Kulis.az təqdim edir:
Atamla sağlığında çap olunmayan söhbətim
Müsahibə ilə tanış olandan sonra görəcəksiniz ki, burda müsahibədən söhbət gedə bilməz. Mənə elə gəlir ki, bu ata ilə oğulun baş-başa verib dərdləşməsidir. Mən atamla söhbəti yalnız diktafona, ardınca da kağıza köçürtmüşəm. Dədəm söhbətimizin yazılı variantını oxuyandan sonra qəti surətdə bildirdi ki, bunu çap etməməlisən. Mən də atamın sözünə qulaq asdım, dediyi kimi elədim. Düşündüm ki, atamın bu qərarı tamamilə düzgündür. Axı, o, yeri gəldi-gəlmədi müsahibə verən, özünü ədəbi mühitin gözünə soxan adam deyil. O yalnız yazır və bununla öz missiyasını bitmiş sayır.
İndi atam “haqq dünyası”ndadır. Bu danışıq isə atamla mənim yazıya alınmış yeganə və sonuncu söhbətimizdir. Atamla danışdıqlarım isə saysız-hesabsızdır. O söhbətlər yalnız mənim yaddaşıma yazılıb və yəqin ki, son ana qədər də mən atamın sözlərini, danışıq tərzini, şirin ləhcəsini heç vaxt unutmayacağam.
- Salam, dədə. Necəsən?
- Nədi, ə? Yenə pul istəyirsən.
- Nə pul? Müsahibə alacam səndən.
- Sən hələ cocuxsan, nə bilirsən müsahibə nədi. Özü də mən müsahibə-zad verən döyüləm.
- Bəlkə yoxlayaq? Nə deyirsən? Elə hesab elə ki, bu müsahibə deyil, eləcə söhbətdi.
- Yaxşı, tay sənsən də.
- Ata və oğulun müsahibəsi ciddi yox, səmimi olmalıdır. Necə düşünürsən?
- Ulan, bütün insanların danışığı səmimi olmalıdır.
- Gəl, onda sənə belə bir sual verim: mənim yazmağıma necə baxırsan?
- Qurdun aya hürməsi kimi... Vallah, nə deyim. İstəməzdim mənim çəkdiyim əzablara sən də qatlaşasan. Bu son dərəcədə ağır, pul gətirməyən bir şeydir. Ondansa “qaişnik-zad” olsan, yaxşıdır. Bir də yazıçı olmaq çox çətindir.
- Səncə, indiki gənclik çətinlik çəkir?
- Nə barədə çətinlikdən danışırsan?
- Hərçənd, burda sualları mən verirəm. Amma dediyimiz kimi səmimi olmalıyıq. Söhbət ədəbiyyatdakı çətinlikdən gedir.
- Nəyinki gənclik, hətta qocalar da çətinlik çəkir. Dediyim, bütün sahələrə aiddir. Çətinlik nədi? Ağır sosial vəziyyət, dolanışıq çətinliyi və. s.
- Ədəbiyyatımızın bu gününü necə görürsən?
- Bu gün ədəbiyyat var ki?
- Yoxdu?
- Mən hələ meydanda cızma-qaraçıları görürəm, bir də qrafomanları. İkisi də bir bezin qırağıdır.
- Ədəbiyyat, dədə, sən özün dediyin kimi axtarışdı. Məncə, axtarmaq lazımdı.
- Nəyi?
- Keyfiyyətli əsəri.
- Keyfiyyətli əsər yoxdusa, onu necə axtarasan. Keyfiyyətli əsər istəyirsən? Get Azərbaycandan qıraqda, dünya ədəbiyyatında axtar. Bura Azərbaycandı, Ayxan.
- Yaxşı, bəs öz dostlarının arasında kimləri yazıçı və şair kimi görürsən?
- Səfər Alışarlı, Saday Budaxlı, Yaşar, Əlabbas, İman Usuboğlu, bir də Mübariz Cəfərli.
- Bəs şairlərdən?
- Ulan, çoxdu şairlər. Həqiqi ədəbiyyat adamları isə azdı. Ad çəkməkdə çətinlik çəkirəm. Həm də istəmirəm kiminsə xətrinə dəyəm və ya kimisə qaldıram.
- Başa düşmədim, yazıçıların adını çəkdin, şairlərin adını çəkməyə niyə ehtiyat edirsən?
- Hərə öz dəstəsini tanıyır. Mən nəsrlə məşğulam, ona görə də nəsr yazanların adını çəkdim. Şairlərə isə qiymət verə bilmərəm. Yox, bu o demək deyil ki, mənim şeirdən başım çıxmır. Ad da çəkərəm. Ancaq ehtiyac duymuram.
- Yaxşı, necə deyirsən, elə də olsun. Başqa bir sual: bugünki ədəbiyyatın ortaya çıxarılmasında, adını çəkdiyin və çəkmədiyin yazıçıların, şairlərin tanınmasında tənqidçilərin xüsusi rolu var. Ancaq nədənsə, onlar elə bil yoxdular. Necə fikirləşirsən?
- Tənqid sözü ərəb sözüdür. Bir də “kriteriya” var, Adil Mirseyidin sözü olmasın. “Kriteriya” lap çoxdan, Sovet dönəmindən bu günə kimi mövcuddur. “Kriteriya” obyektiv deyildi. Bir alman yazıçısı var, indi adı yadımda deyil, daha doğrusu unutmuşam. O deyirdi: “Bu resenzetləri öldürün, onlardan it iyi gəlir”. Resenziya yazanlar tərəfsizdi. İndi tənqidçi soruşursan, vallah, nə deyim. Var, amma elə bil yoxdu.
- Bir İlham Abbasov var. Tənqidlə, ədəbiyyatşünaslıqla məşğul olurdu. Onun tənqidini necə qiymətləndirirsən?
- Bizlə bir ədəbiyyata gələn adını çəkdiyin İlham Abbasov var idi, sonra Məti Osmanoğlu. Bunlar kifayət qədər güclü tənqidçilər idi. Sonra məncə, bu işin olduqca əzablı, çətin olduğunu, məsuliyyətini dərk etdilər və ədəbiyyatdan çəkildilər. Onların bu addımını bir cümlə ilə ifadə edə bilərəm: Çünki doğru sözü sevən insan yoxdu. Həqiqət həmişə acı olur. Bax belə, Ayxan.
- Rus yazıçısı Limonovun bir sözü var. Deyir ki: “Biz yazıçıların ən yaralı yeri içki içməyimizdir”. Səncə, araq içməyən yazıçı, yazıçı ola bilməz?
- Əşşi, bu rus xalqının problemidi. Ruslarda təpədən-dırnağa, uşaqdan-böyüyə hamı içir. Bunun Azərbaycana nə dəxli?
- Yox, dədə. Sən məni düzgün başa düşmədin. Limonov içki məsələsini bütün yazıçılara şamil etmişdi.
- Boş söhbətdi. Kimin nə dəxli var, filankəs içir ya içmir. Yazıçı içsə də yaza bilər, içməsə də.
- Murad Köhnəqala eşitdiyimə görə yaman içəndi. Səncə, onun araq içməyi kimi yaxşı yazmağı da var?
- Əsas insanın “talantıdı”, istedadıdı. Murad kefi istəyər içər, kefi istəyər içməz. Amma buna baxmayaraq o yaxşı yazır. Həm nəsri, həm də şeiri yerindədir. Məsələn, Murad kimi mən də əvvəllər Xaşmidə çaxır içirdim. Noolsun?
- İndi çaxırların da zayı çıxıb?
- Hansı çaxır? Azərbaycanda çaxır var ki? Surroqat, rəng qatılmış bir şeydi.
- Bugünkü ədəbiyyatın da vəziyyəti belədi?
- Hansı ədəbiyyatdan danışırsan, Ayxan? Azərbaycan ədəbiyyatı məhəlli bir ədəbiyyatdır. Müasir dövrdə bütün sahələr böhran keçirir. Elə o cümlədən, ədəbiyyatda da bu proses gedir. Bu boşluqdan, böhrandan istifadə edən qrafomanlar, cızma-qaraçılar, təzəlik adından danışan yaza bilməyənlər, özlərini reklam eləyənlər, istedadsızlar həyasızcasına meydana dolublar. Burda həqiqi ədəbiyyatdan, sənətdən namuslu sözdən məşğul olanlara yer yoxdu, olmayacaq. Hətta bu yetmirmiş kimi, bunlar rəyasət heyətində də oturublar, ona-buna da ədəbiyyat adından qiymət verirlər. Bu qədər kəsə və konkret, Ayxan müəllim.
- Qrafoman deyəndə kimləri nəzərdə tutursan?
- Ulan, bunlar bir deyil, iki deyil. Mindi, milyondu, hansı birinin adını çəkim. Adlarını çəksəm nə sənin bu dızıldayan diktafonunun balaca kasetinə sığmaz, nə də sən ağlında tuta bilməzsən.
- Ədəbiyyatda qruplaşma olmalıdır, yoxsa yazıçı tək olmalıdır?
- Yazıçı, mənim fikrimcə fərd olaraq tək olmalıdı. Sürü təfəkkürü ilə düşünməməlidi. Xarakteri, öz şəxsi inamı olmalıdı. Onun uğuruna da sona qədər getməlidi. Kim nə deyir, desin fərq eləməz, bu belədi. O öz yolu ilə gedib öz həqiqətini sübut etməlidi.
- Qrup şəklində olsa belə...
- Əşşi, qrup şəklində ancaq avaralar, boşboğazlar toplaşır. Demək, yazıçı gücsüzdü, zəifdi, inamsızdı, köməyə ehtiyac duyur. İstəyir ki, bir dəstəyə qoşulsun, orda özünü rahat hiss etsin. Sən nə danışırsan? Ədəbiyyat fərdi işdi, ona görə də o təkliyi sevir.
- Azad insan məncə hər hansı bir dəstənin içində də özünü azad hiss edə bilər. Leninin bir sözü var: “Azadlıq dərk edilmiş zərurətdir”. İnsan gərək öz içində özünə azadlıq versin.
- Ə, sən də lap kommunist oldun ki, Lenindən sitat-zad gətirirsən. Mən sənə türkçüləri, millətçiləri misal gətirirəm, sən də gör kimlərdən sitat gətirirsən. Nə isə, sualına cavab verirəm: Sürüdə nə azadlıq var ki? Sürünün ümumi düşüncəsi var. Başçı sürünü hara çəkirsə, o şüursuz olaraq ora gedir. Vəssalam. Mən sürü yazıçıları tanıyıram, başçıları kimi tərifləyirsə onlar da xor “kopellası” kimi onun dediyini deyirlər, züy tuturlar. Özünün şəxsi, fərdi düşüncəsi yoxdu, yaxşı ilə pisi seçə bilmir, yalnız başçı desə ki, filankəs yazıçı və yaxud şair əladı, onlar da başçının dediyini təsdiqləyəcək.
- Demək, ədəbiyyatın indiki durumunun səbəbi azad olmamaqdadır.
- Xeyr, mən elə deməzdim. Biz böyük bir imperiyanın uçqununun altından çıxmışıq. Köhnə nə vardı, ondan imtina etmişik. Təzəsini isə yaratmamışıq. Nəşriyyatlar müəlliflərə qonorar yerinə, onların kitabının çapı üçün pul tələb edir. Ədəbi orqanların verdiyi qəpik-quruşsa intellekt əməyinə rişxəndən başqa bir şey deyil. Məncə, ən əvvəl iqtisadiyyatda azadlığa, sağlam rəqabətə nail olmaq lazımdır. Bundan sonra mədəniyyət və ədəbiyyat da öz-özünə düzələcək. İndiki şəraitdə əsər yazmaq sağlam ağılla düşünəndə idiotluqdur. Ona görə də pullu adamlar yazıçılıq, şairlik iddiasına düşüb. Əsərlərindəki çatışmayan yerləri isə muzdlu yazarlara qəpik-quruş verməklə düzəltdirib ərsəyə gətirirlər. Sonra isə yenə titullu alimlərə eyni üsulla resenziya yazdırıb özlərini təriflədirlər. Ədəbiyyatımızın təəssüfünü çəkəsi adamların tarix qarışısında cavabdehlik hissini unutmaları həmişə mənə çatmır. Belə yerdə nə azadlıq, nə sənət, nə ədəbiyyat? Bir yerdə ki, hər şey alınır, satılır, o yerdə həqiqi sənətdən danışmaq əbləhlikdir. Ancaq mən inanıram ki, həqiqi söz əhli bilərəkdən çəkildiyi bu meydana nə vaxtsa qayıdacaq və hər şeyi icarəyə verdiyi adamların əlindən dartıb alacaq. Biz sözümüzün gələcəyini sonuna qədər avantüristlərin öhdəsində qoyası deyilik ki? Milli kimliyimizə, xalqımızın mənəvi dəyərlərinə sahib çıxmağa çalışanları, yalançı “ura” vətənpərvərləri yerində oturtmağın və sovet psixologiyasından qurtulmağın vaxtıdır.
- Mənə elə gəlir ki, Sovet buxovlarını gənc yazarlar artıq məhv edib.
- Ayxan, sən öz yaşıdlarını, ağzından süd iyi gələnləri gənc yazıçı adlandırırsansa bu sənin öz işindi. Siz hələ təşəbbüs edirsiniz, gənc rəssam kimi insan anatomiyasını çəkməyə cəhd edirsiniz. Utanın, özünüzə yazıçı deyirsizsə.
- Biz hələ heç bir şey demirik ki?
- Yazıçı demirsiz?
- Biz özümüzə yazıçı demirik, biz sadəcə yazırıq və cəhd edirik.
- Hə, onda başqa məsələ.
- Və son bir sualla istəyirəm müsahibəni bitirək: bu ağır şəraitdə, yazmağın axmaqlıq olduğunu düşündüyün bir zamanda yeni nəsə yazmısan?
- Mənə bildiyin sualları vermə, Ayxan. Guya bilmirsən, dədən həmişə komputerin klavişlərini taqqıldadır?
- Noolsun? Hər taqqıldatmaq yazmaq deməkdir? Bəlkə oyun oynayırsan komputerdə?
- Ulan, kefimin kahyasısan? Kefim istəyir yazıram, kefim istəyir oynayıram, kefim istəyir içirəm. Sizdən başqa kiminsə qarşısında öhdəliyim yoxdur. Dünya ədəbiyyatına düşmək iddiam-zadım da yoxdur. Sadəcə yazmaya bilmirəm. Yazmaq mənim missiyamdır. Qalanı vecimə deyil.
- Sağ ol, dədə, mən getdim.
- Hara ə, avaralanmağa?
- Yox, müsahibəni kağıza köçürdəcəm.
- Boş-boş şeylə məşğul olma. İkidən-birdən mənim müsahibə verdiyimi görübsən? Mən şou əhli, şöhrət azarlısı deyiləm ki? Sən də axmaq-axmaq işlə məşğul olma, get dərslərini oxu. Ta uşaq deyilsən ki?
Söhbətləşdi: Ayxan Eyvaz
2009-cu il.
Eyvaz Əlləzoğlunun oğluyla son SÖHBƏTİ
14 avqust 2018
14:11
2175 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024