Görkəmli yazıçılar Şərif Ağayarın AYB-dən çıxarılmasından danışdı

Görkəmli yazıçılar Şərif Ağayarın AYB-dən çıxarılmasından danışdı
5 iyun 2013
# 12:14

Dünən Şərif Ağayar Azərbaycan Yazıçılar Birliyi (AYB) sıralarından xaric edildi. Yazıçının AYB-dən çıxarılmasına xalq şairi Fikrət Qoca haqda səsləndirdiyi xoşagəlməz fikirlərin səbəb olduğu deyilir. Kulis.Az mövzu ilə bağlı görkəmli yazıçı və şairlər arasında sorğu keçirdib.

Yazıçı Əkrəm Əylisli Ş. Ağayara qarşı baş vermiş hərəkəti pislədi: “Şərif Ağayar istedadlı yazıçılardan biridir. Təbii ki, belə bir hadisənin yaşanmasını istəməzdim. Şərif sözünü ölçüb-biçən, yerini bilən adamdır. Ədəbiyyat adamını dediyi sözə görə üzvlükdən çıxarmaq, bu cür cəzalandırmaq düz deyil. Qəti sürətdə onun Yazıçılar Birliyindən çıxarılmasının əleyhinəyəm, yazıçı ilə belə davranmaq olmaz. Fikrətə qalsa inanmıram ki, o, Şərifin çıxarılmasına razılıq verərdi. Digər tərəfdən Şərifə zəng gəlib, o da əsəbi şəkildə deyib ki, Fikrət Qoca hələ sağdır. Bu məsələdə jurnalistlərin də “əməyi” var. Jurnalistlər düşünürlər ki, Şərifə yaxşılıq edirlər. Şərifin dediyi sözləri olduğu kimi vermək Şərifə şərəf gətirmir axı. Jurnalistin borcudur ki, salamını verib desin ki, mən filan mövzuda sizdən müsahibə almaq istəyirəm. İstəsəm razı olaram, istəməsəm də razılıq vermərəm. Bizdə isə adamın ağzından iki kəlmə alıb tez saytda yerləşdirirlər. Mən belə düşünürəm ki, jurnalistlər adından Şərifə qarşı düzgün hərəkət olmayıb. Şərif əsəbi ola bilər, amma jurnalist də nə yazdığını bir fikirləşməlidir axı. Fikrət Qoca da eşidir ki, Şərif atası yaşlı bir kişi haqda belə sözlər işlədib. Hər halda bu vəziyyətdə insanlar bir-birini qorumalıdır. İnsanlar bir-birinə qarşı rəhmli olmasa cəmiyyətdə sağlamlaşma prosesi getməyəcək, gərginlik davam edəcək və bu da pis nəticələrə gətirib çıxaracaq”.

Ə. Əylisli F. Qocanın oğlunun vəziyyətinin həqiqətən də pis olduğunu, Ş. Ağayarın bu cür həssas məsələlərdə ehtiyatlı olmasını da bildirdi: “Fikrətin oğlu talehsiz biridir. O uşaqla ünsiyyətdə olmuşam. Onunla danışandan sonra ürəyimin içi oyuldu, pis oldum. Fikrətin oğlunun vəziyyəti heç də Şərifdən yüksək deyil. Bunu bilirəm və ona görə deyirəm. Elə bir insana qəzəb nümayiş etdirmək mənə xoş gəlmədi. Şərif onun həyatından bixəbər olduğuna görə belə danışıb. Fikirləşib ki, cavan uşaqdır, cibi pulla doludur, kef çəkir. Belə deyil axı”.

Yazıçı Seyran Səxavət ədəbiyyat adamlarına qarşı belə hərəkətlərə yol verilməsini bağışlanılmaz və mənasız bir iş adlandırdı: “Şərif üzülməsin, ona uğurlar arzulayıram. Yazıçılar Birliyinin üzvü olmaq, yazıçı olmaq demək deyil. Və yaxud Yazıçılar Birliyinin üzvü olmamaq da yazıçı olmamaq anlamına gəlmir. Mənim üçün bunun elə bir böyük əhəmiyyəti yoxdur. Yazıçıya qarşı başqa təbəqənin insanları kimi münasibət bəsləmək, elə üsullardan istifadə etmək son dərəcə gülünc bir hadisədir”.

Xalq yazıçısı Mövlud Süleymanlının isə məsələyə münasibəti qısa oldu: “Vallah, məsələnin mahiyyətindən xəbərsizəm. Yəqin ağzına gələni danışıb, düzgün bilib, Yazıçılar Birliyində çıxardıblar”.

# 2715 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #