8 Mart hədiyyəsini atmaq istəyən qadın

8 Mart hədiyyəsini atmaq istəyən qadın
8 mart 2016
# 14:00

Kulis Gülcahan Mirməmmədin “Çətir” hekayəsini təqdim edir.

Yol gedə-gedə də hiss etdi ki, gözlərinin işığı artdı, sifəti gülümsər ifadə aldı. Həmişə ağartı aldığı dükanın güzgülü vitrinindən içəri boylanmasaydı, kim bilir, camaatın üzünə gülümsəyə-gülümsəyə hələ nə qədər yol gedəcəkdi. Amma vitrinə baxanda, zarafatla «qlavlit» adlandırdığı senzor içində oyandı. Üzünə ciddi ifadə verib yoluna davam etdi. Hisslərini büruzə verdiyi üçün özünə acığı tutdu. Ona elə gəldi ki, etiraf etməyə çəkindiyi duyğularını kimsədən gizləyə bilmir. «İfşaçı» nəzərlərini aşağı dikib yoluna davam etdi.

Düzü, tez-tez ürəyindən keçirdi ki, onu da başqa qadınlar, qızlar kimi küçədə əli çiçəkli görsünlər. Onun çiçəklərinə baxan kimsənin bu gözəl mənzərədən eyni açılsın. Əlindəki çiçəklərdən üzü yuxarı qalxan yad, amma mehriban baxışlar onun nəzərlərilə toqquşsun, o da tanımadığı həmşəhərlilərininin üzünə güclə seziləcək təbəssümlə gülümsəsin.

Lap uşaqlıqdan ürəyi axırdı ki, kimsə ona gül bağışlasın. Amma pula gül almaq, kiməsə çiçək bağışlamaq adətinə həyatda ancaq Bakıya yığışandan sonra rast gəlmişdi. Həmkəndlisi, çaydan keçmə qohumu olan həyat yoldaşı ağlı kəsəndən şəhərdə yaşasa da, nişanlı vaxtlarında belə ona bircə dəstə gül almaq nədir, görüşə çağırmağı da mənasız sanmışdı.

Bəlkə də işarə vursaydı, əri nəinki nişanlı olarkən, lap elə evli vaxtlarında da ona gül alardı. Amma utandığından heç vaxt bu istəyi barədə nəsə deməmişdi. Toyu da kənddə olmuşdu deyə, elə qayınanasının gəlinlik örpəyini başına atıb piyada atasıgildən üç ev aralı olan ərinin babasıgilin doqqazından içəri salmışdılar... Qəribədir, indiyədək heç bu barədə fikirləşməmişdi… Eh, keçmiş ola… Guya indi fikirləşmişkən, nəsə dəyişəcəkdi?..

Hərdən bir kitabını oxuduğu müəlliflər ona gül gətirəndə də evə aparmır, eləcə otaqdakı ümumi güldana qoyurdu. Otaq yoldaşları bu hərəkətini gül gətirənə hörmətsizlik kimi ona irad tutanda ağılna gələn ilk fikri söyləmişdi: «Çox da redaktoru mənəm. Kitabda başqalarının da zəhməti var. Deməli, bu gözəllikdən zövq almağa hamının ixtiyarı çatır». Bu ağlabatan uydurma həmin geniş otaqda işləyən 12 qadının ağlına necə batmışdısa, çox vaxt onun hərəkətini təkrarlayırdılar. Hələ gül dəstəsinin yaraşığını pozub güldana qoyanda kənara çəkilib onu elə süzürdülər ki, sanki heykəltəraş öz mükəmməl əsərinə baxır. Bircə rusca çıxan dərçslikləri oxuyan, bütün nəşriyyatın «Çətir» ləqəbi qoşduğu Ninel Rudolfovnadan başqa.

Bu günsə martın 7-si idi. Hamı kimi o da bu bayram hədiyyəsini əlinə alıb evinə aparırdı.

…Dayanacağa çatınca neçə nəfərin onun əlindəki zərif çiçəklərə fırlatdığı nəzərləri tutdu. Hətta bir qızın başı ilə ona işarə edib yanındakı oğlanı yüngülcə dümsüklədiyini, ərköyünlüklə çiyin atdığını, oğlanınsa qaşlarını sağa dartaraq «sabah» deməsini görərkən duyduğu məmnunluq ürəyinə yağ təki yayıldı. Deməli, təbrik məsələsində övladı ilə yaşıd olan bu ərköyün və qəşəng qızın sevgilisini qabaqlayan həssas insanlar varmış. Kimə nə dəxli var ki, hədiyyəni kim verib?! Camaata hesabat verməyəcək ki?! Əsas odur ki, onu bu sütül qızdan tez təbrik ediblər, vəssalam.

Trolleybusa minəndə ağır çanta qaldırırmış kimi bir az ləng tərpəndi. Bayaq «sabah» deyən oğlan nəzakətlə onun sol dirsəyindən yapışdı. Salona qalxınca başını çevirib oğlana təşəkkür etmək istəyəndə onu görmədi. Nəzakətli oğlanla qəşəng sevgilisi artıq salonun arxasında, qapı ilə üzbəüzdəki küncə çəkilib pıçıldaşırdılar.

Trolleybusun orta qapısının arxasındakı plastik arakəsməli oturacaq boş idi. Keçib yerini rahatladı. Bura onun sevimli oturacağı idi. Bakıya təzə gəldiyi vaxtlarda, elə bu nəşriyyatda makinaçı işləyib axşamlar universitetdə oxuduğu vaxtlarda da, hər gün xalasıgildən işə, işdən də dərsə trolleybusla gedən zamandan bu yeri xoşlamışdı. Sonralar, hələ şəhərdə marşrut taksilərin, yığcam avtobusların seyrək olan vaxtlarında qızları bağçadan götürüb, iki uşaqla bazarlıq edib evə gedəndə də bu trolleybusa minərdi. Həmişə də çalışardı ki, orta qapının arxasındakı oturacaqda əyləşsin. Həm uşaqlar rahat otururdu, həm də bazarlığını tapdayıb deyinən olmurdu.

Yerini rahatlayanda həmin zillətli günləri yadına düşdü. Bayramqabağı qanını qaraltmaq istəmədiyindən cansıxıcı düşüncələri başından çıxarmaq üçün onu qapıdan ayıran plastik arakəsmədən arxadakı oğlanla qıza tamaşa etməyə başladı. Elə onun da «tamaşaçısı» yox deyildi. Qarşısındakı tutacaqdan yapışıb durmuş əli portfeli ucaboy Kişi nəzərlərini onun qızılgüllərindən çəkmirdi. Mədəni adama oxşayan Kişinin çöhrəsindəki peşmanlq qatqılı nisgil onun ovqatını bir az da bulandırdı. Hətta arada nəzərləri toqquşanda bir balaca sıxılan kimi oldu. Fikirləşdi ki, elə cavanlara baxsa yaxşıdır. Yəqin böyük qızı da nişanlısı ilə trolleybusa, avtobusa minəndə özlərini arxa küncə verib cüt göyərçin kimi pıçıldaşırlar. Müqayisəsi, xüsusən də «cüt göyərçin» ifadəsi özünə ləzzət elədi. Ürəyində «özümə qismət olmadı, barı balam həyatdan murazını alsın» deyəndə hiss etdi ki, gözləri nəmlənir. Nəzərlərini qızılgüllərə zilləmiş Kişi onun kövrəldiyini görməsin deyə, üzünü pəncərəyə çevirdi. Hələ azından yarım saat yol gedəcəkdi. Qızı nişanlanandan bəri artıq neçənci dəfə ona qoşacağı cehizi xəyalən qablaşdırmağa girişdi. Adət etmişdi: əhvalı qarışan kimi uşaqlarını fikirləşər, qızlarının gələcəyilə bağlı xəyallara dalar, fikrini bu cür dağıdardı. Əslində cavanlıq diləkləri, iş perspektivləri puça çıxandan bütün ümidləri, arzuları balalarının adına bağlı idi.

…Arxa oturacaqdan gələn «əcəb güllərdir» sözləri onu xəyaldan ayırdı. Plastik arakəsmənin bir üstünlüyü də arxanı göstərməsi idi. Düzdür, arakəsmədəki təsvir qoca nənəsinin kənddəki gəlinlik güzgüsü tək pozuq olsa da, ona əksi düşənlər barədə təsəvvür oyadırdı. Bu dəfə onun güllərinə kimin gözü düşdüyünü bilmək həvəsilə gözlərini pəncərədən çəkib irəli baxdı. İki cavan qadın idi. Pəncərə tərəfdə oturan yəqin ki ailəli idi. Əyləşə-əyləşə «Bu saat Totuş balam atasına qan ağladır» deyə narahatlığını rəfiqəsilə bölüşməsindən, barmağındakı nişan üzüyündən bunu başa düşmək çətin deyildi. Güllərin gözəlliyini söyləyən isə dəcəl övladından şikayətlənən gəlindən iki-üç yaş kiçik kiçik olardı. Son dəbli, xəz yaxalıqlı dəri plaş geyinmiş, İtaliya dizaynlı qızıl üzük taxmışdı. Son illər meydana çıxmış işdən qorxmayan, təkbaşına qərar çıxarmağı bacaran, öz biliyinə və qüvvəsinə inanan yeni qadın tipinə aid idi. Rəfiqələr nəsə mühüm məsələni müzakirə edirdilər.

- Bura bax, camaatın gül-çiçəyindən söz salıb başımı qatma. İki dayanacaqlıq vaxtım var, de görüm, bunu niyə bəyənmədin? - bunu soruşan pəncərə dibində oturmuş gəlin idi.

Qız dodağını büzdü:

- Bilirsən, Ayka («yəqin əsl adı Aygündür» deyə öz-özünə qərar verdi)…

- Nailə, ürəyimi üzmə, deyərsən, bilərəm, - Ayka adlı gəlinin hövsələsi heç yox imiş.

- Ay bacı, mən yazıq bunun nəyini bəyənim?! Lal-kar. Bir adam ki, özünü bəyəndirməyə gəldiyi qızdan «necəsiz»i də can çəkə-çəkə soruşa, ondan nə gözləyirsən?

- Mən heç nə gözləmirəm. Sən nə gözləyirsən, ondan soruş! - deyə Ayka tanımadığı oğlanı müdafiəyə keçdi. - Basmarlayıb öpəydi gərək! Ya da şit-şit anekdot danışmalıymış birinci görüşdən bununçun? Ay qız, hövsələn olsun. Sən onu bəyən, sonra yavaş-yavaş hər şey olacaq…

- Sən Allah, ətimi tökmə! - Onu gülümsəməyə vadar edən sözlər Nailəni özündən çıxartdı. - Mən demirəm ki, şitlik, ya da əliuzunluq eləsin!.. Onun canıyçun… Ölmüşdü Nailə!..

Rəfiqəsinin xətrinə dəydiyini hiss edən Ayka səsinin tonunu dəyişdi:

- Yaxşı da… Nə dedim ki, mən yazıq…

-

Səndən inciyən var bəyəm?.. Amma adamda qanacaq yaxşı şeydir. Necə deyim e, belə çox fağırdır. Soruşuram ki, işindən razıdır? Cavab verir ki, düzdür, maaşı azdır, amma sakitlikdir, altıdan o yana qalmıram. Söz atdım ki, elə yaxşıdır, səhərdən gecəyədək işləyəndə adam kütləşir, teatrdan-kinodan, konsertdən qalır. Nə cavab versə, yaxşıdır? «İndi televizorda o qədər təzə kino, maraqlı veriliş verirlər ki, harasa getməyə ehtiyac yoxdur».

- Tək getməyə həvəsi gəlmir yəqin… Nişanlanarsınız, dartıb apararsan hara istəsən…

- Yox, papa canı, adam gəzdirənə oxşamır. Ay qız, heç futbol-xokkeylə də maraqlanmır e!..

- A?.. Onu hardan bilirsən?

- Bilmirsən ki, məni maraqlandıran məsələni öyrənmək mənim əlimdə su içmək kimi bir şeydir?

- Nə olsun ki, maraqlanmır? Hamı sənin kimi başını hər yerə soxmaz ki?..

- Çox sağ ol! Bəs onunla nə danışım? Anası da fəxr edir ki, oğlum bazar-dükan bilməz. Belə çıxır ki, həm ondan iki-üç qat çox işləyib pul qazanmalıyam, həm də bazarlıq eləməliyəm. Kinoya-teatra, məclisə yenə anamla, iş yoldaşlarımla getməliyəm?! Bu da oturub əsnəyə-əsnəyə teleseriala baxacaq.

Deyəsən, Nailənin bu sözləri Aykanın bəhanəsini kəsdi:

- Bilirsən, onu da qınama. Şəhər yeridir deyə, bir az qol-qanad açmağa imkan verməyiblər, ev uşağı kimi böyüdüblər. Belə baxanda kişi elə sakit olsa, yaxşıdır.

- Lap anam kimi danışırsan. Mən demirəm ki, başkəsən, narkoman, Allah eləməmiş, adam döyən olsun. Bu yazıq nə ətdir, nə balıq. Xalası qızı da deyir ki, öl desən - öləcək, qal desən - qalacaq. Vəkil özün olacaqsan, nə istəsən, onu da edəcəksən.

- Aaaa…. Bəs sən nə dedin?

- Nə deyəcəyəm?! Dedim ki, çox sağ ol, çətirim var.

- Nə? Çətir? Çətirin bura nə dəxli?

- E-eeee… Sən də lap dilbilməz olub getmisən. Yəni aləm səni ərli arvad bilir, sən isə əsl feminist kimi hər işə təkbaşına qərar verirsən. Yəni dönüb olursan erkək Tükəzban. Belə kişi, Allah uzaq eləsin, ər, əsl bizim işdəki Elyanın malıdır. Qulaqlarını salladıb otursun evdə, arvad da İstanbuldan vurub Dubaydan çıxsın. Biri söz atanda da dili bir metr çıxsın ki, ərli qadınam, kimə nə var, neyləyirəm?!

- Yaxşı, sən də söz danışdın…

- Nədi? Olmaya yalan deyirəm?

- Yox… - deyə Ayka rəfiqəsinin dilindən çıxan çılpaq həqiqəti ürəksiz də olsa, etiraf etməyə məcbur idi.

- Yaxşı, mən çatdım. Totuşu xalasının yerinə maç elə, İbrahimə də salam de. Gəl, bir səni öpüm. Sabahkı bayramın da mübarək. Kişivün qədrin bil… Pulunu verəcəyəm, düşərsən.

- Sağ ol. Sənin də bayramın mübarək. Zəhmət çəkmə, yadlarından çıxacaq…

- Çıxmaz. - Nailə bunu deyib iti addımlarla qabaq qapıya getdi. Sürücünün yanındakı yeniyetməyə rəfiqəsini göstərib düşdü. Trolleybus tərpənincə özünü orta qapıya çatdırıb pəncərəni taqqıldatdı. Bu taqqıltı onu da diksindirdi. Arakəsmədə Aykanın gülə-gülə rəfiqəsinə əl etdiyini gördü. İki dayanacaq sonra Ayka da düşdü. Yerindəcə hoppanan, atasının əlindən dartınıb çıxmaq istəyən 4-5 yaşlı qız uşağı ilə təxminən 35-36 yaşlı qamətli bir kişi onu gözləyirdilər. Uşaq anasını görən kimi atasının əlindən qurtulub illər həsrətlisi kimi onun üstünə cumdu. Kişi isə əlini uzadıb yüngüllüyü baxmaqla da hiss olunan sellofan torbanı həyat yoldaşından aldı.

Pəncərədən bu cavan ailəyə baxırdı. Əslində tanımadığı Nailə adlı qızdan eşitdiyi sözlər çəkic kimi beynini döyəcləyirdi: «Bu fason ər elə çətir kimi bir şey olur». İlahi, belə çıxır ki, o, ömrü boyu çətirlə yaşamışdı?! Axı, onun əri də yaşadıqları 23 ildə bir dəfə külfəti ilə birgə nə teatra-konsertə getmişdi, nə bir kərə ağır bazarlıq eləmişdi, nə də uşaqlarını bağçaya, məktəbə aparıb gətirmişdi. Qızlar nəinki körpə olanda, hətta ikisi birdən qızılca səpəndə də bir saat arvadını əvəz etməmişdi ki, gözünün çimirini alıb dincəlsin. Nə bir kərə qızlarının dərsilə maraqlanmışdı, nə də kimlərlə rəfiqəlik etməsilə. Evliliklərinin ilk illərində arvadının «nə bişirim?» sualına həmişə eyni «mənimçün fərq etməz» cavab verməsilə onu çaşdırardı. Bu yolla da onun adi məişət üsulları ilə olsa da, halal ərinin rəğbətini qazanıb, gözündə ucalmaq həvəsini zərrə-zərrə öldürmüşdü. Düzü, əvvəllər ərinin soyuqqanlılığına etiraz etməyə cəhd göstərirdi. Amma qaynanası oğluna qahmar çıxıb «məgər mən ölmüşəm, oğlum arvad işinə qarışsın» deyib həşir qoparardı deyə, o da taleyilə barışmağa, birgə yaşayışa tamam başqa prinsiplərlə yanaşmağa alışmışdı. Hərdən bazardan 20 kilo yüklə qayıdanda, ya da evə çağırdığı ustanın başı üstdə durub təmirə nəzarət edəndə də əsəbiləşmək əvəzinə şükür eləyirdi ki, nə yaxşı, kənddə yaşamırlar. Yoxsa naxıra da, dəyirmana da özü gedəcəkdi, bu azmış kimi, el-oba içində biabır da olacaqdı. Dilə gətirməyə utansa da, ürəyində öz-özünə təskinlik verirdi ki, nə yaxşı, balalarının ikisi də qızdır. Atasına çəkmiş oğlan doğsaydı, bunca vecsizliyə dözə bilməzdi.

Tövbə, ərinin döyüb-söyməyi, içib evdə heç nəyin üstündə dava salmağı yox idisə də, sevib-oxşamağı, dillə könül almağı da yox idi. Elə bil iki qarın doğmaq üçün ərə gəlmişdi, vəssalam. Arabir iş yoldaşları intim məsələlərdən danışıb təcrübələrini bölüşəndə, kişi qılığına girməyin sirlərini açıqlayanda o, deməyə söz tapmır, oxuduğu kitablardan, baxdığı filmlərdən sitat gətirmək istəyəndə də karıxıb qalardı. İş yoldaşları onun utancaq, qaradinməz olduğuna inanandan sonra canı qurtarmışdı.

Deməli, çətir! Yağmurda, bir də çimərlikdə gün təpənə döyəndə gərəyin olan əşya. Deməli, onun əri də Nailə deyən çətirfason kişilərdən imiş. Lazım olanda özünə sipər edirsən, lazım olmayanda da əl-ayağına dolaşır. Lap otuz ildən bəri bir otaqda əyləşdiyi Ninel Rudolfovnanın çətiri kimi.

Yay-qış, günəşli-yağmurlu, hər cür havada çətir gəzdirdiyi üçün bu arıq, sarı bənizindən xəstəlik yağan, onların otağına qədəm basan hər kəsə qalın şüşəli gözlüyünün üstündən dərsini bilməyən tələbəyə baxan professor kimi girdə gözlərini bərəldən bu tənha qadının obrazı ancaq tutacağı qarmağa oxşayan çətirlə tamamlanırdı. Özü də kim Ninel Rudolfovnanın masasına yaxınlaşıb ondan bir söz soruşsaydı, yaxud tumbanın üstündəki telefonun dəstəyini qaldırsaydı, mütləq həmişə stulun söykənəcəyindən asılan çətirə toxunacaqdı; çətir də sahibinin ərazi-mülkiyyət toxunulmazlığını qoruyan sədaqətli köpək kimi səs salacaqdı: ya yerə dəyib tappıldayacaqdı, ya milləri ona toxunanın paltarına, saatına ilişəcəkdi, ya iti ucu yumşaq yerinə batıb ufuldadacaq, ya da baldırına sürtünüb nazik corabında qan qaraldan bir şırım açacaqdı.

Aralarında hamıdan cavan, son vaxtlarsa demək olar ancaq psixologiyaya dair əsərlər oxuyan Gülsəfa bir müşahidəsini Ninel Rudolfovna otaqda olmayan zaman onlarla bölüşmüşdü. Gülsəfa fikir veribmiş ki, rəhbərlikdən, yaxud müəlliflərdən kimsə hansısa iradını Ninel Rudolfovnaya söyləyərkən qadın sol əlilə biixtiyar çətirin ortasından yapışır. Yox, əgər həmin kəs ona təşəkkür edib işindən razı qaldığını deyirsə, Ninel Rudolfovnanın çətiri boğazlamaq meyli tumarlamaq ilə əvəzlənir. Gülsəfanın bu kəşfini xəlvətcə izləyəndən sonra hamının müşahidəçi ilə müşahidəyə məruz qalana münasibəti dəqiqləşmişdi. İndi hamı Gülsəfadan psixoloji məsləhət istəyir, beynəlxalq siyasətdən dodaq boyasınadək hər şeydə onun fikrini soruşur, cansız əşyaya arxalanmaq, ona kavaler münasibəti bəsləmək zorunda qalan Ninel Rudolfovnaya acıyırdı. Amma Ninel Rudolfovnanın dediyinə görə öz sahibəsindən başqa hər kəsin əl-ayağına dolaşan, kimsənin xoşuna gəlməyən çətir nə vaxtsa yiyəsini zorba bir köpəyin hücumundan qoruyubmuş. Ninel Rudolfovna ilə təkcə işdə yox, yolda da rastlaşan Ziba xanım şahidlik edirdi ki, çox vaxt marşrutda onun çətiri başqalarına mane olduğundan Ninel Rudolfovnaya əyləşmək üçün daha tez yer verirlər.

Belə-belə işlər…. Axır ki, gəlib çatdı. Trolleybusa necə həvəslə minmişdisə, düşəndə bir o qədər həvəssiz idi. Təsadüfən eşitdiyi söhbət dünəndən bəri onu bürümüş bayram ovqatını da pozmuşdu, həyatını alt-üst çevirməyə də vadar etmişdi. Dayanacaqdan öz binalarına tərəf gedəndə ona elə gəldi ki, qollarından daş asılıb. Bir an duruxub əllərinə baxdı. Sağ əlində gül dəstəsi vardı, uzunqulplu əl çantasını isə sol çiynindən asmışdı. Çantanın içinə nə qoymuşdusa, yeridikcə paltonun üstündən qoltuğunu dəlirdi. Bu, nə ola bilərdi? Trolleybusda biletin pulunu sağ cibindəki xırdalardan vermişdi deyən, heç çantanı açmağa ehtiyac qalmamışdı. Dözmədi. Çantanın zəncirbəndini ona xas olmayan əsəbi hövsələsizliklə dartıb açdı… Yumşaq dəri çantanın içinə onun sol qoltuğunu əzəni görüncə alnı soyudu. Əksəriyyəti qadın olan nəşriyyat kollektivinin xəlvətdə «Ağabacı» çağırdığı həmkarlar komitəsinin sədri Saleh müəllim 8 Mart münasibətilə bütün qadınlara allı-güllü, dörd qatlanan çətir hədiyyə etmişdi. Hədiyyəni əlinə alıb ətrafa göz gəzdirdi. Ürəyindən ilk keçən istək çətiri bir qədər aralıdakı zibil qabına atmaq oldu. Birdən qarşıdakı dayanacaqda əylənən avtobusdan düşənlərə gözü sataşdı. Hamısı onunla eyni binada yaşayanlar idi. Əri də qonşuların arasında, əlləri gödəkcəsinin ciblərində, kepkası da qaşlarının üstündə düz ona tərəf gəlirdi. Artıq dönüb getmək də, çətiri tullamaq da ayıb idi. Qonşular nə deyərdi? Gərək çətiri bayaq, trolleybusda qəsdən unudaydı. İndisə gec idi, çox gec. Odur ki, yerindən tərpənməyib əlindəki çətirlə ərini gözləməkdən özgə çarəsi qalmadı.

# 916 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

15:00 15 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
# # #