Çeçenlərdən kitab yazan şotland tələbə - Alpay Azərin hekayəsi

Çeçenlərdən kitab yazan şotland tələbə - <span style="color:red;">Alpay Azərin hekayəsi
22 aprel 2018
# 16:40

Azadlıq və rahatlıq

Dostum Ataqama

Səhərlər çeçen çox vaxt dərsə ac gedirdi, günortalar universitetin bufetində ponçik və şirin çayla aclığını öldürürdü. Bircə axşamlar yemək mərasimi başlayırdı, – tavaya azca su töküb kartof-soğanı içinə atırdı, su buxarlanıb qurtarana yaxın duz atıb kartofların bir az qızarmağını gözləyirdi, bişirdiyini balaca, dar otağında yeyirdi. Hərdən suda makaron, vermişel bişirib üstünə ketçup töküb yeyirdi ki, ağzının dadı dəyişsin.

Həmin vaxtlar müstəqillik istəyən insanların yaşadığı on beş min yarım kvadratlıq bir yerdə ağır döyüşlər gedirdi. Hər gün adamlar ölürdü, yaralanırdı, mərmilər evləri, məktəbləri, xəstəxanaları yerlə yeksan edirdi. Gecələr səksəkə içindəydi çeçen tələbə, – yerində o yan-bu yana çönürdü, elə bilirdi Su-25-in atdığı raketlərdən biri də onların Qroznıdakı evlərinə düşəcək. “Qroznıda növbəti bombardman nəticəsində onlarla dinc sakin həlak olub” xəbərini NTV-dən eşidən kimi cumurdu poçta. Üç dənə jeton alıb evə zəng edirdi, telefonu ilk götürənlə bir dəqiqə tez-tələsik danışıb, hamının sağ-salamat olduğunu biləndən sonra rahat yataqxanaya qayıdırdı. Qroznıda yaşayan valideynləri, iki bacısı humanitar yardımın hesabına güclə özlərini dolandırırdılar. Təqaüdün hesabına günlərini yarımac yola verə-verə, dərs oxumaya-oxumaya ümid edirdi ki, hüquqşünas diplomunu alana qədər Çeçenistan müstəqil dövlət olacaq, qayıdanda rayon prokuroru işləyə-işləyə karyerasını quracaq.

Hər ay toppuşsifət şotland tələbəyə isə atası Qlazqodan beş yüz dollar göndərirdi. Səhərlər alman yağı, holland pendiri, bazardan aldığı yağlı xama, cökə balıyla çay içirdi, günortalar universitetin yeməkxanasında doyunca nahar edirdi şotland tələbə. Axşam tavada zeytun yağında qızartdığı qoyun ətinin ətri mətbəxə yayılanda, suda kartof bişirən məğrur çeçen hirsindən dişlərini bir-birinə sıxırdı. Onu ən çox əsəbiləşdirən mətbəxdə yeməyin bişməsini gözləyən şotlandın hərdən Baunti şokoladı yeyə-yeyə kitab oxumasıydı, az qalırdı yaxınlaşıb desin: ya kitab oxu, ya şokolad ye. Çeçen əvvəllər içindəki kokos əzməsini ləzzətlə damağına sıxdığı bu şokoladdan tez-tez alıb yeyirdi. İndi pulsuzluqdan nə Baunti, nə də Snikers almağı qıyırdı özünə. Ürəyində “Əclaf” desə də, əminiydi ki, şotland ona şokolad alıb versə belə, quruca təşəkkür edərdi, amma qüruruna salıb götürməzdi.

İkisi də Sankt-Peterburq Dövlət Universitetinin tələbəsiydi, yataqxananın üçüncü mərtəbəsində qalırdılar...

Bircə şey çeçenə ruh və təsəlli verirdi, – bir milyonluq xalqı Qrad, tank, qırıcı təyyarələrlə silahlanmış yüz milyondan çox sayı olan rusun ordusuna qarşı avtomat, pulemyot, qranat və minaatanlarla gecə-gündüz vuruşurdu. Həm də onunla fəxr edirdi ki, dünyanın ən böyük ölkəsi, nüvə silahı olan Rusiyanın baş naziri Viktor Çernomırdin onun həmkəndlisi, səhra komandiri Şamil Basayevə telefonla zəng edib Budyonovskda girov götürdüyü rusların azad edilməsi üçün dil tökmüşdü, söz vermişdi ki, çeçenlərin tələbləri nəzərə alınacaq və axırda Basayev yüzə yaxın döyüşçüsüylə sağ-salamat Çeçenistana qayıtmışdı.

Mücahidlər döyüşlərdə rus əsgərlərini pusquya salıb qıranda çeçenin şotlanda olan təkəbbür qarışıq ikrahı daha da artırdı. “Hər gün ət, şokolad yeyir, amma vecinə deyil, vətəni yüz illərdi işğal altındadı. Bunun donuz sifətinə adamın lap tüpürməyi gəlir”. Az qalırdı yaxınlaşıb sual versin: Hanı sənin qürurun? Bəyəm həyatın mənası tək elə dadlı yeməklərdədi? Çeçen heç cürə anlayammardı, sevdiyi “Cəsur ürək” filmindəki qəhrəman Uollesi (XIII əsrin sonu və XIV əsrlərdə öz xaqlının azadlığı uğrunda səkkiz ilə yaxın İngiltərəyə qarşı vuruşmuş və axırda əsir götürülərək edam edilmiş şotlandların milli qəhrəmanı Uilyam Uollesdən söhbət gedir) olan bir xalq niyə indi öz azadlığı uğrunda vuruşmur, heç olmasa, qonşuları kimi İrland Respublikası Ordusu yaradıb ingilis polislərinə hücum eləmirlər. Axırda gəldiyi məntiqi nəticə bu olmuşdu: “Don geyinən (Şotland kişilərinin milli geyimi kilt nəzərdə tutulur.) millətdən bundan artığını gözləmək olmaz. Deməli, vaxtilə qəhrəman sayılan bu xalq başdan-ayağa arvad yığnağına çevrilib”. Şotland çeçenin ondan xoşu gəlmədiyini hiss eləmişdi, amma vecinə deyildi, ancaq öyrəndiyi tarix elmi, mənbələr, metodologiyalar, elmi monoqrafiyalardakı yeniliklər maraqlandırırdı onu.

Nəhayət, 1996-cı ilin avqustunda bir neçə günlük döyüşlərdən sonra 850 çeçen mücahidi atıcı silahlarla vuruşa-vuruşa hər cür silahı, texnikası olan 6 min rus əsgərini məğlub elədi. Çeçen başqa universitetlərdə oxuyan yerliləriylə bir yerdə kafedə qələbəni qeyd elədilər, rəqs elədilər. Xasavyurtda Rusiya Çeçenistanla sülh müqaviləsi imzalayan gündən bir həftə sonra çeçen mətbəxdə şotlanda demək istədi ki, bizim Basayevimiz, Məshədovumuz dünyanın gözü qarşısında tarix yazır, sizsə məğlubiyyətiyinizlə çoxdan barışmış bir xalqsınız. Şotland həmişəki kimi çeçenin təkəbbürlü, bu dəfə qəzəbsiz, nifrətsiz baxışlarına fikir vermədi, əvvəlcə qızartdığı steykdən bir tikə kəsib həvəslə qoxuladı, sonra ağzına apardı, “good” (yaxşıdı) deyib yeməklə bir yerdə mətbəxdən çıxdı. Çeçen istehzalı təbəssümlə “Blyaa,” – deyib başını buladı, sonra fikirləşdi ki, mən niyə bunların müstəqilliyini özümə dərd eləmişəm, özləri bilər, əsas bizim qələbəmizdir, onu da əldə etmişik, indi qalır başqa ölkələr bizi müstəqil dövlət kimi tanısın, o da inşallah yaxın zamanlarda baş tutar.

Üç il sonra prezident Məshədova tabe olmayan səhra komandirləri öz güclərinə o qədər arxayın oldular ki, dəstələriylə qonşu Dağıstanın üç kəndində şəriət qayda-qanunu yaratmış mücahidlərə hücum edən rus əsgərləriylə vuruşmağa cürət etdilər. Çeçenin sevinci aşıb-daşırdı, – elə bilirdi Dağıstandan sonra inquşlar, kabardinlər, qaraçaylar, dalınca tatarlar, başqırdlar cihada başlayacaq, ən əsası, birinci müharibədə şəhid olmuş Dudayevin Qafqazın müstəqil dövlətlərinin öz aralarında birləşib ittifaq yaratmaq arzusu həyata keçəcək.

Bu arada çeçen xarici şirkətlərin birinin təhlükəsizlik xidmətində işə düzəlmişdi, artıq o da zeytun yağında ət-kartof qızardırdı, xiyar, pomidor, banan, portağal yeyirdi, çayı Baunti şokoladıyla içirdi, hərdən evdəkilərə də pul yollayırdı. Komendanta artıq pul verib geniş, işıqlı otaq götürmüşdü. Tox qarın, rahat yuxu yatdığı gecələr üstəgəl həmkəndlisi Basayevin, ərəb Xəttabın başçılıq etdiyi mücahidlərin Dağıstana yürüşü, ehtimal ki, müstəqil olacaq Tatarıstandan, Başqırdıstan və o biri respublikalarla bir yerdə Çeçenistanı da dünya dövlət kimi tanıyacaqdı, – qısası, yataqxananın ən xoşbəxt adamıydı. Yerliləriylə yaxınlıqdakı kafedən alıb gətirdiyi dadlı yeməklərdən yeyə-yeyə, milli rəqslərini oynaya-oynaya növbəti qələbəni qeyd edirdilər. Həmin günlər mətbəxdə rus, belorus, özbək, moldovalı tələbələrə imam Şamilin naibi olmuş, döyüşlərdə qolunu, gözünü, ayağını itirmiş çeçen Bəysunqurun qəhrəmanlıqlarından həvəslə danışa-danışa, qıraqdan şotlandın ona diqqətlə qulaq asmağından ləzzət alırdı: “Deməli, irəliləyiş var. Mel Qibson öz “Cəsur ürəyilə” bir şey edə bilmədi, bəlkə bizim mübarizəmiz bunlara təsir edər”.

Və çox keçmədi, məlum oldu ki, qardaş dedikləri mücahidlərə kömək etməklə, sadəlövh çeçen döyüşçüləri zəifləmiş Rusiyanın xəstə prezidentindən hakimiyyəti təhvil almış cavan, enerjili siyasi varisin qurduğu tələyə düşüblər: Basayevgilə vəd olunan ümumdağıstan üsyanı baş tutmadı, bundan istifadə edən rus ordusu onları ordan vurub çıxardı, dalınca Çeçenistana daxil oldu. Balaca, məğrur xalqın birinci müharibəylə müqayisədə daha dəhşətli günləri başladı, – “ölüm eskadronları” evlərdə gizlicə yaralarını sağaldan mücahidləri gecələr komendaturaya aparıb işgəncə verə-verə öldürdülər, onları gizlədənləri isə döyüb şikəst elədilər. BBC, CNN göstərməsin deyə, dinc, ya döyüşçü, fərqi yoxdu, rus əsgərləri bəzən çeçenlərin meyitlərini gecələr dərin quyular qazıb basdırdılar. Üstəlik, beynəlxalq təşkilatlar, Amerikanın Dövlət Departamenti əvvəlki kimi insan hüquqlarının kobud şəkildə pozulması söhbətini eləmirdi, – bir sözlə, dünya artıq bu balaca xalqın yeni əzablarına biganəydi. Birinci müharibədə ruslara cihad elan etmiş baş müftinin o müharibədə qorxmazılığıyla ad qazanmış Yamadayev qardaşlarıyla bir yerdə Çeçenistanın iki böyük rayonunu döyüşsüz ruslara təslim edəndə, dalınca onlara qoşulub müstəqillik tərəfdarlarıyla vuruşanda, çeçen həyatda özünü ən bədbəxt insan hesab etdi, ruhdan düşməyə başladı, qüruru, təkəbbürü azaldı. Yenə gecələr gözünə yuxu getmirdi, yerində o yan-bu yana çevrilir, divara yumruq vururdu. O, əvvəlcə üsyan qaldırmadığına görə ürəyində dağıstanlıları söydü. Məsələnin hiylə, tələ olduğunu başa düşəndən sonra Basayevin, Xəttabın üstünə hirsini tökdü: Axmaqlar, sizə lazımıydı Dağıstana soxulasız? Çeçen on minlərlə həmyerlisinin öldürüldüyü müharibələrdə müstəqilliyin əldən çıxmasını heç cürə qəbul edəmmirdi.

Beş ildə ilk dəfəydi daha şotlanda üstdən aşağı baxmırdı. Göz-gözə gəlməməkçün əvvəlcə mətbəxə dəyir, şotland orda olmayanda, tavasını, ətini, yağını otağından götürüb ora gedirdi. Dəhlizdə üz-üzə gələndə isə üzünə baxmadan yanından keçirdi.

Artıq diplomunu almışdı, viran olmuş Qroznıya qayıtmağın mənası yox idi deyə, həmin yerdə işləyə-işləyə yataqxanada qalırdı... Soyuq dekabr axşamı şotland çarpayısında uzanıb tavana baxan çeçenin qapısını döydü, “Gəlin” sözündən sonra içəri girdi, çəkinə-çəkinə cəld çarpayısında oturub təəccüblə ona baxan çeçenə rusca dedi ki, sizin xalqa, onun azadlığı uğrunda vuruşmuş mərhum Cövhər Dudayevə, Aslan Məshədova, Şamil Basayevə, Ruslan Qelayevə hörmətim var, ümid edirəm, bu müharibəni də udacaqsız. “Əslində, biz çoxdan tanış olmalıydıq” – əlavə edib əsas məsələyə keçdi: “Qlazqoya qayıdandan sonra 1991-1996-ci illərdə çeçenlərin milli-azadlıq hərəkatı haqqında kitab yazmaq fikrindəyəm, bəzi məsləhətlərinizə ehtiyacım var. Mənə kömək edə bilərsiz?” Çeçen əvvəlcə ona şübhəylə baxdı, elə bildi ingilislərə işləyən kəşfiyyatçıdır, sonra nədənsə inandı ona və çay dəvətinə razı oldu.

Şotlandın otağında tək qalan çeçen sükutun, saçaqlı, qəhvəyi rəngli pərdənin, oturduğu kreslonun yumşaq dərinliyinin, masanın üstündə yanan çəhrayı abajurlu lampanın yaratdığı harmoniyadan bir az sıxılan kimi oldu. Otağa göz gəzdirəndə, jurnal masasının üstündəki şahmat taxtasını, dəmir fiqurları görüb ora yaxınlaşdı, – qalxanlı, qılınclı ingilis və şotland döyüşçüləri üz-üzə dayanmışdı. Hər iki tərəfdən beş-altı gediş elədi, şahmat taxtasının yanındakı qəzetlər diqqətini çəkdi, oyunu yarımçıq saxladı. Açıb vərəqlədiyi iki qəzetdə çeçen mövzusundan məqalələr varıydı, bəzi cümlələrin altından qələmlə xətt çəkilmişdi. “Onda düz deyir, bu, bizdən kitab yazacaq”. Qəzetləri yerinə qoyanda, şotland əlində çaydan və çaynik içəri girdi, onları yerə qoyub şahmat taxtasına yaxınlaşdı, sağ şəhadət barmağını burnunun üstünə qoyub dedi: “Hə, vəziyyət bizimkilərin xeyrinədi ki. Siz ingilis kralını mat edin, istəsəz, sonra başını da kəsə bilərsiz,” – güldü. Çeçenin ona yönələn qəribə baxışlarında sanki bu yazılmışdı: “Bu da öz mübarizəsini şahmat fiqurlarıyla aparır”. Nəhayət, o, üç-dörd gediş edib ingilis kralını mat elədi. “Əla, – şotland baş barmağını yuxarı qaldırdı. – Qlazqodan bunların şokoladlarını sizə gətirəcəm, çox dadlıdırlar. Hə, çay içək, sonra bizim milli yeməyimiz olan Haqqis bişirəcəm. Qoyun içalatından hazırlanır. Narahat olmayın, bazardan bir tatardan almışam, dedi ki, satdığı halal kəsilmiş ətdir. Əslində, Haqqis qoyunun mədəsində bişirilir, amma burda qoyun mədəsi tapmaq çətin məsələdir, ona görə bu yeməyi tavada bişirməyə məcbur olacam”. Dolaba yaxınlaşıb açanda qəfildən qışqırdı: “Damn!” (Lənətə gələsən!) Şokoladım qurtarıb. Mən indi aşağı düşüb alacam. Siz hansından alım, Baunti, Snikers, Tviks?” Çeçen istədi desin ki, mənimçün fərqi yoxdu, sonra özünü elə bil zorla məcbur edib: “Baunti,” – dedi.

Qeyd: 2014-cü ilin sentyabrın 18-də Şotlandiyada keçirilən referendumda əhalinin 55 faizi Böyük Britaniyanın tərkibində qalmağa, 44 faizi isə müstəqilliyə səs vermişdi. Uzun illər Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılıb İrlandiyaya birləşməsi uğrunda mübarizə aparan və ingilislərə qarşı terror aktları həyata keçirən İrlandiya Respublikası Ordusunun (İRO) siyasi qanadı “Şin Feyn” partiyası rəsmi Londonla 1997-ci ildə sülh müqaviləsi bağlayandan sonra İRO fəaliyyətini dayandırmış və terrora son qoyulmuşdur. Çeçenistanda isə müqavimət demək olar minimum səviyyədədir.

# 2877 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #