdi. Onun sinəsi üstündə xəncər isinir, onun altında isə çoxdan həsrətində olduğu azadlığa inam döyünürdü.

Səhifələr boyunca, bir-birinə dolaşmış ilanlartək, həyəcanlı dialoq fırlanır və hiss olunurdu ki, artıq hər şey həll olunub. Hətta sevgilinin bədənini öz toruna salan bu əzizləmələr də sanki onu saxlamaq və fikrindən döndərməyə çalışdığını göstərsə də, yalnız ölümə məhkum olunmuş, nifrət doğuran digər bədəni xatırladırdı. Heç nə yaddan çıxmamışdı: alibi, təsadüflər, mümkün səhvlər. Bu saatdan etibarən hər bir anın öz xüsusi məramı vardı. Onlar bütün planı iki dəfə təkrar etdilər. Tələsik pıçıltı yalnız yanağı sığallayan əlin hərəkətləri ilə kəsilirdi. Qaş qaralırdı.

Daha bir-birinin üzünə baxmadan, ümumi işin bağları ilə möhkəmcə bağlanmış halda onlar daxmanın qapısı ağzında ayrıldılar. Qadın şimala aparan cığırla çıxıb getməli idi. Əks istiqamətdə hərəkət edən sevgili bircə saniyəlik geri qanrılıb qadının necə qaçdığına, kürəyinə tökülmüş saçlarının necə dalğalanıb yırğalandığına baxdı. Kişi özü də ağac və çəpərlərin arxasında gizlənə-gizlənə qaçmağa başladı və nəhayət, göyümtül alatoranlıqda evə aparan alleyanı seçə bildi. İtlər susmalı idi və onlar susmuşdular. İşlər müdiri bu saatda onun qarşısına çıxmamalı idi və o, gözə dəymirdi. Sevgili üç pilləni qalxıb verandaya çıxdı və evə daxil oldu. Qulaqlarında vuran qanın səsi ilə bərabər, qadının sözlərini eşidirdi: əvvəlcə mavi qonaq otağı, sonra qalereya, onun sonunda – üstünə xalı salınmış pilləkən. Yuxarıda iki qapı. Birinci otaqda heç kəs. İkinci də boş. İş otağına açılan qapı və buradaca ələ alınan xəncər, pəncərədən düşən zərif işıq, üzünə yaşıl məxmər çəkilmiş kreslonun hündür kürəyi və kresloda oturub roman oxuyan insanın başı.

# 2242 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #