Müasir Azərbaycan poeziyasında ateizm

Müasir Azərbaycan poeziyasında ateizm
28 mart 2013
# 08:00

İstənilən obraz şüurun fokusuna düşən daxili aləmdir. Bədii obraz isə ədəbiyyatı digər sahələrdən fərqləndirən kateqoriya olaraq daha mürəkkəb fenomendir; o, bir tərəfdən müəllifin suallarını cavablandırırsa, başqa bir tərəfdən yeni suallar doğurur. Bədii obraz yalnız müəllifin təqdim etdiyi model ilə oxucunun təxəyyülündə formalaşır.

Esxatoloji əhval-ruhiyyənin hökm sürdüyü çağdaş poeziyanın ən çox üz tutduğu təsvir obyektlərindən biri də Allah obrazıdır. Şairlərin Yaradıcını şeirin predmetinə çevirməsi insanlar arasında sevgi və bağlılığın az qala yox olduğu, insani münasibətlərin itməkdə olduğu ekzistensial cəmiyyətdə düçar olduqları bədbəxtliklərə günahkar bir varlıq araması ilə bağlıdır. Bunu bir çox hallarda müəllifin ateist dünyagörüşü ilə əlaqələndirsələr də, bu fikri bütün hallar üçün məqbul hesab etmək olmur.

Ateizm kainatın Yaradıcı tərəfindən var olmasının, geniş mənada hətta bütün fövqəlqüvvələrin varlığının inkar edilməsi deməkdir. Allaha, yaratdıqlarına, “törətdiklərinə” üsyan edən, qarşı çıxan müəllif onun varlığını inkar etmiş olmur, əksinə, müraciət edirsə, deməli, mövcudiyyətini qəbul edir. Bu halda “Əgər varsa, onda niyə bəşəriyyətin həyatına müdaxilə etmir? Niyə insanlara daha yaxşı həyat bəxş etmir?” – deyə suallar altında əzilən aqnostikin əzablı axtarışları onu düşüncələrini, hiss və duyğularını nəzmə çəkməyə məcbur edir. Mixail Bakunin hesab edir ki, Allahın varlığı ideyası arxasınca insanın həqiqət və düşüncədən uzaqlaşmaq təhlükəsini gətirir; o, insanın azadlığının inkarı, eyni zamanda, nəzəriyyə və praktikada könüllü şəkildə qul psixologiyasını reallaşdırır. Müəllif həmçinin Volterin məşhur “Əgər Allah olmasaydı, onu uydurmaq lazım gələrdi” aforizmini “Əgər Allah olsaydı, onu məhv etmək lazım gələrdi” fikri ilə əvəz edir. Ateist dünyagörüşə malik şair üçün də məqsəd materialist baxışlarını poetik şəkildə ifadə edərək oxucuya bu fikirləri təlqin etməkdir.

Bədii ədəbiyyat emosional təsir vasitələrindən biridir. Bu təsirin nəticəsi olaraq bəzən oxucunun bu mövzulu şeirlərə münasibəti elə bir aqressiya həddində olur ki, onun üçün din, Allah mövzusu ilə sənətə münasibətin mütləq bir nöqtədə kəsişdiyinin fərqinə varırsan. Söz adamları üçün bu iki nöqtə, adətən, kəsişmir. “Bədii mətn müəllifi mütləq dindar olmalı, yaxud Allahı qəbul etməlidir”, – deyə bir ehkam yoxdur. Mövzu nə olursa, olsun, müəllifin ən ümdə işi onu istedadından yararlanaraq poetik mətn kimi oxucuya təqdim etməkdir və ədəbi tənqidi müəllifin hər hansı obyekti əsər mövzusuna çevirməyinin səbəbindən çox, onu necə yazdığı maraqlandırır.

Bəzən şairin mövzuya münasibətində ifrat aqressiya müşahidə edilir; müəllifin hiddəti elə bir nöqtəyə çatır ki, o, sadəcə öz asiliyini nəzmə çəkir – sənət onun üçün əsas meyara çevrilə bilmir. Bu halda həmin sətirlər poetik nümunə kimi meydana çıxmır, kin-küdurət saçan boşboğazlıqdan o yana gedə bilmir. Belə nümunələrdə yaradıcı qüvvə yer üzündəki bütün haqsızlıq və çatışmazlıqların səbəbkarı, daha doğrusu, günahkarı kimi ittiham olunur. Allaha münasibət tənqid sərhədlərini aşaraq təhqirə keçir. Belə nəzm nümunələrində müəllif şair ola bilmir, sözün ilkinliyini, saflığını qorumaqdan çox uzaqlaşır. Bunlar daha çox oxucunun diqqətini cəlb etmək, fərqli, kreativ görünmək istəyindən irəli gəlir. Lakin bu yolla arzu olunan fərqli mənzərəni yaratmağa müvəffəq olurlarmı? Fikirlərimizi konkret nümunələr əsasında davam etdirək:

...Nə günahı acından ölən körpələrin,
balası qucağında can verən anaların?
Nasıl çıxacaqsan o yükün
altından, necə ödəyəcəksən
o göz yaşlarının bahasını?
Qurtar ağalıq-qulluq davasını!
Harda gizlənmisən
çıx üzə!
Çıx ağam, yaradanım,
başımın tacı, ayağımın tozu!
Pozulur artıq sən yazan yazı,
dinlərin allahı,
minlərin allahı,
Çıx, gözləyə bilmirəm sabahı! (Şəlalə Göytürk)

Quranda Allah yaratdıqlarına and içir, bu şeir müəllifi də bütün mətn boyunca həm Allahın yaratdıqlarına, həm də daha çox insanın törətdiklərinə and içir: Ağ evin strategiyasından tutmuş Bin Ladenin əmmaməsinə, Kondaliza Raysın ayaqlarına qədər, Əfqanıstan çöllərindən Qarabağ müharibəsinə, Xocalı qırğınına qədər, bomjlara, küçə uşaqlarına, fahişələrə qədər hər şeyə and içir:

And olsun bu gecənin
sonsuz kədərinə,
sırtıq səhərinə,
abırsız günəşinə! – deyən müəllif dünyada insanın vəhşi əməlləri ilə törənən nə qədər pislik, haqsızlıq, bədbəxtlik, bəla varsa, hamısına and içir. And içir ki, bu pisliklərin əvəzini Allahda qoymayacaq.

Müəllif fərqində olmur ki, sadaladığı bütün vəhşiliklərin baiskarı Yaradan deyil, özünü yaradılmışların əşrəfi sayan insandır. Lakin biz onu nəyi yazmaqda suçlamırıq, daha çox necə yazmasına diqqət yetiririk. Əgər bu şeiri bir kəlmə ilə xarakterizə etmək lazım gələrsə, onu sadəcə “aqressiv” adlandırmaq mümkündür. Müəllif şeirdə Allahın ünvanına təhqirlər yönləndirməklə kifayətlənmir, hətta onu hədələyir də. İnsanların bir gün qiyamətdə Onunla qarşılaşacağı və yaşatdığı hər şeyin əvəzini çıxacağı ilə “barmaq silkələyir”. Şair yazdığı mətndə üsyan etməkdə, narazılığını ifadə etməkdə, əlbəttə ki, sərbəstdir. Lakin fikirlərin bu qədər aqressiv şəkildə ifadə olunmasını poetik mətn adlandırmaq mümkündürmü, burada şeiriyyatdan əsər-əlamət varmı? Bu tip mətnlərdə müəllif özünün dərdi, ağrısı, acısıyla əlbəyaxa olur, psevdopoetik emosiyalarla oxucunu özünün bu mübarizəsinə, savaşına şərik olmağa təhrik edir. Şairin kədəri, üsyanı ümumiləşmir, ictimailəşmir, fərdi və özününkü olaraq oxucuya sırınır.

Eyni mövzunu Nərmin Kamal “Allahı bağışlama” şeirində işləyir:

Allahın boğazı qəhərlə dolacaq
daha möhkəm hönkürməyə başlayacaq
acizəm, bağışla
– təkrar-təkrar bunu hıçqıracaq
mən də ona qoşulacağam
– yaraşmaz sənə kiçilmək
bəsdir, onu sakitləşdirməyə çalışacağam,
bundan daha pis həyatlar var
narahat olma, yaxşıdır hər şey – deyib
gözlərini siləcəyəm
Allahı əfv edəcəyəm

Kifayət qədər iddialı fikirlərin yer aldığı şeirdir, amma zərrə qədər aqressiya yoxdur. Bəli, bağışlayan Allahdır və bu fikir müqəddəs kitablarda dönə-dönə təkrarlanır. Lakin bu şeirdə Yaradanla yaradılanın rolları dəyişilir: bu dəfə suçlu Allahdır – bəndəsinə arzuladığı kimi həyatı, xoş günləri bəxş edə bilmədiyi

üçün üzr istəyən, hıçqırıb ağlayan obrazdır. Əfv edən isə ömrünü acılarla başa vuran bədbəxt bəndədir və üzr diləyən yox, bağışlayan odur. Kifayət qədər orijinal, fərqli poetik yanaşmadır və həqiqətən, şeir kimi oxunur, düşündürür. Baxmayaraq ki, yenə də bu mətni sənət meyarlarını bir kənara atıb yalnız dini inancına görə qiymətləndirən oxucu onu bu qədər sakit qarşılaya bilmir.

Müəllifin ateist, yaxud inanclı olması onun şəxsi işidir və bunun ədəbiyyata heç bir aidiyyəti yoxdur. Ədəbiyyat üçün önəmli olan müəllifin oxucuya təqdim etdiyi bədii mətndir, ona yaşatdığı emosiyalardır. Təəssüf ki, bəzən şair din və Allah anlayışlarını qarışdırır, onları eyniləşdirir və yaradıcıya münasibəti məhz bu yöndən formalaşdırır. Təbii ki, dini inancla incəsənətin, ədəbiyyatın “ərazilərini” qarışıq salmaq olmaz. Və mən heç bir şəkildə hansısa müəllifin dini inancı ilə bağlı fikir yürütmək iddiasında deyiləm.

Biz inancların təhqir olunmasından danışarkən onu da unutmamalıyıq ki, bədii mətnlərin də öz haqqı var və bu, sənət nümunəsidir. Lakin əgər bədii mətn sənət nümunəsi olmaqdan çıxırsa, məhz müəllifin cəfəng fikirlərinin bayağı daşıyıcısına, auditoriya qarşısında yanlış-doğru fəlsəfi düşüncələrini paylaşa biləcəyi tribunaya çevrilirsə, onda sənətdən yox, psevdosənətdən danışmalı oluruq.

Dini mövzularda epatajlı şeirlər yazmaq dəbini ədəbiyyata ötən əsrdə imajinistlər gətirmişdilər. Onlar bəsit, təhqiramiz ibarələrlə dolu fikirlərini misralara çevirərək qafiyələrə salır və nəticədə dinə və Yaradıcıya qarşı həqarətlə dolu nəzm nümunələri meydana çıxırdı. Oxucu isə həmişə epataja meyllidir, o təəccübləndirilməyi sevir. Odur ki, bəzən bütün yaradıcılığı boyunca heç nə ilə yadda qala bilməyən şair Allaha ironik yanaşma sərgilədiyi misraları ilə yadda qalmağa da cəhd göstərir.

Aqşin Yeniseyin Yaradıcıya münasibətində ateizmi müşahidə etməsək də, Allahın varlığına inanıb yaşadıqları üçün inciyən, umu-küsü edən bəndənin, yaşantıları fonunda inam və inamsızlıq arasında çarpışan aqnostikin misralarına rast gəlirik. Bu mövzu ilə bağlı dünya ədəbiyyatına müraciət edərkən S. Mendozanın “Acı çəkənlərə sayğı” şeiri diqqəti cəlb edir. “Mən ateist deyiləm, atasıymış kimi Tanrıdan küsən bir uşağam”, – deyən müəllif Allaha olan münasibətini çox aydın şəkildə açıqlayır: allahsızlığı təbliğ etmir, əksinə, onu yaradanla özü arasındakı barışmazlıq mövqeyinin səbəblərini göstərir. Eyni mövqeyə Aqşinin misralarında da şahid oluruq:

Bədəninə toxunduqca kədərlənirəm,
Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda olmayacaq.
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq üçün

öləcəyəm.
Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan,
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki,
Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə qorxmuram.
Yaşayıb səni itirməkdənsə,
Ölüb səni tapmaqdı sevgi – mənim üçün.
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm.

Şairin özünün də qeyd etdiyi kimi, onun üçün Tanrının varlığı şübhə doğurmur, lakin Onu qəddarlıqda suçlayır: sevdiyini ona çox görən, sevgiləri ayrılıqdan yoğuran Yaradıcıya münasibətdə bədii subyektin asiliyi meydana çıxır. Bu şeirin mütaliəsi zamanı çox vaxt oxucunu müəllifin ateist, yaxud inanclı olması maraqlandırır. Lakin məhz bu məsələ onun üçün əhəmiyyət kəsb etməməlidir, önəmli olan ona təqdim

olunan bədii mətndir. Müəllifin şəxsi həyatı ilə bədii subyekti arasında radikal uyğunsuzluq hallarına heç də az rast gəlinmir.

Rus filosofu S. L. Frank bu xüsusda yazırdı ki, şairin empirik həyatı ilə poetik yaradıcılığı arasındakı haçalanmaya baxmayaraq, mənəvi şəxsiyyəti bütöv olaraq qalır və onun yaratdıqları bu şəxsiyyətin dərinliklərindən yaranır. Başqa sözlə, deyə bilərik ki, bədii yaradıcılığında müəllifin şəxsi təcrübələrə əsaslanması mütləq şərt deyil, burada önəmli olan mənəvi təcrübədir.

Bəzən A. Yeniseyin ayrı-ayrı misralarında Allah obrazına ironik münasibətin şahidi olsaq da, bütövlükdə yaradıcılığını izləyərkən müəllifin keçdiyi katarsis prosesinə şahid oluruq. Üstəlik, ilk baxışdan ateistin misraları təsiri bağışlayan şeirlərdə ibtidai şəkildə olsa da, hətta təsəvvüf düşüncəsinin izlərinə də rast gəlmək mümkündür: “Yaxşı adamlar öldükcə Tanrı da müflisləşəcək”, – deyən müəllifin dünyadərkində Tanrı anlayışı yaxşılıqların məcmusundan və yaxşı insanların varlığından ibarətdir.

Adəmdə sevən, Həvvada günaha batan Tanrım,

Peyğəmbərdə öyrədən, müdrikdə düşünən,

Şairdə əzab çəkən Tanrım,

Məcnunda divanə olan, Leylada darıxan Tanrım,

Qılıncda kəsən, boğazda qan axan Tanrım,

Liviyanı sənə tapşırıram,

Yurdumdan muğayat ol.

“Əlvida” şeiri diktator Muammər Qəddafinin dilindən yazılıb və bu son bənddə Yaradana yönəlmiş müraciətlərdə “vəhdəti-vücud” fəlsəfi təliminin əlamətləri özünü büruzə verir. Bu təlimə görə, kainatda nə varsa, hamısı Mütləq Varlığın tanınması üçün mövcuddur, yəni hər şey onun müxtəlif maddi varlıqlar şəklində

təzahürüdür. Klassik şeirdən fərqli olaraq, ironik yanaşmanın da yer aldığı bu misralarda Tanrı onun yaratdıqları ilə tanıdılır, bu şəkildə müraciət edilir.

Şairlər təkliklərini, tənhalıqlarını öz orijinallığını artıq çoxdan itirmiş və bu mövzulu şeirlərdə tez-tez rast gəlinən “Allah kimi yalqız olmaq” fikri ilə də ifadə edirlər. Öz tənhalığını Tanrının “tənha”lığına bənzədən Ə. Qaraqaplan şeirlərində ateist kimi çıxış etmir. Onun misralarında da tez-tez görünən Tanrı obrazı inkar fonunda meydana çıxmır, əksinə, müəllif özünü tənhalığında, dəliliyində, tərkedilmişliyində Tanrıya yoldaş olaraq görür, asiliyinin günahkarlığını

duyaraq bağışlanma diləyir: “belə biri olduğumçün Tanrı məni bağışlasın, belə sərsəm – belə ayrılıqla dolu.” “Səfil-sərgərdan Tanrı” şeirində şair deyir:

tanrılara baxma, abi

onlar belə azalıb BİR oldular

səfil-sərgərdan bir Tanrımız qaldı sonda

hamıdan sevgi uman – hamını sevən Tanrı

kimsələrin sevgi ummaq istəmədiyi

kimsələrin sevmədiyi bir Tanrı...

Bədii subyekt Tanrının təkliyini yalqızlıq, sevilməzlik və tərk olunmuşluğu ilə əlaqələndirərək hətta ona acıyır. Burada varlığı inkar yoxdur, müəllif oxucunun qarşısına ateist düşüncələrlə çıxmır. Lakin inanclı insan Tanrını qüdrət və əzəmət sahibi kimi tanıyır, ona tapınır, sevir və bu misralardakı fikirlərlə təbii ki, razılaşmır – odur ki, bu mülahizələr absurd görünür.

Şeirdə çox rast gəlinən məqamlardan biri də şairin ifadə etdiyi “Allah olmaq” arzusu, tanrılaşmaq iddiasıdır. Burada bəzən arzu, bəzən iddia

şəklində meydana çıxan ifadələr Allah kimi yaradan, yaxud onun kimi bəşərin fövqündə dayanan bir varlıq olmaq istəyinin təzahürüdür. Günel Eyvazlının şeirindəki Allahlıq iddiası isə daha çox müəllifin özünü axtarışı fonunda meydana çıxır:

...Mən kiməm, axı kiməm,
Qadağalar etməyə.
Zaman-zaman özümü
Normalar daxilində,
Mum kimi əritməyə.

Qaçacam uzaqlara
Şappıldadıb torpağı dənizə yollanacam.
Mən suya boylanacam.
Özümü görəcəyəm.
Ləpələrin üstündə.
Var gücümlə çığırıb
Özümü eşidəcəm.

Mən dərya olacağam,
Mən torpaq olacağam,
Mən Allah olacağam,
Mən ana olacağam,

Mən məzar olacağam.

M. Svetayeva “Dua” şeirində deyir ki, hər şey istəyirəm; qaraçı ruhu ilə mahnı sədaları altında quldurluq etmək də, orqan sədası ilə hamının əvəzinə, əzab çəkmək də, amazonka kimi döyüşə atılmaq da... G. Eyvazlının şeirində də dünyanın qayğıları, ehtiras və qadağalarının əsirliyində boğulan insan üçün saxta özündən qopub ayrılmaq, gerçək mənini tapmaq çətin olsa da, vacibdir və şair qəhrəmanımız həyatını bir çox başqa rollarda yaşayaraq realizə olunmağı arzulayır. Dəryanı da, torpağı da, analıq sevincini də Yaradanın hədiyyəsi kimi qəbul edən qəhrəman növbə ilə onun yaratdığı hər şeyə çevrilmək istəyir. Fəqət bu şeirdə hələ qəhrəman özünü axtarışlarının ilkin mərhələsindədir, o hələ ki, sadəcə arzulaya bilir, üsyanı bu arzuları gerçəkləşdirəcək gücə malik deyil. Bu üzdən onun torpaq, dəniz, məzar və sonda Allah olmaq istəyi bir az primitiv görünür. Bununla belə, bu şeirdə arzu və xəyallarından qoparılmış insanın azad ruha sahiblənmək istəyi allahlıq iddiası təsiri bağışlayır.

Şairlərdə bu iddianın meydana çıxması onun yaradıcılıq prosesində özünü əsl “yaradıcı” kimi hiss etməsi ilə də bağlıdır. İddiası ilə mənəvi iztirabları arasında insan əsl özünə can atır, bəzən bu canatma insanın özünü tanıyıb onu yaradana yaxınlaşması ilə bitir, bəzən isə mənəvi aşınma ilə. Aqşinin “Gülü ağac olmaq arzusu soldurur, Bizi Tanrı olmaq iddiası öldürür” fəlsəfi düşüncəsi burada yerini tapmış olur.

Bəzən şairin obraz olaraq Allaha üz tutması bədii mətndə o qədər əsaslandırılmış olur ki, onun yerində başqa hər hansı bir obrazın fikrin ifadəsinə o şəkildə xidmət edə biləcəyi şübhə doğurur. Lakin bir çox hallarda müəllifin müraciət obyekti kimi məhz Yaradanı seçməsi sırf diqqət çəkməyə hesablanır, çünki obraz mətndəki yerini doğrultmur. Müəllifin Allaha üsyan, ona qarşı mübarizə fonunda cəsarətliymiş kimi bir görüntü yaratması çox vaxt fiaskoya uğrayır. Cavidanın “Elə-belə” şeiri bu baxımdan söz oyunu effekti yaratmaqdan başqa bir təəssürat yaratmır:

Allahın
qanının qara çağlarında
açıb əlimdəki

həyat dəftərimi
planlarımı göstərirəm
"...əvvəl belə edəcəm,
sonra belə olacaq..
sonra da belə,
belə,
axırda da bax belə..."


Həmən

dodaqları qaçır,
gözləri gülür,
qapayıb əlindəki
həyat dəftərimi

planlarını gizlədir –
"..əvvəl belə edəcəksən,
sonra belə olacaq,
sonra da belə.
belə,
axırda da bax belə..."


Vəssalam...
Mənim qanım qaralır
Onun qəhqəhələri altda
əvvəl elə,
sonra belə,
axırda da
elə-belə...

Bu şeiri oxuyanda məşhur bir rus lətifəsini xatırladım. Bircə cümləlik lətifədə deyilir ki, Tanrını güldürmək istəyirsənsə, ona öz planlarından danış. Bu yarızarafat, yarıciddi deyilmiş cümlədə ifadə olunan fikir aydındır, bizdə də ona bənzər “Sən saydığını say, gör fələk nə sayır”, – deyə bir məsəl var. Şairlər Allahın insana bəxş etdiyi tale payından, qismətlərinə düşən alın yazılarından az şikayət etməyiblər. Vaqif Səmədoğlu bu kiçik şeiri hələ 1969-cu ildə yazmışdı:

Ay Allah,

al bu qələm,

bu da alnım!

Fikirləş,

tələsmə,

yaxşı bir şey yaz.

Bəzi hallarda şairin Allahla “zarafatlaşmalar”ına nə qədər çalışsan belə, axtarış donunu geydirmək olmur. Belə şeirlərdə müəllif ateist kimi çıxış edərək, Yaradıcı qüvvəyə qarşı ironik münasibət sərgiləyir – Emin Pirinin “Allahın zarafatı” şeirində olduğu kimi:

Şeytan da bezikib çıxa özündən
içindən allahın özü boylana
dönüb arxasıyca gələn bəndəyə:
“Yaman aldatdım ha…”
Deyə!

...Qoşulub İblisə çıxıb gedəsən
Allahın dalınca qeybət edəsən
arxanca mələklər yalvara
Allah da göydən qışqıra:
Emin,
bu,
zarafat deyil?!

Bu şeirdə müəllif nəyi demək istəyibsə, onu da deyib: o, həyatı, yaşananları, yaşanacaqları dünyanın idarəçisinin zarafatı kimi qəbul edir. (Anoloji fikrin bir başqa formada ifadəsinə Aqşinin də şeirində rast gəlirik: “İnsanın faciəsi bəlkə də, Tanrının əyləncəsidir.”) Bu misralarda nə üsyan var, nə də Allahı inkar.

Amma güclü ironiya var və bu mövzuda yazılan çoxsaylı üsyan, asilik dolu şeirlərdən fikrin orijinallığı ilə seçilir. Bu baxımdan hər cür dini inanc, görüş və baxışları bir kənara qoyaraq, şeiri sadəcə maraqlı bir poetik nümunə olaraq qəbul edirəm.


Müasir insanın düşüncəsində ümumən din və xürafat anlayışı arasında sərhədlər pozulduğundan “din” adı altında hər cür qadağa və

qorxular başa düşülür. Bəzi müəlliflər üçün dinin fəlsəfəsi içinə girməyə cəhd göstərmədiyi, yaxud qorxduğu qaranlıq bir otaqdır. İnsanın bilmədiyi onu qorxudur, qorxduğunu tənqid və ya inkar etmək, yaxud kinayə ilə yanaşmaq da bir münasibətdir.

İnsanın düşüncəsindəki ən böyük yanlışlardan biri bəlkə də, onun Allahı kəşf etmək istəməsidir. Sanki hər kəs ətrafına “boylanıb” orada yaradıcını axtarmaqla məşğuldur. Tapmayanda, ətrafdakı haqsızlıqlar, bədbəxtliklər, faciələr fonunda “səmanı boş görəndə” ona qarşı üsyan edir, hayqırır. Halbuki insan o halda Allahın varlığına çata bilər ki, onu özündən kənarda deyil, öz içində axtarsın və içindəki o uca varlığı formalaşdıraraq allahlaşdırmağı bacarsın.

Başqa sözlə, Allah insanın içində “doğulmalıdır”. Xüsusilə də, yaradıcı insan üçün onu öz hiss və düşüncələrindən doğurmaq, yaratmaq vacibdir. Sokrat ”Özünü tanı” deyir, Məhəmməd peyğəmbərdən (s.) gətirilən hədisdə “Hər kəs özünü tanısa, Allahını da tanıyar” deyilir. Dinə, Allaha münasibət fonunda önəmli olan yenə insanın bu anlayışlara hansı yöndən yanaşmasıdır.

Çünki əksərən insanlar Mütləq Varlıq olan Allaha deyil, onun dini inanışlar sistemində “avtoritetlər” tərəfindən formalaşdırılmış obrazına inanırlar. Kor-koranə inanan insanlar onlara təlqin olunan Allah obrazına tapınır və yaradıcının əsl mahiyyəti haqqında düşünməyi ağıllarına belə gətirmirlər. Allah axtarışına çıxan insan isə bu axtarışa nə qədər “əmək sərf edərsə”, o qədər də müvəffəq olar. Başqa sözlə, verdiyin sevgi qədərinin qarşılığını almaq mümkündür. Aqressiya, üsyan, təkəbbür, asiliklə Allahı nə özündə, nə də təbiətdə, nə də bədii yaradıcılıqda tapmaq olar.

# 5628 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #