Ehtiraslı şeirləri yazan qoca kim idi?

Ehtiraslı şeirləri yazan qoca kim idi?
29 aprel 2013
# 11:38

Uilyam Somerset Moem

Şair

Məni məşhurluq elə də maraqlandırmır və dünyanın ən böyük insanlarının əlini sıxmaq kimi, çoxunun mübtəla olduğu həvəsdən həmişə uzaq qaçmışam. Kimsə məni fani insanlıqdan hansısa mənsəb və ya xidmətinə görə yüksəlmiş birisi ilə tanış etmək istəyəndə bu şərəfdən boyun qaçırmaq üçün nəzakətli bir səbəb axtarmağa çalışıram. Dostum Dieqo Torre məni Santa Aniya ilə tanış etmək istəyəndə də imtina etmişdim.

Bu dəfə isə tanış olmaq istəməməyimi səmimi şəkildə izah etdim: Santa Aniya təkcə böyük şair deyil, həm də romantik bir fiqurdur, onu macəralarının əfsanəyə çevrildiyi (ən azı İspaniyada) xoş günlərində görmək daha maraqlı olardı, amma indi onun qoca və xəstə olmasından xəbərdaram, güman edirəm ki, yad bir adamın, həm də əcnəbinin ortaya çıxması onu yalnız yora bilər.

Kalisto de Santa Aniya Böyük Məktəbin sonuncu varisi idi. Bayronizmin şan-şöhrətini itirdiyi bir dövrdə, o, bayronsayağı yaşayırdı və onu müasirlərinin heç birinin çatmadığı şöhrət zirvəsinə çatdıran şeirlərində qaynar həyatını təsvir edirdi. Onun yaradıcılığını mühakimə edə bilmərəm, çünki şeirlərini ilk dəfə iyirmi üç yaşımda oxumuşam və vurğunu olmuşam. Onun şeirləri ehtiras, qaba cəsarət, dolğun rənglər və həyat gücü ilə dolu idi, onlar başımı döndərmişdi və bu günədək də o ahəngli sətirlər, heyranedici ritmlər içimdəki gənclik xatirələrimlə birlikdə canlanır, onları oxuyan kimi ürəyim hər dəfə eyni şövqlə döyünməyə başlayırdı.

İspandilli ölkələrdə Kalisto de Santa Aniyanın ehtiramla oxunduğunu düşünürəm. Elə həmin uzaq keçmişdə bütün gənclər onun şeirlərini təkrarlayırdı və dostum onun ipə-sapa yatmayan xasiyyətindən, hərarətli nitqlərindən (o şair olmaqla bərabər, həm də siyasətçi idi), qamçılayıcı hazırcavablılığından və sevgi macəralarından uzun-uzadı danışırdı. O, üsyankar idi, sonunu düşünməyən bir cəsarət sahibiydi və hərdən bir də qanunların sərhədini zorlayırdı, lakin hər şeydən öncə o, yaxşı məşuq idi.

Biz hamımız onun hansısa böyük aktrisa ilə, ya da hansısa gözəllər gözəli müğənni ilə sevgi oyunlarından xəbərdar idik. Axı biz hamımız onun sevgisini, iztirabını, qəzəbini əks etdirdiyi alovlu sonetlərini oxuyurduq, əzbər bilirdik! Biz hətta ispan şahzadəsi, burbonların ən lovğa varisinin onun qarşısında mum olub əriyərək yalvardığını, Santa Aniyanın bu sevgini rədd etməsindən sonra şahzadənin rahibəliyə girdiyini də bilirdik. Axı nə vaxtsa şahzadənin əcdadı olan Filipplərdən biri sevgilisindən bezmiş, sevgilisi isə monastıra getmişdi, çünki başqasına aşiq olan kralın bu halını qəbul etməyi mənliyinə sığışdıra bilmirdi.

Belə olan halda Kalisto de Santa Aniya bütün məşhur krallardan daha yüksəkdə dayanmırmı? Bizsə şahzadənin bu romantik hərəkətlərini tərifləyirdik, bu onun tərəfindən edilmiş böyük əsilzadəlikdir və həm də bizim şairin adına tərifdir.

Lakin bütün bunlar uzun illər əvvəl yaşanmışdı, don Kalisto artıq ona təklif edəcək heç nəyi olmayan bu dünyadan əl-ayağını çəkib, iyirmi beş ilə yaxındır ki, doğma şəhəri Esixdə tərki-dünya həyat tərzi keçirirdi. Mən ora getməyə hazırlaşırdım (elə iki həftəlik Sevilyaya getmişdim), amma Santa Aniya üçün yox, sadəcə, mənim üçün əziz olan və çoxlu mənəvi bağlarımın olduğu gözəl Əndəlus şəhərciyini yenidən görmək istəyirdim.

Bu məqsədimdən xəbər tutan Dieqo Torre mənə şairlə tanış etmək təklifi etdi. Anlaşılan o idi ki, don Kalisto gənc nəsildən olan yazarların onu ziyarət etməsinə az hallarda icazə verirdi və bəzən də onlarla söhbətdə gəncliyinin çiçəklənən dövrlərində dinləyiciləri cuşa gətirdiyi həmin hərarətli söhbətlərindən edirdi.

- Bəs indi o necə görünür? – mən soruşdum.

- Əla.

- Sizdə fotosu var?

- Təki olsaydı! O ki otuz beş yaşından bəri şəklinin çəkilməzinə izn vermir. Öz deməyinə görə, gələcək nəsillərin onu ancaq gənc birisi kimi tanımasını istəyir.

Etiraf edim ki, şöhrətpərəstliyi göstərən bu əlamət məni mütəəssir etdi. Santa Aniyanın gəncliyində yaraşıqlı olduğunu bilirəm və onun gəncliyinin ötüb keçdiyini hiss edəndə yazdığı şeirlər insanı kövrəldir: ordakı ağrıdan, acı istehzadan şairin bir zamanlar hər kəsin heyran qaldığı nadir gözəlliyinin solmasından nə qədər məyus olduğunu anlamaq mümkündür.

Bütün bunlara baxmayaraq, dostumun təklifini qəbul etmədim. Yaxşı bələd olduğum şeirləri oxumaq mənə bəs edərdi, ümumiyyətlə Esixin sakit, günəşli küçələrində təkbaşına gəzmək istəyirdim. Bundan əlavə, gəldiyim günün axşamı o böyük insandan öz əl yazısı ilə yazılmış bir məktub almaq məni hətta qorxutdu da. Dieqo Torre məktubumu oxuyub gələcəyimdən xəbər tutan kimi, Santa Aniyaya yazıb və sabah səhər 11-də onu ziyarət etməyimdən xoşhal olacağını bildirib. Artıq təyin olunmuş vaxtda onun qəbuluna getməkdən başqa heç bir yolum qalmırdı.

Qaldığım mehmanxana şəhərin əsas meydanında idi, bu yaz səhərində şəhər çox canlı görünürdü, amma elə ki, küçənin tinindən buruldum, elə bil, tərk edilmiş bir şəhərə düşdüm. Bu ağ, girintili-çıxıntılı küçələr bomboş idi, tək-tük hallarda başdan-başa qara geyinmiş, ibadətdən qayıdan, ağır-ağır yeriyən qadınları görmək mümkün idi. Esix kilsələr şəhəridir, işdir, əgər ora getmiş olsan, başını qaldırıb hara baxsan, gözünün önündə zamanla aşınmış, leyləklərin yuva saldığı divarlar, qüllələr canlanacaq.

Bir yerdə yanımdan keçən bir qatar eşşəyə tamaşa edərək dayandım. Onların üstündə solğun qırmızı yəhər var idi, daha bilmirəm iki yanlarından sallanan xurcunlarda nə daşıyırdılar. Nə vaxtsa Esix inkişafına görə ilk sıralarda yer alan şəhərlərdən biri olub, onun ağ evlərinin çoxunun darvazası üzərində heybətli gerblər var idi, axı Yeni Dünyanın varlıları uzaq guşələrdə məskən salmağı seviblər, elə burda da illər boyu Cənubi və Şimali Amerikadan özünə var-dövlət yığmış avantüristlər məskunlaşıbmış.

Don Kalisto da belə evlərdən birində yaşayırdı, mən barmaqlıqlardan yığılmış darvaza qapısının zəngini çalanda, belə bir mənzilin onun təbiətinə uyduğu hissi ilə içim fərəhləndi. Ağır qapılarda nə isə qədimi bir nəhənglik var idi və o mənim şairlə bağlı təsəvvürlərimlə uyurdu. Mən zəngin səsinin evə çatdığını eşidirdim, amma heç kim mənə hay vermirdi, mən zəngi yenidən və yenidən çalırdım. Nəhayət, qapıya bığları çıxmış bir qarı gəldi.

- Sizə nə lazımdır? – o soruşdu.

Onun qara gözləri hələ də gözəl idi, amma çöhrəsindən qaraqabaqlıq yağırdı və mən onun, qoca şairin qayğısına qaldığını yəqin etdim. Ona vizit kartımı uzatdım.

- Sizin sahibiniz məni gözləyir.

O dəmir darvaza qapısını açıb məni içəri buraxdı. Gözləməyimi xahiş edib evin pilləkənlərində gözdən itdi. Küçədəki yandırıcı günəşdən sonra evin həyətindəki sərin hava içimi açdı. Ev əsilzadələrin həyat stilinə görə tikilmişdi, bəlkə də hansısa konkistadorun (Amerikanın işğalında iştirak etmiş ispan və portuqal istilaçıları –tərc.) nəvə-nəticəsinə məxsus idi; amma boyaları solmuşdu, ayağımın altındakı daş plitələr qırılmışdı, yaxınlığımda bir yerlərdə divardakı suvağın böyük bir parçası tökülmüşdü. Hər yerdə yoxsulluğun izləri görünürdü, amma qətiyyən miskin bir mənzərə deyildi.

Don Kalistonun kasıb olduğunu bilirdim. Vaxt olub, pul onun cibinə sel kimi axıb, amma o pula etinasız yanaşıb, səxavətlə xərcləyib. İndi onun ehtiyac içində yaşadığı açıq-aydın idi, amma bunu hiss etdirmək onun ləyaqətinə sığmazdı. Daxili həyətin ortasında bir masa dururdu, masanın hər iki tərəfində yırğalanan kreslolar var idi, üstündə iki həftə əvvəlin qəzetləri gözə dəyirdi. Qocanın isti yay axşamlarında burda oturub siqaret çəkərkən daldığı xəyallarından kaş xəbər tutsaydım, - deyə düşündüm.

Tağbəndin altındakı divardan üzərində kobud ispanca nələrsə yazılmış parça asılmışdı, bir küncdə toz basmış, qədimi barogueo (hərəkətli siyirmələri olan kiçik şkaf – isp.) qoyulmuşdu ki, bəzi yerlərinə vurulmuş bəzəklər tökülmüş, yeri boş qalmışdı. Qapının hər iki tərəfində bir cüt qədimi tapança asılmışdı və mən onların nə vaxtsa don Kalistoya çoxsaylı, ün çıxartmış duellərində istifadə olunmasını məmnuniyyətlə təsəvvürümdə canlandırdım. Bu duellərin birində o rəqqasə Pepe Montanyesin (yəqin indi o dişləri tökülmüş qoca qarğaya dönüb) üstündə hersoq Dos Ermanosu öldürmüşdü.

Ətrafdakı hər şey gözümün önündə tutqun təsəvvür etdiyim obrazlar canlandırırdı. Hara baxsam, bu romantik şair gözümün önündən keçirdi, bir müddət sonra bu evin ruhu bütövlükdə təsəvvürümdə canlandı. İndi onu vüqarlı bir qartal kimi bu ləyaqətli kasıblıq əhatə edib, eynilə əsrarəngiz gəncliyindəki kimi. Onun da təbiətində ulu əcdadlarının konkistador ruhu saxlanılmışdı və o şöhrət içində yaşadığı həyatını indi bu yarı uçmuş möhtəşəm divarlar arasında başa vurmaq istəyirdi.

Əlbəttə ki, şairə elə belə də yaşayıb ölmək yaraşır. Görüşümün məğzini əvvəlcədən hiss etdiyim üçün bura xeyli qəlb rahatlığı ilə, hətta bir qədər darıxaraq gəlmişdim, amma indi məni tədricən narahatlıq bürümüşdü. Mən bir siqaret yandırdım. Axı düz vaxtında gəlmişdim, “indi içəridə qocanı ləngidən nə idi”,- deyə düşünürdüm. Sakitlik məni qəribə şəkildə narahat edirdi.

Bu sakit həyətdə keçmişin kölgələri toplanmışdı və çoxdan ötüb keçmiş, bir daha geriyə qayıtmayacaq əsr gözümdə yenidən bir növ kabus həyata çevrildi. O zamanların insanları ehtirasa və kimsəyə boyun əyməyən təbiətə malik idilər, bizim indiki dünyamızda elə insanların izi-tozu da qalmayıb. Biz artıq o insanlar kimi sonu düşünmədən və qəhrəmancasına, elə teatral davrana bilmərik.

Mən evdən nə isə hərəkətlənmə eşitdim və ürəyim sürətlə döyünməyə başladı. İndi narahatlıq məni bürüdü və axır ki, onun pilləkənlərdən endiyini görəndə hətta bir müddətliyinə nəfəsim də kəsildi. O, əlində mənim kartımı tutmuşdu, ucaboylu, xeyli arıq birisi idi, dərisinin rəngi az qala sarıya çalırdı, eynilə köhnə fil sümüyünü xatırladırdı.

Bir qədər uzanmış saçları çallaşmışdı, qalın qaşları isə hələ tündə çalırdı, bu qaşların altındakı alov kimi yanan sehrli gözlər isə daha qaranlıq görünürdü. Bu yaşda onun gözlərinin hələ də parıltısını saxlaya bilməsi fövqəladə bir hal idi. Burnu qartal burnunu xatırladır, dodağı isə bir-birinə kip sıxılmışdı. Gələrkən gözlərini məndən çəkmirdi, üzündə bir damcı da mehribanlıq görmək mümkün deyildi, sanki soyuq baxışlarıyla məni qiymətləndirməyə çalışırdı.

O, başdan-başa qara paltarda idi, əllərində geniş kənarları olan şlyapası vardı. Qamətindən başdan başa özünə inam və ləyaqət yağırdı. O mən onu görmək istədiyim kimi birisi idi. Ona baxarkən isə onun ağılları necə mat qoyduğunu, qəlbləri necə fəth etdiyini anlaya bilirdim. Bir sözlə onun görünüşü başdan-başa şair olduğunu göstərirdi.

O həyətə düşüb yavaş-yavaş mənə tərəf gəldi. Baxışları həqiqətən də qartalı xatırladırdı. Mənim həyatım üçün təkrarolunmaz dəqiqələr yetişmişdi, budur, o keçmiş ispan şairlərinin varisi qarşımdadır. Onun arxasında əzəmətli Erreranı, səmimi kədərə bürünmüş Fray Luisi, mistik Xuan de la Krusu və mürəkkəb, qaranlıq Qonqoranı görürəm. O, bu uzun siyahıdakı sonuncu insan idi və onları izi ilə ləyaqətlə addımlamışdı. Qəribədir, o məqamda mənim könlümdə don Kalistonun ən məşhur lirik şeirlərindən biri, zərif bir mahnı kimi səslənməyə başladı.

Mən karıxdım. Xoşbəxtlikdən, onu salamlamaq üçün özlüyümdə ilk sözlərimi hazırlamışdım.

- Maestro, mənim kimi bir əcnəbi üçün şəxsinizin timsalında belə bir görkəmli şairlə tanış olmaq, olduqca böyük şərəfdir.

Onun bəsirətli gözlərində birdən-birə bir istehza qığılcımı doğdu və soyuq dodaqları bir anın içində gülüşə bürünüb titrəməyə başladı.

- Mən şair deyiləm, senyor, mən yun alverçisiyəm. Siz ünvanı səhv salıbsınız. Don Kalisto qonşuluqda yaşayır.

Sən demə, mən səhv qapıya girmişəm.

# 3980 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #