Yuli Sezarın kölgəsinin dolaşdığı yer

Yuli Sezarın kölgəsinin dolaşdığı yer
14 dekabr 2012
# 08:45

Meyhyu

Əksəriyyətin həyatı onun əhatəsiylə müəyyənləşir. Belələri talenin onlara göndərdiklərini itaətkarlıqla, hətta deyərdim həvəslə qəbul edir. Onlar öz relsləriylə aramla gedən tramvayları xatırladır. Axı yəqin bu nəqliyyat növü də şəhər küçələrində özünü ora-bura çırpan, kənd yolunda qaza basan balaca avtomobillərə nifrət edir.

Belə insanlara hörmətlə yanaşıram: onlar yaxşı vətəndaşdırlar, yaxşı ər və ən sonunda yaxşı atadırlar, bir də ki kimsə vergi verməlidir, ya yox; amma onlar maraq dairəmdə deyillər. Məndə maraq doğuranlar, heç bilmirəm necə ifadə edim, nadir tapıntılardı; belələri həyatın yüyənini öz əllərində saxlamağa və onu zövqlərinə uyğun çapmağa üstünlük verir.

Bəlkə də iradə azadlığı adlanan bir şey, ümumiyyətlə, mövcud deyil. Amma hər halda, onu xəyal etməmək də olmur. Bizlər yolayrıcında sağa, ya sola iradəmizə uyğun getdiyimizi düşünürük, lakin addım atdıqdan sonra əslində bu seçimi dünya tarixinin gedişatına uyğunlaşdırdığımızı belə görmürük.

Həyatımda Meyhyu qədər maraqlı biri ilə rastlaşdığımı düşünmürəm. O, Detroytda (ABŞ-ın Miçiqan ştatında şəhər – red.) özünə uğurlu karyera qurmuş istedadlı vəkiliydi. Bu şəxs artıq otuz beş yaşına qədəm basanda zəngin olduğu qədər faydalı təcrübə yığmış, heç kəsdən asılı olmayacaq dərəcədə maddi vəziyyətə sahiblənmişdi. Ağıllı, dürüst və xoşagəlimliydi. Maliyyə işlərində, ya siyasətdə görkəmli sima olması üçün bircə addım bəsiydi.

Bir axşam Meyhyu dostlarıyla klubda oturur; bir az içirlər. Yaxınlarda İtaliyaya səfər edən tanışı Kapridə gördüyü ev haqda söhbət açır, bu, Neapolitan körfəzi sahilindəki təpənin başında, iri kölgəli bir bağı olan malikanəydi. Aralıq dənizinin ən gözəl adasının bol-bol tərifini dinləyən Meyhyu söyləyir:

- Əla danışırsan. Bu ev satılır?

- İtaliyada hər şey satılır.

- Gəlin onlara teleqram göndərib, qiymətimizi təklif edək.

- Soruşmaq ayıb olmasın, Kapridə ev almaq nəyinə gərəkdi?

- Orda yaşayacam, - Meyhyu kəsə söyləyir.

Vəkil teleqraf blankı gətizdirib, onu doldurur və çatası ünvana göndərir. Cavab özünü çox gözlətmir – bir neçə saatdan sonra gəlir. Təklif qəbul olunur.

Meyhyu riyakar deyildi və ayıq başla bu cür dəlisov addım atmayacağını etiraf edə biləcək qədər cəsarətliydi. Lakin sərxoşluğu keçəndən sonra belə peşmançılıq hissi çəkmir. Bu adam nə impulsiv, nə də həddən ziyadə çılğınıydı. O, çox dürüst və səmimi insanıydı. Əgər düşünüb-daşınandan sonra seçimini axmaq bir addım kimi qiymətləndirsəydi, yalançı igidlik xətrinə inad etməzdi. Lakin bu məqamda aldığı qərarı dəyişməyə ehtiyac duymur. O, aşırı var-dövlət dalınca qaçmırdı, İtaliyada yaşaması üçünsə yetərincə pulu vardı. Bir də həyatını artıq balaca adamların əhəmiyyətsiz köhnə-kürüşünə xırdalamaq istəmədiyini anlamışdı. Qarşısına heç bir yeni məqsəd-filan qoymamışdı. Sadəcə marağını itirmiş yeknəsəq həyatını dəyişmək istəyirdi.

Dostları, sözsüz ki, onun ağlının azdığını düşünürlər; bəziləri hətta Meyhyunu fikrindən döndərmək üçün dəridən-qabıqdan çıxır. O isə yarımçıq qalmış işlərini qaydasına salıb, əşyalarını toplayır və yola düşür.

Kapri – dənizin göy sularıyla yuyulan, əlçatmaz görünüşlü sərt qayadı, lakin buraların bəzəyi sayılan yaşıl üzümlüklər onun sərtliyinə rəng qatır. Meyhyunun belə ecazkar bir yerdə məskunlaşması, açığı, məni təəccübləndirir, çünki onun gözəlliyə etinasız olduğunu bilirdim. Heç bilmirəm orda nə axtarırdı, - xoşbəxtlikmi, azadlıqmı, ya sadəcə ürəyindən avaralanmaq keçmişdi, - amma hər nə axtarırdısa, tapmışdı. Buna zərrə qədər də şübhə eləmirəm. Hissləri cuşa gətirən bu guşədə o, sırf mənəvi həyat sürürdü.

Kaprinin tarixi yer olduğu heç kəsə sirr deyil, imperator Tiberinin (Tiberi Yuli Sezar Avqust, ikinci Roma imperatoru – red.) sirli kölgəsi bu yerlərin üzərində əbədi dolaşır. Meyhyu Neapolitian körfəzinə açılan pəncərələrindən Günəşin şəfəqlərində rəngdən rəngə düşən Vezuvini və romalılarla yunanları xatırladan yüzlərlə digər yeri görürdü. Keçmiş onun fikirlərinə hakim kəsilmişdi.

Burda rastlaşdığı hər yeni şey - axı o, əvvəllər heç vaxt xaricdə olmamışdı - vəkili həyəcanlandırır və yaradıcılıq xülyalarına salırdı. Meyhyu əməl adamıydı. Tezliklə o, tarixi iş yazmağı qərara alır. Bir müddət mövzu seçir və sonunda Roma imperiyasının ikinci yüzilliyundə dayanır. Tarixin bu dönəmi az öyrənilmişdi və Meyhyuya görə, qarşıya müasir zamanla səsləşən suallar qoyurdu.

O, kitablar alır və tezliklə iri bir kitabxana sahibi olur. Sürətlə oxumağı hələ vəkillik illərinin vərdişiydi. Meyhyu işə başlayır.

O, əvvəl-əvvəl axşamlarını kiçik bir meyxanada rəssam və yazıçıların əhatəsində keçirsə də, sonra özünü bütünlüklə işinə həsr edir. Bu arada sakit, mülayim dənizdə çimməkdən, buruqsaç nazəninləri xatırladan üzümlüklərin arasında itib-batmaqdan ləzzət almağa macal tapmışdı. Lakin zamanla gəzintilərdən də, dənizdən də imtina edir; vaxtına heyfi gəlirdi. O, işinə Detroytdakı fəaliyyətindən qat-qat çox can qoyur. Günortadan başlayaraq, bütün günü və gecəni işləyir. Ta ki hər səhər Kapridən Neapola yola düşən paroxodun fit səsi saatın beşi ötdüyünü və artıq yatmaq zamanı gəldiyini xatırladırdı.

Qələmə alacağı mövzunun həcminə və əhəmiyyətinə tədricən varmağa başlayır. Meyhyu hətta onu dahi tarixçilərlə bir cərgəyə qoyacaq əməyini təsəvvüründə belə canlandırır. İllər bir-birini əvəzlədikcə insanlardan daha çox gen gəzməyə başlayır. Bu dönəmdə onu yalnız ya şahmat oynamaq, ya da kiminləsə mübahisə etmək eşqinə evdən çıxarmaq olurdu. Sabiq vəkili intellektlərin söz döyüşü əyləndirirdi. İndi o, çox oxumuşdu, özü də yalnız tarixi deyil, fəlsəfə, təbiət elmlərini də. İndi o, mübahisə ustasıydı – iti ağıllı, məntiqi, acıdil. Qələbəsi ona yetərli məmnunluq hissi bəxş etsə də, əvvəlki tək mehriban və səbirli adamıydı, rəqibinin heysiyyətinə toxunmamaq üçün zəfərini ürəyində bayram edirdi.

Adaya şux əzələsi, şəvə kimi qara saç-saqqalıyla gəlmişdi, lakin zaman ötdükcə bənizi solğunlaşır, vücudu arıqlayır və əldən düşür. Çox maraqlıdır: məntiqi Allah sayan bu maddiyyatçı bədənə nifrət edirdi, üstəlik ona yalnız ruhun əmrlərinə tabe olan kobud alət kimi yanaşırdı. Nə xəstəliyi, nə yorğunluğu bu adama işini davam etdirməyə mane olurdu. On dörd il tər tökə-tökə işləyir. Minlərlə qeyd aparır. Onları arıtlayır və təsnif edir. Mövzusunu eninə-uzununa öyrənir, ən nəhayət, hazırlıq işlərini başa çatdırır. Yazmaq üçün masa arxasına keçir. Və ölür. Bədəni ondan qisas alır.

Özüylə birgə yığıb-yığışdıra bilmədiyi nəhəng bilgiləri də tələf olur. Adını Gibbon (Edvard Gibbon, ingilis tarixçisi – red.) və Mommzenlə (Teodor Mommzen, alman tarixçisi – red.) bir sırada görmək arzusu, - burda zərrə qədər də olsun utanası bir şey yoxdu, - həyata keçmir.

Onu yalnız ildən ilə azalan məhdud sayda dostları xatırlayır, cahanasa yaşadığı sürəcə nə qədər naməlumdursa, elə o cür də qalır.

Amma zənnimcə, o, xoşbəxt həyat sürüb. Yaşam mənzərəsi gözəl və bitkindi. O, istədiyini edib, xəyallarındakı sahilə yaxınlaşanda ölüb və eləcə də kamına yetən məqsədin acısını yaşamayıb.

Çevirdi: Kifayət Haverdiyeva

# 2573 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #